A SİMSAR Salam olsun, sənə şanlı ixtiyar! Mizrab tutan əlin, qolun var olsun! Şükür, əlindədir külli-ixtiyar! Mizrab tutan əlin, qolun var olsun! * * * Nə deyim, a simsar, elə sim sarı, Simsar sinsidərmi, belə simsarı, Hələlik dönüş var, hələ sim sarı, Mizrab tutan əlin, qolun var olsun! * * * Rəvamıdır, bu edilən Ustaca!? Diqqət istər sim sarıyan ustaca… Al dil ilə deyər halın ustaca, Mizrab tutan əlin, qolun var olsun! 05.02.2021. Bakı.
BƏRK YAPIŞ Ay Zaur, deyirlər ən yaxşı vaxtdır, Bir az daha qeyrət, güləş, bərk yapış! “İgid odur, atdan düşə, atlana.” Bu işdə dönüş yox, dirəş, bərk yapış! * * * “Kor qızın baxtı”ndan yeyindi baxtın, İlikdən tacın var, sümükdən taxtın, Olmasa da adan, ya da ki, “yaxt”ın, Olanları qoru, çalış bərk yapış! * * * Ay Ustac, bilirsən, yastığın üç gül, Göydə ulduz sayır basdığın müşkül, Bir türlü dolmayır asdığın kəşkül, Haqqın ətəyindən sallaş, bərk yapış!
HÜSNÜ PÜNHANA (birinci şeir) İsmipünhan deyib, yazıb şairlər, Mənim müsahibim hüsnü pünhandı. Səmimi, mehriban, həm zarafatcıl, Mənim müsahibim hüsnü pünhandı. * * * Ürəyi yuxadı, xasiyyəti xoş, Nəyi var, nəyi yox, verər, deyər:-“Nuş”! Camalın gizlədib, deyir:- “Nəğmə qoş”! Mənim müsahibim hüsnü pünhandı. * * * İsmin bağışlayıb; “Nurlu ləçəkdi”, Cənnət bağçasında şehli çiçəkdi, Ustacam, bu iş də bir görəcəkdi, Mənim müsahibim hüsnü pünhandı. 07.10.2021. Bakı.
Azərbaycan Dillər Universiteti ilə Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsi olan “Yaradıcılıq fakültəsi”nə qəbulla bağlı müsabiqə elan edilir.
Kulis.az xəbər verir ki, Xalq yazıçısı, akademik Kamal Abdullanın ideyası ilə 2007-ci ildə yaradılan, qısa müddətdə ədəbi ictimaiyyətdə böyük rezonans doğuran, geniş ədəbi proseslərə yol açan “Yaradıcılıq fakültəsi” 2022-2023 tədris ilində tələbələrə Xarici dil (ingilis, rus), Mifologiya tarixi, Fəlsəfə, Dünya ədəbiyyatı, Müasir ədəbi proseslər, Mətnşünaslıq və s. fənlər üzrə dərslər təşkil edəcək, eyni zamanda, yazı sənəti, dram-kino sənəti ilə bağlı praktiki məşğələlər, Ustad dərsləri, görkəmli imza sahibləri ilə görüşlər, rəngarəng mədəniyyət tədbirləri həyata keçirəcək.
Dərslər həftədə 3 gün olmaqla 2 akademik saat təşkil edir.
“Yaradıcılıq fakültəsi”nə qəbul iki mərhələli olacaq. Birinci mərhələdə təqdim edilən yaradıcılıq nümunələrinin qiymətləndirilməsi, ikinci mərhələdə isə seçilən nümunələrin müəllifləri ilə müsahibə şəklində olacaq.
BİLİM Kİ ADAMSAN (hekayə) Toğrulun rayon mərkəzində işlədiyi müəssisə idimi, təşkilat idimi, hər nə idisə bağlanmışdı. O da qalmışdı işsiz-gücsüz. O, kənddə yaşayırdı. Rayon mərkəzinə gedib-gəlmək heç də ürəyincə deyildi. Yol ölçmək özünə qalırdı. Aldığı qəpik-quruş idi. Odur ki, fikirləşdi ki, elə ən yaxşısı evinin içində – kənddə bir işin qulpundan yapışsın. Rayon mərkəzinə gedib-gəlmək üçün xərclədiyi pul da cibində qalar. Günorta naharını da evində yeyər, izafi xərci çıxmaz. Odur ki gəldi kənd icra nümayəndəsinin yanına: -Bir iş versəydin, işləyərdim. Rayon mərkəzinə gedib-gəlməkdən xəstəlik tapmışam. Bunun qışı, soyuğu, yayı, istisi var. Yol maşını gözləməkdən adamın gözünün kökü saralır. Şaxta bədəninə işləyir, yayda da gün başını deşir. İcra nümayəndəsi quru adam idi. Tez rəsmiyyətə saldı: -Bir arayış al, gətir ki, işsizsən, heç yerdə işləmirsən. Toğrul çaşıb qaldı: -Arayış? Çiyinlərini çəkib soruşdu: -Hardan alım? Dedim işləmirəm axı… İcra nümayəndəsi əlini yelləyib işi ilə məşğul oldu: -Arayışsız mümkün deyil. Toğrul: -Kimdən alim? De, gedib alım, gətirim. İcra nümayəndəsi başını qaldırmadan hansısa sənədə möhür vura-vura: -Bu sənin problemindir, mənim yox. Toğrul onu dilə tutmağa çalışdı: -Əzizim, burda nə var ki?! Arayış nəyə lazım? Kimdən soruşsan, deyəcək həqiqətən heç yerdə işləmirəm. Sən özün də kənd əhlisən. Özün də bilirsən ki, işləmirəm. İcra nümayəndəsi əlini saxladı, bir qədər mülayim: -Bilirəm işləmirsən, – dedi. -Amma bu hökumət kağıza inanır, sözə yox. Xahişindən, dil tökməyindən kar aşmadığını görən Toğrul: -Yaxşı, – dedi, -onda, sən də bir arayış yaz, ver mənə ver ki, sən adam deyilsən. Bu dəfə icra nümayəndəsi çaşıb qaldı, dik ayağa qalxdı: -Bu nə danışıqdır? Məni dolayırsan? Toğrul əsəbi: -Yaz. Niyə yazmırsan? Arayış yaz, mən də inanım ki, sən doğrudan da adam deyilsən. Heç adamlıqda yerin yoxdur… Adam dolayan da sənsən, mən yox. İcra nümayəndəsi başını aşağı salıb dinmədi. Toğrul bilmədi ki, o, öz hərəkətindən utanıb başını aşağı dikib, yoxsa yenə Toğruldan arayış tələb edəcək. Bakı şəhəri, 14 yanvar 2022-ci il.
(Zülfiyyə Vəliyevanın yarım əsrlik yaradıcı ömrünə ötəri baxış)
Onu tanımaq, dərk etmək, şəxsiyyətinə nüfuz etmək üçün elə də çox zaman gərək olmur.
Zülfiyyə xanımdan bəhs edən bu yazını qələmə almaq üçün şəxsən mənə 2021-ci ilin son dörd ayının təəssüratları kifayət edib.
İnsana sevinc bəxş etmək – özündə çox “dumanları”-gümanları birləşdirənindiki zəmanəmizdə insanlardan qarşılıqsız yaxşılıq görmək bir qədər laübalı anlayışdır. Çox xoş ki, Zülfiyyə xanım bu kimi anlayışlardan kənar təfəkkür sahibidir. Etdiyi yaxşılıqların əvəzində heç bir qarşılıq gözləməyən və bu əməlindən zövq alan, özünü xoşbəxt hiss edən insandır.
Təmənnasız yaxşılıq etmək, kimə isə əl tutmaq, hətta tanımadığın kəs olsa belə… Zülfiyyə xanımın həyat kredosu budur. Qarşı tərəf bunu dərk etsə də, hətta bu duyğudan xali birisi olsa belə, O bunu edir. Ola da bilər ki, o kəs Allahın bir quru “sağ ol”una da qızırğana, qıyımsızlıq edə, ancaq Zülfiyyə xanım öz mövqeyindən heç vədə yayınmayıb, bundan incik düşməyib. Qarşısındakının kim olmasının onun üçün heç vədə önəmi olmayıb, Ürəyinə gəldimi, ürəyi ona diktə olunan “addımı” atmağa çağırış etdimi, bu kifayət edər. Bu mövqedə onun öz yolu, öz dəst-xətti var. Və bu mövqeyini heç vədə dəyişmir.
Onu tanıdıqca, zaman-zaman iç dünyasına bələd olduqca necə qılıqı, istiqanlı, məhrəm duyğulara sahib olduğuna səndə əminlik yaranır.
Baxmayaraq kiçox qısa bir zamandır bir “ocaq”da çalışırıq, onun necə zəhmətkeş, öz işindən zövq alan, bacardığını iş yoldaşlarından əsirgəməyən insan olduğuna əminlik hasil etdim, Bu təfəkkür sahibi ilə bir kollektivdə olmaq insana zövq verir. Zülfiyyə xanım “sadəlik” adlı bir gözəlliyə sığınaraq yaşayır və bu gözəlliyi ətrafındakılara da təlqin etməkdən zövq alır. ADPU-da ETM formalaşmasının mənim üçün bir önəmi də bu oldu ki, Zülfiyyə xanım kimi pedaqoji səviyyəyə və yaradıcılıq potensialına malik, daim pedaqoji cameənin maraq dünyasında olan bir müəllimi və qələm sahibini tanıdım.
Onun üçün həyatda ən müqəddəs “müəlim” və “insan” adı, ölçü vahidi – insana insanlıq münasibətidir.
Zülfiyyə xanım bu adların müqəddəsliyini qoruya bilmək imkanlarından həmişə qürur duyub. Deyir:
– “Müəllim olmaq, bu adı layiqincə daşımaq şərəfdir, şərəfli olduğu qədər də məsuliyyətlidir, çətindir”;
– “Mənən pak, böyük ürək sahibi, gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi ali sima, böyük nüfuz sahibidir müəllim. Bu sıralarda olmaq qürurvericidir. Gənc müəllimlərə tövsiyəm budur ki, daim yaradıcı, məsuliyyətli, Vətən sevdalı, azərbaycançılıq ideyalarına sadiq olsunlar”;
– “Müəllim gənclərə bilmədiklərini öyrədən elm saxlancı deyil, bu iş – kitabın işidir, bilmədiklərimizi kitabxanalarda tapmaq mümkündür. Müəllim – ruhumuzan memarıdır”;
– “Allahın dəyər verdiyi insan öz əməli, xidməti, dürüstlüyü və xisləti ilə hörmət qazanır, özünü təsdiq edir”;
– “İnsan dünyaya ağlaya-ağlaya gəlir, doğmaları onu sevinclə qarşılayır. Qur`ani-Kərim”də buyrulur: elə yaşayın ki, dünyadan gülə-gülə gedəsiniz, sizi ağlaya-ağlaya yola salsınlar. Ən dolğun, mənalı həyat budur”;
– “Hər bir insanın ehtiyacı hörmətdir, diqqətdir, məhəbbətdir”;
– “Xoş xasiyyətli olmaq – insanın xoşbəxtliyidir”;
– “Müdrik – çox bilən adam deyil, biliyi xeyirli olan adamdır”;
– “Bir insanın sənə nələr verə biləcəyini deyil, sənin üçün nələrdən imtina edəcəyi əhəmiyyətlidir”;
– “Yaradan insanı Yer üzünün əşrəfi yaradıb, azad, müstəqil və varlıq kimi yaradıb, cisimdən, ruhdan yaradıb. İnsanın qorunmasını da Yaradan onun özünə həvalə edib. İnsanın da borcudur ki, bu missiyanı vicdanla yerinə yetirsin, ona bəxş olunan canı məhəbbətlə, ismətlə qorusun”;
– “Vətən əmanətdir, onu qorumaq, başının tacı etmək hər bir vətən övladının namus, şərəf işidir”.
***
İnsan üçün, illah da xanım üçün “xarakter insan” olmaq çətin, bəlkə də mümkünsizdir. Ancaq tanımaq imkanında olduğum bir neçə ay ərzində onu davamlı olaraq belə gördüm: sözünün sahibi, mövqeyində dəyişilməz, insanlar arasında həmişə səmimiyyət toxumları səpən, doğmalığa səy göstərən.
Ömür yolunu səhifələdikcə önündə qat-qat zəngin informasiya qalareyası açılır. Elə mövzu yoxdur ki, Zülfiyyə xanımın söz kəhkəşanında öz əksini tapmasın. Görüb-bildiyi, təmasda olduğu elə bir tədbir, hadisə, yaxud tarixin təqvim günü xatırlamazsan ki, Zülfiyyə xanımın mövzu obyektinə düşməsin. Bu rəngarənglikdə başlıca yeri müəllim, müəllim sənəti, pedaqoji işə vurğunluq, vətən, torpaq məhəbbəti, vətənpərvərlik mövzuları xüsusi yer tutur.
Zülfiyyə xanım bu sıralanmada hər nəsnəyə “can verməyi” bacarır. Məqalələrinin oxucusu, ən müxtəlif tədbirlərdə çıxışlarının dinləyicisi olan hər kəs Azərbaycan təhsilində islahatların hansı səviyyədə aparıldığı barədə zəngin informasiya almaq imkanına malik olur. Ustalığı, peşəkarlığı da bundadır ki, ilk baxışda “quru” təsir bağışlayacağı düşünülən faktlar Onun qələmində (nitqində) “dil açıb” oxucusu (dinləyicisi) ilə “isti təmasda” olur, “danışır”, zəngin informasiya mənbəyinə, görülən işin, çəkilən zəhmətin göstəricisinə çevrilir. Sıraladığı faktları canlandırmaqla təqdim etdiyi mövzunun Azərbaycan dünyasında, Azərbaycan təhsilində yerini müəyyən edir. Həm də elə ustalıqla ki, ssenari ahəngdarlığı ilə sıralanmış faktlar bolluğundan yorulmursan, usanmırsan.
***
Zaman yaşa baxmır. Zamanı yaxşı yaşayanda, özündən yaxşı iz qoyanda… İnsanı yaşadan, həyatını rövnəqləndirən də elə bu kimi amillərdir. Həm ömür uzunluğu anlamında, həm də insanların yaddaşında yaşamaq, arxanca xoş məramlı iz qoymq mənasında.
Yaxın günlərin söhbətidir. Mənim də qatıldığım bir yığnaqda 70 yaş və 70+ yaş həddində olanların, cavanların yerini tutub hələ də işlədiklərinəbənzər ifadə işləndi. Baş qoşmaq istəməsəm də, söz sahibinin inadlı danışıq tərzi məni dillənməyə sövq etdi. Təbəssümlə sözünü kəsdim ki, mən də 70 yaşındayam, 30 yaşda olanlar arasından özümə rəqib axtarıram. Rəqib bildiklərimin fəaliyyətini tərəzinin bir gözünə, mənim yaradıcılığımı tərəzinin başqa bir gözünə qoyaq, görək hansı pərsəng verəcək?!
“Daim öyrənən və öyrədən, xalqına layiqincə xidmət edən nəslin formalaşması bügünki qayğılarımızdandır” amalı ilə yaşayan, ruhu döyüş misallı vətənpərvər xanım Zülfiyyə Vəliyeva belə mənalı-məzmunlu ömür sahibidir. Eynən pedaqogika üzrə fəlsəfə doktoru Şahrza Ağayevin qələmə aldığı tərzdə: – “Zülfiyyə xanımın yazılarını hər oxuyanda qürur hissi keçirirəm. Vətənpərvərlik bu gün aktual məsələdir, “525-ci qəzet”də “Vətəni qoruyan oğullar” adlı məqaləsini maraqla oxudum. Elə bil cəbhədən dönmüş bir döyüşçü ilə diz-dizə əyləşib həmsöhbət olursan, onların əməllərinə, hər hərəkətinə böyük sayqı göstərirsən… Gənclər arasında vətənpərvərlik sahəsində maarifləndirmə işi aparılmasında Zülfiyyə xanımın bu silsilədən söhbətlərinin, qələmə aldığı yazıların rolu əhəmiyyətli dərəcədə yüksəkdir”;
Gülşən Eminova, pedaqoqika üzrə fəlsəfə doktoru: – Əzizimiz, müəllimlər müəllimi, ürəyi də, əməli də gözəl, xeyirxah xanım Zülfiyyə Vəliyeva, Allah sizi qorusun! 20 ildən artıqdır ki, sizi tanıyıram. Bu illər ərzində sizi yalnız təhsilə, peşəsini sevdirməyə çalışan, öhdəsinə götürdüyü ən çətin işləri mükəmməl icra edən bir pedaqoq kimi tanıdım. Nə yaxşı ki varsız, sevilirsiz!..
***
Müəyyən yaş həddində insan özünün hər saatından-günündən, hər ayından hesabat tələb edir. Zülfiyyə xanım bunabənzər hər sorğunu asanlıqla cavablandırmaq imkanındadır. Azərbaycan tarixinin, pedaqogikasının elə bir təqvim günü, hadisəsi olmaz ki, ədəbi qəhrəmanımız həmin tarixi özünəməxsus mətbu yazılarıyla, çıxışlarıyla qarşılamasın. Bunun üçün çox yox, Zülfiyyə xanımı tanımaq imkanında olduğum 2021-ci ilin göstəricilərinə də diqqət yetirmək kifayət edər:
– 1 simpozium, 3 forum, 1 beynəlxalq seminar, 1 beynəlxalq və 4 respublika konfransının, 7 təlim, 2 layihə və 7 vəsait və təqdimatın müəllifidir. Əməyi 11 sertifikat və təşəkkürnamə ilə dəyərləndirilib. 5 jurnal, 6 qəzet məqaləsi var. Məqalələrindən ikisi II Qarabağ müharibəsi qəhrəmanlarına “Vətən sevdalı cəsur döyüşçü” (Mircəfər Mirsəfər oğlu Bağırova) və “Vətəni qoruyan oğullar” (Fail Rəfayıl oğlu İsgəndərova) həsr edilib;
– II Qarabağ müharibəsində tarixi qələbəmizlə bağlı sosial şəbəkələrdə yazılar paylaşıb, video-çıxışlar edib. “Vətən və insan sevgisi” mövzusunda silsilə vebinarlar keçirib, müəllimlərə kömək məqsədilə xüsusi təqdimatlar hazırlayıb. “Azərbaycan bayrağı Şuşada dalğalanır” və “Tarix yazan sərkərdə” sərlövhəli məqalələri “Təhsil dünyası” qəzetində, “Qələbələr içərisində ən ali qələbəmiz” və “Qələbəmiz – sərvətimiz, xalqımızın, dövlətimizin varlığıdır” məqalələri “Təhsil” jurnalında yer alıb. Müəllimlərə kömək məqsədilə bu kimi mövzularda təqdimatlar hazırlayıb, Qələbə münasibətilə rəsmi internet səhifəsində ölkə Prezidentinə müraciət ünvanlayıb. “ADPU- 100. Məzunlar” layihəsinin müəllifi və rəhbəri olub.
Həyat yolu: Əməkdar metodist müəllim və “Müəllimlərin peşəkarlıq səviyyəsininin inkişaf etdirilməsi” layihəsi üzrə milli məsləhətçi” adını ləyaqətlə daşıyan Zülfiyyə Vəliyeva Göyçay rayonunda anadan olub. 1966-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) tarix fakültəsində (qiyabi) təhsil alıb. Azərbaycan Müəllimlər istitutunun (Azərbaycan PK İA və YH Baş İnstitutunun) İqtisadiyyat fakültəsinin 1996-cı il məzunlarındandır. 1971-1973-cü illərdə Göyçay rayon 7 saylı orta məktəbində müəllim, 1973-1978-ci illərdə Göyçay rayon Komsomol Komitəsində Məktəblər üzrə katib və II katib vəzifələrində çalışıb. 1978-1996-cı illərdə Göyçay rayon 1 saylı orta məktəbdə müəllim kimi fəaliyyətini davam etdirib. 1995-2016-cı illərdə Azərbaycan Müəllimlər institutunda (APKİA və YHİ-da) metodist, kabinet müdiri, “Təhsildə Araşdırmalar və İnnovasiyalar” Mərkəzinin əməkdaşı olaraq fəaliyyət göstərib. 2016-ci ildən ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisidr.
İctimai fəaliyyəti: 1988-ci ildə SSRİ Təhsil Şurasının üzvü, 1988-ci ildən Yaradıcı Müəllimlər İttifaqı İdarə Heyətinin üzvü, 1999-2005-ci illərdə Respublika Təhsil Nazirliyi Elmi Metodik Şuranın üzvü, 2003-cü ildə Təhsil İslahatı ilə bağlı “Müəllimlərin peşəkarlıq səviyyəsininin inkişaf etdirilməsi” layihəsi üzrə milli məsləhətçi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin və SSRİ Təhsil Nazirliyinin Qabaqcıl Maarif Xadimidir.
Mükafatları: SSRİ Təhsil Nazirliyinin “Krupskaya medalı”, akademik. Mehdi Mehdizadə mükafatı laueratı, ”XXI əsrin tanınmış maarifçisi” beynəlxalq diplomunun və “Azərbaycan Respublikasının Əməkdar müəllimi (1990-cı il) fəxri adının daşıyıcısı. “VEKTOR” Beynəlxalq Elmi Mərkəzinin təsisçisi olduğu “Azərbaycanın tanınmış maarifçiləri” beynəlxalq layihənin qalibidir. Azərbaycan Respublikası Jurnalistlər Birliyinin üzvüdür.
Seçilmiş əsərləri: “Tarix fənni üzrə proqram” (IX siniflər üçün. Bakı-2000); “Fəal təlim”. (metodik vəsait. Bakı-2003); “Azərbaycanda müəllimlərin peşəkarlıq səviyyəsininin inkişaf etdirilməsi: qarşıya çıxan problemlər və əldə olunan nailiyyətlər” (metodik vəsait. Bakı-2003);
“Fəal və interaktiv təlim-tədris üsulları” (ilkin müəllim hazırlığı ixtisasartırma və yenidənhazırlanma təhsili üçün tədris-tematik plan və proqram. Bakı-2004); “Təhsil islahatı və müasir təlim metodları” (ilkin müəllim hazırlığı ixtisasartırma və yenidənhazırlanma təhsili üçün tədris-tematik plan və proqram. Bakı-2004); “İbtidai siniflərdə nağılların “Debat» texnologiyası ilə tədrisi” (müəllimlər ücün metodik vəsait. Bakı-2005); “Distant Təhsil Texnologiyaları” (pedaqoji işçilərin özünün təhsilinə kömək (metodik vəsait. Bakı-2006); “Distant Təhsil Texnologiyaları” treninq proqramı (Bakı-2007); “Pedaqoji Təhsildə İnnovasiyaların, yeni metod və yanaşmaların tətbiqinin işlənilməsi” təhsilə uğurlu dəstək, “Təhsildə innovasiya – dərslərin kliniki müşahidəsi” (metodik material); “Təhsildə innovasiya-Elektron məktəb”(metodik material); “Təhsildə innovasiya-Gender” (metodik material); ”İqtisadi təhsil zamanın tələbidir”. Müəllim kadrlarının hazırlığında innovasiyya və texnologiyalardan istifadə; “Yeni təlim texnologiyalarının pedaqoji texnologiya sistemində səciyyəsi”, “Pedaqoji təfəkkürün formalaşmasında İnteraktiv təlimin imkanları” Tədris-təlim prosesinin keyfiyyət təminatı: Səriştəli yanaşma”. “Səmərəli İnnovasiya sistemi və yeni təhsil texnologiyaları” – “Motivasiya, prosedur və fəaliyyətlə bağlı kompetensiyalar”, Müəllimin peşəkarlıq səviyyəsinin inkişafına təsir edən amillər”. “Təhsil alanların elmi tədqiqat bacarıqlarının inkişaf etdirilməsi günün tələbidir”, “Ali pedaqoji təhsil sistemində elmi və texnoloji innovasiyaların tətbiqi kadr hazırlığının zəruri amili kimi”, “Ali pedaqoji təhsil sistemində elmi və texnoloji innovasiyalar”, “Təhsildə İnnovativ metodlardan istifadə”, “Pedaqoji Təhsilin İnnovasiyon inkişafının layihələndirilməsi”və s…
Bu gün də günlə səsləşən, ödənişsiz vebinarlar keçirərək müəllim və məktəb psixoloqlarına yardım missiyasını səylə davam etdirən Zülfiyyə xanım çox sayda beynəlxalq və respublika elmi-metodik konfransın, simpozium, forum və təlimlərin iştirakçısı olmuş, 50-yə qədər sertifikat, fəxri fərman və diploma layiq görülmüşdür. 105 elmi məqalə və 47 tezis, çox sayda publisistik məqalə müəlifidir. İmzası ”Təhsil”, ”Azərbaycan məktəbi”, ”Məktəbəqədər və ibtidai təhsil” və “Pedaqoji Universitet xəbərləri” jurnallarının, ”Respublika”, “Azərbaycan müəllimi”, ”Təhsil və zaman”, ”Təhsil problemləri”, “Palitra” qəzetlərinin daimi oxucularına yaxşı tanışdır. Konfranslarda, dəyirmi masa və görüşlərdə, təlim, mühazirə və seminarlarda yüksək peşəkarlıqla etdiyi çıxışlar pedaqoji ictimaiyyət tərəfindən həmişə maraq və rəğbətlə qarşılanır.
***
Müraciətlərimə diqqət yetirdinizmi? Hər adını çəkdiyimdə hökmən “xanım” kəlməsi nitqimə gəlib. Həm də bu, gəlişigözəl, etika məqsədilə işlədilən müraciət deyil.
Qədim tariximizi xatırlayaq. İnsana müraciət formasının “xan”, “bəy”, “xanım”, “xatun” olduğu illəri. Sonrakı illərdə ziyalı təbəqəsinə müraciət forması olaraq “müəllim” müraciət forması meydana gəldi. Indi “müəllim” müraciət forması yalnız bu peşə sahiblərinə deyil, ümumən ziyalı təbəqəsinə aid edilir. Bu hal müəllim sənətinə, müəllim peşəsinin cəfakeşlərinə xalqımızın sayqısının göstəricisi deyilmi?
Müsahibim ona “Zülfiyyə xanım” deyə müraciət tərzini özü qazanıb: davranışlarıyla, insanlara diqqət və münasibətilə, savadı, dünyagörüşü, intellekti ilə.
***
Tərcümeyi-hal insanı bəzəmir, insan tərcümeyi-halını bəzəyir. Zülfiyyə xanım tərcümeyi-halına bu yerəcən sizlərə indi bəlli etdiklərimdən və bəlli edə bilmədiklərimdən məqam-məqam çox “nağışlar” vurub. Tərcümeyi-hal isə davam edir. Bu da o deməkdir ki, Zülfiyyə xanım hələ bundan sonra da tərcümeyi-halına özünəməxsus “naxışlar” vurmaqda davam edəcək. Bizə isə bu uğurlara ürəkdolusu fərəhlənmək və qürurlanmaq qalır.
Yaşadığınız ömür payında tutduğunuz mövqedə uğur yol yoldaşınız olsun, Zülfiyyə xanım.
DƏRD İÇİNDƏ GÜLƏN QADIN Saçlarına düşübdür dən, Dərd içində gülən qadın. Qəm süzülür gözlərindən, Dərd içində gülən qadın. * * * Qəlbindəkin biləydim kaş, İç dünyana gələydim kaş, Azarını böləydim kaş, Dərd içində gülən qadın. * * * Necə keçmisən sədləri, De, çoxmu gördün bədləri?.. Boş gördün hər cür vədləri, Dərd içində gülən qadın. * * * Daxilində tufan oldu Qüssə səndə yaman boldu, Eşq badən də qəmlə doldu Dərd içində gülən qadın. * * * Bir gül idin öz bağında, Nə tez soldun budağında, Ümid öldü sol-sağında Dərd içində gülən qadın. * * * Sevgi oldu sənə yalan, Həyat oldu sənə dalan. Xoşbəxtliyə yoxdur güman Dərd içində gülən qadın.
SEVGİMİZ BİTDİ Gəl sevmədiyinə inandır məni Qulağım eşidib, qəlbim inanmır Necə rahat dedin, çətin kəlməni, Eh… beynimdə sevgin, bitib usanmır. * * * İllərə dayanan məhəbbətimiz, Səni məndən alan ərbab idimi? Eşq adlı malımız, tək sərvətimiz Səni çəkən mizan xarab idimi? * * * Yaman öyrəşdirdin məni özünə İndi qismətimi, özüm seçəcəm Bilmirəm alınar, yoxsa alınmaz Növbəti yaşıma sənsiz keçəcəm. * * * Daha saçıma da, fikir vermirəm Sən çıxıb gedəni, bəzənmirəm mən Kimsəsiz kimiyəm nəyə lazım ki, Geyinib, keçinib düzənmirəm mən. * * * Bir vaxtlar deməyə söz tapammırdım, İndi sənsizliyə şeir yazıram Şeir bəhanədir, deyim biləsən Özümə qələmlə qəbir qazıram.
“QOCALIRIQ BİZ” Günlərimiz aya, illərə dönür Ömür karvanımız yolundan çönür Tale də, qismət də beləcə sönür Çox heyif, çox heyif qocalırıq biz * * * Gənclikdə sevgiylə gəzdiyin yollar Qarşına çıxarar tikanlı kollar Yadına düşəcək o isti qollar Çox heyif, çox heyif qocalırıq biz * * * Vaxtilə qol-qola gəzəndə yarlar Üşütməz onları boranda qarlar İndi yeri deyil, kafelər, barlar Çox heyif, çox heyif qocalırıq biz * * * Qamət cavan ikən oxşardı milə Həyat yaşlananda olacaq çilə Nəfəs kəsiləndə gələrlər dilə Çox heyif, çox heyif qocalırıq biz * * * Baxırsan onları əsa bağlayır Şux gözəl vaxtları sinə dağlayır Sakitcə gileyli qoca ağlayır Çox heyif, çox heyif qocalırıq biz * * * Artıq danışmağa vaxt da daralır Yaş işin görübdür, gözlər qaralır Həyat söz deməkçün mikrofon alır Çox heyif, çox heyif qocalırıq biz
SƏNSİZLİK Sənsizlik elə bir zərbə oldu ki, Çətin ki, özümə gələ bilərəm Arzular, diləklər elə soldu ki, Sanmıram bir daha gülə bilərəm. * * * Sən elə getdin ki, izin qalmadı Bircə təsəlliyçün rəsmin qalmadı Özünlə birlikdə alıb apardın, Məhəbbət adında cismin qalmadı. * * * Parkda, küçələrdə, geniş meydanda, Dolaşıb hər yerə nəzər salıram. Fərz et ki, qalıram iri zindanda, Mən hər gün qəm satıb, kədər alıram. * * * İlahi, nə edim, necə ovunum? Belə yaşamaqdan nə ilham alım? Mümkün deyil onsuz, tənha yaşayım Axan göz yaşımda, boğulub qalım. * * * Sənsizlik əbədi qismətim mənim Saçımda yamanca çoxalıb dənim Vaxtsız yaşlanıram, bükülür belim Görürəm sevgin də olubdur qənim.
Şərəbanı bibi dükan-bazarı gəzə-gəzə gəlib çıxdı bir paltar mağazasına. Uşaq paltarlarından birini götürüb, o üzünə baxdı, bu üzünə baxdı. Qiymətini soruşub tez yerinə qoydu. O biri paltarı da. Üstündə pul az idi. Axırda naəlac qalıb əlini tüklü, qotazlı, qırmızı rəngli bir papağa uzatdı. Paltarlara baxanda o çox da baha olmazdı yəqin. Üzünü satıcıya tutaraq:
-Ay oğul, bu İreyhanın başına olar? – deyə soruşdu.
Satıcı təəccüblə ona baxdı:
-İreyhan kimdir, ay xala?
Şərəbanı bozardı:
-Xala anandır…
Satıcı özünü yığışdırdı. Mağazanın müdiri dönə-dönə satıcılara tapşırmışdı ki, müştərilərlə mədəni rəftar edin.
-Bağışla, ay bibi…
Şərəbanının eyni açıldı:
-Hə, bibi olar. Sən doğrudan İreyhanı tanımırsan, yoxsa mənimlə zarafat edirsən?
Satıcı bir istədi desin ki, “Ay bibi, mən heç səni tanımıram, onda qala İreyhan ola”. Amma ehtiyat etdi ki, birdən qadın hay-həşir salar. Onun işi də fırığ olar. Odur ki, özünü yığışdırıb mülayim tərzdə:
-Ay bibi, nə zarafat? Allah eləməsin. Mənim nə həddim? – dedi. Gündə bura gör nə qədər adam gəlir. Onların hansını tanıyım?! – dedi.
Qadın əlini üzünə apardı:
-Bıy, İreyhandır da, mənim qardaşım qızı, adını mən qoymuşam.
-Adı ilə böyüsün.
-Sağ ol, ay oğul. Bizdə belə qayda var. Kim uşağa ad qoyursa, ona hədiyyə almalıdır. İndi de görüm bu papaq İreyhanın başına olar-olmaz?
-Ay bibi, mən İreyhanı görməmişəm axı. Nə bilim olar-olmaz.
Şərəbanı bibi məəttəl qalmışdı. Nə əcəb bu satıcı onun qardaşı qızı İreyhanı tanımır:
-Bıy, başıma xeyir. Bayaq dedim axı, mənim qardaşım qızıdır. Dünən anadan olub.
Qəribə müştərinin son sözlərini eşidən satıcının gülməkdən gözləri yaşardı.