Amon-Aamon-Hamman-Amin-Amen adları arasındakı oxşarlıq.
Monoteist dinlərdə və miflərdə bəzi onomastik vahidlər(adlar) vardır ki,onlar arasında tarixi sinktetik əlaqənin olub-olmaması dilçi,eləcə də dinşünas alimlərin arasında hələ də mübahisə mövzusudur. Bəhsi gedən mübahisənin köklü səbəbləri:
1.Həmin sözlərin etimoloji tədqiqatı zamanı köklü mənbələrin tapılmaması.
2.Alimlərin dünyagörüşlərinin və inanclarının müxtəlifliyi.
3.Sözlərin orfoepiya sisteminin(səslənməsinin) eyni olması,lakim fərqli dil ailələrinə mənsubluğu
4.Dinlərin arasında epistemologiyanın III idrakının(superrasional,yəni məntiqüstü iman idrakı) üstün olması və.s
Bildiyimiz kimi Amon (Amun,Amana,Amoun) Qədim Misir inancının baş tanrısıdır. Adının tərkib hissəsindəki imn sözü görünməz mənasını ifadə edir və adının müxtəlif verdiyada səslənməsi Qədim Misirin ləhcələri ilə əlaqədardır.Bir qisim alimin fikrincə,monoteist dinlərdəki “Amin” ifadəsinin kökü Amondan gəlir. Lakin bu fikiri təkzib edən kifayət qədər Misirşünas tədqiqatçı mövcuddur. Belə ki,Ghilad Zuckermann kimi tədqiqatçılara görə amin sözünün tələffüzü iudaizm,xristianlıq,eləcə də İslam dininə görə fərqidir və “aymen”,”amen”,”amin” kimi səslənir.Bu söz İbranicə İncildə 30 dəfə rast gəlinir. Təkcə Qanunun təkrarında 27:15-dən başlayaraq 12 dəfə. Sabit “Amin, Amin” ifadəsi beş dəfə görünür – Məzmur 41:13; 72:19; 89:52; Saylar 5:22; Nehemya 8:6. Yeşaya 65:16 ayəsində iki dəfə “həqiqət” kimi tərcümə olunur. Sözün əvvəli sait səslə(ibranicə alef,ərəbcə əlif) başlayır. Lakin tanrı Amonun(misircə adı Ja’ma:ne) adındakı ilkin hərf “yod” hərfidir. Qeyd edək ki, semit dil ailəsi və Qədim Misir dili flektiv dil quruluşuna malik olduğu üçün səsdəyişimi sait səslərin üzərində aparılır,samit səslər isə olduğu kimi yerində qalır. Qeyd etdiyimiz onomastik vahidlərin tərkibindəki səs quruluşuna nəzər yetirdikdə,gördük ki,”yod” səsi ibrani və ərəb dillərindəki amen və amin kəlmələrində mövcud deyil. Bundan əlavə müqayisəli tarixi dilçilik aspektindən məsələyə baxdıqda,bizə məlum olur ki, tanrı Amon göylərin yaradıcısı,məsuldarlıq allahıdır. Amin isə duaların sonunda işlənən kəlmədir ki, əminlik və amanlıq mənasını kəsb edir. Bu iki sözün arasında semantik məna bağlılığı olmadığı üçün tədadüfi səslənmədən dolayı onların arasında sinkretik bağlılıq olduğu fikirini söyləmək çətindir.
Bundan əlavə məsələyə teoloji və tarixi baxış bucağından baxsaq,görərik ki, Amon və Amondan törəyənlərlə əlaqədar müxtəlif versiyalar mövcuddur. Rasionalistlərə görə Amon tanrıdan çox Misirin ilkin padşahlarındandır ki,sonradan yerli xalq onu bütləşdirmişdirlər. Amonhoteplər sülaləsinin adının da kral Amondan gəldiyinə dair fərziyyələr mövcuddur. Bəzi araşdırmaçılara görə isə tanrı Amon gözəgörünməz bir spiritual varlıqdır ki,onun cismani forması bütləşdirilərəq kahinlər tərəfindən yerli camaatı istismar etmək üçün xalqa təqdim etmişdir.Bir digər versiya da ondan ibradətdir ki, Amon məhsuldarlıq və bərəkət tanrısıdır. Mifologiyaya görə isə baş tanrı Amon sonradan günəş allahı Ra ilə güclərini birləşdirərək Misirə hökmranlıq etmişdirlər.Daha sonradan isə amonun müxtəlif motivləri (Amon-Re,Amon-Min) meydana gəlmişdir.
Sadalanan versiyaların müxtəlifliyi bizə onu göstərir ki,monoteist dinlərdəki fundamental anlayışlar dəqiq olmayan və fərziyyələrə məruz qalan bir onomastik vahidlə semantik bağlılıq yarada bilməz. Çünki təktanrılı dinlər daim təzyiq və tənqid altında olduqları üçün dəqiq olmayan bir məlumata arxalanaraq inanclarındakı köklü ibadət məfhumlarını təhlükə altında ata bilməzdilər.
Qeyd:
Bibliyada Aminlə yanaşı Amon adı da istifadə edilirdi.
İsrailin Allahı, Ordular Rəbbi dedi: “Budur, Mən Tebanlı Amonu, Fironu, Misiri, onun allahlarını, padşahlarını, Fironu və ona güvənənləri cəzalandıracağam”.
— Yeremya 46:25
Sözügedən adların eyni anda istfadəsi bizə onu göstərir ki,həmin onomastik vahidlərin yazısı və mahiyyəti fərqli olduqları üçün xəttatlar onları fərqləndirməyi bacarmışdırlar.
Müxtəlif tarixçilər tanrı Amonun adından törəyənlərə Karfagen allahı Ball Hammonu, demonologiyadakı cəhənnəmin 7-ci ruhu olan Aamonu və Nubiya tanrısı Amounu misal verirlər. Belə ki,bu adların arasında semantik məna bağlılığının olmasını söyləmək mümkündür. Çünki Karfagen tanrısı Ball Hammoun də Misir allahı Amon kimi baş tanrı və bərəkət ilahəsidir. Hər iki tanrı kişi cinsinə məxsusdur və həyat yoldaşları(Amon-Amunet,Hammon-Tanit) vardır. Sadecə,aralarındakı əm böyük fərq səslənmə sistemidir ki, “yod” səsi sinkretik assosiasiyanın qarşısını alaraq tədqiqatçılar arasında çaşqınlıq yaradır.
Nubiyadakı baş tanrı Amoun isə demək olar ki,tanrı Amonun Nubiya ekvivalentidir. Ona görə ki,bu iki dövlət tarixdə bir-biriləri ilə qonşu olub,hətta əksər hallarda Nubiya Misirin işğallarına məruz qalmışdır. Tanrıları arasında demək olar ki,paralelliklər eynilik kəsb edir yəni,köklü fərq yoxdur.
Demonologiya elmi cindarlıq və şər qüvvələr haqqında elmdir ki,yəhudilər Misirdə olarkən bu elmlə ciddi şəkildə məşğul olmuşdurlar. Demotik düşüncəyə görə 72 ruh vardır və cəhənnəmin 7-ci ruhu Markiz Aamondur. Sehirbazlığın mötəbər kitablarından sayılan anonim müəllif tərəfindən qələmə alınan “Süleymanın kiçik açarı” adlı kitaba görə Aamonun xarici surəti bu formadadır. “İlan quyruğu olan canavar kimi görünür, ağzından od alovu qusur,lakin sehrbazın əmri ilə o, başı qarğaya bənzər it dişləri olan insan şəklinə də düşə bilir”. Güman edirik ki,yəhudilər Aamonun surətini sfinksdən və ya digər tanrılardan (Apepdən) ilhamlanaraq təsvir etmiş,adını isə tanrı Amondan götürmüşdürlər. Çünki Qədim Misir inancında ilanabənzər bir tanrı vardır ki,adı “Apep” idi. Bu Tanrı Nildə yaşayır və gəmiçiləri öldürdüyü üçün vəhşətin,qorxunun rəmzi mənasını kəsb edirdi.
Göründüyü kimi təkallahlı dinlərin inancında olan Amin sonluğunun Amonla eyniləşməsini konkret formada söyləmək çətin məsələdir. Çünki adların yazılışı arasındakı fərq,sözlərin mahiyyətinin fərqli olması ciddi maneə doğurur. Fikirimizcə,bu ad plagiat olsaydı səslənməsi ilə bərabər kiçicik mahiyyəti(görünüş,vəzifə və.s) də özlüyündə götürərdi. Eyni ilə demonologiyada və Nubiyadakı Amonun ekvivalentləri kimi.
Qeyd:
Maraqlı bir məlumatı da qeyd edək ki, qədim türk tanrısı “Kaera” ilə Qahirə şəhəri arasındakı semantik bağlılığın olduğunu söyləyən müqayisəli tarixi dilçilər də mövcuddur. Onların fikrincə,hiksoslar şərqdən Afrikaya köç edib,Misiri işğal edərkən özləri ilə birlikdə türk,monqol kimi xalqların adət-ənənələrini və adlarını da özləri ilə aparmış və Misir mədəniyyətinə təsir etmişdirlər.
Mənbələr:
1.Mathers McGregor-Liddell, Samuel. The Goetia: The Lesser Key of Solomon the King,səh. 9-34
2.David Warburton, Architecture, Power, and Religion: Hatshepsut, Amun and Karnak in Context, 2012, səh. 211
Rəfail Tağızadə 11 fevral 1958-ci ildə Ağdam rayonunun Sofulu kəndində anadan olub. 1964-1974-cü illərdə Ağdam rayonu Boyəhmədli kənd orta məktəbini bitirib. 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetdə) Avtomatika və Hesablama Texnikası fakültəsində təhsil alıb.
Ruhuna borclu adam!
“Soyunub əynini təzə gəlintək töküb paltarını ayaqlarına, gecə yağışında yuyunub təmiz, əlində xınası qurumamış qız… Mən səni sevirəm, sevirəm payız.”
Bu şeir ona məxsus olsa da, cismində gəzdirdiyi ruhdan doğulub. Təkcə bu misralar bəs edir ki, ruhuna salam verəsən. Salam!.. 1958-ci ildə, qışın oğlan çağında Ağdamın Sofulu kəndində dünyaya gəlib. Uşaqlıqdan riyaziyyatı çox sevdiyindən dəqiq elmlərə marağı olub. Orta məktəbi Ağdamda bitirib, 16 yaşında Politexnik institutunun Avtomatika və hesablama texnikası fakultəsinə daxil olaraq, 21 yaşında ali təhsilini başa vurub. Uzun müddət “qapalı” hesab edilən müəssisədə müxtəlif vəzifələrdə çalışıb. Sonra Qarabağa yollanıb, müharibədə zabit kimi iştirak edib. Xidməti ordu komandanlığı tərəfindən “Şah İsmayıl Xətai” və başqa Fəxri Fərmanlarla, eləcə də qiymətli hədiyyələrlə təltif olunub… Deyir ki,- “Qaranlıqdan, tənhalıqdan, yalqızlıqdan, ölümdən qorxmuram. Bəzən axtardığımı gözübağlı daha tez tapıram. Sanki qaranlıqda daha yaxşı görürəm. Cəbhədə olanda, o qədər qaranlıqda dərəli-təpəli yol getmişəm ki. Yazmaq, yaratmaq başqalarının görmədiklərini görüb çatdırmaqdır. Nə yaxşı ki, mənimlə bərabər onları görə bilən oxucular da var.” İstedadlıdır, gözəl ilhamı var. Bu ilhamdan qaynaqlanan təbi isə yaradıcılığından boylanıb gülümsəyir. “Qapı” və “Qarabağ rüzgarları”, “Gecə xəyalları”, “Su üzərində bahar” şeir kitablarının müəllifidir. Dünya, xüsusən də polyak şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edib. “Qəfil görüş” çağdaş polyak şeir antologiyası kitabının həmmüəllifidir. Müasir polyak şairlərinin şeirlərini tərcümə edərək “Şairlər eyni dildə danışırlar” adlı şeir antologiyası kitabını hazırlayıb. 2006-cı ildə “Qarabağ qazisi haqqında ballada” poemasına görə Beynəlxalq “Rəsul Rza” mükafatına layiq görülüb. 2010-cu ildə dahi polyak bəstəkarı Şopenin 200 illik yubileyi ilə əlaqədar qələmə aldığı “Şopenin ürəyi” poemasına və Şopenin Azərbaycanda təbliğinə görə Polşa Respublikasının Mədəniyyət və Milli İrs naziri tərəfindən Diploma layıq görülüb. 2011-ci ildə ədəbiyyat üzrə “Nobel” mükafatçısı Çeslov Miloşun Polşada keçirilən 100 illik yubileyində Azərbaycanı təmsil edib. Şeirləri ingilis, alman, italyan, rus, polyak, ukrayna və özbək dillərinə tərcümə olunub… Dənizi çox sevir. Onu saf, təmiz bir canlı kimi təsəvvür edir. Bu sevgini dilə gətirib söyləyir: “Dəniz məni daha yaxşı anlayır. Mən dənizi qısqanıram. Bəlkə o üzdən onunla görüşə payızda, qışda gedirəm. Heç kəs olmayanda. Onunla pıçıltıyla danışıram. Ürəyimi ona açıram. Ruhən təmizlənirəm. Olsun ki, dəniz sevgisi məndə hələ dünyaya gəlməmişdən yaranıb. Bütün dənizləri sevirəm, Xəzərə isə, xüsusi sevgim var. Təbii ki, dağları da, meşələri də sevirəm. Onlarla da rahatlanıram, sakitləşirəm, ancaq dəniz mənimçün bambaşqadı…” “Şair dostum, vətəndaş dostum, dərd, ələm dostum”- deyən, dünya şöhrətli alim Rafiq Əliyevdən tutmuş, polyak şairlərinə kimi onun haqqında çox adamlar fikir söyləyiblər, şəxsiyyətinə, yaradıcılığına yüksək dəyər veriblər… Bəli, düz tapdınız, söhbət şair Rəfail Tağızadədən gedir. Ehtiyatda olan polkovnik-leytinant, şair, publisist Təranə Məmməd isə onun barəsində belə yazır: “Rəfail Tağızadənin ədəbi yaradıcılığı uzun müddətdir ki, oxucuların diqqətini cəlb edir. Onun yaradıcılığı çoxşaxəlidir. Hansı janra əl atırsa, orda qeyri-adi, maraqlı bir əsər ortaya qoya bilir. Rəfail Tağızadə adi şeir yox, sözlərdən, kəlmələrdən toxunmuş incə naxışlı, rəngarəng ilməli həqiqi söz xalıları – söz sənəti nümunələri yaradır. Onu başqalarından fərqləndirən bir çox cəhətlər var. Ən əsası da odur ki, şair insanın müxtəlif emosional anlarını – sevinci də, kədəri də qeyri-adi və eyni zamanda çox təbii təsvir edə bilir. Dilimizdə mövcud olan adi, hər kəsin işlətdiyi sözlərdən yeni mürəkkəb bir aləm yaradıb oxuculara təqdim etməyi bacarir…” “Yenə bir baharın qonağı oldum. Yenə nar çiçəyi açdı bir səhər, (mənim sevgi gülüm, nar çiçəkləri) yenə bədirləndi Ay da bu gecə, yenə Xəzərimi dalğalı gördüm, yenə qağayılar nəğmə oxudu, yenə dəniz mehi vurdu üzümə, yenə qızılgüllər açdı səninçün. Çəmənlər yamyaşıl, ağac yamyaşıl, yenə uşaqların gözləri gülür, yenə pəncərədə pərdə tərpənir, evimin qapısı döyülür yenə… Demək, mən bir il də yaşadım hələ…”
– deyən Rəfail Tağızadənin fevralın 11-də 66 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Çox yaşa, ruhuna borclu, ölümdən qorxmayan adam!..
Bu gün gözəl insan, sevimli şair, tanınmış ictimai-siyasi xadim Rəfail Tağızadənin doğum günüdür. Ad gününüz mübarək, Rəfail müəllim! Uca Yaradandan Sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!
Rəfail Tağızadə 11 fevral 1958-ci ildə Ağdam rayonunun Sofulu kəndində anadan olub. 1964-1974-cü illərdə Ağdam rayonu Boyəhmədli kənd orta məktəbini bitirib. 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetdə) Avtomatika və Hesablama Texnikası fakültəsində təhsil alıb
Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi (yəqin ki, bu kəndi hamı tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir. QƏHRƏMANIMIZI YAXINDAN TANIYAQ:
Ömrümüzü dəqiqəyə, saata, aya, ilə böldüyümüz və ömrümüzü bölən vaxt. Xatirələrimizdə bəzən yadda qalan, bəzən boşluq qoyan ömür vaxtını xatırladıqca, nələri itirdiyimizin fərqində oluruq. Təəssüflənirik. Məqamında istifadə etmədiyimiz, dəyərləndirmədiyimiz vaxt bizi öz axarına salır. Vaxtdan səmərəli istifadə edərək hər anına dəyər verənlər ondan qazananlardır, udanlardır. Hər şey qabaqdadır deyənlər, vaxtı daha sürətlə itirirlər. Vaxtsa, gözləmir. O, onun qədrini bilənlərlə yol yoldaşı olub xatirələri dolduraraq onları uğura aparır. Günlərə xatirə yazaraq. Ömrün, həyatın hər anını dəqiqələrə bölərək, anı dəyərləndirən, onun nəticəsini, uğurunu zamanında görən dünya şöhrətli alimimiz Rafiq Əliyevin iş otağına daxil olanların diqqətini bir lövhə çəkir: “Vaxt sərvətdir. Səmərəli istifadə et!” Fikrini, düşüncəsini əməlləri, davranışları, baxışları ilə bildirən Rafiq müəllim iş otağına gələnlərə demək istədiyini lövhədəki yazıyla çatdırır. Gələnlər Rafiq müəllimlə söhbətdən, görüşdən nə qədər qazanmaq istəsələr də, onun vaxtına girməyi günah sayırlar. Dəqiqələrə böldüyü vaxtı növbəti görüşmək istədiyi insana, ya hansısa işə, ideyaya ayırdığını, itirəcəyi, itirilən vaxtın onun üçün nə qədər qiymətli olduğunu bilərək ondan ayrılmalı olurlar. Rafiq müəllimin vaxtı zamanında qiymətləndirmək, verilən anı dəyərləndirmək fikri bütün sahələrə, bütün insanlara aiddir. Hər şeyi zamanında qiymətləndirmək lazımdır. Vaxtın, zamanın axarına düşdünsə, səni istədiyin yerə aparacaq. Vaxta, zamana dəyər verib, onu ən vacib məqam sayan, dünyaya nəzəriyyələr verən, kitabları dünyanın məşhur təhsil ocaqlarında tədris olunan, aparıcı universitetlərin seçilmiş professoru, “Soft computenq” kitabı dünya elm nəşrləri arasında birincilik qazanan, 77 kitab müəllifi, dünyada tanınan çoxlu sayda yetirmələri olan Rafiq Əliyevin bu gün 82 yaşı tamam olur. Sevdiyi sahə ilə indi də eyni gənclik həvəsi ilə məşğul olan, yorulmadan elmi kitablar, məqalələr yazan, tələbələr yetişdirən böyük İnsanın, Alimin vaxt dəyərinin nəticəsidir bütün bu uğurlar. Sizi təbrik edirik, əziz Rafiq müəllim! Sizə can sağlığı, yeni elmi uğular diləyirik. Aldığınız, layiq görüldüyünüz bütün böyük ödüllərlərin və titulların sirasında Nöbel Mükafatını da görmək ümidi ilə! Vaxtınız uğurlu olsun VAXT ADAMI!
İnsan yaşlaşdıqca zahiri görünüşü gündən-günə nurlanırsa, bu, insanın daxili aləminin zənginliyindən xəbər verir. Ətrafı işıqlandırır… Ovqatını təzələyir, sənə yeni ruh verir.
Millət, xalq insanı, seçilmişləri ilə tanınır İnsan özünü dərk edəndən, vətən məhfumunu anlamağa başlayandan könlündən, düşüncəsindən həmişə xüsusi bir istək keçir: “Özününküləri – öz millətinin nümayəndələrini ön sırada görmək”. Normal istəkdir. Tanıdıqlarını, görmək istədiklərini yüksək kürsülərdə görəndə, qazanılan titullar sırasında adını, mötəbər məclislərdə səsini eşidəndə ürəyin dağa dönür. Qürurlanırsan. Daxili bir rahatlıq tapırsan. Mövcud elmi nəzəriyyələrə ehkam kimi baxmayan, elm avtoritetləri qarşısında baş əyməyən, dünya elmi ictimaiyyəti tərəfindən qəbul və geniş istifadə olunan elmi nəzəriyyələri, o cümlədən “Sistemlərin dayanıqlıq nəzəriyyəsi”, “Ümumi qərar qəbuletmə nəzəriyyəsi” və “Yeni qeyri-müəyyən ədədlər hesabı” ilə millətə baş ucalığı gətirən, hamının uğurlarına sevinən, hamımızı ruhlandıran professor Rafiq Əliyev kimi. R.Əliyevin respublikamızda və xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində müstəsna rolu var. O, informatika və idarəetmə nəzəriyyəsi sahəsində nüfuzlu elmi məktəb yaradıb, Azərbaycanda, Rusiyada, Almaniyada, Türkiyədə, Kiprdə, İranda və başqa ölkələrdə 150-dən çox elmlər namizədi, 30-a yaxın elmlər doktoru hazırlayıb. Onun yetişdirdiyi alimlər bu gün dünyanın müxtəlif ölkələrində uğurla çalışırlar. Rafiq Əliyevin üstünlüklərindən və uğurlarından biri də dünyanın qəbul etdiyi RAFIQ ƏLIYEV MƏKTƏBİdir. Dünyanın aparıcı elm ocaqlarından, nüfuzlu (indeksli) jurnallarından səsi gələn yetirmələri hazırda onun yaratdığı məktəbin ənənələrini təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də davam etdirirlər. R.Əliyevin rəhbərliyi və iştirakı ilə 1994-cü ildən başlayaraq hər iki ildən bir dünyanın bir sıra ölkələrində “Qeyri-səlis sistemlərin tətbiqi”, 2000-ci ildən başlayaraq hər iki ildən bir həm Daşkənddə “Qeyri-səlis sistemlərin tətbiqi və Soft Computing”, həm də müxtəlif şərq ölkələrində “Sistem təhlilində, qərar qəbuletmə və idarəetmədə sözlə hesablama və Soft Computing” üzrə beynəlxalq elmi konfranslar keçirilir. O, Almaniya, İtaliya, İspaniya, Fransa, Türkiyə, Kipr və başqa ölkələrdə keçirilən beynəlxalq elmi konfransların yaradıcısı və sədridir. Onun rəhbərliyi altında keçirilmiş belə konfransların sayı 30-dan çoxdur. O, bu konfransların birincisini hamımızın nağıllar, röyalar şəhəri olan doğma Təbrizdə keçirib. Bu da təsadüfü deyil. Rafiq müəllim o illəri belə xatırlayır: “Təbriz mənim yuxularımın şəhəri idi. Tanrı elə qismət elədi ki, 3 il Təbriz Universitetində çalışmalı oldum (1992-1994, ildə 3 dəfə 1 ay). Bu illər ərzində yeni ixtisaslar açdıq, elmlər doktorları hazırladıq, müasir elm sahələri üzrə ingilis dilində 3 kitab dərc etdirdik. Ancaq düşünürdüm ki, Təbrizin adını yüksəklərə qaldırmaq, yaşatmaq üçün bu azdır. Dostum, Təbriz Universitetinin rektoru, professor Hüseyn Pur Feyzi ilə dünyada Təbrizin adını yüksəltmək üçün ilk beynəlxalq elmi konfransı Təbriz Universitetində keçirməyi qərarlaşdırdıq. Bütün elmi, təşkilati işləri həyata keçirdik. Konfransa dünyanın müxtəlif ölkələrindən – Amerika, Almaniya, Rusiya, Türkiyə, Azərbaycan və s. ölkələrdən – 500-ə yaxın alim və mütəxəssislər gəlmişdilər. Konfransa bir neçə gün qalmış belə bir fikir irəli sürüldü ki, bu konfrans Tehranda keçirilsin. Mən qətiyyətlə bildirdim ki, bu elmi konfransın keçirilmə yeri Təbriz olmalıdır. Dünya Təbrizi qoy bir elmi mərkəz kimi də tanısın. Bu təkid nəticə verdi. Axı mən düşünürdüm ki, böyük Nizami demişkən;
Qüvvət elmdədir, başqa cür heç kəs Heç kəsə üstünlük eyləyə bilməz.
Konfrans çox uğurla keçdi. Bu Təbrizimizin uğuru idi”. Rafiq Əliyev haqqında açıqlama verən Lütfi Zadə görkəmli professorun “İnperfekt (qeyri-müəyyən) informasiya şəraitində yeni qərar qəbuletmə nəzəriyyəsi” işinə görə Nobel mükafatı ala biləcəyini deyib. (Yəni hər hansı bir həyatı məsələ ilə bağlı qərar qəbul edilən mühitdə qeyri-müəyyən şəraitdə informasiya tam, müəyyən olmadığı halda müvafiq, səmərəli, bütün cəhətlər nəzərə alınaraq qərar qəbul edilsin). Bütün bunları eşitdikcə qürur hissi keçirirsən. Rafiq müəllimin dünyanın aparıcı universitetlərində tədris olunan xeyli sayda kitabları var. 74 kitabı müəllifi olan Rafiq Əliyev kitabı qonorara, mükafata, təltifə görə yox, ancaq yeni ideyası olanda yazır. Bəşəriyyəti tərəqqiyə, inkişafa aparacaq, yeni nailiyyətlərin özülü qoyulacaq bu kitabların müəlifinin səninlə bir zamanda yaşamasının, sənin həmvətənin olmasının özü bir xoşbəxtlikdir. Nə mutlu bizlərə ki, Rafiq müəllimlə eyni zamanı və eyni məkanı bölüşürük. Biz çox zaman özümüzünkülərin – yanımızdakıların qədrini, dəyərini bilmirik. Onlar haqqında əcnəbilərin fikrini eşidəndən sonra qayıdıb ona yenidən baxmalı oluruq. Amma içimizdə hələ də tərəddüd qalır. İnana bilmirik ki, dahi deyilən adamlar bizimlə bir arada yaşaya bilərlər. Onlardan biri bizim tanıdıqlarımızdan biri ola bilər. Biz zamanında özümüzünküləri qiymətləndirmirik. Bizi daima artıq gec olan yoxluq silkələyir. Tərpədir… Rafiq müəllimin bütün məsələlərə yanaşması qlobaldır, fundamentaldır. Onun yanaşmasında məsələnin özündən çox onu yaradan səbəbləri – qaynaqları öyrənmək, onu törədənlərin nədənlərini açmaqdır. Hadisəni, situasiyanı, onu doğuran səbəbləri araşdıraraq nəticə çıxarmaqdır. Bu ən xırdadan tutmuş, ən böyük məsələlərə, hadisələrə zaman və məkan baxımını nəzərə almaqla elmi baxış etmək, əsaslanmış qərarlar qəbul etmək bacarığıdır. Bu fikirlərdə, yanaşmalarda dəqiq elm sahəsi ilə məşğul olan adamın baxışının, gəldiyi qənaətin olduğu açıq-aydın hiss olunur. Fərqlilik də elə bundadır. Rafiq müəllimin uğurlarının fövqündə insanın azadlığı, azad düşüncə sahibi olması dayanır. Daxili azadlığını həmişə qoruyan Rafiq müəllim hərəkətləri, davranışları ilə nümunədir. Bir də nəfsə qarşı olmağı. “İnsanı şəxsiyyət edən onun nəfsidir. Bütün məsələlərin kökündə nəfs dayanır. Nə qədər savadlı, yaradıcı insan olaraq, elmi dərəcən və ya hər hansı yüksək vəzifə sahibi olsan belə, onda şəxsiyyət olursan ki, nəfsinə hakim kəsilə bilirsən. Bu halda həm də şəxsiyyət kimi yaddaşlarda qalırsan. Bütün səhv addımlarına rəğmən, insan özünü necə təqdim etməsinə, onun hansı formada təqdim edilməsinə baxmayaraq, istənilən halda məhz nəfsinə hakim olanlar yaddaşlarda qalır, xatırlanır…”.
Həyat çətinliklərlə zənginləşir Zəhmət insanı ən uca zirvəyə qaldırır. İnsanı çətinliklər bərkidir. Püxtələşdirir. Bir də gendən gələn şeylər var. Sən onun daşıyıcısısan. Daşıyırsan və ötürürsən. Təmizlik, daxili saflıq, xarakter… Rafiq müəllim təmiz yaşamaqdan, öz zəhmətinin sayəsində qazanaraq dolanmaqdan söz düşəndə daima iki şeyi misal gətirir: “Atam Ağdamda idarə müdiri işləsə də, ailəmizi ancaq maaş ilə dolandırırdı. Bu pul ailənin yeməyinə və geyiminə çatırdı. Uşaqların kitab-dəftərinə pul qalmırdı. Uşaq vaxtı barama qurdu saxlayırdıq ki, il ərzində lazım olan kitab-dəftəri ala bilək. Bir dəfə tut ağacına çıxıb budağı qıranda dəhrə əlimdən çıxıb ayağıma dəydi. O iri göy yara yeri qıçımda indi də qalır. Hər dəfə onu görəndə o günləri xatırlayıram. Qıçımdakı o göyərti mənim “Həyat mayakımdır”. Moskvada aspiranturada oxuduğum illəri tez-tez xatırlayıram. Təzə evlənmişdik. Aldığım təqaüd ayın axırına çatmırdı. Aidə xanım utana-utana mağazadan bir alma, iki kartof alırdı. Amma mənə heç nə demirdi. Sonra müdafiə etdim. Maaşım artdı. Ev aldım. Mükafat aldım. Kitablarım çıxmağa başladı… İmkanlarım xeyli genişləndi. Amma o günləri heç vaxt unutmadım. Bir dəfə elmi rəhbərim bizi evinə qonaq çağırdı. Qış vaxtı idi. Aidə xanım nazik ayaqqabı geymişdi. Professor Petrov ayaqqabını görüb təəccübləndi ki, qarda belə ayaqqabımı geyərlər? Dinmədik. Deyə bilməzdik ki, elə olanı budur. Yəni biz bu əzablardan keçib gəlmişik”. Rafiq müəllim çox dözümlüdür. Ən ağır hadisələrə, situasiyalara müdrikcəsinə yanaşma var bu müdrik insanda. Yaxınlarını, doğmalarını belə əsəbləşdirən, özündən çıxaran insanlara, hadisələrə ötəri bir təbəssümlə yanaşır. Alim olmayıb özünü alim kimi (hətta dünya səviyyəli alim kimi) təqdim edənlərə də, danışıqlarında özü olmayanlara da, yalançı vətənpərvərlərə də. “O da elədi. Mən onu olduğu kimi qəbul edirəm”, – söyləyir. Emosiyasız. Sakitcə… Böyük olaraq. “Siz ona niyə elə reaksiya verirsiz. Hamı eyni cür olsa, dünya yeknəsək olar”, – deyərək. Onun təbəssümü qarşısında boşalırsan, yumşalırsan. Qeyri-ixtiyari sən də olanları elə o təbəssümlə də qarşılamalı olursan. Hər halda o anda… İlk baxışdan, danışıqdan, təmasdan sadə, sakit görünən, səsində, baxışında daima qəribə bir mülayimlik hiss olunan bu insanda işinə, yoluna, əqidəsinə qarşı inanılmaz bir prinsipiallıq var. Dönməzlik var. Və bir də xoşlamadığı, fikir və düşüncələri üst-üstə düşməyən insanların yaxşı işini görəndə, xoş xəbərini eşidəndə onları o məqam üçün qiymətləndirməsi və hadisəyə sevinməsi. Bəlkə də, budur insanların ona olan sevgisinin səbəbi. “Dünyanın tanınmış alimisiz, tez-tez elmi konfranslarda sədr, ya iştirakçı kimi iştirak etmək üçün ABŞ-a, Avropa ölkələrinə getməli olursunuz. Niyə gedib ABŞ-da, ya Avropa ölkələrinin birində yaşamırsız?”, – deyə soruşanlara, “mən indi işğalda olan Qarabağda doğulmuşam. Onu bu vəziyyətdə qoyub hara gedim?”, – cavabını verən Rafiq müəllim söhbətlərində, hətta elmi müsahibələrindəki pauzalarda da xəyalən o yerlərə gedir. O yerləri gəzib gəlir. Ağdamdakı evlərinin eyvanındakı mizin siyirtməsindəki yazılarında qalan uşaqlıq xatirələrini yada salır. Olanlardan-keçənlərdən danışır. O illərlə söhbət edirmiş kimi… Musiqini çox sevir. Bəlkə də, bu onun doğulub boya-başa çatdığı yerlə, məkanla – Qarabağla, Ağdamla bağlıdır. Klassik musiqini, muğamları, bəstəkar mahnılarını sevə-sevə dinləyir. Orta məktəbdə tar sinfinə getməsi ona musiqi ilə bağlı fikrini bildirmək imkanı verir. “Zəminxarə”yə qulaq asmaqdan doymur. İnsan kənara çıxdıqca Vətənini, yurdunu və millətini daha çox sevməyə başlayır. Yəqin məsafə sevgilə düz mütənasibdir. Dünyanın harasında olursa olsun, onun adının yanında Azərbaycanın, Ağdamın, doğulduğu Novruzlu kəndinin adının yazılması, səslənməsi və onunla bağlı, əsasən də, xarici dilli yazılarda bu adların olması ona xüsusi xoş bir əhval-ruhiyyə gətirir. Zövq verir. “Mən yurdumu, vətənimi, Azərbaycanımı dünyada tanıtmağa çalışıram”, – söyləyir. Fikirləri, düşüncələri, ideyaları ilə dünyanı gəzən, dünyanın elm nəhənglərini öz düşüncəsi, ideyaları ilə təəccübləndirən bu adamın məmləkətinə, millətinə xüsusi bir sevgisi var. Hər şeydə nəfsini saxlaya bilən Rafiq müəllim dostlara olan sevgi nəfsini saxlaya bilmir. Düşüncəsi, əqidəsi üst-üstə düşən insanları görəndə, “Bu gün mən daha çox qazandım, sizləri tanıdım. Dost qazandım”, – deyir. İnsanın yeni nailiyyətinə, uğuruna çox sevinir. Demokratik düşüncəli, daxilən azad insan görəndə, “hələ bu millət ölməyib, öləziyib”, – deyərək, daxilən bir rahatlıq tapır. Milləti, xalqı, dövləti tanıdan, ucaldan hər kəsin uğurunu öz uğuru sayır. Uğura sevinir. Nə yaxşı ki, sevə-sevə ömrünü həsr etdiyi elm sahəsi var. Ona, ölkəsinə, hamımıza uğur və sevinc gətirən elmi nailiyyətləri var. Gözəl övladları, nəvələri. Bir də dəyər verdiyi yaxşı dostları var. Rafiq müəllim ayrılıqdan ayrıla bilmir. Ayrılmaq istəmir. Qarabağ itkisindən sonra onun da içində bir həsrət, ayrılıq var. Yurd həsrəti. Yurd ayrılığı. Bu ayrılıqların üstünə bir əbədi ayrılıq da gəldi. Onu xatirələrin qoynuna alıb aparan, hər an yada salan, yadlaşmayan, onu tək buraxmayan həyat yoldaşı Aidə xanımın ayrılığı… Rafiq müəllim son vaxtlar bağ evinə ancaq dostları ilə gedir. Hər dəfə hamı oranı tərk edəndə bağı bir neçə dəfə təkcə addımlamağa başlayır. Hərdən əlini çənəsinə dayayaraq nələrəsə cavab verirmiş kimi dayanıb gözünü bir nöqtəyə zilləyir. Üzünün ifadəsi dəyişir. Baxışlar dəyişir… Sanki “Ayrılıq nə yaman çətin, ağır olurmuş”, – söyləyir özü-özünə. Heç kim onu o ovqatdan ayırmaq istəmir. Hamı bilir ki, o, indi tək deyil. (Əslində son vaxtlar həmişə belə olur.) Yanındakı xəyalıyla üstünü qum örtmüş köhnə addım izlərinin üzəri ilə qoşa addımlarla həyəti gəzməyə başlayır. Hərdən budağı yuxarı qaldırır ki, yanındakına toxunmasın. Əlini qolundan keçən əlin üstünə qoyub yanındakına nəsə pıçıldayır, nəyisə xatırladır. Ağacın yarpağını sığallayır, çiçəyini qoxlamaq üçün ona tərəf əyir. Uzaqlardakı, xatirələrdəki sevincli günləri, sanki təzədən yaşayır. Həyətin sonundakı hasara çatıb dayanır. Bir vaxtlar yaşıl, güllü-çiçəkli bağın nə tez solduğunu, saraldığını, sanki indi görür. İndi hiss edir. Geriyə dönüb ətrafa – saralan, quruyan güllərə, çiçəklərə baxır… O, olan hər yerlərdə ONU arayır. Sonda başını qaldırıb yoxluğu evin eyvanında axtarır. Səhərlər, axşamüstü o eyvandan bəslədiyi güllərə, çiçəklərə, ağaclara və ona baxan, ONA……. Üzünə qonmuş müvəqqəti təbəssüm sönür. Gözündəki sevinc yox olur. Dayanıb uzaqlara baxır. Həyət qapısı bağlanmamış bir də geri dönüb olanları yerinə qoyur. Xatirələri bir həftəlik könülsüz baş-başa buraxıb, sevinci yox olmuş, şənliyi sönmüş bağ evindən çıxır… Ən çox danışan sükutdur, deyirlər. Rafiq müəllimin sükutu adama hər şeyi deyir. Eşitmək istədiyini də, demək istədiyini də. Onunçün pauza fikirlə qərar arasındakı son aralıqdır. Qərarlaşma zamanıdır. Söhbət, danışıq əsnasında yaranan pauzadan sonra bilirsən ki, fikrin tam əhatəli yekunu veriləcək. “Rafiq Əliyev dünyanın ən görkəmli alimlərindən biridir. Hər bir ölkə istəyər ki, onun Rafiq Əliyev kimi alimi olsun”, – söyləyir, Böyük Lütfi Zadə. Rafiq müəllim həqiqətən xalq üçün, millət üçün lazım olan çox əziz bir varlıqdır. Töhfədir. Bu reallıqdır. Aristotel məntiqini qəbul etməyən, 0-la 1 arasında nə qədər rəqəmlərin, ağla qara arasında çoxlu sayda rənglərin, rəng birləşmələrin, kəskin fərqlər arasındakı keçidlərin olduğunu sübut edən, bunlarla bağlı yeni nəzəriyyələr yaradan adamın son vaxtlar ancaq qara geyinməsi də başa düşüləndir… Özü nefti sevməsə də, nədənsə Rafiq müəllimə kənardan baxanda o, mənə nefti xatırladır. Amma Azərbaycan neftini yox, Norveç neftini. (Onu neft buruqlarına bənzədirəm. Uzaqdan səmanın qoynunda görünən neft buruqlarına). Xalqın, insanların gələcəyinə yönələn, xeyir verən, hamının ola bilən və ondan hamıya pay düşəsi milli sərvətə. Rafiq müəllim işıqlı adamdır. Nurlu adamdır. Adam onunla söhbətdən doymur. Yeni enerji, güc, yaşamaq həvəsi alır. Hər dəfə ondan ayrılanda mənən doyduğunu hiss edirsən. Çox pozitivdir. Səmimiyyətiylə, qayğısıyla. Doğmalığıyla. Onda xüsusi bir cazibə var. Təmizlikdən, saflıqdan, səmimiyyətdən doğan cazibə. Heç bir umacağı olmayan bu adam insana sevgi, ümid və xoş ovqat bəxş edir. Rafiq müəllim söhbət əsnasında Əhməd Ağaoğlundan “Qarabağlılar yaman and içən olurlar” iqtibasını gətirir. “Sənin əziz canın üçün”, – deyib, sözünü davam etdirir. Bu, Rafiq müəllimin kimə nəyi isə inandırmaq fikrindən irəli gəlmir. Onsuz da hamı onun səmimiyyətinə, dürüstlüyünə qeyri-şərtsiz inanır. Hamı bilir ki, bu and, and içdiyi adamın ona əziz, doğma olduğunu bildirmək üçündür. Rafiq müəllim bunu o qədər səmimi və gözəl edir ki, hamının içindən Rafiq müəllimin onun canına and içməsi keçir. Mən bilirəm Rafiq müəllim ingilis dillilər üçün yazdığı kitabları ingiliscə, alman dillilər üçün almanca, rus dillilər üçün yazdığı kitabları rusca yazır. Görəsən Rafiq müəllim ingilis, alman, rus dillərində danışanda da ona Qarabağın danışıq şirinliyini qatırmı? Eynəyin arxasından gözlər eyni bir nöqtəyə dikiləndə düşünürsən ki, beyində hansısa bir hesablama, əməliyyat gedir. Çox dəqiq bir analiz aparılır. Bu proses bir müddət davam edir. Hansısa bir qənaətə gələnə qədər. Vaxt Rafiq müəllim üçün daha əhəmiyyətlidir, vacibdir deyib, növbəti görüşü, ünsiyyəti gözləməli olursan. Narahat etməkdən çəkinirsən. Hansısa ideyanın gecikməsindən ehtiyatlanırsan. Onunla zamanın necə keçdiyini duymursan. Çünki yorulmursan. Öyrənirsən. Saflaşırsan… Üzünə xoş təbəssüm qonur. İçinə rahatlıq gəlir. Ovqatın təzələnir. Təmizlənirsən. Durulursan. Ziyarətə getmiş kimi…
Bu gün dünya şöhrətli Azərbaycan alimi Rafiq Əliyevin ad günüdür! Bu xoş gün münasibəti ilə Rafiq müəllimi təbrik edir, uzun ömür, can sağlığı bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik!
Dünya alimlərinin Rafiq Əliyev haqqında fikirləri 1. Professor L. Zadə (ABŞ): Rafiq Əliyev öz sahəsində aparıcı alimlərdən biridir və bununla beynəlxalq nüfuz qazanmışdır. Bizim birgə elmi diskusiyalarımızda və müzakirələrimizdə mən onun elmi nailiyyətlərini, xüsusən də hesablama intellekti və Soft Computing sahəsində dərin biliyini, problemləri duymaq qabiliyyətini daim görürəm, hiss edirəm. Onun hərtərəfliliyi qeyri-adidir. Doktor R.Əliyevin elmi fəaliyyəti onu dünya səviyyəli alimlər ilə bir sıraya qoyur. Onun elmi əsərləri tam mənası ilə görkəmli əsərlərdir. O, fundamental nəzəriyyələr yaratmaq və onları tətbiq etmək baxımından nadir qabiliyyətə malikdir. 2. Professor Ronald Yager (ABŞ): “Rafiq Əliyev Amerikadan 7 min mil uzaqlıqda yerləşən Azərbaycanda yaşasa da o, Amerikadan çox əzəmətli görünür”. 3. Professor V. Pedriç (Kanada): Rafiq Əliyev idarəetmə nəzəriyyəsi, qeyri-səlis məntiq sahəsində məşhur alimdir, onun fundamental kitabları əldən-ələ gəzir. R.Əliyevin elmi əsərlərinin təkcə sayı deyil, həmçinin bütün dünyanın tədqiqat laboratoriyalarında əldə edilmiş fundamental elmi nəticələri böyük təəssürat yaradır. O, eyni zamanda beynəlxalq arenada yüksək nüfuza malik konfransların proqram komitələrində iştirakı ilə də dünya elmi ictimaiyyətinə yaxşı tanışdır. 4. Professor R. Elrod və professor B. Fazlollahi (ABŞ): Doktor R.Əliyev ABŞ-da öz həmkarları ilə birlikdə qeyri-səlis paylanmış intellektual sistemlər üzrə faydalı işlər görüb. Onun tədqiqatları robototexnika, optimallaşdırma, diaqnostika və s. sahələrdə geniş tətbiq olunub. Elmi nəticələri İran, Almaniya, ABŞ və başqa ölkələrdə mütəxəssislər tərəfindən geniş istifadə olunur. Biz hesab edirik ki, doktor R.Əliyev ən yüksək qiymətə layiqdir. Onun çoxsaylı əsərləri onun elmə verdiyi töhfələrin əyani sübutüdür. 5. Professor S. Klaçko (Almaniya): Əfsuslar olsun ki, mən Azərbaycan elminin bugünkü səviyyəsi ilə tanış deyiləm. Çünki nə azərbaycan, nə də rus dilini bilirəm. Lakin deyə bilərəm ki, əgər Azərbaycanda texniki elmlərin elmi səviyyəsi professor R.Əliyevin işlərinin elmi səviyyəsinə uyğundursa, onda Azərbaycan özünü istənilən inkişaf etmiş sənaye ölkəsi ilə müqayisə edə bilər. Mən R.Əliyevin işləri ilə 90-cı ildə beynəlxalq çoxcildliyin baş redaktoru olarkən tanış olmuşam. 98-ci cildin müəllifi R.Əliyev idi. Mən fəxr edirəm ki, bu kitabın nəşrində iştirak etmişəm və bu kitab sistem texnikası üzrə qərbdə ingilis dilində yazılmış Azərbaycan aliminin ilk kitabı idi. Bu kitabın çox yüksək elmi səviyyəsi ilk dəfə olaraq Azərbaycan elminin bütün Qərb dünyası üçün vizit kartı oldu. O vaxta qədər Şərqdən Yaponiya, Hindistan və Çin alimləri qərbdə tanınırdı. Bu nəşrdən sonra professor R.Əliyev Amerikanın, Avropanın müxtəlif nüfuzlu universitetləri tərəfindən bərabər səviyyəli professor kimi müxtəlif dünya ölkələrinə dəvət olundu.
6. Professor D. Dyuba (Fransa): Biz professor R.Əliyevlə müxtəlif konfranslarda görüşmüşük. O, informatika, sistem təhlili elmlərində müasir yanaşmaların formalaşmasında çox fəal bir alimdir. O, beynəlxalq elmi ictimaiyyətlə öz elmi laboratoriyasının əlaqələrinin genişləndirilməsinə xeyli əmək sərf edir. Rafiq Əliyevin elmi nəticələri, elmi kadrlar hazırlamağı və beynəlxalq konfranslar təşkil etməyi heyrətamizdir. 7. Professor D. Antoni (İtaliya): Doktor R.Əliyevin tədqiqatları qeyri-səlis məntiqdən tutmuş süni intellektin müxtəlif aspektlərinə kimi geniş problemlər spektrini əhatə edir. O, müxtəlif Beynəlxalq konfransların sədri kimi və müxtəlif beynəlxalq jurnalların redaksiya heyətinin üzvü kimi Beynəlxalq elmi ictimaiyyətə yaxşı tanışdır. İdarəetmə sahəsində çoxölçülü adaptiv sistemlərin qurulma üsullarını təklif etmişdir. Doktor Rafiq Əliyev idarəetmədə yeni nəzəriyyələrin yaradıcısıdır. 8. Professor İ.Kuravaki (Yaponiya): Doktor R.Ə.Əliyev mənə məlum olan və ABŞ, SSRİ, İran, Almaniya və s. ölkələrdə çap olunmuş 35 kitabın müəllifidir. O, xeyli sayda elmi işçilər hazırlamışdır. Onun elmi nəticələri praktikada geniş tətbiq olunur. Doktor Raifq Əliyev yeni nəzəriyyələr müəllifidir və intellektual robotlar sahəsində yeni elmi istqamət yaratmışdır. 9. Professor İ. Mamdani (İngiltərə): Professor R.Əliyev bütün fəaliyyəti dövründə kompüter intellekti sahəsində öz tədqiqatlarını cəmləşdirən fəal və məşhur alimdir. Bütün çoxillik tədqiqatı dövründə bu sahənin əsas problemlərinin həllində görkəmli nəticələr almışdır. Mən onu elmə sadiq, xüsusən də qeyri-səlis sistemlər və Soft Computing sahəsində fədakar alim kimi tanıyıram. Bu sahədə o, geniş ümumdünya elmi cəmiyyətinə yaxşı məlumdur və böyük sayda orijinal nəticələr almışdır. Raifq Əliyev öz görkəmli elmi fəaliyyəti nəticəsində öz elmi sahəsinin liderlərindən biri statusuna yüksəlmişdir. 10. NASA-nın idarəetmə üzrə mərkəzinin direktoru, professor M. Cəmşidi (ABŞ): Mən böyük məmnuniyyətlə dostum Rafiq Əliyev haqqında aşağıdakı sözləri demək istərdim: R. Əliyev gözəl alim, maarifçi və tədqiqatçıdır. O, gənc nəslin inkişafı üçün, yüksək ixtisaslı kadr hazırlamaq üçün əlindən gələni edir. Çoxlu sayda aspirantlar və doktorantlar yetişdirmişdir. O, elə bir insandır ki, onun beyni daim axtarışlar və yeni perspektivlər əldə etməklə məşğuldur. Professor R.Əliyev geniş mənada dövrümüzün ən görkəmli şəxsiyyətlərindən biridir. O, elmə, xüsusən qeyri-səlis məntiq, ekspert sistemlər və qeyri-xətti idarəetmə elm sahələrinə fundamental töhfələr vermişdir. Onun elmi nəticələri sayəsində Azərbaycan idarəetmə və Soft Computing sahəsində beynəlxalq elmi-texniki cəmiyyətin fəal üzvü olmuşdur. Mən R.Əliyevi zəmanəmizin ən görkəmli bir alimi kimi tanıyıram. R.Əliyev bir çox elm və texnologiyalar sahəsində öz ölkəsini beynəlxalq hörmət və diqqət xəritəsinə çıxarmışdır. 11. Professor B.Qarça (ABŞ):
Mən, professor Rafiq Əliyevlə və onun elmi fəaliyyəti ilə ABŞ-da Corciya Dövlət Universitetində tanış olmuşam, onun seminarlarında iştirak etmişəm. Onun qeyri-səlis məntiq haqqındakı elmi məruzələri dərin, hərtərəfli və mənalı idi. Onunla uzun müddətli təmasda olma-ğım onun informatikanın nəzəri və praktiki problemlərini çox dərindən bildiyini və görkəmli elmi nəticələr aldığını göstərdi. Biz indi də onun elmə verdiyi töhfələrin təəssüratı altındayıq. Onu deyim ki, R. Əliyev nəinki görkəmli alimdir, həm də centlmen və intelegentdir. 12. IFSA (Beynəlxalq Qeyri-Səlis Sistemlər Cəmiyyəti) Prezidenti, professor I.Türkşen (Kanada, Türkiyə): Professor Rafiq Əliyev Soft Computing elm sahəsinin yaranmasına böyük töhfələr vermişdir. Bunların içərisində intellektual robotlar üzrə elmi istiqamətin, yeni qeyri-səlis məntiqlərin, paylanmış intellektual sistemlərin yaradılmasını və b. göstərmək istərdim. R.Əliyevin elmi nəticələri robototexnika, optimallaşdırma, idarəetmə sahəsində geniş tətbiq olunmuşdur. 13. Zigen Universitetinin informasiya institutunun direktoru professor K.V.Bonfiq (Almaniya): Uzun illərdir ki, biz prof. Rafiq Əliyevlə birlikdə müxtəlif elmi layihələr üzərində işləyirik. Onun tərəfindən alınan elmi nəticələr ümumdünya səviyyəsində olmuşdur və bu barədə dünyanın aparıcı alimləri öz müsbət rəylərini vermişlər. Biz Almaniyada birgə bir neçə fundamental kitablar çap etdirmişik, dünyanın müxtəlif ölkələrində müasir texnologiyalar üzrə 5 beynəlxalq elmi konfrans keçirmişik. Prof. R.Əliyev bütün dünyada böyük elmi avtoritet kimi tanınır. 14. Beynəlxalq İnformasiya Akademiyasının direktoru, doktor, professor Q.Rizzotto (İtaliya): Rafiq Əliyevin elmi marağı müasir idarəetmə nəzəriyyəsi, qeyri-səlis məntiq, neyron şəbə-kələri, genetik alqoritmlər kimi sahələri əhatə edir. O, paylanmış intellektual sistemlər konsepsi-yasını təklif etmiş və belə sistemlərin işləmə üsullarını vermişdir. Qeyri-səlis məntiq üzrə elmi nəticələri geniş tətbiq edilmışdır. Professor R.Əliyev yeni elmi istiqamətin – qeyri-səlis-neyron şəbəkəsi əsasında intellektual robotların yaradıcısıdır. O, paylanmış intellektual sistemlər üzrə yeni konsepsiyanın və istiqaməin müəllifidir. Onun elmi nəticələri geniş tətbiq tapmışdır. 15. Rusiya EA İnformasiya İnstitutunun direktoru, akademik N.A.Kuznetsov: Rafiq Əliyev informatika və idarəetmə sahəsində böyük alimdir. O, Rusiya, ABŞ, Almaniya, İngiltərə, Fransa, Yaponiya və dünyanın başqa ölkələrində öz elmi nəticələri ilə yaxşı tanınır. İdarəetmə və informasiya sistemləri sahəsindəki elmi nəticələrinə görə o, SSRİ Dövlət mükafatına layiq görülmüşdür. R.Əliyev hibrid intellektual sistemlər nəzəriyyəsinin yaradılması və inkişafının əsasını qoyanlardan biridir. R.Əliyev informatika və idarəetmə nəzəriyyəsi sahəsində elmlər namizədləri və doktorlarının hazırlanmasına çoxlu əmək və enerji sərf etmişdir. 16. Rusiya EA-nın Akademiki N.N.Şeremetevskiy:
Prof. Rafiq Əliyev inteqral sistemlərdə koordinasiya nəzəriyyəsinin, qeyri-səlis intellektual sistemlərin nəzəri əsaslarının və qurulma üsullarının yaradıcısıdır. R.Əliyev tərəfindən informatika və idarəetmə sahəsində nüfuzlu elmi məktəb yaradılmışdır. Rusiyada, ABŞ-da, Almaniyada, İranda, Azərbaycanda və başqa ölkələrdə çap etdirdiyi 43 kitab ona ümumdünya şöhrəti gətirmişdir. 17. Professor O. Kaynaq (Türkiyə): Professor Rafiq Əliyev idarəetmə sistemləri, süni intellekt, qeyri-səlis çoxluqlar, neyron şəbəkələri və genetik alqoritmlər sahəsində gördüyü işlərlə dünyada ad qazanmış bir alimdir. O, bu elm sahələrinin dünya miqyasında yayılmasında əhəmiyyətli rol oynamışdır. Raifq Əliyevin rəhbərliyi ilə 1994-cü ildə Təbrizdə, 1996, 1998, 2000-ci illərdə Almaniyada, 2001-ci ildə Antaliyada və Daşkənddə beynəlxalq konfranslar keçirilmişdir. Bu konfranslarla o, elmin dünya miqyasında yayılmasında əhəmiyyətli xidmətlər göstərmişdir. Nəhayət, qeyd etmək istərdim ki, R.Əliyev dünya elmində ləyaqətli yer tutur. 18. Təbriz Universitetinin rektoru doktor, professor M.A.Hüsseyinpur Faizi, (İran): Böyük məmuniyyətlə və əminliklə qeyd edirəm ki, professor Rafiq Əliyev müasir elmdə ən görkəmli alimlərdən və beynəlxalq fiqurlardan biridir. R.Əliyev Təbriz Universiteti ilə yaxından əməkdaşlıq etmiş, yeni fənlər tədris etmiş, İİR-də 2 kitab çap etdirmiş, Beynəlxalq konfrans keçirmişdir. Təbriz Universitetində elmin və tədrisin təşkilində onun böyük xidmətləri əvəzedilməzdir. 19. Ukrayna EA Kibernetika institutunun direktoru, akademik İ.V.Serqeyenko (Ukrayna): Professor Rafiq Əliyev informatika və idarəetmə nəzəriyyəsi sahəsində məşhur alimdir. O, süni intellekt, Soft Computing və intellektual robotlar sahəsindəki elmi nəticələrinə görə ümumdünya alimləri tərəfindən tanınmışdır. Onun təklif etdiyi ALI-1, ALI-2, ALI-3 qeyri-səlis məntiqləri öz nəzəri və eksperimental təsdiqini tapmış və praktikada geniş tətbiq olunur. R.Əliyev intellektual sistemlər nəzəriyyəsini xeyli inkişaf etdirmişdir. R.Əliyev informatika və idarəetmə sahəsində nüfuzlu elmi məktəbin yaradıcısıdır 20. Özbəkistan EA Akademikləri V.A.Kabulov, N.R.Yusubbekov: Özbəkistanın elmi ictimaiyyəti prof. R.Əliyevi qeyri-səlis məntiq, idarəetmə nəzəriyyəsi, intellektual sistemlərin yaradılması sahəsində dünya alimlərinin müsbət rəyini almış, prinsipial yeni nəticlər vermiş görkəmli alim kimi tanıyır. R.Əliyevin müxtəlif dillərdə nəşr olunmuş monoqrafiyaları dünyanın çoxsaylı ölkələrində yaxşı tanınır və istifadə olunur. Onun Özbəkistan alimləri ilə də sıx elmi əlaqələri və elmi kadrların hazırlanmasında əvəzsiz xidmətləri var. 21. İdarəetmə sistemləri institutunun direktoru, Akademik M.E.Salukvadze (Gürcüstan): Professor Rafiq Əliyev informatika, hesablama texnikası və süni intellekt sahəsində geniş tanınmış, dünyada öz adı və yeri olan alimdir. Dünya elmində belə hesab edirlər ki, R.Əliyevin yaratdığı metodlar elmi idrakı əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Uzun illərdir ki, R.Əliyev Gürcüstan Akademiyasının alimləri ilə əməkdaşlıq edir və bu elm sahələrinin inkişafına yaxından kömək edir. R.Əliyevi bir alim kimi səciyyələndirən xüsusiyyətlərdən biri də onun novatorluğu, daim yeni elmi-təşkilati problemlərin qoyulması və həll edilməsidir. “Su kimi sakit və güclü” kitabından, Rəfail TAĞIZADƏ.