Namusumun örpəyi, qürurumun baş tacı, Yaralarım saranım, bütövlüyün ilacı, İstiqlalın simvolu, müstəqillik əlacı, Ölkəmə nurun saçan, azadlığın çırağı, Zirvələri fəth edən, Azərbaycan Bayrağı!
Rənglərində özgürlük, rənglərində din, iman, Rənginə hopub tarix, rənginə hopub zaman, Rəngində şəhid qanı, rəngindən qeyrət daman, Cismim tutan dirəyi, başım üstü durağı, Varsan, sənə can fəda, Azərbaycan Bayrağı!
Günəşdən min rəng alan, küləklə nəğmə ötən, Savalana, Kazbekə, hətta Everestə tən, Səninlə onurludur bu el – oba, bu Vətən, Bəzəyirsən səmamı, bəzəyirsən növrağı, Əbədi dalğalan sən, Azərbaycan Bayrağı!
Ulduzundu, ayındı üzərində sayrışan, Sənə həsəd aparır gecələrdə kahkəşan, Şəninə qibtə edir müxtəlif sancaq, nişan, Üxüvvətin harayı, istiqbalın sorağı, Əsrə meydan oxuyan, Azərbaycan Bayrağı!
Əsgər şücaətiylə Şuşaya çatacaqsan, Zəngəzuru, Göyçəni kölgənə qatacaqsan, İrəvandan yağını xırs ilə atacaqsan, Qisasın ilhamçısı, İntiqamın yarağı, İşğala sinə gərən Azərbaycan Bayrağı!
“Piştaxta” arxasında oturunca vasvası, Qarışıq fikirlərdən partlamaqda qafası, Alın götürün ordan, bitsin artıq cəzası, Sinəsinin üstünə yarlıq edin şeirin, Kitabını alan yox, edam edin şairi!
Qara bulud dolaşıb başı üstündən keçir, Günəşin şüarları dəryaca tərin içir, Gələnlər nəzər edir, guya kitablar seçir, Sevinci qram, qram, ölçüsü yox kədərin, Kitabını alan yox, edam edin şairi!
Telefon, internetlə adamlar sosiallaşıb, Tik-tok, instaqramdan şüurları kallaşıb, Axı nə kitab alsın, durub, baxıb, dolaşıb, Oturan nimdaş şair yaşayırsa betərin, Kitabını alan yox, edam edin şairi!
Hansısa sözə görə soyardılar dərisin, Söz də hədəfə dəydi tapmazdılar çarəsin, Ölüləri anılır, sayan yoxdur dirisin, Qələm, dəftər yazığın qarşılamır zərərin, Kitabını alan yox, edam edin şairi!
Mütaliə, oxuya heç qalmayınca həvəs, Kitablar da olublar əsir şeirə məhbəs, İndi fikirlər azad, indi düşüncə sərbəst, Verin oda yandırın hər misrasın, sətirin, Kitabını alan yox, edam edin şairi!
Qalaq- qalaq kitablar məzarlığı andırır, Baxışları buz kimi, içi için yandırır, Elit bir cəmiyyətdə kimləri bu qandırır, Ayağının altında kötük edin şeirin, Kitabın oxuyan yox, edam edin şairi!