Başqalarında nəyə qıcıqlanırsan? Cavab sənin içində gizlidir
Dayan və bir anlıq düşün: Başqalarında səni ən çox qıcıqlandıran şey nədir? Tənbəllik? Yalançılıq? Yaltaqlıq? Həddindən artıq yemək? Bəlkə də arıq olmaq? Qəribədir ki, hər insanda qıcıq yaradan xüsusiyyətlər fərqli olur. Xatırlayıram ki, tələbəlik illərimdə bəzi tələbələrə qıcıqlanırdım. Onlar mütəmadi gecikirdilər, dərsi o qədər də əhəmiyyətli hesab etmirdilər. O vaxt düşünürdüm ki, bu, normal reaksiyadır. İnsan məsuliyyətli olmalıdır. Ağlımdan belə keçmirdi ki, mənim reaksiyamın bu qədər kəskin olması normal deyil. Bəs niyə məhz mən bu qədər qıcıqlanırdım? Kiminsə məsuliyyətsiz olmasının mənə nə aidiyyəti var idi? Bunun fərqində deyildim və üzərində düşünmürdüm. Ta ki, K. Q. Yunqun “kölgə” anlayışı ilə tanış olana qədər. Karl Yunq deyirdi: “Başqasında sizi ən çox qıcıqlandıran şey, sizin öz kölgəniz ola bilər.” Bəs kölgə nədir? Yunqa görə kölgə insanın özündə görmək istəmədiyi, inkar etdiyi, utandığı və ya qorxduğu bütün xüsusiyyətlərin toplusudur. Bunlar yox olmur, sadəcə şüurun dərinliklərinə basdırılır. Qısacası, hər insanda xəsislik, ədalətsizlik, yalançılıq, məsuliyyətsizlik, aqressiya və buna bənzər xüsusiyyətlər var. Sadəcə, biz uşaqlıqdan etibarən bəzi tərəflərimizi qəbul etməməyi öyrənirik. Onlar isə yox olmur, sadəcə fərqli formalarda üzə çıxırlar. Yunqun ən maraqlı fikirlərindən biri də budur ki, kölgə yalnız mənfi xüsusiyyətlərdən ibarət deyil. Qaranlıq kölgə Bunlar cəmiyyətin qəbul etmədiyi hisslər və davranışlardır: qəzəb, qısqanclıq, tamah, eqoizm, nəzarət istəyi, aqressivlik, bəzi cinsi istəklər və s. Qızıl kölgə Bu isə daha az danışılan, amma çox vacib olan anlayışdır. Bəzən insan müsbət xüsusiyyətlərini də basdırır: “Mən istedadlı ola bilmərəm.” “Lider olmaq mənə yaraşmaz.” “Bu qədər sevinmək düzgün deyil.” Kölgə haqqında araşdırdıqdan sonra başa düşdüm ki, əslində məsuliyyətsizlik mənim özümdə qəbul etmədiyim tərəfdir. Uşaqlıqdan “sən məsuliyyətlisən”, “tənbəllik sənə yaraşmaz”, “hər şeyi vaxtında etməlisən” kimi cümlələri eşidərək daxilimdəki məsuliyyətsiz tərəfi susdurmuşam. Başqalarında həmin xüsusiyyəti görəndə isə bu, mənə özümü xatırladır. Mən onu qəbul etmədiyim üçün əsəbiləşirəm. Psixologiyada bu mexanizm proyeksiya adlanır. Həddindən artıq nəzarətçi biri başqalarını “özbaşına” olduqları üçün tənqid edir. Öz eqoizmini görməyən biri hər kəsi “xudbin” adlandırır. Dərinliyində qaydaları pozmaq istəyən biri isə qaydaları pozanları ən sərt şəkildə mühakimə edir. Kölgə yalnız qəzəbdə deyil, heyranlıqda da yaşayır. Bir film izləyirsən və oradakı qəhrəmanın cəsarətinə heyran qalırsan: “O nə qədər cəsurdur. Mən heç vaxt belə ola bilmərəm.”Yunqa görə bu hiss qızıl kölgənin səsidir, yəni basdırılmış potensialın. Deməli, nəyə heyransansa, onun bir parçası sənin daxilində də mövcuddur.Bəzən isə birinə paxıllıq edirsən. Paxıllıq etdiyin şey çox vaxt sənin həyata keçirmədiyin potensialını göstərir. Məsələn, birinin gözəl təqdimat bacarığı var. Onu izləyirsən, ürəyin döyünür, daxilən narahat olursan və hətta ona qarşı qıcıq hiss edirsən. Əslində isə bu, sənin öz təqdimat bacarığına sahib olmaq istəyən tərəfinin səsidir. Kölgəni kəşf etmək üçün özünə bu sualları ver:
Başqalarında məni ən çox qıcıqlandıran üç xüsusiyyət hansılardır?
Bu xüsusiyyətlər həyatımda heç bir rol oynamayıbmı?
Əgər bu xüsusiyyəti özümdə görsəydim, nə hiss edərdim?
Həyatımda hansı mövzular dönə-dönə təkrarlanır?
Hansı tənqidlər məni daha çox yaralayır və niyə?
Özümdə görməkdən ən çox çəkindiyim nədir? Bu suallar üzərində dərindən düşün. Çoxları kölgə anlayışını öyrənəndə ilk sualı belə olur: “Bunu necə aradan qaldırım?” Yunq deyirdi ki, bu mümkün deyil və buna cəhd etmək təhlükəlidir. Basdırılmış kölgə daha güclü şəkildə geri qayıdır. Tarixdə ən böyük şiddət hadisələrinin bəziləri ən çox “əxlaqlı” görünməyə çalışan insanlar tərəfindən törədilib. Çünki inkar etdiyin kölgə yox olmur. O, toplanır, sıxılır və bir gün nəzarətsiz şəkildə partlayır. Həll yolu inkar etmək deyil, tanımaq, qəbul etmək və inteqrasiya etməkdir. İnteqrasiya o deməkdir ki: “Bu hisslər məndə var. Mən onları görürəm, qəbul edirəm və şüurlu şəkildə idarə edirəm.” Qəzəbini inkar etmirsən, onun səbəbini anlamağa çalışırsan. Tənbəllik istəyini basdırmırsan, sadəcə nə vaxt istirahətə ehtiyacın olduğunu eşidirsən. Kölgəni bir otaq kimi təsəvvür edirəm. O otağa işıq salmaq qorxulu görünə bilər. Amma içəri girdikdə çox vaxt görürsən ki, orada gizlənmiş bir xəzinə var. Sən sadəcə onu kəşf edirsən. Kölgəndən qaçdıqca o böyüyür, üzləşdikcə isə sən böyüyürsən. Sevgi ilə qalın…
Asl bahodirlar, bizning yigitlar, Halol olishdilar asl maydonda. Uyda Ergash Karimovni esladik, Faqat shunisi boʻldi yomonda.
Futbolchilar buyuk, bizning fahrimiz, Kurashdilar maydonda, vijdoni bilan. Charchagan edilar, aniq sharhimiz, Toʻp surdilar, halol imoni bilan.
Lekin omad ozgina, tark etdi xolos, Qalbimizda ammo umid shaʼmi charaqlar. Futbolchilar kuyinmang, ishonchu-asos, Quyosh chiqar albat, yutuq soʻroqlar!
Portugaliyadan qoldik, bo‘lmangiz xafa, G‘alaba yo‘li bor, sabr ham e’zoz. Mag‘lubiyat baʼzan bo‘lgaydir saboq, Kelajakda yutuqlar kutadi asos!
Bayrog‘imiz baland, niyatlar ulug‘, Yuraklarda so‘nmas ishonch va g‘urur. Maydonda ter to‘kkan har bir o‘g‘lonning, Mehnati munosib hurmati, shon-shuur.
Bugun bo‘lmasa agar, ertaga albat, Futbolchilar omad keladi, emasdir yakun. Ruhingiz sinmasin, jasur yigitlarsiz mard, O‘zbekiston fahrisiz, doimo har kun.
Buludlar da toxtamır,küləklər də səngimir, Bilmirsən nə istəyir Göy üzü Yer üzündən. Yaman çoxalıb indi söz alıb söz satanlar, Gör nələr çəkirik biz bu al,bu ver üzündən.
Ürəklər daşa dönüb sevgilər kiçiləndən, Zamanla cəngə girib uduzanlar,udanlar. Hamı dərd yolçusudu,yollar ələm daşıyır, Səhərin öz sirri var,gecənin öz sirri var.
Biri şöhrət xəstəsi,biri alqış acıdı, Biri də nağıl gəzir özünü ovutmağa. Arzular da nigaran,xəyyallar da yarımçıq, Ümid saman çöpüdü yıxılanda tutmağa.
Nə baharı bahardı,nə də qışı qış deyil, Fəsillər də dəyişib,hamısı baş aldadır. Şeytana atılan daş qayıdıb bizə dəyir, Şeytan öz kefindədi,adamı daş aldadır.
***
Bir yuxu tuta səni, Dəli-dolu bir yuxu. Qata səni önünə Bu möcüzə,sirr yuxu. Yerdən,Göydən keçirə, Səsdən,küydən keçirə. Yaxandan elə tuta Yaxan qala əlində. Gedəsən uzaqlara Bir yuxunun belində. Unudasan hər şeyi, Ayrılığı,həsrəti. Qaranlığı,zülməti. Çıxasan yaddaşından, Doğmanın da,yadın da, Çəkilə üzərindən Sinsi-sinsi baxışlar. Günlərin bir günündə Bir məktub göndərələr Sənə sənin adından: “Getdim,məni bağışla” Təzədən doğulasan, Təzədən yeriyəsən, Təzədən yıxılasan. Təzədən ağlayasan, Təzədən kiriyəsən. Təzədən seviləsən, Təzədən qırılasan, Təzədən yaşayasan, Təzədən yorulasan.. Bir yuxu tuta səni…
***
Bu adam kimə əl çalır? Gəlib gedənə alçalır, Başın sağ olsun,İlahi!
Bu qadın niyə yorulub? Gözündə həya,yorulub, Üzü ağ olsun,İlahi!
Bu çiçək niyə ağlayır? Batıbdi suya,ağlayır, Qoyma boğulsun,İlahi!
Bu ağac niyə quruyub? Dırmaşıb göyə,quruyub, Qoyma yıxılsın,İlahi!
Bu dünya niyə boşalıb? Gedir ölümə,baş alıb, Dəymə,dağılsın,İlahi!
***
Bu yolun əvvəlin bildik Bəs bunun sonu hardadı? Gecəni birtəhər keçdik, Bəs bunun danı hardadı?
Bilmədik,girdik oyuna, Baxmadıq adam sayına, Düşdük həqiqət hayına, Tapmadıq,hanı,hardadı?
Hər gün bir yalan doğuldu, Şər-böhtan,filan,doğuldu, İlandan ilan doğuldu, Bu Qır qazanı hardadı?
Üstümüzə dərd uladı, Oba köçdü,yurd uladı, Çaqqallar meydan suladı, Bunun aslanı hardadı?
Tez-teləsik yola çıxdıq, Hardan gəldik,hara çıxdıq, Bu nağıl da yarımçıqdı, Bunun qalanı hardadı?
***
Gündüzkü istinin rütubəti vururdu adamı gecənin səssizliyində, Səhər o qədər çırpınmışdı ki,külək də deyəsən yorğunluğunu çıxarırdı gecə-gecə, Mürgü döyürdü göy üzündə səssizcə. Pərdələr pəncərələri yelpikləmirdi, Nəfəsi tıncıxırdı şəhərin, Ağaclar utandığından yarpaq-yarpaq tər tökürdü. Yuxusu qaçmış qadın da bu səssiz,havasız iyun gecəsini acgözlüklə ciyərinə çəkirdi.
Elçin Səlimli – Elçin Məmmədağa oğlu Səlimov 20 noyabr 1960-cı iıdə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olmuşdur . İlk təhsilini Xıllı qəsəbə ibtiai məktəbində almışdır . 1969-cu ildə ailələri həmin rayonun Aşağı Surra kəndinə köçmüş və təhsilinin davamını burada almışdır . 1978 -ci ildə Aşağı Surra kənd orta məktəbini “yaxşı” və “əla”qiymətlərlə bitirmişdir . Elə həmin il şəhərə gəlmiş və təhsilini burada da davam etdirmişdir . Əvvəlcə texniki peşə məktəbini , ardınca SPT-nun gündüz şöbəsini , onun ardınca isə ATİ-nin axşam fakultəsini bitirmişdir . Metallurq Energetik ixtisası ilə uzun müddət istehsalatda çalışmışdır . 1985-ci ildən ədəbi mühitdədir . Çoxlu sayda mətbu orqanlarda və ədəbi jurnallarda çap olunmuşdur . AYB-nin üzvü olan şair , hal-hazırda 9 kitab və 1 pyes müəllifidir . Bu gündə fasiləsiz olaraq mətbuatda çıxış edir . Ailəlidir . İki ali təhsilli övladı var . “Qızıl Qələm”, media mükafatçısıdır . Hazırda növbəti iki kitabını nəşrə hazırlayır .
Kitabları:
“Oğul olub doğulduğum torpağa ” 2000-ci il , “Təzə əsrin yazı gəlir ” , 2001-ci il , “Miras” , “Qadın ləyaqəti ” 2004-cü il , “Ürəkdə də bahar olsa ” 2007-ci il , ” Məni qınamağa dəyərmi dünya ” 2020-ci il , ” Ömrün yarım əsri” 2022-ci il , “Görüşünə gəlmişəm” 2023-cü il və ” Şəhidliklə bitən ömür ” 2025-ci il adlı kitablarım nəşr olunmuşdur .
KİMİNƏ ACI
İllər gedir ömürdən illər , Deməyə var hələ ,ürəkdə sözlər , Söz dolu aləmə təşrif buyurun , Dolansın fəsillər , ötsün fəsillər .
Dərindir bu sirri , böyük aləmin , Dərindən qavra ki , qoy olsun sənin , Odur gələcəyin , barın , bəhərin , Dəyişsə nəsillər , gəlsə nəsillər .
Bax , belə yaradıb , bizi yaradan , Yaradıb , qurmağı öyrəndik ondan , Yolumdan etməyi bacarmaz nadan , Layiqdir sayğıya yalnız əsllər .
Yaşamaq həyatın ölməz qanunu , Qocalıq bu ömrün , başının tacı ! Ömürlük yaddaşda saxlayın bunu , Kiminə xoş gəlir , kiminə acı !
01.06.2026
BİR XATİRƏDİR
Fəsillər yerini dəyişir bir-bir , İllər bir-biriylə olublar əlbir , Ömür karvan kimi ,baş alıb gedir , Yazdığım hər şeirim , bir xatirədir .
Elə hey yol gedir , ömür karvanım , Bilmirəm haraya dartır sarvanım , Hər ikisi olubdur mənim həyanım , Hər misram , hər bəndim bir xatirədir .
Bəzən də bu karvan dayanıb , durur , Sarvanın özü də möhkəm yorulur , Gözlərim hicranın yaşıyla dolur , Hər sözüm , hər sətrim bir xatirədir .
Çəksəm də özümü , mən hey kənara , Tuş oldum hər zaman , yaman axara , Sizdən ricam , bunu deməyin yara , Onunçün Elçinin özü , bir xatirədir .
02.06.2026.
BİR DAHA DAŞMA
Salam , “Ana Kür”üm , xoş gördüm səni , Qismətim görüşə gətirib məni , Suların aşmaqda yenə sahili , Aman , “Ana Kür”üm , sahilin aşma .
Yenə qan-qan deyib , axıb gedirsən , Göy dolu buluda baxıb gedirsən , Sığmayıb yatağa çıxıb gedirsən , Aman , doğma Kürüm , həddini aşma .
Əsrlər boyunca dada çatmısan , Öz səxavətinlə anda çatmısan , Suyun həyat verib ,ada çatmısan , Aman , “Dəli Kür”üm , bəndini aşma .
Suyunla canlanır , hər qarış torpaq , Hətta yaşıllaşır quruyan budaq , Sayəndə gur yanır , yurdumda ocaq , Aman , “Sirli Kür”üm , səddini aşma .
Bütün el-obanı gəzər ,dolaşar , Doğma Xəzərimə Kürüm yaraşar , Elçin də , adına min dastan qoşar , Otur yatağına , bir daha , daşma .
25.05.2026.
GÜLÜM
Bir anlıq qəlbimi təsəlli etsən , Yüz il həsrətinlə yaşaram , gülüm . Bal tək ləblərindən bir busə versən , Dərya tək çağlayıb , coşaram , gülüm .
Gəl yetiş dadıma , dayağım ol , sən , Eşq adlı dünyamda qonağım ol , sən , Yuxuma girməsən , xəyalım ol , sən , Sənin həsrətinə dözmərəm , gülüm .
Həyat çox şirindir , yaşamaq gözəl , Ömürlük səninəm , almasa əcəl , Sevginlə daima zirvəyə yüksəl , Dünyanı səninlə , bölərəm , gülüm .
08.04.2026.
SON SÖZÜ
Nə qədər dünyada silah olarmış ? Nə qədər insanın , qanı axarmış ? Hamıya bəs edər bu yer üzünün , Başına nə qədər bəla gələrmiş .
Yorub artıq bizi , uçan raketlər , Dənizlərdə üzən hərbi gəmilər , Dayanın , bir durun , ay gicbəsərlər , Dünyanın sonuna bir şey qalmayıb .
Vurur təyyarəsi , atır PUA-sı , Tökülür başıma mərmi , bombası , Od , alov içində yanır yer üzü , Düşünüb , dayanın , Allah bəndəsi .
Çox çəkəcək hələ , bu hərbə-zorba , Cahanın başına keçirib “torba” , Dinlər arasında qızışıb “borba” , Yoxdur insanların gündüz , gecəsi .
Qurtarın qırğını , qurtarın baba , Düşməsin yurduma bir daha bomba , Bu qanlı davadan bizə nə fayda , Düşünən beyinlər desin son sözü .
29.04.2026.
DÜNYA
Artıq ümidim yox uzaq illərə , Quran insanlara tuzaq illərə , İsti havalarda sazaq illərə , Aparırsan bizi hayana , dünya .
Həyat nə verib ki , nəyi də alsın ? Əzab , əziyyət , zülümdən başqa . Bir quru canım var , onu da alsın , Onsuz da arzular toxunub daşa .
Bütün ömür boyu yük daşımışam , Çiyinlər bu yükdən inan qat salıb . Bu ağır illəri necə aşmışam , Onlar ürəyimə ağır çat salıb .
Köçsəm bu dünyadan , dərd məni üzməz , Keçsəm həyatımdan , mərd məni üzməz , Yol daşlı , kəsəkli , sərt məni üzməz , Daşıyırsan bizi , nə fayda , dünya .
24.04.2026.
*** Mən bir bütöv Azərbaycan , Qürurum , həm varlığımsan, Sən vətənim, həm anamsan Azərbaycan , Azərbaycan !
Dəmir qapı Dərbənd mənəm , Zəngəzuram , həm Göyçəyəm , Qarayazı , Borçalıyam , Azərbaycan , Azərbaycan .
Mən Bakıyam, mən Təbrizəm , Mavi gözlü bir dənizəm , Düşünmə ki, mən sənsizəm, Azərbaycan , Azərbaycan !
Xan Arazam,Dəli Kürəm , Maral göləm,mən Göy göləm , Düşmənini məhv edərəm , Azərbaycan , Azərbaycan !
Mən Şuşayam, Qarabağam, Həm Aranam , həm də dağam , Sən olmasan , mən də yoxam , Azərbaycan , Azərbaycan ! .
Məlahət Quliyeva – Quliyeva Məlahət Sahib qızı (Məmməquliyeva), 1958-ci ildə Ağcabədi rayonunun Boyat kəndində anadan olub. 1979-2013-cü illərdə Respublika DIN-nin Yanğından Mühafizə İdarəsində (İndiki Fövqəladə Hallar Nazirliyində) xüsusi hərbi rütbəli əməkdaşı olaraq bir çox vəzifələrdə xidmət edib. Hazırda hərbi təqaüdçüdür. Məşədi-Kərbəlayı xanımdır. 2 oğlu, 8 nəvəsi var. Məlahət xanım Quliyeva (Məmməquliyeva) gənc yaşlarından bədii yaradıcılıqla da məşğul olur. Gözəl müğənni və çox istedadlı şairə kimi tanınır. Gənc yaşlarından şeirləri müxtəlif mətbuat orqanlarında, Azərbaycan Respublikası DİN-nin “Mübariz keşikdə” və “Zəngəzur” qəzetində, eyni zamanda FHN-nin DYMX-nin “Yanğınla Mübarizə” jurnalında, o cümlədən “Şərqin səsi, “Ziya”, “Elm və Təhsil”, “Kredo”, “Yurd sevgisi” qəzetlərində, “Zim.Az” və “Zirvə. info” saytlarında, “Zirvə”, “Buta”, “Vətən”, “Canım Azərbaycanım”, “Xarıbülbül”, “Şərqin səsi”, “Rəvan”, Poeziya çələngi “, “Zəfər”, “Bakı Təbriz”, “Poeziyamızın Nizami Gəncəvi zirvəsi” və bir çox ədəbi məcmuələrdə də dərc olunub. “Borçalı” qəzetinin və “Yurd” saytının baş redaktorudur. Türkmən Ədəbiyyatçılar (Birliği-Tuzhurmatu Onursal ÜYE), Azərbaycan Yazıçılar, Turan Yazarlar və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Abdulla Şaiq”, Məmməd Araz”, “Zirvə” diplomu və medalı “XXI Əsrin Ziyalısı,” “Heydər Zirvəsi”, fəxri diplomu və medalı, “Natavan Xurşidbanu” diplomu və medalı, “Qızıl qələm”, media mükafatları laureatıdır. “Şəhid ailələrinə qayğı” cəmiyyətinin fəxri diplomuna layiq görülüb. “Turan” Ədəbiyyatı Yazarlar Birliyinin və idarə heyətinin üzvü , Turan xalq şairidir. 8 kitab müəllifidir. Biz də hörmətli Məlahət xanıma ədəbi- bədii yaradıcılığında və şəxsi həyatında yeni-yeni nailiyyətlər arzulayırıq.
ÖZÜMDƏN YAZIM
Həyatın hər cürə üzündən yazdım, Deyirəm bir az da özümdən yazım. Dünyanı içinə alıb, gəzdirən, Ağlaya bilməyən gözümdən yazım.
Məndən üz döndərib məni yaradan. Bir kərə rəhm etmir ol Şahı-Mərdan. Qəlbimi yandıran acı duyğudan, Gül kimi saralan üzümdən yazım.
Ömür yaşayıram, mən zərrə-zərrə, Dəli sevda məni saldı çöllərə. Ya Rəbbim ah-nalə olarmı belə, Yer-göyə sığmayan dözümdən yazım.
Uçdu xəyaları arana- dağa, Həm indiki vaxta, həm cavanlığa. Bir anlıq dayanıb, xəyala daldı, Boylandı keçmişə, bir sola-sağa.
O ziyalı idi, həm də bir Ana, Sanki mələk imiş gəlib cahana. Hər bir kəlməsindən, şirin sözündən, Qələm əhli olan gəldi ilhama.
Anadan qiymətli yox özgə nemət, Anadı hər kəsə şərəf-ləyaqət. Analar Allahdan bizə əmanət, Ana müqəddəsdir bil, ay Məlahət. Ayağı altına deyilir cənnət. 15.04.2025
MİNNƏTDARAM MƏN ANAYA
Qovdu aylar, illər birin, Kövrək oldu yaman qəlbim, Yaş üstünə yaşda gəldi, Heç nə vermir gənclik yerin.
Demirəm ki, qocalmışam, Bəlkə bir az ucalmışam. Yaxşı-yaman bu ömürdə, İlləri yola salmışam,
Şükür olsun yaradana, Bəxş eyləyib bu cahana. Gözəl keçib illərimiz, Həyat dönüb gülüstana.
Altmışımı adlamışam, Yetmişimi haqlamışam. Xoşbəxt günlər yaşayaraq, Bu həyatdan kam almışam.
Hər bir dərdi silib atdım. Qəm-kədərə sevinc qatdım. Ömür bir az vəfa qılsa, Bəlkə gedib yüzə çatdım.
Məlahətəm, mən bir dünya, Bənzəyirəm günə-aya, Doğulduğum bu gün üçün, Minnətdaram mən Anaya. 09.02.2025
MƏNA GƏZİRƏM
Mən şair demədim, özümə heç vaxt, Söz səltənətində dağılmasın taxt. Hər kəsin öz yeri, öz qələmi var , Kimin kim olduğun göstərəcək vaxt.
Mən şair demədim, özüm-özümə, Bir kimsə gülməsin haqqın sözünə, Sevmirəm özünü tərif etməyi, Yaxşı görsənməkçün xalqın gözünə.
Mən şair demədim, özüm-özümə, Qoy mənə qiyməti el-aləm versin. Yazdığım əsərin hər bir kəlməsin, Ələkdən keçirib, xalq sözün desin.
Mən şair demədim, özüm-özümə, Peşmanlıq içində, döyüm dizimə. Deyirlər “El gözü, tərəzi gözü”, Xalq şair sözünü yazsın izimə.
Hər kəsin dünyada öz amalı var. Özümə tərifim mənə olar ar. Yazıb-yaradıram, mən azdan -çoxdan, Yazmasam gen dünya mənə olar dar.
Ürəkdən keçəni demədim hələ, Kaş yazıb-yaradım mən indən belə. Elə bir əsərim gəlsin ərsəyə, Toxunsun ürəkdə incə bir telə.
Məlahətəm, gördüyümü yazıram. Hər kəlməni min mənaya yozuram. Yaxşını-yamanı ələyib- seçib, Hər sözümdə dərin məna gəzirəm. 04.04.2025
SƏN BİLƏYDİN
Eşqin idi dərdə dərman, Fələk verdi özgə fərman. Sanki məni vurdu ilan, Kaş ki, bunu sən biləydin.
Ayrılıqdan gəldi xəbər, Sevgidən qalmadı əsər. Ayrılıq ölümdən betər Kaş ki, bunu sən biləydin.
Çıtır-çıtır yandı ürək, Sevən könlüm oldu kövrək. Sənsiz ömür nəyə gərək, Kaş ki, bunu sən biləydin.
Ürəyimin sındı teli, Eşqin məni etdi dəli. Vurdu məni zalım əli, Kaş ki, bunu sən biləydin.
Can evindən söküldü can, Üzdü məni qəmi-hicran. İç dünyamda qopdu tufan, Kaş ki, bunu sən biləydin.
Ürək sındı cilik-cilik, Sümüklərdə dondu ilik. Mən unutdum bir dəfəlik, Kaş ki, bunu sən biləydin
Məlahətəm, əhli-halam, Əhdə-anda düz ilqaram. Eşq yolunda tarimaram. Kaş ki, bunu sən biləydin. 21.06.2024
KÖNLÜM
Yenə ləngər vurur çağlayan könlüm, Sağalmaz yarasın ağlayan könlüm. Vəfasız dünyanın odu-közüylə, Özün-öz gözüylə dağlayan könlüm.
Sınıbdı ürəyim, qırılıb qəlbim, Dünyaya sığmaylr göyərmiş dərdim. Dönüb gəncliyimə yaman kövrəldim, İçində diləyin bağlayan könlüm.
Sevgi-məhəbbətim gözümdə qaldı, Hicranın naləsi canımı aldı. Bağrım al qan oldu, ürəyim yandı, Olmadı yarasın bağlayan könlüm.
Sevdalı günlərin atəşi söndü, Sevən könlüm qara zindana döndü. Çərxi fələk yaman tərsinə çöndü. Öz közü özünü dağlayan könlüm.
Məlahətəm, “dərdi canda saxladım”, Yaş da ötür, yetmişi də haxladım. Əridi sümüklər, kökdən laxladım. Köksündə dərdlərin tığlayan könlüm. 04.06.2025
AY ZALIM FƏLƏK
Dağların suyunu içmək istədim, Bulanıb lil oldu ərşimdə mənim. Əyilib torpağın öpmək istədim, Qarışıb gil oldu qarşımda mənim.
Bu necə qismətdi, necə taledi, Üstümə yer-göyün qəmin ələdi. Hər yandan bağlandı açıq yollarım, Bilmədim bəlalar haradan gəldi?
Nə yaman tez soldu gülüm-çiçəyim, Dağlar boyda oldu qəmim, kədərim. Acı tale məni yıxıb- sürüdü, Ah-nalə içində ötdü illərim.
Haraya getdimsə yolum lax çıxdı, Tənhalıq qəlbimi yandırıb-yaxdı. “Yıxdı can evimi” candan ayrılmaq, Göz yaşım sel olub köksümdən axdı.
Ha yana əl atdım əllərim yandı, Dövr etmədi qanım, damarda dondu. Vəfasız dünyada bir gün görmədim, Qaraldı ocağım, çırağım söndü.
Multidisiplinar media nümayəndəsi Şəlalə Camal növbəti ali təhsil mərhələsini uğurla tamamlayıb.
O, məzuniyyət sevincini rəsmi “Instagram” hesabında izləyiciləri ilə bölüşərək bu uğurun əzm, zəhmət və davamlı inkişafın nəticəsi olduğunu qeyd edib.
Şəlalə Camal ilk ali təhsilini rejissor sənəti ixtisası üzrə alıb. Təhsil və peşə fəaliyyəti dövründə Prezident təqaüdünə layiq görülən media nümayəndəsi, eyni zamanda müxtəlif mükafat, fəxri fərman və diplomlarla təltif olunub.
Media sahəsində fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıqla da məşğul olan Şəlalə Camalın müəllifi olduğu şeir və hekayələr oxucular tərəfindən maraqla qarşılanır.
Paylaşımında o, əldə etdiyi diplomun yeni hədəflərə aparan növbəti addım olduğunu vurğulayaraq gələcəkdə də elmi və peşəkar fəaliyyətini davam etdirəcəyini bildirib. Fotolar:
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Hüseyn Cavid təkcə öz dövrünün deyil, bütün zamanların sənətkarıdır. Onun əsərləri yazıldığı dövrdən uzun illər keçməsinə baxmayaraq, bu gün də oxunur, araşdırılır və düşündürür. Bunun əsas səbəbi H.Cavidin əsərlərində qaldırdığı problemlərin zamandan və məkandan asılı olmadan insanlığın taleyi ilə bağlı olmasıdır. Hüseyn Cavid yaradıcılığının mərkəzində insan dayanır. O, insanın daxili aləmini, mənəvi seçimlərini, xeyirlə şər arasındakı mübarizəni böyük ustalıqla təsvir etmişdir. Müasir dünyada da insanlar eyni mənəvi məsələlərlə üzləşirlər. Buna görə də Cavidin qəhrəmanları və onların yaşadıqları hadisələr bugünkü oxucuya yad görünmür. Bəzi sənətkarlar yalnız yaşadıqları dövrün deyil, bütün zamanların söz adamları olurlar. Onların yaratdıqları əsərlər müəyyən bir tarixi mərhələnin sərhədlərini aşaraq əsrlər boyu insanların düşüncəsinə təsir göstərir, yeni nəsillər üçün mənəvi yol xəritəsinə çevrilir. Azərbaycan ədəbiyyatında belə qüdrətli şəxsiyyətlərdən biri də Hüseyn Caviddir. O, təkcə böyük dramaturq və şair deyil, həm də insanlığın taleyi, azadlıq, ədalət və mənəvi kamillik haqqında düşünən mütəfəkkir idi. XX əsrin əvvəllərində yaşayıb-yaratmasına baxmayaraq, Hüseyn Cavidin qələmə aldığı problemlər bu gün də aktuallığını itirməmişdir. Dünyanın müxtəlif yerlərində baş verən müharibələr, insanların hakimiyyət və sərvət uğrunda apardıqları mübarizələr, cəmiyyətlərdə yaşanan mənəvi böhranlar, insanın öz vicdanı ilə üz-üzə qalması kimi məsələlər Cavid yaradıcılığının əsas mövzularını təşkil edir. Bu səbəbdən onun əsərlərini oxuyan müasir insan tez-tez öz dövrünün hadisələri ilə qarşılaşdığını hiss edir. Hüseyn Cavid insanı bütün yaradıcılığının mərkəzinə qoymuşdu. O, insanın mənəvi gücünə, düşüncə azadlığına və kamilləşmək qabiliyyətinə inanırdı. Yazıçının qəhrəmanları sadəcə bədii obrazlar deyil, insan ruhunun müxtəlif tərəflərini əks etdirən canlı xarakterlərdir. Onların keçirdikləri daxili mübarizə, qarşılaşdıqları çətin seçimlər və mənəvi sınaqlar bu gün də hər bir oxucu üçün tanış görünür. Çünki zaman dəyişsə də, insanın qarşılaşdığı əsas suallar dəyişmir. Müasir dövrdə texnologiya sürətlə inkişaf edir, həyat tərzi dəyişir, informasiya axını getdikcə artır. Lakin bütün bu dəyişikliklərə baxmayaraq, insanlıq yenə də sülh, ədalət, azadlıq və mənəviyyat kimi əbədi dəyərlərə ehtiyac duyur. Hüseyn Cavidin əsərləri məhz bu dəyərləri qorumağın vacibliyini xatırladır. Onun yaradıcılığı bizə göstərir ki, insanı yüksəldən də, uçuruma aparan da onun öz seçimləridir. Bu gün Hüseyn Cavid haqqında danışmaq yalnız böyük bir ədibin xatirəsini yad etmək demək deyil. Bu, həm də müasir dünyanın problemlərinə klassik ədəbiyyatın işığında baxmaq, keçmişdən gələn hikmətin bugünkü insan üçün nə qədər əhəmiyyətli olduğunu anlamaq deməkdir. Məhz buna görə Hüseyn Cavidin əsərləri hər yeni nəsil tərəfindən maraqla oxunur və onun irsi Azərbaycan ədəbiyyatının ən qiymətli mənəvi sərvətlərindən biri kimi yaşayır. Yazıçının ən məşhur əsərlərindən biri olan “İblis” faciəsi xüsusilə diqqətəlayiqdir. Əsərdə müharibələrin, zorakılığın və insan tamahının doğurduğu faciələr göstərilir. Təəssüf ki, XXI əsrdə də dünyanın müxtəlif bölgələrində müharibələr davam edir, günahsız insanlar əziyyət çəkirlər. Bu baxımdan “İblis” yalnız bir ədəbi əsər deyil, həm də insanlığa ünvanlanmış ciddi xəbərdarlıqdır. Hüseyn Cavidin aktuallığını təmin edən əsas amillərdən biri onun yaratdığı əsərlərin dərin fəlsəfi məzmunudur. Yazıçının “İblis”, “Şeyx Sənan”, “Peyğəmbər”, “Topal Teymur”, “Xəyyam”, “Səyavuş” və “Ana” kimi əsərlərində insanın mənəvi dünyası, azadlıq arzusu, ədalət axtarışı və xeyirlə şərin mübarizəsi əks olunmuşdur. Xüsusilə “İblis” faciəsində müharibələrin və insan tamahının doğurduğu fəlakətlər göstərilir. “Şeyx Sənan” əsərində dini və milli ayrı-seçkiliyin fövqündə duran insan sevgisi tərənnüm olunur. “Peyğəmbər” əsərində isə mənəvi kamillik və həqiqət uğrunda mübarizə ideyaları ön plana çəkilir. Bu əsərlərdə qaldırılan problemlər bu gün də cəmiyyət üçün əhəmiyyətini qoruduğundan Hüseyn Cavid müasir oxucuya yaxın olaraq qalır. Hüseyn Cavid həm də azad düşüncənin tərəfdarı idi. O, insanın mənəvi və fikri azadlığını yüksək qiymətləndirirdi. Müasir cəmiyyətin inkişafı üçün də sərbəst düşüncə, elmə və həqiqətə bağlılıq vacib amillərdir. Cavidin əsərləri oxucunu hazır fikirləri qəbul etməyə deyil, düşünməyə və həqiqəti axtarmağa çağırır. Cavid yaradıcılığında humanizm xüsusi yer tutur. O, insanları dilinə, dininə və mənsubiyyətinə görə deyil, insan olduqları üçün dəyərləndirirdi. Bu fikir qloballaşan dünyada daha böyük əhəmiyyət qazanır. Müxtəlif mədəniyyətlərin və xalqların birgə yaşadığı müasir dövrdə qarşılıqlı hörmət və tolerantlıq cəmiyyətlərin inkişafının əsas şərtlərindən biridir. Hüseyn Cavidin həyat yolu da gənc nəsil üçün örnəkdir. O, çətinliklər və təqiblərlə üzləşsə də, öz əqidəsindən dönməmiş, sənətinə və ideallarına sadiq qalmışdır. Bu xüsusiyyətlər bu gün də gənclərə iradə, prinsipiallıq və mənəvi möhkəmlik nümunəsi göstərir. Hüseyn Cavid bu gün də aktualdır, çünki onun əsərlərində insanlığın dəyişməyən problemləri əks olunur. Müharibə və sülh, azadlıq və əsarət, xeyir və şər, humanizm və ədalət kimi mövzular bu gün də dünya gündəmindədir. Cavidin yaradıcılığı bizə yalnız keçmişi öyrətmir, həm də gələcəyi daha düzgün qurmaq üçün düşünmək imkanı verir. Məhz buna görə Hüseyn Cavidin əsərləri hər yeni nəsil tərəfindən yenidən kəşf olunur və öz dəyərini qoruyub saxlayır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatının yalnız böyük nümayəndəsi deyil, həm də bəşəri idealları öz yaradıcılığında əks etdirən qüdrətli mütəfəkkirdir. Onun əsərlərinin dəyəri müəyyən bir dövr və ya cəmiyyətlə məhdudlaşmır. H.Cavid insanın mənəvi dünyasına, vicdanına, azadlıq istəyinə və həqiqət axtarışına müraciət etdiyi üçün onun yaratdığı obrazlar və irəli sürdüyü fikirlər zaman keçdikcə köhnəlmir. Əksinə, hər yeni dövr bu əsərlərin məzmununa yeni çalarlar qazandırır və onların aktuallığını daha da artırır. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələrin davam etməsi, insanların hakimiyyət, sərvət və şəxsi maraqlar uğrunda bir-birinə qarşı çıxması Hüseyn Cavidin xüsusilə “İblis” əsərində səsləndirdiyi fikirlərin nə qədər doğru və uzaqgörən olduğunu göstərir.
Yazıçı insanları düşündürməyə, mənəvi dəyərləri hər şeydən üstün tutmağa çağırırdı. O, insanlığın xilası üçün gücün deyil, ağlın, mərhəmətin və ədalətin vacib olduğunu vurğulayırdı. Bu ideyalar isə bu gün də öz əhəmiyyətini itirməmişdir. Hüseyn Cavidin əsərlərində tərənnüm olunan azadlıq ideyası da müasir insan üçün mühüm əhəmiyyət daşıyır. O, azadlığı yalnız siyasi məna ilə deyil, insanın düşüncə və mənəviyyat azadlığı kimi dəyərləndirirdi. H.Cavidə görə, insan ilk növbədə öz qorxularından, cəhalətindən və mənəvi əsarətindən qurtulmalıdır. Məhz buna görə onun qəhrəmanları daim həqiqət axtarışında olur, çətin seçimlər qarşısında qalır və mənəvi kamilliyə doğru irəliləməyə çalışırlar. Bu xüsusiyyətlər müasir gənclər üçün də mühüm həyat dərsidir. Yazıçının yaradıcılığı bizə onu da öyrədir ki, insanı böyük edən yalnız biliyi və ya gücü deyil, onun mənəvi keyfiyyətləridir. Hüseyn Cavid öz əsərlərində sevgi, mərhəmət, sədaqət, humanizm və ədalət kimi dəyərləri ön plana çəkərək cəmiyyətin sağlam inkişafının mənəvi əsaslar üzərində qurulmalı olduğunu göstərmişdir. Bu baxımdan onun əsərləri yalnız ədəbi nümunə deyil, həm də mənəvi tərbiyə məktəbidir. Bu gün Hüseyn Cavid irsinin öyrənilməsi və təbliği xüsusilə vacibdir. Çünki qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunması, gənclərin sağlam dünyagörüşü ilə formalaşması və cəmiyyətin mənəvi inkişafı üçün belə sənətkarların yaradıcılığına böyük ehtiyac vardır. H.Cavidin əsərləri insanı düşünməyə, öz vicdanı ilə üzləşməyə və həyatın mənası haqqında suallar verməyə sövq edir. Məhz bu xüsusiyyət onun yaradıcılığını ölməz edir. Hüseyn Cavid fiziki olaraq bu dünyadan ayrılsa da, onun ideyaları, əsərləri və sənət fəlsəfəsi yaşayır. Hər dəfə “İblis”, “Şeyx Sənan”, “Peyğəmbər”, “Topal Teymur”, “Xəyyam” və digər əsərləri oxuduqda, biz təkcə böyük bir yazıçının yaradıcılığı ilə tanış olmuruq; həm də insanlıq haqqında dərin həqiqətlərlə qarşılaşırıq. Buna görə də Hüseyn Cavid bu gün də aktualdır, sabah da aktual olacaq. Çünki onun yaradıcılığı insanın və bəşəriyyətin əbədi problemlərinə işıq tutan mənəvi xəzinədir.
Azərbaycanın füsunkar təbiətə malik bölgələri sırasında Laçın rayonu özünəməxsus yer tutur. İllərlə işğal altında qaldıqdan sonra yenidən dirçələn bu qədim yurd bu gün öz gözəlliyi, saf təbiəti və tarixi məkanları ilə ziyarətçiləri valeh edir. Laçının ən məşhur təbiət abidələrindən biri olan Turşsu bulağı isə bölgənin əsl incilərindən hesab olunur.
Bu günlərdə Laçına səfər etmək və Turşsu bulağını ziyarət etmək mənə də qismət oldu. Dağların qoynunda yerləşən bu möcüzəvi məkan ilk baxışdan insanı özünə heyran edir. Ətrafı sıx meşələrlə, yaşıl örtüklə əhatə olunan bulağın səsi sanki təbiətin öz musiqisini xatırladır. Yerin dərinliklərindən qaynayan mineral tərkibli su əsrlər boyu insanların sağlamlığına fayda vermiş, Turşsunu ölkənin ən məşhur bulaqlarından birinə çevirmişdir.
Turşsu bulağının ən maraqlı xüsusiyyətlərindən biri onun qeyri-adi fəaliyyət mexanizmidir. Yerli sakinlərin və ziyarətçilərin müşahidələrinə görə, bulaq təxminən hər bir saatdan bir fəallaşır. Əvvəlcə yerin dərinliklərindən gələn gurultuya bənzər səs eşidilir, sonra bulaq coşaraq qaynamağa başlayır və təxminən 7 dəqiqə ərzində bol su verir. Bu mənzərəni izləmək olduqca maraqlıdır. Suyun qəfil fəallaşması və qısa müddətdən sonra yenidən sakitləşməsi Turşsu bulağını digər bulaqlardan fərqləndirən təbii hadisələrdən biridir.
Səfər zamanı “Yazarlar.az” saytının rəhbəri Zaur Ustac ilə tanış olmaq da mənim üçün xoş təsadüf oldu. Səmimi söhbət zamanı Laçının təbiəti, Qarabağın dirçəlişi və ədəbiyyatın cəmiyyətdəki rolu haqqında maraqlı fikir mübadiləsi apardıq. Bu görüş səfərimin yadda qalan məqamlarından biri oldu.
Turşsu bulağının ətrafında gəzdikcə insan özünü təbiətlə vəhdətdə hiss edir. Dağ havasının təmizliyi, bulaq suyunun şəffaflığı və ətraf mənzərənin gözəlliyi burada olan hər kəsdə dərin təəssürat yaradır. Bu yerlər yalnız istirahət üçün deyil, həm də insanın mənəvi rahatlıq tapması üçün əvəzsiz məkandır.
Laçın səfəri mənim yaddaşımda həm Turşsu bulağının möhtəşəm gözəlliyi, onun saatbasaat coşaraq 7 dəqiqə ərzində bol su verməsi kimi maraqlı təbii xüsusiyyəti, həm də Zaur Ustac kimi ziyalı bir insanla tanışlıq baxımından xüsusi yer tutacaq. Əminəm ki, Turşsu bulağı gələcəkdə Azərbaycanın ən çox ziyarət olunan təbiət məkanlarından birinə çevriləcəkdir.
ZAUR USTAC: ƏDƏBİYYAT VƏ JURNALİSTİKA SAHƏLƏRİNİN LAYİQLİ USTADI (Çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış nümayəndəsi, yazıçı-publisist, şair Zaur Ustaca ithaf olunur!)
Çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış və məhsuldar nümayəndələrindən biri də yazıçı-publisist və şair Zaur Ustacdır.
Qısa bioqrafik məlumat: Zaur Ustac (Mustafayev Zaur Mustafa oğlu): 08 yanvar 1975-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində dünyaya göz açıb. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir və naşirdir. 1988-ci ildən bu günə qədər müntəzəm çap olunur. Hal-hazırda hər həftə ən azı iki ənənəvi mətbu orqanda çıxış edir. Ədəbi mühitdə “Zaur Ustac” təxəllüsü ilə çıxış edən bu dəyərli yazar “Qızıl Qələm” Media Mükafatı, “Həməşəra” Fəxri Diplomu, “Turan Ödülü” və Turan Yazarlar Birliyinin “Hüseyn Cavid” Ödülü laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, 2019-cu ildən Prezident təqaüdçüsüdür. Zaur Ustac 50-dən artıq kitabın müəllifidir. 2019-20-ci tədris ilindən etibarən məktəbəhazırlıq qruplarında tədris olunur. “Oxu” və “Hesab” onun şerləri əsasında hazırlanmış metodik vəsaitlə öyrədilir. Son zamanlar 9 cilddən ibarət seçilmiş əsərlərinin nəşrinə başlanılıb. Həmin məcmuənin birinci, ikinci və üçüncü cildləri artıq nəşr olunmuşdur. Çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış və məhsuldar nümayəndəsi olan Zaur Ustacın əhəmiyyətli əsərləri sırasında dəfələrlə təkrar nəşr edilmiş “Əliş və Anna” və “Oriyentir ulduzu” kitablarını göstərmək olar. Bundan əlavə müəllifin “Günaydın”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Qəlbimin açıqcası” və “45” kimi şeirlər, “Məktəbə hazırlaşırıq” və “39 Həftə” (ingilis dili proqramı) kimi metodik vəsaitləri göstərmək mümkündür. Ümumiyyətlə, Zaur Ustac ölkə mətbuatında davamlı olaraq həm publisist yazıları, həm şeirləri, həm də nəsr və hekayə nümunələri ilə çıxış edən tanınmış yazarlardan biridir.
“Ustac” təxəllüsü barədə izahlar Bir çoxları Zaur müəllimin istifadə etdiyi “Ustac” təxəllüsünü “Ustad” (işini bilən mahir adam və müəllim, eləcə də yaradıcılıq sahəsində söz və qələmi ilə ustalıq) mənasında olduğunu təsəvvür edirlər. Lakin Zaur Ustac istər ədəbiyyat, istər müəllimlik, istərsə də jurnalistika sahəsində sözün həqiqi mənasında işini bilən, mahir bir ustad və müəllim olsa da, özündən əldə etdiyim məlumata əsasən, bu təxəllüs onun soykökü, həm ata, həm də ana tərəfindən Ustaclı tayfasına mənsubiyyəti ilə əlaqədardır. Zaur Ustac bunu müxtəlif şeirlərində, xüsusilə də “Əcdadı anmaq” adlı şeirinin ilk misralarında dilə gətirmiş və qələmə almışdir: “Ustaclıyam, əlim ərşi-əlada, Bu nə sitəm, millətim nə bəlada!?” Bundan əlavə, onun digər şeirlərində “Ustaclıyam”, “Ustaclı oğluyam”, “Şah babam”, “Şah İsmayıl silahdaşı” kimi ifadələr mövcuddur. Məlumat üçün qeyd etmək lazımdır ki, Ustaclı və ya Ustaclılar – Səfəvi İmperiyasının yaranmasında və idarə olunmasında əsas rol oynamış aparıcı türk tayfalarından (Qızılbaş tayfalarından) biri olmuşdur. Onlar əsasən oğuzların Əfşar boyuna bağlı olan güclü və nüfuzlu bir el idi. Tarixi mənbələrə görə, Ustaclı eli əvvəlcə Kiçik Asiyada (Anadoluda) məskunlaşmış, Ərətna bəyliyi və Qazi Bürhanəddin hökuməti dönəmində siyasi nüfuz qazanmışdır. Sonradan Azərbaycana köçərək Səfəvi Dövlətinin qurulmasında həlledici qüvvəyə çevrilmişlər. Ustaclı tayfası həm hərbi yürüşlərdə ön sıralarda olmuş, həm də dövlətdə ali vəzifələr (bəylərbəyi, əmir, sərkərdə) tutmuşdur. Bu gün tanıdığımız Zaur Ustac da məhz həmin sülalənin ədəbiyyat sahəsində faydalı fəaliyyəti ilə tanınan bir dəyərli üzvüdür.
Subyektiv baxış: Zaur Ustac adı gələndə şəxsən mənim zehnimdə bir fədakar, elinə, vətəninə, milli-mənəvi dəyərlərinə, milli kimliyi və dövlətçiliyinə bağlı olan bir ədib, eyni halda pedaqoq, hərbiçi zabit, peşəkar jurnalist və dəyərli qələm sahibi olan bir şəxsiyyət canlanır. Bu gün çağdaş Azərbaycan ədəbi mühitində “Zaur Ustac” adı və təxəllüsü milli-ədəbi kimlik və missiyanı tərənnüm edir. Zaur Mustafayev bu təxəllüslə özünü bacarıqlı söz ustadı kimi təsbit etmiş, çağdaş Azərbaycan ədəbiyyatında milli ruhu və klassik ənənəni müasir düşüncə ilə birləşdirməyi bacaran bir peşəkar yazar və şair kimi tanınmışdır. Zaur Ustacın istər publisist yazıları, istərsə də poeziya nümunələrində yurdun, elin, vətənin, milli kimliyin, milli-mənəvi dəyərlərin təbliği açıq-aydın şəkildə müşahidə olunur. Bütün bunlar oxucuda məsuliyyət hissini yaradır, eyni halda ölkə vətəndaşları arasında milli ruhun qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət göstərir. Onun fəaliyyətinə diqqət yetirdikdə, bütün sahələrdə bacarıqlı insan kimi həyatda çoxşaxəli bir şəxsiyyət olduğunu söyləmək olar. Yazıçılıq, nəsr, poeziya və publisistika, həmçinin, jurnalistika sahələri ilə yanaşı həm də hərbiçi olması bunun əyani sübutudur. Zaur Ustac ədəbiyyat sahəsində yaradıcı insan və parlaq imza sahibidir. Onun jurnalistik fəaliyyəti isə bəzi “jurnalist”lərin xoşagəlməz “fəaliyyət”i və qeyri-etik davranışının əksinə olaraq büsbütün səmimiyyət, etika və yaxşı niyyətləri özündə ehtiva edir. Bu da onun ilk əvvəldən qələmə müqəddəs gözlə baxışı və yanaşmasından irəli gələn məsələdir. Öz milli kimliyi, milli-mənəvi dəyərləri, vətəni və dövlətçiliyi ilə yanaşı Ulu Tanrıya bağlı olan saf qəlbli bir insan, dəyərli eloğlu və ləyaqətli vətəndaşdır. Zaur Ustacın digər önəmli xüsusiyyətlərindən biri də onun ədəbiyyat və jurnalistika sahələrində saflığı və səmimiyyətindən ibarətdir. Özü ruhən (daxilən) və eləcə də zahirən bir enerjili gənc olsa da hər zaman ədəbiyyat və jurnalsitika sahələrində olan gənclərə təmənnasız şəkildə dəstək olur. Onun təsisçisi və baş redaktoru olduğu mətbu orqan nəzdində təsis etdiyi və yazarlara mənəvi dəstək hədəfi ilə pulsuz-parasız və təmənnasız olaraq təqdim və təltif etdiyi “Ziyadar” və s. kimi mükafatlar bunun bariz nümunələrindən biridir. Halbuki bir çoxları belə mükafatları və hətta, sadə bir fəxri fərmanı pul qarşılığında ayrı-ayrı yazarlara təqdim edir, üstəlik bəzən qarşı tərəfə minnət də qoyurlar… Lakin öz yüksək mədəniyyəti, səmimiyyəti və saflığı ilə tanınan və hörmətə layiq görülən Zaur müəllim belə işlər və davranışlardan uzaqdır. Bu dəyərli yazıçı-publisist başqalarına dəstək olmaq və başqalarının parlamasından əsla narahat olmur, əksinə bundan daha çox sevinir və zövq alır. Məşhur fransız romantik şair, dramaturq, yazıçı, romançı və rəssam Viktor Hüqoya (1802-1885) aid edilən məşhur bir cümlə var: “Öz işığına güvənən başqasının parlamasından narahat olmaz…” Zaur müəllim də özü işıqlı və aydın, eyni halda uğurlu bir yazıçı-publisist, şair və jurnalist olduğundan başqalarının parlamasından əsla narahat olmur, həm də başqalarının uğur qazanması və parlamasına dəstək olur. Zaur Ustacın yaradıcılığı və qələm sahəsində fəaliyyətini diqqətlə araşdırdıqda, onun sözün həqiqi mənasında həm ədəbiyyat, həm də jurnalistika sahələrinin dəyərli və ləyaqətli ustadı olduğunu söyləmək olar. Lakin bütün deyilənlərin fövqündə yer alan ayrı bir məsələ də var. Həmin məsələ isə Zaur Ustacın ədəbiyyat sahəsində söz və qələm bacarığı ilə yanaşı ədəbiyyat ifadəsinin əsası olan ədəb, etika, əxlaq və insani dəyərlərin daşıyıcısı olmasıdır. Əslində insan həyatda bacarıqlı şair, yazıçı, ədəbi təhlilçi və tənqidçi olmaqla yanaşı yalnız yüksək ədəb-ərkan, etika və mədəniyyət sahibi olduqca ətrafına, cəmiyyətə və bəzən bütün dünyaya aydınlıq və ziya bəxş etməyi bacarır. Bu olmadıqda isə görülən bütün işlər və yazılan bütün bədii ədəbiyyat nümunələri zaman ötüşündə unudulub yaddaşlardan silinir… Zaur Ustacın zəngin, maraqlı və çoxşaxəli olan poeziya dünyasının da öz yeri və öz tərifi var. Onun müxtəlif mövular və fərqli (heca, sərbəst və s.) formalarda qələmə aldığı şeirlər bir-birindən gözəl, yetərli və mənalıdır. Şeirlərində sadəliklə yanaşı, insan ruhuna xüsusi cəsarət, şövq gətirən amili hiss etmək mümkündür.
Arzu və diləklər: Ulu Tanrıdan çağdaş Azərbaycan ədəbi mühitinin belə bir dəyərli yazarı, eyni halda maarifpərvər insanı olan şair-publisist Zaur Ustac müəllimə uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yaradıcılıq sahəsində yeni-yeni uğurlar və daha uca zirvələr diləyirəm!
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist 23.06.2026