1 aprel Rəsul Rzanın anım günüdür

01 aprel 1981-ci il — Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, tərcüməçi və ictimai xadim Rəsul Rzanın vəfat etdiyi gündür..
Rəsul Rza (tam adı: Rəsul İbrahim oğlu Rzayev) 6 (19) may 1910-cu ildə Göyçay şəhərində anadan olmuş, 1 aprel 1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. O, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynamışdır.
Rəsul Rza XX əsr Azərbaycan poeziyasında bədii düşüncənin yenilənməsinə güclü təsir göstərmiş sənətkarlardandır. Onun yaradıcılığı fəlsəfi dərinliyi, azad poetik təfəkkürü və insanın daxili dünyasına yönəlmiş bədii axtarışları ilə seçilir. Şairin əsərlərində zaman, vicdan, məsuliyyət, mənəvi bütövlük və həqiqət kimi mövzular aparıcı yer tutur. Bu xüsusiyyətlər onun poeziyasını bu gün də aktual və düşündürücü edir.
Rəsul Rza yalnız şair kimi deyil, həm də dramaturq, tərcüməçi və ictimai xadim kimi milli mədəniyyətin inkişafına mühüm töhfələr vermişdir. Onun fəaliyyəti Azərbaycan ədəbi mühitində yeni poetik istiqamətlərin formalaşmasına təsir göstərmişdir.
Görkəmli şair yüksək dövlət mükafatlarına layiq görülmüşdür.
Bu gün böyük sənətkarın xatirəsini ehtiramla yad edirik.
Ruhu şad olsun.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Mən səni tanımıram, varsansa, Firuzəyə bir övlad ver!

Mən səni tanımıram, varsansa, Firuzəyə bir övlad ver!

Aprelin biri Azərbaycan ədəbiyyatının özünəməxsusuluğu ilə seçilən sənətkarı, magik realizm məktəbinin yaradıcısı İsa Muğannanın dünyasını dəyişməsinin bir ili tamam olur. Ən böyük, ən yaşlı, ən müdrik, ən sehirli, ən səmimi dostumdan ayrılmaq mənə çətin olmuşdu həmin gün. Əruz elmini mənə öyrədən ustadım Zülfəli Zülfəliyev rəhmətə gedəndən sonra İsa Muğanna ilə tanışlıq həyatımın ədəbiyyatına, fəlsəfəsinə, gündəminə sehirli bir rəng qatmışdı. Bu elə bir sehirli rəng idi ki, dünyanı o rənglə boyasa idilər, gözlərimiz yalnız Ağ görərdi. Həm də Saf Ağ işığı. Elə İsa Muğannanı da mənə bir yazıçı kimi Zülfəli müəllim tanış etmiş, “İdeal” əsərini oxumamışdan öncə o danışmışdı isa Muğannanın sehirli gerçəkliyindən. Sanki onunla bir gün tanış olacağımı da bilirdi. İsa Muğannasız keçirdiyimiz bir il ərzində müxtəlif səviyyələrdə yazıçı haqqında yazılar yazıldı, müzakirələr edildi. Muğannadan danışanlar ya onu anlamayıb, sadəcə böyüklüyünü etiraf edə bildilər, anlayanlar da bu böyüklüyü ifadə edəcək söz və cümlələr tapmaqda çətinlik çəkdilər. Zənn edirəm ki, Muğanna yaradıcılığı üçün ən böyük hadisə “Türfə” romanının çapı idi ki, ona da nail ola bildik. Onunla tanış olduğum bir neçə il müddətində ən az ayda bir dəfə görüşər, dərdləşər, kefin soruşar, yanında olmağa çalışardım. Bütün bu məqamlarda isə İsa-Firuzə bötüvlüyü ilə bir yerdə olurduq. Lakin İsa Muğannanın gedişindən sonra o evə getmək mənim üçün çox çətin oldu. Düzdür, Firuzə xanım, da sanki İsa müəllimin missiaysını üzərinə götürmüşdü, o da mənimlə maraqlanırdı. Bu da o müqəddəs ocağa gedib-gəlməyimi asanlaşdırırdı. Amma hər dəfə Firuzə xanımı görməyə gedəndə sözlərin xitdəyimdə asılıb qaldığını, tıxandığını hiss edirdim. Bu müdrik Azərbaycan qadınının böyüklüyünü gördüyüm halda, onun İsa Muğanna üçün necə darıxdığının şahidi olub ona necə təsəlli edici nəsə deyərdim?! 60 ildən çox ömrü bir başa vuran bütövun yarısına necə dəstək ola bilərdim. Tək gücüm dimməz, söyləməz, hər dəfə də gözlərinin içinə baxıb yeni çap etdiyimiz kitabı verib, tez də sağollaşıb getmək olurdu vəzifəm. Əvvəlki vaxtlardakı kimi daha yeni nəşrlərə həvəslə baxmadığını, sadəcə “sağ ol, bala” deyib kitabı kənara qoymasını, sonra da əlini çənəsinə qoyub gözünün görə bilmədiyi, beyninin isə çox uzaqlara qədər baxdığı ənginliklərə zilləndiyini hiss edirdim.
İSA MUĞANNA 3
Firuzə xanım Əhməd Cavadın Şükriyyəsi, Hüseyn Cavidin Müşkünazı kimi İsa Muğannanın Muğanna olmasında sevgi ilə fədakarlıq göstərmişdir. İsa Muğannanın bəşəri mübarizəsində yanında olan bu böyük insanın Muğannaya olan sevgisini bircə kəlmə “İsa” sözünü eşidənlər daha yaxşı anlayar, məncə. 60 ildən çox bir zamanda bir evi, bir açarı, bir işığı, bir havanı, bir təbəssümü, bir kədəri bölüşən bu ailə insanlıq tarixi üçün bir örnəkdir. Çünki İsa Muğannanın Muğanna olmasında Firuzə xanımın rolu, əməyi, səyi, səbri danılmazdır. Əslində, bu saydıqlarım birtərəfli olmayıb. Firuzə xanımın son illərin ən böyük arzusu İsa Muğannadan sonra vəfat etməsi idi. Belə də oldu. Deyirdi, ay Allah, sən məni İsadan sonra apar, barı ona sona qədər də olsa, özüm qulluq edim. Bu sözləri deyəndə, bəlkə, Firuzə xanım fərqində deyildi ki, onsuz yastığa baş qoymaq, divanda tək-tənha oturub ağı qaradan çətinliklə seçən gözlərini gah bir nöqtəyə zilləmək, gah da xatirələr yağmurunda islanan gözlərini silmək dünyanın ən çətin zindanı olacaqdı ona. Firuzə xanım böyük məhəbbətini ifadə edirdi o cümlə. Atası, əri, qardaşı, oğlu kimi sevib əzizlədiyi İsaya kiminsə qulluq etməsinə razı ola bilmirdi. Amma onsuz yaşamağın bu qədər çətin olduğunu bilsəydi, bəlkə də, o, həyata keçmiş duasını geri çağırardı. Elə Muğannasını da. “Şəmil…. İsa üçün darıxıram” deyib qəhərlənmələrini görərək deyə biləyəcəyin bir tikə sözün belə tapılmaması nə qədər soyuq və qan donduran imiş, ay Allah! Muğannası haqqında xatirlərinin səs yazısını yazmağı təklif etdim, razılaşsaq da, bacarmadı. Ürək getdi, gəldi dəfələrlə. Bir gün zəng edib dedi ki, “Şəmil, bacarmayacağam”. Bu yaxınlarda arxivimə göz gəzdirəndə Firuzə xanımın “Türfə” romanının çap olunması üçün AMEA-nın Müxbir üzvü Nizami Cəfərova yazdığı bir məktubu gördüm. Oxudum və heyrətə gəldim. Çünki Firuzə xanım həyat yoldaşına nə qədər rəğbətlə və heyranlıqla inanırdı. Məhz bu olmalı idi Muğannanı böyük amillərdən biri də. Ustadın ilində təəssüflər olsun ki, Bakıda deyiləm. Amma bu məktubu oxuculara təqdim etməyin böyük faydası olacağına inanıram.

İSA MUĞANNAYA AİD QEYDLƏR

İsa nə qədər böyük yazıçıdırsa, bir o qədər də böyük insandır. Altmış illik birgə həyatımızda ondan bir kəlmə də acı söz eşitməmişəm. Atalarımız dünyalarını çox erkən dəyişdilər. Altı uşaq İsanın anası Xədicənin, altı uşaq da mənim anam İnşanın yanında qaldı. Böyük məhrumiyyətlər, dəhşətli kasıblıq içində on iki uşaq böyütdük. Təhsil verdik, evli-eşikli elədik. Uşaqlar haqqında danışmağımın səbəbi var. 1968-ci ildə alihəzrət Dəmirəlin zamanının başlandığında, Azərbaycan yazıçıları nümayəndəliyinin tərkibində Türkiyəyə getdik. İstanbulu, İzmiri, Ankaranı, Bursanı və sair yerləri gəzdik, Bolu bəyin kəndini, Koroğlunun Çənlibelini gördük. İstanbula qayıdanda məscidləri gəzdik. Ayasofiya məscidində İsa üzünü göyə tutub dedi: “Biz çoxlu uşaq saxlamışıq, özümüzə övlad istəməmişik. Mən səni tanımıram. Əgər varsansa, Firuzəyə bir övlad ver. Oğlan da istəmirəm. Bircə qız. Bircə qız!” (Ş.S. Tanrı ailəyə yeganə övladı Sevinc Muğannanı 19 ildən sonra bəxş etmişdir) Otelə qayıtdıq. Yorulmuşdum, divanda uzanıb yatdım. İsa kresloda oturdu. Bir azdan məni oyadıb dedi: “İndicə, ayıq-sayıq vaxtımda bir altı-yeddi aylıq, gözəl, gombul qız uşağı gördüm. İməkləyib gəlib dizlərimdən yapışdı, qucağıma mindi, burnunu boğazıma söykəyib mışıl-mışıl nəfəs aldı. Səni oyatmaq istədim, uşaq yox oldu. Nəfəsini indi də boğazımda hiss edirəm. Qızımız olacaq”. Mən inana bilmədim. Bakıya qayıtdıq. Bir ildən sonra İsanın o gördüyü qız – Sevincimiz doğuldu. Bundan sonra mənim həyatıma fərəh gəldi. İsanın da işləri yaxşılaşdı. Dalbadal əsərləri çap olundu. İsa məni Rusiyanın şəhərlərində kurort zonalarında gəzdirdi. Bolqariyada, Qara dəniz sahillərində, Pribaltika ölkələrində, bir neçə Avropa ölkəsində gəzdirdi. Yetmişinci illərdə çox qəribə hadisə baş verdi: İsa birdən-birə kainatla bağlandı, özünün dediyi kimi, EySarla danışmağa başladı. EySar, İsUsun, İsa peyğəmbərin həqiqi adı – odu – rütbəsidir. “Ey” Uca deməkdir. “Sar” – hökmdar deməkdir. EySar – uca hökmdar deməkdir. Bu Od – Həqiqət qədim türk dilində – OdƏr dilindədir. EySar İsaya OdƏr dili öyrətməyə başladı. OdƏr dilində indiyə qədər heç yerdə, heç kəsə məlum olmayan məlumatlar verməyə və tamam yeni ruhda əsərlər yazmağa kömək etdi. “İdeal” romanı, “Peyğəmbərin möhürü”, “Məhşər” və bir sıra başqa əsərlər belə yarandı. İndi oxuculara təqdim olunan. “Türfə” əsəri də bu qəbildəndir. Bu əsərdə “axırıncı peyğəmbər”, “Muhamməd – Məhəmməd”, İslam peyğəmbəri adlandırılan, OdƏrcə rütbəsi BağHəmOd (Vahid həqiqət bağı) olan nadir insan haqqında həqiqət verilib. İsa şahiddir ki, EySar İşıq gəmisində Yer planetinin üzərində gəzib müşahidələr aparır. Tezliklə vaxt yetişəcək, EySar, BağHəmOdla və rütbəli OdƏrlərlə birlikdə Yerə enəcək. Mən o günün gələcəyinə inanıram və həyat yoldaşım İsa Muğannanın yazdığı əsərləri təqdir edirəm.

Firuzə Muğanna

03.VII.2009.

P.S. Bu məktubu yayımlamaqda çox tərəddüd keçirdim. Firuzə xanımın Nizami müəllimə şəxsi məktubu idi. Bəlkə də, Firuzə xanımdan icazə istəsə idim, “yox” deyərdi. Lakin İsa Muğannanın bəşəriyyət üçün maraqlı bir insan olduğunu bildiyim üçün böyüklərimin qarşısında bu ərki edirəm. İsa Muğanna haqqında həqiqətləri lap incəliyinə qədər bütün oxucuları bilməli, bu bütöv şəxiyyətlə dərindən tanış olmalıdırlar.
Şəmil Sadiq
2015.04.01

MƏKTUB, MƏKTUBLAR

Müəllif və mənbə: Şəmil Sadiq

filologiya üzrə fəlsəfə doktoru, dosent

Şəmil Sadiqin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Yazıçı, publisist, əməkdar jurnalist Hikmət Xudiyev (Cəmilzadə) yeni nəşr olunmuş “Xankəndi” adlı kitabını Milli Kitabxananın fonduna hədiyyə edib

Yazıçı, publisist, əməkdar jurnalist Hikmət Xudiyev (Cəmilzadə) yeni nəşr olunmuş “Xankəndi” adlı kitabını Milli Kitabxananın fonduna hədiyyə edib

Vətənpərvərlik mövzusunda kitabların yazarı olan müəllifin yeni kitabı Xankəndi şəhərinin formalaşması və Qarabağ problemi fonunda şəhərin tarixini əhatə edir. Kitabda XVIII əsrdən başlayaraq ermənilərin Qarabağa yerləşdirilməsi siyasəti ilə əlaqədar Azərbaycan xalqının milli maraqlarına zidd hadisələr haqqında ətraflı bəhs edilib. Həmçinin Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması və bundan sonra onilliklər boyu Xankəndinin “erməniləşdirilməsi” istiqamətində həyata keçirilən şovinist siyasət haqqında geniş məlumat verilir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə Xankəndidə erməni millətçilərinin separatçı fəaliyyətinin qarşısının qətiyyətlə alınması, şəhərin sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlər də əsərin əsas mövzularındandır.

Kitabda Xankəndi, həmçinin qədim türk yurdu Kərkicahanın I və II Qarabağ müharibəsı zamanı ermənilərin törətdiyi cinayətlər nəticəsində həlak olmuş sakinləri haqqında bioqrafik məlumatlar təqdim edilib. 44 günlük müharibə və antiterror əməliyyatı, işğaldan azad edilmiş Xankəndidə aparılan bərpa-quruculuq işləri də kitabda geniş işıqlandırılır.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Türkan Hüseynlinin “Gün batımı” əsəri haqqında

Türkan Hüseynlinin ümidlə boyanan üfüqləri
(“Gün batımı” rəsmi haqqında – birinci yazı)
     Uşaqlıq – saf duyğuların, təmiz baxışların və sərhədsiz xəyal gücünün dövrüdür. Məhz bu dövrdə yaranan yaradıcılıq nümunələri bəzən ən peşəkar əsərlərdən belə daha təsirli, daha səmimi olur. Gənc rəssam Türkan Hüseynlinin təqdim etdiyi “Gün batımı” adlı bu rəsm əsəri də məhz belə bir səmimiyyətin, daxili dünyasının rənglərlə ifadəsinin bariz nümunəsidir.
     Türkan Hüseynli 13 aprel 2018-ci ildə Bakı şəhərində anadan olub. Kiçik yaşlarından rəsmə böyük maraq göstərən Türkan artıq erkən yaşlarında dünyanı özünəməxsus şəkildə görməyi və onu kağız üzərinə köçürməyi bacarıb. Hal-hazırda rəsm təhsilini davam etdirən bu balaca istedad sahibi ilk sistemli təhsilini 2024-cü ildə Türkiyə Cumhuriyyətinin Eskişehir şəhərində ESAZDER-in nəzdində fəaliyyət göstərən uşaq dərnəyində alıb. Bu, onun yaradıcılıq yolunda ilk ciddi addımlarından biri kimi xüsusi əhəmiyyət daşıyır.
    Gənc rəssam Türkan Hüseynlinin “Gün batımı” rəsm əsərinə nəzər saldıqda ilk baxışdan diqqəti cəlb edən əsas məqam rənglərin harmoniyası və kompozisiyanın sadəliyi ilə yanaşı dərin məna yükü daşımasıdır. Əsərdə gün batımı təsvir olunub. Üfüq xəttində qızılı və narıncı çalarların hakim olduğu günəş, sanki bir günün sonunu deyil, yeni bir başlanğıcın xəbərçisini simvolizə edir. Bu, uşağın dünyagörüşündə zamanın yalnız bir axın deyil, həm də davamlı ümid mənbəyi kimi qəbul olunduğunu göstərir.
    Göy üzündə çəkilmiş göy qurşağı isə əsərin ən təsirli elementlərindən biridir. Rənglərin ardıcıl və ahəngdar düzülüşü həyatın rəngarəngliyini, müxtəlif duyğuların bir arada mövcudluğunu ifadə edir. Göy qurşağı həm də ümidin, arzuların və gələcəyə inamın simvoludur. Türkanın bu elementi əsərinə daxil etməsi onun daxili dünyasında pozitiv enerjinin və nikbin baxışın üstünlük təşkil etdiyini göstərir.
     Rəsmdə yer alan qara siluet şəklində çəkilmiş palmalar və quşlar isə kompozisiyaya dinamika və həyat qatır. Palmalar ekzotik bir mühit təsəvvürü yaradır, eyni zamanda azadlıq və sakitlik hissini oyadır. Uçan quşlar isə sərbəstliyi, azad ruhu və sonsuz üfüqlərə doğru hərəkəti simvolizə edir. Bu detallar uşağın xəyal gücünün sərhədsizliyindən xəbər verir.
     Dənizin mavi çalarlarla təsviri isə sakitlik, dərinlik və düşüncə dünyasının rəmzidir. Dalğaların sadə, lakin ifadəli çəkilişi göstərir ki, müəllif təbiətin ritmini hiss edir və onu öz baxış bucağı ilə təqdim etməyi bacarır. Su səthində əks olunan işıq və rəng keçidləri isə əsərə əlavə estetik dəyər qatır.
     Bu rəsm əsəri texniki baxımdan sadə görünsə də, məzmun etibarilə olduqca zəngindir. Burada uşağın dünyanı necə gördüyü, nələri hiss etdiyi və hansı duyğularla yaşadığı açıq şəkildə əks olunur. Ən önəmlisi isə odur ki, Türkan Hüseynli artıq bu yaşında rənglər vasitəsilə öz fikrini ifadə etməyi bacarır ki, bu da gələcəkdə onun daha böyük uğurlara imza atacağından xəbər verir.
      Gənc rəssamın yaradıcılığı bir daha sübut edir ki, incəsənət yaş tanımır. Əsas olan duymaq, görmək və bunu ifadə edə bilməkdir. Türkan Hüseynlinin bu əsəri isə həm onun istedadının ilkin parıltısı, həm də gələcək yaradıcılıq yolunun ümidverici başlanğıcı kimi dəyərləndirilə bilər.
      Şübhəsiz ki, belə istedadlı uşaqların vaxtında aşkar olunması, dəstəklənməsi və inkişaf etdirilməsi cəmiyyətin mədəni gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Türkan Hüseynli kimi gənc fidanların yetişməsi isə sabahın güclü sənətkarlarının formalaşmasının təməlini qoyur.

RƏNGLƏRİN DİLƏ GƏLDİYİ UŞAQLIQ DÜNYASI

Rəsm əsərlərinin analizi üzrə baş məsləhətçi:

Psixoloq Lalə Əhmədova

Zaur Ustac və Türkan Hüseynli

Müəllif: Zaur USTAC

Türkan Hüseynli haqqında

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Artilleriya generalı – Hacırəhim Məmmədov (1948)

Zəngilandan Qazaxadək döyüş yolu keçmiş artilleriya generalı – Hacırəhim Məmmədov

Vətənimiz uğrunda çalışmış Ali zabitlərimizi tanıyaq!!! – Sovet Ordusu sıralarında bu səviyyədə olan azərbaycanlıları barmaqla saymaq olardı.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının sabiq ilk rəisi Hacırəhim Səməd oğlu Məmmədov 1948-ci il yanvarın 1-də Gürcüstan SSR-in Tetritskaro (Ağbulaq) rayonunun Şıxlı kəndində anadan olmuşdur.

1967-ci ildə Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olmuşdu.

1970-ci ildə Tbilisi Ali Hərbi Artilleriya Məktəbini bitirdikdən sonra, xidmətini davam etdirmək üçün sabiq Almaniya Demokratik Respublikasında yerləşən SSRİ hərbi hissələrinin birinə xidmətə göndərilmişdi.

Hacırəhim Məmmədov 1970-1973-cü illərdə SSRİ qoşunlarının Almaniyadakı qrupunda taqım komandiri, 1973-1978-ci illərdə Prikarpat Hərbi Dairəsində batareya komandiri, 1975-1978-ci illərdə Prikarpat Hərbi Dairəsində böyük qüvvəli divizion qərargah rəisi olmuş, 1978-1981-ci illərdə Leninqrad Hərbi Artilleriya Akademiyasında təhsil almış, 1981-1982-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi.

Xabarovsk vilayətində Artilleriya divizionu komandiri, 1982-1985-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi, Xabarovsk vilayətində Artilleriya alayının qərargah rəisi, 1986-1990-cı illərdə Uzaq Şərq Hərbi Dairəsi, Primorsk vilayətində Diviziyada artilleriya alayının komandiri, baş zabitlərin şərəf məhkəməsinin sədri, 1990-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi, Xabarovsk vilayəti Uzaq Şərq Dairəsinin Tank əleyhinə artilleriya alayının komandiri vəzifələrini icra etmişdir. 1980-ci ildə mayor, 1984-cü ildə polkovnik-leytenant, 1989-cu ildə polkovnik rütbələrini almışdır.

1992-ci ildən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Artilleriya İdarəsinin Döyüş hazırlığı şöbəsinin rəisi, Silahlı Qüvəllərin Artilleriya Komandanı vəzifəsində işləmiş və artilleriya hərbi hissələrinin yaradılmasında müstəsna xidmətləri olmuşdur.

1993-cü ildə Müdafiə Nazirliyinin hərbi kollegiyasının üzvü, Müdafiə Nazirliyinin baş zabitlərinin şərəf məhkəməsinin üzvü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təltiflər üzrə komissiyasının sədri olmuşdur.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə daxil olduğu ilk gündən etibarən (16 iyun 1992-ci il) Zəngilandan Qazaxadək, cəbhə boyu bütün döyüşlərdə iştirak etmiş, 21 mart 1994-cü ildə general-mayor rütbəsi verilmişdir.

Hacırəhim Məmmədov hərbi əməliyyatların gedişində olduqca böyük işlər görmüşdü, bütün qaynar bölgələrdə olaraq şəxsən erməni hərbi birləşmələrinə qarşı artilleriya zərbələrinə nəzarət etmişdi, yüksək nizam intizamı ilə fərqlənən artilleriya hissələrinə rəhbərlik edirdi.

Hacırəhimi bütün tabeliyində olanlar əla tanıyır və onu sevirdilər. Eyni zamanda, o, zabit şərəfini uca tutaraq heç bir qruplaşmaya, klana qoşulmayan ordu komandanlarından biri idi. Çoxları onun göstəricilərinə həsəd aparırdı, ona oxşamaq istəyənlər kifayət qədər çox idi. O, Azərbaycanı güclü, qüdrətli dövlət kimi görmək istəyir və bundan ötrü əlindən gələn hər şeyi edirdi…

1994-cü ilin oktyabr hadisələrində iştirakda ittiham edilərək 20 oktyabr 1994-cü ildən 30 dekabr 1997-ci ilədək həbsdə olmuş, lakin uzun yoxlamalardan sonra günahsız olunduğu bilinərək, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1997-ci il Fərmanı əsasında həbsdən azad olunmuşdur.

24 mart 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti ilə görüşdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin olunmuşdur.

1999-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədini delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının” və “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının” üzvü tə’yin edilmişdir.

1999-cu ildən Müdafiə Nazirinin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasının ilk rəisi vəzifəsinə təyin olunmuşdur.

11 dekabr 2003-cü ildə Bakıda xidmət vaxtı iş kabinetində ürək tutmasından vəfat etmiş və bir gün sonra II Fəxri Xiyabanda dəfn edilmişdir.

Mənbə: Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

TAPDIQ ƏLİBƏYLİNİN ÖZÜ VƏ SÖZÜ

Tapdıq Əlibəyli – 65
TAPDIQ ƏLİBƏYLİNİN ÖZÜ VƏ SÖZÜ
Yaradıcılığına və şəxsiyyətinə ehtiram bəslədiyim şair-publisist və ictimai xadim Tapdıq Əlibəylini uzun illərdir tanıyıram. Onunla, Binəqədi Rayon İcra Hakimiyyətində işlədiyim vaxtlarda, tədbirlərin birində tanış olmuşduq. Həmin tədbirdə yenicə çapdan çıxmış “Poetik buta” kitabını da mənə hədiyyə etmişdi. Elə həmin gündən də Tapdıq bəylə mehriban ünsiyyətimiz yarandı.Tez-tez görüşməsək də, fəal istifadəçisi olduğum “fasebook” sosial şəbəkəsində müntəzəm olaraq onun yaradıcılığını və ictimai fəaliyyətini yaxından izləyirəm. Bu günlərdə öyrəndim ki, bu ilin iyulundaTapdıq bəyin 65 yaşı tamam olacaq. 65 yaş insan həyatında əlamətdar bir tarix olduğu üçün istədim ki, mən də bir yazı-pozu adamı kimi həmkarım Tapdıq Əlibəylinin yaradıcılığına səyahət edim. Bu yazı da həmin səyahətin nəticəsi olaraq meydana gəldi və düşnürəm ki, səmimiyyətdən yaranmış bu yazı Tapdıq bəyin yubileyinə mənim kiçik bir hədiyyəm olar.
Tapdıq Əlibəyli qədim türk yurdu, əsrarəngiz təbiəti olan Yardımlı rayonunun Bürzünbül kəndində dünyaya göz açıb. Düşünürəm, Bürzünbülü oxucularına şair aşağıdakı misralarla təqdim edərək, onun haqqında dolğun təsəvvür yarada və sevdirə bilib:

Tanrı yazan bir əzəli ünvanım:
Dağ havası, yurd sədası – Bürzünbül
Göz açdığım, söz açdığım – rəvanım,
Dağ havasi, yurd sevdası – Bürzünbül.

Sadəliyi səmimiyyət batmanı,
Kədəri də, sevinci də bölüşər.
Halallıqdan yoğrulubdu imanı,
Bir-birinin köməyinə yetişər.

Təbii ki, Bürzünbül Tapdıq Əlibəylinin dünyaya göz açdığı kənddir, balaca Vətənidir onun. Lakin Tapdıq Əlibəylinin Vətən anlayışında bir adda əbədi məskən salıb -Yardımlı rayonu. O rayon ki, öz ziyalı, vətənpərvər, mərd, mübariz oğulları ilə Azərbaycanımıza kifayət qədər görkəmli şəxsiyyətlər, o cümlədən Sabir Rüstəmxanlı kimi görkəmli ictimai-siyasi və dövlət xadimi, Xalq şairi bəxş etmişdir. Təbii ki, Sabir Rüstəmxanlı kimi görkəmli bir ədəbiyyat adamını yetirən bir bölgədə, ondan sonra ələ qələm almaq hər kəsdən bir cəsarət və hünər tələb edir. O da qeyd edilməlidir ki, Sabir Rüstəmxanlı öz yaradıcılığı və fəaliyyəti ilə bu bölgədə ədəbiyyatın və poeziyanın inkişafına güclü təkan vermışdir. Heç şübhəsiz ki, ondan sonra ədəbiyyata gələn insanların yaradıcılığına onun təsiri olmamış deyil. Bununla belə Yardımlının təbiəti, suyu, havası, onun folkloru və ədəbi mühitinin özü bir poeziyadır və Sabir bəyin də elə bu mühitdən pərvazlanması qanunauyğunluqdur.
Yardımlı ədəbi mühitinin ədəbiyyatımıza verdiyi söz adamlarından biri də Tapdıq Əlibəylidir. O, Yardımlıya olan sevgisini aşağıda nümunə gətirdiyim misralarla ifadə edir:

Vətən – bir ağacsa, budaq Yardımlı,
Boy verir rişəsi minilliklərə.
Zirvəsi qartallı bu dağ Yardımlı
Bağlayıb yurddaşı minilliklərə.

Ər kişilər yurdu – mənaca adı,
Bürünüb övladı bu həqiqətə.
Bu dağlar qoynuna Yaradan yardı,
Bələnib Yardımlı saf təbiətə.

Ölkəmizin ictimai həyatında fəall iştirak edən, ədəbi cameədə həm publisist, həm də şair kimi yaxşı tanınan Tapdıq Əlibəylinin “Qəlbdən qələmə” şeirlər kitabı qarşımdadır və onun poeziya dünyasına səyahətdəyəm…
Bu bir danılmaz həqiqətdir ki, Tanrının yaratdığı canlılar arasında İNSAN ən mükəmməl varlıq və ən böyük möcüzəsidir. Tanrı bitkilərdən və heyvanat aləmindən fərqli olaraq insanlara danışmağı, dili verib. Əgər Tanrının yaratdığı ən böyük möcüzə insandırsa, insanın yaratdığı ən böyük möcüzə sözdür. Yəni insan da sözdən SÖZü yaratdı. Bu da bir həqiqətdir ki, Tanrının verdiyi qabiliyyətlə insanın yaratdığı, ifadə etdiy sözdən güclü heç nə ola bilməz. Söz fövqəl gücə malikdir. Söz sözlə yanaşı işlədiləndə fikir, məna ifadə edir:

Könül verdim saza-sözə,
Günəş doğdu sanki üzə.
Söz sovqatı göndər bizə…
Şeir – sözün ən göyçəyi.

Yaranmyır şeir əbəs,
Gül qoxuyan o bir nəfəs,
Göy üzündən gələn bir səs…
Şeir – sözün ən göyçəyi.

Mənim qənaətimcə, şeir gözəgörünməz fövqəl bir varlıq tərəfindən, elə o varlığın vergi, istedad bəxş etdiyi insanlara-şairlərə diqtə olunan bir möcüzə, şairlik isə bu diqtə əsasında insanın ən ülvi hisslərini, duyğularını ifadə və təqdimetmə qabiliyyətidir.
Tanrı sözün qüdrətini öz ali məqamına çatdırmaq üçün, öz bəndələrinin içərisindən bir qisminə qeyri-adi istedad verərək sözləri nəzmlə, ritmlə, ahənglə, qafiyə formasında işlətmək qabiliyyəti vermişdir ki, belə insanlara da söz adamı, şair, şeir yazan demişlər.

Şairlər bir ömür eşq sərxoşları,
İlham pərisinin hüsnündən xumar.
Könlü misra-misra söz naxışları,
Başına hər vədə çəkiıməz tumar.

Şairlər əzəldən söz pərvanəsi,
Atəşə tutulub, oda yaxılıb.
Sözü açıbsa da zindan-qəfəsi,
Şair ürəyinə güllə çaxılıb…

Fikrimcə, Tanrı insana danışmaq qabiliyyətiu verdiyi andan, insanın insanla ünsiyyəti yarandığı məqamdan şeirin tarixi başlayır. Çünki başqa canlılardan fərqli olaraq Tanrı insanlara digər duyğu üzvləri ilə yanaşı həm də duymaq, düşünmək, hiss və həyəcanlarını, sevinc və kədərini ifadə etmək qabiliyyəti vermişdir. Şairlər üçün söz hər şeydir. Həyatın mənasıdır. Yaşamaq fəlsəfəsidir. Sevincdir, nəşədir, qəmdir, kədərdir.

Göydən enən mələkdir,
Simurqdan tel, lələkdir,
Ruhumuza gərəkdir
Misralanan ulu söz.

Tumurcuqdur, çiçəkdir,
Pöhrələnən özəkdir,
Bahar kimi bəzəkdir
Misralanan ulu söz.

Şeirlərini oxuduqca, publisistikası ilə tanış olduqca, gözlərimin qarşısında müəllifin Tanrının verdiyi istedadı, haqqa tapınan, sözə yüksək dəyər verən, onun məsuliyyətini dərk edən, zəhmətdən yoğrulmuş bir söz adamının obrazı, işıqlı siması canlanır. Tapdıq Əlibəylinin özü də, sözü də işıqdır, ziya saçır. Yaradıcılığı ilə tanış olduqca onun poeziyasının mövzuca zəngin və rəngarəng olduğunun şahidi olursan. Bir kiçik yazıda onun həm mövzu, həm məna, həm də forma etibarı ilə zəngin yaradıcılığı barədə bütöv fikir yürütmək imkanı məhdududur. Bununla bərabər hesab edirəm ki, Tapdıq Əlibəyliyə bir şair kimi dəyər vermək üçün onun sözə, sözün hikmətinə, dəyərinə həsr etdiyi şeirlərini oxumaq kifayət edər. Diqqət yetirək:

Cahana sığmayan Tanrı bəndəsi
İlahi şövq ilə Sözə sığındı.
Söz mülkünün əngin bəndi-bərəsi
Bir ovuc ürəyə necə yığıldı?…

Təbi-təbiəti sözlə dəyişən
Ümid işığında pərvanə olar.
Bəxtinə qismətdən şairlik düşən
Bircə söz üstündə “divanə” olar.

Doğurdan da onun şeirlərini oxuduqca aydın olur ki, “bircə söz üstündə” divanə” olanlardan biri də Tapdıq Əlibəylidir. Belə olmasaydı aşağıdakı misraları yaranmazdı:

Şairlər dünyanın söz divanəsi,
“Divan”ı üstündə qurulub divan…
Dərisi soyulub, ancaq haqq səsi
Susmayıb, ucalıb, susmaz heç zaman!..

Hörmətli Tapdıq Əlibəylini!

Arzu edirəm ki, divanınınız həmişə “Divani” üstə qurulsun, söz həmişə qəlbinizin hakimi, dilinizin bəzəyi olsun, həmişə haqq sözə tapınasınız.
SÖZə olan eşqiniz heç zaman tükənməsin. 65 illik yubileyiniz mübarək olsun!
Ramiz GÖYÜŞ,    
yazıçı-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin üzvü

Tapdıq Əlibəylinin yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

RUHUN ŞAD OLSUN İNQİLAB İSAQ

RUHUN ŞAD OLSUN İNQİLAB İSAQ
73-CÜ BAHARIN SƏNSİZ GƏL
“YUXULARA BÜKÜLMÜŞ RUHLAR”
(İnqilab İsaqın “Yuxuların şirin vaxtı”nda gəzişmələr)
Şair İnqilab İsaq “Yuxuların şirin vaxtı”nda özü ilə oxucu arasına səmimi poetik duyğular körpüsü salıb. Təməli, tağları söz olan körpülər əbədidir, heç vaxt zamanın rüzgarları qarşısında belini əymir.
“Yuxuların şirin vaxtı”ndakılar onun “yuxulara bükülmüş ruh”udur. Bu fikri şair mənə ərmağan etdiyi kitaba yazdığı avtoqrafında təsdiq və sübut edir. O, “sözünü sağlıqla yaşamaq üçün ömür köçürür misralarına” – bütöv, üzüağ, mənalı, yaradıcı, sağlam, uzun ömür. Hər misra, hər şeir yaşama enerji, motiv, ovqat verən bir andı, gündü, aydı, ildi. Bəli, mənalı ömür belə say-seçmə anların, illərin çoxluğudu. İnqilab müəllimin ömrünün illərini saymağa, sevib-seçməyə hacət yoxdu. Hər il özünəxasdı, yaddaqalandı, söz kimi mənalıdı, bir-birinə qol-qanad verə-verə, bir-birini tamamlaya-tamamlaya 7-ci onluğu adladı. Onun yaşamaq, yaratmaq, sözü mənalandıra-mənalandıra urvatlandırmaq həvəsi və sevgisi isə hər gün artmaqdadı. Bu, söz adamının bəxtəvərliyidi. İlahi söz, poetik axtarış, düşüncə gənclik, yaşamaq cövhəridi, sahibini və sözə vurğunları həmişəcavan, təravətli, sarı sim kimi həssas, duyğulu saxlayır. Ömrün günlərini saymağa macal vermir, yarada bilirsənsə, gəncsən, ruhun təzə-tərdi, yana-yana yaşayırsan, təkcə böyür-başını yox, uzaqları da işıqlandırırsan, sözün işığından doymayanlara mənəvi qida verirsən.
İnqilab İsaq və onun “düşüncələr vadisi”nə səyahətə apardığı söz inciləri axtaranlar “doğulandan davada”dırlar, – “kəlmə savaşında” axtarışlarda. Həmişə də özündən narazıdırlar – “mən öz taleyimin yanlış xəttiyəm”. Ancaq özündən narazıların bətnindən çıxanlar (qadın və ya kişi, bunun fərqi yoxdu) həqiqi oxucunun mənəvi qidasına çevrilir.
Şairə görə, “yaşa dolmaq, boşalmaq… bu da ömrün bir adı”dı. Belə ömür yaşamağı bacaranlar heç vaxt iç dünyasından işığa çıxan duyğularını cilovlaya bilməsələr də, dünyaya gətirəninə üzüqaralıq yaşatmazlar. Nə olsun ki, İnqilab müəllim özü özünə qadağa qoyur:

Bax, qiyamət vaxtıdı
Bacar çölə daşıma
Içindəki sirri sən…

Söz adamları içindəkiləri – “düşüncələr vadisi”ndəki mübhəm hisslərini çölə daşımasaydılar, bəşər övladı anormal doğulardı, duyğularının qanadları sınıq olardı, arzuları zirvəyə həsrət qalardı. Poeziya, uğurlu söz sözsevərlərin əbədi yaşam mühərrikidi, yanacağı heç vaxt tükənmir.
Əsl söz adamları möcüzədirlər – “bayquş bətnindən doğulmuş ən gözəl şeirlər”lə də bizi heyrətləndirirlər. Uğurlu sözü bayquş bətnindən xilas etmək də istedaddı. Axı söz “ağrıları sancı olsa da, şirin əzabdı, çəkməyə, yaşamağa dəyər.
“Baltaların qorxusu meşəni qurudan, dəryaları yalanlar udan” kəmfürsət zəmanədə baltalar söz yaradanlardan qorxsa (həqiqi və məcazi mənada), “yalanları həqiqətin əli ilə boğsa, ömür gülüstana, susuz dəryalar nəhəng ümmana dönər. Bu, sözün qüdrətidi. O qüdrətə qurban verər şair özünü:

Sözdümü de, – bağça-barım?
Çatmaz mənə urası da.
Yazdım, pozdum, boza çıxdı
Gözlərimin qarası da.

Şair qaranlığın qatı düşməni olduğundan zülmətə meydan oxuyur, işığa təşnəlilərə xəbərdarlıq edir – işıqsız ömür yaşamaq deyil:

Gecəni çöldə qoysan,
Nəfəs dər, keç içinə.
Göz də qırpma zülmətə
Yoxsa işıq keçinər.

İnqilab İsaq “söz əzabının yanında duran” işıqlı fikir keşikçisidi. O, bilir ki, biganələr onu axtarmasa da, sözə könül verənlər və “beş-on sətir sözü” onu yaşadacaq. O, “həqiqəti tanımaq” və tanıtmaq üçün özünü oda atmağa hazır pərvanədi. Həqiqətə canı fəda etməyə “Ənəl-həqq!” nidalı Nəsimi babamızdan öyrənmişik. Babalarin yolu ulu və şərəfli yoldu:

Sözümün yanıq yeri…
Yaltağa yumruq ola.
Bir udumluq nəfəsim –
Halal udumluq ola.

Yaşa, ömür bəxş elə…
Şirindil əzablara…

Kiridər bu dünyanı
Gözü yaşlı şeir günü…

Sözə tapınanlar Tanrının şanslı bəndələridi. Sevgilərini, könül çırpıntılarını bəyan etməyə Tanrı onlara üçqat fürsət verib – ürək, istedad və söz. Bu üç ilahi varlığın nüvəsində mənəviyyat dayanır. Ona görə də belələrinin duyğuları ürəkləri fəth edə bilir. İnqilab müəllimin “Yuxuların şirin vaxtı”ndakı “yuxulara bürünmüş ruhlar”ının pıçıltılarında – şeirlərində sevinclə ağrı bir-biri ilə qol-boyundu, doğmadı. Vətəni, torpağı, el-obanı sevmək və sevdirməklə yanaşı, söz yaradanlar hətta həzin və lirik təlatümləri ilə laqeydlərin ürəklərinin pasını, paxırını təmizləməlidirlər. Bu ali missiyadı.

Qara, borana baxma, bax,
Yüyür, torpağa, yüyür.
Dünya soyuq olsa da,
Örtmə, üstümü, örtmə –
Vətən yaman üşüyür…

Qanlı köynək qurumaz ki,
Bu Vətən çiçək olunca.

İnqilab İsaqın “canındakı ağrılar fərqli bir savaşa” köklənəndə “öz eşqində bitən şeirləri ağrılarına əlacdı”. O, sevimli ağrılarının zəhmətkeş bağbanıdı.

Ağrı – açılan çiçək
Sanma uzaqda barım.
Gördüm, əvvəl, son mənəm
Bir də unutduqlarım…

“Tanrı da əylənib olsaydı bəndə”, dərdlərin betəri olmazdı, məncə…
İnqilab müəllimin təxəyyülündə şeir “kəpənək gücündə”di. Dünyanın donmuş, piylənmiş daş ürəklilərini anlatmağa çalışır ki, dünyanı zəriflik xilas edəcək – qılıncdan, tüfəngdən, topdan, tankdan güclü zəriflik. Bunu isbat etmək üçün şair cəsarətlə dünyanı “debat”a, polemikaya çağırır:

Diz-dizə, üz-üzə fikir bölməyə –
Qapını açıq qoy, dünya, gəlirəm.

İnqilab müəllim həm də “əkinçi”di, kağıza qələmlə – söz xışı, kotanıyla toxum səpir, ürəyinin qanı, alnının təri ilə suvardığı, təxəyyülünün həniriylə cücərtdiyi hikmət toxumları dalğalanan sünbülə – mən dolu misralara dönəndə “gecəyə işıq çəkir, qəlblərə nur əkir, hər gecəni səhər” edir. Ona görə də “ömrü əkən əksə də”, söz adamını “bitirir qələm”. İstedadlı, xoş ovqatlı qələmin yetişdirdikləri istər insan olsun, istərsə də söz, taleyin qasırğalarına dəyanətlə sinə gərir, burulğanlarından mahir üzgüçü kimi çıxır. Bu da qələmin qüdrətidi. Məhz buna görə də

Qoy dincəlsin tufanlar
Yanıq versin sükuta.

Belə sərxoş dünyanın
Xoşu gəlməz oyaqdan.

“Gerçəyi pozanların çox, dərdi yazan qələmlərin az” olduğu günümüzdə qeyrətli qələmlərə heykəl qoyulmalıdı. Füzulinin, Nəsiminin, Hadinin, Sabirin, Cavidin, Bəxtiyarın qələmləri “qəfəs sevdaların gözətçisi” ola bilməzdi. O duyğulu ürəklərin işığında, o ürəkli qələmlərin bəyaz vərəqlərə tökdüyü “göz yaşları”ında – söz incilərində böyüdü poeziyamızın söz estafetinin davamçıları. İnqilab Isaq da “aldanma şair sözünə” deyib bəşəri sözlə, ilahi eşq və qəmlə sehirləyən Füzuli babamız kimi bizi də həqiqi sözə inandırmağa çalışır:

Mən də söz yalançısı –
Hərdən inan şeirə.

O, həm də münəccimdi, sozü yozandı:

Yuxunu mənə danış –
Səni şeirə yozum….

Şairə görə yaxşı şeir həm də cəsarət toxumudu, kim çox səpərsə, qorxaqlar azalar. Yorulmadan yazmaq lazımdı. “Ağıllı insanlar susduqca, axmaqların sayı artmağa başlayır” (Nelson Mandela):

Biçib tikdikcə sözü
Hər kəlmədən can çıxır.
Könül eşqə dönəndə
Ömür qorxudan çıxır…

Biz ki, daha xeyrə, şərə cavabdeh…
Qorxunu həmişə cəsurluq udur…

Sözə könül verənlərin, sözlə nəfəs alanların yaşamaq eşqi heç vaxt “arxayın günlər” görməyib. Dünyanın dərd-sərini yazmaq yaşamaq qədər məsuliyyətlidir. Bu ağır yükü kimsə daşımalıdı. Yaradan onu söz yükünü çəkə bilənlərin çiyninə qoyub. Taleyin “töhfə”sidir bu. Töhfə həmişə şirin olmur. Yox, əslində yaradıcılıq əzabı şirin töhfədi. Söz adamları Atlantdı, seçilmişlərdəndi. “Boynuna qılınc çəkiləndə də başını dik tutmağı bacaranlardandı”…
Sözün sehrinə düşənlərin bircə əndişəsi var:

Necə durulum, Tanrı,
Sözün üzünə çıxım?..

Sözün zəfəridi sözün üzünə çıxmaq!..
Zəfərlərə doğru, İnqilab İsaq!..

Müəllif:  VAQİF OSMANLI

araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist

VAQİF OSMANLININ YAZILARI

Azad Qaradərəlinin yazıları

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Babəklər yurdunun hürr övladıyam!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

VAQİF OSMANLI – OQTAY ELDƏGƏZ

AZADLIQ VƏ MÜSTƏQİLLİK MÜCAHİDİ OQTAY ELDƏGƏZ
(memuar-anım)

Azərbaycan Türklərinin nüvəsində gizli neytron və protonlar mövcuddur, günlərin birində onlar hərəkətə gəlib bu xalqa qurtuluş yolunu göstərəcək.
Oqtay Eldəgəz

Oqtay Eldəgəzi (Oqtay Kərim oğlu Rəfili; 11 mart 1934 – 16 may 2002, Əmircan (Xilə qəsəbəsi) çağdaş dövrümüzün gənclərinin bir qismi çox az tanıyır, bəlkə də, heç tanımır. Orta və yaşlı nəslin nümayəndələrindən adını eşidən varsa da, gördüyü işlərdən xəbəri olanlar, yəqin ki, azdır. Azərbaycan siyasətçilərinin bəziləri, hətta bir çox siyasi partiyaların sədrləri etiraf edirlər ki, belə ad və soyad eşitməmişik. Siyasətdə “külüng vuraraq” çörək əldə edənlərin unutqanlığı, laqeydliyi, siyasi səbatsızlığı, savadsızlığı, informasiyasızlığı, mütaliəyə, öyrənməyə biganəliyi təəccüb doğurur. Hər gün bar-bar bağıran saxta azadlıq, suverenlik, müstəqillik “aşiq”ləri əqidəsi, amalı, mübarizəsi ilə hamıya örnək olacaq Oqtay Eldəgəzi tanımırlarsa, nəyin uğrunda “mübarizə” apardıqlarının fərqindədirlərmi?
Nə yaxşı ki, Oqtay Eldəgəzlə (tanıyanların əksəriyyəti ona ƏFƏNDİM deyə müraciət edirdilər, çünki, o da müsahiblərinə onu tanıyıb tanımamağından asılı olmayaraq ƏFƏNDİM deyərdi) tez-tez ünsiyyətdə olmuşam, maraqlı söhbətlərini dinləmiş, qiymətli siyasi və ictimai həqiqətlər eşitmişəm.
Azadlıq və müstəqillik aşiqi, milli qürurumuzun, ana dilimizin qoruyucusu Oqtay Eldəgəz 68 illik mənalı, əzablı, keşməkeşli ömrünün son 10-15 illni sürgün olunmuş kimi Neft Daşlarında işləyirdi. Dəniz neftçilərini “Möcüzələr adası”na aparıb-gətirən gəmidə Əfəndi ilə yol yoldaşı olanda sevinərdik, gəminin salonunda ona yaxın oturacaqda əyləşmək üçün yer axtarardıq. Bilirdik ki, beş saatlıq bu yolçuluq hədər getməyəcək. Bu beş saat azadlıq, müstəqillik, Vətən, ana dili dərsləri olacaq. O qədər təvəzökar insan idi ki, özü barədə, gördüyü işlər haqqında heç vaxt danışmazdı.
Oqtay Əfəndinin söhbətinə müdaxilə etməkdən, fikir mübadiləsinə girişməkdənsə, daha çox onu diqqətlə dinləməyə üstünlük verənlərdən biri də mən idim.
Qeyd edim ki, Oqtay Eldəgəz bütün həyatı boyu Eldəgəzlər (Atabəylər) dövlətini tədqiq etmiş, Eldəgəz təxəllüsünü də ona görə götürmüşdü.
Əfəndinin Vətənimizin azadlığı, müstəqilliyi yolundakı cəsarətli mübarizəsi, haqsızlıqlara, ədalətsizliklərə sinə gərməyi onun sifət cizgilərində, əlllərində, barmaqlarında, dırnaqlarında aydın sezilirdi. Mənim gördüyüm vaxtlar onun 48-50 yaşı olmasına baxmayaraq (çəkisi də 50-55 kiloqram olardı), sözün həqiqi mənasında Oqtay Əfəndi ağsaqqal idi. Nəsiminin sözüylə desək, bu cahana sığmayan bu çəlimsiz bədəndə nəhəng cahanlar yerləşirdi.
Müəllim, filoloq, jurnalist, yazıçı, mətin siyasi xadim, neftçi ömrü yaşayan Oqtay Eldəgəz Azərbaycanın müstəqillik tarxində silinməz izlər qoymuş böyük Türkçü, Turançı idi. Hər söhbətində insanları maariflənməyə, milli mənliyini, mənsubiyyətini tanımağa, milli dəyərləri, mənəviyyatı qorumağa səsləyirdi. Onun fikirlərinə ağız büzən, yersiz atmacalar atan anlamazlara heç hislənməzdi. Elələrini “əfəndim, get işinlə məşğul ol, bu söhbətlər sənlik deyil” kinayəsi ilə mədəni şəkildə yola salardı. Danışığında heç vaxt yad sözlərdən istifadə etməzdi. Onunla həmsöhbət olanlara da bunu məsləhət görərdi, – ana dilimizi çirkləndirməyin, – deyərdi. Poeziyanı, xüsusilə qəzəl janrını, əruzu gözəl bilirdi.
XX əsrin sonlarında Oqtay müəllimin yazıları “Təzadlar” , “Azadlıq”, “7 gün”, “Şərq”, “168 saat”, “525-ci qəzet”, “Nəbz”, “Ədalət”, “Ulus”, “Müsavat” kimi qəzetlərdə tez-tez dərc edilirdi. 1997-ci ildə 414 nəfərlik oxucu sorğusunda o, ilin superulduz yazarı tituluna layiq görülmüşdü. Əfəndinin yazılarında oxucular dilimizdə işlənən bir çox başqa dillərdən keçmə sözlərin ana dilimizdəki qarşılığına rast gəlirdilər. Yazara görə:

cərrahiyyə əvəzinə yarçı,
oxucu əvəzinə oxuyar,
tərcümeyi-hal əvəzinə ömürçə,
qalstuk əvəzinə parama,
pivə əvəzinə buzə,
qəzet əvəzinə gündəc,
kilometr əvəzinə minar,
problem əvəzinə pürçə,
pasport əvəzinə başlaq,
nizamnamə əvəzinə yönətim
işlətmək daha doğrudur.
Şərəfli ömür yolu keçmiş Oqtay Eldəgəzin həyatının, fəaliyyətinin, bununla paralel azadlıq və müstəqillik tariximizin bəzi məqamlarını dəyərli oxuculara çatdırmağa çalışacağam.
İstər müstəqilliyin itirilməsi, Sovet dövrü olan qırğınlar, mövcud sərt rejim, istərsə də yuxarı vəzifələrdə qeyri millətlərin nümayəndələrinin olması, milli kimliyin və ana dilinin sıxışdırılması millətsevər, vətənsevər insanlara təsirsiz ötüşmürdü. 1941-ci ildə tələbə Süleyman İsgəndərovun rəhbərliyi ilə anti-sovet milliyyətçi qrup yaranmışdı. Bu qrup çox yaşamadı, aşkara çıxarılıb məhv edildi, fəalları güllələndi.
1943-cü ildə tanınmış yazıçı, Azərbaycanda mənsur şeirin banisi Gülhüseyn Hüseynoğlu və Hacı Zeynalovla birlikdə İsmixan Rəhimovun (1925-2004) başçılığı ilə yaradılan “İldırım” təşkilatı anti-sovet ruhda fəaliyyət göstərib təbliğat aparan ilk ciddi siyasi qurumlardan biri olub.
İctimai siyasi xadim Şıxəli Qurbanovun milli məsələlərdəki xidmətləri və qətiyyətli mövqeyi canı bahasına başa gəlsə də, heç vaxt unudulmayacaq.
1957-ci il mayın 28-də – Azərbaycan Xalq Cümhuriyyətin 39-cu ildönümü günündə Cahid Hilaloğlu və Çingiz Abdullayevin Qız qalasının üstündə üçrəngli bayrağımızı dalğalandırması milli hərəkatın işartısı sayılır.
1957-ci ildə Oqtay Eldəgəzlə böyük ziyalı, alim Xudu Məmmədovun tanış olması yeni siyasi təşkilatın yaranmasına təməl oldu. Bu iki vətənsevər və millətsevər insan tərəfindən milli mübarizənin şərti cizgiləri çəkilməyə başladı və nəticədə 1962-ci il dekabrın 27-də 95 nəfər milli ziyalını ətrafında birləşdirən “Milli Azadlıq Qərargahı” (MAQ) fəaliyyətə başladı. MAQ istər uğurlu kadr siyasəti dəyişikliyi, istərsə də Astara və Yardımlı payonları ərazisindən 5 min hektar torpaqlarımızın İrana verilməsinin qarşısının alınması ilə milliyyətçi hərəkatda iz qoyan ciddi siyasi qurum idi. N.S.Xruşşov həmin torpaqları İran şahı arvadı ilə Moskvaya səfərə gələndə onlara bağışlamaq istəyib. Vətənsevər azadlıq mücahidləri bunun qarşısını ala biliblər.
MAQ-ın sədri Oqtay Eldəgəz, birinci müavini Xudu Məmmədov seçilir. Eldəgəz 25 il MAQ-ın sədri olub.
Milli azadlıq və müstəqillik uğrunda mübarizlərin öncülü olan Oqtay Əfəndi 1958-ci il may ayında Sumqayıtda baş verən kütləvi mitinqlərin təşkilatçılarından biri idi. MAQ Sumqayıtdakı müxtəlif təşkilatlarda, idarə və müəssisələrdə, təhsil, səhiyyə qurumlarında kök salmış daşnak-hayk şovinistlərinin işdən çıxarılmasını təşkil edib, onların yerinə Oğuz Türklərinin təyin edilməsinə nail olub.
Oqtay Eldəgəz 1962 və 1976-cı illərdə DTK zirzəmisində üst-üstə 5 il 2 ay həbsdə olanda azadlıq mücahidinin səhhəti pisləşib. Bu onun yerişində hiss olunurdu. Həbsdə olanda əl və ayaq dırnaqlarını itirib.
O.Eldəgəzin rəhbərlik etdiyi MAQ-ın üzvləri:
1. Xudu Məmmədov – birinci müavin,
2. Yusif Məmmədəliyev – akademik, elmi məsələlər üzrə müavin,
3. Əlisöhbət Sumbatzadə – akademik,
4. Sadıq Rəhimov – 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri,
5. Hüseyn Arif – şair,
6. Əsədulla Qurbanov – professor,
7. Bəxtiyar Vahabzadə – xalq şairi,
8. Yusif Vəliyev – xalq artisti,
9. Rüstəm Səfərəliyev – dövlət xadimi,
10. Bəxtiyar Məmmədov – məşhur neftçi.
MAQ adını xalq şairi Osman Sarıvəlli təklif edib.
Milli azadlıq hərəkatında önəmli yeri olan Əbülfəz Elçibəyin zindandan azadlığa buraxılması üçün 249550 imza toplayan Oqtay Eldəgəz və onun azadlıqsevər dostları 1975-ci iln yanvarında buna nail olurlar.
O vaxtlar Oqtay Eldəgəzi milli mason lider adlandırırdılar.
Azadlıq mücahidinin ömür-gün yoldaşı, Əfəndi xəstə olarkən onun diqtəsi ilə son yazılarını ağ kağıza köçürən Rəfiqə xanımı narahat edən suallar:
1. Axı niyə 1957-ci ildən başlayan və tərkibində 95 ziyalısı olan MAQ-ın fəaliyyəti dövlət və demokratik düşərgə tərəfindən anılmır?
2. Nəyə görə MAQ tarixi lazımi səviyyədə təqdim olunmur?
3. Nəyə görə Oqtay Eldəgəzin adı M.Ə.Rəsulzadənin davamçısı kimi çəkilmir?
Rəfiqə xanımın bu suallarına cavab tapmaq asan deyil…
Oqtay Eldəgəz ömrünün sonuna kimi ictimai gerçəkliyin türkəşməsi yolundan sapmayaraq milli oyanış və milli istiqlal amallarımıza təkrarsız xidmət göstərən böyük türkçü idi…11.03.2018

Müəllif:  VAQİF OSMANLI

araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist

VAQİF OSMANLININ YAZILARI

Azad Qaradərəlinin yazıları

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

ERNEST HEMENQUEY

Şəkildə: Hemenrueyin son fotolarından

“Sevdiyim yazıçılar” silsiləsindən

              ERNEST HEMENQUEY
"Все,что писатель имеет сказать людям, он должен не говорить, а писать".
         Hemenrueyin Nobel nitqindən

Ernest Hemenquey 61 il ömür yaşayıb.Hər biri şedevr olan əsərlər yazıb: “Əlvida silah”, “Əcəl zəngi”‘, “Qoca və dəniz”…Məcara dolu bir həyat yaşayıb.18 yaşında Amerika Qırmızı xaç cəmiyyənin tərkibində İtaliyaya; İtaliya-Avstriya cəbhəsinə gedib.Orada ayağından ağır yaralanıb.3 ay Milan rospitalında müalicə olunub.İspaniya müharibəsində iştirak edib.Cəbhənin qaynar xəttindən,elə səngırdəcə qəzetlər üçün məqalələr yazıb…Korrido döyüşlərinin vurğunu olub,bu təhlükəli döyüşlərdə hətta motodor kimi də iştirak edib.Balıq ovu həvəskarı olub.Yaşadığı dəniz sahilində,balıq ovu üçün yaxta da alıb.Bəzən balıq ovuna görə günlərlə dənizdə qalıb.Öz adına olan balıq ovu yarışında,Kuba lideri Fidel Kastro ilə birlikdə iştirak edib.Bir neçə dəfə avtomobil,hətta təyyarə qəzasına da düşüb.Boksla maraqlanıb,boks yarışlarında iştirak edib.Afrikaya səfərlər edib- qara qitədə aylarla davam edən şir ovu ilə məşgul olub.İçgini sevib,hətta aludəçisi də olub.Hələ sağlığında bütün dünyada sevilən və oxunan yazıçı kimi böyük nüfuz qazanıb.1954- cü ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.. Amma mükafatın təqdim olunması mərasiminə- Stakholma getməyib.Dəfələrlə xəstələnsı də ( hətta ağır xəstəliklər) heç vaxt ümidini üzməyib.Əsərlərinin qəhrəmanları kimi,heç vaxt,heç bir cətinliyə təslim olmayıb.Amma axırıncı xəstəliyi dəhşətli oldu…1960- və ildə psixoloji sarsıntıdan depresiyaya düşür.Xəstəliyi o qədər şiddətli olur ki,dünyanın ən ilhamlı,ən qorxmaz,ən inadkar yazıçısı sevdiyi peşə ilə-yazıçılıqla məşğul ola bilmir.Əslindı yazırdı,amma ürəyindəki fikirləri əvvəllərdə olduğu kimi istədiyi şəkildə ifadə edə bilmirdi.Ürəyi ilə ruhu arasındakı əlaqə artıq məhv olmuşdu.Hemenquey öləzıməkdə olan düşüncəsi ilə başa düşürdü ki,o,əsl ömtünü- özünün istədiyi çılğın,təlatümlü,yaradıcılıq şövqü ilə açıb- daşan ömrünü artıq tam olaraq yaşayıb,sona çatdırıb.Müalicə ilə bəlkə də daha bir neçə il yaşaya bilərdi amma…Hemenquey hissiyyatsız,həyəcansız,sevgisiz,əgər belə demək təbiri caizsə,zədələnmiş ruhla yaşanacaq ömrü qəbul etmədi.Hemenquey 61 illik ömürlə kifayətləndi.Və 1899 cü ilin 21 iyulunda anadan olan Hemenquey,1961-ci ilin 2 iyununda yaşadığı evində,ona atasından qalmış ov tüfəngi ilə (atası da həmin tüfənglə intihar etmişdi) özünü vurub intihar etdi.
Hemenrueyin təlatümlər içərisində keçən ömrü,elə təlatümlər içərisində də sona çatdı.
Ürəyi necə istədisə,elə də yaşadı və öldü.
Yüz ildən artıqdır ki, onun kitabları maraqla oxunur,yüz illər sonra da ( mənasız müharibələr dünyanı məhv etməsə) maraqla oxunacaq.
Çünki nəyi düşübsə düşündüklərini yazıb, həmişə ürəyinin səsinə qulaq asıb.

Müəllif və mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"