SƏDAQƏT KƏRİMOVANIN DOĞUM GÜNÜNƏ

SƏDAQƏT KƏRİMOVANIN DOĞUM GÜNÜNƏ
Həyatda ruhuna yaxın, doğma sandığın elə insanlar olur ki, aylarla, illərlə görüşmürsən, amma onun yaşadığı barlı-bəhrəli möhtəşəm ömründən xəbərdar olunca fərəhlənirsən.

Bir də o insan ictimai, ədəbi mühitdə özünün imzası, şəxsiyyəti ilə varsa, demək, hər vaxt onu görə bilirsən… İndiki zamanda sosial şəbəkə hər şeyi əlçatan edib. Bir şərtlə: özün də o mühitin içində az-çox görünə bilirsənsə, kiminləsə əqidə yaxınlığı sizi birləşdirə bilər…
Mətləbə uzaqdan ayaq qoysam da əslində sözümün canına nəfəs qədər yaxınam…

Bu gün tanınmış yazıçı, publisist, şair, tərcüməçi, ssenarist, rejissor… hər zaman qəlbimə, ruhuma yaxın bildiyim Sədaqət Kərimovanın doğum günüdür. Yeni yaşın mübarək olsun, əzizim!


Sədaqət Kərimova ilə tanışlığımızın nə az, nə çox, 55 illik tarixi var. İkimiz də BDU-nun Jurnalistika fakültəsində (iki il fərqlə) təhsil almışıq. Tələbəlik çağlarından bu günə qədər yaxından, uzaqdan bir-birimizin ədəbi taleyindən məlumatlıyıq.

Yazıçının yaradıcılıq diapazonu o qədər geniş və çoxşaxəlidir ki, ona yaxşı mənada qibtə etməmək mümkün deyil. Sədaqət Kərimova 40-dan çox müxtəlif növ və çeşiddə kitabların müəllifidir.

Bəlkə də qələm sahiblərinin içərisində mənim tanıdığım yeganə müəllifdir ki, kimsədən heç nə ummadan, mükafatlar arxasınca sürünmədən, qapılar döymədən, özünün təmiz dünyasına çəkilib, uşaqlar, yeniyetmə və gənclər üçün biri digərindən maraqlı romanlar, poetik əsərlər, ssenarilər yazır, Ən başlıcası da yaradıcılığının mərkəzində insan amili, onun həyatı, mübarizəsi dayanır. Vətənçilik, yurdsevərlik, insanpərvərlik əsərlərinin aparıcı xəttini təşkil edir. Sədaqət Kərimova bütün ictimai şüuru ilə Ədəbiyyat Adamıdır.

Sözün bu məqamında xatırladım ki, Sədaqət xanım əsərlərini üç dildə – Azərbaycan, rus və ləzgi dilində yazır.

Əzizim Sədaqət, dünyaya gəlişin mübarək olsun! Sənə uzun illər sağlam həyat, sönməyən yaradıcılıq eşqilə dopdolu bir ömür yaşamağını arzulayıram. Səsinin, sözünün intizarındayıq…

P.S. Bilmirəm, bunlar yeni yaşınla bağlı sənə təbrik sözüm oldu, yoxsa səni çoxumuzdan fərqləndirən bəzi amilləri burda bölüşüb-paylaşmaq… məncə hər ikisi də…

Müəllif: Şəfəq Nasir

Şəfəq Nasiirin digər yazıları

SƏDAQƏT KƏRİMOVANIN YAZILARI

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir