Aktau şəhərinin 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə Türk dünyasının mədəniyyət təşkilatlarının rəhbərləri Aktauda toplaşıblar. Möhtəşəm mərasim Qazaxıstan Prezidentinin tədbir iştirakçılarına ünvanladığı müraciətlə başlayıb, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balaeva çıxış edərək Prezident Kasım-Jomart Tokayevin adından ünvanlanmış təbrik məktubunu səsləndirib. Tədbirin təşkilatçıları qismində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk MədəniyyətiQazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi, eləcə də Manqıstau vilayəti və Aktau şəhəri akimliyi çıxış ediblər. Qeyd edək ki, Aktau şəhəri 2025-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtı statusunu 2024-cü ilin noyabrında Türkmənistanın Anau şəhərindən təhvil alıb. “Paytaxtın Şuşa, Anau, Aktau olmasından asılı olmayaraq bizim missiyamız türk xalqlarının mədəni cəhətdən yaxınlaşmasına xidmət etməkdir, – deyən TÜRKSOY-un baş katibi, Qırğızıstanın xalq yazıçısı Sultan Rayev yazarlar.az əməkdaşımıza açıqlamasında təşkilatın prioritetlərindən, Azərbaycanda həyata keçirdiyi təşəbbüslərdən və planlarından danışıb. Son 30 ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türk xalqları arasında mədəni əlaqələrin möhkəmləndirilməsində, ortaq tarixi irsin qorunub saxlanılmasında, incəsənətin inkişafında və vahid mədəniyyət məkanının formalaşmasında mühüm rol oynayıb. Baş katib vurğulayıb ki, TÜRKSOY-un əsas missiyalarından biri türk ölkələrinin mədəniyyət sahəsində inteqrasiya, yaxınlaşma və əməkdaşlıq yolu ilə birləşməsidir. TÜRKSOY son 30 ildə bu istiqamətdə fəal iş apararaq həqiqətən də Türk dünyasını birləşdirən, mədəniyyətimizin qorunub saxlanması və təbliği ilə məşğul olan təşkilata çevrilib. TÜRKSOY-un Azərbaycanla bağlı mədəni təşəbbüslərindən danışan Baş katib bildirib ki, son üç il ərzində Azərbaycanda bir çox əlamətdar tədbirlər keçirmişik. Bu istiqamətdə mədəni-humanitar forumlar, media forumları və mədəniyyət məsələlərinə həsr olunmuş tədbirlər xüsusi əhəmiyyət kəsb edir. O qeyd edib ki, Azərbaycanda həm də bir sıra teatr festivalları təşkil etmişik. Bizim ilk teatr festivalımız məhz Azərbaycanda baş tutdu, daha sonra isə kino festivalı keçirildi. Ənənəvi Xarıbülbül festivalında hər il Türk dünyasının sənətçiləri fəal iştirak edirlər – bu, bizim sevimli festivalımızdır. Biz mütəmadi olaraq Şuşada keçirilən bütün tədbirlərdə iştirak edirik. Bundan başqa Azərbaycanda Türk dünyasının tanınmış rəssamlarının sərgisi təşkil edirik. TÜRKSOY-un ədəbi layihələrindən, türk xalqlarının ədəbi irsinin qorunub saxlanılması və təbliği ilə bağlı planlarından danışan Sultan Rayev diqqətə çatdırıb ki, biz Azərbaycan yazıçılarının əsərlərinin başqa dillərə bədii tərcüməsi ilə fəal məşğul oluruq. Bu il Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyini qeyd edirik və bu dahi şairin şeirlərini Türk dünyasının bütün dillərinə tərcümə edirik. Onun yaradıcılığı bütün Türk dünyasının sərvətinə çevrilməlidir. Aprel ayında Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək, bu günlər çərçivəsində biz Bəxtiyar Vahabzadənin qırğız dilində kitabını təqdim edəcəyik. 2025-ci ildə Aktau şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı olmasından danışan Baş katib vurğulayıb ki, 2026-cı ildə Özbəkistanın şəhərlərindən biri Türk dünyasının növbəti mədəniyyət paytaxtı elan olunacaq. 2023-cü ildə bu status Şuşaya məxsus olub, ondan sonra isə Türkmənistanın Anau şəhərinə verilib. Yaxın vaxtlarda TÜRKSOY-un təşkilatçılığı ilə Azərbaycanda Türk dünyasının ilk cizgi filmləri festivalını keçirməyi planlaşdırdığını bildirən Baş katib hazırda bu tədbirə fəal hazırlıq getdiyindən söhbət açıb. Sultan Rayev xüsusi vurğulayıb ki, animasiya incəsənətin çox yaradıcı və müasir istiqamətidir və biz bunu Türk mədəniyyət məkanı çərçivəsində inkişaf etdirməkdən çox şadıq. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə müştərək görülən işlərin müsbət nəticələrini diqqətə çatdıran Baş katib ümumilikdə ilin sonuna kimi Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ondan çox proqram keçiriləcəyini bildirib. Sultan Rayev mətbuata açıqlamasında hal-hazırda Azərbaycanda Mahmud Kaşqari adına Beynəlxalq Fondla yaxından əməkdaşlıq etdiklərindən məmnuniyyətini dilə gətirib. Kaşğarinin ana vətəninin İssık-kul gölünün sahilində Barskan şəhəri olduğunu bildirən Sultan Rayev məhz Kaşğarinin adını daşıyan Fondla əməkdaşlığın onun üçün həm simvolik, həm də mənəvi dəyəri olduğundan söz açıb. O bildirib ki, məhz bu gün – aprelin 7-də Qazaxıstanın Milli Universitetində Mahmud Kaşğari Barsqaniyə və Əl-Fərabiyə həsr olunmuş beynəlxalq konfrans keçirilir. Kaşğari Fondunun rəhbərliyi də bu konfransda geniş məruzə ilə iştirak edir. O bildirib ki, Kaşğari Fondu rəhbərliyinin TÜRKSOY-un gördüyü işləri yüksək qiymətləndirməsi, AMEA Elmi Şurasında bizim müştərək fəaliyyətimizdə səmərəli tərəfdaşlığı, şəxsimə böyük ehtiramla “fəxri professor” təltifi ilə bağlı təşəbbüsdə bulunmaları bizləri əlahiddə məmnun edib və bu xeyirxah düşüncələr görəcəyimiz işlərdə bizi daha məhsuldar işləməyə sövq edib. Baş katib vurğulayıb ki, Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin milli təəssübkeşliyi və təşəbbüskar fəaliyyəti, rəhbərlik etdiyi yaradıcı kollektivin məsuliyyətli iş birliyi bizim birgə icra edəcəyimiz mədəniyyət layihələrinin, akademik nəşrlərin həyata keçirilməsi üçün böyük imkanlar yaradır. Fondun oxuculara yenicə təqdim edilən Virtual kitabxanasında görmə imkanları məhdud olan insanların mütaliəsinə dəstək məqsədilə yaradılan “danışan kitab” projesinin, kitabxanada oxuculara səsli təqdim olunan audio kitabların təkcə sosial layihə deyil, insani keyfiyyət üstünlüyünü vurğulayan Baş katib bu cür ali vətəndaşlıq borcunu kütləviləşdirməyi digər kitabxana və ictimai birliklərə də tövsiyə edib. “Müşahidələrimdən çıxış edərək əminliyimi ifadə etmək istəyirəm ki, Cavanşir Feyziyevin başqanlığında Kaşqari Fondu çox yaxın gələcəkdə öz loqosunu Türk mədəniyyəti aləmində brendə çevirəcəkdir”, – deyə Sultan Rayev əlavə edib. TÜRKSOY bütün türk dünyasının beynəlxalq səviyyəli ortaq mədəniyyət evidir. Ötən dövrdə böyük inkişaf yolu keçən TÜRKSOY bu günümüzə kimi tarixi nailiyyətlərə imza atdığı kimi hesab edirəm ki, yeni-yeni layihələri reallaşdırmaqla bütün türk dünyasının ortaq etimadını bundan sonra da doğruldacaqdır” – deyə Sultan Rayev fikirlərini yekunlaşdırıb.
Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunda Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Elmi sessiyada akademik Teymur Kərimlinin, professor Esmira Fuadın, ədəbiyyatşünas alim Qiymət Məhərrəmlinin xalq şairinin yaradıcılığına həsr olunmuş məruzələri dinlənilib. Bəxtiyar Vahabzadənin ailə üzvü Rəna Rzayeva çıxış edərək ailəsi və doğmaları adından tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirib. Milli Məclisin deputatı Cavanşir Feyziyev Türk dünyasının İstiqlal şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ərəfəsində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Deputat bildirib ki, məhz bu elmi sessiyanın keçirildiyi elm məbədi Məhəmməd Füzulinin adını daşıdığı üçün biz də bu günkü məruzəmizi rəmzi olaraq “Bəxtiyar Vahabzadə yaradıcılığında Füzulinin bədii obrazı”na həsr etmişik. Cavanşir Feyziyev: “Şəbi – hicran” Bəxtiyar Vahabzadənin qəlbindən Füzuli dünyasına gedən bədii yoldur…” Çağdaş Azərbaycan ədəbiyyatı zəngin və çoxəsrlik tarixi kökləri olan mənəvi qaynaqlar üzərində bərqərar olmaqdadır. Bu mənada, Məhəmməd Füzuli mənəvi fikir tariximizin məhvərində dayanan və yüzillərdir qələminin işığı söz dünyamızı rövnəqləndirən poetik dühalardandır. Yaşadığı dönəmdən 5 əsrdən çox zaman keçməsinə baxmayaraq bu gün çağdaş Azərbaycan ədəbiyyatında, o cümlədən qardaş türkdilli ədəbiyyatlarda Füzuli yaradıcılığından bəhrələnmələrə geniş rast gəlinir. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə də Füzuli sözünün sehrində yazıb-yaradan, öz mənəvi dünyasında və əsərlərində Füzuli ruhunu yaşadan aydın məfkurə adamlarındandır. Milli mədəniyyət, milli əxlaq və milli mənəviyyatımıza son dərəcə sadiq qalan Bəxtiyar Vahabzadə müdrikliyində Dədə Qorquda, monumental epik təsvirlərində Nizamiyə, incə, hüznlü lirikasında Füzuliyə, dünyanın ilahi mahiyyətinə varmasında, müqəddəs hissləri dilləndirməsində Nəsimiyə, Sözü Fatehlik qüdrətinə çatdırmasında Şah İsmayıl Xətaiyə, varlığımızı didən cəhalətə, idraksızlığa qarşı üsyan etməsində Mirzə Fətəli Axundzadəyə, Mirzə Ələkbər Sabirə, Cəlil Məmmədquluzadəyə, romantik duyğuların qanadlandırılmasında Hüseyn Cavidə, Məhəmməd Hadiyə, milli ideologiyanın poetik-fəlsəfi laylarını açmasında Əli bəy Hüseynzadəyə, Məhəmməd Əmin Rəsulzadəyə, mənəviyyatımızı musiqi ladlarında duymasında və publisistik kəsərində Üzeyir bəy Hacıbəyliyə, Vətən torpağının ülviyyətini real cizgilərlə canlandırmasında Səməd Vurğuna bənzəyir. Amma, əlbəttə ki, bütün bunlarla yanaşı, Bəxtiyar Vahabzadə hər yerdə özüdür və öz Sözünün Ustadıdır. “Şəbi-hicran” poemasında dahi ustadı Füzulinin sözə olan heyranlığının yeni çalarlarını qələmə alan Bəxtiyar Vahabzadə həm də bu ilahi heyranlıqdan Füzulinin özünə də müstəsna dərəcədə böyük pay ayırırdı. Bəxtiyar Vahabzadə Mövlananın Şəms Təbriziyə olan ilahi bağlılığı qədər Füzuliyə bağlıydı, onun heyranıydı. Sənətin hansı gizlininə baş vururdusa, qarşısında Füzulini görürdü və bu düşüncələri şeirin ölməz dili ilə belə ifadə edirdi:
Qəvvas olub o dəryada mən çox üzmək istədim, Batdım bircə damlasında, damlası da dərindi.
Və yaxud: Dərk etmədim hikmətini, can heyrətdən uçundu… Bu, Bəxtiyar Vahabzadənin Füzuli dühasına olan heyranlığının bədii ifadəsi idi. Ədibin Füzuli haqqında publisistik müstəvidə söylədikləri də bədii şəkildə dediklərini addım-addım izləməkdədir: “İnsanlığın yönünü Tanrıya çevirən Füzulinin səsi bütün zamanları dəlib keçir, bizi həqiqətə, sədaqətə, ədalətə, böyüklüyə, ülviliyə və yüksəkliyə səsləyir. O, bizimlə bərabər yaşayır… Şairlər var ki, biz onları bəyənirik. Şairlər var ki, biz onları sevirik, şairlər də var ki, biz onların sənəti qarşısında sükut edir, onun sehrinə düşürük. Füzulinin özü demişkən: “Sürəti-halın görən surət xəyal eylər məni”. Beləliklə, Füzuli şeirinə, Füzuli xatirəsinə ən böyük hörmət, bizim heyrətimiz və bu heyrətdən doğan sükutumuzdur” (Bəxtiyar Vahabzadə, M.Füzulinin 500 illik yubileyindəki çıxışından, (Türkiyənin Bilkənd Universiteti), Zaman və Mən, Bakı-1999, səh. 225). Həm Füzuli, həm də Bəxtiyar Vahabzadə üçün poeziya, ümumiyyətlə, sənət aləmi eşqin təranəsi, insan düşüncəsinin uçuş mərkəzi kimi dəyərli idi. Bu münasibət Bəxtiyar Vahabzadənin “Şəbi-hicran” poemasının “Can yanğısı” fəslində yetərincə mükəmməl şəkildə öz ifadəsini tapmışdır: Biri deyir: Həyatın hüsnü, süsüdür sənət Biri deyir ürəyin döyüntüsüdür sənət. Biri deyir ki, sənət təbiətin səsidir, Biri deyir ki, sənət eşqin təranəsidir. Biri deyir ki, sənət hər şeydən öncəsidir, …Biri deyir ki, sənət insan düşüncəsini, Fikrini, xəyalını uçurur göylərə. Əsərin əsas surətlərindən biri olan Əbdül Kərimin dedikləri isə əslində, böyük müdriklərin – ilk növbədə Füzulinin və Bəxtiyar Vahabzadənin öz münasibətini ifadə edir. Sənət dəryaya bənzər, Onun min bir halı var Onun sirlərlə dolu öz cahi-cəlalı var. Kiminin bu dəryada gördüyü çör-çöp olur, Kimi də dibindəki incilərə vurulur. Məncə, can yanğısıdır şeir, sənət əzəldən… Poemanın başqa bir səhnəsində Leyla ilə Məhəmmədin qarşılıqlı söhbəti əsasında sənətə, sənətkara olan müanasibətini Füzuliyanə bir tərənnümlə Bəxtiyar belə ifadə edir:
Yanırsan, əzizim, alış, yan yenə, Sənət dediyin də yanar çıraqdır. Elin kədərinə, elin qəminə, Sən də yanmayanda, kim yanacaqdır? Bəxtiyar Vahabzadə ustadı Füzuliyə xas müdrikliklə sənətkarı yanan şama, çırağa bənzədir. Eyni zamanda, fərqinə varır ki, Füzulinin, bir növ özünün prototipi kimi yaratdığı Məcnunun özü də əbədi, sönməz bir eşq çırağıdır. Onun şölələri milyonların könlünə eşq şəfqəti əta edir. Buna görə də Bəxtiyar Vahabzadə “Heyrət, ey büt!” məqaləsi boyunca dahi şairin sənətkarlıq məziyyətlərinə bu yöndən nəzər salmağı vacib bilirdi: “Füzulinin tərənnüm etdiyi eşqin özü böyükdür. Bu eşq insanı fədakarlığa çağıran, onu daxilən böyüdən, mənən yüksəldən, qəhrəmanlıq dərəcəsinə ucaldan eşqdir. Füzuli nə üçün Məcnunun tablosunu cızdı? Məcnun nəyin dəlisidir? Məcnun idrak Məcnunudur, hər şeyi dərk etmək, hər şeyin mahiyyətinə, cövhərinə varmaq ehtirasının timsalıdı… Məcnun cəmiyyətin məhdud qayda və qanunlarına qarşı idrakın üsyanıdır… Bir sözlə, Füzuli böyük təbiətli, böyük idraklı cəmiyyətin fövqünə ucalmış əfsanəvi Məcnun obrazında özünü, öz mənəviyyatını tapmışdır. Məcnunu Füzuliyə sevdirən ondakı üstünlük, ondakı böyüklük və yüksəklik idi. Bəxtiyar Vahabzadə M.Füzulini “sözlərində nəfəs alan, fikirlərində yaşayan, duyğularında fəryad çəkən insanlar insanı, şairlər şairi, ariflər arifi” kimi qəbul edir, xüsusi bir duyğusallıqla onun havasına uçunur və bu barədə olan fikirlərini belə ifadə edirdi: “Füzuli tədqiqatçılarından hər biri onun böyüklüyünü bir cəhətdən görmüşlər. Mən isə onun böyüklüyünü ilk növbədə dilinin sehri ilə dünyadakı böyük türk xalqlarını birləşdirməsində, bu çırağın ətrafında toplaya bilməsində görürəm. Kim iddia edə bilər ki, Füzuli yalnız azəri türklərinin şairidir? Yox! O, həm azəri, həm türkmən, həm Kərkük, həm özbək, həm də Türkiyə türklərinin dahisidir. Bir sözlə, Füzuli türk xalqlarının kökü, bizsə onun qolları, budaqlarıyıq”. (Bəxtiyar Vahabzadə, “Mənəviyyat bayrağı”, “Ədəbiyyat qəzeti”, 17 fevral 1995). Bəxtiyar Vahabzadə Füzulinin böyüklüyünü hər şeydən əvvəl dilinin sehrində görürdü və bu həm də Füzulinin ruhunun sehriydi. Dahi şairin dünyadakı bütün türk xalqlarının böyük sənətkarı olması onun ruhundan, ruhən Türk dünyasına yaxın, doğma olmasından qaynaqlanırdı. Onun bənzərsiz üslubu, poetik dili bu ruh birliyinin təcəlli etdiyi həqiqətdən qidalanırdı. Dilə, milli ruha, milli kökə bağlılıq həm də Bəxtiyar Vahabzadənin özünün böyüklüyündən intişar tapırdı. Bəxtiyar Vahabzadə sovetlər dönəminin ən kəsərli çağlarında belə sistemli, dayanıqlı şəkildə doğma ana dili mücadiləsi aparmış, öz ana dilinə biganə, yad olanları birmənalı şəkildə qınağa tutmuşdur. O, məşhur “Ana dili” şeirində öz dilinə xor baxan rusbaşlı “obrozovon”lara qarşı qəzəbini gizlətmir və “qoy bütün vəzifə, kreslo hərisliyindən irəli gələn bədxahlığınıza ananızın verdiyi süd qənim olsun, əvəzində bu yurdun “Segah”ı, “Rast”ı, “Şahnaz”ı, doğma dili mənim olsun” yazırdı. Bu, onun milli kökə, milli kimliyə bağlı olan qəlbinin, vicdanının səsiydi. Bəxtiyar Vahabzadəni doğma ana dilinə böyük eşqi, qədirbilənliyi, vətəndaşlıq qayəsi bağlayırdı. O, doğma dilinin aşiqi, məcnunu idi. Öz doğma dilinə məcnunanə bir sevgi bəsləyirdi. Və heç də təsadüfi deyildi ki, “Şəbi-hicran” poemasında dönə-dönə bəyan edir, ürək ağrısı ilə vurğulayırdı: “Bu qəmdir ki, millətin qəlbinə də, eşqinə də, ruhuna da qəsd edirlər, ay aman”… Bu, eyni zamanda Füzulinin harayı, qəlbinin səsi idi.“Şəbi-hicran” poemasında ancaq “sərvəti deyil, ürəyi də parçalanan” bir məmləkətin, xalqın taleyi sanki həm Füzulinin, həm də Bəxtiyar Vahabzadənin dilindən, yaşamından belə ifadə olunurdu: Arzusunu, eşqini O, tapmadı həyatda. Həyata güldüyündən Ağlatdı zülüm-zülüm Füzulini həyat da!..
Burda böyük dərdimiz yadıma düşdü mənim, Hələ birlik görməmiş mənim böyük vətənim. Qəsbkarlar əlində didildi, parçalandı, Ancaq sərvəti deyil, ürəyi də talandı. Sərvət getsə qəm deyil, Sərvət gələr yenə də. Bu qəmdir ki, millətin Qəlbinə, eşqinə də, Dilinə, ruhuna da Qəsb edələr, ay aman! Ələmlərin, dərdlərin Hamısından bu yaman! Bəxtiyar Vahabzadə öz böyük ustadı Füzuli kimi, bu milli faciə və dərdlərin ilk növbədə dövrün, zamanın xarakterindən irəli gəldiyini bəyan edirdi. Füzulinin də ən böyük gileyi, tənqid hədəfi zəmanədən idi. Zəmanədən şikayət ilk növbədə Füzulinin “Şikayətnamə” əsərinin meydana gəlməsinə zəmin yaradırdı. Öz növbəsində Bəxtiyar Vahabzadənin “Şikayətnamə”si “Gülüstan”, “Şəbi-hicran” idi. Həm Füzulinin, həm də Bəxtiyar Vahabzadənin əsərləri öz zəmanələrinin manqurt təfəkkürünə üsyan faktları, lövhələri kimi qəbul edilirdi və Füzulinin “Şikayətnamə”si Bəxtiyar Vahabzadənin “Gülüstan”ı, “Şəbi-hicran”ı ilə tamamlanırdı: Hərəsi bir diyarda qalan qardaş-bacılar, Füzulinin şeirilə tanıdı bir-birini. O çatdırdı qardaşa qardaşın əllərini. Könüllərə bir ümid, Nəşə verdi Füzuli Parçalanmış milləti Birləşdirdi Füzuli. Dərin minnətdarlıq hissi ilə qeyd etməliyik ki, Füzulinin XVI yüzildə gerçəkləşdirməyə çalışdığı kimi, XX yüzilin totalitar sovet basqıları altında eyni birləşdirici, oyadıcı, səfərbəredici missiyanı Bəxtiyar Vahabzadə fenomeni cəmiyyətimiz üçün yerinə yetirdi, millətin böyük dərdini çiyinlərində ləyaqətlə daşıdı, hər misrasında, hər beytində ikiyə bölünmüş doğma Azərbaycanımızın azad olmaq, birləşib bir olmaq ideyasını ifadə etdi və bu məqamda həmişə Füzuli ruhən, fikrən onun yanında oldu. Ona mənəvi dəstək verdi. Parçalanmış milləti birləşdirmək istəyinə güc qatdı. Füzuli dilinin sehrli, qüdrətli varlığı ilə yaratdığı “Gülüstan”ı, “Şəbi-hicran”ı ilə Bəxtiyar Vahabzadə böyük Türk dünyasını milli birliyə, bütövlüyə səslədi. Bütün bu dillər əzbəri olan əsərləri o, ilk növbədə Füzulinin ana laylasına bənzər poeziyasının həmrəyliyi, həmdərdliyi hücrəsinə etiqad və zikr edə-edə yaratdı, böyük ustadının poetik irsi barəsində həmişə xüsusi iftixar hissi ilə söz açdı: “Ana laylasına bənzər bu misralardakı dilin sehri dünyanın o başında yaşayan bir türklə, bu başında yaşayan türkü eyni kökə qovuşdurur, bir-birinə tapındırır. Budur, Füzuli şerinin tilsimi, böyüklüyü və qüdrəti” – deyən Bəxtiyar Vahabzadə bütün yaradıcılığı boyunca Füzuli irsinə mənən sədaqətini sərgiləmiş oldu. Qapadı gözlərini yana-yana Füzuli Zülmündən usandığı bu cahana Füzuli… Bütün bu misralarda o, həm də Füzuli obrazını əbədiləşdirir. “Şəbi-hicran” poemasında Türk dünyasının Bəxtiyarı türkün ulu ruhunun tərcümanı Füzulinin bədii-estetik doğuluşunu qələmə alır. Türkçülük və Azərbaycançılıq məfkurəsi üzərində əbədiləşən bu Söz heykəli böyük şairi oxuculara hər misrası ilə sevdirməkdədir. “Şəbi-hicran” Füzuli dünyasına gedən bədii yoldur, şair Füzulinin ilahi eşq fəlsəfəsini çiyninə alıb bu yolla haqqın dərgahına doğru gedir. Bu yol əslində şairliyin əzablı, fəqət şərəfli yoludur. Bəxtiyar Vahabzadənin çox sevdiyi sözlə desək, İnam yoludur. Füzuli Tanrıya inanardı – Füzulinin Tanrısı Eşq idi. Bu dünyaya göylərdən Eşq bəlasına mübtəla olmaq üçün gəlmişdi Füzuli… Ömrünü ahlarla vermədin bada, Arzu dəryasında bir yelkən oldun. Zaman özgəsini yandıranda da Alışan o oldu, yanan sən oldun.
Ağladın, yayıldı səsin hər yana, Bülbül bağçalarda ötdü – dedilər. Gələndə Məhəmməd gəldin cahana Gedəndə: “Füzuli getdi” – dedilər. M.Füzuli tarix durduqca duran, sənəti ilə ölümsüzlük qazanan, zamanların ötəsində insanlığın qəlbində, iç dünyasında əbədiyaşar bir obrazdır. Hər iki sənətkarın “Şəbi-hicran”ı – Füzulinin “Şəbi-hicran” və Bəxtiyarın “Şəbi-hicran” poemaları ilahi bir eşqlə sevən, sevgisiylə kamilləşən İnsanın özünüdərk yoludur. Yüzillər ötsə də, bu yol mənən kamilləşməyə doğru varan hər bir Türkün ruhuna işıq, düşüncələrinə aydınlıq olacaq.
…Hər bir yaradılan nəyinsə arxasında insan ideyası, eləcə də iradə və inadı dayanır. Məsələn, “Kalaşnikov” avtomatının istehsalında minlərlə adam iştirak etsə də, onun yaradılması rus konstruktoru Mixail Kalaşnikova məxsusdur. “Təzadlar” qəzetinin də öz yaradıcısı var. Bu gün otuz iki yaşını qeyd etdiyimiz “Təzadlar”ın kollektivinə göz aydınlığı versəm də, ən böyük təbrik onun yaradıcısına-təsisçisinə düşür. Odur ki, bu gözəl gündə sizə “Təzadlar” qəzetinin, o cümlədən “Tezadlar. Az” saytının rəhbəri yazıçı, publisist, jurnalist Asif Mərzili haqqında danışmaq istəyirəm…
Deyir ki:- “Səhv etmirəmsə, 2010-cu ildə Milli Mətbuat gününə iki gün qalmış gördük ki, işi-gücü nəşriyyatın koridorlarında söhbət etmək olanlara MŞ və KİVDF-dən dəvətnamələr verilib, bizə zəng edən yoxdur. Süleyman Osmanoğlu, mən və Rövşən Kəbirli danışdıq, zəng etdik MŞ-a, Rəhim Hüseynzadə ilə danışdıq. Dedi ki, bizlik deyil, aparatdan siyahını veriblər və s. Zəng etdik KİVDF-yə, yenə də eyni cavab. Süleyman bəy dedi ki, həmin gün birbaşa gedək “Gülüstan” Sarayına, qoy bizi tədbirə buraxmasınlar. Mən etiraz etdim, dedim, qoy bayram eləsinlər, Allah bu haqsızlığı və vicdansızlığı bağışlamaz… Amma Süleyman bəy təkid etdi, bizlərə olan bu münasibətdən çox pərt idi. 22 iyulda getdik “Gülüstan” sarayına. Gəlib-keçən “jurnalist”lərin kimliklərini seyr etdik, 70 faizini tanımadıq, çünki peşəkar, az-çox yazı-pozusu olanları sifətindən tanıyırdıq. Hətta nazirliklərdən, qohum-əqrabalardan da rastımıza çıxanlar oldu, irəli duran Süleyman bəyi buraxmadılar. Halbuki həmkarımız sayılanlar içəri maneəsiz keçirdilər, amma biri demədi ki, axı bu insanlar mətbuatımızda yetərinncə adı və imzası olanlardır. Nə isə… Dedim, Süleyman bəy, gedək nəşriyyata. O, kənara çəkilib “Gülüstan” Sarayının qarşısındakı daş pilləkanın üstündə oturdu, üzünü tutub bir ağlamaq elədi ki… Bu səhnəni sözlə ifadə etmək çox çətindir… Səhəri gün Süleyman bəyin sorağı xəstəxanadan gəldi. Ona edilən haqsızlığın xəstəliyini tapmışdı, bir neçə ay sonra dünyasını dəyişdi. Ey milli mətbuatımıza iddialılar, özünü peşəkar sayanlar, yuxarı başda görənlər, biz bunları yaşaya-yaşaya gəlmişik, adını yaza bilməyənlər “Əməkdar jurnalist” oldu, “Tərəqqi” medalı aldı, “Şöhrət”ləndi, mənzil aldı”…
Onu qınamağa dəyməz, bu kəlmələr xidmətinə dəyər verilməyən bir insanın harayını, giley-güzarını özündə ehtiva edir. Axı müqayisə edəndə, indiyədək müxtəlif mükafatlara layiq görülən bir çox jurnalistdən istedadına və xidmətlərinə görə geri qalmır…
Ömrünün böyük bir hissəsi mətbuatla bağlıdır. O vaxtki Nеft Kimya Sənayеsi Nazirliyinin “Böyük kimya uğrunda” çoxtirajlı qəzetinə baş redaktor təyin olunanda cəmi iyirmi doqquz yaşı var idi. Özünəməxsus yazı tərzi, üslubu ilə fərqləndiyinə və istedadlı qələm adamı olduğuna görə, onun 1982-1988-ci illərdə Azərbaycan Dövlət Tеlеviziya və Radiо Vеrilişləri Kоmitəsində ştatdankənar əməkdaş kimi fəaliyyətinə şərait yaradılıb. 1990-cı ildən Azərbaycan Nazirlər Sovetinin orqanı olan “Respublika” qəzetində müxbir kimi çalışsa da, bir il sonra Milli Məclisin indiki “Azərbaycan” qəzeti redaksiyasında parlament müxbiri vəzifəsinə təyin olunub. 1992-ci ildə “Ədalət” qəzetinin baş redaktorunun birinci müavini işləyib, 1993-cü ildən isə “Təzadlar” qəzetinin, həm də qəzetin internet versiyası olan “Tezadlar. Az” saytının baş redaktorudur…
“Mətbuat cəmiyyətin güzgüsü olmalıdır. Güzgü cəmiyyəti ən azı olduğu kimi göstərmirsə, o heç kimə gərək deyil. Azərbaycan mətbuatının bu günkü durumu nəinki pisdir, çox pisdir. Təsəvvür edin, Prezident məmurları tənqid edə bilir, mətbuatımız isə susur. Susmaq razılıq əlamətidir. Tənqid yazan KİV-lər isə susdurulur, əsasən də MŞ tərəfindən. Bu çox pis haldır. Jurnalistikada araşdırma yazılar yoxdur, çünki araşdlrma yazı bəzilərinin gözündə tənqid etməkdir, pisləmək və əleyhinə yazmaqdır”– söyləyir.
“Biz əyilmədik”, “Yеrin görünəcək”, “Mərzili və Mərzililər” (Ənvər Çingizoğlu və Asif Mərzili),”Qalxın, jurnalist gəlir!”, “Təzadlar”, “Əfsanəvi kəşfiyyatçı Orxan Əkbərov” kitablarının, ötən il isə Dövlət Mükafatları siyahısına salınmış “Sonuncu əmr” romanının müəllifidir, 10-a yaxın kitabın isə rеdaktоrudur. Baş redaktoru olduğu qəzеt 2008-ci ilin yеkunlarına görə mərkəzi qərargahı Cеnеvrədə yеrləşən “Cеntury Intеrnatiоnal Quality Еra Award” Bеynəlxalq Təşkilatının “QC-100 İdarəеtmənin Ümumi Kеyfiyyət Mоdеlinin Əsrin Bеynəlxalq İnkişafı üzrə Qızıl ЕRA” mükafatına layiq görülüb…
Bir vaxtlar onun rəhbəri olduğu qəzeti “reket” kimi qələmə verənlər də az olmayıb. Adətən araşdırma, tənqidi yazılar yazan jurnalistlərin əksəriyyətini zəmanəmizdə əsl reket jurnalistlərə qatıb, belə adlandırırlar. Amma qırx ildən çox jurnalistika təcrübəsi olan, ölkənin rəsmi mətbu orqanlarında çalışan bir jurnalist və ya qəzeti belə adlandırmaq, heç də insafdan deyil. Peşə fəaliyyətinə görə başına nələr gəlməyib ki? Elşad Abdullayevin universitetində baş verən neqativ halları ictimailəşdirdiyinə görə, 2009-cu ildə onu həbs ediblər. Evini, avtomobilini yandırıblar. Heç zaman geri çəkilməyib. Bəlkə də, Azərbaycan jurnalistika tarixində ən çox müqavimətlə üzləşən jurnalistlərdən biri də o, olub…
Ciddi görkəmi, mehriban davranışı, qüruru, cəsarəti onu çoxlarına sevdirə bilib. Əzmkar, işgüzar, azad düşüncəli insandır. Hər zaman cəmiyyətə faydalı olmağa, xeyirxahlıq etməyə tələsir… 1960-cı ildə Ağdamda, Azərbaycanın böyük oğullarından biri, Xudu Məmmədovla eyni kənddə- Mərzilidə dünyaya gəlib. Yurd həsrəti onu heç zaman rahat buraxmayıb. Doğma yurdu haqqında qələmə aldığı yazıları oxuyanda, onun nə böyda ürəyə sahib olduğu aydın görmək olur…
Bəli, hələ əsgəri xidmətdə olarkən, 1979-1981-ci illərdə Pribaltika Hərbi Dairəsinin “Za Rodinu” qəzetinin ştatdankənar müxbiri kimi jurnalist fəaliyyətinə başlayan Asif Mərzili Azərbaycan jurnalistikasının dəyərli nümayəndələrindən biridir. Elə buna görə də, “Təzadlar”ın ad günündə onu təbrik etməyə tələsdim. Axı “Təzadlar” deyəndə Asif Mərzili, Asif Mərzili deyəndə isə “Təzadlar” yada düşür…
Çırpınır Şuşada Azərbaycan bayrağı, Qarabağdir azərnın müqəddəs, boyuk dağı, Heç kimlər mümkin deyil bunları unutmaqı — Şuşa ilə Qarabağ — Azərbaycan ürəyi.
Düşmənlər etmasın nə qədər nifrət, Əbədi olmayacaq zülm, adəvət, Doğru insana həmişə yoldaş ədalət, Şuşa ilə Qarabağ — Azərbaycan ürəyi.
Qaliblar qayıdıblar ana torpağa, Qapilər açilacaq qardaş qonağa, Yol yoxdur zalım, yavuz daşnağa, Şuşa ilə Qarabağ — Azərbaycan ürəyi.
Birləşiniz ey türklər, yox başqa imkan, Qardaşlər, candaşlər olmasun qurban, İndi uşbu torpaqda tökülmür qan, Şuşa ilə Qarabağ — Azərbaycan ürəyi.
O günü mən getmişəm qəbir üstə, ağlamışam, ayılmamış, görürəm iki qadın durub yanımda. Onlar mənə deyirlər ki, niyə özünü öldürürsən ki? Biz neçə illərdi burda işləyirik, ancaq hələ belə ölüm görməmişik.
Danışdılar ki, dünən Dağıstandan bir qoca arvad gəlib onun məzarının başına hərlənirdi. Onun yanına gəlib soruşduq ki, sən kimsən? Dedi:
Məni oğlum gətirib bura. Oğlum üç il qəbul imtahanından kəsilib. Dördüncü il bileti çəkib, bilib. Deyiblər ki, bilmirsən, çıx.
Ağlaya-ağlaya çıxanda yolda bir kişi görüb bunu. Deyib niyə ağlayırsan? Oğlum deyib ki, üç ildi kəsilirəm, bildim, yenə qaytardılar məni.
O oğlanı qaytarıb aparıb univerisitetə. Özü oturub imtahanda. Oğlum çəkib bileti, bilib, qəbul eləyiblər onu.
Uşaq deyib ki, o alim imiş.
Anası deyib: “A bala, o alim deyilmiş, peyğəmbərimiş. Məni apar onun məzarının başına hərlənim”
Ay bacı, onu ağlama sən, o cür ölüm görməmişik, nə qədər millət gəlir onun üstünə.
Məhbubə xanım Əzimova – Xudu müəllimin bacısı. “Xəzər” dərgisində gedən yazıdan bir parça.
Sahibə Əliyevanın “Kitabxana xidməti və oxucu məmnunluğu” adlı dərs vəsaiti nəşr olunmuşdur
BDU nun İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaşünaslıg kafedrasının əməkdaşı fəlsəfə doktoru Sahibə Əliyevanın BDU Elmı şurasının gərarı ilə “Kitabxana xidməti və oxucu məmnunluğu” adlı dərs vəsaiti nəşr olunmuşdur. Kitabın elmi redaktoru Kitabxanaşünaslıg kafedrasının müdiri dosent Elcin Əhmədov, ön söz müəllifi Redaksiya və nəşriyyat isi kafedrasının müdiri dosent Knyaz Aslan, rəycilər dosent Pərviz Kazımi və fəlsəfə doktoru Şəfəg İslamovadır. Dərs vəsaitində kitabxana informasiya fəaliyyətində oxuculara sənəd informasiya xidmətinin səmərəlilik meyarına təsir edən amillər araşdırılmışdır.
Seçdiyi sənətin dərinliklərindən xəbərdar olub, yaratdığı işlərlə tanınan kəslərə öz adıyla deyil, “ay usta” deyə müraciət edirlər. Onların adları da, soyadları da “usta” olur. İş görən hər adama da usta deməzlər. Usta gərək usta olsun (Allah naşısından saxlasın.) Ədəbiyyatın da “söz ustaları” var. Hazırcavablığı ilə seçilənə, məntiqli fikir söyləyənə bu adı xalq özü verir. Yazıçı da söz ustasıdır. Daş kimi sözlərlə işləmək elə də asan deyil, gərək onları daşyonan balta ilə (redaktə) elə düzəldə ki, ürəyə yata.
Yazmaq özünütəqdimetmə deməkdir. Digər tərəfini nəzərə alanda isə başqasının həyatına ədəbi müdaxilədir. Onda yazıçıları “ədəbi vəkillər” də adlandırmaq olar. Onlar da insanların problemlərini çözməyə çalışırlar. Ağır mövzuların “yükünü daşıyır”, üstəlik, başqalarını da buna sövq edirlər. Dost-tanışın, yad insanların həyatında baş verənlər yazıçı aləti ilə yonulub, müxtəlif “fiqurlara” salınır.
Yazan şəxsin sirri olmur. Ürəyində nəyinsə yığılıb qalmasına özü imkan vermir. Duyğu, arzu, təxəyyül, müşahidə… nə olsa, çəkib qələmə gətirir. Onlara “bel bağlayıb” başına gələni söyləmək “riskdir”. Özlərinin hər şeyini sözə çevirən özgəninkinə dastan qoşar. Bir də gördün, danışdıqların odur ey, el-aləmin dilində oba-oba, ölkə-ölkə gəzir. Özü də müxtəlif dillərə çevrilərək.
Bunu dərindən hiss etmək üçün ya empati hissin güclü olmalıdır, ya da gərək özün onu yaşayasan. Primitiv nümunə sayılsa da, müqayisə üçün əlverişli olduğundan deyim ki, bu, suda yaşamaq üçün yaradılmış balıqları quruya buraxıb çabalamasına tamaşa etmək kimidir.
Çabalamışam illərlə…, yazmaq mənim üçün asan olmayıb. İstedadla iş bitmir. Bəzən zəhmətin də rolu olmur. Yazmaq üçün ən əsası yanlış məkandan, yanlış insanlardan uzaq durmaq vacib imiş.
Deyirlər, Emil Zolya yazanda özünü stula bağlayırmış. Bunun hansı zərurətdən irəli gəlməsini düşünməyə, təhlil etməyə gərək yoxdur. İstedadlı insan hər cür qeyri-adi keyfiyyətə malik olur. Əslində, yazıçılara xas olan cəhətlər qeyri-adi hesab edilməməlidir. Bu, onlar üçün adi davranış qaydalarıdır. Bir yazıçı hamının şənləndiyi məclisdə qanıqara olur, qəfildən çıxıb gedirsə, demək, ətrafındakılardan fərqli olaraq o, özüdür. Demək, ona xoş olmayan nələrsə var, hiss edir ki, həmin an vaxtını düzgün dəyərləndirməyib, yanlış məkandadır. Bu “səhvini” düzəltmək onun üçün asandır. Olduğu yeri tərk etməklə hər şeyi qaydasına salır. Təbii ki, üz tutacağı ünvan yazı masasıdır. Onu görəcək, toxunacaq, özünü həmin məclisdəkindən də gözəl yerdə hiss edəcək. Bəlkə, lap elə stulun altında yazan yazıçı da var. Bütün bunlar könlünü sözə vermişlər üçün adi şeylərdir. Ən gözəl dünya sənətkarların dünyasıdır, istər şair, rəssam, istərsə də yazıçı, musiqiçi olsun. Həmin dünyaya onların özlərindən başqa milyon insan şərik olur, hətta əllərindən də alırlar, sevənlər də, tənqid edənlər də olur. Bütün bunlar yazarkən, çəkərkən, bəstələyərkən onların ağıllarından keçmir. Bilmirlər, əsərlərinə görə onları sevəcəklər, yoxsa lənətləyəcəklər? Bildikləri bircə şey var – yaratmaq!
Vladimir Nabokov deyir: “Mənim yaradıcılığımda əhvali-ruhiyyə ön planda durur. Kefim var, yazıram, yoxdur – yazmıram. Romanlarımın ideyası gözlənilmədən doğulur. Bir dəqiqənin içində. Qələmi alıram əlimə, hər şey başlayır vərəqə axmağa. Roman əvvəlcə beynimdə yazılır, qalır texniki prosesi yerinə yetirib, onu vərəqə köçürmək. Zənnimcə, yazıçı qəhrəmanını addımbaaddım izləyib özünü onun vəziyyətinə gətirirsə, uduzur. Qəhrəmanı rahat buraxmaq lazımdır. Qoy öz bildiyini eləsin. Elə yazıçılar var ki, bu işə sənət kimi baxırlar, hər gün əyləşib 5-10 vərəq yazmağı borc bilirlər özlərinə. Məsələn, mən bəzən 12 saat oturub yazıram, bəzən də aylarla yazdıqlarımı düzəldirəm. Bir az tənbəlliyim də var”.
Fərqli üslublardan çox yazmaq olar. Nə qədər yazan varsa, bir o qədər də üslub var. Yazıçının payına dünya malından beş-on kəlmə söz düşüb. Onu necə işlədəcəyi istedadından asılıdır. Ya korlayacaq, ya da sözə həyat verəcək. Onların istədiyi təkcə dinclik və yazmaqdır. O qədər də böyük istək olmayan bu məqamı hər dəqiqə tapmaq olmur. Məsələn, mənə hələ ki istədiyim anda masaya yaxınlaşıb yazmaq qismət olmayıb. Nə qədər qəribə görünsə də bu “pis şey”, yəni yazmaq mənim ən böyük qəbahətim olub. “Suçlu-suçlu yaşamışam”. Bu “suçumun” üstündə o qədər danlanmışam ki, sıxıntıdan əksər vaxt yaza bilməmişəm. Müti tərzdə qələmi əlimdən qoymuşam. Yaza biləcəyim ən gözəl yazılarım o məqamlarda məhv olub. Yazmağı “tərgidərkən” bilmədim ki, bu itaətkarlıq bir gün üsyana dönəcək. Bu qədər məhrumiyyətlərlə barışmağın bir üsyanı olacaq. Ana bətnində diri-diri məhv edilən körpələr kimi bütün istəklərim ürəyimdəcə qətlə yetirilirdi. Əvvəl-axır o iztirablar etiraz olacaqdı. İyirmi ilə yaxın vaxt ərzində nələr etmək olardı?
“Yazmaq mənim üçün əzabdır, amma bu əzabla yaşamağa, bununla ölməyə hazıram. Hər yazımla birgə yenidən doğulur, tirajlanması həvəsindən ilk qədəmlə yeriyir, oxunduqca dil açıram. Mənimçün ən gözəl yer yaza bildiyim məkandır, o yer daşların üstü olsa belə. Yazıların doğum şəhadətnaməsi olsaydı, ünvan olaraq oraya daha çox “dizimin üstü”, “sol ovcum” qeyd edilərdi. Təkcə beynim, ürəyim və əlimlə deyil, ömrümlə yazıram. Ömrü ilə yazmaq yaşadığına sevinmədən, ölmədiyinə şad olaraq, “suçlu-suçlu” yazmaqdır. Bu suçun nədən ibarət olduğunu bilmək istəyirsinizsə…” Bu cümlələr “Yaza bilməyən yazıçı” adlı kitabımın cildində qeyd edilib. Xatırlamaqla yazmağın mənim üçün nə demək olduğunu diqqətə çatdırıram. Yazmaq mövzusunda xeyli mətnim var. Görünür, istədiyim kimi alınmayıb deyə hələ sakitləşə bilməmişəm. Seyran Səxavət deyir ki, xalq birləşəndə güclü olur, yazıçı təklənəndə. Elə bilirəm, bu fikri mən söyləmişəm. Ürəyimdən xəbər verir. Bu yöndən yanaşanda deyirəm, yaxşı ki, məni təklədilər. Bu dəfə alınacaq.
Emil Zolyanın yazarkən apardığı əməliyyatı mən ətrafımdakıların üzərində tətbiq etmək istəyirəm. Bunu etməyə o qədər səbəbim var ki. Hələ ürəyimdən ağızlarına yapışqan vurmaq da keçir. Qəddar sanmayın, yazmamağım üçün mənə törədilən maneələri bilsəydiniz, belə yüngül cəza növü istədiyim üçün təəccüblənərdiniz.
Bircə səhifə yazı üçün bəzən Henri Toro kimi meşəyə yollanmaq da istəmişəm. Hara olur-olsun, necə olur-olsun, təki yaza bilim. Bu qədər sıxıntı içində Nitsşenin “öləndən sonra doğulmaq” fikrinə arxalanaraq, yazıb-yaradıram. Bəlkə də, özüm haqqında yüksək fikir oldu, amma ümiddir də, kimə nə zərəri var ki? Sokrat deyir, məqsədsiz və iradəsiz adam sükanı və kompası olmayan gəmiyə bənzəyir, küləyin səmti dəyişdikcə onun da istiqaməti dəyişər (Bu məqamda sərf eləmir deyə Oşonun məqsəd haqqında dediyi fikirləri yazmıram.) Bir yaxşı cəhətim var ki, inkişaf etməyə əqidəmi, prinsipimi dəyişmədən çalışıram. Bəzən həddən çox utancaq olduğum, həqiqət axtardığım üçün “dilli-dişli” (daha doğrusu sırtıq) adamlarla sözüm tutmur. Mənim onlara simpatiyam olmayıb, onlar da pis niyyətlərinə mane olacağam deyə məndən qaçıblar. Maddi çətinliklərə dözümlüyəm, nəyim olsa, ona qane oluram, heç kəsdən təmənna güdən deyiləm. Çatışmayan cəhətim insanların pis tərəflərinə dözümsüzlüyümdür. Dərdi yıxmağa gücüm çatdığı halda, paxılın, saxtakarın üzündən ruhdan düşürəm. Platonun: “Bədəni öldürənlərdən çox ruhu öldürənlərdən qorxun” fikirləri ilə tanış olmadığım vaxtlardan bu cür insanlardan qorxmuşam. Bilmişəm ki, belələri nəyin səni üzəcəyini, ruhdan salacağını bilir və o hərəkətə qəsdlə yol verir ki, istəyinə nail olsun. Mənəvi müharibələrdən keçə-keçə, böyük arzularımı, hisslərimi qurban verə-verə gəlib bu yaşa çatmışam. Bu qədər çətinliyin qarşısında içimdə boğulmayan, məhv olmayan iki hiss yaşatdım – həyat eşqi, insanlara sevgi! Heç kəsin duyğusunun öləziməyinə qıymadığım halda, mənim mənən məhvimə çalışdılar. Arzu-arzu, fikir-fikir, söz-söz öldürdülər. Son anda sevimli yazıçım Cek London “Həyat eşqi”lə xilas etdi məni. Onu kimi qəlbimi oxuyan yazıçı hələ tapmamışam.
Dahilərin talelərindən təsirlənib müqayisə aparmaq fikrimə almanların “Hər cür müqayisə nöqsanlıdır” deyimi mane ola bilməz.
Əli Kərim qısa ömründə bizə bu qədər gözəl poeziya nümunələri qoyub gedib. Ondan az yaşamış C.Cabbarlının, az yaşamaqda Cabbarlını da geridə qoyan Mikayıl Müşfiqin göz qırpımına bənzər həyatlarında yaratdıqlarını oxuduqca adam öz yoxsul yaradıcılığından utanır. Amma dünya ədəbiyyatına nəzər salanda, Migel de Servantesin yaradıcılığa otuz səkkiz yaşında başlamasını biləndə təsəlli tapırsan ki, dahi doğulmusansa, hər yaşda yazıb-yaradıb istedadını göstərəcəksən. Daniel Defonu da bu baxımdan enerji mənbəyi kimi qəbul etmək olar. O da yazmağa 35 yaşında başlayıb, üstəlik, həbsdən qayıtdıqdan sonra. Amma məndə Defo kimi qiyamlarda iştirak etmək cəsarəti artıq ölüb. “Robinzon Kruzo” əsərinin birinci hissəsi 1719-cu ildə nəşr olunanda D.Defo 59 yaşında olub. Və bu əsər ona ölməzlik qazandırıb. Ömrə etibar etməsəm də, bunlar mənə stimul verir. Belə götürəndə, mən də mənəvi tərəfdən məhbəs həyatı yaşamışam. Özümdə Oskar Uayldla da oxşar məqamlar tapmışam. İkimizin də ilk dəfə şeirlər kitabımız, özü də eyni yaşda (onun 27, mənim 26 yaşımda) çap olunub. Sonralar nəsrdə inkişaf etməyimizdə də uyğunluq var. Amma mən həmin kitabdan sonra məhsuldar olmadım. O vaxtdan indiyədək hələ təzədən başlayıram.
“Ziyalıların sevimli məşğuliyyəti etirazlarını ifadə etməkdir: teatr qapadılıbsa, qəzet bağlanıbsa, kilsə dağıdılıbsa – etiraz. Qan azlığının düzgün əlaməti: deməli, öz qəzetinizi və öz kilsənizi güclü sevməmisiniz”.
Gəlin, Aleksandr Blokun “Ziyalı və İnqilab” məqaləsindən götürülən bu sözlərin bolşevizmin lehinə yazıldığını unudub, başqa tərəfdən yanaşaq. Həmin fikirləri əsas götürəndə belə çıxır ki, biz heç nəyimizi sevmirik. Çünki hər şeyə lokal düşüncəylə yanaşırıq – “mən və mənim ailəm” prinsipi bizdə daha qabarıqdır. Qalan kimə nə olursa-olsun, nəyi dağılırsa-dağılsın, mənə heç nə olmasın. Əgər məşhur deyimdəki kimi “analar yenə oğul doğacaq, amma İstanbul doğulmayacaq” şüurunda olsaq, millət kimi dirçələcəyik. Əlbəttə, mübarizə məntiqli, şüurlu, ədalətli aparılmalı, kimlərinsə çirkin niyyətinə kömək etməməlidir. Kiminsə üzündən xalqın balaları qırğına verilməməlidir. Bu olacaqsa, Vətən üçün olmalıdır.
Dünya yazıçıları savaşlarda, mübarizələrdə, çətinliklərdə ömür sürüb, istəmədiklərinə etiraz edib, istədiklərindən də yazıb-yaradıblar. Bizim yazıçılar isə sovet hakimiyyəti illərindən sucuq uşaqlar kimi ələbaxan öyrəndiklərindən bu “idimləri” ilə yaşamağa davam edirlər. Onların aləmlərində dövlət yazıçıların ehtiyaclarını ödəməli, hər yerdə başa çəkməli, mötəbər yerlərdə onları əyləşdirməlidir. Dünya ədəbiyyatının nümayəndələrisə, sadəcə, yaxşı yazır, oxucu da, nəşriyyatlar da onları özləri axtarıb tapırlar. Oxuduqlarıma istinadən yazım ki, faşizmə qarşı mübarizə aparmaqda alman yazıçıları içində Tomas Manna çatan yoxdur. Henrix Mann da yaradıcılığında Almaniyanın siyasi və mənəvi atmosferini tənqid etmiş, Hitler diktaturasına qarşı mübarizə aparmışdır. Deni Didro burjuaziyanın rəhbərliyi altında dvoryanlar və kral hakimiyyəti əleyhinə çevrilmiş xalq hərəkatına qoşulmuşdur. “Qaçaqlar” pyesini Fridrix Şiller həbsxanada yazıb, azadlıq, ləyaqət naminə insanları üsyana səsləyib. Jan-Jak Russo feodal-silki münasibətləri, istibdad rejimini kəskin tənqid etmişdir. Burjua demokratiyası, bütün insanların azadlığı tərəfdarı olmuş, xalqın inqilab etmək hüququna haqq qazandırmışdır. “1918-ci ilin yayında tikanlı məftillərin hər iki tərəfində düşmən ordularını qan aparanda Pol Elüar icazəsiz olaraq “Sülh üçün şeirlər” vərəqəsi buraxmışdır”.
Fransua Volter isə feodal qaydalarına, katolik kilsəsinə qarşı çıxışlarıyla şöhrət qazanmışdır. Volter köhnəlmiş qaydaların dəyişdirilməsini Aleksandr Blokdan, Şillerdən fərqli olaraq inqilabda deyil, “maariflənmiş monarxdan” gözləyirdi. O, Hersoq Filipp Orleanskini həcv etdiyi üçün Bastiliya həbsxanasına salınmışdır. Yaradıcılığının əsas məqsədi maarifi yaymaq olub. Beyinlərin inqilabı ən gözəl inqilabdır. Sərvətini insan tələfatına xidmət edən müharibəyə sərf etdiyinə görə Corc Bayrona haqq qazandıra bilməsəm də, o qədər sərvətlə yalnız özü üçün rahat yaşamağa üstünlük vermədən çətinliyi seçdiyinə görə ona rəğbətim var. Bəlkə də, bizimkilərin çoxu o qədər sərvətə malik olsaydılar, ilk növbədə, öz komfortlarını seçərdilər. Ziddiyyətli Knut Hamsun da Milli Məclisdə yatan deputatlarla, laqeyd yazıçılarla müqayisədə fərqli fəaliyyət göstərib. Demək istəyirəm ki, cəmiyyət həmişə öz ziyalılarına ümid bəsləyir, hər şeyi onlardan umur. Ziyalı millətinin təəssübünü çəkməli, onların deyə bilmədiklərini söyləməlidir. Əlimizə qələm almışıqsa, deməli, narahatlığımıza səbəb problemlərimiz var. Bu narahatlığı açıq-açığına söyləyəcək, həqiqət uğrunda çalışacağıqsa, ədəbiyyat xəritəsinin küncündə də olsa, nə vaxtsa yerimizi tutacağıq. Bacardığım qədər təhsildəki çatışmazlıqlara, ana dilinin qorunmasına, mütaliəyə və digər sosial problemlərə laqeyd qalmamışam. Həmin mövzularda yazılan mətnlərdən ən azı ikisi haqqımda heç olmasa: “o da V.Şekspirlə eyni vaxtda, aprelin 23-də anadan olub. Həmin gün Dünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd olunur” dedirdəcəyinə inanıram. Çünki özüm olub, öz istədiyimi yazmışam. Diktəsiz, təmənnasız. Bu qədər çətinliklərin içində yazmaq həvəsim ölmədisə, bu qədər yazarların içində tapşırıqsız, şəxsi münasibətlərsiz imzam tanındısa, “təklənməyə” dəyərmiş. Daha yazmaqdan “qorxmuram”. Yazılarımı maraqla izləyən, hər yazımı oxuyub təhlil edən ziyalılara, oxuculara minnətdaram. Onlar məni sözə qaytardılar.
Yazmaq mənim üçün ehtiyacdır – əbədi və ədəbi ehtiyac!
Qəribə zamandı. Köhnələr təzələri bəyənmir, təzələr köhnələrə daş atır. Əsl ədəbiyyata ağız büzənlər , köhnə paltarının söküklərini yamayıb təzə dona mindirənlər , hecanın , qəzəlin ətəyindən bərk -bərk yapışanlar , eyni notda ilişib qalanlar , Nizamidən , Füzulidən bu yanı görməyənlər , mənasız söz yığınını qafiyəyə sığdıranlar və sair və ilaxır sözbaz zümrə formalaşıb. İddiaları sözlərindən böyük yazarlar sözü iddiasından böyük yazarları kölgədə qoyub. Əsl sözün qarşısına boğaq atmaq , onu gözdən salmaqçun dəridən ,qabıqdan çıxmaq prinsipi ilə yaşayanlar da çoxdu. Pərdəarxası düşmənçilik edənlər ” dostluq”dan , ədalətdən, həqiqətdən dəm vurur. Havası , işığı gendən vuran ədəbi nümunələr durmadan tənqid və gülüş obyektinə çevrilir. Əslində tənqid edənlər özlərinin nə qədər dayaz , bəsit olduqlarının fərqində deyillər. Ya da yalançı təriflərdən başları gicəldiyindən həqiqətin əsl üzünü görə bilmirlər. Sərbəst vəzndə yaza bilməyənlər hecanı , hecada yaza bilməyənlər sərbəsti qaldırıb ala dağın başına qoyublar. Ortada itib batansa Sözdü. Böyük hərflərlə yazdım sözü. Çünki onu kiçildənlər çoxdu. Vaxtilə Azərbaycanın mətbu orqanlarında dərc olunan yazılar indi aktuallığını ( hətta gözəlliyini ) itirib deyə yazı müəllifləri bütün günahı zamanın və tərəqqinin boynuna yükləyib. Axı zaman durmadan inkişafdadı və bu sürətlə ayaqlaşa bilməmək , zamandan geridə qalmaqsa insanın özünün , sözünün gücsüzlüyüdü, acizliyidi. Uzun , sicilləmə yazıları oxuyan yoxdu indi. Oxucu təfəkkürü də dəyişib. İnsanlar yazının bir əvvəlin , bir də sonun oxuyur. Zamanın nəbzin tutan yazılar yazmaq lazımdı daha. Boğazdan yuxarı , qafiyədən asılıb qalan nəfəssiz , hay -küydən ibarət şeirlər öz ömrünü başa vurub. Romanlar , epopeyalar da yerini yığcam esselerə , hekayələrə verib. Nə qədər uzun olsa da onsuz da hamısı eyni qənaətə gətirib çıxarır. Ədəbi cameədə bir -birinə daş atmaq , yaxşı sözə ağız büzmək adi hal alıb. Kreslosu sözündən çox böyük olanlar gündəmi zəbt edib. Hər yerdə ( saytlarda , qəzet və jurnallarda , radio və televiyalarda) onlardı. Onlara əyilənlərsə onlardan da təhlükəlidi. Əyilməyənlər özlərinə heç yerdə yer tapmayanda küsüb öz qınlarına çəkilirlər. Bu hər sahədə belədi. Kiminsə ətəyindən tutub yerimək də hər insanın işi deyil axı. Bu özü də bir elmdi mənim aləmimdə. Özünü təsdiq edə bilməyənlər kibrindən və eqosundan baxır dünyaya. Sosial şəbəkələr od püskürür. Hamı yazır , hamı danışır. Susanlarsa içində haqq -hesab çəkir. Zənnimcə ən qərarlı təbəqə susanlardı. Özlərini , sözlərini cəmiyyətdən , ictimai qınaqdan , təhqirdən və tənqiddən uzaq tutanlar ən doğru yolu seçib məncə. Yuxarılar aşağıları , aşağılar yuxarıları daşa basır. Nəticədə aralıqda itib batansa Sözdü.
Ana dilində rusdilli bakılı sayağı danışan xalq yazıçısı
Hər dəfə onu görəndə Ceki Can yadıma düşür. Yəni o mənə Ceki Canı xatırladır. Ceki Can ondan düz beş il qabaq, eyni gündə Honkonqda dünyaya gəlib, amma o, heç də Ceki Candan geri qalmır, necə deyərlər, ikisi də məşhuri cahandırlar. Doğrudur, Ceki Canı əlləri, ayaqları, cəldliyi, döyüşkənliyi məşhurlaşdırıb, onu isə əsərləri aləmə tanıtdırıb. Ancaq Ceki Can öz ana dilində səlis danışa bilsə də, o, Azərbaycan dilində fikrlərini ədəbi dildə deyil, Bakı ləhcəsi ilə ifadə edir. Üzdə olan beş-on məşhur azərbaycanlıdan biridir ki, bunu ona heç kim irad tutmur. Hamı başa düşür ki, həqiqətin məxsus olduğu dil və ləhcə yoxdur, hansı dildə, hansı ləhcə ilə desən, həqiqət elə həqiqətdir…
Deyir ki:- “Mənim anam bakılı olduğundan, mən də Bakı ləhcəsinə alışmışam. Bakı ləhcəsində danışmağım təbiidir. Bunda elə bir nöqsan görmürəm. İndi nə edək, mən də belə danışıram. Nizami Gəncəvinin İtaliyada abidəsi qoyuldu. O zaman iranlılar etiraz etdilər ki, Nizami Gəncəvi fars şairidir. Biz isə abidənin üstünə italyan dilində yazmışıq ki, Azərbaycan şairi Nizami Gəncəvi. Yəni, Nizami Gəncəvi fars dilində, İsmayıl bəy Qutqaşınlı fransız dilində, Maqsud İbrahimbəyov, Çingiz Aytmatov, Oljas Süleymenov, Fazil Abduloviç İsgəndər, Vasil Bıkov rus dilində yazıblar. O zaman belə çıxır ki, onlar öz ölkələrinin yazıçıları deyillər?! Bu, gülməli səslənir. İnsan özü bilir ki, hansı dinə, millətə məxsusdur. Manqurt obrazı yaratmış Çingiz Aytmatova irad tutmaq olardı ki, siz rus dilində yazırsınız, rus yazıçısısınız? Xeyr! Mən müharibə vaxtı 8 dəfə Rusiyada çıxış etmişəm. İndi mənə necə demək olar ki, rus yazıçısıdır?! Rus yazıçısı Azərbaycanı müdafiə edərmi?! 1990-cı ildə yaşanan 20 Yanvar faciəsi haqqında rus dilində rus ordusunun, sovet ordusunun əleyhinə “Qara Yanvar” adlı kitab yazmışam. Məgər bunu rus yazıçısı yazardımı?!”
O, 1959-cu ildə Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 189 nömrəli məktəbdə bitirib. Sonra Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi kimi başlasa da, bir müddət sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP-nin Qaradağ rayonu üzrə təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 1988-ci ildə hüquq elmləri namizədi, 1991-ci ildə isə hüquq elmləri doktoru elmi dərəcələrinə yiyələnib. 1989-cu ildən indiyədək Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir. Xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı” və “Şöhrət” ordenlərnə layiq görülüb…
Hansı dildə, hansı ləhcədə danışsa da əsl ziyalıdır. Gördüklərini dilə gətirməkdən çəkinmir. Amma arada susur. Yəqin ki, nələrisə itirmək istəmir. Avropa, Asiya və eləcə də Amerikada da onu tanıyanlar var…
Onun da hamı kimi adı var- Çingiz! Soyadı isə Abdullayevdir. Bəli, Ceki Candan beş il sonra dünyaya gəlib. Biri filmlərdə yaratdığı obrazlara, o biri isə ərsəyə gətirdiyi əsərlərə görə sevilir…
Aprelin 7-si Ceki Canın 71, iki yüzdən çox kitabın müəllifi olan xalq yazıçısı Çingiz Abdullayevin isə 66 yaşları tamam olur. Hər ikisini də ad günləri münasibətilə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram.