Mollanəsrəddinçi şair, publisist Əliqulu Qəmküsarı necə öldürdülər? Şairin qızı – Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist Qəmər Salamzadənin xatirələrindən: “1919-cu il martın 16-da gecə atam evə qayıdarkən, birinci mərtəbəni qalxır. İkinci mərtəbədə pilləkanın başında … cani arxadan – kürəyindən güllə ilə onu vurur. Xainin gülləsi atamın ürəyini parçalayır”. Akademik İsa Həbibbəyli “525-ci qəzet”də işıq üzü görən “Mollanəsrəddinçilərin qabaq sırasında” adlı məqaləsində yazır: “Əliqulu Qəmküsarın öldürülməsi hadisəsi də XX əsrin əvvəllərində ölkədə baş alıb gedən özbaşınalığın, qarışıq zamanın əhvalatı idi. Ədəbi ictimaiyyət bu faciəli hadisəni Azərbaycan ədəbiyyatına, xüsusən mollanəsrəddinçi hərəkata vurulan ağır zərbə kimi qarşılamışdı. Bu baxımdan professor Əziz Şərifin “müsəlman demokratiyasının əsl fədaisi” saydığı şairin qətli ilə əlaqədar 20 mart 1919-cu ildə “Borba” qəzetində çap etdirdiyi “Qəmküsar” adlı nekroloq xarakterli yazıda onun öldürülməsi hadisəsinin mahiyyətini aydınlaşdırmağa imkan verən məqamlar vardır. Həmin vaxt Tiflis şəhərində yaşayan 24 yaşlı Əziz Şərifin nekroloqundan başa düşmək olur ki, “Əliqulu Qəmküsar gecə saat on birdə evə qayıdıb giriş qapısını döyərkən qonşuların şübhəsinə tuş gəlir” və qorxudan vahimə keçirən qonşu qadınların hay-küyünə gələn qaradovoyun dalana açdığı atəşdən qətlə yetirilir. Əziz Şərif bu faktı o vaxt mətbuatda yayılmış Əliqulu Qəmküsarın qatı cinayətkar kimi öldürülməsinə dair gedən məlumatlara aydınlıq gətirmək, etiraz etmək məqsədilə nəzərə çarpdırmalı olmusdu. Fikrimizcə, Əliqulu Qəmküsarın öldürülməsi haqqındakı Əziz Şərif versiyası həmin faciəli hadisənin canlı şahidinin təqdim və təsdiq etdiyi fakt kimi daha inandırıcıdır. Məqalədəki “həyatımızın pərakəndəliyi… bir xalq dostunu alıb apardı” fikri də qətlin düşünülmüş, əvvəlcədən planlaşdırılmış hadisə olmadığını göstərir”.
Kənan Hacının “Vaxt pəncərəsi” və ömür pəncərəsindən görünənlər
Bu gün Kənan Hacının “Vaxt pəncərəsi” adlı yeni kitabı və əlamətdar yubileyi ilə bağlı yığışmışdıq. Çıxışlardan, çıxışlardan ötə yazılmışlardan, onlardan da ötə öz baxışlarımdan süzülən nəticələri, təəssüratları yığcam şəkildə bölüşmək istərdim.
Bəli, o, yeni nəsil yazıçı, şair-publisist və ədəbi tənqidçilərimizdəndir. Kənanın yaradıcılığı poetik düşüncə qatlarından süzülən, çağdaş dünyagörüşü ilə milli-mənəvi yaddaşı birləşdirən ilginc məqamlarla zəngindir.
Yubilyarın ömrünün hər on ilinə şərti olaraq bir bölüm ayıraq:
Duyum və metaforik, fəlsəfi-poetik qat
Kənan Hacının əsərlərində fraqmental düşüncə, ironiya, mətnlərarası bağlar və kulturoloji qatlar aydın görünür. O, klassik mədəniyyət kodlarını çağdaş forma ilə təqdim edir. Onun poeziyası isə yalnız duyğusal deyil, həm də düşüncə poeziyasıdır. Fəlsəfi incələmələr, varlıq-yoxluq sualları, zaman və yaddaş kontekstində insanın yığvalı (toplamı) onun lirikasında ön plana çıxır.
Ədəbi tənqid və publisistikada orijinal yanaşmalar
Kənan Hacı eyni zamanda ədəbi tənqid sahəsində aktiv və məhsuldardır. O, çağdaş ədəbiyyata və klassik irsə yanaşmada yeni estetik ölçülər təqdim etməyə çalışır, mətnə fərdi və külturoloji baxış bucağından yanaşır. Bu isə, şübhəsiz, önəmli və öncül yanaşmadır.
Bədii dilin təzələnməsi təşəbbüsləri
Onun üslubunda poetik sintaksis, yeni metaforlar, bəzən aforizmləşmiş cümlələr və qeyri-standart ifadə tərzi qabarır. Bu, Azərbaycan ədəbiyyatında dilin poetik imkanlarının genişləndirilməsi cəhdi kimi qiymətləndirilə bilər. Kənan Hacı bu təşəbbüsləri, necə deyərlər, təşəbbüsdən və iddiadan çıxarıb fakta çevirə bilib.
Milli kimlik və qlobal baxışın vəhdəti
Onun yazılarında, özəlliklə esselərində və publisistikasında milli kimlik qlobal kontekstlə səsləşir. O, Azərbaycan ədəbiyyatını dünya ədəbiyyatı kontekstində təqdim etməyə çalışır.
Kənan qələm-kağız qardaşlığı ilə Azərbaycan və dünya mədəniyyətləri arasında mənəvi-mədəni körpü yaratmaq və mövcud körpüləri möhkəmləndirmək istəyir. Örnəyi, Batı çağdaşlığına və Doğu fəlsəfəsinə paralel baxışlar təqdim edir.
Yaddaş və zaman anlayışına özəl diqqət
Kənan Hacının yaradıcılığında “yaddaş” fenomeni çox önəmli yer (yalnız yer deyil, həm də göy) tutur… Tarixi hadisələr, şəxsiyyətlər və mədəniyyət yaddaşı onun əsərlərində estetik dəyərə çevrilir. Deyə bilərəm ki, doğma Abşeron torpağının ruhi-mənəvi energetikası Kənanın şəxsiyyətinə və yaradıcılığına hopub.
Əziz dost, qardaş və qonşumun əlamətdar yubileyi bir daha qutlu olsun! Ona möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları, törənin təşkilatçısı Dünya Gənc Türk Yazarlar Birliyinə, evyiyəsi Gəncliyə Yardım Fonduna bayraq ucalığı, bütün qatılımçılara iş avandlığı diləyirəm!
Hər dəfə Qaraqalpaqıstana olan səfərimdə özüm üçün yeni-yeni məlumatları kəşf edib qayıdıram. Taleyin tələbi ilə hansı ünvana getsəm, əlbəttə, həmin yerin tarixi abidələri və irsi ilə maraqlanıb soruşur, gedib öz gözlərimlə görməyə çalışıram. Budəfəki səfərim zamanı Amudərya vilayətinin məşhur mədəni irs obyekti, Qaraqalpakıstanın tanınmış arxeoliji abidələrdən olan, Zərdüştçülük dövründən qorunub saxlanılan qədim abidəni – Çilpiq qalasını ziyarət etdim. Çilpiq qalası Amudəryanın sahilində yerləşib, uzaqdan vüqarlı dəyər göstərməklə gözə görünüb durmaqdadır. Yerli sakinlərin dediyinə görə bu qalanın yaşı 2200 ildən artıqdır. Hazırkı gündə təbiət hadisələri səbəbindən bu qalanın yalnız 20-30 faizi qalmaqdadır. Çilpiq qalası 15 metr hündürlükdə, 65 metr diametrə malik olan, yastı halqa şəkilli, damsız dairəvi minarə olub, Nukusdan 43 kilometr aralıdakı təbii yastı təpənin zirvəsində yerləşir. Qala hündürlükdə yerləşməsi səbəbindən ora məsafəsi 20 metrdən artıq, 75 pillə ilə çıxa bildik. Pillələrlə təpəliyə çıxdıqdan sonra dar cığırla qala başına çıxdıq. Təpəlikdən ətraf olduqca gözəl və füsünkar görünür. Bir yanda yumru təpəliklər, bir yanda seyrəngahlar, bir tərəfdə isə Amudərya çayı qıjıldayıb axırdı. Gözümüz önündə tarix canlandı. Həyəcanla həmin dövr və qalanın tarixi haqqında söz açan yoldaşımızı diqqətlə dinlədik. Təpəliyə qalxdıqdan sonra bütün ətrafı dolanıb tamaşa etdik, qala ortasında bir az oyuqvarı çökəklik yer alıb, ətraf isə eyni qala divarlarıtək hündür, divarın fərqli yerlərində dəliklər var. Qədimdə bəlkə həmin yerlərdən nəzarət üçün faydalanmışlar. Yerli nəzarətçinin söylədiklərinə görə ortadakı çala yerdə tonqal qalayıb digər ətraf qalaları düşmən hücumundan xəbərdar ediblərmiş. Çilpiq qalasının tarixi hazıra qədər arxeoloq alim və tarixçiləri maraqlandırmaqdadır. Ayrı-ayrı mənbələrdə bu qalanın vulkanlardan yarandığı deyilsə də, bəzilərində əcdadlarımızın kainatı öyrənmək üçün rəsədxana kimi faydalandıqları deyilir. II-IV əsrlərdə Zərdüştilər dövründə dini mərasim yeri, mərhumların minarə içində çöl quşlarına yem olması üçün qoyulma yeri olub, sonra quşlar tərəfindən təmizlənən sümüklər yerə basdırılıb dəfn olunardı. Hazırda da qalanın 15 metrlik dairəsində əcdadlarımızın sümüklərinin tapılması deyilir. Sonralar Xarəzmşahlar dövründə bu abidələr hərbi məqsədlərlə, yəni mühafizəçi, xəbər etmə və müdafiə minarəsi kimi istifadə olunub. VII əsrdə minarə yenidən qurulub, IX-X əsrlərdə Xarəzmşah dövründə yenidən təmir edilib. Çilpiq qalası Qaraqalpaqıstanın ən qədim, əhəmiyyətə malik olan abidələrdən biri olduğu üçün də gerbində Çilpiq üzərində doğan günəş təsviri əks etdirilib. Çilpiq qalası öz möhtəşəmliyi ilə Qaraqalpaqıstana təşrif gətirən xarici və yerli səyyahları daim cəlb etməkdədir. Bütün səyahətçilər bu Zərdüştilər dövründən bəri saxlanılan qəribə yüksəkliyi görüb, üzərinə çıxıb hüdudlara tamaşa edib, onun tarixini eşitməkdən məmnun olurlar. Yurdumuzda qorunub saxlanılan qədim abidələri, onların tarixini, böyük keçmişimizi gələcək övladlara ötürməyi borcumuz hesab edirəm. Özbəkistanda böyük tarixə sahib olan bu kimi tarixi abidələr olduqca çoxdur. Sizin də Qaraqalpaqıstana yolunuz düşsə, əlbəttə, Çilpiq qalasının möhtəşəmliyini gedib öz gözlərinizlə görüb, gəlməyinizi tövsiyə edərdim.
Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun konfrans zalında tanınmış yazıçı-publisist Kənan Hacının 50 illik yubiley törəni keçirilib. Tədbiri giriş sözü ilə açan DGTYB-nin başqanı, şair İntiqam Yaşar yubilyarın həyat və yaradıcılığı haqqında məlumat verib. Yazıçıya Dünya Gənc Türk Yazarlar Birliyinin Xüsusi Diplomunu təqdim edib. Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı Komitə sədri, Millət vəkili Fazil Mustafanın təbrik məktubunu Kənan Hacıya təqdim edib və onun yaradıcılığı ilə bağlı fikirlərini bildirib. Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr üzrə katibi, şair Səlim Babullaoğlu Kənan Hacının müstəqillik dövrü Azərbaycan ədəbiyyatında müstəsna xidmətlərindən danışıb və onun yaradıcılığını yüksək qiymətləndirib. Xalq artistləri Mərahim Fərzəlibəyov, Əli Nur, Əməkdar İncəsənət Xadimi, yazıçı-dramaturq Firuz Mustafa, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru Arif Əsədullayev, tanınmış şair Qəşəm Nəcəfzadə, əməkdar jurnalist Zemfira Məhərrəmli, yazıçı Nurəddin Ədiloğlu, Xatirə Kitab Evinin direktoru Nəzakət Məmmədli, yazıçı Azad Qaradərəli, şair İlham Qazaxlı, şair Zaur Ustac, gənc şair Yusif Nazim, yazıçı Südabə Sərvi, filologiya üzrə fəlsəfə doktoru Leyla Abbasova, ədəbiyyatşünas Aygün Cəfərova, yazıçı Nazilə Gültac və başqaları yazıçı haqqında ürək sözlərini dilə gətiriblər . Bakı Bələdiyyə Teatrının aktyorları Günel Həmidova və Elməddin Zakirli yubilyarın şeirlərini səsləndiriblər. Tədbirin sonunda Kənan Hacı tədbirin təşkilatçılarına və iştirakçılara öz təşəkkürünü bildirib.
Türkiyədə keçirilən “61-ci Kitabxana Həftəsi” çərçivəsində “Azərbaycanın və Türkiyənin aparıcı kitabxanaları: Azərbaycan Milli Kitabxanası və Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanası” mövzusunda onlayn konfrans keçirilib
4 aprel tarixində Azərbaycan Milli Kitabxanasının, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin, Türkiyənin Cumhurbaşkanlığı Millət Kitabxanasının, Bartın, Çankırı Karatekin, Kastamonu və İstanbul 29 Mayıs Universitetlərinin Bilgi və bəlgə yönətimi bölümlərinin birgə təşkilatçılığı ilə “61-ci Kitabxana Həftəsi” tədbirləri çərçivəsində “Azərbaycanın və Türkiyənin aparıcı kitabxanaları: Azərbaycan Milli Kitabxanası və Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanası” mövzusunda onlayn konfrans keçirilib.
Konfransda Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı, Bartın Universiteti Bilgi ve Belge Yönetimi Bölüm Başkanı Doç. Dr. Ahmet Altay, Bartın, Çankırı Karatekin, Kastamonu və İstanbul 29 Mayıs Universitetlərinin Bilgi və bəlgə yönətimi bölümlərinin, Bakı Dövlət Universitetininm İnformasiya və sənəd menecmenti fakültəsinin professor müəllim heyəti və tələbələri də iştirak edib.
Çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov iştirakçıları salamlayaraq “61-ci Kitabxana Həftəsi” münasibətilə hər kəsi təbrik edib. Azərbaycanın ən böyük və zəngin kitabxanası olan Milli Kitabxana haqqında iştirakçılara ətraflı məlumat verib. Milli Kitabxananın Azərbaycanda kitabxana işinin təşkilində mühüm rol oynadığını, Azərbaycanda kitabxana sahəsində dövlət siyasətini həyata keçirən təşkilat kimi faəliyyət göstərdiyini qeyd edib. Milli Kitabxananın Azərbaycan mədəniyyətinin, ədəbiyyatının dünya miqyasında tanıdılmasında xüsusi əhəmiyyət kəsb edən layihələr həyata keçirdiyini, dünyanın 94 ölkəsinin Milli Kitabxanası ilə kitab mübadiləsi apardığını, 54 ölkənin Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzaladığını, yaxın gələcəkdə isə Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanası ilə əməkdaşlıq memorandumu imzalanacağını bildirib. Türkiyə və Azərbaycanın bir xalq, iki dövlət olduğunu belə tədbirlərin keçirilməsi hər iki ölkənin kitabxana işçiləri və tələbələrinə ölkənin ən böyük və aparıcı kitabxanaları ilə tanış olmaq, onların zəngin kitab fondlarından və onlayn xidmətlərindən istifadə imkanı yaradacağına, qarşılıqlı əlaqələrin qurulmasında mühüm rol oynayacağını vurğulayıb.
Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanasının direktoru cənab Ayhan Tuğlu çıxışı zamanı Cumhurbaşkanlığı Millət Kitabxanasının fəaliyyəti haqqında ətraflı bəhs edərək Kitabxananın 2015-ci ildə Prezident cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yaradıldığını və Türkiyənin ən böyük kitabxanası olduğunu, öz fondlarına və xidmətlərinə görə dünyanın qabaqcıl kitabxanaları sırasında yer aldığını söyləyib. Azərbaycan Milli Kitabxanası ilə qarşılıqlı əlaqələrin qurulmasından və birgə fəaliyyətdən məmnun olacağını bildirib.
İnteraktiv müzakirələr fonunda davam edən konfransda iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Usanıb şəhərin küy-kələyindən Gəldim ziyarətə dost məzarını. Gördüm, sıralanmış qəbirlərdə mən Ölümün möhtəşəm addımlarını.
Gəzdim qəbristanı, gəzdim səbirlə Rastlaşdım nə qədər tanış qəbirlə. İnana bilmədim gördüklərimə Şəhərə dönməkmiş, şəhərdən qaçış!
Burda yatanların çoxu, heç demə Mənim öz dostlarım, tanışlarımmış. Orda dən, burda un, arada daş var Zamandır hərlədən bu dəyirmanı.
Bir-bir üyüdülür dostlar, tanışlar Birdən ayılırıq: filankəs hanı? Bəzən üzü durur üzsüz astarın Neçə pilləsi var tək bircə ömrün. Mən hardan biləydim, ölü dostlarım Diri dostlarımdan çox imiş bu gün.
Usanıb şəhərin hay-həşirindən Gəldim ziyarətə dost məzarını. Gördüm, sıralanmış qəbirlərdə mən Ölümün möhtəşəm addımlarını.
Kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucovun xatirəsi məzarı başında anılıb
04 aprel 2025-ci il tarixdə Sumqayıt şəhər şəhidlər xiyabanında 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş “Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun şəhidlik zirvəsinə ucalmasının 9-cu ildönümü məzarı başında qeyd edilib. Anım mərasimində şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, millət vəkili Elman Məmmədov, müharibə iştirakçıları, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Mərasim iştirakçıları şəhid polkovnik-leytenant Raquf Orucovun keçdiyi döyüş yolundan, aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlardan söhbət açmış, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığı şanlı Zəfərdən bəhs etmişlər.