
ÇOX İMİŞ
Xudunun əziz xatirəsinə
Usanıb şəhərin küy-kələyindən
Gəldim ziyarətə dost məzarını.
Gördüm, sıralanmış qəbirlərdə mən
Ölümün möhtəşəm addımlarını.
Gəzdim qəbristanı, gəzdim səbirlə
Rastlaşdım nə qədər tanış qəbirlə.
İnana bilmədim gördüklərimə
Şəhərə dönməkmiş, şəhərdən qaçış!
Burda yatanların çoxu, heç demə
Mənim öz dostlarım, tanışlarımmış.
Orda dən, burda un, arada daş var
Zamandır hərlədən bu dəyirmanı.
Bir-bir üyüdülür dostlar, tanışlar
Birdən ayılırıq: filankəs hanı?
Bəzən üzü durur üzsüz astarın
Neçə pilləsi var tək bircə ömrün.
Mən hardan biləydim, ölü dostlarım
Diri dostlarımdan çox imiş bu gün.
Usanıb şəhərin hay-həşirindən
Gəldim ziyarətə dost məzarını.
Gördüm, sıralanmış qəbirlərdə mən
Ölümün möhtəşəm addımlarını.
May 1998