
KASIB
A varlı adamlar kalan adamlar,
Varından xəyala dalan adamlar,
Bütün bayramları alan adamlar
Nə olar, kasıba bir bayram verin!…
Fəhləsi, alimi, yazarı nədi?
Arzusu, istəyi, bazarı nədi?
Görün nə istəyir, azarı nədi,
Sizi ədalətə çağıran kasıb?!
Firavan yaşamaq eşqin olardı,
Sevincin sinəndə daşqın olardı,
Böyük arzuların kaş çin olardı,
“Azadlıq…,azadlıq…” bağıran kasıb.
Bayram gəlib çatıb, gözləmə daha,
Dövlətin insafı qalıb Allaha.
Ət baha, yağ baha, duz, çörək baha,
Aclıqdan gözləri ağaran kasıb.
Gündə beş-on manat aza çıxırsan,
Qazansan qazancı qaza çıxırsan.
Cəfakeş demişkən -“yaza çıxırsan,
Qışı bir köynəkdə çıxaran kasıb”.
Artır günü-gündən qiymətlər, şişir,
Ürəyin ehtiyac odunda bişir.
Puluna hər şeyin ucuzu düşür,
Bahalı olanla “yox aran”, kasıb.
Məmurlar var yığır, toxundan bıxmır
Hasarlı çöllər də qəlbini sıxmır.
İnəyin, qoyunun yaylağa çıxmır,
Bağlanıb üzünə dağ, aran, kasıb.
Bir qarın çörəyə canından keçən,
Əzablı günləri su kimi içən,
Əli uzanıqlı dünyadan köçən,
Dərdi sinəsində aparan kasıb.
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında









