24 dekabr 2025 tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda təbrizli gənc şair Əli Çağlanın “Katarina” adlı şeirlər kitabının təqdimatı və imza günü keçirilib.
Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, şair Həmid Herisçi, filologiya elmləri doktoru Pərvanə Məmmədli, filologiya elmləri doktoru Esmira Fuad, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, iqtisad elmləri doktoru, şair Rəsmiyyə Sabir, gənc yazar İlahə Səfərzadə, İranlı mühacirlər cəmiyyətinin nümayəndələri cənubşünas, milli fəal Yədulla Kənani, jurnalist Güləddin İsmayılov və başqaları çıxış edib.
Xalq şairi, AYB-nin Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri Sabir Rüstəmxanlının moderatorluğu ilə baş tutan tədbirdə Əli Çağlanın şeirləri təhlil olunub, onun Güney Azərbaycan və Azərbaycan Respublikası arasında ədəbi əlaqələrdəki önəmli fəaliyyətindən bəhs ediblər.
Tədbirin gedişində Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Azərbaycan Yazıçılar Birliyinin Fəxri üzvü təbrizli gənc şair Əli Çağlaya Dünya Gənc Türk Yazarlar Birliyinin üzvülük vəsiqəsini təqdim edib.
Ənənəvi olaraq tədbirin sonunda gənc şairə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə verilən “Ziyadar” mükafatı təqdim olunub. Mükafatı yazarlar cameəsi adından “Yazarlar” jurnalının baş redaktoru, MYK-nın icraçı katibi şair Zaur Ustac təqdim edib.
Qeyd edək ki, Əli Çağlanın bu gün təqdim olunan kitabı Azərbaycanda Bakı şəhərində “Yarasa” nəşriyyatı tərəfindən, daha sonra isə Türkiyədə Ankara şəhərində “Efsun” nəşriyyatında çap olunaraq yayımlanıb.
“Yazarlar” olaraq təbrizli gənc şair dostumuzu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Fotolara görə Arzu Murada sonsuz təşəkkürümüzü bildiririk! Tədbirdən fotolar:
Bu gün Əli Çağlaya AYB-nin “Fəxri üzv” vəsiqəsi təqdim edilib. Vəsiqəni şəxsən Səlim Babullaoğlu özü təqdim edib. Əli Çağla təəssüratlarını sosial şəbəkə üzərindən öz izləyicilərlə bölüşüb:
“5 mart, 2025-ci il Azərbaycan Ədəbiyyat Fondu və DGTYB-nin təqdimatı ilə AYB-nin fəxri üzvlüyünə qəbul olunmuşdum, amma vəsiqəni əldə etmək bu günə qismət oldu. Hər kəsə təşəkkürlər! Dünən ədalətli xalq yazıçımız Anar müəllim dedi ki, gör sən nə qədər xoşbəxtsən ki, 23 yaşın var, AYB-nin fəxri üzvüsən, çünki fəxri üzvlərimizin hamısının 40-dan çox yaşı var!..”
YAZARLAR.AZ olaraq , Əli Çağlanı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Dəcəlliyimdən adımı tülkü səsləyərdilər uşaqlar, Uşaqlığımda bir qara topum var idi Bütün nifrət pəncərələrini tuşlayardım. Yox, indi nifrət pəncərəsindən baxa bilmərəm bu yaşımda. Bu yaşımda çaxnaşır ürəyimin hər tərəfi. Təcrübələrimi alovlandıran sevgidirsə bir tərəfində, Bir tərəfində sükut içindədir nifrət Qalaqlandırır zamanın kölgəsində tonqalını. Sənin gedişindən sonra öyrəndim Güclənmək, səssizlikdən ibarətdir.
Bipolyar olduğumu dediyində psixoloqum Sındın, Uşaqlıqda qara topum ilə sındırdığım pəncərələrin şüşələri kimi. Sonra maşında danışmadın, susdun, Həmin susqunluqdan başladı aramızdakı savaş, Mən ucadan güləndə, sən deyirdin “Sus… Yavaş”. Maşında ayağımın altında bir qara top var idi – qızın Hananın idi. Bir yorğanımız da var idi arxa oturacaqda Hərdən qonşular görməsin deyə arasında gizlənərdim evə qədər, O da bizim deyil idi, ananın idi. Bir qara topumuz var idi olub-qalan, Bir şüşəsi sınmış pəncərə, Bir səsimi qonşular eşitməsin deyə sakitcə dediyin “Sus… Yavaş.” Bir də mənim səni sevdiyimdən Melanxolik duyğularımda həmişə şübhələndiyimdən yaranan savaş!
Bu savaşda yenidən doğurdumsa hər şeyi, Hər şeyi bir gecədə gömdün xatirələrdə. Nə qədər nəhs imiş ayaqlarım; Məndən sonra həyətində çiçəklər açdı, Məndən sonra günəş sevdiyin kimi saçdı, Məndən sonra Kiti¹ də doğdu ala-bula yavrularını, Məndən sonra, nə bilim o sevgilisi sarı pişik harasa qaçdı. Səni öpdüyüm yatağın altındamı əmizdirir övladlarını? Yatağın altında pişiklərin həyatının davam etməsinə baxma Üstündəsə sən həyatı davam etdirirsən tək başına. Savaşına giribsən, mənə nifrət etməyin savaşına. Ayaqdamı öpüşürdük? Yoxsa ayaqda qalmaq üçün döyüşürdük? Bu savaşda səni, sənin sevdiyin əllərim ilə yaraladım, Bu savaşda bilmədən, bilmədən, bilmədən ağ bəxtimi qaraladım.
Təzadlar dünyasında simfoniya idisə sevgimiz, Qəlb krizi keçirdi orkestrin rəhbəri ayrılıqdan. Ayrılıqdan başladı heç zaman əlimizə çatmayan duyğular Və mən pullarımı psixi dərmanlara investisiya etdim. Sən isə mənim dərdlərimlə özünü məhv etdin. Yıxma, bütün günahları mənim boynuma Bu simfoniyanı dinləmədən vaz keçdik hər şeydən Və gecələrin sükutundan qorxmağımıza haq verirəm indi. İndi… Ax… Yadımdan çıxmamış bunu da deyim ki, Dünən gecə duzum da bitib-tükəndi mətbəximdə İndi yaralarımın üzərinə xatirələrimizi səpirəm…
Sənin gedişindən sonra nə qədər qar olub yağdım?! Nə qədər özüm-özümə bulud oldum, özümü sağdım?! Nə qədər göy olub guruldadım?! Nə qədər özümü sənin hələ getməməyinlə tovladım?! Sənin gedişindən sonra Durdurdum əqrəbəsini saatların Hər saniyə içimdə yandı, Hər saniyə, içim də yandı, Hər saniyənin içində yandım.
Sənin gedişindən sonra öyrəndim, Güclənmək, səssizlikdən ibarətdir! Of… Susa bilmirəm sevgilim, Yəni güclənə bilmirəm ey ruhuna işgəncə verdiyim qadın. İçimdəki bu alovu Sonsuzluq dənizinin dalğaları da söndürə bilməz, bilirəm.
Gücsüzlük, içimdəki alovlarla savaşan dənizin abraziyasıdır Bir azdan intihar edəcəyəm, darıxma! Əzaya Bakıdan da gələcəkmi dostlarım? Çünki sabah içimdəki xatirələrin yasıdır…
Sonuncu nəfəsimdən sonra Sınacaq şüşələr, Dayanacaq əqrəbələr Və sağ gözümdən bir qara top diyirlənəcək ortalığa…
Əli Çağla, 2002-ci il iyun ayının 26-da Təbriz şəhərində doğulmuşdur. O, humanitar elmlər fakültəsində təhsil etmişdir. Əli Çağlanın şeirləri və hekayələri Azərbaycan, Türkiyə, İraq, Güney Azərbaycan, İran, Almaniya ölkələrinin mətbuatlarında çap olunmuşdur. Əli, Azərbaycan, Türkiyə və dünya ədəbiyyatının adlım əsərlərini tərcümə edib Güney Azərbaycanda çapa yetirmişdir. Əli, həm də Azərbaycan Ədəbiyyat Fondunun Statusunda Güney Azərbaycan təmsilçisi kimi üzvdür.
Əli Çağla “Dəlilərin sevgisi”, “Niyar karvanı”, “Balıqsız dəniz” adlı romanlarının müəllifi olmuş olsa da, o kitabların İranda çıxmağına hökümət tərəfindən qadağa qoyulmuşdur.
OYANMAQ
Bir şəhər görürəm yuxularımda
Qaranlıq küçələrində şüşəsi açıq buraxılmış boş maşınlar
Divarlarında qan spreyi ilə yazılmış qəzəblər
Polislərin işləri yoxdur qəzəbçilərlə
Sprey satanları axtarırlar
Və millətin qanını sorub millətə bahasına satan spreyçilər