Əli Çağla – Qara top

QARA TOP

(proza)

Dəcəlliyimdən adımı tülkü səsləyərdilər uşaqlar,
Uşaqlığımda bir qara topum var idi
Bütün nifrət pəncərələrini tuşlayardım.
Yox, indi nifrət pəncərəsindən baxa bilmərəm bu yaşımda.
Bu yaşımda çaxnaşır ürəyimin hər tərəfi.
Təcrübələrimi alovlandıran sevgidirsə bir tərəfində,
Bir tərəfində sükut içindədir nifrət
Qalaqlandırır zamanın kölgəsində tonqalını.
Sənin gedişindən sonra öyrəndim
Güclənmək, səssizlikdən ibarətdir.

Bipolyar olduğumu dediyində psixoloqum
Sındın,
Uşaqlıqda qara topum ilə sındırdığım pəncərələrin şüşələri kimi.
Sonra maşında danışmadın, susdun,
Həmin susqunluqdan başladı aramızdakı savaş,
Mən ucadan güləndə, sən deyirdin “Sus… Yavaş”.
Maşında ayağımın altında bir qara top var idi – qızın Hananın idi.
Bir yorğanımız da var idi arxa oturacaqda
Hərdən qonşular görməsin deyə arasında gizlənərdim evə qədər,
O da bizim deyil idi, ananın idi.
Bir qara topumuz var idi olub-qalan,
Bir şüşəsi sınmış pəncərə,
Bir səsimi qonşular eşitməsin deyə sakitcə dediyin “Sus… Yavaş.”
Bir də mənim səni sevdiyimdən
Melanxolik duyğularımda həmişə şübhələndiyimdən yaranan savaş!

Bu savaşda yenidən doğurdumsa hər şeyi,
Hər şeyi bir gecədə gömdün xatirələrdə.
Nə qədər nəhs imiş ayaqlarım;
Məndən sonra həyətində çiçəklər açdı,
Məndən sonra günəş sevdiyin kimi saçdı,
Məndən sonra Kiti¹ də doğdu ala-bula yavrularını,
Məndən sonra, nə bilim o sevgilisi sarı pişik harasa qaçdı.
Səni öpdüyüm yatağın altındamı əmizdirir övladlarını?
Yatağın altında pişiklərin həyatının davam etməsinə baxma
Üstündəsə sən həyatı davam etdirirsən tək başına.
Savaşına giribsən, mənə nifrət etməyin savaşına.
Ayaqdamı öpüşürdük?
Yoxsa ayaqda qalmaq üçün döyüşürdük?
Bu savaşda səni, sənin sevdiyin əllərim ilə yaraladım,
Bu savaşda bilmədən, bilmədən, bilmədən ağ bəxtimi qaraladım.

Təzadlar dünyasında simfoniya idisə sevgimiz,
Qəlb krizi keçirdi orkestrin rəhbəri ayrılıqdan.
Ayrılıqdan başladı heç zaman əlimizə çatmayan duyğular
Və mən pullarımı psixi dərmanlara investisiya etdim.
Sən isə mənim dərdlərimlə özünü məhv etdin.
Yıxma, bütün günahları mənim boynuma
Bu simfoniyanı dinləmədən vaz keçdik hər şeydən
Və gecələrin sükutundan qorxmağımıza haq verirəm indi.
İndi… Ax… Yadımdan çıxmamış bunu da deyim ki,
Dünən gecə duzum da bitib-tükəndi mətbəximdə
İndi yaralarımın üzərinə xatirələrimizi səpirəm…

Sənin gedişindən sonra nə qədər qar olub yağdım?!
Nə qədər özüm-özümə bulud oldum, özümü sağdım?!
Nə qədər göy olub guruldadım?!
Nə qədər özümü sənin hələ getməməyinlə tovladım?!
Sənin gedişindən sonra
Durdurdum əqrəbəsini saatların
Hər saniyə içimdə yandı,
Hər saniyə, içim də yandı,
Hər saniyənin içində yandım.

Sənin gedişindən sonra öyrəndim,
Güclənmək, səssizlikdən ibarətdir!
Of… Susa bilmirəm sevgilim,
Yəni güclənə bilmirəm ey ruhuna işgəncə verdiyim qadın.
İçimdəki bu alovu
Sonsuzluq dənizinin dalğaları da söndürə bilməz, bilirəm.

Gücsüzlük, içimdəki alovlarla savaşan dənizin abraziyasıdır
Bir azdan intihar edəcəyəm, darıxma!
Əzaya Bakıdan da gələcəkmi dostlarım?
Çünki sabah içimdəki xatirələrin yasıdır…

Sonuncu nəfəsimdən sonra
Sınacaq şüşələr,
Dayanacaq əqrəbələr
Və sağ gözümdən bir qara top diyirlənəcək ortalığa…

——-

¹ Kiti: Pişik adıdır.

Müəllif: Əli Çağla

ƏLİ ÇAĞLANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir