Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində yazıçı publisist Ruhiyyə Abbaszadənin 50 illik yubileyi onun “Yazmaq üçün susuram” və “Vətənə yazılmış ömür” kitablarının ictimaiyyətə təqdimatı ilə baş tutub.
Bu tədbir yubilyar xanımın həm 50 illik ömür yolunun, həm də 30 illik yaradıcılığının hesabatı idi. Rayon ictimaiyyətinin fəal nümayəndələri ilə yanaşı, respublikamızın müxtəlif bölgələrindən dəvət olunmuş tanınmış simaların da tədbirdə iştirakı R.Abbaszadənin poeziya və nəsr əsərlərinə maraqdan soraq verirdi.
AYBirliyi Lənkəran bölməsinin sədri yazıçı dramaturq Qafar Cəfərli, AYB üzvləri paytaxtda yaşayan qubalı yazar şəhid bacısı Təranə Musayeva, zəngilanlı şairlər Natiq Xosrov və Mahir Cavadlı, istedadlı qələm sahibləri Günay Ümid, Gülər Mübariz çıxışları ilə sözün gücünə dəyər qatdılar. Çıxışlarda Ruhiyyə xanımın qələmindən süzülən misralar səsləndirildi, hekayələrindən sitatlar gətirildi. Vətənpərvər xanımın yurd, torpaq sevdalı misraları qiraətçilərin ifasında tədbiri daha da rövnəqləndirdi.
El adamı, rayon ziyalısı kimi Ruhiyyə xanımın yaradıcılığı gənc nəslin tərbiyəsində əhəmiyyətli amil kimi dəyərləndirildi. Şəhid ailələri üzvlərinin minnətdarlıq dolu ürək sözləri, qələm dostlarının yaradıcılığına işıq tutan dolğun ifadələri, arzu və təklifləri ədəbiyyat məclisində qızğın və maraqlı söhbətlərə yol açdı. Vurğulandı ki, R.Abbaszadənin bu illər ərzində yazdığı hər şeir və hekayə bir ömrün izini daşıyır.
Tədbir yaddaşlarda ədəbiyyatın, vətən sevgisinin, insanlıq borcunun tərənnümü kimi yadda qaldı. Ruhiyyə Abbaszadənin ömrü və yaradıcılığı bir daha sübut etdi ki, sözün gücü zamanın sınağından keçərək insanın qəlbinə yol tapır.
Uzaqlarda bir ev var, ata evidir adı, Orda bişən xörəyin getməz damaqdan dadı.
Böyüyüb qocalarsan, varın dövlətin olar, Ancaq elə həmişə qəlbin o evdə qalar.
Köhnəlsə də , uçsa da , can atarsan oraya, Gedərsən, xatirələr yenə çatmaz haraya.
Uşaqlaşıb bir anlıq, hər kəsi sağ görərsən, Gəzib həyət- bacada nəfəsini dərərsən.
Gözlərin yaşarsa da dodağın gülümsəyər, Özünü unudarsan,başın qapıya dəyər.
Qəfil xatırlayarsan, həmin uşaq deyiləm, Saçım ağ, boyum uzun gərəkdir ki, əyiləm.
Xatırlarsan, atan da başın əyib keçərdi, Baş əydiyi qapıya hələ and da içərdi.
Baş bulayıb keçərsən, dünyadan giley edib, Deyərsən ki,”İlahi o dövran çoxdan gedib”.
Oturarsan həyətdə köhnə kətil üstündə, Yanarsan, alışarsan boğularsan tüstündə.
Ayrılarsan o evdən, düzələrsən yoluna, Heç nə təsəlli olmaz o çarəsiz halına.
Arzu Əyyarqızı, “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı laureatı, şair-publisist
MÜKAFATLARIM Bu günə qədər bir neçə fəxri diplom və mükafatla təltif olunsam da, heç vaxt bunu qabardıb mənəmlik etməmişəm. Həmişə tərifdən qaçıb, belə şeyləri qabartmağa, paylasmağa utanmışam nədənsə. Baxmayaraq ki, bəziləri pul ilə nələrsə əldə edib adamın az qala gözünə soxur ki, mənim belə titullarım var. Mən həmişə düşünmüşəm ki, heç bir fəxri ad insanın öz adından üstün ola bilməz. Kimsə mənim adımın yanındakı “artırmalara” -titullara görə hörmət edəcəksə, etməsin daha yaxşı. Amma hər halda mənim boynumda bir təşəkkür borcu, minnətdarlıq yükü var. İndiyə kimi və bu il ərzində aldığım üç fəxri diplomlara məni layiq görən iki şəxsə: fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, tərcüməçi, araşdırmaçı, yazıçı-publisist, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi İlqar İsmayılzadəyə, həmçinin, “Yazarlar” Jurnalının baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, şair və publisist Zaur Ustaca minnətdar olmaq istərdim. Mən istəyirəm əvvəlcə bu alınan diplom və nişan, mükafatların mahiyyətini də sadalayım. Və bu təşəkkür üçün qələmə aldığım yazını yekunlaşdırım. Fəxri mükafat – insan ömrünün səssiz salnaməsidir. O, illərin zəhmətini bir damla işıqda toplayır, əməyi rəmzə çevirir, vicdanı tarixə yazır. Medal sinədə parlayanda, sanki illərin yorğunluğu sözə çevrilir. Bir damla göz yaşı, bir təbəssüm, bir ömrün hekayəsi o kiçik dairədə gizlənir. Nişan – tarixin yaddaşıdır. Bir xalqın kimliyini, bir ömrün amalını göstərir. O, sahibinə deyil, bütöv bir xalqa deyir: “Fədakarlıq unudulmaz, zəhmət əbədi yaşar”. Mükafat – bir ömrün zirvəsi, bir yolun sonunda açılan işıq qapısıdır. O işıqdan başqaları da yol tapır, çünki mükafat yalnız sahibinə deyil, gənclərə ümid, cəmiyyətə nümunədir. İlqar müəllim tərəfindən mənə verilmiş “Həməşəra” Fəxri Diplomu – doğma torpağın, doğma insanların sevgisini və etimadını əks etdirir. Bu diplom bir ömrün köklərinə bağlılığın, insanlara xidmətin rəmzidir. Onun bu il mənə təqdim etdiyi “Nizami Gəncəvi” Fəxri Diplomu sözün qüdrətinə verilən bir qiymətdir. Nizami irsinin işığında alınan bu diplom, poeziyanın əbədiyyətlə qovuşan parıltısını daşıyır. Zaur Ustac müəllim tərəfindən təltif edildiyim “Ziyadar” Mükafatı isə – ziyalı yolunun təsdiqidir. Bu diplom, maarifə, elmə və mədəniyyətə xidmətin işığını simvolizə edir. Bu diplomlar bizim ömrümüzün poetik salnaməsinə yazılmış parlaq səhifələrdir. Onlar yalnız bir şəxsi təltif deyil, həm də bir cəmiyyətin minnətdarlığıdır. Hər biri bizim yolunuzun bir mərhələsini işıqlandırır, hər biri bir ömrün fədakarlığını təsdiqləyir. Fəxri mükafatlar, medallar, nişanlar və diplomlar – hamısı bir amalın, bir ömrün, bir vicdanın rəmzidir. Onlar bizə öyrədir ki, insanın ən böyük mükafatı onun əməyinin cəmiyyətin yaddaşına həkk olunmasıdır. Beləliklə bir daha təşəkkür edir, hər kəsə layiq olduqları qiyməti almasını arzulayıram. Qələmimə verilən dəyər, imzama edilən hörmət sizə olan məsuliyyətimi, boynuma düşən şairlik borcumu daha da artırır.
Ümid edirəm ki, bundan sonra da qələmimi ədəbiyyata vicdanımla xidmət edən görəcəm.
21.12.2025
Arzu Əyyarqızı, “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı laureatı, şair-publisist
ƏBƏDİ RUHUN PAYI (Arzu Əyyarqızının “Ən müqəddəs pay kəlağay” kitabı haqqında düşüncələrim)
Arzu Əyyarqızı milli dəyərlərimizi sözlərlə yaşadan nadir səslərdəndir. O, ən adi əşyada belə müqəddəslik və ruh görməyi bacarır. Arzu xanımın qələmi həm incə, həm də dərin mənalıdır. O, milli ruhumuza sözlərlə qida verən, milli ruhda yaşadan nadir müəllifdir. Şairə xanım, hər cümlədə hiss və tarix toxuyan bir sənətkar olmaqla bərabər, həm də qələmi ilə sükutu danışdırır, ruhu oyadır. Bəzi dəyərlər var ki, onları sözlə izah etmək çətindir. Onlar nə əşya, nə də sadəcə ənənədir. Onlar yaddaşdır, ruhdur, kökdür. KƏLAYAĞ da məhz belə bir dəyərdir. O, qadının başını örtən parça deyil, o qadının taleyini, ana dualarını, xalqın min illik mənəvi tarixini çiyinlərində daşıyan müqəddəs bir paydır. Bəzən bir parça bir ömür qədər ağır olur. Kəlayağ da belıdir. O, ipəkdən deyil, ana nəfəsindən qadın səbrindən, min illərin sükutundan toxunub. Başlara örtülən kəlayağ əslində, qəlblərin üstünü örtür, dağılmasın deyə, sınmasın deyə. Arzu Əyyarqızının “Ən müqəddəs pay kəlayağ” kitabı bir əşyanın deyil, bir mədəniyyətin taleyinin hekayəsidir. Kitab bir xalqın kövrək yaddaşının kitabıdır. Səhifələrdə danışan sözlər yox, danışmayan analardır. Burada hər kəlayağ bir taledir – sevincini içinə axıdan, kədərini susaraq daşıyan qadın taleyi. Hər ilməsində ana nəfəsi, hər rəngində qadın göz yaşı, hər naxışında millətin sükutla dediyi sözlər yaşayır. Kəlayağ Azərbaycan qadınının həyat yolunu müşayət edən səssiz şahiddir. O, sevincdə başa bağlanıb, kədərdə göz yaşı silib, toyda ümid, yasda təmkin olub. Qız anasının sandığından kəlayağ götürəndə təkcə parça deyil, nəsildən-nəsilə ötürülən bir etibar olub. Bu mənada kəlayağ ana ilə qız arasında qurulan görünməz bir körpüdür; sözsüz, amma möhkəm. Arzu xanım, bu kitaba belə bir ad qoymaqla kəlayağını milli kimliyin poetik simvoluna çevirir. Müəllifin dili elə toxunur ki, oxucu kəlayağının ipəyini deyil, ruhunu hiss edir. Bu yazılarda tarix quru fakt kimi deyil, qadın talelərinin içindən süzülən canlı həqiqət kimi danışır. Burada mədəniyyət muzey vitrini deyil, ev OCAĞIDIR – İSTİ, KÖVRƏK VƏ MÜQƏDDƏS. Kitabın adı bizə xatırladır ki, milləti yaşadan təkcə torpaq deyil, dəyərlərə göstərilən ehtiramdır. Kəlayağ qorunduqca qadının hörməti, ananın haqqı, ailənin bərəkəti də qorunur. Ona görə də kəlayağ bu kitabda yalnız keçmişin xatirəsi yox, gələcəyin məsuliyyəti kimi təqdim olunur. “Ən müqəddəs pay kəlayağ” kitabı oxucuya sadəcə oxumaq üçün deyil, düşünmək, hiss etmək, köklərə qayıtmaq üçün yazılıb. Bu kitabda müxtəlif mövzular, ayrı-ayrı şeir adları olsa da ,hər cümlə sükutla danışır, hər fikir insanı öz ana nənəsinin sandığına aparır. Və insan anlayır ki, bəzən bir xalqın bütün tarixi bir kəlayağ qədər incə, bir o qədər möhkəm ola bilər. Kitabda adı çəkilən kəlağaya verilən dəyərin sözə çevrilmiş formasıdır. Bu sözləri oxunduqca kəlağay yenidən yaşayır – başlarda deyil, qəlblərdə. Kəlayağı qadının susqun dilidir. O, qız vaxtı ümid olub, gəlin vaxtı səbr, ana vaxtı dua, qoca vaxtı xatirə. Toyda ağ olub sevincini gizlədib,vyasda qara olub dərd ucaldıb. Kəlayağ qadının ağrısını göstərməyən, amma hamısını bilən sirdaşdır. Arzu Əyyarqızı kəlağayını sandıqdan çıxarıb tarix kitabına deyil, oxucunun qəlbinə qoyur. Elə buna görə də bu kitab oxunmur – hiss edilir. Kitab bizə xatırladır ki, millət həm bayraqla, həm də ana başındakı kəlağayla yaşayar. O, düşməsə, xalq da düşməz. O, unudulsa, yaddaş susar. Kitab kəlağaya yazılmış söz deyil, kəlayağın öz duasıdır. Oxucu onu oxuyarkən səsini qaldırmir, çünki müqəddəs şeylər pıçıltı ilə danışılır. Bu kitab bitmir – kəlayağ kimi, oxucunun yaddaşında başa dolanıb qalır. Bir gün sözlər unudular, amma bu kitabdan sonra kəlayağ heç vaxt adi parça olmayacaq. Kəlayağ başdan düşə bilər, amma bu kitabdan sonra yaddaşdan düşməz. Kitab oxunulur, kənara qoyulur, amma oxucunun iç alımində, ruhunda kəlayağ qalır. Sözlər bitir, amma müqəddəs pay daim qalır. Kitabda müxtəlif mövzulu şeirlər qəlbin sükutunda danışır. Sözlər sadə, amma ruhda əbədi iz buraxır. Kitabdakı şeirlər milli ruhun və qadın talelərinin səssiz şahididir. Hər misrada tarix, hər sətirdə sevgi yaşayır. Oxucu sükutu dinləyir, şeirlər isə eşqi yaşayır. Şeirlər kəlağay kimi incə, ruh oxşayan duyğular oxucunu zamanın içindən keçirir, keçmişi hiss etdirir, gələcəyə yol göstərir. Hər sətir bir dua, hər misra bir ömrün əksi kimi yazılıb. Kitabı oxuyarkən yalnız sözləri deyil, anaların səbrini qadınların taleyini və xalqın ruhunu hiss edir. Hər şeir bir yol göstərir; tarixə, yaddaşa, duyğulara. Burada hər söz milli ruhun bir əks-sədası, hər misra isə qadın taleyinin parlaq işığıdır. Arzu Əyyarqızının bu kitabındakı hər şeir bir ömürdür – qısa, amma iz buraxan. Sevgi şeirləri ən ülvi duyğularla, böyük məharətlə sevgi dünyasına qonaraq sevən aşiqlərə sevginin sehrini, alovunu, ehtirasını ali sevgi misraları ilə qələmə alınmışdır. Və nəhayət, kitab oxunularaə sona çatır. Amma müqəddəs payın hekayəsi ruhda əbədiləşərək… 14.12.2025
Etiraf – insanın içində gizlənmiş sirrin işığa çıxmasıdır. O, həm qorxunun, həm də azadlığın qapısını açır. Hər bir etiraf bir sarsıntı, bir titrəyişdir. Lakin bu titrəyişin ardında yüngüllük, rahatlıq gizlənir. İnsan bəzən öz yükünü daşımaqdan yorulur. Susqunluq içində böyüyən söz, vicdanın dərinliyində çırpınan səs bir gün dilə gəlmək istəyir. Etiraf – bu səsin azadlığıdır. O, insanı gizlinin əsarətindən qurtarır, daxili gərginliyi yumşaldır. Etiraf edən insan özünü daha aydın görür, öz kölgəsini tanıyır. Etiraf yalnız psixoloji yüngüllük deyil, həm də mənəvi yüksəlişdir. Günahı qəbul etmək, bağışlanma arzusuna yönəlmək – etirafın ilahi tərəfidir. İnsan etirafla öz vicdanına hesabat verir, Tanrıya doğru bir addım atır. Etiraf – imanla birləşən cəsarətdir. O, insanı təmizləyir, ruhunu saflaşdırır. Etiraf – həm zəiflik, həm gücdür. Zəiflik- çünki insan özünü açır. Güc – çünki bu açıqlıqla azad olur. Etiraf – insanın özünə və başqasına açılan pəncərədir. O pəncərədən baxanda insan həm öz kölgəsini, həm də işığını görür. Etiraf – gizlinin azadlığıdır. Susqunluq insanı ağırlaşdırır, etiraf isə yüngülləşdirir. Sevgi gizlənəndə solur, söylənəndə çiçəkləyir. Psixoloji tərəfdən etiraf insanı öz yükündən azad edir. İçində gizlənmiş söz dilə gələndə insan özünü daha aydın tanıyır. Etiraf – vicdanın səsi, ruhun nəfəsidir. Deyilməyən sevgi, yaşanmayan xoşbəxtlikdir. Mənəvi tərəfdən isə etiraf insanı saflaşdırır. Günahı qəbul etmək, bağışlanma arzusuna yönəlmək – etirafın ilahi tərəfidir. Etiraf – insanın Tanrıya doğru atdığı addımdır. Bağışlanma etirafdan doğar, etiraf isə cəsarətdən. Nəticədə etiraf həm zəiflik, həm də gücdür. Zəiflik – çünki insan özünü açır. Güc – çünki bu açıqlıqla azad olur. Etiraf – həm yükdən azadlıq, həm də yeni başlanğıcdır. Sevgi varsa, onu demək -ən böyük etirafdır. Anaya, ataya, doğmalara sevgini dilində söyləmək – insanın ən saf gücüdür. Hələ də gec deyil. Etiraf etməyə tələsin.” Sonra ” deməyin. Sonralar həmişə olmur. Ya sən gecikirsən ya da ölüm tələsir. Və sonra…sonra olmur. Etiraf edirəm mən də gec olmadan, bütün insanları sevirəm. Yetər ki, insan olaq. Bəşəriyyətin kainata olan doyulmaz sevgisi də elə Tanrının bizi sevmək etirafıdır.
26.11.2025
Arzu Əyyarqızı, “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist