
Uzaqlarda bir ev var
Uzaqlarda bir ev var, ata evidir adı,
Orda bişən xörəyin getməz damaqdan dadı.
Böyüyüb qocalarsan, varın dövlətin olar,
Ancaq elə həmişə qəlbin o evdə qalar.
Köhnəlsə də , uçsa da , can atarsan oraya,
Gedərsən, xatirələr yenə çatmaz haraya.
Uşaqlaşıb bir anlıq, hər kəsi sağ görərsən,
Gəzib həyət- bacada nəfəsini dərərsən.
Gözlərin yaşarsa da dodağın gülümsəyər,
Özünü unudarsan,başın qapıya dəyər.
Qəfil xatırlayarsan, həmin uşaq deyiləm,
Saçım ağ, boyum uzun gərəkdir ki, əyiləm.
Xatırlarsan, atan da başın əyib keçərdi,
Baş əydiyi qapıya hələ and da içərdi.
Baş bulayıb keçərsən, dünyadan giley edib,
Deyərsən ki,”İlahi o dövran çoxdan gedib”.
Oturarsan həyətdə köhnə kətil üstündə,
Yanarsan, alışarsan boğularsan tüstündə.
Ayrılarsan o evdən, düzələrsən yoluna,
Heç nə təsəlli olmaz o çarəsiz halına.
Arzu Əyyarqızı,
“Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı laureatı, şair-publisist
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında
GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI