Etiket arxivi: Əli Nəcəfxanlı

Əli NƏCƏFXANLI: Unudulmaz Dadaş kişi


Unudulmaz Dadaş kişi

Artıq 40 günə yaxındır ki, daha bir el ağsaqqalı aramızdan gedib. Sanki dünyamızın bir tərəfi boş qalıb. Çünki o, el-oba arasında, qonum-qonşu yanında yeri görünənlərdən idi. Söhbət Yardımlı rayonunun Alçabulaq kəndindən olan Dadaş Musa oğlu Mənsimovdan gedir.2025-ci il dekabrin 10-da, uzun sürən xəstəlikdən sonra haqqa qovuşub.
Onunla ilk dəfə 2001-ci il noyabr ayının 14-də Sumqayıtda görüşmüşəm. Mənim bacım qızı Könüllə onun bacısı oğlu Aftilin toyunda. Ucaboylu, səliqə-sahmanlı biri idi. Mikrofonu götürüb ağsaqqal kimi çıxış edərək bəy-gəlinə müdrikanə xeyir-dua verməsindən necə bir ağırtaxta kişi olduğunu görüb duymuşam. Sonrakı yaxınlıqlar zənnimdə zərrəcə yanılmadığımı göstərib.
…Adının mənası: “Dadaş” sözü böyük qardaş”, “mərd”, “cəsur”, “igid” mənalarını verir. Dürüstlük, sözə bağlılıq, qorxmazlıq və yardımsevərlik kimi xüsusiyyətləri ifadə edən bu xitab kişi adı olaraq xüsusi isim səviyyəsinə qalxıb. Elə uzun illər Yardımlıda hərbi komissarın müavini, Sumqayıtda yataqxanalar birliyinin rəisi olmuş rəhmətlik atası Musa kişi ona bu adı qoyanda həmin məziyyətlərin sahibi olmasını arzu edib. Beləliklə, 1940-cı ildə doğulan, 2025-ci ildə 85 yaşında dünyasını dəyişən Dadaş kişi adının önəmini azaltmayıb, əksinə artıra bilib.
…Soyadının mənası: “Mənsim”in sırf ayrıca anlamı olmasa da, məsum, yəni günahsız, təmiz, heç bir qəbahəti olmayan mənasını verən sözün dəyişmiş ifadəsində kimlik bildirir. Dadaş kişi öz adına olduğu kimi, soyadına da uyğun həyat mövqeyi ilə tanınıb. Zahirən də məsum çöhrəli idi.
Ümumtəhsil məktəbini doğma Alçabulaq kəndində bitirən Dadaş Mənsimov əvvəlcə texnikumda mühasiblik peşəsinə yiyələnib. Bir müddət Sumqayıtda çalışdıqdan, ovaxtkı Xalq təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) bitirib diplom aldıqdan sonra Yardımlıya qayıdıb. Kolxoz və sovxozlarda baş mühasiblik edib, rayon partiya komitəsi (indiki icra hakimiyyəti) hüquq şöbəsinin müdiri, sovxoz direktoru, şərab zavodunun, aqrar-sənaye birliyinin baş direktoru olub. Sonuncu iş yeri – ƏƏSMN-nin rayon Məşğulluq İdarəsinin direktorluğundan təqaüdə çıxıb. Təltifləri, mükafatları da çox olub.
…Xarakterinin mayası.Əsas odur ki, harada və hansı vəzifədə çalışmağından asılı olmayaraq, Dadaş Mənsimov etimadı doğruldub, hörmət-izzət qazanıb. Elə vəfatı barədə xəbəri eşidənlərin təsirlənməsindən də göründü ki, Dadaş kişi elin kisəsindən gedənlərdəndir.
XVII əsr ispan mütəfəkkiri Baltasar Qrasia “Kamillil elmi” adlı məşhur fəlsəfi traktatında yazırdı: “Cahilin bədbəxtliyi ondadır ki, o, həyat amalını, məşğuliyyətini, doğma diyarda, dostlar arasında yerini seçməkdə səhv edir”. Bu baxımdan Dadaş kişi kamillik göstərib və Yardımlıda, el-oba arasında çalışmağı üstün tutub. Bəsirətli, həssas, lütfkar, xoş məramlı şəxsiyyət kimi ürəklərdə taxt-tac qura bilib.
Dadaş kişi ziyalılar ailəsinin başçısıdır. Böyük oğlu Qurban Mənsimov Yardımlıda Sırıq inzibati ərazi dairəsi üzrə icra nümayəndəsidir. Şahin Mənsimov Sumqayıtın tanınmış stomatoloqlarındandır. Uzun müddət Şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserində baş həkim olub. İndi də sevimli peşəsində çalışır.
Bacısı Qönçə xanımın Yardımlıda dəfn mərasimindən Sumqayıta qayıdandan sonra ona başsağlığı verməyə gedən qohum-əqrabaya dediyinə görə, yas məclisinə rayon rəhbərliyi, geniş ictimaiyyət nümayəndələri, eşidən-bilən hər kəs gəlmişdi. Şahingil onu haqq dünyasına layiq olduğu səviyyədə, necə deyərlər, böyük urvatla uğurlayıblar…
…Sonluq əvəzi.Onun xətir-hörməti Yardımlıdan üzübelə – Masallı, Cəlilabad, Salyan, Bakı, Sumqayıt coğrafiyasını əhatə edirdi. Masallıdan olan qələmdaşlarımdan gətirdiyim aşağıdakı sitatlar, məncə, yerinə düşər:
Tələbə yoldaşım, yazıçı-publisist Nurəddin Ədiloğlu yazır ki, gedənin arxasında yarımçıq qalan sözlər, yazılmamış sətirlər, deyilməmiş xatirələr qalır. Elə insanlar var ki, cismani olaraq bu dünyadan köçsələr də, yoxluqları ilə daha çox görünürlər. Onlar yaşadıqları ömrün mənası, əməllərinin izi, dost yaddaşında qoyduqları səs-küy qədər ölümsüz olurlar.Dadaş kişi də elələrindəndir.
Digər qələm dostum Nurməmməd Ağa isə yazır:
Varlığın yaşayır yoxluğunda da,
Səni həsrət ilə anır dostların.
Ölüm haqq olsa da… Gerçək olsa da,
Sənin ölümünə yanır dostların.
Mənsə Dadaş kişinin itkisinin yaratdığı ağrının, xatirələrin və sükutun içindən süzülüb gələn bu ehtiram yazısını 40 mərasimi ərəfəsində onun ruhuna ərməğan edirəm. Hədislərdə vəfat edən üçün 40 mərasimi keçirilməsinin vacibliyi qeyd olunur. Əsas məram dünyadan köçən əzizimizi anmaqdır. İnsanların oraya gəlməsi doğmasını itirən şəxsin kədərini paylaşmaqdır. Çünki sevinci paylaşan zaman çoxalır, qəmə isə şərik olanda azalır.
Allah Dadaş kişinin o dünyasını versin…
Müəllif: Əlir Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Məmməd Aslanın yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əlir Nəcəfxanlı – TƏCNİS

TƏCNİS
Çağlayan dənizdi mavi gözləri,
Döysün dalğasıyla yar, ada – məni.
Neynirəm padşahın mükafatını,
Əgər layiq bilə yar ada məni.

Sevdim tək gözəli, qaldım tək təki,
Yadına salmazmı məgər tək, təki?
Dözərəm həsrətə, qallam tək, təki,
Yaşada yar vuran yara da məni.

Yar özü də dedi: ə, təksən indi,
Oduma yanırsan, ə, tək sən indi.
Dedim, əl Əlinin, ətək sənindi,
Dedi çox görmərəm yara daməni.

Müəllif: Əlir Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Məmməd Aslanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

Əli Nəcəfxanlı milli mətbuatın 150 illik yubiley medalı ilə təltif edilib

Əli Nəcəfxanlı milli mətbuatın 150 illik yubiley medalı ilə təltif edilib

Tanınmış jurnalist Əli Nəcəfxanlı Azərbaycan milli mətbuatının 150 illik yubiley medalı ilə təltif edilib.

Əli Nəcəfxanlı təltif olunmuş bütün həmkarlarını təbrik edib, Medianın İnkişafı Agentliyinin rəhbərliyinə təşəkkür edib.

Əli Nəcəfxanlının yazıları


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bulanıq sularda titrəyir əksin


Bu qədər özünü aldatma, bəsdi,
En bir az aşağı o mərtəbədən.
Sənə həmişəlik verilməyib ki,
O şəlalə tellər, o büllur bədən.

İşvəndən, nazından bayılıb şəhər,
Göyçək ağızlarda adın hallanır.
Baş rolda başını itirmə hədər,
Bu gün kullananlar sabah tullanır.

Qumaşda, ipəkdə cilvələnirsən,
Qamaşan gözlərdi hədəfin hələ.
Səni souyqluğu üşütməyibdi
Mərcanın, incinin, sədəfin hələ.

Güzgülər önündə tumarlan, bəzən,
Tərif yağdıranın, söz deyənin var.
Evdə həsrətini çəkən yoxsa da,
Tinlərin başında gözləyənin var.

Çox da hər gününü, hər saatını
Güldürür kef-damaq səfası hələ,
Sənin gəncliyinlə qocalığının
Öndədi amansız davası hələ.

İlbəil dəyərin, əyarın düşür,
Bulanıq sularda titrəyir əksin.
Axır aqibəti indidən düşün,
Kimsən olacaqmı dərdini çəksin?

Söndümü qəlbinin atəşi, odu,
Özgə şam gəzəcək pərvanələrin.
Çevrən boşalacaq, gözün dolacaq,
İt-bata düşəcək divanələrin.

Kaş ki, sərgiləyb gözəlliyini,
Boyundan yuxarı boylanmayaydın.
Sən bütöv olanda əlçatmaz idin,
Gərək dilimlənib paylanmayaydın…

Müəllif: Əli Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Məmməd Aslanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

Əli Nəcəfxanlı – Payız


PAYIZ

Ömrümün daha bir baharı keçdi,
Şirin meyvələrdən kəsildi payım.
Daha təzəhəvəs olmaq da gecdi,
Yaman ağlamalı fəsildi payız.

Sərgərdan bir xəzəl qondu çiynimə,
Həsrət sarısını geydim əynimə.
Qəmli “Qaragilə” düşdü beynimə
Yaman ağlamalı fəsildi payız.

İllər bir-birini nə yaman qovdu,
Aylarmı ovçudu, günlərmi ovdu?
Qərib duyğulara könlüm girovdu,
Yaman ağlamalı fəsildi payız.

Zirvələr başına yığar dumanı,
Dərələr köksünə sıxar dumanı.
Mənim otağımda siqar dumanı…
Yaman ağlamalı fəsildi payız.

Yağışdan-yağmurdan dünya nəm çəkir,
Dönüb ada olur hər daş, hər səki.
Bir qız da yollara baxıb qəm çəkir,
Yaman ağlamalı fəsildi payız.

Etdiyim günahlar düşür yadıma,
Peşiman padşahlar düşür yadıma,
Ağlayan timsahlar düşür yadıma,
Yaman ağlamalı fəsildi payız.

Elə sürüşkəndi diklər, yoxuşlar,
Viranə könlümü döyür yağışlar.
Hələ harasıdı, qabaqda qış var,
Yaman ağlamalı fəsildi payız.

Müəllif: Əli Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Məmməd Aslanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

Əli NƏCƏFXANLI – “Yardımlı” sözünə qafiyə

Əli Nəcəfxanlı : – “Bir gün ustad Məmməd Aslan mənə dedi ki, “Yardımlı” sözünə qafiyə tapmaq çətindir. Dedim, sən istəsən taparsan…”

“Yardımlı” sözünə qafiyə

Məmməd Aslan, imtahana çəkmə gəl məni,
“Yardımlı”ya həmqafiyə sözmü qəhətdi?
Sən ki, səpib göyərdənsən sözü, kəlməni,
Xeyir ola, odmu sönüb, közmü qəhətdi?

Neçə kərə yolun düşüb bizim dağlara,-
Dərələrdə əks-səda verməyib səsin?
Könül quşun can atanda göy yaylaqlara
Tutmamısan “Yardımlı”nın bir qafiyəsin?

Nə söyləyər söz sahibi, laf yiyələri,
Kəklik azan dumanlarda azmısan yəqin.
Xoruz səsi eşitməyən qafiyələri
Kağıza yox, qayalara yazmısan yəqin.

Dönə-dönə öpmək üçün çiçəkli yazı
Pərvazlanıb uçsan yenə Yardımlıya sən,
Bədahətən yüz qafiyə deyərsən azı
Gül içində addımlaya-addımlya sən.

Buludu gah ağa çalar, gah da maviyə,
Zər qarışar sularının hər damlasına…
Olmasa da, yoxdan yarat, üç-dörd qafiyə
Tapılmazmı könlümüzün Yardımlısına?

2002-ci il

Müəllif: Əli Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Məmməd Aslanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

ÖMRÜ HAVAYA ÜFÜRDÜM

ÖMRÜ HAVAYA ÜFÜRDÜM

Tələsdim, yaman tələsdim,
Yellərə qoşuldum əsdim.
Vaxtın kələyini kəsdim,
Çay kimi daşıb köpürdüm.

Düşdüm sevdalar peşinə,
Dərd məni qatdı döşünə.
Döndüm adam küləşinə,
Özüm-özümü süpürdüm.

Gəzdim Bakı, Şirvan, Şəki,
Cavanlıq ötdü an təki.
Ömür qəlyan, can tənbəki,
Çəkdim havaya üfürdüm.

Müəllif: Əli Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əli Nəcəfxanlı – Zalım dostlar

ZALIM DOSTLAR

İgid zülmü asan çəkir,
Qorxaq ölməyə can çəkir.
Dilimi boğazımdan çəkin,
Asın, asın ürəyimi.

Məni yoldan saxlatdınız,
Qollarımı bağlatdınız.
Zalım dostlar, ağlatdınız
Xısın-xısın ürəyimi.

Qəlbim dağ-dağ, cadar-cadar,
İnşallah, kamına çatar.
Nə qalıb ki, bir azca da
Qısın, qısın ürəyimi.

Axıdın, qanı qurtarsın,
Zülümdən canı qurtarsın.
Sizlərdən Tanrı qurtarsın
Mənim asi ürəyimi.

Tutdunuz mənə elə toy,
Ağrı-acı vermədi boy.
Sizinlə bir tökülsün, qoy,
Hisi-pası ürəyimin.

Müəllif: Əli Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əli Nəcəfxanlı – Ola

OLA
Hər gün qaçaqaçda, qovhaqovdayam,
Zamanın əlində mən girovdayam.
Gah odda, alovda, gah qırovdayam,
Dayanan deyiləm min işim ola.

Ayağım büdrəyır çala-çuxurda,
Məndən çathaçatda qaçır uğur da.
Yoxuşu qalxaram, təki axırda
Dizimi dincəldən enişim ola.

Var ömür-gün sonu, yox arzu sonu,
Yarıdam könlümün çox arzusunu.
Eşqim bağışlaya tamarzısını,
Ötən çağlarıma dönüşüm ola.

Gündüz sərsəriyəm, gecə hallıyam,
Ürəyimdə xal var – əcəb xallıyam…
Öz yanımdan xanam – Nəcəfxanlıyam,
Nə ola, xırda bir xan işim ola!

Müəllif: Əli Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru