
TƏCNİS
Çağlayan dənizdi mavi gözləri,
Döysün dalğasıyla yar, ada – məni.
Neynirəm padşahın mükafatını,
Əgər layiq bilə yar ada məni.
Sevdim tək gözəli, qaldım tək təki,
Yadına salmazmı məgər tək, təki?
Dözərəm həsrətə, qallam tək, təki,
Yaşada yar vuran yara da məni.
Yar özü də dedi: ə, təksən indi,
Oduma yanırsan, ə, tək sən indi.
Dedim, əl Əlinin, ətək sənindi,
Dedi çox görmərəm yara daməni.
Müəllif: Əlir Nəcəfxanlı