
ÇƏTİR
Səhər tezdən yağış yağır selləmə,
Çətin mənim asan ola çətinim.
Yaşamışam qaçdı-qovdu, çölləmə,
Ömrüm boyu olmayıbdı çətirim.
Yasağımdı qoltuqlara sığınmaq,
Mənimki də, neynim, belə gətirib.
Zərbə dəyib hey solumdan-sağımdan,
Ömrüm boyu olmayıbdı çətirim.
Bir gözəllə görüşmüşəm bir axşam,
Ürəyimdə ümman idi xətiri.
Qərq olunca göz yaşının selində,
Boş vədlərdən ona çətir tutmuşam –
Ömrüm boyu olmayıbdı çətirim.
O ayrılan ayrılsaq da o qızla,
Yaddan çıxmır çətiriylə ətiri…
Bu yaşımda hamı mənə gülsə də,
Keçinirəm qəzet, jurnal, kağızla –
Ömrüm boyu olmayıbdı çətirim.
Şükür olsun bu qismətə, baxta ki,
Allah qoymur ümidimi itirim.
Yağışı dərd eləmirəm, çox da ki,
Ömrüm boyu olmayıbdı çətirim.
18/01-26.
Müəllif: Əlir Nəcəfxanlı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında