“Kişi var ki, kişidir, amma kişiynən işi yox, Kişi var, nakişidir, amma deyir ki, kişi yox…”
Dostlar, aşağıdakı şəkildəki masanın başında əyləşən professor Cahangir Məmmədlidir. Mənimlə üzbəüz əyləşən isə professor Allahverdi Məmmədlidir. Onların hər biri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, filologiya elmləri doktorudur. Bu gün sizə heç vaxt rast gəlmədiyim, amma örnək olan bir nümunədən danışmaq istəyirəm. 84 yaşlı Cahangir Məmmədlidən söyləyəcəyim bu nümunə inanıram ki, çoxlarınızı düşündürəcək və içinizdə heyrət hissi keçirəcəksiniz…
Əvvəla onu deyim ki, Allah Cahangir müəllimə beş qız övladı qismət edib. Həzrət Peyğəmbər deyirdi ki, üç qız böyüdüb ərsəyə çatdıran və onları ismətlə gəlin köçürən atanın yeri cənnətdir. Cahangir müəllim Peyğəmbərin dediyindən çox- beş qız böyüdüb, gəlin köçürdüyünə görə yəqin ki axirətdə yeri cənnətin üst qatlarından birində olacaq…
Sözümün canı var, deməli, adətən gəlin köçürərkən bütün atalar qızlarına cehiz verir. Amma, Cahangir müəllim qızlarına verdiyi cehizdən başqa, hər birinə gəlin köçərkən bağlı bir zərfdə məktub da verib və tapşırıb ki, zərfdə olan məktubu müəyyən bir müddətdən sonra açıb oxusunlar. Siz heç belə bir şey eşitmişdinizmi?..
Nə isə, məktublardan birində yazılan bu kəlmələri sizə də təqdim edirəm:
“Qızım, sən şəhid ailəsinə gəlin köçmüsən, xoşbəxt ol! Qızım, getdiyin ailənin anası Şəhid Anasıdır. Sən gərək o ailədə elə davranasan ki, Şəhid Anasının xidmətində elə durasan ki, fərəhdən gözləri gülsün, dərdi yüngülləşsin… ”
…”Kişi var ki, kişidir, amma kişiynən işi yox, Kişi var, nakişidir, amma deyir ki, kişi yox”…
Söhbətimin əvvəlində nahaq yerə rəhmətlik Baba Pünhanın “Kişilik” qəzəlindən bu beyti söyləmədim. Mən Cahangir müəllimi junalistikamızın sonuncu mogikanı kimi tanıyırdım, bu gün onu həm də Azərbaycan kişilərinin mogikanlarından biri kimi tanıdım. Var olsun! Gəlin köçürərkən qızlarının hər birinin cehizinə öz əliylə yazdığı öyüd, nəsihət dolu məktubları hədiyyə verməklə Azərbaycanda ilkə imza atıb…
“Onun xəmiri xeyirxahlıqdan yoğrulub. Çox adama əl tutub, çox adamın işinə yarayıb. Ola bilsin ki, kimsə bunu danar, etiraf etməyə hünəri çatmaz. Demək, o adamın zatında nakişilik, körpə vaxtı əmdiyi süddə qarışıqlıq var…”- Bu kəlmələr isə Cahangir müəllimin professor həmkarı Allahverdi Məmmədli haqqında söylədiklərindəndir…
Onun yaradıcılığı və ədəbi fəaliyyəti barədə danışmaq istəmirəm. Qorxuram ki, nəyisə düz demərəm, nədəsə səhvə yol verərəm. Bu barədə ədəbiyyatşünaslar, ədəbi tənqidçilər danışsa daha yaxşı olar. Bir də ki, sosial mediada onun yaradıcılığından bəhs edən kifayyət qədər yazılar var. Kim istəsə tapıb oxuya bilər…
Bu gün mən sizə onu mənalandıran, taleyini istiqamətləndirən adı barəsində söhbət açmaq istəyirəm. Axı, adın insan taleyində böyük rolu var. Gülnarə! Fars mənşəli qadın adı. Mənası “nar çiçəyi”, bəzi mənbələrdə isə “qırmızıyanaq” deməkdir. Bu adın fonosemantik- yəni səslə məna arasında əlaqə təhlili adın sahibinin cəsarətli, güclü, eyni zamanda sadə bir insan olduğunu söyləyir. Bu adı daşıyan adam istənilən şəraitə asanlıqla uyğunlaşır. Dəyişikliklərdən və gözlənilməz vəziyyətlərdən qorxmur. Amma o, heç vaxt qayda və qanunları pozmur. O, bir insan kimi sədaqət və davamlılığı ilə xarakterizə olunur. Yaşa dolduqca daha da sakitləşir, duyğularının öhdəsindən daha asan gəlir, qətiyyət və əzmkarlıq göstərir. Bu adı daşıyan qadın münasibətlərdə tələbkardır, amma diqqət və qayğıya ehtiyacı var. O, dinamik və temperamentlidir, necə hərəkət etməyi yaxşı bilir. Bəli, Gülnarə adının daşıyıcısı mehribandır, həssas və ünsiyyətcildir. Bu adın sahibi ideya çeşməsidir, dayanmadan qaynayır və bu ideyaları özü həyata keçirməyi xoşlayır. Vaxtını mənasız yerə itirməyi sevmir. Qarşısına həmişə müxtəlif hədəflər qoyur, sonra da israrla uğura doğru tələsir. Və bundan mənəvi zövq alır. Heç də təsadüfi deyil ki, çalışqanlğına və təşkilatçılıq qabiliyyətinə görə, onu yüksək qiymətləndirirlər. Elə ona görə də ötən illər ərzində parlaq karyera qura bilib…
Bəli, söhbət AYB-nin Sumqayıt bölməsinin sədri, şair, publisist Gülnarə Cəmaləddindən gedir. Yanvarın 27-si bu gözəl xanımın növbəti ad günüdür. Yəqin ki, dostları, həmkarları təbrik etmək üçün, daha çox onun yaradıcılığından söhbət açacaqlar. Mən isə atasının qoyduğu Gülnarə adının mənasını və mistik gücünü izah etməyə çalışdım…
Hər bir insan Allahın yaratdığı bir əsərdir. Sevgidən doğulub, sevgi ilə yaşayır. Bu əsərlərlə yaxından tanış olduqca, onların hər birində Allahdan bir nişanə görürsən və dərin məna tapırsan. Əmin olursan ki, Yer üzündə təsadüfi insan yoxdur. Sadəcə, hər kəsin öz təyinatı, öz yolu var. Bəli, dünyanı gözəlləşdirən, mənalandıran da məhz elə insanlardır. Bu dəfə sizə bu insanlardan biri- varlığı ilə dünyaya rəng qatan, professor Cahangir Məmmədlidən söhbət açmaq istəyirəm. İnsanpərvər, təmiz və müsbət enerji ilə dolu bir insandan…
O, ağlı, zəkası və yaxşı ideyaları ilə eyni anda müxtəlif mövzularda bir neçə söhbəti davam etdirə bilir. Enerjisi, həyəcanı və idarəolunmaz həvəsi ilə həyatı çox cəsarətlə yaşayır və insanların çoxunun uzun müddət başa çatdıra bilmədiyi işləri tez bir zamanda tamamlayır. Müstəqil fəaliyyət göstərməyə çox meyllidir. Onu müəyyən qəliblərə salmaq asan deyil, çevik və əzimkardır…
Müsahibələrinin birində deyir ki:- “Mən kənd adamıyam, 50 ildən çoxdur Bakıda yaşasam da, heç vaxt şəhər adamı ola bilmədim. Şəhər adamları inciməsinlər, Azərbaycanın milli-mənəvi dəyərləri kənddədir. Həm də inciməsinlər ona görə ki, kənd şəhərdən əvvəl meydana gəlib. Biz hamımız əslində kənddə doğulmuşuq. Mənim ən çox qorxduğum odur ki, artıq kəndlər şəhərə çevrilməyə başlayıb. Mənim kəndim Novruzlu həm də mənim idealımdır. Mənim üçün vətən oradan başlayır. Orada orta məktəbi bitirmişəm. O məktəbi bilirsiniz kimlər bitirib? Azərbaycan elmini dünyada tanıdan şəxslər, Xudu Məmmədov, professor, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, usta yazıçılardan, dramaturqlardan olan Əli Əmirli və s.. Bax, Novruzlu kəndinin belə ziyalıları var. Mən o məktəbi heç vaxt unuda bilmərəm. Novruzlu işğalda qalan dövrdə mənə o qədər pis təsir edirdi ki, etiraf edirəm, ümidsizliyə qapılmışdım. Ancaq mənim Prezidentim necə ayağa qalxdı və Azərbaycanı ayağa qaldırdı. Mənim kəndim azad edildi. Artıq Novruzlu yavaş-yavaş dirçəlir, əvvəlkindən də dəfələrlə gözəl olacaq. Mən bunu təsəvvür edirəm. Biz işğal dövründə yaşamadıq ki…”
Cahangir Əbdüləli oğlu Məmmədli 1942-ci ilin yanvar ayının 26-da Ağdam rayonunun Novruzlu kəndində dünyaya gəlib. 1968-ci ildə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Elə həmin ildən də adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb. Hazırda bu fakültənin Milli mətbuat tarixi kafedrasının müdiridir. Filologiya elmləri doktoru, professordur. Eyni zamanda, həmin universitetin Elmi Şurasının üzvüdür. İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir. Xidmətlərinə görə bir sıra mükafatlarla yanaşı “Şöhrət” ordeninə layiq görülüb. Prezidentin fərdi təqaüdünü alır…
BDU-nun professoru, folologiya elmləri doktoru Allahverdi Məmmədli onun haqqında deyir: “Cahangir müəllim mənim təkcə müəllimim olmayıb, həm də əqidə dostumdur, əməl dostumdur. Bu dostluq ona görə baş verib ki, ölkəmizdə və dünyada baş verən hadisələrə münasibətdə, Vətən, millət, adət- ənənələrimizlə bağlı fikirlərimizdə üst-üstə düşən məqamlar çoxdur. Bir sözlə, estetik idealımız, insanlığa baxışımız çox yaxındır. Həm də soydımız eynidir, hər ikimiz də Məmmədliyik. Bəzən bizi oxşadıb qardaş bilirlər. Düz 49 il bundan əvvəl tanış olmuşuq. Bir şəxsiyyəti ki, 49 il bundan əvvəl tanıyasan, onun haqqında nə yazsan, nə qədər danışsan az olacaq. Qısaca deyə bilərəm ki, Cahangir müəllim nəinki Jurnalistika fakültəsinin, elə universitetimizin sonuncu mogikanlarındandır. Təhsil fədaisidir, elm xadimidir. 80-dən artıq yaşı var. Bu yaşda yorulmaq bilmədən çalışır. Yazır, yaradır. Mən onun işgüzarlığına həmişə qibtə etmişəm. Örnəkdir. Müəllim kimi, elm adamı kimi, şəxsiyyət kimi örnəkdir. Azərbaycanda əli qələm tutan hər kəs onu tanıyır və təqdir edir…”
İlk baxışdan sərt və narahat bir şəxsiyyət təəssüratı yaratsa da, yaxından tanıyan hər kəs onun sehrinə düşür, onu qəbul edir və sevir. Əslində, buna səbəb onun daxili dünyasının zənginliyi, qiymətli müdrik fikirləri olur. Gözəl rəftarı var, olduqca mehribandır. Ən çox dəyər verdiyi şey isə azadlığıdır. Necə deyərlər, şirin olmaqdan əlavə, sirli gücünün köməyi ilə düzgün nəticə tapmaqda və şəxsi müqavimətini göstərməkdə çox bacarıqlıdır…
“Universitetə qəbul olunduğum zaman Jurnalistika Filologiya fakültəsində şöbə idi. Atam 1942-ci ildə müharibədə həlak olub. O zaman fakültənin dekanı Əlövsət Abdullayev mənə ata münasibəti bəsləyirdi, elə hiss edirdim ki, atam yanımdadır. Birinci kursun ilk dərsini bizə Nəsir İmanquliyev keçdi. O, özünün yaratdığı “Bakı” və “Baku” qəzetlərinin redaktoru idi. Gördü ki, mənim müəyyən dərəcədə yazı qabiliyyətim var, dedi “həftədə bir dəfə yazı yaz”. Mənim bir yazıma 40 manat qonorar verirdi. O vaxt aldığım əlaçı təqaüdü 45 manat idi. Daha sonra mənə həftədə 3-4 dəfə 40 manat qonorar yazdı ki, həm həvəslənim, həm də dolanışığa imkanım olsun. Azərbaycan jurnalistikasının müəllimi Şirməmməd Hüseynov mənim Bakıda qalmağıma səbəb oldu. Dövlət imtahanı verəndə protokola yazdırdı ki, bu tələbəni fakültədə saxlayaq. Jurnalistikanın peşəkarlığını, dəqiqliyini Şirməmməd Hüseynov məktəbindən öyrənmişəm.”- söyləyir.
…Yaxşı yumor hissi var, ünsiyyətcilliyi və dostluğu ilə hər mühitdə sevilən və axtarılan bir dostdur. Təzyiqə və şiddətə nifrət edir. Ömrünün sonuna qədər azad yaşamaq üçün əlindən gələni əsirgəmir. Başqasının həyatına qarışmadığı kimi, öz həyatına da kiminsə qarışmağını xoşlamır. Onun emosional tərəfi çox güclüdür. Emosional tərəfi xəyali tərəfinə üstün gəldiyi üçün də, heç vaxt nəzarəti itirmir. O, kənardan adət-ənənələrə bağlı görünsə də, ifrata yol vermir. Təvazökardır, çox çalışqandır. Yalanı sevmir, necə deyərlər, alnının təri ilə halal çörəyini qazanır. Kifayət qədər dürüstdür və müxtəlif mədəniyyətlərdən olan insanları başa düşə, onlarla asanlıqla ünsiyyət qura bilir. İctimai həyata isə böyük əhəmiyyət verir…
Deyir ki:- “Tələbələrim çox olub. Onları bir-birindən fərqləndirmək istəmirəm. Zaman-zaman Azərbaycana yararlı kadrlar yetişdirmişik. 1980-ci illərin sonunda tələbəmiz olmuş Mirşahin Ağayev bu gün Azərbaycanda ən görkəmli, peşəkar jurnalistlərdən biridir. O, jurnalistikanı hətta sənətə çevirib. Onun rəhbəri olduğu televiziya bu gün Azərbaycançılıq ideologiyasını birbaşa ortaya qoyur. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bizim fakültədə magistraturanı bitirib. O, bizim fakültəmizdə müəllim kimi də fəaliyyət göstərib…”
…Bəli, hər bir insan Allahın yaratdığı bir əsərdir. Sevgidən doğulub sevgi ilə yaşayır. Bu əsərlərlə yaxından tanış olduqca, onların hər birində Allahdan bir nişanə görürsən və dərin məna tapırsan. Əmin olursan ki, Yer üzündə təsadüfi insan yoxdur…
Yanvarın 26-sı Cahangir müəllimin nə az, nə çox 84 yaşı tamam olur. Ona ağrı-acısız həyat arzulayıram…
“Dərdiş” kəlməsi ana dilimizdə geniş yayılan standart bir söz deyil, daha çox Qazax bölgəsinə məxsus yerli şivə sözüdür və əsasən “sədaqətli”, “dürüst”, “qətiyyətli” və ya “inanılmış” mənasında işlənir. Bu gün sizə çağdaş Azərbaycan poeziyasında Dərdiş kimi tanınan şair Ehtiram İlhamdan söhbət açmaq istəyirəm. Amma əvvəlcədən etiraf edirəm ki, orta təhsilə doğulduğu Tovuz rayonunda yiyələndiyini bilsəm də, ondan sonra başına gələnlərdən xəbərsizəm. Bir də ki, şairin tərcümeyi halı elə də önəmli deyil, daha çox yaradıcılığı maraqlı olur. Ehtiramı iyirmi il olar ki tanıyıram. Mərd, sadə, etibarlı adamdır. Yaratdığı poeziya nümunələri poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanır. Əsasən heca vəznində yazır…
Müsahibələrindən birində deyir ki:- “Şeir hər şeydən əvvəl həm də bir estetika məsələsidi. Hər kəsin öz zövqü, öz baxışı var. Bu mübahisələrin olması isə çox təbiidir. Hər kəsin öz həqiqəti olur. Hər yazar özünü harda görürsə, orda da özünü rahat hiss edir. Qoy elə də olsun. Bizim – Azərbaycan şeirinin əsas vəzni məhz hecadı. Bu dilin ən gözəl şeirləri də hecada yazılıb. Bu, birmənalıdır. Amma kimin ilhamı hara qədərdisə, kim nədə bacarırsa, qoy öz yazı-pozusuyla da məşğul olsun. Şeir əsl şeirdisə, hansı vəzndə olmağının fərqi qalmır. Yetər ki, şeir olsun…”
Xarizmatik adamdır. Qürurlu və məğrurdur. Özünə inamı və müstəqilliyi ilə seçilir. Punktual, çevik və macəraçı xüsusiyyətləri var. Əhval-ruhiyyəsi yaxşı olanda şən, gülərüz və səxavətli bir dost olur. Yeyib içməyi, dostları ətrafına toplamağı xoşlayır. Hər zaman enerjili və dinamikdir, öz səyi ilə həyatın çətinliklərini aradan qaldırmağa qadirdir…
“Bizim nəsil, sovet rejiminin dağılan vaxtlarına düşdü. Bizdən 3-4 yaş böyük olanlar rejimin yaxşı vaxtında yaşamışdılar. 120 manatla ailəni normal dolandırmaq, Qafqaz kurortlarından birində dincəlmək mümkün idi. Bizdən əvvəlki və bizdən sonrakı nəsil bizim qədər əziyyət görmədi. Müharibə bizim gəncliyimizə düşdü. Həm xalq hərəkatı, həm də müharibə bizim nəsildən, həmyaşıdlardan çox şey aldı. Mən belə düşünürəm ki, xalq hərəkatı, torpaqların azadlığı uğrunda mübarizə adlı məfhumlar konkret adamların alnına yazılmış işlərdir. Millətin millət olma prosesində mütləq seçilmiş insanlar iştirak edir. Gözümü açanda özümü proseslərin içində gördüm. Yusif Səmədoğlu, İsmayıl Şıxlı, Vaqif Səmədoğlu, Xəlil Rza, İsmayıl Şıxlı və adını hamımızın bildiyi ziyalılar bizə yön verirdi. Ən böyük qələm adamları xalq hərəkatında idi. Mənim mənsub olduğum nəsil gözünü dünyaya ən millətçi şeirlərlə açmışdı. 1987-ci ildə Ukraynada hərbi xidmətdə idim. Məmməd İsmayıl “Gənclik” jurnalında Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını çap etmişdi və qardaşım həmin jurnalı sovqatın içində mənə göndərmişdi. Mən qaravulda o poemanı əzbərləmişdim. Bundan əlavə Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini də əzbər bilirdim…”- söyləyir.
Davranışında mehriban və rahat olduğundan ünsiyyətdə çox yaxşıdır. Onu aldatmaq mümkün deyil, necə deyərlər, ağıllı və duyuq adamdır. Yoldaşlıqda pul xərcləməkdən çəkinmir. Qeybətdən çox uzaqdır, sözü üzə deməyi bacarır. Bu da ətraflarındakı insanları təsirləndirsə də, bəzən kimlərinsə xoşuna gəlmir…
Deyir ki:- “Gözümü açıb saz eşitmişəm, şeir eşitmişəm. Həm də çox yaxşı şeirlər eşitmişəm. Mənim sevdiyim çox şair olub. Orta məktəbdə əlimə keçən hamını oxumuşam. Məni tutan bütün şeirləri əzbərləmişəm. Amma şeir adına uçunduğum Səməd Vurğun olub. Hüseyn Arif, Əli Kərim, Eldar Baxış, Ramiz Rövşən, Şaiq Vəli, Akif Səməd, Murad Köhnəqala və Məmməd İlqar- bunların hər biri ustaddı. Amma sənətdə Məmməd İsmayılı məhək daşı hesab edirəm. Onu da deyim ki, hamının ən çox üz tutacağı ən böyük ustad Abbas Tufarqanlını hesab edirəm. O, sadəcə, dəhşətdir…”
…Bəli, onun xüsusiyyətləri arasında dürüstlük, sədaqət və cəsarət önəmli yer tutur. Verdiyi sözə sadiq qalır və yalandan zəhləsi gedir. Həyatına nizam-intizam gətirmək və ətrafdakı insanları təşkilatlandırmaq onun təbii qabiliyyətlərindən biridir. Maliyyə məsələlərində bacarıqlı və analitik təfəkkürə sahibdir. Və çox qəribədir ki, heç vaxt mövcud şəraitə boyun əymir və çətinliklərə iradə ilə qalib gəlməyi bacarır…
“Keşkə istedadı olan hər bir insanın – şairin, yazı-pozu adamının normal işi-gücü olaydı. İşləyib həm ailəsini dolandıra, həm də canı ağrıyanda müalicəsinə pis-yaxşı dava-dərman yetirə biləydi və kimsədən də asılılığı olmayaydı. Axı, bu yazığın ömrü-günü ən xırda məişət qayğılarının əlində əriyib itir. Gözünün odunu töküb ortaya çıxartdığı yazı-pozusundan qazandığı da ağlara qalmasın. Gözünü açıb-yumunca əlinə gələn qəpik-quruşun hardan gəlib hara getdiyini də bilmir. Qarşısında isə iki yol qalır: ya yuxarılara boyun əyməlisən, ya da mərdi mərdanə ömür sürməlisən. Birinci yola gedənlər çox olsa da, getməyənlər də olur. Və nə yaxşı ki, belələri var. Yoxsa, məmləkətin halı lap fəna olardı. Az-çox insanlarımızda milli adına nəsə qalıbsa, onlara borclu olmalıyıq. İkinci yol isə kimlərə ağız açmaqdan, kimlərinsə mərhəmətinə sığınmaqdan keçir. İnandırım sizi, heç bir istedadlı adam istəməz bunu etsin. Amma, “ehtiyacın qəhrəmanı da qul etdiyi” barədə həqiqətin yalan olduğunu bu ölkədə neçə nəfər sübut etməyi bacarıb? Rəhmətlik Vurğun Əyyub kimi…”- söyləyir.
O, həm də çalışqanlığı ilə seçilir, bacarıqlı olması və müşahidə qabiliyyəti ilə fərqlənir. Olduqca diqqətlidir, ətrafdakı detallara xüsusi dəqiqliklə yanaşır və hər şeyi ən xırda təfərrüatına qədər araşdırmağı xoşlayır. Bir sözlə, sosial, istiqanlı və təşkilatçılıq qabiliyyəti yüksək olan insandır. Ona görə də cəmiyyətdə özünə hörmət və diqqət çəkməyi bacarır. Və bu diqqətdən zövq alır. Bir də ki, xarici görünüşünə və geyimlərinə böyük əhəmiyyət vermək onun şakərlərindən biridir…
Deyir ki:- “Hərə poeziyada öz istədiyini axtarıb, tapmaq istəyir. Aşiqlər sevgi şeiri gəzir, kimsə vətənpərvərlər ritorika və pafos dolu tribun şeirləri eşitmək istəyir, dərdli adamların gözü kədər poeziyasını axtarır, həyatın dərin qatlarına varmaq istəyən kəslər isə şeirdə fəlsəfi çalar gəzir. Əgər arzuladığına çata bilibsə, deməli, qarşındakı şeirdir. Poeziya da əslində elə budur. Ümumiyyətlə, şeir maraqlı və həddən ziyadə qəribə bir nəsnədir. Elə şeir var, onu bərkdən oxumaq olmaz, hətta öz içində belə pıçıltıyla söyləməlisən. Elə şeir var, hayqırmalısan, yavaş desən, əzəməti itər. Həm də adamlar kimi, məclislər də rəngarəng olur. Hər adamın yanında hər şey danışılmaz. O ki qala şeir ola. Hətta demək məcburiyətində qalınsa belə, məqama uyğun şeir söyləməlisən. Çünki “zövqlər dartışılmaz” məntiqi burada yerinə düşür…”
…Onun haqqında söylədiklərim, bəlkə də zərgər dəqiqliyi ilə alınmadı, amma Azərbaycan poeziyasının qədri bilinməli “ZƏR”-lərindən biri olduğuna əminəm. Yanvarın 23-ü şair Ehtiram İlhamın 57 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram… Çox yaşa, DƏRDİŞ!
Ola bilsin ki, onu ölkədə az adam tanıyır, amma ərsəyə gətirdiyi verilişlər özündən çox məşhurdur. O, Azərbaycan telejurnalistikasında öz yolu, öz zirvəsi olan jurnalistlərdəndir. Zirvəyə yüksəlmək isə hər adama nəsib olmur. Yüz il bundan sonra da, ekranlara onun verilişləri gələndə xüsusi maraqla izlənəcək. Bəli, bu gün sizə Azərbaycan telejurnalistikasının zirvələrindən biri- Mübariz Əsgərov haqqında söhbət açmaq istəyirəm. Axı, yanvarın 20-də onun 64 yaşı tamam olur…
Deyir ki:- “Bəli, 20 yanvar tarixi mənim ad günümdür. Məni təbrik edənlərə, etməyənlərə də öncədən təşəkkür edirəm. Mən bütün yaradıcı həyatımı kamera arxasında keçirmişəm. İki gözlə baxdığımız ağlı-qaralı həyatın reallığını, nə qədər çətin olsa da, kameranın bir gözüylə göstərməyə çalışmışam. Yaxşı yadımdadır, axırıncı dəfə ad günümü 1989-cu ildə qeyd etmişəm. 1990-cı ildə yanvarın 19-da Moskvada tələbə dostlarımla sabah ad günümü necə keçirəcəyimi planlaşdırırdım. Gecəyarı xəbər gəldi ki, Bakıya qoşun yeridilib. 20-si səhər tezdən Azərbaycanın Moskvadakı Nümayəndəliyinə üz tutduq. Amma Daimi Nümayəndəliyin qarşısında çaşqınlıq içində olan insanların səhəri açılmırdı, hamı 20 yanvarın qaranlığında kədərli və qəzəbli idi. Tam səmimi deyirəm, Heydər Əliyevin Nümayəndəliyə gəlib mətbuat konfransı keçirməsi və SSRİ rəhbərliyini sərt tənqid etməsi bizim mitinq və piketlərimizi daha izdihamlı, daha mütəşəkkil etdi. Hüznlü və şərəfli günlər idi. Qarlı-buzlu yollarla nümayişə çıxıb SSRİ-nin ən ali qurumlarının qarşısında piketlər keçirirdik, etirazımızı bildirirdik. Məhz bu mitinq və nümayişlər ictimai rəyə xeyli təsir etdi. Moskva və dünya baş verən hadisələrin əsl mahiyyətini anlamağa və baş verənlərə obyektiv qiymət verməyə başladı…”
Haqqında danışdığım Mübariz Ağalı oğlu Əsgərov 20 yanvar 1962-cı ildə Ucar şəhərində anadan olub. Orta təhsilini və hərbi xidməti başa vurandan sonra 1986-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunsa da, sonradan təhsilini davam etdirmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə göndərilib. 1992-cı ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Televiziyasında işə başlayıb və altı il burada böyük redaktor və bədii-eksperimental qrupun rəhbəri vəzifələrində çalışıb. Həmin illərdə “Və…”, “Qulp” proqramlarının müəllifi və aparıcısı olub. 1998-ci ildən “ANS” müstəqil televiziya şirkətində aparıcı redaktor, müəllif proqramları bürosunun rəhbəri, baş prodüser vəzifələrində işləyib. “ANS” televiziya kanalında yayımlanan “Qulp”, “Mübarizə” proqramlarının müəllifi və aparıcısı kimi fəaliyyətini davam etdirib. 2013-cü ildən “Qulp studio” MMC-nin təsisçisi və direktoru, “Rezonans” proqramının müəllifi olub. 2021-ci ildə Prezidentinin verdiyi sərəncama əsasən 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. Hazırda bu vəzifəsində çalışır. 2015-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. “Bir mətbuat konfransının tarixi”, “Şuşanın dağları qara dumanlı”, “Xocalı dərsi”, “Ölüm hökmü – ömürlük cəza”, “Kəlbəcərin son günü”, “Xocalı nişanəsi”, “44 gün, 44 an”, “Şuşa”, “Qara tale – ağ ölüm” adlı sənədli filmlərin müəllifidir…
“Moskva Dövlət Universitetində təhsil alalanda universitetin Şvernik küçəsindəki yataqxanasında qalırdım. Hər axşam birinci mərtəbədə yerləşən beynəlxalq danışıqlar üçün telefon aparatının yanına dünyanın bir-çox ölkələrindən olan tələbələr yığışırdı. Hamı növbə tutub ardıcıllıqla istədikləri ölkə və şəhərlə danışırdı. Mən də tez-tez bu imkandan istifadə edirdim. Tələbələrin çoxu ya şəxsən, ya da üzdən bir-birini tanıyırdı. Bir dəfə burada toplaşan tələbələrə yaxınlaşıb, axırıncı kimdir?- deyə soruşdum. Bir tələbə, axırıncı mənəm, dünyanın bütün erməniləri də mənim arxamdadır, dedi. Özümü birbalaca itirsəm də sualı yenidən təkrar etdim. Yenə eyni cavabı eşitdim. Onun bu cavabını növbədə olan tələbələrin çoxu təbəssümlə qarşıladı. Mən də bir balaca gülümsədim və həmin tələbəyə dedim ki, deməli axırıncı sənsən və dünyanın bütün erməniləri də sənin arxandadır. Dedi ki, elədir. Dedim, onda belə çıxır ki, dünyanın bütün ermənilərinin arxa tərəfi mənim qabaq tərəfimə düşür… Bayaq erməni tələbənin sözlərinə təbəssümlə cavab verən tələbələr mənim bu sözlərimi gülüşlə qarşıladılar. Sonradan eşitdim ki, o əvvəllər də növbədə azərbaycanlı tələbələrə qarşı bu fikiri tez-tez səsləndirirmiş. Amma, bu hadisədən sonra həmin tələbə bu sözləri dilinə gətirmədi…”- söyləyir.
…Baməzə adamdır, yumor hissi çox yüksəkdir. Anadangəlmə liderliyi var. Fərasətli və dünyanı təkbaşına idarə edəcək qədər güclüdür. Böyük işlərdə iştirak etməkdən, insanları doğru yola yönəltməkdən, kütləni idarə etməkdən həzz alır və insanların diqqətini özünə cəlb etməyi bacarır. Yorulmağın nə olduğunu bilmir, istədiyi nəticəni əldə edənədək işləməyə davam edir. Zərif təbiətli olsa da, lakin çox dözümlüdür. Hər hadisədən asanlıqla sarsılmır…
Deyir ki:- “Azərbaycanla qonşu olan bir ölkədə təşkil olunmuş qeyri-rəsmi yığıncaqda dünyada gedən proseslər, o cümlədən Azərbaycanda baş verən hadisələr müzakirə olunurdu. Mən dövlətimizə qarşı söylənən ittihamlara qarşı qəti etirazımı bildirdim. Məclis iştirakçıları mənim münasibətimi təccüblə qarşıladılar. Bəlkə də məndən bunu gözləmirdilər. Həmin illərdə mən “Qulp” proqramının müəllifi və aparıcısı idim. Səfəri başa vurub maşınla geri qayıdırdıq. Sərhədi keçəndən sonra avtomobilin maqintafonunda xeyli əlləşsəm də yerli radioları tutmağa çətinlik çəkirdim, çünki qonşu ölkələrin radioötürücüləri buna imkan vermirdi. Mən üzümü mənimlə səfərdən qayıdan adama tutub Bakıya qayıdan kimi bu problemin həll olunmasına çalışacağımı söylədim. Yol yoldaşım təəccüblə mənə baxıb, sərhəddən o tərəfə Azərbaycanı təbliğ edirdin, amma indi tənqid edirsən, dedi. Mən Azərbaycan sərhədindən o tərəfdə Azərbaycanın təmsilçisi, bu tərəfdə isə bir vətəndaş kimi tənqidçiyəm, dedim…”
…Fikirlərində çox sabitdir, verdiyi qərarlardan geri çəkilməyi xoşlamır. Reaksiyalarından, niyyət və məqsədlərini təxmin etmək mümkün deyil. O, bütün ağıllı adamlar kimi həyatı bir oyun qəbul edir. Elə buna görə də risk etməkdən, yeni yollar sınamaqdan və fərqli üsullar tətbiq etməkdən çəkinmir. Onun dünyaya öz baxışı var- qadağaların və qaydaların nə üçün olduğunu yaxşı anlayır və yalnız ali qaydalarla yaşayır…
“Mən bir vətəndaş kimi problemləri şişirtməyin əleyhinəyəm- sadəcə onları həll etməyin yollarını göstərmək və çalışmaq lazımdır. “Oyuncaq “adlı məşhur fransız filmində bir epizod var. Redaksiyanın rəhbəri öz əməkdaşına soyunmaq əmri verir. O da dinməz-söyləməz şalvarını çıxardır. Göstəriş verən üzünü həmin adama tutub deyir ki, kim daha çox günahkardır, soyunmağını istiyən mən, yoxsa şalvarını çıxarmağa hazır olan sən? Son vaxtlar sosial şəbəkələrdə Azərbaycanın ünvanına söyüş və təhqir yağdıran soydaşlarımızın çıxışlarını görəndə filmdəki bu epizod yadıma düşür. Onlara bu sifarişi verənlər daha çox günahkardır, yoxsa onlar özləri? Cavab aydındır; Bizim hamımızın Azərbaycan adlı bir dövləti var. Harada və hansı şəraitdə olmağına baxmıyaraq hamı onu qorumalıdır ki, sonda bu torpağa qarışmağa haqqı olsun.”- söyləyir.
…Şanslı insandır. Son dərəcə cəsarətlidir. Onunla dostluq etsəniz heç vaxt darıxmayacaqsınız və həmişə üzünüzdə təbəssüm olacaq. Əgər xətrinizə dəysə, könlünüzü almağa qüvvəsi çatacaq. Bu, onun ürəyinin təmizliyindən irəli gəlir. Qürurlu və məğrurdur. Güclü emosional temperamenti var. Gözəl sürprizlərlə münasibətlərindəki həyəcanı artırır və ətrafını həyəcanlandırmaq üçün çılğın planlar qura bilir. İctimai həyatlarında dürüstlüyə böyük əhəmiyyət verir. Kiminsə yalan danışmasına dözə bilmir…
Onun haqqında çoxdan danışmaq istəyirdim. Amma uyğun zaman, münbit səbəb axtarırdım. Budur, həm zaman və həm də səbəb var, ad günüdür. Təbrik edirəm! Allah ondan heç nəyi əsirgəməyib, tərbiyyəli, savadlı övladları, xoş güzəranı var. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Bəli, “Mübariz Əsgərov Zirvəsi” telejurnalistikamızın möhtəşəm zirvələrindən biridir…
Hörmətlə, Telejurnalistikamızın zirvələrindən biri…Mübariz Əsgərov- 64Ola bilsin ki, onu ölkədə az adam tanıyır, amma ərsəyə gətirdiyi verilişlər özündən çox məşhurdur. O, Azərbaycan telejurnalistikasında öz yolu, öz zirvəsi olan jurnalistlərdəndir. Zirvəyə yüksəlmək isə hər adama nəsib olmur. Yüz il bundan sonra da, ekranlara onun verilişləri gələndə xüsusi maraqla izlənəcək. Bəli, bu gün sizə Azərbaycan telejurnalistikasının zirvələrindən biri- Mübariz Əsgərov haqqında söhbət açmaq istəyirəm. Axı, yanvarın 20-də onun 64 yaşı tamam olur…Deyir ki:- “Bəli, 20 yanvar tarixi mənim ad günümdür. Məni təbrik edənlərə, etməyənlərə də öncədən təşəkkür edirəm. Mən bütün yaradıcı həyatımı kamera arxasında keçirmişəm. İki gözlə baxdığımız ağlı-qaralı həyatın reallığını, nə qədər çətin olsa da, kameranın bir gözüylə göstərməyə çalışmışam. Yaxşı yadımdadır, axırıncı dəfə ad günümü 1989-cu ildə qeyd etmişəm. 1990-cı ildə yanvarın 19-da Moskvada tələbə dostlarımla sabah ad günümü necə keçirəcəyimi planlaşdırırdım. Gecəyarı xəbər gəldi ki, Bakıya qoşun yeridilib. 20-si səhər tezdən Azərbaycanın Moskvadakı Nümayəndəliyinə üz tutduq. Amma Daimi Nümayəndəliyin qarşısında çaşqınlıq içində olan insanların səhəri açılmırdı, hamı 20 yanvarın qaranlığında kədərli və qəzəbli idi. Tam səmimi deyirəm, Heydər Əliyevin Nümayəndəliyə gəlib mətbuat konfransı keçirməsi və SSRİ rəhbərliyini sərt tənqid etməsi bizim mitinq və piketlərimizi daha izdihamlı, daha mütəşəkkil etdi. Hüznlü və şərəfli günlər idi. Qarlı-buzlu yollarla nümayişə çıxıb SSRİ-nin ən ali qurumlarının qarşısında piketlər keçirirdik, etirazımızı bildirirdik. Məhz bu mitinq və nümayişlər ictimai rəyə xeyli təsir etdi. Moskva və dünya baş verən hadisələrin əsl mahiyyətini anlamağa və baş verənlərə obyektiv qiymət verməyə başladı…”Haqqında danışdığım Mübariz Ağalı oğlu Əsgərov 20 yanvar 1962-cı ildə Ucar şəhərində anadan olub. Orta təhsilini və hərbi xidməti başa vurandan sonra 1986-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunsa da, sonradan təhsilini davam etdirmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə göndərilib. 1992-cı ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Televiziyasında işə başlayıb və altı il burada böyük redaktor və bədii-eksperimental qrupun rəhbəri vəzifələrində çalışıb. Həmin illərdə “Və…”, “Qulp” proqramlarının müəllifi və aparıcısı olub. 1998-ci ildən “ANS” müstəqil televiziya şirkətində aparıcı redaktor, müəllif proqramları bürosunun rəhbəri, baş prodüser vəzifələrində işləyib. “ANS” televiziya kanalında yayımlanan “Qulp”, “Mübarizə” proqramlarının müəllifi və aparıcısı kimi fəaliyyətini davam etdirib. 2013-cü ildən “Qulp studio” MMC-nin təsisçisi və direktoru, “Rezonans” proqramının müəllifi olub. 2021-ci ildə Prezidentinin verdiyi sərəncama əsasən 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. Hazırda bu vəzifəsində çalışır. 2015-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. “Bir mətbuat konfransının tarixi”, “Şuşanın dağları qara dumanlı”, “Xocalı dərsi”, “Ölüm hökmü – ömürlük cəza”, “Kəlbəcərin son günü”, “Xocalı nişanəsi”, “44 gün, 44 an”, “Şuşa”, “Qara tale – ağ ölüm” adlı sənədli filmlərin müəllifidir…“Moskva Dövlət Universitetində təhsil alalanda universitetin Şvernik küçəsindəki yataqxanasında qalırdım. Hər axşam birinci mərtəbədə yerləşən beynəlxalq danışıqlar üçün telefon aparatının yanına dünyanın bir-çox ölkələrindən olan tələbələr yığışırdı. Hamı növbə tutub ardıcıllıqla istədikləri ölkə və şəhərlə danışırdı. Mən də tez-tez bu imkandan istifadə edirdim. Tələbələrin çoxu ya şəxsən, ya da üzdən bir-birini tanıyırdı. Bir dəfə burada toplaşan tələbələrə yaxınlaşıb, axırıncı kimdir?- deyə soruşdum. Bir tələbə, axırıncı mənəm, dünyanın bütün erməniləri də mənim arxamdadır, dedi. Özümü birbalaca itirsəm də sualı yenidən təkrar etdim. Yenə eyni cavabı eşitdim. Onun bu cavabını növbədə olan tələbələrin çoxu təbəssümlə qarşıladı. Mən də bir balaca gülümsədim və həmin tələbəyə dedim ki, deməli axırıncı sənsən və dünyanın bütün erməniləri də sənin arxandadır. Dedi ki, elədir. Dedim, onda belə çıxır ki, dünyanın bütün ermənilərinin arxa tərəfi mənim qabaq tərəfimə düşür… Bayaq erməni tələbənin sözlərinə təbəssümlə cavab verən tələbələr mənim bu sözlərimi gülüşlə qarşıladılar. Sonradan eşitdim ki, o əvvəllər də növbədə azərbaycanlı tələbələrə qarşı bu fikiri tez-tez səsləndirirmiş. Amma, bu hadisədən sonra həmin tələbə bu sözləri dilinə gətirmədi…”- söyləyir….Baməzə adamdır, yumor hissi çox yüksəkdir. Anadangəlmə liderliyi var. Fərasətli və dünyanı təkbaşına idarə edəcək qədər güclüdür. Böyük işlərdə iştirak etməkdən, insanları doğru yola yönəltməkdən, kütləni idarə etməkdən həzz alır və insanların diqqətini özünə cəlb etməyi bacarır. Yorulmağın nə olduğunu bilmir, istədiyi nəticəni əldə edənədək işləməyə davam edir. Zərif təbiətli olsa da, lakin çox dözümlüdür. Hər hadisədən asanlıqla sarsılmır…Deyir ki:- “Azərbaycanla qonşu olan bir ölkədə təşkil olunmuş qeyri-rəsmi yığıncaqda dünyada gedən proseslər, o cümlədən Azərbaycanda baş verən hadisələr müzakirə olunurdu. Mən dövlətimizə qarşı söylənən ittihamlara qarşı qəti etirazımı bildirdim. Məclis iştirakçıları mənim münasibətimi təccüblə qarşıladılar. Bəlkə də məndən bunu gözləmirdilər. Həmin illərdə mən “Qulp” proqramının müəllifi və aparıcısı idim. Səfəri başa vurub maşınla geri qayıdırdıq. Sərhədi keçəndən sonra avtomobilin maqintafonunda xeyli əlləşsəm də yerli radioları tutmağa çətinlik çəkirdim, çünki qonşu ölkələrin radioötürücüləri buna imkan vermirdi. Mən üzümü mənimlə səfərdən qayıdan adama tutub Bakıya qayıdan kimi bu problemin həll olunmasına çalışacağımı söylədim. Yol yoldaşım təəccüblə mənə baxıb, sərhəddən o tərəfə Azərbaycanı təbliğ edirdin, amma indi tənqid edirsən, dedi. Mən Azərbaycan sərhədindən o tərəfdə Azərbaycanın təmsilçisi, bu tərəfdə isə bir vətəndaş kimi tənqidçiyəm, dedim…”…Fikirlərində çox sabitdir, verdiyi qərarlardan geri çəkilməyi xoşlamır. Reaksiyalarından, niyyət və məqsədlərini təxmin etmək mümkün deyil. O, bütün ağıllı adamlar kimi həyatı bir oyun qəbul edir. Elə buna görə də risk etməkdən, yeni yollar sınamaqdan və fərqli üsullar tətbiq etməkdən çəkinmir. Onun dünyaya öz baxışı var- qadağaların və qaydaların nə üçün olduğunu yaxşı anlayır və yalnız ali qaydalarla yaşayır…“Mən bir vətəndaş kimi problemləri şişirtməyin əleyhinəyəm- sadəcə onları həll etməyin yollarını göstərmək və çalışmaq lazımdır. “Oyuncaq “adlı məşhur fransız filmində bir epizod var. Redaksiyanın rəhbəri öz əməkdaşına soyunmaq əmri verir. O da dinməz-söyləməz şalvarını çıxardır. Göstəriş verən üzünü həmin adama tutub deyir ki, kim daha çox günahkardır, soyunmağını istiyən mən, yoxsa şalvarını çıxarmağa hazır olan sən? Son vaxtlar sosial şəbəkələrdə Azərbaycanın ünvanına söyüş və təhqir yağdıran soydaşlarımızın çıxışlarını görəndə filmdəki bu epizod yadıma düşür. Onlara bu sifarişi verənlər daha çox günahkardır, yoxsa onlar özləri? Cavab aydındır; Bizim hamımızın Azərbaycan adlı bir dövləti var. Harada və hansı şəraitdə olmağına baxmıyaraq hamı onu qorumalıdır ki, sonda bu torpağa qarışmağa haqqı olsun.”- söyləyir….Şanslı insandır. Son dərəcə cəsarətlidir. Onunla dostluq etsəniz heç vaxt darıxmayacaqsınız və həmişə üzünüzdə təbəssüm olacaq. Əgər xətrinizə dəysə, könlünüzü almağa qüvvəsi çatacaq. Bu, onun ürəyinin təmizliyindən irəli gəlir. Qürurlu və məğrurdur. Güclü emosional temperamenti var. Gözəl sürprizlərlə münasibətlərindəki həyəcanı artırır və ətrafını həyəcanlandırmaq üçün çılğın planlar qura bilir. İctimai həyatlarında dürüstlüyə böyük əhəmiyyət verir. Kiminsə yalan danışmasına dözə bilmir…Onun haqqında çoxdan danışmaq istəyirdim. Amma uyğun zaman, münbit səbəb axtarırdım. Budur, həm zaman və həm də səbəb var, ad günüdür. Təbrik edirəm! Allah ondan heç nəyi əsirgəməyib, tərbiyyəli, savadlı övladları, xoş güzəranı var. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Bəli, “Mübariz Əsgərov Zirvəsi” telejurnalistikamızın möhtəşəm zirvələrindən biridir…
Bu dəfə sizə Raya Qocayevadan söhbət açmaq istəyirəm. Ərinin sağlığında başına pərvanə kimi dolanan Raya xanımdan. Amerikada görüb tanıdığım bir gözəl azərbaycanlı qadından. Axı, yanvarın 15-i Raya xanımın doğum günüdür…
Deyir ki:- “Ailə quranda mənim iyirmi bir, Fikrətin otuz altı yaşı var idi. Orta məktəbi Ağdaş rayonunda bitirmişəm. Əvvəllər istəyirdim ki Tibb Universitetində təhsil alım, amma sonra müəyyən səbəblərdən sənədlərimi Pedaqoji Universitetə verdim, ixtisasca kimyaçı bioloqam. Ailələrimiz arasında dostluq əlaqələri olsa da universitetə qəbul olunanadək mən Fikrəti görməmişdim. Tanışlığımız, ailə qurmağımız da təsadüfən olub. Əvvəl dost olmuşuq, sonra dostluq münasibətlərimiz öz məcrasından çıxaraq ailəyə çevrildi. Fikrətə qarşı dərin hörmətləri olsa da, aramızdakı böyük yaş fərqinə görə valideyinlərim bu evliliyə qarşı çıxırdı. Sonradan razılığa gəldilər. Zaman keçdikcə aydın oldu ki, mən yanlış seçim etməmişəm və ikinci kursda olanda nişanlandıq, universiteti bitirəndən sonra isə ailə qurduq…”
Bəli, ilk dəfə onu ABŞ-ın İndianopolis şəhərində, qızı Günay xanımın evində görüşmüşdüm. Həyat yoldaşı Fikrət Qoca ilə birlikdə gəlmişdilər. Bir həftə bir süfrədə çörək kəsir, deyib-gülüb söhbət edirdik. Arabir yığışıb şəhərə gəzməyə çıxırdıq. Çox mehriban, mədəni, səmimi xanımdır…
“Təzə ailə qurduğumuz vaxtlarda hamı kimi bizim də aramızda anlaşılmazlıqlar olub, çünki əvvəllər mən çox səbrsiz idim, hər deyilən sözə cavab verirdim, səbrimi cilovlamağı bacarmırdım, cavan idim. Aramızda olan yaş fərqinin müsbət cəhəti onda idi ki, Fikrət bu səbrsiz hərəkətlərimi anlayışla qarşılayırdı. Mənim həyatda tək çətinliyim Fikrətin keçirdiyi xəstəliklər olub. Hər xəstəliyi digərindən bir az daha ağır gəlirdi. Birinci dəfə mədə xorasından çox əziyyət çəkdi. Sonra Afrikaya getmişdi, sərhədi keçəndə hamı kimi ona da dərman veriblər. Fikrət öz dərmanını bir qadına verib ki, mənə heç nə olası deyil, səfərdən qayıdandan sonra qızdırması oldu, elə bir xəstəliyə tutuldu ki, heç kim nə olduğunu tapa bilmirdi. Xəstəliyin yeddinci günü artıq nə yemək yeyə, nə də su içə bilirdi. Təsadüfən həkimlərdən biri aşkar etdi ki, sən demə Afrikada ağcaqanad sancmasından malyariya xəstəliyinə tutulub. Üçüncü dəfə xərçəng xəstəliyinə tutuldu. Həkimə getdik, həkim üzümüzə dedi ki, altı ay ömrü qalıb. Əlim yerdən, göydən üzüldü. Amma ölüm fikriylə heç cür barışa bilmirdim. Heydər Əliyevin köməkliyi ilə, Moskvaya əməliyyata getdi. Ağciyərinin bir hissəsini kəsib götürdülər, amma əməliyyatın mənfi cəhəti onda idi ki, səs tellərinə toxundular. Fikrətin elə gözəl səsi var idi ki, heç kim ondan sonra şeir demək istəmirdi. Öz şeirlərini oxuculara özü təqdim edərdi. Çox şükür ki, o vaxt həmin xəstəlikdən də qurtula bildik. Sonra uzun müddət yaşadı. Bəli, Allahdan başqa heç kim, insana ömür biçə bilməz. Allah var, mərhəməti də var.”- söyləyir.
Böyük əziyyətlər çəkib, ağrı-acılı günlərin zəhməti gözlərindən boylanır. Mərd qadındır. Ömür-gün yoldaşının yolunda hansı əzablara qatlaşmayıb ki? İki qızı var- Günay və Gülay. Günay xanım uzaq Amerikada yaşasa da, hər gün anası ilə skaypla danışır. Gülay xanım isə yaxındadır, həmişə anasının nəvazişini çəkir…
Deyir ki:- “Bir müddət mətbuat sahəsində jurnalist kimi çalışmışam. Mətbuatda işlədiyim dövrlərdə, məqalələr, hekayələr də yazırdım. Amma insanın peşəsi həmişə onu özünə çəkir. Sonra işə müəllim kimi başlamaq imkanım olsa da, laborant olmağı seçdim. Müəllimlik asan peşə deyil, ilk dərsin həyəcanını azaltmaq, uşaqlarla davranışı qavramaq üçün təcrübə keçmək qərarına gəlmişdim. Mən uşaqlara tək biologiya, kimya öyrətmirdim. Onları ədəbiyyata yönləndirirdim, bədii əsər oxumağa maraq oyadırdım. Biz uşaqlarla birlikdə, dərsdən çox həyatı öyrənirdik. Kiçik qızımız Gülayın ədəbiyyata marağı çox böyük idi. Uşaq vaxtı yazdıqlarını böyük maraq və həvəslə oxuyardı. Bir gün atası ona dedi ki, qızım sən şeir yazma. Elə o sözdən sonra Gülay bir daha əlinə qələm almadı. İndi nəvəmiz- balaca Fikrət Qoca ədəbiyyata böyük maraq göstərir. Mən də istəyirəm ki, bütün xatirələrimi qələmə alım, çap etdirməsəm də bir tərəfdə qalsın…”
Bəli, yanvarın 15-də Raya xanımın növbəti yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firavan həyat arzulayıram. Çox yaşasın!
Şərq dünyasına məxsus olan qəzəl janrı, əsrlər boyu formalaşaraq, Azərbaycan ədəbiyyatında xüsusi yer tutub. Qəzəl bu gün də poeziyamızın ən incə və mürəkkəb janrlarından biri kimi, mənaca dərin və düşündürücü şeirlərin yaranmasına səbəb olur. Bu janr həm də söz sənətinin ruhunu, klassik poeziyanın fəlsəfəsini, lirikasını nəsildən-nəslə ötürür. Bu gün ölkəmizin müxtəlif bölgələrində yaşayan qəzəlxan şairlər özünəməxsus üslub və istedadları ilə Azərbaycan poeziyasının zənginliyinə xüsusi rəng qatırlar. Sevindirici haldır ki, poeziyamızın bu qədim janrı bu gün də yaşamaqdadır və yeni nəsil şairlərin yaradıcılığında öz inkişaf mərhələsini keçir. Bu məsələdə özünəməxsus dəsti-xətti olan şairlərdən biri də haqqında söhbət açmaq istədiyim Mahcamal Babayevadır…
Mahcamal xanım 1949-cu ilin yanvar ayının 14-də Bakının Əmircan kəndində musiqiçi-neftçi ailəsində dünyaya gəlib. Atası Kərim Şərif istedadlı klarnet, saksafon ifaçısı, Əmircan və Suraxanı mədəniyyət saraylarının nəfəsli alətlər orkestirinin dirijoru və rəhbəri vəzifəsində çalışıb. Böyük Vətən müharibəsindən sonrakı ağır illərdə gəncləri müsiqi mühitinə cəlb edərək bir çox məşhur musiqiçilərin, o cümlədən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, bəstəkar Əziz Əzizlinin, Azərbaycan müsiqi konservatoriyasının müəllimi, dosent Yaşar Qarayusiflinin, vertioz klarnet ifaçıları Şəmsi İmanovun, kiçik qardaşı Tofiq Şərifin müəllimi olub…
Musiqiçi ailəsində böyüyən Mahcamal xanım uşaq yaşlarından ədəbiyyata olan sevgisi ilə seçilib. Orta məktəbdə oxuyarkən bədii qiraətə böyük maraq göstərib və məktəbin mədəni-kütləvi tədbirlərində fəal iştirak edib. Orta təhsilini Əmircan kəndindəki 84 № li məktəbdə alaraq son 11-ci sinifi 226 № li məktəbdə başa vurub. Həmin ilin oktyabr ayından Azərbaycan Neft Akademiyasının dekanlığında işə başlayıb. Ədəbiyyata olan sevgisinə baxmayaraq 1968-ci ildə Azərbaycan Neft Akademiyasının kimya-texnologiya fakultəsinə daxil olub. 1972-ci ildən təhsilini Moskvada D. İ. Mendeleyev adına Kimya- texnologiya institutunda davam etdirib. Təhsilini başa vurduqdan sonra Azərbaycan Milli Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda, sonralar isə Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib. 1981-1982 illərdə AzNeft-in nəzdində olan Neft Quyularının yeraltı təmiri idarəsində mühəndis-texnoloq, 1982-ci ildən isə Bakı Geofizika Cihazları Təcrübə zavodunda mühəndis-texnoloq vəzifələrində işləyib. Əmək fəaliyyətinin son 11 ilini isə Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunda böyuk elmi işçi kimi fəaliyyət göstərib. Eyni zamanda İnstitutun təkmilləşmə kurslarında dərs deyib…
…Güclü iradəsi və yaxşı müşahidə qabiliyyəti onu fərqləndirən əsas xüsusiyyətlərdəndir. İnsanlarla ünsiyyətdə susmağa, müşahidə etməyə, fikir qazanmağa üstünlük verir. Keçmişinə və adət-ənənələrinə bağlı xanımdır. Xaraktercə mülayim, həssas və qətiyyətlidir. Təşkilatçılıq qabiliyyəti yüksəkdir. Heç vaxt istədiyi bir şeydən asanlıqla əl çəkmir və nəhayət ki, ona çatır. Güclü yaddaşı var və kifayət qədər bacarıqlıdır. Adətən konkretliyə üstünlük verir, amma mücərrəd anlayışlardan da uzaq qala bilmir. Həsəd, paxıllıq ona yaddır. İnsanlarda sevgi, dürüstlük və zadəganlığı qiymətləndirir. Sərt görünüşə malik olsa da, duyğularında şəfqət, şirinlik var…
Mahcamal xanım ədəbi mühitə 2002-ci ildən qədəm basıb, əvvəlcə “Şam” ədəbi məclisinin, sonra isə “Məcməüş – Şüara”, “Vahid” ədəbi məclislərinin üzvü olub. İlk şeirləri təhsil aldığı ali məktəbin “Neft kadrları uğrurnda” qəzetində çap olunub. Dövri mətbuatda isə, ilk dəfə olaraq “Qobustan” dərgisində “Səttar Bəhlulzadənin heykəli önündə” adlı şeiri işıq üzü görüb. 2004-cü ildən “Azərbaycan”, “Ulduz”, “Yada düşdü” dərgilərində mütəmadi olaraq həm klassik janrda, həm də heca vəznində yazdığı şeirləri dərc edilir. Əsasən yazdığı qəzəllər ilə tanınan Mahcamal xanımın “Bizim bağın çəpəri yox…” adlı ilk şeirlər kitabı 2010-cu idə işıq üzü görüb. 2004- cü ildən etibarən mütəmadi olaraq Azərbaycan Dövlət televiziyasının Mədəniyyət kanalında “Məclisi – Üns” verlişinin iştirakçısı olub. Qəzəlləri bəzi xanəndələr tərəfindən ifa olunur və şözlərinə müxtəlif mahnılar bəstələnib. Klassik janrda yazdığı “Hələ də gec deyil” adlı kitabı 2024-cü ildə nəşr edilib. Həmin ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Prezident mükafatına layiq görülüb. 2025- ci ildə “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq dərgisinin Dünyaya sülh naminə Türk Dünyasının dəyərli mükafatı “Dədə Qorqud” mükafatı ilə təltif olunub…
Deyir ki:
“Ömrüm qışı həsrət çəkir ötmüş yaza neynim? Qoymuş yaz özün həddin aşan min naza neynim?
Boylandım ötən günlərə ah pərdəsin açdım, Sandım ki, gələr, gəlmədi can pişvaza neynim?
Durdum bu günün qəsdinə, hönkürdü sabahlar! Dönmüş zamanın sərhədi bir sərvaza neynim?
Fikrin kəhərin çapdı xəyal, eylədi cövlan, Meylin sala bilmir ki, olar, olmaza neynim?
Bir gün belə, üç gün belə keçsin nə ziyan var? Hər gün salıram mehri qalar, qalmaza neynim?
Dildarlığı, dilbərliyi qurban elədim mən, Gah var kimi, gah yox kimi bir pərvaza neynim?
Ey Mahcamal, oynaqdı bu təzyiq, coşur hər gün. Bir azca ara vermədi çoxdan aza neynim?”
…Yanvarın 14-ü Mahcamal xanımın növbəti ad günüdür. Bu münasibətlə onu ürəkdən təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram…
Ömür Allahın insana verdiyi möhlət, uzun ömür isə lütfüdür. Xoşbəxt o kəslərdir ki, nəvə, sonra da nəticə toyunda iştirak edə bilirlər. Fəqət qocalığın da öz çətinlikləri olur. Bir az canın ağrayır, bir az yaddaşın korşalır, bir az gözlərin zəif görür, bir az qulaqların ağır eşidir, bir az da… Amma bütün bunlara baxmayaraq yaşamaq gözəldir, həyat isə şirin…
Respublikanın əməkdar jurnalisti Sahib Əliyevi çoxdan tanıyıram. Haradasa qohumluq əlaqələrimiz də var. Bundan əlavə xalam oğlu, rəhmətlik Höccət Kərimov bir vaxtlar onun sürücüsü işləyib. Sahib müəllim uzun illər Yardımlının ictimai-siyasi həyatında mühüm rol oynayıb, rayon qəzetinin baş redaktoru vəzifəsində çalışıb. O, həm də şairdir, neçə-neçə kitabı işıq üzü görüb. Sözlərinə bir sıra mahnılar bəstələnib. Onlardan biri, illərlə ünlü sənətkarımız Zeynəb Xanlarovanın repertuarını bəzəyib…
Yanavrın 10-u Sahib müəllimin növbəti ad günüdür, səhv etmirəmsə, 90-a iki il qalır. Onun “HƏMİN DÜNYA DEYİLSƏN” şeirini təqdim etməklə, dünya haqqında qənaətini sizinlə bölüşmək istəyirəm:
Yolların qorxu içində, Qorxudan keçə bilmirəm. Suların da ki, bulanıq, Çimçəşir, içə bilmirəm.
Həmin dünya deyilsən sən, Dəyişmisən niyə, nədən? Gör nə hala düşüb bədən, Artıq don biçə bilmirəm.
Bu hal səni tapdı hardan,- Qəlbin soyuq olub qardan. Dostu da durub əğyardan Mən indi seçə bilmirəm.
Dumana bürünüb yazım, Köklənibdi qəmə sazım. Belə ömür nəyə lazım? Xoşla da köçə bilmirəm…
Sahib Əliyevi ad günü münasibətilə təbrik edir, ona 100 il ömür arzulayıram…
…Hə, az qala unutmuşdum. O gün onunla telefonda danışanda gileyləndi ki, heç kim zəng edib hal-əhvalını soruşmur. Bir vaxtlar susmayan telefonunun bu gün səssiz qalması onu çox duyğulandırır. Gəlin bu qocaman jurnalisti, qayım-qədim şairi ad günündə sevindirməyə çalışaq: 055-948.94.09…
Xeyirxahlıq təkcə maddi yardımla ölçülmür ki… İnsanlara diqqət ayırmaq, onların əhvalına sevinc qatmaq, sayğı göstərmək özü də bir xeyirxahlıqdır. Xeyirxahlığın gücü insan ruhunun gözəlliyindən, səmimiyyətdən qaynaqlanır və ən böyük mənəvi dəyərlərdən biridir…
…Onunla “Facebook” sosial şəbəkəsindən tanışıq. Həyatda da bir neçə dəfə görüşmüşük. Müxtəlif yazılarla yanaşı, təbrik mətnlərilə dostlarını sevindirməyə çalışır. Onların hər birinə təbəssüm bəxş etməkdən usanmır, ruhdan düşmür. Axı, təbrik olunanların arasında elələri də olur ki, bu diqqəti, bu sayğını dəyərləndirməyə qadir deyil, qarşılığını verməyə nə nəzakəti, nə də insanlığı çatmır. Amma atalar yaxşı deyib ki, “heç bir xeyirxahlıq boşa getməz”, “yaxşılığı at dəryaya, balıq bilməsə də Xaliq bilər…”
Müsahibələrinin birində deyir ki:- “Mən 1-ci sinifdən 11-ci sinifə qədər təhsilimi Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almışam. Yəqin ki, Ağdamın suyu, havası mənim tərbiyyəmdə rol oynayıb. Əslində fərqi yoxdur, Bakıda da yaşasaydım, eynisi olacaqdım. Axı, xasiyyət dəyişməzdir…”
Söhbət Zaur Ustac kimi tanıdığımız Mustafayev Zaur Mustafa oğlundan gedir. İstedadlı qələm adamı, şair-publisistdir. O, 8 yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində alaraq Bakı Dövlət Universitetində,sonradan Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirib. Birinci Qarabağ müharibəsinin iştirakçısıdır və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. “Yazarlar” jurnalının təsisçisi və baş redaktorudur. Onun “Günaydın”(Ağçiçəyim), “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdud həyatın məchul düşüncələri”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevin ki, seviləsiz…”, “Qəlbimin açıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Zimistan”, “Ülyahəzrət”, “45”, “Qədimliyə bürünmüş yenilik”, yaradıcılığının 30 illiyi yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Otuz ildir əldə qələm” kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə aldığı “Əliş və Anna” poemasının, “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar” adlı məqalə topluların, o cümlədən Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş “Oriyentir ulduzu” (povest) kitabının müəllifidir…
“5-ci sinifdə oxuyarkən ilk dəfə əlimə qələm alıb “Sülh göyərçini” şeirini yazdım və bu şeirlə də ədəbiyyata gəldim. Elə həmin illərdən də “Azərbaycan pioneri”, “Odlar yurdu” qəzetində, “Pioner” jurnalında çap olunmağa başladım. 2010-cu ildə “Günaydın” (“Ağ çiçəyim”) şeirlər kitabım işıq üzü gördü. 15-dən çox kitabın müəllifiyəm. Milli Qəhrəman Mübariz İbrahimov haqqında yazdığım “Oriyentir ulduzu” adlı 4 hissədən ibarət povestim 3500 tirajla 5 dəfə nəşr olunaraq hərbi hissələrə, respublikanın bütün bölgələrində fəaliyyət göstərən kitabxanalara və eləcə də ümumtəhsil məktəblərinin kitabxanalarına paylanılıb. Bu kitab mənə uğur gətirdi. Xeyli oxucu qazandırdı. Eyni zamanda, adıçəkilən kitabın elektron variantı kitabxanalarda saxlanılır. Bədii əsərlərlə yanaşı, təhsil sahəsində bir sıra kitablarım işıq üzü görüb. Belə ki, 1-ci sinif şagirdləri üçün “Əlifba”mızdakı bütün rəqəmlərə aid şeir və tapmacalardan ibarət “Gülünün şeirləri” kitabının müəllifiyəm. Sözügedən kitab 3 dəfə nəşr olunub və bütün məktəblərdə sinifdənxaric oxu kimi istifadə edilir. Statistik məlumata görə, gündə, ən azı, 500-600 nəfər bu kitabdan istifadə edir. 2016-2018-ci tədris illərində “İlin ən çox oxunan kitabı” adına layiq görülüb…”- söyləyir.
…Davranışından, ifadə tərzindən, yazı üslubundan hiss olunur ki münasibətlərdə etibarlı, həssas və sabitdir. Hər şeydə sabitliyin olmasını sevir. Onun üçün gündəlik həyatda rahatlıq və başqaları üçün qayğının təzahürü vacibdir. Və yalnız sədiq insanlara etibar etməyə çalışmır, həm də başqasının kədərinə həssasdır, dostlarının köməyinə həvəslə getməyi bacarır. Hərəkətləri nadir hallarda kobud və ya aqressiv olur. O, öz natiqliyi sayəsində konkret fərdlərə və bütövlükdə böyük sosial qruplara təsir edə bilir. Və həmişə zərif və nəzakətli olmağa çalışır. Rahat yaşamaq üçün faydalı əlaqələr qurmaq, əlaqələr əldə etmək onun üçün çətin deyil. Kobud və həyasızların qarşısında gücsüzdür. Onun fitri zəkası və nəcibliyi kobud hərəkətlər etməyə imkan vermir…
Bəli, yanvarın 8-i Zaur Uctacın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…
Bir vaxtlar Bərcan kəndini “Yardımlının avropası” adlandırmaqda yanılmadığıma hələ də əminəm. Çünki bu kənd Yardımlının tarixində çox ilklərə imza atıb. Bəyləri də olub, qoçuları da, eləcə də rayonun ilk ali təhsillisi də o yurddan pərvazlanıb. Xülasə, Bərcan kəndi çox işıqlı adamların el-obası, dil açıb ilk dəfə danışdığı, qədəmlərini ilk basdığı yurddur. Belə işıqlı adamlardan biri də- şair, şərqşünas, tərcüməçi Hafiz Rüstəmdir. Seyyid nəslindən olduğuna görə, yardımlılar ona Mir Hafiz ağa da deyirlər. Salyanda dünyaya gəlsə də Bərcanla nəfəs alıb, Bərcanla böyüyüb…
…Otuz beş ildən çoxdur ki, Mirmahmud Mirəlioğlunu tanıyıram desəm, yəqin ki, səhv danışmaram. Hafiz Rüstəm tək-tək adamlardandır ki, Mirmahmud ağa ona “Ustad” deyə müraciət edir. Bəli, Hafiz Rstəm bir sıra kitabların müəllifi, bir neçə əcnəbi dildə yazılmış kitabın tərcüməçisidir. Uzun illər “Maarif” nəşriyyatında çalışıb. Yanvarın 8-i Hafiz müəllimin 75 yaşı tamam olur. 75 yaşında kişiyə nə arzulamaq olar? Düşünürəm ki, bu yaşda kişiyə ağrı-acısız həyat, balalarının xoş günlərini, uğurlarını görməyi arzulamaqdan gözəl istək ola bilməz…
Əzizimiz Mir Hafiz ağa, nə olar, çox yaşa da. Axı, yaxşılara, işıqlı adamlara həmişə ehtiyacımız var…