Deyir ki:- “Qismət adlı bir məfhum var, mən ona ürəkdən inanıram. Bəzən çox istədiyin bir şeyin arxasınca qaçırsan, qazanmaq üçün əlindən gələni edirsən. Ancaq nə qədər çalışsan da, istəsən də, alınmır. O zaman inad etməməli, hər şeyi olduğu kimi qəbul etməli insan. Çünki həyatın səninlə bağlı başqa planları var. Deməli, o, sənin qismətin deyil, taleyinə yazılmayıb. Həyat onu olduğu kimi qəbul etdiyiniz zaman tam sizin olacaq.”
İstedadın da üç növü olur:- passiv, orta və parlaq. Haqqında söhbət açmaq istədiyim Aysel Əlizadə üçüncülərdəndir. İctimai fəaliyyətini, eləcə də yaradıcılığını izlədikcə buna şahid olmuşam…
“18 yaşım var idi. Elə qəribə qız idim ki, necə deyərlər, divara dırmaşırdım. Böyük arzuları olan, məktəbdə çox aktiv bir qız, təşkilatçı… Bayramları, tədbirləri özüm keçirirdim, tək başına. Fabriklərin bağlanma vaxtı idi. Sevil xala vardı, karamel fabrikində işləyirdi. Bu da işsiz qalmışdı. Mənə elə həyəcanla danışdı ki, ürəyim ağrıdı. Getdim karamel fabrikinə. Sonra da yazı yazdım. Zahid Səfəroğlu sağ olsun, mənə kömək elədi, çap elədi yazını. Onda “Yeni müsavat”ın gurultulu vaxtları idi. Sonra Space TV-yə getdim. Orda staj keçdim. Televiziyada “Yeni müsavat”da çap olunduğumu deyəndə çaşdılar. Xəbərlərdə çalışırdım. PKK-nın terror xəbərlərini ilk dəfə mən Azərbaycan türkcəsində çatdırmışdım. PKK-a işinə mən baxırdım. Sonra da ABA televiziyasına getdim. Efir üçün yazdıqlarımı çap etməyə başladım. Birinci yazım Azad Mirzəcanzadə haqqında idi. Çox yaxşı qarşılanmışdı. Şeir yazmağım da belə oldu. Ədəbi verilişlər hazırlayırdım. Bir dəfə Anar müəllimə dedim ki, şeir yazıram. Şeirlərimi göstərdim, çox bəyəndi. Dedi, mən yazıçıyam, şair deyiləm, ola bilsin, obyektiv fikir demərəm, ən yaxşısı sən Fikrət Qocaya göstər şeirlərini. Fikrət müəllimə göstərdim, o da çox böyük ruh verdi mənə. Az şeir yazdığımı dedim ona. Fikrət Qoca dedi ki, nə olsun, Natəvan da az yazıb. Məni elə şişirtdi ki… Ağız da büzə bilərdi, amma əksinə böyük mənəvi ruh verdi mənə.”- söyləyir.
Çox ağıllı, zəkası iti, dərin düşüncəli xanımdır. Özü dediyi kimi, Aysel adının mənası “Ay işığının seli, ay seli” deməkdir. Və bu coşqu onun həyatında da biruzə verir. Bir də deyir ki:- “Sevincini uca səslə bölüşə bilmirsənsə, demək azad deyilsən!..”
Həyat düsturu- azadlıq üstəgəl(+) azadlıq, çıx(-) azadlıq, böl (:) azadlıq, vur(x) azadlıq olan bu xanım haqqında geniş danışıb vaxtınızı almaq istəmirəm. Çünki ölkədə kifayət qədər tanınır, sosial platformalarda barəsində istənilən qədər məlumat var. Məqsədim, onu ad günü münasibəti ilə təbrik etməkdir. Axı, yanvarın 3-ü Aysel Əlizadənin növbəti ad günüdür… Arzuları çin olsun!
Şair və yazıçıların qruplaşmasından çox narahatdır. İstəyir ki, Azərbaycanda da qələmə alınan ciddi əsərlərin sayı çox olsun və yerli müəlliflərin əsərləri ümumbəşəri əhəmiyyət daşısın. Yazarlarımz dünyada tanınsınlar. Necə deyərlər, “Nobel” mükafatının ayağı Azərbaycana da açılsın. Yaxşı arzudur, amma…
Adətən yeni ilin ilk günündə baş qarışıq olur, kimisi qonaq gedir, kimisinə qonaq gəlir, kimisi də dünənin yorğunluğunu çıxarmağa çalışır. Necə deyərlər, bayram əhval-ruhiyyəsi hələ də davam edir. Haqqında söhbət açmaq istədiyim şair, publisist Əbülfət Mədətoğlu da belə bir gündə, 1959-cu ilin yanvar ayının 1-də dünyaya gəlib. Qarabağlıdır, Xocəvənd rayonunun Tuğ kəndində böyüyüb boya-başa çatıb. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnib. Eyni zamanda Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. Elə o vaxtdan da müxtəlif mətbu orqanlarında çalışıb. Hazırda “Yenisəs. Az” saytının baş redaktorudur. Ötən müddət ərzində bir sıra ədəbi mükafatlarla yanaşı, “Əməkdar Jurnalist” fəxri adına da layiq görülüb…
Deyir ki:- “Əlifbanı tanıyandan yazıb oxumağı sevmişəm. Bizim kənd kitabxanamız çox zəngin olub. Kəndimiz işğal olunanadək evimizdə özümün də böyük kitabxanam var idi. Və kənddə bunu hamı bilirdi. Mən onların təqribən 3 min nüsxəsini kənddən çıxara bildim. Bu gün də Masazırdakı evimdə ayrıca bir kitabxanam var. Bu mənada mütaliə mənim işimə həmişə kömək olub. Həm qəzetdə, həm poeziyada. Ad çəkmədən deyim ki, dövri mətbuatda, o cümlədən sosial şəbəkələrdə yayımlanan şeir nümunələrinin hamısını oxumağa çalışıram. Ruhuma doğma olan şairlərimizin bir çoxunun kitabları masamın üstündədi. Tez-tez onlara üz tuturam. Allah dünyasını dəyişənlərə rəhmət etsin, yaşayanlara ömür versin!..”
Onun bir şair kimi yaratdıqlarından danışmaq fikrim yoxdur, çünki dövri mətbuatda bu barədə müxtəlif müəlliflərin kifayət qədər ədəbi təhlili və şərhi var. Mən onun bir insan kimi fəaliyyətindən söhbət açmaq istəyirəm…
Adətən biz “səxavətlidir” ifadəsini xeyriyyə işlərinə maddi vəsait ayıranlara şamil edirik, amma insanları xoş sözlə sevindirmək, kiməsə dəyər vermək özü də səxavət nümunəsidir. Əbülfət Mədətoğlu bu baxımdan böyük ürəkli adamdır. Əsərlərini təhlil edərək, o qədər müəllifə səxavət göstərib ki, say-hesabını bəlkə də çoxdan itirib…
“Mən ədəbi gəncliyi daim izləyirəm, onlarla səmimi münasibətim var. Rəhbərlik etdiyim “Yenisəs. Az” saytında ədəbi gəncliyə kifayət qədər yer ayrılıb və mən sevinirəm ki, bu gənclərin hansısa bir yazısının oxucularına təqdim olunmasında kiçik də olsa xidmətim olur. Mən Aysel Əlizadənin, Seymur Baycanın, Xuraman Hüseynzadənin, Elnur Aslanbəylinin, Qan Turalının, Aqşinin, Kənan Hacının, Cəlil Cavanşirinn, İradə Aytelin, Kəramət Böyükçölün, Həyat Şəminin, Nuranə Nurun, Zəka Vilayətoğlunun və digərlərinin yazılarını, bütövlükdə isə mətbuatda işıq üzü görən hər bir yazını oxumağa, izləməyə çalışıram.”- söyləyir.
Çox çətinliklərlə üzləşib, həyatı boyu heç nəyi asanlıqla əldə etməyib. Nə qazanıbsa, necə deyərlər, dişlə, dırnaqla, ağır zəhmətlə əldə edib. Dünyanın ən yüngül işi sandığından heç kimə məsləhət verməyi xoşlamır. Ona görə də həmin o yüngül işi hər kəsin öz ixtiyarına buraxır. Düşünür ki, kim necə bacarırsa, hansı yolu seçibsə o yolla xalqımıza, ədəbiyyatımıza xidmət etməlidir…
Deyir ki:- “Həyatda elə vəziyyətlər yaranır ki, onu sözlə ifadə etmək mümkün deyil. Lap elə qaçqınlığı götürək. Qaçqın olmayana bütün ürəyini də, bütün maddi sərvətini də bağışlasan belə, onun içində qırılıb çiliklənən, ölən, yaddaşında ağrı-acı guşəsi kimi qalan nəsnələri nə dəyişə bilməzsən, nə də unutdura bilməzsən. Göstərilən qayğı sadəcə diqqətdi. Yaşamağa ipucudu. Bu mənada 30 il ancaq xəyal etdiyin, ancaq yuxuda gördüyün kəndinə, evinə qayıtmaq bu gündən keçmişə dönüş deməkdir. Aradakı 30 il isə itirilən, əlindən zorla alınan ömürdü. Ona görə də Qarabağ azad olunandan sonra, kəndimizə səfər edəndə gördüyüm mənzərə mən çox acılar yaşatdı. Çünki mənim uşaqlığımın da, gəncliyimin də izləri, xatirələri güllələnmişdi. Evimin yerində qaratikan bitmişdi. Mənimlə orda danışan ancaq kədər idi, ağrı-acı idi. Axı, məni qarşılayanlar onlar idi…”
Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb. Əvvəlcə qəzet və jurnallara yazılar ünvanlayıb. Haqsızlıqlar, biganəliklərlə çox qarşılaşsa da həyatda ona dəstək verən, əlindən tutan, yol göstərən insanlar da olub. Onları böyük minnətdarlıq hissi ilə xatırlayır. Yazıçılardan Əlisəfa Məmmədovun, Əlfi Qasımovun, şairlərdən- xalq şairi Bəxtiyar Vahabzadənin, Çingiz Əlioğlunun, Sabir Rüstəmxanlının, Nüsrət Kəsəmənlinin, Abbas Abdullanın, Məmməd İsmayılın, Vaqif Nəsib Sarıhüseyn oğlunun, Zülfüqar Şahsevənlinin, Vaqif İbrahimin və digərlərinin zamanında xeyir-dua verdiyini dilə gətirir. Məhz həmin xeyirxahların tələbkar qayğısı onu bugünkü yazarlara qaygı, diqqət göstərməyə yönəldib. Xüsusilə maraqlı, istedadlı, dəstəyə ehtiyacı olan gənclər onun üçün çox önəmlidir…
“Əlimdən tutublar, mən də təbii ki, gücüm daxilində əldən tutmağa çalışıram. Hər gün yazmaq, hər gün hay-küy salmaq və yaxud özünü hansısa qrupda təbliğ etmək mənə görə istedadın göstəricisi sayıla bilməz. Ad çəkmədən deyə bilərəm, elə gənclərimiz var ki, başını salıb aşağı heç bir qruplaşmaya qoşulmadan sözün fəhləliyini edir, özünə yol açmağa çalışırlar. Amma bəziləri də öz aralarında “işbirliyi” yaradır, bir-birini gündəmə daşımaqla məşğuldular. Çox istərdim ki, Allahın verdiyi istedadı böyük SÖZün xidmətində görək həmişə…”- söyləyir.
Köhnə kişilərə xas olan təmkinlə ad günündən başlayaraq ilin son gününədək sonsuz həvəslə addımlayır. Hər yeni ilin gəlişi yaşı kimi ümidlərini də artırır…
Bəli, yanvarın 1-də haqqında söhbət açdığım şair, publisist, əməkdar jurnalist Əbülfət Mədətoğlunun növbəti ad günüdür, 67 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram…
Deyilənlərə görə, dünya şöhrətli yazıçı Heminquey gündə mütləq bir səhifə yazırmış. O isə yazmamışdan öncə uzun müddət düşünür və deyir ki,- “mənim üçün birinci cümləni başlamaq çətin olduğundan, keçirəm ikinci cümləyə”…
Heç vaxt yaradıcılığında plan tutmur, daha doğrusu yazacaqlarını proqramlaşdırmır. Ona mövzu bir model kimi, hazır gəlir. Hekayə hekayə kimi, roman da roman kimi. Bəli, yazıçı sözdən qorxmamalıdır, yəni sözə yuxarıdan aşağı baxmağı bacarmalıdır. Əslində, o, sözlə məzələnir, oxucunu oyuna salmağa çlışır, gözləmədiyi halda onu dolanbac yollarla aparır və odur ki, hekayələrinin çoxu da novellavari qurtarır…
“Mən modernist yazıçıyam. Heç kim deyə bilməz ki, mənim ortaya qoyduğum romanlar, hekayələr mühafizəkar düşüncənin məhsuludur. Hamı bilir ki, bu əsərlərin müəllifi yetərincə mütaliəli, dünyaya panoram baxan, dünyanı bütün rəngləri ilə qavraya bilən və həmin rəngləri də öz laboratoriyasından keçirib təqdim edən yazıçıdır. Amma bir də var cığallıq eləyəsən. Cığallıq çayxanada ola bilər. Ədəbiyyatda isə cığallıq əsərlə ölçülür. Bilmirəm, yadındadırsa, o vaxt biz “Eqo” yaradıcılıq ordeni təşkil eləmişdik. İdeya müəllifi də mən idim. İstedadlı bildiyim adamları da öz ətrafıma yığmışdım. O vaxtı “Yeni Müsavat” qəzetində qoşa səhifədə çap olunurduq. Həm gündəmə münasibət bildirirdik, həm də maraqlı əsərlər ortaya qoyurduq. Və yaxşı da qonorar alırdıq. Məhz elə bundan sonra ədəbiyyatda canlanma yarandı. “Eqo” bir mərhələ idi…”- söyləyir.
Haqqında söhbət açdığım Elçin Hüseynbəyli (ədəbi təxəllüsü: Qaraçuxa) 1961-ci il dekabr ayının 23-də Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olub. 1979-cu ildə həmin rayonun Şükürbəyli kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1980-1982-ci illərdə keçmiş Sovet ordusunda hərbi xidmət keçib. Sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub, 1989-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib.
1997-ci ildə Varşavada “İnsan haqları yay məktəbi”nin məzunu olub. 1999-cu ildən müxtəlif KİV-də, o cümlədən “Azadlıq” radiosunda işləyib, radionun Bakı bürosunu yaradıb. Azərbaycanda yeni informasiya modelini ilk təqdim edənlərdəndir. Bir sözlə, uzun müddət “Ulduz” jurnalı, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu mətbu orqanlarına rəhbərlik edib. Sonradan Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri olub. 2021-ci ildən Azərbaycan Yazıçılar Biriyinin katiblərindən biridir. “Rəqs edən oğlan”, “Balıq adam”, “İki nəfər üçün oyun”, “Cənab 21-ci əsr”, “Yovşan qağayılar”, “Tut ağacı boyunca”, “On üçüncü həvari, 141-ci Don Juan”, “Şah Abbas”, “Metro vadisi”, “Yolayrıcında qaçış”, “Azıx”, “Şimallı gəlin”, “Kopelhausda bir axşam”, “Yenə iki Od arasında”, “Gözünə gün düşür”, “Ağ və qara”, “Vida”, “Dənizin nağılları” kitablarının, on bir romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir. Bir sıra mükafatlara layiq görülüb və 2019-cu ildən Əməkdar incəsənət xadimidir…
Deyir ki:- “Çox mütaliə etmişəm. Sartr, Kamyu, Prust, Platonov, Selincer və s.. Xeyli ad çəkə bilərəm, amma Platonov mənim sevdiyim yazıçıdır. Adamların əksəriyyəti heç onların adlarını eşitməyəndə, mən onları oxumuşdum. İnsan ona görə mütaliə etməlidir ki, haradan gəlib, hara getdiyini, nəyin ədəbiyyatda olub-olmadığını bilsin. Buna görə də fərqli nələrisə yaratmağa cəhd etməlisən. Yazıçı fərqli yazan, fərqli düşüncəyə malik olmalıdır. Hadisələrə fərqli rakurslardan yanaşmağı bacarmalıdır. Hamının baxdığı rakursdan baxacaqsansa, bu, bezikdirici olacaq. Fərqli çarpazlardan baxsan, fərqli bir şey edə biləcəksən. Amma etiraf edim ki, bu gün ədəbiyyatımızda maraqlı imzalar var, onlar dayanmamalı, yazmalıdırlar. Təəssüflə deyirəm ki, ədəbiyyat arxa plana keçib. Müsahibələrimdən birində də demişdim ki, dünyada kataklizmlər baş verərsə, ədəbiyyata qayıdış ola bilər. Çünki insanlar humanizm, mərhəmət hislərini itirməyə başlayıblar…”
Xalq yazıçısı Anar onu yeni nəsil ədəbiyyatının layiqli təmsilçisi və sintetik janrlarda yazan qələm adamı kimi dəyərləndirib: “Elçinin timsalında ədəbiyyatımızda çox istedadlı, maraqlı, bənzərsiz, orjinal bir nasir yetişmişdir. Onun əsərlərində sürrealizm, əfsunlu realizm elementləri də var, mifik təfəkkür də, folklora bağlılıq da və bunların sintezi süni deyil, yazıçının daxili dünyasından keçirilmiş bir sintezdir.”
“Əlində qələm olmaq hələ ziyalı olmaq demək deyil. Özümü də o biri qələm adamlarından ayırmıram. Əslində, mühit və şərait imkan vermədi ki, bizim nəsil yazarların ziyalı potensialı ortaya çıxsın. O demək deyil ki, biz az yazdıq. Sadəcə, Anar müəllimgilin taleyinə elə bir zaman, elə bir mühit düşdü, onlar elə bir cəmiyyətdə böyüdülər ki, bir ziyalı kimi təqdim oluna bildilər. Ona görə də bu məsələdə kimisə qınamaq olmaz ki, filan nəslin bəxti gətirmədi, filankəsin bəxti gətirdi və s. Bu, bizim taleyimizdir. Və o taleyi yaşamaq lazımdır. Mənim üçün ziyalı cəmiyyətə böyük mesajlar verən adamdır. Və həm də o adamdır ki, doğrudan da, cəmiyyət onu eşidir və həmin sözü ondan gözləyir. Mən düşünmürəm cəmiyyət Elçin Hüseynbəylidən bir ziyalı kimi nəsə gözləsin. Çünki mən hələ cəmiyyətə o böyüklükdə ziyalı kimi təqdim olunmamışam…”- söyləyir.
Kimin dediyini unutmuşam- aqillər ideyaları, ariflər problemləri, adi adamlar isə insanları müzakirə edirlər. Onunla heç vaxt yoldaşlıq, dostluq etməsəm də, bilirəm ki, bu sırada birincilərdəndir…
Bəli, dekabrın 23-ü nasir, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin növbəti ad günüdür, 64 yaşı tamam olur. Onu həm ad günü və həm də qarşıdan gələn təzə il münasibətilə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram! – I>>Elçin Hüseynbəyli
“Qaqa” kəlməsini daha çox ağdamlılar işlətsə də, amma uşaqlıqda bütün azərbaycanlılar qardaşına “QAQA”, “QAQAŞ” deyə müraciət edir. Bəli, Səlim mənim qaqamdır, qaqaşımdır…
Hamı bilir ki, Səlim Babullaoğlu mülayim xasiyyətli, nəcib, mehriban insandır. Cəsur və dinamikdir. Zəngin həyat təcrübəsi var- necə deyərlər, hər parıldayan əşyaya tələsib “qızıl” demir…
Səbirlidir, əmin olmayınca hər eşitdiyinə inanmır. Sədaqətli, vəfalı dostdur. Ətrafdakılara qarşı diqqətli və mərhəmətlidir. Son tikəsini bölüşməyi bacarır. İçindəki “MƏN”ə çoxdan qalib gəlib, Allahı sevir. Bir sözlə, obrazlı desək, Səlim bir çox müsbət xüsusiyyətləri özündə ehtiva edən kişilərdəndir…
…O ki, qaldı bir qələm adamı kimi yaradıcılığına Səməd Vurğun, Anar, Çingiz Abdullayev kimi böyük yazarların əsərlərinə irad tutan naşı adamların çoxaldığı bir zamanda bunu demək olar:- Səlim Babullaoğlu bu gün qərb təfəkkürü ilə şərq poeziya nümunələri yarada bilən nadir şairlərdən biridir. Nadanlar narahat olmasınlar, onsuz da onu gələcəkdə daha çox oxuyacaqlar…
Dekabrın 10-nu ömrünün 53-cü təntənəsini qeyd edəcək. Bu münasibətlə Səlimi təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Qaqamın yeni yaşı və qarşıdan gələn yeni təqvim ili mübarək olsun!..
O, həm fədakar alim, həm də istedadlı qələm adamıdır…
Mahirə Hüseynova- 65
Dünyanın hər bir yerində olduğu kimi, bizim cəmiyyətdə də xanım alimlərə xüsusi ehtiram və diqqət var. Fəqət, yaxın keçmişə qədər Azərbaycan xanımlarına elmlə, tədqiqatla məşğul olmaq yasaq edilmişdi. Sanki xanımların təhsil alması, savadlanması kimlərəsə mane olurdu. Yalnız XX əsrin ortalarından başlayaraq, elmin müxtəlif sahələrində alim xanımlarımız da yer tuta bildilər. Bəli, bu dəfə sizə bir alim xanım- Mahirə Hüseynova haqqında söhbət açmaq istəyirəm. Onu həm də Mahirə Nağıqızı kimi tanıyırlar. Amma, gəlin əvvəlcə Mahirə xanımın ömür kitabına nəzər yetirək:
O, 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan MR-də, Babək rayonunun Sust kəndində anadan olub. Orta təhsilini 1978-ci ildə Abşeron rayonu Novxanı qəsəbə 1 saylı məktəbdə başa vurub. 1980-1984-cü illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnərək oranı fərqlənmə diplomu ilə bitirib. Əvvəlcə təyinatla Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri Nəriman Nərimanov rayonundakı 43 saylı MLK-da öz ixtisası üzrə müəllim işləyib. Həmin illərdə Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görülüb. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. 2012-ci ildə “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını uğurla müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. 2017-ci ildə isə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda elmi iş müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. ADPU-da işlədiyi müddət ərzində dosent, kafedra müdiri, fakültənin dekanı vəzifələrində çalışıb. 2021-ci ildən etibarən isə həmin universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru vəifəsində işləyir. Həm də 2024-cü ildən Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibində fəaliyyət göstərir…
Filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayeva onu belə təqdim edir: “Azərbaycan dilçilik elmini dünya miqyasında tanıdan, ölkəmizin elm xəzinəsinə sanballı töhfələr verən, beynəlxalq miqyasda böyük nüfuz qazanan, məhsuldar və yorulmaz fəaliyyəti ilə filologiya elminin, mədəniyyətin dinamik inkişafına qayğısını əsirgəməyən görkəmli dilçi-alim, filologiya elmləri doktoru, professor, tanınmış şairə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova zamandan bir addım öndə irəliləyən alimlərimizdəndir. XXI əsr Azərbaycan elmi və təhsili tarixində özünəməxsus yer tutan böyük alim, professor Mahirə Hüseynova bütün fəaliyyətini, yaradıcılığını mədəniyyətimizin, ədəbiyyatımızın, təhsilimizin inkişafına sərf edən dəyərli ziyalılarımızdandır. Onun mühüm həyati problemlər qaldıran, vacib ictimai-siyasi və mənəvi-əxlaqi məsələləri əks etdirən tədqiqatlarında əsas tədqiq və inikas obyekti insan, onun mənəvi dünyasıdır. Xalqımızın gözəl, zəngin mənəvi dəyərlərinin təbliği görkəmli alimin yaradıcılığında mühüm yer tutur. Onun məqalələri, araşdırmaları və monoqrafiyaları həm mövzu zənginliyinə, həm də dil və üslubuna görə böyük maraq doğurur. Dərin zəka sahibi olan Mahirə xanım həm görkəmli alim, pedaqoq, həm də istedadlı şair kimi tanınmaqdadır.”
Sirrli cazibə qüvvəsi, güclü daxili enerjisi və sabit xarakteri ilə seçilir. Əslində, o özündə dərin duyğuları, güclü intuisiya qabiliyyətini ehtiva edir və öz dəyərlərinə sadiqdir. Həyatında nə istədiyini dəqiq bilir və bu məqsədlərə çatmaq üçün qətiyyətlə səy göstərir. Ətrafında baş verən hadisələrə qarşı soyuqqanlı və sakitdir. Bəzən qərarları emosional əsaslara söykənsə də, məntiqi düşüncəsini heç vaxt itirmir. Dostluqda sadiq və etibarlıdır. Xəyanəti, nankorluğu bağışlamır. Hissetmə qabiliyyəti çox güclüdür- qarşısındakı insanın niyyətini, necə deyərlər, ilk sözündən anlayır. Bəzən sərt və qapalı görünsə də, bu onun zəif olduğunu deyil, əksinə, çox güclü insan olduğunu göstərir. Ətrafındakı insanlara qarşı daim diqqətlidir və analitik yanaşma sərgiləyir…
Əməkdar müəllim, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev yazır: “Professor Mahirə Hüseynovanın elmi yardıcılığı çoxşaxəlidir. Azərbaycan dilçiliyi, ədəbiyyatşünaslıq, türkologiya, dilimizin metodika məsələləri, publisistika, bədii yaradıcılıq. Məlum olduğu kimi, Azərbaycan elmində bədii ədəbiyyatın araşdırılması əsasında yaranan dilçilik tədqiqatları əsasən iki sahədə: ədəbi dil tarixi və üslubiyyat istiqamətlərində inkişaf edib. Mahirə xanım isə Dərələyəz mahalının zəngin aşıq ədəbiyyatı və xalq şeiri materialları əsasında onomastik vahidlərin, toponimlərin tədqiq olunmasına üstünlük verməklə ədəbiyyat yönümlü dilçilik tədqiqatlarının əhatə dairəsini genişləndirib. Onun “Qərbi Azərbaycanın Dərələyəz mahalının aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlər” adlı monoqrafiyası bu istiqamətdə meydana çıxan ilk uğurlu tədqiqatlardan biridir. Məsələyə bu cür elmi baxış, həm şifahi xalq ədəbiyyatının dərin qatlarının, ictimai-mədəni köklərinin nəzəri cəhətdən aydınlaşdırılmasına və həm də qrammatik strukturun real və təbii mənzərəsinin canlandırılmasına şərait yaradıb. Bu mənada Mahirə Hüseynovanın qədim Azərbaycan torpaqlarından olan Dərələyəz mahalının folklorunun dilçilik yönündən öyrənilməsinə həsr olunmuş tədqiqatları həm də həmin regionun tarixi, etnoqrafiyası və ədəbiyyatına dair araşdırmaların da vəzifəsini yerinə yetirir. Onun 2017-ci ildə “XIX-XX əsrlər Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası isə milli folklor irsinə fəlsəfə doktorluğu dövründən başlanmış vətəndaş alim münasibətinin daha da dərinləşməsinə xidmət edir. Mahirə xanım müxtəlif illərdə Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistikasının ayrı-ayrı sahələrinin, həmçinin problemlərinin öyrənilməsinə həsr olunan ardıcıl və sanballı tədqiqatları ilə qrammatika üzrə mükəmməl bir dilçilik araşdırmaları silsiləsi yaradıb. Bu silsilənin davamı kimi professorun Dərələyəz mahalının dil materialları əsasında 2015-ci ildə qələmə aldığı “Aşıq və el şairlərinin fonopoetikası”, 2016-cı ildə “Aşıq və el şairlərinin leksikası”, daha sonra “Aşıq və el şairlərinin üslubi frazeologiyası”, Aşıq və el şairlərinin üslubi morfologiyası”, “Aşıq və el şairlərinin üslubi sintaksisi” adlı eyni ildə işıq üzü görmüş kitabları da problemin daha dərindən araşdırılmasına xidmət göstərir…”
Mahirə xanımın bədii yaradıcılığında isə mənəvi saflıq və vətənpərvərlik ana xətt rolunu oynayır. Onun şeirləri qürurun, mərdliyin, saflığın aydın poetik ifadəsidir. Mahirə xanım “Mənim anam”, “Su at dalımca, ana”, “Ana sevgisindən doğan nəğmələr”, “Yaşadacaq anam məni”, ”Ömrümün çırağı sənsən”, “Analı dünyam” adlı kitablarını təşkil edən poeziya nümunələrində ilahi sözün təbii poetik ifadəsi öz əksini tapıb. Ümumiyyətlə, professor, şair Mahirə Nağıqızı ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərməkdədir və həm fədakar elm xadimi, həm də şair kimi yorulmadan yazıb-yaradır…
…Bəli, haqqında söhbət açdığım Mahirə xanımın bu il 65 yaşı tamam olur, yubiley ilidir. Yəqin ki, ilboyu həmkarları, dost və tanışları, o cümlədən qələm adamları onun barəsində xoş söz deməyə tələsəcəklər. Qoy mənim bu söhbətim, bu sırada ilk olsun!..
Yüksək mədəniyyət, mehriban davranış, xeyirxahlıq kübarlıqdan irəli gəlir. Kübarlıq isə zadəganlıq əlamətidir, əsilzadələrə xas olur. Sadə, təvazökar, işgüzar və zəhmətkeş xanımdır. Yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur. Ərsəyə gətirdiyi əsərlərin hər biri insanlığa, mənəviyyata xidmət edir. Ünsiyyətdə nəzakətli və iltifatlıdır. Məhz elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayıb…
Gözəl adı var- Zemfira. Adının mənası ciddi, şanslı, aktiv və diqqətli deməkdir. Bir vaxtlar işğal altında olan torpaqlarımız uğrunda döyüşən fədakar qadınlar haqqında ərsəyə gətirdiyi “Qarabağ müharibəsi: zərif talelər” kitabı bəlkə də, bu mövzuda qələmə alınan ən gözəl publisist yazılar toplusudur. İndiyədək on beşə yaxın kitabı işıq üzü görüb. Onların əksəriyyətində məhz Qarabağdan söhbət açılır. Bu xanıma hakim kəsilən milli qeyrət, düşmənə nifrət yazdığı əsərlərdə də öz əksini tapıb. Bu da onun böyük vətənpərvər olduğunun təzahürüdür…
Deyir ki:- “Mən Qarabağ Veteran Qadınlar Təşkilatının fəxri üzvüyəm. İllər öncə, ilk təsis konfranslarında mənə üzvlük biletini təqdim etdilər. “Haqqımızda yazan, bizi tanıdan sizsiniz”,-deyirdilər. Bu sözlər mənim üçün qürurverici idi. Bayramlarda, həyatımın hansısa əlamətdar günündə, bəzən isə çətinlikləri olanda zəng edirlər. Kömək edə biləndə sevinirəm. Bizim üçün xüsusi bir gün var. 8 Mart Qadınlar Bayramı günü biz şənlik keçirmirik. Bir qucaq al qərənfillə Şəhidlər Xiyabanına gedir, bu müqəddəs məkanda uyuyan şəhid qızlarımızı yad edirik…”
1991-ci ildən mətbuatda həm də hərbi mövzuda yazılarla çıxış edir. Dəfələrlə “qaynar” nöqtələrdə olaraq Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda çarpışan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları hazırlayaraq dərc etdirib. 2010-cu ildə “Tərəqqi” medalına, 2018-ci ildə AYB-nin Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb. 2018-2019-cu illərdə IX və X “The first” ödülləri ilə mükafatlandırılıb. Prezident mükafatçısıdır. 2003-cü ildə elmi iş müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Müəllifi olduğu bir sıra publisistik və bədii əsərləri ana dili ilə yanaşı rus, ingilis və türk dillərində çap olunub…
“Səmimi etiraf edim ki, ədəbi yaradıcılığımda bir telefon zəngi mühüm rol oynayıb. “Bakı” qəzetində işlədiyim zaman xalq şairi Hüseyn Abbaszadə mənə zəng etdi. 1997-ci ilin aprel ayı idi. Dedi ki, qızım mən sizin telefonunuzu xalq şairi Qabildən almışam. Onun əlində mənim ”Döyüşə qızlar gedir” kitabımı görübmüş. Sonradan bu kitabdakı sənədli hekayələrimi oxuyub və bəyənib. Böyük Vətən Müharibəsinin odlu yollarından keçən, sonradan “General” və “Qayıdanlardan biri” romanlarını qələmə alan yazıçımız məsləhət gördü ki, bədii yaradıcılığa başlayım. İnanın, məni əmin elədi ki, sizdə gözəl alınacaq. Ondan sonra bədii yaradıcılıqla məşğul olmağa başladım. “Ulduz”, “Azərbaycan”,”Yazıçı qadınlar” jurnallarında, “Söz”dərgisındə,”Ədəbiyyat”, “525-ci qəzet”, “Kaspi” və “Mir literaturı” qəzetlərində yazılarım dərc edilirdi.”- söyləyir.
Sadə, təvazökar, zəhmətsevər, işgüzar xanımdır. Məhsuldar işləməyi bacarır. Ərsəyə gətirdiyi əsərlərin hər biri mühüm tarixi hadisədir- insanlığa, mənəviyyata xidmət edir. Məhz, elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayır. Bir sözlə, yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur…
Deyir ki:- “Bəzən gənclərin “hüquqşünas olmaq istəyirdim, balım çatmadı, jurnalist oldum” kimi fikirlərinə rast gəlirik. Bu, günümüzün həqiqətləridir. Indiki Bakı Dövlətt Universitetinə qəbul olunduğumuz 1973-cü ili göz önünə gətirirəm. 50 yer uğrunda 1000-dən çox abituriyent mübarizə aparırdı. O vaxtlar test üsulu yox idi. 4 imtahanın hər birindən 4 qiymət alan neçə gənc bu fakültəyə qəbul oluna bilmədi. Bu müsabiqəyə qanı-canı ilə jurnalist olmaq istəyənlər qatılmışdı. Fəxr edirəm ki, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Qulu Xəlilli, Nurəddin Babayev, Nəriman Zeynalov, Famil Mehdi, Yalçın Əlizadə, Cahangir Məmmədli kimi müəllimlərdən dərs almışam. Qeyd edim ki, bu gün jurnalistikamızda ümid verən gənclər çoxdur. Bütün bunlara baxmayaraq, problemlər də qalmaqdadır. O zaman baş redaktorumuz Nəsir İmanquliyevin yaxşı bir sözü var idi. Deyirdi ki, yazını gərək elə yazasan ki, sim kimi cingildəsin. İndi isə dil qaydalarının pozulması yaralı yerimizdir. Özüm təmiz üslubun tərəfdarı olduğumdan bəsit, cılız, qrammatik qaydalara riayət edilməyən yazılara düşmənəm. Bu xüsusiyyətimə görə də inanın ki, bütün yazılarıma divan tuturam…”
Çox gözəl xanımdır. Onun yardımsevər, həssas, nəcib və incə olması bu gözəlliyə xüsusi rəng qatır. Bundan əlavə başqalarının qayğısına qalmaq və yaxşılıq etmək onun üçün əsl həyat nümunəsidir. Odur ki, xoş duyğularla yaşayan insanlara qarşı nəzakətli və mehribandır. İşlərini elə qurur ki, uğur yolunda gərəksiz maneələrlə üzləşmir. Problemsiz bir həyat onun ən böyük arzusudur. Xaraktercə zərif və cəlbedicidir. Cazibədarlığından necə istifadə etməyi bilən bu insanda uşaq səmimiyyəti var. Yalan danışmağı, bayağılığı, fiziki gərginliyi sevmir. Düşüncələrində müstəqil, fəaliyyətində azaddır. Bir sözlə, haqqında söhbət açdığım yazıçı-publisist Zemfira Məhərrəmli necə deyərlər, istiqanlı, insanpərvər xanımdır…
Tezliklə Azərbaycan xanımına xas olan ən gözəl xüsusiyyətləri özündə birləşdirən Zemfira xanımın 70 yaşı tamam olur. Onu yubileyi münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.
Hər bir insan Allahın yaratdığı bir əsərdir. Sevgidən doğulub sevgi ilə yaşayır. Bu əsərlərlə yaxından tanış olduqca, onların hər birində Allahın işarəsini görürsən və dərin məna tapırsan. Əmin olursan ki, Yer üzündə təsadüfi insan yoxdur. Sadəcə, hər kəsin öz təyinatı, öz yolu var. Əgər insanlar olmasaydı, dünyanın mahiyyəti də olmazdı. Bəli, dünyanı gözəlləşdirən, mənalandıran məhz elə insandır. Bu dəfə sizə yaxınlıqda olan insanlardan biri- varlığı ilə bu dünyaya rəng qatan, professor Cahangir Məmmədlidən söhbət açmaq istəyirəm. İnsanpərvər, təmiz və müsbət enerji ilə dolu bir insandan. O, ağlı, zəkası və yaxşı ideyaları ilə eyni anda müxtəlif mövzularda bir neçə söhbəti davam etdirə bilir. Enerjisi, həyəcanı və idarəolunmaz həvəsi ilə həyatı çox cəsarətlə yaşayır və insanların çoxunun uzun müddət başa çatdıra bilmədiyi işləri tez bir zamanda tamamlayır. Müstəqil fəaliyyət göstərməyə çox meyllidir. Onu müəyyən qəliblərə salmaq asan deyil, çevik və əzimkardır…
Müsahibələrinin birində deyir ki:- “Mən kənd adamıyam, 50 ildən çoxdur Bakıda yaşasam da, heç vaxt şəhər adamı ola bilmədim. Şəhər adamları inciməsinlər, Azərbaycanın milli-mənəvi dəyərləri kənddədir. Həm də inciməsinlər ona görə ki, kənd şəhərdən əvvəl meydana gəlib. Biz hamımız əslində kənddə doğulmuşuq. Mənim ən çox qorxduğum odur ki, artıq kəndlər şəhərə çevrilməyə başlayıb. Mənim kəndim Novruzlu həm də mənim idealımdır. Mənim üçün vətən oradan başlayır. Orada orta məktəbi bitirmişəm. O məktəbi bilirsiniz kimlər bitirib? Azərbaycan elmini dünyada tanıdan şəxslər, Xudu Məmmədov, professor, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, usta yazıçılardan, dramaturqlardan olan Əli Əmirli və s.. Bax, Novruzlu kəndinin belə ziyalıları var. Mən o məktəbi heç vaxt unuda bilmərəm. Novruzlu işğalda qalan dövrdə mənə o qədər pis təsir edirdi ki, etiraf edirəm, ümidsizliyə qapılmışdım. Ancaq mənim Prezidentim necə ayağa qalxdı və Azərbaycanı ayağa qaldırdı. Mənim kəndim azad edildi. Artıq Novruzlu yavaş-yavaş dirçəlir, əvvəlkindən də dəfələrlə gözəl olacaq. Mən bunu təsəvvür edirəm. Biz işğal dövründə yaşamadıq ki…”
Haqqında söhbət açdığım Cahangir Əbdüləli oğlu Məmmədli 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində dünyaya gəlib. 1968-ci ildə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Elə həmin ildən də adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb. Hazırda bu fakültənin Milli mətbuat tarixi kafedrasının müdiridir. Filologiya elmləri doktoru, professordur. Eyni zamanda, həmin universitetin Elmi Şurasının üzvüdür. İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir. Xidmətlərinə görə bir sıra mükafatlarla yanaşı “Şöhrət” ordeninə layiq görülüb. Prezidentin fərdi təqaüdünü alır…
BDU-nun professoru, folologiya elmləri doktoru Allahverdi Məmmədli onun haqqında deyir: “Cahangir müəllim mənim təkcə müəllimim olmayıb, həm də əqidə dostumdur, əməl dostumdur. Bu dostluq ona görə baş verib ki, ölkəmizdə və dünyada baş verən hadisələrə münasibətdə, Vətən, millət, adət- ənənələrimizlə bağlı fikirlərimizdə üst-üstə düşən məqamlar çoxdur. Bir sözlə, estetik idealımız, insanlığa baxışımız çox yaxındır. Həm də soydımız eynidir, hər ikimiz də Məmmədliyik. Bəzən bizi oxşadıb qardaş bilirlər. Düz 49 il bundan əvvəl tanış olmuşuq. Bir şəxsiyyəti ki, 49 il bundan əvvəl tanıyasan, onun haqqında nə yazsan, nə qədər danışsan az olacaq. Qısaca deyə bilərəm ki, Cahangir müəllim nəinki Jurnalistika fakültəsinin, elə universitetimizin sonuncu magikanlarındandır. Təhsil fədaisidir, elm xadimidir. 80-dən artıq yaşı var. Bu yaşda yorulmaq bilmədən çalışır. Yazır, yaradır. Mən onun işgüzarlığına həmişə qibtə etmişəm. Örnəkdir. Müəllim kimi, elm adamı kimi, şəxsiyyət kimi örnəkdir. Azərbaycanda əli qələm tutan hər kəs onu tanıyır və təqdir edir…”
İlk baxışdan sərt və narahat bir şəxsiyyət təəssüratı yaratsa da, yaxından tanıyan hər kəs onun sehrinə düşür, onu qəbul edir və sevir. Əslində, buna səbəb onun daxili dünyasının zənginliyi, qiymətli müdrik fikirləri olur. Gözəl rəftarı var, olduqca mehribandır. Ən çox dəyər verdiyi şey isə azadlığıdır. Necə deyərlər, şirin olmaqdan əlavə, sirli gücünün köməyi ilə düzgün nəticə tapmaqda və şəxsi müqavimətini göstərməkdə çox bacarıqlıdır…
“Universitetə qəbul olunduğum zaman Jurnalistika Filologiya fakültəsində şöbə idi. Atam 1942-ci ildə müharibədə həlak olub. O zaman fakültənin dekanı Əlövsət Abdullayev mənə ata münasibəti bəsləyirdi, elə hiss edirdim ki, atam yanımdadır. Birinci kursun ilk dərsini bizə Nəsir İmanquliyev keçdi. O, özünün yaratdığı “Bakı” və “Baku” qəzetlərinin redaktoru idi. Gördü ki, mənim müəyyən dərəcədə yazı qabiliyyətim var, dedi “həftədə bir dəfə yazı yaz”. Mənim bir yazıma 40 manat qonorar verirdi. O vaxt aldığım əlaçı təqaüdü 45 manat idi. Daha sonra mənə həftədə 3-4 dəfə 40 manat qonorar yazdı ki, həm həvəslənim, həm də dolanışığa imkanım olsun. Azərbaycan jurnalistikasının müəllimi Şirməmməd Hüseynov mənim Bakıda qalmağıma səbəb oldu. Dövlət imtahanı verəndə protokola yazdırdı ki, bu tələbəni fakültədə saxlayaq. Jurnalistikanın peşəkarlığını, dəqiqliyini Şirməmməd Hüseynov məktəbindən öyrənmişəm.”- söyləyir.
Yaxşı yumor hissi var, ünsiyyətcilliyi və dostluğu ilə hər mühitdə sevilən və axtarılan bir dostdur. Təzyiqə və şiddətə nifrət edir. Ömrünün sonuna qədər azad yaşamaq üçün əlindən gələni əsirgəmir. Başqasının həyatına qarışmadığı kimi, öz həyatına da kiminsə qarışmağını xoşlamır. Onun emosional tərəfi çox güclüdür. Emosional tərəfi xəyali tərəfinə üstün gəldiyi üçün də, heç vaxt nəzarəti itirmir. O, kənardan adət-ənənələrə bağlı görünsə də, ifrata yol vermir. Təvazökardır, çox çalışqandır. Yalanı sevmir, necə deyərlər, alnının təri ilə halal çörəyini qazanır. Kifayət qədər dürüstdür və müxtəlif mədəniyyətlərdən olan insanları başa düşə, onlarla asanlıqla ünsiyyət qura bilir. İctimai həyata isə böyük əhəmiyyət verir…
Deyir ki:- “Tələbələrim çox olub. Onları bir-birindən fərqləndirmək istəmirəm. Zaman-zaman Azərbaycana yararlı kadrlar yetişdirmişik. 1980-ci illərin sonunda tələbəmiz olmuş Mirşahin Ağayev bu gün Azərbaycanda ən görkəmli, peşəkar jurnalistlərdən biridir. O, jurnalistikanı hətta sənətə çevirib. Onun rəhbəri olduğu televiziya bu gün Azərbaycançılıq ideologiyasını birbaşa ortaya qoyur. Bundan əlavə mənim şəxsi fikrimcə, Rəşad Məcidin rəhbərliyi ilə çap olunan “525-ci qəzet” ümumrespublika qəzeti statusundadır. Bu qəzet öz tematikasına görə o qədər zəngindir ki, ona bu adı vermək olar. Qəzetdə redaktor müavini kimi işləyən Yusif Rzayev Azərbaycan jurnalistikasında çox tanınmış, qəzetçiliyi sonuna qədər bilən jurnalistlərdəndir. Bu şəxslər həmçinin ədəbiyyatı da çox yaxşı bilirlər. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bizim fakültədə magistraturanı bitirib. O, bizim fakültəmizdə müəllim kimi də fəaliyyət göstərib…”
…Bəli, hər bir insan Allahın yaratdığı bir əsərdir. Sevgidən doğulub sevgi ilə yaşayır. Bu əsərlərlə yaxından tanış olduqca, onların hər birində Allahın işarəsini görürsən və dərin məna tapırsan. Əmin olursan ki, Yer üzündə təsadüfi insan yoxdur…
“- Qədeş, nə yaxşı şlyapan var? – Yeri ala, sən yaxşı adam deyilsən. – Hə, ürəyini yemə, iki manatını verəcəm də… – Yekə oğlansan ala, mən pul adı çəkdim? İstəyirsən iki manat da verim. İş pulda deyil e, iş “vinimatelni” olmaqdadır. Adamlar gərək bir-birinə “vinimatelni” olsunlar. Sən mənə “vinimatelni” olarsan, mən də sənə… – Davud, bir şeyi başa düşə bilmirəm, bu danışıq nəyə lazımdır? – Ala, sən mənim dostumsan? Hə! Harda işləyirsən- ət kombinatında. Bir dəfə də olsun gəlib demisən ki- Davud, sənə kolbasa, sosiska gətirmişəm, al, vur bədənə…”
Söhbətimə nahaq yerə məşhur “Uşaqlığın son gecəsi” filmindəki Davudla Muradın dialoqundan başlamadım. Çünki bu dəfə sizə Davudun sözü olmasın, “vinimatelni” adamlardan birindən söhbət açmaq istəyirəm. Amma söhbətimə onun xarakter xüsusiyyətlərindən başlayacam: Ağıllı, ahəngdar, praktik, cəlbedici, təşəbbüskeş, səmimi, fədakar, qənaətcil, sosial insandır. Yüksək sosial uyğunlaşma qabiliyyətinə malikdir və cəmiyyətin bütün səviyyələrinə uyğunlaşır. Uğurlu adamdır, yenilməz gücə sahib olmaq arzusundadır. Necə deyərlər, həyatda öz istəklərinin fərqində olan və həmişə daha yaxşı olmağı hədəfləyən birisidir. Və adətən qarşısına qoyduğu məqsədlərə çatır. İş həyatındakı fədakarlığı, ağıllı və ayıq rəftarı, bir çox insandan daha bacarıqlı olması onu məqsədlərinə asanlıqla çatdırır…
Müsahibələrindən birində deyir ki:- “Məndə qeyri-adi bacarıq var, amma bunu açıqlasam hamı üstümə tökülər. Tarixi roman yazılarkən bədii təxəyyülə çox cüzi yer ayrılır. Birincisi, əsərin yazılma məqsədi olmalıdır. İlk olaraq bunu aydınlaşdırmaq lazımdır. Niyə görə bu tarixi mövzuya müraciət olunur? İkincisi, xronoloji ardıcıllığın gözlənilməsidir. Şəxsiyyətə, dövrün hadisələrinə münaqişələrə, mübarizələrə müraciət olunarkən xronoloji ardıcıllıq o qədər mükəmməl olmalıdır ki, tarixin təhrif olunmasına tənqidçilər heç bir arqument tapa bilməsinlər. Əksinə, desinlər ki, hətta bizim bilmədiyimiz faktlar da əsərdə xronoloji ardıcıllıqla göstərilib. Əgər bunlar olmayacaqsa, tarixi roman yazmağa dəyməz…”
Hər şeydə lider olmağı xoşlayır və ətrafındakıları idarə etməyi bacarır. Həm zehni, həm də fiziki olaraq daim axtarışdadır. Yeni şeylər öyrənməyə və özünü təkmilləşdirməyə çalışır. Çox iti ağıllıdır. Səyahət etməyi sevir və gördüyü hər yeri və obyekti əzbərləyir. Sevdiyi insanlarla vaxt keçirməkdən və onları xoşbəxt edəcək kiçik sürprizlər etməkdən xoşlanır. Onun danışa biləcəyi və qarşı tərəfin dinləyəcəyi çoxlu xatirələri var. Sadiq, ünsiyyətcil, bacarıqlı və cazibədar şəxsdir. Heç vaxt tək qalmaq istəmir və həmişə izdihamlı yerlərdə olmağı üstün tutur. Ağayana davranışı ilə insanların könlünü fəth edə bilir…
“Romanın məqsədi, məramı, ideyası öz yerində. Digər cəhət də odur ki, romanı müəllif hansı dildə yazır. Mən xarici dilləri nəzərdə tutmuram. Burda ədəbi-bədii dildən söhbət gedir. Bir var ki, dil çox çətin olur, bir-iki səhifə oxuyursan sonra oxumaq istəmirsən. Amma bir də görürsən ki, dil o qədər şirin olur ki, oxuduqca səni özünə çəkir və istəyirsən ki, axıracan oxuyub qurtarasan. Bu amil də əsasdır. Elə yazıçılar var ki, kifayət qədər sanballı yazır, ancaq dili ağır olduğu üçün cəmiyyət tərəfindən qəbul olunmur. Çox zaman mənə müraciət edirlər ki, orta əsrlər dövründən yazdığım romanda niyə o dövrün sözlükləri yoxdur? Mən o dövrün sözlərindən heç birini işlətmirəm. Mənə bunu deyəndə bildirirəm ki, olmaz! Soruşurlar niyə? Deyirəm ki, mən XV əsrin insanları üçün yazmıram ki! Mən müasir insanlar üçün başa düşülən dildə yazıram. XV əsrin sözlüklərini yazsam gərək onun açıqlamasını da verəm. Açıqlamanı da verəndə, oxucularda yoruculuq yaradır. Müasir variantda niyə verilməsin ki?! Mənim bildiyimə görə, bəzi yazıçılar öz əsərlərinin ikinci nəşrində qaranlıq sözlərdən imtina edərək, onları yeni variantları ilə əvəzləyirlər. Mən də hiss edirəm ki, getdiyim yol daha oxunaqlıdır.”- söyləyir.
Soyuqqanlı münasibəti onun əslində bir müddət alışıb-yanan duyğularını gizlətdiyini göstərir. Yeyib içməyi, mədəni əylənməyi xoşlayır. Əgər qayğı göstərdiyi insanlardan gözlənilməz bir zərbə alırsa, çox yorulur. İncə yumor hissinə malik və mərhəməti ilə seçilən dost tipidir. Hər bir mövzuda danışmağı bacarır. Münasibətlərində sadiq və etibarlıdır. Bir sözlə, şən və gözəl sosial rəftarı ilə dostları arasında həmişə seçilir və bəyənilir. Sufizmin vurğunudur, xarakterində bir şamanlıq var…
Deyir ki:- “Sufizmin kökü şamanlıqdan gəlir. Orda Tanrı qəbulu var və bu çox normal bir şeydir. “Əmir Teymur” və “Şah arvadı və cadugər” romanlarını yazanda şaman rəqslərini öyrənmək üçün Yakutiyaya getmişdim. Bu çox normal bir şeydir. Mən Tyan-şana Tanrı dağına da gedirəm. Bunu internetdən də öyrənə bilərdim. Bir də var ki, reallığı, həqiqəti öz gözlərinlə canlı-canlı görürsən. Məhz bu zaman ordan aldığın enerjini ürəyində, başında gəzdirə bilirsən. Bu zaman daha effektli əsər yazmaq olar. Sevgimiz sufizmə, şamanizmə çox böyükdür. Bunlar birbaşa Tanrının verdiyi elmlərdi ki, hər kəsdə olmur…”
Evində yaratdığı rahatlıq və geniş mühit onun üçün hər şeydən önəmlidir. O, məişət xarakteri ilə diqqət çəkir və ailəyə önəm verir. Fərqli əşyalarla maraqlandığı üçün evində antik əşyalarla yanaşı, heyrətamiz dərəcədə dəbdəbəli və bahalı əşyalara da rast gələ bilərsiniz. Özünü təkmilləşdirməyi və hər zaman bir addım irəli getməyi hədəfləyir. Ona rəqib olmaq mümkün deyil. Fəal və aktiv insandır. İlk baxışdan çox ciddi görünə bilər, lakin onun qürurlu görünüşünün altında sürprizlərlə dolu bir xəzinə və tez düşünən zəka yatır…
Haqqında danışdığım yazıçı, jurnalist Yunus Oğuz 1960-cı ilin iyul ayının 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. Daha sonra Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. Ardınca iki il əsgəri xidmətdə olub. Üç ilə yaxın Şirvan şəhər pambıq təmizləmə zavodunda mülku müdafiə qərargahının rəisi vəzifəsində çalısıb. Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakültəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla AMEA-nın Fəlsəfə və hüquq institutuna göndərilib və burada bir müddət kiçik elmi işçi vəzifəsində işləyib. 1988-ci ildə Milli Azadlıq hərəkatına qoşularaq, hərəkatın aktiv üzvlərindən biri olub. 1990-cı ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə birlikdə Xalq Azadliq Partiyasının (XAP) yaradıb və onun sədri seçilib. 1992-ci ildə AXC sədrinin müavini təyin olunub. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri təyin edilib. 1994-cü ildə Azərbaycan Xalq Cəbhəsini tərk edərək, Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edib və partiyanın sədri olub. 1997-ci ildə onun təşəbbüsü ilə ABUP və XAP birləşərək, Xalq Azadlıq Partiyası yaradılıb və sədrlik ona həvalə edilib. 1998-ci ildə isə XAP bölünəndə Yunus Oğuz və tərəfdarları partiyanın Vəhdət Partiyasına birləşdiyini elan ediblər və orada sədrinin birinci müavini seçilib. Çox keçmədən bu partiya da bölünüb və Yunus Oğuzun rəhbərliyi altında Milli Vəhdət Partiyası yaradıldığı elan edilib. Nəhayət, 2023-cü ildə Milli Vəhdət Partiyası da fəaliyyətini dayandırıb. Bütün bunlardan əlavə o, xeyli müddətdir ki, həm də jurnalistika ilə məşğul olur. Fəlsəfə və hüquq institutunda kiçik elmi işçi işləməklə yanaşı, 1989-cu ildən 1991-ci ilədək “Azad söz” qəzetinin, həmçinin “Xüsusi bulleten”lərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1991-1992-ci illərdə “Ordu” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1995-ci ildən bu günə qədər “Olaylar” İnformasiya agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. “Tərəqqi” medallı “Əməkdar mədəniyyət işçisi”-dir…
Bəli, tarixi roman yazmaq asan məsələ deyil. Bunun üçün yazıçıdan üç keyfiyyət tələb olunur- dərin zəka, ciddi araşdırma qabiliyyəti, düzgün dəyərləndirmə bacarığı. Qalanı rəngdir. Həmkarları keçmişdən yazıb, bu günə təqdim edir. Onun əsərləri isə gələcəkdə daha çox oxunacaq, daha çox tanınacaq. Doğrudur, söylədikləri, yazdıqları Quran ayəsi olmasa da, haqqı arxasıyca çəkən kəlmələrdir. Düşünür və düşündürməyi də bacarır- müdrik adamdır və bu millətin qənimət övladlarından biridir. Adında mistika var, bu sehr onu əbədi yaşadacaq- Yunus peyğəmbərdən və Yunus İmrədən sonra yadda qalacaq üçüncü Yunus olacaq. “Oğuz” kəlməsi isə fərqlənməsi üçündür…
İyulun 22-si Yunus Oğuzun 65 yaşı tamam olur. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…
“…Adamlar gərək bir-birinə “vinimatelni” olsunlar. Sən mənə “vinimatelni” olarsan, mən də sənə…”
“- Qədeş, nə yaxşı şlyapan var? – Yeri ala, sən yaxşı adam deyilsən. – Hə, ürəyini yemə, iki manatını verəcəm də… – Yekə oğlansan ala, mən pul adı çəkdim? İstəyirsən iki manat da verim. İş pulda deyil e, iş “vinimatelni” olmaqdadır. Adamlar gərək bir-birinə “vinimatelni” olsunlar. Sən mənə “vinimatelni” olarsan, mən də sənə… – Davud, bir şeyi başa düşə bilmirəm, bu danışıq nəyə lazımdır? – Ala, sən mənim dostumsan? Hə! Harda işləyirsən- ət kombinatında. Bir dəfə də olsun gəlib demisən ki- Davud, sənə kolbasa, sosiska gətirmişəm, al, vur bədənə…”
Söhbətimə nahaq yerə məşhur “Uşaqlığın son gecəsi” filmindəki Davudla Muradın dialoqundan başlamadım. Çünki bu dəfə sizə Davudun sözü olmasın, “vinimatelni” adamlardan birindən söhbət açmaq istəyirəm. Amma söhbətimə onun xarakter xüsusiyyətlərindən başlayacam: Ağıllı, ahəngdar, praktik, cəlbedici, təşəbbüskeş, səmimi, fədakar, qənaətcil, sosial insandır. Yüksək sosial uyğunlaşma qabiliyyətinə malikdir və cəmiyyətin bütün səviyyələrinə uyğunlaşır. Uğurlu adamdır, yenilməz gücə sahib olmaq arzusundadır. Necə deyərlər, həyatda öz istəklərinin fərqində olan və həmişə daha yaxşı olmağı hədəfləyən birisidir. Və adətən qarşısına qoyduğu məqsədlərə çatır. İş həyatındakı fədakarlığı, ağıllı və ayıq rəftarı, bir çox insandan daha bacarıqlı olması onu məqsədlərinə asanlıqla çatdırır…
Müsahibələrindən birində deyir ki:- “Məndə qeyri-adi bacarıq var, amma bunu açıqlasam hamı üstümə tökülər. Tarixi roman yazılarkən bədii təxəyyülə çox cüzi yer ayrılır. Birincisi, əsərin yazılma məqsədi olmalıdır. İlk olaraq bunu aydınlaşdırmaq lazımdır. Niyə görə bu tarixi mövzuya müraciət olunur? İkincisi, xronoloji ardıcıllığın gözlənilməsidir. Şəxsiyyətə, dövrün hadisələrinə münaqişələrə, mübarizələrə müraciət olunarkən xronoloji ardıcıllıq o qədər mükəmməl olmalıdır ki, tarixin təhrif olunmasına tənqidçilər heç bir arqument tapa bilməsinlər. Əksinə, desinlər ki, hətta bizim bilmədiyimiz faktlar da əsərdə xronoloji ardıcıllıqla göstərilib. Əgər bunlar olmayacaqsa, tarixi roman yazmağa dəyməz…”
Hər şeydə lider olmağı xoşlayır və ətrafındakıları idarə etməyi bacarır. Həm zehni, həm də fiziki olaraq daim axtarışdadır. Yeni şeylər öyrənməyə və özünü təkmilləşdirməyə çalışır. Çox iti ağıllıdır. Səyahət etməyi sevir və gördüyü hər yeri və obyekti əzbərləyir. Sevdiyi insanlarla vaxt keçirməkdən və onları xoşbəxt edəcək kiçik sürprizlər etməkdən xoşlanır. Onun danışa biləcəyi və qarşı tərəfin dinləyəcəyi çoxlu xatirələri var. Sadiq, ünsiyyətcil, bacarıqlı və cazibədar şəxsdir. Heç vaxt tək qalmaq istəmir və həmişə izdihamlı yerlərdə olmağı üstün tutur. Ağayana davranışı ilə insanların könlünü fəth edə bilir…
“Romanın məqsədi, məramı, ideyası öz yerində. Digər cəhət də odur ki, romanı müəllif hansı dildə yazır. Mən xarici dilləri nəzərdə tutmuram. Burda ədəbi-bədii dildən söhbət gedir. Bir var ki, dil çox çətin olur, bir-iki səhifə oxuyursan sonra oxumaq istəmirsən. Amma bir də görürsən ki, dil o qədər şirin olur ki, oxuduqca səni özünə çəkir və istəyirsən ki, axıracan oxuyub qurtarasan. Bu amil də əsasdır. Elə yazıçılar var ki, kifayət qədər sanballı yazır, ancaq dili ağır olduğu üçün cəmiyyət tərəfindən qəbul olunmur. Çox zaman mənə müraciət edirlər ki, orta əsrlər dövründən yazdığım romanda niyə o dövrün sözlükləri yoxdur? Mən o dövrün sözlərindən heç birini işlətmirəm. Mənə bunu deyəndə bildirirəm ki, olmaz! Soruşurlar niyə? Deyirəm ki, mən XV əsrin insanları üçün yazmıram ki! Mən müasir insanlar üçün başa düşülən dildə yazıram. XV əsrin sözlüklərini yazsam gərək onun açıqlamasını da verəm. Açıqlamanı da verəndə, oxucularda yoruculuq yaradır. Müasir variantda niyə verilməsin ki?! Mənim bildiyimə görə, bəzi yazıçılar öz əsərlərinin ikinci nəşrində qaranlıq sözlərdən imtina edərək, onları yeni variantları ilə əvəzləyirlər. Mən də hiss edirəm ki, getdiyim yol daha oxunaqlıdır.”- söyləyir.
Soyuqqanlı münasibəti onun əslində bir müddət alışıb-yanan duyğularını gizlətdiyini göstərir. Yeyib içməyi, mədəni əylənməyi xoşlayır. Əgər qayğı göstərdiyi insanlardan gözlənilməz bir zərbə alırsa, çox yorulur. İncə yumor hissinə malik və mərhəməti ilə seçilən dost tipidir. Hər bir mövzuda danışmağı bacarır. Münasibətlərində sadiq və etibarlıdır. Bir sözlə, şən və gözəl sosial rəftarı ilə dostları arasında həmişə seçilir və bəyənilir. Sufizmin vurğunudur, xarakterində bir şamanlıq var…
Deyir ki:- “Sufizmin kökü şamanlıqdan gəlir. Orda Tanrı qəbulu var və bu çox normal bir şeydir. “Əmir Teymur” və “Şah arvadı və cadugər” romanlarını yazanda şaman rəqslərini öyrənmək üçün Yakutiyaya getmişdim. Bu çox normal bir şeydir. Mən Tyan-şana Tanrı dağına da gedirəm. Bunu internetdən də öyrənə bilərdim. Bir də var ki, reallığı, həqiqəti öz gözlərinlə canlı-canlı görürsən. Məhz bu zaman ordan aldığın enerjini ürəyində, başında gəzdirə bilirsən. Bu zaman daha effektli əsər yazmaq olar. Sevgimiz sufizmə, şamanizmə çox böyükdür. Bunlar birbaşa Tanrının verdiyi elmlərdi ki, hər kəsdə olmur…”
Evində yaratdığı rahatlıq və geniş mühit onun üçün hər şeydən önəmlidir. O, məişət xarakteri ilə diqqət çəkir və ailəyə önəm verir. Fərqli əşyalarla maraqlandığı üçün evində antik əşyalarla yanaşı, heyrətamiz dərəcədə dəbdəbəli və bahalı əşyalara da rast gələ bilərsiniz. Özünü təkmilləşdirməyi və hər zaman bir addım irəli getməyi hədəfləyir. Ona rəqib olmaq mümkün deyil. Fəal və aktiv insandır. İlk baxışdan çox ciddi görünə bilər, lakin onun qürurlu görünüşünün altında sürprizlərlə dolu bir xəzinə və tez düşünən zəka yatır…
Haqqında danışdığım yazıçı, jurnalist Yunus Oğuz 1960-cı ilin iyul ayının 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. Daha sonra Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. Ardınca iki il əsgəri xidmətdə olub. Üç ilə yaxın Şirvan şəhər pambıq təmizləmə zavodunda mülku müdafiə qərargahının rəisi vəzifəsində çalısıb. Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakültəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla AMEA-nın Fəlsəfə və hüquq institutuna göndərilib və burada bir müddət kiçik elmi işçi vəzifəsində işləyib. 1988-ci ildə Milli Azadlıq hərəkatına qoşularaq, hərəkatın aktiv üzvlərindən biri olub. 1990-cı ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə birlikdə Xalq Azadliq Partiyasının (XAP) yaradıb və onun sədri seçilib. 1992-ci ildə AXC sədrinin müavini təyin olunub. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri təyin edilib. 1994-cü ildə Azərbaycan Xalq Cəbhəsini tərk edərək, Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edib və partiyanın sədri olub. 1997-ci ildə onun təşəbbüsü ilə ABUP və XAP birləşərək, Xalq Azadlıq Partiyası yaradılıb və sədrlik ona həvalə edilib. 1998-ci ildə isə XAP bölünəndə Yunus Oğuz və tərəfdarları partiyanın Vəhdət Partiyasına birləşdiyini elan ediblər və orada sədrinin birinci müavini seçilib. Çox keçmədən bu partiya da bölünüb və Yunus Oğuzun rəhbərliyi altında Milli Vəhdət Partiyası yaradıldığı elan edilib. Nəhayət, 2023-cü ildə Milli Vəhdət Partiyası da fəaliyyətini dayandırıb. Bütün bunlardan əlavə o, xeyli müddətdir ki, həm də jurnalistika ilə məşğul olur. Fəlsəfə və hüquq institutunda kiçik elmi işçi işləməklə yanaşı, 1989-cu ildən 1991-ci ilədək “Azad söz” qəzetinin, həmçinin “Xüsusi bulleten”lərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1991-1992-ci illərdə “Ordu” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1995-ci ildən bu günə qədər “Olaylar” İnformasiya agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. “Tərəqqi” medallı “Əməkdar mədəniyyət işçisi”-dir…
Bəli, tarixi roman yazmaq asan məsələ deyil. Bunun üçün yazıçıdan üç keyfiyyət tələb olunur- dərin zəka, ciddi araşdırma qabiliyyəti, düzgün dəyərləndirmə bacarığı. Qalanı rəngdir. Həmkarları keçmişdən yazıb, bu günə təqdim edir. Onun əsərləri isə gələcəkdə daha çox oxunacaq, daha çox tanınacaq. Doğrudur, söylədikləri, yazdıqları Quran ayəsi olmasa da, haqqı arxasıyca çəkən kəlmələrdir. Düşünür və düşündürməyi də bacarır- müdrik adamdır və bu millətin qənimət övladlarından biridir. Adında mistika var, bu sehr onu əbədi yaşadacaq- Yunus peyğəmbərdən və Yunus İmrədən sonra yadda qalacaq üçüncü Yunus olacaq. “Oğuz” kəlməsi isə fərqlənməsi üçündür…
İyulun 22-si Yunus Oğuzun 65 yaşı tamam olur. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…
“…Adamlar gərək bir-birinə “vinimatelni” olsunlar. Sən mənə “vinimatelni” olarsan, mən də sənə…”
Deyir ki:- “Bir insan ömrünün bütün əlamətlərini yaşamışam. Enişim də olub, yoxuşum da, rahatlıq da keçirmişəm, narahatlıq da, lakin bütün hallarda çalışmışam ki, ömrümü məntiqlə yaşayım. Doğru-düzgün olub-olmamağından asılı olmayaraq, yaşam məntiqim həmişə olub, bu gün də var. Ancaq doğrusu, yaşadığım illərdən çox, mən yaşayacağım illər haqqında düşünmüşəm. Doğrudur, yaşanmış illərə arxada qaldı demək düzgün olmazdı, çünki yaşayacağımız illərdəki hər şeyin fundamenti məhz bu illərdə qoyulub. Yaşadığımız illər ömrümüzün sonuna qədər bizimlə gedəcək. 40-50 yaş normalda kiminsə ömrünün tam hissəsi, kiminsə ömrünün yarısı, kiminsə ömrünün böyük bir hissəsi, kiminsə ömrünün sonluğunun ərəfəsidir. Həyatda başqa hər hansı bir şeyin sayımından söhbət gedəndə 40 ya 50 rəqəmi xüsusi bir məna kəsb etməyə bilər, ancaq insan ömrünün ifadəsinə yönələndə, 40 da, 50 də hikmətli rəqəmlərdir. İnsan ömrünün elə bir pilləsi var ki, o pilləyə qədər insan ancaq seçilmiş nəsnələrdən zövq ala bilir, maddi, mənəvi olmağından asılı olmayaraq, hər şeyin idealını axtarır və arzulayır. Elə ki 50-ni keçdi, yaxşı ya pis olmağından asılı olmayaraq, insan hər şeyi yaşamağa və qəbul etməyə hazır olur…”
O, 18 iyul 1960-cı ildə Naxçıvan rayonunun Cəhri kəndində dünyaya gəlib. 1983-cü ildə indiki Bakı Dövlət Universitetin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib vəuzun müddət tikintidə fəhlə işləyib. Sonra Naxçıvan Dövlət Plan Komitəsinin bir idarəsində elmi redaktor, Naxçıvan Dövlət Universitetində laborant və müəllim vəzifələrində çalışıb. Naxçıvan Ali Məclisində sədrin siyasi məsələlər üzrə müşaviri, Naxçıvan Ali Məclisində şöbə müdiri, Naxçıvan Elmi-Texniki İnformasiya və Təbliğat Mərkəzində, Naxçıvan Dövlət Pedaqoji Universitetində müxtəlif vəzifələri icra edib. 1990-cı ildən başlayaraq “Ağrıdağ”, “Ordubadın səsi”, “Ülfət”, İki sahil, “Rezonans”, “525-ci qəzet” kimi Azərbaycan və Naxçıvan miqyaslı mətbuat orqanlarında siyasi-publisustik və analitik məzmunlu məqalələrlə çıxış edib. 2001-ci ildən 2003-cü ilədək “Hürriyyət” qəzetinə rəhbərlik edib, 2003-cü ildən isə “Bakı Xəbər” qəzetində baş redaktor kimi çalışır.Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Sinəsini “Tərəqqi” medalı bəzəyir…
“Əslində biz hamımız yerimizdəyik. Dəyişən siyasi proseslərdir. Siyasət də, mətbuat da insan fəaliyyətinin ən elitar sahələrindən biridir. Elitar və intellektual sahələr olduğu üçün, bu meydanlarda səhv buraxmaq yox, buraxmamaq təəccüblü olardı. Səhvlər də, siyasi baxışların dəyişməsi də mümkündür. Kimlər ki, siyasətdə öz ambisiyalarına və daxili aləminə baxaraq siyasi baxışlarını müəyyənləşdirir, onların siyasi baxışları heç vaxt dəyişmir. Ancaq bu cür dəyişməzlik bütün hallarda cəmiyyətə ziyan vurur, tərsliyə çevrilir. Lakin kimlər ki, reallıqda gedən praktik proseslərə baxaraq öz siyasi baxışlarını müəyyənləşdirir, onların siyasi baxışlarının dəyişməsi həm normal, həm də faydalıdır. Reallıq dəyişirsə, bizim siyasi baxışlarımız necə dəyişməyə bilər?! Bununla belə, bir ölülər, bir də dəlilər fikrini dəyişmir kimi ifrat yanaşmalara da heç vaxt şərik olmamışam.”- söyləyir.
O, 1992-ci ilədək Azərbaycan Demokrat Partiyasının(ADR) üzvü olub. 1992-ci ildə isə partiya sıralarından xaric edilib. 1992–ci ildə Yeni Azərbaycan Partiyasına(YAP) üzv yazılıb. 1998-ci ildə bu partiyanı da tərk edib və bir qədər sonra Demokratik Azərbaycan Partiyasını(DAP) təsis edib. 1998-ci ildə DAP-ın VI qurultayında rəhbərlik etdiyi partiya ADR-lə birləşib. 2005-ci ildə isə ADR-in Mərkəzi Nəzarət Təftiş Komissiyasının iclasında onun partiya sıralarından çıxarılmasına qərar verilib və bu qərardan sonra o, partiyadan xaric olunub…
Deyir ki:- “Mətbuatımızda çox şey dəyişib. Dinamika var. Dünən əvvəlkindən, bu gün dünənkindən seçiləcək qədər yaxşıdır. Sabah daha yaxşı olacaq. Bir vaxtlar media ilə bağlı rəsmi ünvanlara yönəltdiyimiz tənqidi məsələlər bu gün, demək olar ki, həll edilib. Mediamız daha çox dövlətçi olmağa başlayıb. Mediaya dövlətin dəstəyi artıq bir institut kimi formalaşıb. Cənab İlham Əliyevin prezidentliyi dövründə mediamızda inkişaf fenomenləri daha çoxsaylı və sürətli olmağa başlayıb. Neqativlər, sözsüz ki, yenə var, lakin mediamızın özünün içində bu neqativləri əritməyə və yox etməyə qadir mexanizmlər də formalaşıb. Bu mənə həm jurnalist, həm də siyasətçi demək olar. Bu peşələrin hər ikisi mənim üçün doğmadır, qabiliyyətlərimə uyğun gəlir. Hər iki sahə təsadüfi adamları sevmir. Hər iki sahədə məşğuliyyət insandan başqa bir sıra sahələrdə önəmli olmayan keyfiyyətləri tələb edir. Ancaq unutmayaq ki, jurnalistə siyasətçinin tribunası gərək olmaya bilər, lakin siyasətçi üçün jurnalistin tribunası vacibdən vacibdir. Fikrimcə, bu peşələr bir-birinə nəinki mane olmur, hətta bir-birini tamamlayır. Siyasi düşüncəsi zəif şəxsin yaxşı jurnalist olması da, yazı-pozusu olmayan şəxsin sanballı siyasətçi ola bilməsi də eyni dərəcədə mümkünsüzdür. Bu gün belə keyfiyyətlərə malik jurnalist sabah siyasətçi, siyasətçi isə jurnalist kimi tam uğurlu fəaliyyət göstərə bilər…”
Qəlbinin dərinliyində təkcə özü barədə deyil, həm də atrafdakı insanlar barədə düşünür. Yaxın dostlanna çox qaygıkeşlıklə yanaşır. O, kiminlə dostlaşırsa, demək olar uzun müddət, bəlkə də hamişəlik bu münasibəti saxlayır. Dostlarının uğurlarına sevinən adamdır. Başlarına bir iş gələndə isə çox kədərlənir. Hətta dostları ciddi xəstəliklərə düçar olanda gecə-gündüz onlara qulluq etməyə hazırdır və hücumu ən yaxşı müdafiə hesab edir. İnadcıl, vicdanlıdır. Nə kimisə haqqına girir, nə dəki öz haqqını güzəştə getmir. Nə isə, haqqında söhbət açdığım Aydın Quliyev həqiqətin gözünə dik baxa bilir…
İyulun 18-i onun növbəti ad günüdür, 65 yaşı tamam olur. Yubileyi münasibətilə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram. Çox yaşasın!
Şair-publisist Hikmət Məlikzadə onu belə xarakterizə edir: “O, hər yazısında bir həyat anı əks olunan və bu anın içində daim bir həyat sızıltısı hiss edən mətanətli, vüqarlı qadındır. Çətinlik onun üçün təkcə həyat acısı deyil, həm də mübarizlik faktıdır. O, dərdi həm də mübarizə aparmaq üçün bir vəsilə hesab edir, bir qətrə şərəfli ömür üçün məhz bir kərə şərəflə ölməyi hamıya məsləhət görür. Bu da onun Vətən sevgisidir- azad yaşamaq haqqıdır, yaxşıya da, pisə də insani münasibətidir…”
O, həm də incə, xeyirxah, yardımsevər və həssas xanımdır. Başqalarının qayğısına qalmaq və yaxşılıq etmək onun həyat meyarıdır. Duyğusal, necə deyərlər, nəcib insanlara qarşı nəzakətli davranır və özü də nəzakətli münasibət gözləyir. Amma qəlbinin dərinliklərində çox narahatdır. Sanki hər bir sevincində bir kədər var. Gözəl, zərif, mülayim və utancaqdır. Fəqət intuisiyası çox güclüdür. Hər bir şəraitə asanlıqla uyğunlaşa bilir. Problemsiz bir həyat istəyir. Rahat olmaq və dincəlməyə çox vaxt ayırmaq isə ona çox az qismət olur. Uşaqlıq saflığını qoruyub saxlaya bilib, odur ki, hələ də onda uşaq səmimiyyəti var. Ümumiyyətlə, onun soyuq xasiyyəti yoxdur. Ətrafındakı insanlara qarşı mehribandır…
Deyir ki:- “Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra insanların öz fikirlərini azad və sərbəst ifadə etmələri üçün hər cür şərait yaradıldı. Demokratiyanın əsas atributlarından olan müstəqil mətbuatın fəaliyyətinə də geniş meydan verildi. Etiraf edək ki, müstəqilliyimizin ilk illərində anarxiya, xaos baş alıb getdiyindən müstəqil mətbuat qisas, təhqir, nalayiq sözlər mənbəyinə çevrilmişdi. Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, mətbuat aləmində də əsaslı dönüş yaradıldı. Demokratiyanı anarxiya kimi dərk edənlər tədricən mətbuatın həyatın aynası olduğunu anladılar. Tənqidlə təhqiri bir-birindən ayıra bilməyənlər getdikcə sıradan çıxdılar. Qəbul olunan qanunlar müstəqil mətbuatın fəaliyyətində əsaslı dönüş yaratdı. Məhz ulu öndərin demokratik prinsiplərin inkişafına verdiyi önəmin nəticəsi olaraq mətbuatdan senzura ləğv edildi.”
Hikmət Məlikzadə daha sonra sözünə davam edir: “Şəmsiyyə xanım jurnalistikaya – mətbuat camesinə göydən düşməyib, nə də bu əhatədə kiminsə kölgəsində daldalanıb “mən də varam” deməyib. Körpə ikən anası öz laylalarını ona məqalə, esse, oçerk, müsahibə janrında deyib. Ağlı kəsəndə, artıq bilib ki, söz nədir və onu hansı məcraya necə salmaq olar. Yeniyetmə çağlarından əlləri qabar tutan bu çevik xanım ilk məqalələrini yazanda mətbuata necə təsir etməyin yollarını öyrənib. Qələmindən hər dəfə dürr-inci töküb, yaşadığı dövrün həyat tərzini, məişətini, insana sevgisini əxz edə-edə barmaqları da qabar tutub. Radioda, müxtəlif qəzetlərdə çalışdığı vaxtlarda da onun içindəki sevdalar Vətənə töhfə vermək olub. Həmyaşıdları sevmək-sevilmək haqda düşünəndə, o, qələmini özünə yar sanıb, düşüncəsində sakit hücrələr yerləşdirib. İndi hansı rakursdan yanaşsaq, görərik ki, Şəmsiyyə xanımın qabarıq həyat tərzi dərdin bir ayrılıq sistemi olduğuna işarə vurur. Bəlli olur ki, arzular çox vaxt insanı istədiyi səmtə çəkmir. Elə xeyli vaxtdır fərqli təsir bağışlayan yazılarından da aydın ifadə olunur ki, həyatın insana aid etdiyi məqsəd elə bu vacib tər¬kib¬dədir. Əslinə qalsa, Şəmsiyyə xanımın sənət-peşə və həyatda çəkdiyi acılar bütün cə¬miy¬yətlərin çəkdiyi acılardır. Lakin fərq o acını necə çəkməkdə, o ağrının odunda necə əriməkdədir. Şəmsiyyə xanım öz fədakarlığına, öz abrına qısılaraq ağır ləngərlərin, iç deşən hayqır¬tıların, göz göynədən təlatümlərin, qəlb yırtan ağrıların, tük ür¬pədən dəhşətlərin… çaxnaqlarından elə keçib ki, ancaq özünü yandırıb, fikrinə ortaq etdiyi oxucunu isə sadəcə, düşündürüb. Bax, bu, əsl yaradıcı ruhun təlatümüdür…”
Bəli, bu dəfə sizə əməkdar jurnalist Şəmsiyyə Kərimova barədə danışıram. O, 24 noyabr, 1955-ci ildə Tovuzda anadan olub. 1974-cü ildə Tovuz şəhər 1 nömrəli orta məktəbi bitirərək, Saatlı rayonundakı 109 saylı texniki peşə məktəbinə qəbul olunub və orada sürücü-mexanik ixtisasına yiyələnib. Həmin məktəbi də fərqlənmə ilə bitirdikdən sonra 1976-cı ildə Komsomolun Mərkəzi Komitəsi onu Bərdə rayonuna göndərib. Bir müddət orada, “Bakı” kolxozunda sürücü-mexanik kimi çalışıb və 1977-ci ildə respublikada ilk dəfə sükan arxasına keçən gənclər arasında 3-cü yeri tutub. Hələ orta məktəbdə oxuyarkən respublika mətbuatında tez-tez çıxış edirdi. Yazıları “Azərbaycan Gəncləri” qəzetində və o vaxtı rayonda çıxan “Həqiqət” qəzetində dərc olunurdu. O vaxt “Azərbaycan gəncləri” qəzetinin BDU-nun jurnalistika fakültəsi ilə birgə açdığı “Jurnalist… jurnalist? jurnalist!” müsabiqəsinə göndərdiyi “Çərkəz qızı Tellinin nağılı” oçerki ilə müsabiqənin qalibi olub…
O, 1977-ci ildə indiki BDU-nun jurnalistika fakültəsini bitirərək, 1980-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində, radionun “Gənclik” baş redaksiyasında müxbir kimi fəaliyyətə başlayıb. 1987-ci ildən isə “Azərbaycan gəncləri” qəzetində çalışıb. Baş verən məlum ictimai-siyasi proseslər nəticəsində komsomolun orqanı olan həmin qəzet fəaliyyətini dayandırdıqdan sonra, 1996-cı ildən “İki sahil” qəzetində işləyib. 2003-cü ildə “Naxçıvan” qəzetində şöbə müdiri vəzifəsinə təyin olunub. Hazırda isə “Yeni Təfəkkür” qəzetinin təsisçisi və baş redaktorudur. 2010-cu ildə milli mətbuatın 135 illiyində “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. “Qızıl qələm” media mükafatı laureatıdır…
“Uzun illər jurnalistika sahəsində çalışan bir insan kimi xüsusi olaraq qeyd etmək istərdim ki, dövlət başçımızın sərəncamları ilə son illər kütləvi informasiya vasitələrinə göstərilən yardımlar, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dövlət hesabına ödənilməsi, jurnalistlərə fəxri adların, mükafatların verilməsi beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Dövlət başçımızın imzaladığı 22 iyul 2010-cu il tarixli “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” sərəncamı mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılması ardıcıl tədbirlərin davamı oldu. Dünyanın heç bir ölkəsində jurnalistlərə dövlət vəsaiti hesabına mənzil tikintisi faktı olmayıb. Bütün bunlardan sonra biz jurnalistlər daha məsuliyyətli, obyektiv olmalı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da yüksəldilməsi istiqamətində bütün imkanlardan səmərəli istifadə etməli, kimlərinsə təhriki ilə böhtan və qarayaxmalara son qoymalı, bu çirkin vasitələrdən əl çəkməyənlərin qarşısını almalıyıq.”- söyləyir.
Həyatda həmişə özü olmağa çalışıb, kimisə yamsılamaqdan xoşu gəlmir. İkiüzlülükdən uzaqdır, kimisə aldatmağa nifrət edir. Pisliyi sevmir- niyyəti saf və təmizdir. Mühafizəkar xanımdır, yeniliklərə və fərqliliyə çox da açıq deyil və köhnə ənənələrdən asanlıqla imtina edə bilmir. Hərəkətlərində çox diqqətlidir. Heç vaxt kiminsə ona görə əziyyət çəkməsini istəmir. Eləcə də, romantik xanımdır və bəd xəbərlərdən tez təsirlənir. Ləyaqətli və xarizmatikdir. Eyni zamanda şanslı adamdır. Amma bəxti gətirməyəndə həddən artıq narahat olur və kədərlənir. Xoş xasiyyətli, yumşaq ürəkli olsa da, bəzən tələsir. Güclü fantaziyası var, gözəl xəyallarla yaşayır. Ümid edir ki, dünya nə vaxtsa düzələcək. Haqq, ədalət qalib gələcək. Fəqət, haqq da, ədalət də bu dünyadan küsdükləri üçün az-az gözə dəyirlər…
…O gün Mətbuat Şurasında gənc jurnalistlər çıxış edərkən, onun gözlərindəki sevincin, qürur hissinin şahidi oldum. Bunu ancaq vicdan öhdəliyinin nə olduğunu bilənlər bacarır. Bəli, haqqında söhbət açdığım, əməkdar jurnalist Şəmsiyyə Kərimova vicdanlı insanlardan biridir…
Bir neçə aydan sonra bu gözəl xanımın 70 yaşı tamam olur. Qoy mənim bu söhbətim gələcək yubileyinə bir hədiyyə olsun!..