Tanınmış jurnalist Elman Eldaroğlu anadan olmasının 60 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin “Fəxri fərmanı” ilə təltif olunub. “Fəxri fərmanı” AYB-nin sədri Xalq yazıçısı Anar müəllim şəxsən özü təqdim edib.
Elman Eldaroğlu görüş və təltif barədə təəssüratlarını bölüşüb:
“Təşəkkür edirəm, Anar müəllim- AYB!
Bu gün xalq yazıçısı Anar müəllimin dəvəti ilə Azərbaycan Yazıçılar Birliyində oldum. Qısa söhbətdən sonra Anar müəllim məni təbrik edib, 60 illik yubileyimlə bağlı “Fəxri Diplom” təqdim etdi. Söhbət əsnasında ona Çörçilin bu sözlərini- “Demokratiya ideal quruluş olmasa da, indiyə qədər sınaqdan çıxmış ən yaxşı idarəetmə formasıdır.”- xatırladıb əlavə etdim ki: “Barənizdə özündən müştəbehlər nə qədər tənqidi fikirlər səsləndirsə də, bu gün AYB-yə rəhbərlik etməyə sizin qədər haqqı çatan ikinci adamı tanımıram.”
Nə qədər haqlı olduğuma əminəm. Çünki yaxşı bilirəm ki, Anar müəllimin AYB-dən uzaqlaşması, bu təşkilatın bugünkü imkanlardan məhrum olunması deməkdir və nə vaxtsa Azərbaycan Yazıçılar Birliyi də Azərbaycan Jurnalistlər Birliyi kimi imkansız bir təşkilata çevriləcək…
Mənə göstərdiyi diqqətə görə, AYB-nin sədri, Azərbaycan nəsrinin sonuncu mogikanı Anar Rzayevə minnətdarlığımı bildirirəm. Bəli, hələ ki, ədəbiyyatımız Anardan güclü yazıçı yetişdirə bilməyib…”
Yazarlar.az olaraq, biz də öz növbəmizdə Elman Eldaroğlunu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.!
“Dərdiş” kəlməsi ana dilimizdə geniş yayılan standart bir söz deyil, daha çox Qazax bölgəsinə məxsus yerli şivə sözüdür və əsasən “sədaqətli”, “dürüst”, “qətiyyətli” və ya “inanılmış” mənasında işlənir. Bu gün sizə çağdaş Azərbaycan poeziyasında Dərdiş kimi tanınan şair Ehtiram İlhamdan söhbət açmaq istəyirəm. Amma əvvəlcədən etiraf edirəm ki, orta təhsilə doğulduğu Tovuz rayonunda yiyələndiyini bilsəm də, ondan sonra başına gələnlərdən xəbərsizəm. Bir də ki, şairin tərcümeyi halı elə də önəmli deyil, daha çox yaradıcılığı maraqlı olur. Ehtiramı iyirmi il olar ki tanıyıram. Mərd, sadə, etibarlı adamdır. Yaratdığı poeziya nümunələri poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanır. Əsasən heca vəznində yazır…
Müsahibələrindən birində deyir ki:- “Şeir hər şeydən əvvəl həm də bir estetika məsələsidi. Hər kəsin öz zövqü, öz baxışı var. Bu mübahisələrin olması isə çox təbiidir. Hər kəsin öz həqiqəti olur. Hər yazar özünü harda görürsə, orda da özünü rahat hiss edir. Qoy elə də olsun. Bizim – Azərbaycan şeirinin əsas vəzni məhz hecadı. Bu dilin ən gözəl şeirləri də hecada yazılıb. Bu, birmənalıdır. Amma kimin ilhamı hara qədərdisə, kim nədə bacarırsa, qoy öz yazı-pozusuyla da məşğul olsun. Şeir əsl şeirdisə, hansı vəzndə olmağının fərqi qalmır. Yetər ki, şeir olsun…”
Xarizmatik adamdır. Qürurlu və məğrurdur. Özünə inamı və müstəqilliyi ilə seçilir. Punktual, çevik və macəraçı xüsusiyyətləri var. Əhval-ruhiyyəsi yaxşı olanda şən, gülərüz və səxavətli bir dost olur. Yeyib içməyi, dostları ətrafına toplamağı xoşlayır. Hər zaman enerjili və dinamikdir, öz səyi ilə həyatın çətinliklərini aradan qaldırmağa qadirdir…
“Bizim nəsil, sovet rejiminin dağılan vaxtlarına düşdü. Bizdən 3-4 yaş böyük olanlar rejimin yaxşı vaxtında yaşamışdılar. 120 manatla ailəni normal dolandırmaq, Qafqaz kurortlarından birində dincəlmək mümkün idi. Bizdən əvvəlki və bizdən sonrakı nəsil bizim qədər əziyyət görmədi. Müharibə bizim gəncliyimizə düşdü. Həm xalq hərəkatı, həm də müharibə bizim nəsildən, həmyaşıdlardan çox şey aldı. Mən belə düşünürəm ki, xalq hərəkatı, torpaqların azadlığı uğrunda mübarizə adlı məfhumlar konkret adamların alnına yazılmış işlərdir. Millətin millət olma prosesində mütləq seçilmiş insanlar iştirak edir. Gözümü açanda özümü proseslərin içində gördüm. Yusif Səmədoğlu, İsmayıl Şıxlı, Vaqif Səmədoğlu, Xəlil Rza, İsmayıl Şıxlı və adını hamımızın bildiyi ziyalılar bizə yön verirdi. Ən böyük qələm adamları xalq hərəkatında idi. Mənim mənsub olduğum nəsil gözünü dünyaya ən millətçi şeirlərlə açmışdı. 1987-ci ildə Ukraynada hərbi xidmətdə idim. Məmməd İsmayıl “Gənclik” jurnalında Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını çap etmişdi və qardaşım həmin jurnalı sovqatın içində mənə göndərmişdi. Mən qaravulda o poemanı əzbərləmişdim. Bundan əlavə Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini də əzbər bilirdim…”- söyləyir.
Davranışında mehriban və rahat olduğundan ünsiyyətdə çox yaxşıdır. Onu aldatmaq mümkün deyil, necə deyərlər, ağıllı və duyuq adamdır. Yoldaşlıqda pul xərcləməkdən çəkinmir. Qeybətdən çox uzaqdır, sözü üzə deməyi bacarır. Bu da ətraflarındakı insanları təsirləndirsə də, bəzən kimlərinsə xoşuna gəlmir…
Deyir ki:- “Gözümü açıb saz eşitmişəm, şeir eşitmişəm. Həm də çox yaxşı şeirlər eşitmişəm. Mənim sevdiyim çox şair olub. Orta məktəbdə əlimə keçən hamını oxumuşam. Məni tutan bütün şeirləri əzbərləmişəm. Amma şeir adına uçunduğum Səməd Vurğun olub. Hüseyn Arif, Əli Kərim, Eldar Baxış, Ramiz Rövşən, Şaiq Vəli, Akif Səməd, Murad Köhnəqala və Məmməd İlqar- bunların hər biri ustaddı. Amma sənətdə Məmməd İsmayılı məhək daşı hesab edirəm. Onu da deyim ki, hamının ən çox üz tutacağı ən böyük ustad Abbas Tufarqanlını hesab edirəm. O, sadəcə, dəhşətdir…”
…Bəli, onun xüsusiyyətləri arasında dürüstlük, sədaqət və cəsarət önəmli yer tutur. Verdiyi sözə sadiq qalır və yalandan zəhləsi gedir. Həyatına nizam-intizam gətirmək və ətrafdakı insanları təşkilatlandırmaq onun təbii qabiliyyətlərindən biridir. Maliyyə məsələlərində bacarıqlı və analitik təfəkkürə sahibdir. Və çox qəribədir ki, heç vaxt mövcud şəraitə boyun əymir və çətinliklərə iradə ilə qalib gəlməyi bacarır…
“Keşkə istedadı olan hər bir insanın – şairin, yazı-pozu adamının normal işi-gücü olaydı. İşləyib həm ailəsini dolandıra, həm də canı ağrıyanda müalicəsinə pis-yaxşı dava-dərman yetirə biləydi və kimsədən də asılılığı olmayaydı. Axı, bu yazığın ömrü-günü ən xırda məişət qayğılarının əlində əriyib itir. Gözünün odunu töküb ortaya çıxartdığı yazı-pozusundan qazandığı da ağlara qalmasın. Gözünü açıb-yumunca əlinə gələn qəpik-quruşun hardan gəlib hara getdiyini də bilmir. Qarşısında isə iki yol qalır: ya yuxarılara boyun əyməlisən, ya da mərdi mərdanə ömür sürməlisən. Birinci yola gedənlər çox olsa da, getməyənlər də olur. Və nə yaxşı ki, belələri var. Yoxsa, məmləkətin halı lap fəna olardı. Az-çox insanlarımızda milli adına nəsə qalıbsa, onlara borclu olmalıyıq. İkinci yol isə kimlərə ağız açmaqdan, kimlərinsə mərhəmətinə sığınmaqdan keçir. İnandırım sizi, heç bir istedadlı adam istəməz bunu etsin. Amma, “ehtiyacın qəhrəmanı da qul etdiyi” barədə həqiqətin yalan olduğunu bu ölkədə neçə nəfər sübut etməyi bacarıb? Rəhmətlik Vurğun Əyyub kimi…”- söyləyir.
O, həm də çalışqanlığı ilə seçilir, bacarıqlı olması və müşahidə qabiliyyəti ilə fərqlənir. Olduqca diqqətlidir, ətrafdakı detallara xüsusi dəqiqliklə yanaşır və hər şeyi ən xırda təfərrüatına qədər araşdırmağı xoşlayır. Bir sözlə, sosial, istiqanlı və təşkilatçılıq qabiliyyəti yüksək olan insandır. Ona görə də cəmiyyətdə özünə hörmət və diqqət çəkməyi bacarır. Və bu diqqətdən zövq alır. Bir də ki, xarici görünüşünə və geyimlərinə böyük əhəmiyyət vermək onun şakərlərindən biridir…
Deyir ki:- “Hərə poeziyada öz istədiyini axtarıb, tapmaq istəyir. Aşiqlər sevgi şeiri gəzir, kimsə vətənpərvərlər ritorika və pafos dolu tribun şeirləri eşitmək istəyir, dərdli adamların gözü kədər poeziyasını axtarır, həyatın dərin qatlarına varmaq istəyən kəslər isə şeirdə fəlsəfi çalar gəzir. Əgər arzuladığına çata bilibsə, deməli, qarşındakı şeirdir. Poeziya da əslində elə budur. Ümumiyyətlə, şeir maraqlı və həddən ziyadə qəribə bir nəsnədir. Elə şeir var, onu bərkdən oxumaq olmaz, hətta öz içində belə pıçıltıyla söyləməlisən. Elə şeir var, hayqırmalısan, yavaş desən, əzəməti itər. Həm də adamlar kimi, məclislər də rəngarəng olur. Hər adamın yanında hər şey danışılmaz. O ki qala şeir ola. Hətta demək məcburiyətində qalınsa belə, məqama uyğun şeir söyləməlisən. Çünki “zövqlər dartışılmaz” məntiqi burada yerinə düşür…”
…Onun haqqında söylədiklərim, bəlkə də zərgər dəqiqliyi ilə alınmadı, amma Azərbaycan poeziyasının qədri bilinməli “ZƏR”-lərindən biri olduğuna əminəm. Yanvarın 23-ü şair Ehtiram İlhamın 57 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram… Çox yaşa, DƏRDİŞ!
Vətən və vətəndaş sevgisinin təcəssümü Elman Eldaroğlu – 60 Salam olsun çox dəyərli oxucum! Bugünkü söhbətimizin mövzusu çox mühüm və vacibdir. 3 yanvar 1966-cı il – bu gün yalnız Sumqayıt (Yardımlı) üçün deyil, bütün Azərbaycan mətbuatı və ədəbiyyatı üçün əlamətdar bir gündür. Elman müəllim özü qeyd etdiyinə görə yanvarın 11-də anadan olmuşdur. Ancaq rəsmi qeydiyyat 3 – yanvarı göstərir. Azərbaycan jurnalistikası, publisistikası və ədəbiyyatı üçün dəyərli şəxsiyyət, jurnalist, naşir və şair-publisist Elman Eldar oğlu Mustafayev (Əmioğlu), geniş ictimaiyyət tərəfindən Elman Eldaroğlu kimi tanınan şəxs – əmioğlum, 60 illik yubileyini qeyd edir. İdarəetmək, münasibət bildirmək üçün dünyaya gəlib Elman Eldaroğlu. Elman Eldaroğlu 1966-cı ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Təhsil həyatına 9 saylı orta məktəbdə başlayan gənc Elman 1976-cı ildən 17 saylı məktəbdə davam edərək, 1981-ci ildə 8 illik təhsilini başa vurub. Elman Eldaroğlu üçün jurnalistika sadəcə peşə deyil, həyat yolunun bir hissəsi olmuşdur. Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı illərdə o, paralel olaraq “Sosialist Sumqayıtı” qəzetinin ştatdankənar müxbiri kimi fəaliyyət göstərmiş və jurnalistikanın incəliklərinə yiyələnmişdir. 1985-1987-ci illərdə Sovet qoşunlarında, 1995-1998-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş Elman Eldaroğlu vətənpərvərlik nümunəsi göstərmiş, vətənə bağlılıq və məsuliyyət hissini həyatının hər mərhələsində öz fəaliyyətində əks etdirmişdir. Elman Eldaroğlu təkcə jurnalist kimi deyil, həm də publisist və şair kimi geniş yaradıcılıq diapazonuna malikdir. Onun əsərləri arasında “Alın yazısı”, “Bir yarpaq ömrü”, “Bir elin övladları”, “Ömrün Yardımlı döngəsi” kimi publisistik və ədəbi kitablar xüsusi yer tutur. Bundan əlavə, 20-dən çox maarifləndirici kitabçanın müəllifidir ki, bu da onun ictimai maarifçilik və mədəniyyət sahəsindəki əvəzsiz xidmətini göstərir. Elman Eldaroğlu yalnız yazıçı deyil, həm də sənədli film quruluşçusu və təşkilatçısıdır. 19 noyabr vertolyot qəzasında həlak olmuş Vəli Məmmədov haqqında çəkilən “Millətin Vəlisi”, kimyaçı alim Nərçə Bəhmən oğlu Ağayev haqqında “Odlu həyat”, tanınmış el ağsaqqalı Baxas Qubadov haqqında isə “Söz və əməl sahibi” sənədli filmlərinin quruluşçu rejissoru olaraq ictimai yaddaşın formalaşmasına böyük töhfə vermişdir. Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Elman Eldaroğlu, Prezident təqaüdçüsü kimi də qiymətləndirilmişdir. O, həm ölkə içində, həm də xaricdə jurnalistika və ədəbiyyat sahəsində Azərbaycan adını layiqincə təmsil etmişdir. 2015-2020-ci illərdə ABŞ-ın Miçiqan ştatında yaşaması və orada fəaliyyət göstərməsi onun beynəlxalq perspektivə malik düşüncəsini və yaradıcılıq imkanlarını daha da genişləndirmişdir. Elman Eldaroğlu həm də Yardımlı Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biridir. “Yardımlının səsi” müstəqil qəzetinin təsisçisi və baş redaktoru kimi, o, həm öz bölgəsinin, həm də ölkənin sosial problemlərinə işıq tutmuşdur. Bu fəaliyyət onun yalnız jurnalist, yazıçı və publisist kimi deyil, həm də ictimai xadim kimi də böyük nüfuz qazandığını göstərir. Elman Eldaroğlunun həyat yolu və yaradıcılığı göstərir ki, söz yalnız kağız üzərində qalmır – söz həm də əməl, həm də tarix olur. O, jurnalistika və ədəbiyyat sahəsində, ictimai fəaliyyətində və maarifçilik təşəbbüslərində hər zaman millətin xeyrinə, tarixə və mədəniyyətə xidmət etmişdir. Onun əsərləri gənc nəsillərə örnək, həmkarlarına isə ilham qaynağıdır. Bütün bu çoxsahəli fəaliyyətilə yanaşı Elman müəllim qələm dostlarını, ziyalıları, mədəniyyət xadimlərini hər zaman diqqətdə saxlayır. Onları izləyir, hamısını yaxşıca tanıyır. Tanınmayanları təqdim edir, tanınmışlara münasibət bildirir. Bir sözlə Elman Eldaroğlu sözün əsl mənasında Azərbaycan ədəbiyyatını, mədəniyyətini, jurnalistikasını birləşdirən zəncirinin ən əsas, ən möhkəm həlqələrindən biridir. 60 illik yubileyində, Elman Eldaroğlu həm Azərbaycanın mətbuat və ədəbiyyat tarixində, həm də ictimai həyatında öz izini qoymuş bir şəxsiyyət kimi əlaqədar qurumlar və qələm dostları tərəfindən təbrik edilir. Onun zəhməti, yaradıcılığı və sadiqliyi hər bir oxucu və izləyici üçün böyük dəyər daşıyır. 60 illik ömrü və fəaliyyətinin hər bir səhifəsi, Azərbaycan jurnalistikası və ədəbiyyatı üçün bir işıqdır, bir nümunədir. Bu yubiley, yalnız keçmişi xatırlamaq deyil, həm də gələcəyə inam ifadə etmək, gənclərə nümunə və yol göstərmək günüdür. Yazarlar cameəsi adından dəyərli dostumuz, əzizimiz, silahdaşımız, qələmdaşımız – əmioğlu – Elman Eldaroğlunu doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Allah ikimizə də ömür versin, 80 illik yubileyiniz münasibətilə də yazmaq qismət olsun! Çox dəyərli oxucum sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm! Hələlik!
Elman Eldaroğlu – 60 Sabah 2026-cı ilin üçüncü günü… Hələ də Yeni il bayramının feyz şəbnəmləri ilə süslənmiş bir ovqatdayıq. Bu xüsusi gündə düşünürəm ki, dəyərli bir eloğlumuz və əziz aydınımızın, Söz Adamının 60 illik yubileyi də bayram təntənəsitək qeyd olunmağa layiqdir. Bu özəlliyi isə onun uzun illər boyu gur olan idrak işığı, düşüncə dünyası dəyər olaraq özündə ehtiva edir. “Daxili dünyası çox zəngindir. Həssas və duyğusaldır. Güclü olmağı xoşlayır. Hər eşitdiyinə inanmır, onun üçün həqiqət gözlə qulağın arasında baş verən hadisələrdən ibarətdir…” Bu sətirlər elə ona – şair, publisist, jurnalist Elman Eldaroğluna məxsusdur və mənim haqqımda qələmə aldığı məqalənin girişindən iqtibasdır. Fərəhlə deyə bilərəm ki, vurğulanan müsbət və fəzilətli keyfiyyətlər eyni zamanda həmin fikirlərin müəllifininin özünə də şamildir, həm də onun daxili aləmini və yaradıcılıq mövqeyini əks etdirir. Zaman elə insanlar yetişdirir ki, onların həyatı şəxsi taleyin deyil, bütöv bir mühitin, bir elin, bir dövrün salnaməsinə çevrilir. Elman Eldaroğlu da məhz belə şəxsiyyətlərdəndir. Onun 60 illik ömür yolu təkcə yaşanan illərin ardıcıllığı deyil, sözə sədaqətin, ictimai məsuliyyətin, vətən və insan sevgisinin tərcümeyi-halıdır. Əslən Yardımlıdan olan Elman Eldar oğlu Mustafayev 3 yanvar 1966-cı ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Sənaye şəhərinin zəhmətkeş mühiti, insanların sadə və səmimi yaşam tərzi onun gələcək dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. İlk təhsilini 1973–1976-cı illərdə Sumqayıt şəhər 9 saylı orta məktəbdə alan Elman Eldaroğlu daha sonra 17 saylı orta məktəbdə oxuyaraq 8 illik təhsilini başa vurub. Gənc yaşlarından həm texniki biliklərə, həm də humanitar sahəyə maraq göstərməsi onun çoxşaxəli şəxsiyyətinin ilk əlamətlərindən idi. 1981–1985-ci illərdə Sumqayıt Politexnik Texnikumunda təhsil alması ilə yanaşı, o, paralel şəkildə “Sosialist Sumqayıtı” qəzetində fəaliyyət göstərən iki illik jurnalistika kursuna qatılıb. Məhz bu dövrdə qələm onun üçün sadəcə yazı aləti deyil, düşüncənin, mövqenin və ictimai sözün ifadə vasitəsinə çevrilib. Həmin qəzetdə ştatdankənar müxbir kimi çalışması Elman Eldaroğlunun jurnalistika yolunda ilk ciddi addımı olub. Onun həyat yolunda hərbi xidmət də mühüm yer tutur. 1985–1987-ci illərdə Sovet qoşunlarında, daha sonra 1995–1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət etməsi Elman Eldaroğlunun vətənə bağlılığını, dövlətçilik düşüncəsini daha da möhkəmləndirib. Bu təcrübə onun publisistik yazılarında hiss olunan vətəndaş mövqeyinin, milli məsuliyyət duyğusunun qaynaqlarından biridir. 1987-ci ildə istehsalatdan ayrılmadan Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutuna qəbul olunması onun əzmkar xarakterini, daim öyrənməyə, özünü inkişaf etdirməyə olan istəklərini təsdiqləyir. Lakin Elman Eldaroğlunun həyatında yalnız fərdi inkişaf deyil, ictimai fayda da hər zaman ön planda olub. Bu düşüncənin nəticəsi olaraq Yardımlı Xeyriyyə Cəmiyyətinin yaradılması və “Yardımlının səsi” müstəqil qəzetinin təsis edilib baş redaktoru olması onun ictimai fəaliyyətinin zirvələrindəndir. Bu qəzet uzun illər Yardımlının, onun insanlarının səsi, dərdi və sevinci olub. Elman Eldaroğlu həm də söz adamıdır. Onun “Alın yazısı”, “Bir yarpaq ömrü” şeir kitabları insan taleyinə, zamanın ötəriliyinə, daxili duyğuların səmimiyyətinə işıq salır. “Bir elin övladları”, “Ömrün Yardımlı döngəsi” publisistik kitabları isə müəllifin doğma yurda, el-obaya, tarixi yaddaşa olan dərin bağlılığının bədii-publisistik ifadəsidir. Bundan əlavə, 20-dən çox maarifləndirici kitabçanın müəllifi kimi Elman Eldaroğlu cəmiyyətin bilik və düşüncə ehtiyacına xidmət edən qələm sahiblərindəndir. Onun yaradıcılığı yalnız yazı ilə məhdudlaşmır. 19 noyabr vertolyot qəzasında həlak olmuş dövlət xadimi Vəli Məmmədova həsr edilən “Millətin Vəlisi”, kimyaçı alim Nərçə Bəhmən oğlu Ağayev haqqında “Odlu həyat”, el ağsaqqalı Baxas Qubadov barədə “Söz və əməl sahibi” sənədli filmləri Elman Eldaroğlunun tarixi şəxsiyyətlərə, milli dəyərlərə verdiyi önəmin ekran ifadəsidir. Bu filmlərdə o, unudulmamalı taleləri yaddaşlarda yaşatmaq missiyasını üzərinə götürür. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Elman Eldaroğlu Prezident təqaüdçüsü kimi də dövlət tərəfindən qiymətləndirilən ziyalıdır. 2015–2020-ci illərdə ABŞ-ın Miçiqan ştatında yaşaması onun dünyagörüşünü daha da genişləndirmiş, beynəlxalq təcrübə ilə milli düşüncənin sintezini yaradıcılığına gətirmişdir. Bu gün Elman Eldaroğlunun 60 yaşı tamam olur. Bu 60 il sözün, əməyin, vicdanın və xidmətin 60 ilidir. O, qələmi ilə insanlara yol göstərən, publisistik mövqeyi ilə cəmiyyəti düşündürən, fəaliyyəti ilə doğma elinə dayaq olan ziyalı obrazıdır. Elman Eldaroğlu üçün yaş yalnız rəqəmdir; əsas olan arxada qalan iz, deyilən söz və görülən işdir. Bir şeirimdə dediyim kimi : şairlərin yaşı olmur.
Şair özü qocalsa da, Sözü vaxtdan ucadırsa, Ömürdürsə uzun, qısa… Şairlərin yaşı olmur!
Şairlik hiss, hal, məqamdır, Gah dərvişlik, gah şamandır. Gah səhərdir, gah axşamdır… Şairlərin yaşı olmur!
Nə vaxt gəlsə ilham pərim, Qantək tutur şairliyim. Başqa vaxtlar öz dərd-sərim… Şairlərin yaşı olmur.
Ömür təqviminin 60 illik zaman məsafəsindən dünyaya ulu sözün gözü ilə baxan Elman Eldaroğlunun ədəbi dünyasına, düşüncələrinə, publisist mövqeyinə bələd olduqca bələ qənatə gəlmək olur ki, sözün gücünü və gözəlliyini yalnız kağıza köçürən deyil, həm də oxucusunun ruhunu oxşayan, düşüncələrinə gur işıq salan bir insanın 60 illik yubileyini qeyd edirik. Onun yazdıqları zamansızdır, millətinin və cəmiyyətinin səsini və ruhunu əks etdirən əbədi işıqlardır. Məncə, “SÖZÜN ŞƏFƏQ ÇAĞI” ifadəsi Elman Eldaroğlunun bir şair, fikir adamı olarqaq ən təbii xülasəsidir. Şəfəq, təkcə səhərin ilk işıqlarını, ağaran dan yerini deyil, həm də şairin sözlərinin, düşüncələrinin oxucuların qəlbinə necə işıq tutduğunu simvollaşdırır. 60 il boyunca sözü ilə insanlar arasında körpülər qurmuş, fərqli fikir və görüşlər arasında anlaşma yolunu açmış bir şair və publisist, şübhəsiz ki, özünü bir zamanlar təqdir etdikləri və oxuduqları yazıçılardan biri kimi görür. Onun irsi yalnız bu günün deyil, gələcəyin də əhəmiyyətli bir qaynağı olacaq. Çünki hər bir yazısında bir insanı düşündürən, onu idrak dərinliyə aparan və onu insanlıq adına daha yaxşı bir yola yönəldən bir mesaj var. Bu yubiley yalnız bir aydının 60 illik həyatını qeyd etmək deyil, həm də o insanın sözlərinin və düşüncələrinin gələcək nəsillərə necə bir işıq tutduğunun tanınmasıdır. Sözünün şəfəq çağı heç vaxt bitməyəcək, hər zaman yeni səhərlər, yeni ümidlər gətirəcək. Ömür təqviminin 60 illiyi gözünə-könlünə köçən gözəlliklər, uğurlu özəlliklərlə qutlu olsun, dəyərli aydınımız Elman Eldaroğlu!
İnsan doğulur, yaşayır və günlərin bir günü köçünü yığıb dünya ilə vidalaşır, əbədiyyətə qovuşur. Nə doğulmaq, nə də ölmək kimsənin iradəsindən asılı deyil, təbii bir prosesdir, bu…
Ancaq doğumla ölüm arasındakı məsafəni yaşamaq, yolu getmək hər kəsin özündən asılıdır. Baxır, necə yaşayacaqsan, neçə gedəcəksən, nəyin qalacaq həyatda: pisliklərlə dolu ömürmü, yoxsa ləyaqət, qeyrət, xeyirxahlıq, hörmət?! Eniş də, yüksəliş də bu sualın cavabından asılıdır…
Hələ ki, hər birimiz yol gedirik, ömür deyilən yolun yolçulayırıq. Bu yol nə vaxt qurtaracaq, sonu hardadır-bilmirik, bilə də bilmərik. Ona görə də yaşamağa tələsmək lazımdır: nəcib əməllər sahibi olmaq, xeyirxahlıq etmək, el-obaya, adamlara, Vətənə gərək olmaq üçün!
Elman da- Elman Eldaroğlunu deyirəm- hələ yol gedir, sözün əsl mənasında inamla, qeyrətlə, ləyaqətlə. Əməli ilə sevilir, seçilir, hörmət edilir ona. “Vətən mənim üçün Yardımlıdan başlanır, böyüyür, bütövləşir, tamlanır”- deyir Elman. Əslində o, heç Yardımlıda doğulmayıb. Altmış il əvvəl dünyaya da, Günəşə də, Vətənə də ilk dəfə Sumqayıtdan boylanıb. Ağlı kəsəndən Yardımlı sevgisi qəlbini, ürəyini işğal edib. Kim bilir, bəlkə bu elə onun kövrək, pak uşaq dünyasının yadigarıdır. Məktəb illərində bir qayda olaraq, hər il yay tətilini Yardımlıda- Dəlləkli kəndində keçirərdi. Babası Ağadin kişinin maraqlı, duzlu, bir az da məzəli söz-söhbətlərindən doyammazdı. El-oba, kənd-kəsək, Vətən sevgisi, məhəbbət də babasından yadigardır, ərməğandır ona. Elman deyir ki, bu gün də o dağlardan, qayalardan, çöllərdən, çəmənlərdən, meşələrdən, bumbuz bulaqlardan ilham, enerji alır. Ona görə də nə enerjisi, nə də doğma yurda sevgisi, məhəbbəti tükənmir. Elə bu amil də Elmana çiynlərini ən ağır yükün altına verməsinə səbəb oldu. Mərdi-mərdanə ortaya atıldı, təşəbbüs göstərdi, gecəsini gündüzünə qatıb “Yardımlı Xeyriyyə Cəmiyyəti”ni yaratdı, ərsəyə gətirdi. “Yardımlının səsi” qəzetini təsis etdi. Bunu adlı-sanlı yardımlılar da edə bilərdi, etmədilər: ya istək olmadı, ya da bacarmadılar. Məncə, istək olmadı, el-oba yanğısı çatmadı. Elmanda isə hər şey içdən gəlir, təmizdir, dupdurudur, novdur, aydındır: istək də, məhəbbət də, sevgi də, yanğı da. Yanğı içdən gələndə istək gerçəkləşir, arzu reallaşır…
Çalışdı, iradə göstərib “Yardımlı Xeyriyyə Cəmiyyəti”ni yaratdı. Onu formalaşdırıb ayaq üstə qoydu. Bu xəttnən daha nələr etmətyib ki? Yardımlıdan bəhs edən internet saytı yaratdı- dünyaya nəfəslik açıldı: Rayon barədə demək olar ki, bütün məlumatlar bu saytda yerləşdirilmişdi. Kimsəsizlərin, tənhaların, imkansızların siyahısını tərtib edib, hər əziz bayramlarda yüzə yaxın adama yardım bağlaması verirdi. Bu qədər insana dayaq durmaq, yanında olmaq, sevinc yaşatmaq məgər asandırmı? Əlbəttə, yox, ancaq Elman bunu etməyi bacardı. Dünyasını dəyişmiş adlı-sanlı yardımlılara xatirə gecələri keçirdi, anım məclisləri təşkil etdi. Rəhbərlik etdiyi təşkilatın xəttiylə keçirilən belə tədbirlərdə başqa bölgələr də yaddan çıxmırdı. Elə şair-puplisist Vaqif İbrahimin latın qrafikasında ilk kitabının nəşri və həmin kitabın təqdimat gecəsi, daha kimlərin Sumqayıt şəhərində anılması bunu bir daha təsdiqləyir. Öz təşəbbüsü ilə dörd-beş dəfə rayona həkim briqadası aparıb, müxtəlif xəstəliklərdən əziyyət çəkən imkansızları əməliyyat elətdirib, müayinədən keçirtdirib. Bundan da böyük alqış, xeyirxahlıq olarmı? Yenə onun səyi ilə ilk dəfə ölkə miqyaslı idman yarışları (şahmat və karate üzrə) Yardımlıda baş tutub. Birdirmi, beşdirmi Elmanın Yardımlı ilə yardımlılar üçün gördüyü işlər. Hamısını sadalasam, bütün bunları bir nəfərin necə edə bildiyinə heyran qalarsınız. Bu gələcəyin mövzusu olduğu üçün, onu indidən gözə gətirmək istəmirəm, onsuz da nə vaxtsa onun böyüklüyünün Siz də şahidi olacaqsınız…
Cəmiyyət də, qəzet də onun ən əziz, dəyərli övladlarıdır. Hər dəfə qəzetin növbəti sayı işıq üzü görəndə elə bil, bir dünya sevinc verirdilər ona. Həm də bütün bu işləri köməksiz, təkbaşına görürdü. İmkanlı, vəzifəli yardımlılar da bunu edə bilərdi axı. Sadəcə olaraq dediyim kimi istək, həvəs, o böyük yanğı yoxdur belələrində. Elmanda isə var, həm də tükənməzdir. Elə ən böyük qazancı, var-dövləti də el-oba sevgisi, məhəbbətidir. Bəlkə də Elmanı yaxından tanımayanlar düşünsünlər ki, yəqin onun belə işlər gördüyünə görə yaxşı vəzifəsi, geniş maliyyə imkanları var. Yox, yox, min dəfə yox. Nə elə böyük vəzifəsi, nə də pulu var. Onun da cibi böyük əksəriyyətimizin cibi kimidir. Sadəcə olaraq Elmanın ürəyi çox böyük, genişdir. Sumqayıtda beşmərtəbəli evin beşinci mərtəbəsində də kasıbyana, iki otaqlı mənzili var. Vəssalam! Yəni Elman da maddi durumuna görə sıradan birimizdir. Ancaq əməllərinə görə sıradan seçilən birimizdir. Yarımçıq, saxta deyil, tamdır, bütövdür, böyükdür-işi, əməli, istəyi ilə…
Bir dəfə söhbət zamanı rəhmətlik dostum Şükür Səlimxanlı dedi ki, Elmanın yaxası yardımlılara hamımızın yaxasından daha yaxındır. Bu, nə qədər dəqiqliklə deyilmiş, düzgün müşahidə və təkzib olunmaz faktdır. Bunu mən də dəfələrlə hiss etmişəm, duymuşam. Əslində Elmanla tanışlığımızın tarixçəsi elə də uzun deyil. Ancaq elə ilk gündən söz-söhbətimiz tutub, onun içindəkiləri görmüşəm, təmizliyi məni heyran edib. Başa düşmüşəm ki, Elman olmaq çətindir, çox çətin. Yenə Şükür demiş, Elman girən yükün altına heç kim girməzdi. İndi onunla tez-tez görüşürük və uzun-uzadı dərdləşirik. Nə boyda arzuları, istəkləri, Yardımlı ilə bağlı gerçəkləşdirmək istədiyi planları var. İçində o qədər nədən, nə üçün sualları var ki?.. Yardımlı nə vaxt abad olacaq, nədən su, mavi yanacaq problemi həll olunmur, nə üçün kənd yollarımız bərbad gündədir? Büsbütün sosial problemlərlə dolu rayonun sual yükünün altından çıxmaqmı olar? Təkcə bu suallardırmı onu məşğul edən? Öz-özümə düşünürəm: Həqiqətən də böyüklük, ağsaqqallıq yaşda deyil. Elman cavan da olsa böyüklüyü, ağsaqqallığı ilə seçilir, lider olmağa layiqdir…
Beləcə, son nöqtəni qoymağın vaxtı çatdı- Elman haqqında söz demək xatirinə söz demədim. Tanıdığım Elman barədə səmimi hisslərimi Sizlərlə bölüşdüm. Mən də onu belə tanıyıram…