
Təbrik edirəm!
Ömür Allahın insana verdiyi möhlət, uzun ömür isə lütfüdür. Xoşbəxt o kəslərdir ki, nəvə, sonra da nəticə toyunda iştirak edə bilirlər. Fəqət qocalığın da öz çətinlikləri olur. Bir az canın ağrayır, bir az yaddaşın korşalır, bir az gözlərin zəif görür, bir az qulaqların ağır eşidir, bir az da… Amma bütün bunlara baxmayaraq yaşamaq gözəldir, həyat isə şirin…
Respublikanın əməkdar jurnalisti Sahib Əliyevi çoxdan tanıyıram. Haradasa qohumluq əlaqələrimiz də var. Bundan əlavə xalam oğlu, rəhmətlik Höccət Kərimov bir vaxtlar onun sürücüsü işləyib. Sahib müəllim uzun illər Yardımlının ictimai-siyasi həyatında mühüm rol oynayıb, rayon qəzetinin baş redaktoru vəzifəsində çalışıb. O, həm də şairdir, neçə-neçə kitabı işıq üzü görüb. Sözlərinə bir sıra mahnılar bəstələnib. Onlardan biri, illərlə ünlü sənətkarımız Zeynəb Xanlarovanın repertuarını bəzəyib…
Yanavrın 10-u Sahib müəllimin növbəti ad günüdür, səhv etmirəmsə, 90-a iki il qalır. Onun “HƏMİN DÜNYA DEYİLSƏN” şeirini təqdim etməklə, dünya haqqında qənaətini sizinlə bölüşmək istəyirəm:
Yolların qorxu içində,
Qorxudan keçə bilmirəm.
Suların da ki, bulanıq,
Çimçəşir, içə bilmirəm.
Həmin dünya deyilsən sən,
Dəyişmisən niyə, nədən?
Gör nə hala düşüb bədən,
Artıq don biçə bilmirəm.
Bu hal səni tapdı hardan,-
Qəlbin soyuq olub qardan.
Dostu da durub əğyardan
Mən indi seçə bilmirəm.
Dumana bürünüb yazım,
Köklənibdi qəmə sazım.
Belə ömür nəyə lazım?
Xoşla da köçə bilmirəm…
Sahib Əliyevi ad günü münasibətilə təbrik edir, ona 100 il ömür arzulayıram…
…Hə, az qala unutmuşdum. O gün onunla telefonda danışanda gileyləndi ki, heç kim zəng edib hal-əhvalını soruşmur. Bir vaxtlar susmayan telefonunun bu gün səssiz qalması onu çox duyğulandırır. Gəlin bu qocaman jurnalisti, qayım-qədim şairi ad günündə sevindirməyə çalışaq: 055-948.94.09…
Hörmətlə, Elman Eldaroğlu
Oxuyun >> Gözündə tük var