
LƏTİF HƏKİMİN “ŞORCA HARAYI”
Sosial şəbəkədən çoxdandır tanıdığım, hər zaman qarşılıqlı bir-birimizin paylaşımlarına münasibət bildirdiyimiz Lətif həkimin – Lətif Hümbətovun “Şorca harayı” adlı poemasının elektron versiyasını oxuyanda onun nə qədər el-obaya, yurda bağlı olduğunun, poeziyanı çox yaxşı duyduğunun şahidi oldum. Düzdür, ara-sıra bir neçə şeirini oxusam da, bu dərəcədə gözəl poema müəllifi olduğunu etiraf edim ki, ağlıma gətirməmişdim. Lətif həkim çox təvazökar insandır. İnanıram ki, bu poema haqqında daimi ünsiyyətdə olduğu 4–5 dostundan başqa heç kimin xəbəri yoxmuş. Həkimin dostları onun kitabının çap olunmasını ondan israrla xahiş etdikdən sonra poemanın elektron versiyasını mənə göndərdi. Dönə-dönə də dedi:
– Araz bəy, əgər zəif poemadırsa xahiş edirəm düzünü deyin, heç çap etməyək, üzə çıxarmayaq.
Mən “Şorca harayı” poemasını birnəfəsə oxudum və nəticəni sevinc içində Lətif həkimə bildirərək çox əla bir əsər yazdığını dedim.
Bəzən elə poemalar görürük ki, bir neçə səhifə oxuduqdan sonra adam yorulur, əsər oxucunu özünə cəlb etmir. Məhz belə poemalar, xüsusən də məsnəvi və çarpaz şeir üslubunda yazılmış əsərlər şirin, oxunaqlı olmasa dəyərsizdir.
Doğulduğu yurdunu itirən hər kəs mütləq o yerlərə bağlı olur, yuxularını belə uşaqlıqlarının keçdiyi el-obadan, böyüdükləri evdən, həyət-bacadan görürlər. Poemanın proloqundan məlum olur ki, Lətif həkim yuxusunda Şorcaya gedir, uzun illər yaşadığı Göyçənin təbiəti yenə onu valeh edir. Uşaqlıqda qayğısız günlərini keçirdiyi kəndin cığırlarından yenə keçir, toponimləri – dağları, qayaları, dərələri, çayları, yurd yerlərini bir daha xəyalən gəzir, xatirələrə dalır, ötən illəri xatırlayır.



Poemanın süjetindən görürük ki, müəllif Keytidən, Qoturdağdan başlayaraq Çaxnaxdan, Qiblə bulağından, Ocaq təpəsindən və başqa yerlərdən keçərək bütün kəndi gəzir, qəbiristanlıqda ulu babalarını ziyarət edir. Bu yerləri gəzdikcə Lətif həkim xəyalən deyil, real olaraq Şorcasında gəzib-dolaşır, Şorcasının harayını eşidir. Şorca kəndi öz daimi sakinlərini səsləyir, onları qoynuna çağırır.
Poemada kənd sakinlərinin spesfik xarakterləri, gündəlik həyat tərzləri, yumorstik atmacaları, danəndə ağsaqqal və ağbirçəklərin hikmətli söhbətləri, ənənədən gələn mədəniyyət nümunələri haqqında dolğun bədii lövhələr var. Məhz bu detallar poemanı daha da oxunaqlı edir. Xüsusən qeyd etməliyəm ki, müəllif poemada demək olar ki, Şorcanın bütün yer-yurd adlarını çəkir. Bununla bahəm kəndin toponomik xəritəsini də getdiyi yola əsasən çəkərək kitaba daxil etmişdir.
Poema ilə eyniadlı olan kitaba müəllif mərhum dostu, hamının Məşdi kimi tanıdığı Məhərrəm Bəşirovun əziz xatirəsinə ithaf etdiyi “Məşdisiz elə bil dünya daraldı” adlı poemasını da daxil etmişdir. Bu poemada orijinal deyimlər, olmuş əhvalatlar, yaşanmış hadisələr çox peşəkarlıqla qələmə alınmışdır.
Lətif həkim özünü qətiyyən şair hesab etməsə belə mən əminəm ki, “Şorca harayı” kitabını oxuyan oxucular, xüsusən şorcalılar onu şair hesab edəcəklər. “Müəllifdən” adlı giriş yazısında Lətif Hümbətov digər nüanslarla yanaşı, nəsilləri haqqında eşidib-bildiklərini də qeyd etmiş, nəsil şəcərəsini də kitabda nəşr etdirmişdir.
Əslində kitab haqqında daha çox fikir söyləmək, yazmaq olar. Bu isə kiçik bir məqalə ilə mümkün deyil.
“Şorca harayı” kitabının müəllifi, uzun illər ata-baba yurdum Daşkənd kəndinin həkim ambulatoriyasında baş həkim işləmiş Lətif Cəfər oğlu Hümbətov haqqında hörmətli oxucalara qısa bioqrafiq məlumatı da çatdırmaq istərdim.
Lətif həkim 15 avqust 1956-cı ildə Göyçə mahalının Aşağı Şorca kəndində anadan olmuşdur. O, 1973-cü ildə qonşu Daşkənd kənd orta məktəbini bitirmiş və həmin ildə də Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olmuşdur. 1980-ci ildə institutu bitirdikdən sonra Daşkənd kənd həkim ambulatoriyasının baş həkimi işləmişdir. 1986-cı ildə Bakı şəhərində əyani aspiranturaya qəbul olmuş və 1990-cı ildə tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. 1993-cü ildən 2019-cu ilə qədər Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzində müxtəlif vəzifələrdə işləmişdir. O, həm də nümunəvi ailə başçısı, ali təhsil almış iki övladın atasıdır.
Bu il 70 yaşı tamam olan Lətif Hümbətova Uca Tanrıdan cansağlığı arzulayıram. Arzu edirəm ki, ömrünün müdriklik çağını nəvələri, ailəsi, doğmaları, dostları ilə şad-xürrəm keçirsin.
tədqiqatçı-jurnalist,
Azərbaycan Jurnalistlər Birliyinin və
Azərbaycan Aşıqlar Birliyinin üzvü
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında