Etiket arxivi: NƏRİMAN HƏSƏNZADƏ

İSTEDADLI ŞAİR, CƏSARƏTLİ REDAKTOR

İSTEDADLI ŞAİR, CƏSARƏTLİ REDAKTOR

95 illik yubileyi münasibətilə “Heydər Əliyev” ordeni ilə təltif edilən Xalq şairi Nəriman Həsənzadə müasir dövr milli ədəbiyyatımızın inkişafında, mənəvi dəyərlərin qorunmasında xüsusi xidmətləri olan görkəmli yaradıcı ziyalı kimi xalqın sevgisini qazanıb.
Mətbuatda, sosial şəbəkələrdə Xalq şairinin yubileyi münasibətilə ziyalıların, söz və qələm adamlarının silsilə yazıları bu sevginin əlamətidir. Müasir mədəniyyətə mühüm töhfələr verən Nəriman müəllim yaradıcı gənclərin inkişafında da əhəmiyyətli rol oynayıb. O cümlədən, vaxtilə mənim də yaradıcılıq yollarımda bu xeyirxah insanın izi olub. Ötən əsrin 80-ci illərinə qısa ekskurs etməklə, onun xeyirxahlığı barədə fikirlərimi hörmətli oxucularla bölüşmək istərdim.
Məlumdur ki, Nəriman Həsənzadə 1976–1990-cı illərdə dövrün ən məşhur mətbu orqanlardan olan “Ədəbiyyat və incəsənət” qəzetinin Baş redaktoru işləyib. Mən onun rəhbərlik etdiyi redaksiyanın tapşırığı ilə, populyar vokal ustası Fidan Qasımova haqqında yazdığım “Nəğməli Fidan” oçerki 1977-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olundu. Bu – mənim çap mətbuatında çıxan ilk yazım idi.
“Azərbaycanfilm”dən ayrılıb AzTeleRadio Komitəsində daimi işə keçəndən sonra, həm efir üçün, həm də mətbuat üçün müxtəlif janrlarda yazılar yazırdım. Əsasən bədii-publisitik məqalələrlə yanaşı, ən çox sevdiyim ədəbi növ satira və yumor idi. Belə ki, o dövrün bəzən məcburi konyuktur passajlarından uzaqlaşmaq üçün ən yaxşı dayanacaq yeri elə satira və yumor idi. İnsafən, sovet mətbuatında nə qədər ciddi senzura olsa da, yenə müəlliflər satirik-yumoristik yazılar yazırdı və cəsarətli redaktorlar sayəsində həm də çap etdirə bilirdi.
Beləcə, Nəriman müəllimin baş redaktor olduğu 1976-1990-cı illər arasında mən Azərbaycan Radiosu ilə yanaşı, “Ədəbiyyat və incəsənət” qəzetində də publisitik yazılar, oçerk və məqalələr, kiçik həcmli satirik-yumoristik miniatürlər, monoloqlar, parodyalar, felyetonlar, hekayələr dərc etdirirdim (Sonradan o yazıların əksəriyyətini kitablarıma daxil etdim). Bu yazıların işıq üzü görməsi üçün Radioda Mailə xanım Muradxanlıya, qəzetdə isə Nəriman Həsənzadəyə minnətdaram.
Nəriman müəllim ən azı 15-20 yazımı “Ədəbiyyat və incəsənət” qəzetində çapa imzalayıb (o dövrdə gənclərin qəzet-jurnallarda çap olunması indiki kimi asan deyildi). Yadımdadır, 1981-ci ildə mən gənclik maksimalizmi ilə qələmə aldığım çox ciddi tənqidi məqalə olan “Gülünc komediya” adlı yazımı Nəriman müəllim cəsarətlə çapa imzaladı və yazı yaradıcı insanlar, xüsusən teatrallar arasında böyük rezonansa səbəb oldu. Baş redaktor kimi bəyəndiyi yazılarımdan biri də 1983-cü ildə fenomenal hüquqşünas İkram Kərimovun fəaliyyəti barədə Mərkəzi (Moskva) mətbuatında çıxan “Xalq etibar edib, qanun ixtiyar verib” başlıqlı oçerkin tərcüməsi idi.
Bu kiçik xatirədə bütün yazılarım haqqında danışıb adlarını uzun-uzadı sadalamağa ehtiyac görmürəm. Ancaq onun özünün də ən çox xoşuna gələn bir yazım barədə xatirəmi bölüşmək istərdim.

…Bir dəfə istirahət-müalicə məkanlarından birində mən həkimlərlə söhbət edəndə, onlardan birinin şəffaf ağ xalatının döş cibinə pul basıdlığına fikir verdim. Adətən pulu belə açıq-açığına döş cibdə gəzdirməzlər və düşündüm ki, yəqin adam pulu ordan götütüb gizlətməyi unudub. Və həmin məqamda beynimdə bir süjet parladı. Axşam bu mövzuda satirik miniatür yazıb “Ədəbiyyat və İncəsənət” qəzetinə apardım. Nəriman Həsənzadə yazını götürdü və sonra oxuyub firkirni deyəcəyini bildirdi.
Aradan bir-neçə gün keçmiş dedilər yazın çıxıb qəzetdə. Təşəkkür üçün redaksiyaya getdim. Nəriman müəllim çox böyük mehribanlıqla məni qarşıladı, özünəməxsus mülayim səsilə səmimi təbrik etdi və mənim təşəkkürümə imkan vermədən, özü o yazı haqqında, onun ideyası, aktuallığı, reallığı barədə danışmağa başladı. Yazı çox xoşuna gəlmişdi. Və dediyi təriflərdən bir cümlə hələ də qulaqlarımı və zövqümü oxşamadadır; təxminən belə:
“Ay Akif, dədəmin goru haqqı, lap Mirzə Cəlil sayağı demisən e… Sözü belə deyərlər…” və s.
Biz səmimi sağollaşıb ayrıldıq.
Uzaq 1985-ci ildə Nəriman Həsənzadənin bəyənib cəsarətlə çapa verdiyi “Ağ xalat” adlı həmin satirik yazını burda hörmətli oxuculara təqdim edirəm. Və ustad qələm adamı, görkəmli şair, dramaturq, hörmətli Nəriman müəllimə Tanrıdan möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram.
***
Akif ƏLİ
AĞ XALAT
(Məzhəkə)
Bu ağ xalatı geyən yox idi.
Tərtəmiz, ağappaq, nişastalı-ütülü halda xəstəxana anbarından asılıb qalmışdı. Yırtığı-yamağı da yox idi ki, deyəsən ayıbdır deyə geymirlər.
Bu xalatı təsərrüfat müdiri xəstəxanaya təzə işə girən cavanlı-qocalı çox həkimə təklif eləmişdi. Yaxın duran yox idi. Nə təcrübəli, nə təcrübəsiz bir həkim ona sahib olmaq istəmirdi. Özləri evdən başqasını tikib gətirirdilər, amma bu hazır mala yiyə durmurdular.
Allahu-Əkbər!
Təkcə bağbanın o xalatda gözü vardı. Çünki o da bu fani dünyada bir dəfə ağ xalat geyib həkimlərə qoşulmaq istəyirdi.

Təsərrüfat müdiri bir dəfə xalatı bir yaşlı həkimə göstərdi. Həkim alıb o üz-bu üzünə baxdı və başını bulayıb geri qaytardı.
Bir ortayaşlı həkim isə bir az fikirləşəndən sonra xalatı geyinib səhər-səhər palataları gəzdi və sonra da xəstəxanada bir dövrə vurub gətirdi dinməz-söyləməz asdı yerinə. Səhərisi özünə evdən başqa xalat gətirdi.
Bir gün institutu təzə qurtarıb gəlmiş bir gənc həkim tapıldı ki, xalatı alıb dinməzcə geydi, getdi işinin dalınca. Təsərrüfat müdiri rahatca nəfəs aldı ki, şükr, bu da belə getdi. Bağbana da dedi ki, odur, axırıncısı qalmışdı, onu da verdim getdi. Bağban bikeflədi ki, bəs mənim təmiz ağ xalat geymək arzum, filan-beşməkan…
Təsərrüfat müdiri qayıtdı cavabında düşdü bunun üstünə ki, a kişi, sən ağ xalatı neynirsən? Sən hara, təmiz xalat hara? Köhnə plaşdan-zaddan tap keçirt əyninə. Ağ xalat həkimlərçündür. Həkimin nişanəsidir, adıdır, şanıdır, şərəfidir ağ xalat… Sən iki dəqiqənin içində onu ləkələyərsən, bihörmət eləyərsən…
Amma üç gündən sonra, cəmi üçcə gündən sonra, gənc həkim də gətirib dinməz-söyləməz xalatı təhvil verdi təsərrüfat müdirinə və gülümsəyə-gülümsəyə çəkilib getdi.
Paho!
– A kişi, gəl, gəl apar geyin bu xalatı, heç kim istəmir. Deyəsən sənin gözün arxasınca qalıb deyə baxtı açılmır. Apar istəyirsən ləkələ, istəyirsən çirkləndir, istəyirsən lap…
Bağban sevinə-sevinə təptəzə, ağappaq, nişastalı-ütülü xalatı əyninə keçirib yaxasını bərk-bərk düymələdi və birdən-birə mənsəbə çatmış görməmiş adamlar kimi vüqarlı görkəm alıb şəst ilə bağçada atıb gəldiyi qara şlanqa tərəf addımladı. Kişi həyəcandan əllərini də qoymağa yer tapmırdı. Çünki xalatın cibi yox idi.
Cibsiz idi bu xalat, ay səni yaradana qurban olum… Cibsiz!
Bu da belə!
(“Ədəbiyyat və İncəsənət” qəzeti, 1985)

***
Zəruri qeyd: Sonralar həmin miniatür əsasında kinossenari yazıb “Azərfbaycanfilm” kinostudiyasında “Mozalan” satirik kino-jurnalının redaksiyasına apardım. Ustad kino xadimləri Ziyafət Abbasov, Ceyhun Mirzəyev, Vaqif Mustafayev oxuyub bəyəndilər, çəkilişinə razılıq verdilər. Və görkəmli kinorejissor Vaqif Mustafayev xalatın cibləri haqqında olan o ssenari əsasında “Tərsinə” adlı çox populyar olan süjet çəkdi (bax: “Mozalan” kinojurnalı, № 121, 1987-ci il).

Mənbə: Akif Ali

Müəllif: Akif ƏLİ

AKİF ƏLİNİN YAZILARI

Digər: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

Xalq şairi Nəriman Həsənzadə təltif olunub

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev dövlət başçısının tapşırığına uyğun olaraq, mədəniyyətimizin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilmiş Xalq şairi Nəriman Həsənzadəni evində ziyarət edib və ali mükafatı ona təqdim edib. Fotolar:

Yazarlar cameəsi adından biz də Xalq şairi NƏRİMAN HƏSƏNZADƏni təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Səbinə Yusif

KİTAB HAQQINDA YAZILAR

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ŞAİR DOĞULDUĞU TORPAĞIN SƏSİDİ

ŞAİR DOĞULDUĞU TORPAĞIN SƏSİDİ

Nə vaxt doğulubsa, əsl sənətkar –
Hər xalqın şöhrəti o vaxta düşüb.
Nəriman Həsənzadə

Salam, dərdiş!
Salam, salam, dərdiş! Necəsən, Toğrul bala necədir, yoldaşın necədir, sənə qurban?…
Sevimli Nəriman müəllim!
İllərdi, sizinlə belə salamlaşıram. Bu sözü ilk dəfə iş¬lətməyim yadınızdadırmı? “Söz” jurnalının II sayı çıxa¬caqdı. I sayda təbrikinizi vermişdik. II sayda şeirləriniz gedəcəkdi. “Azərbaycan” nəşriyyatında sex rəisi Palina xanım şəklinizi görcək, “dərdişimə qurban olum, şeirləri¬mi gedir jurnalınızda?” soruşdu. “Dərdiş” sözünü ilk dəfə eşidirdim. Demə, Qazax bölgəsində ən şirin müraciət formasıymış. O zamandan bir-birimizə dərdişik.
Nərimanımüəllim!
Sevdiyim insanlar haqqında söz demək, fikirlərimi ürəyim istəyən kimi ifadə etmək mənə hər zaman çətin olub. Belə insanlardan biri, bəlkə də, birincisi sizsiniz. İllərdi, sizin haqqınızda yazmaq istəyirəm, bacarmıram. Heç bunlar da yazmaq istədiklərimin hamısı olmayacaq. Deyirlər, əsl məhəbbət şərh olunmur. Məncə, elə bu səbəbdəndir ki, fikirlərimin şərhini verə bilmirəm. Sizi tanıyan hər kəs mənim fikirlərimlə razılaşar. Mayanız bir insan və şair olaraq sadəlik və səmimiyyətdən yoğrulmuşdur. Odur ki, hamı sizinlə dost olmağa can atır. Təbii və təbli şeirləriniz dillər əzbəridir. Şəxsi tanışlığımız Mətbuat və İnformasiya Nazirliyində nazirin I müavi¬ni işlədiyiniz zaman başlayıb. Kabinetiniz sözün həqiqi mənasında xeyirxahlıq missiyasında idi. Qapınızı hər kəs ərklə açıb ürək sözünü deyə bilirdi. Adamlar arasında bir növ ünsiyyət körpüsü idiniz. Könlünüzün qapıları kimi kabinetinizin də qapıları hamının üzünə taybatay açıqdı. Bu qapını mən də ərklə açırdım. 1992-ci ilin yayı idi. İlk dəfə İran İslam Respublikasında olmuşdum. Qoca Şərqin müxtəlif şəhərlərində – Ərdəbildə, Marağada, Kərəcdə, Tehranda, ən başlıcası, görüş həsrətlə getdiyim Təbriz¬də olmuşdum. Həmin ilin mayında İran İslam Respubli¬kasından “Surə” ədəbi məclisinin şairləriylə filarmoniyada üç günlük görüş olmuşdu. Həmin görüşlərə Cənubi Azərbaycandan gələn şairlər Lefortovo zindanından yeni qayıtmış Xəlil Rza Ulutürkü və sizi dəvət etmişdilər. Unu¬dulmaz görüşlərin davamı olaraq bir qədər sonra sizi Cə¬nubi Azərbaycana dəvət etmişdilər. Tehranda xəstəxanada yatıb müalicə almışdınız. Bu məlumatları şairlərdən Atəş və Rza Paşazadəgildə qonaq olarkən öyrənmişdim. Sizi orda nə qədər sevirlər! Şimali Azərbaycandan oldu¬ğumu bilən hər kəs sizə salam yetirməyimi xahiş edirdi. Bakıya qayıdanda sizə bir dünya salam gətirmişdim və sizə çatdırmağı qərara aldım. Nazirliyə üz tutdum. Qapı¬da dedilər ki, burdadır, ancaq məşğuldur, heç kəsi qəbul etməyəcək. Bir az tutuldum. Dedim ki, iranlı dostların¬dan ona çatası xəbər gətirmişəm. Köməkçiniz sifarişimi çatdıran kimi qapını açıb məni qarşıladınız. Söhbətimiz elə səmimi alındı, sanki illərin tanışı, dostuyduq. Evə qa¬yıdanda üzümdə səmimi bir təbəssüm vardı…
Nəriman müəllim!
Həmin ilin sonunda Prezident Administrasiyasında Şəkər Aslan üçün jurnal açmağı nəzərdə tutmuşdular. Biz sizin və Ədliyyə Nazirliyinin qeydiyyatindan keçdik. Şəkər Aslanın müavini olaraq Bakıda bütün işləri mən yerinə yetirirdim. Məni “Şəkər Aslanın Bakıdakı müşavi¬ri” adlandırırdınız. Respublikada ən çətin dövr idi. Mət¬buat sahəsində xüsusilə. Xalq şairi Sabir Rüstəmxanlı nazirimiz olsa da, ən çox sizi narahat edirdim. Günlərin birində dediniz ki, “Azərbaycan” nəşriyyatinın direktoru Şəddat Cəfərov canlara dəyən oğlandır (“oğlan” sözünü özünüz haqqında danışanda da deyirsiniz. Yəqin ki, uşaq kimi saflığınızdan irəli gəlir), işbacarandır. Çox maraqlı bir devizi var: “İşi görmək istəyən adam vasitə axtarar, görmək istəməyən bəhanə”. Elə bir növ sən də o xarak¬terdəsən. Jurnalı ərsəyə gətirmək üçün döymədiyin qapı qalmayıb. Onun lüğətində “bilmirəm, mümkün deyil” sözləri yoxdur. Nə problemin olsa, onunla məsləhət¬ləş… Adamı xoş sözlərlə elə tərifləyirsiniz, az qala adam öz istedadına, yüksək peşəkarlığına inanır. Dediklərinizi məsuliyyət kimi qarşılayardım. Təriflərinizə layiq olmağa çalışardım. Təəssüf ki, Şəkər Aslanın “Söz” jurnalına re¬daktorluğu heç üç il də çəkmədi. Vəfatından sonra yubi¬leyini keçirdik. Bakıdan gələn qonaqlar arasında – bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, Milli Siyasət Məsələləri üzrə Dövlət müşaviri Hidayət Orucov, Yazıçı¬lar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq artisti Canəli Əkbərov, professor Gülrux Əlibəyli və siz də var idiniz. O zaman Mətbuat və İnformasiya nazirini əvəz edirdiniz. Şəkər Aslana həsr etdiyiniz “Söz” adlı heykəl” şeirinizlə yubilyarsız məclisə xüsusi ovqat gətirdiniz.
Yubileyin ertəsi günü Şəkər Aslanın məzarı üstünə getdik. Şeiri orda da oxudunuz.
Nəriman müəllim!
Şəkər Aslanın AJB-nin Natəvan klubunda keçirilən 80 illik yubileyinə vaxtından tez gəlmişdiniz. Yubilyar haqqında xoş xatirələriniz öz yerində, məni də xeyli tərif¬lədiniz. İctimai Televiziyaya verdiyiniz müsahibədə söy-lədiniz ki, Şəkər Aslan xoşbəxt şair ömrünü vəfatından sonra yaşayır. Şeirləri dərc olunur, mahnıları səsləndiri¬lir, yubileyləri, xatirə gecələri keçirilir. Bütün bunlar “qız qardaşı” dediyi Sevda Əlibəylinin səyi, ustadına sədaqəti sayəsində ərsəyə gəlir.
Çox sağ olun, Nəriman müəllim!
Bu sözləri şairin vəfatından sonra Lənkəran Dövlət Dram Teatrında keçirilən 60 illik yubileyində də söylə¬mişdiniz. Tərifli sözlərinizi məsuliyyət kimi qəbul edirəm.
Sevimli Nəriman müəllim!
“Dünyada ən böyük itki qadındı” deyirsiniz. Bu itkini həyat sizə iki dəfə yaşadıb. Oğul çörəyini yeməyə macal tapmamış dünyasını dəyişən Nabat ananın itkisi sizi hər¬bi xidmətdən qaçmağa məcbur edib. Nabat ana – əlinin zəhməti, qazancı – ətirli buğda çörəyi. “Xanım ikən, bir xanımlıq görmədin sən, xanım anam” deyən şair oğul o çörək ətrini, dadı, ləzzəti “Nabat xalanın çörəyi”ndə bizə sevdirdi. Hərbi xidmətdən qaçdığınıza görə sizi hərbi tri¬bunala vermək istəyirlər. Bunu eşidən sevilən şairlərimiz Rəsul Rzayla Nigar Rəfibəyli generala ağız açıb sizi bu cə¬zadan xilas ediblər. Siz də bu yaxşılığı bu günə kimi unutmursunuz, şeirlərinizdə də əbədiləşdirmisiniz.
Həyatda elə məhəbbətlər var ki, nağıllarda, dastan¬larda əbədiləşib. Elə nağıllar, dastanlar var ki, həqiqətdir.

Bir qadın ömrünü girov qoymuşam,
Bir şair ömrünü yaşatmaq üçün, –

deyən Nəriman-Sara dastanı. Biz bu qəhrəmanların müasiri olduğumuza görə bunlar bizim üçün həqiqətdir. Amma gələn yüzillərin, gə¬ləcək zamanların oxucuları üçün oxu¬duqları əfsanəvi sevgi-məhəbbət dastanı olacağına şübhəmiz yoxdur. Yarımçıq qalan Saralı ömür əbədi mövzunuzdur.

Mənim nigahımı pozdu təbiət,
Köklədi simləri xeyir-şər üstə.
Sənə – məzar boyda yeraltı zülmət,
Qurulu ev qoydu mənə yer üstə.

Həyatınızın ağrı-acıları nə qədər çox olsa da, qarşınıza çıxan xeyirxahları bu gün də məhəbbətlə anırsınız.

Atam – ata deyənəcən köçdü dünyadan,
Mir Cəlala rast gətirdi Tanrım sonradan.
Mənə Püstə xanımı da verdi Yaradan,
Biri atam, biri anam əvəzi oldu.
Taleyimin bu, ən böyük töhfəsi oldu…

Yaradıcılığınızdan söz açmaq mənim hünərim deyil. Kifayət qədər yazılıb, zaman-zaman da yazılacaq. “Kimin sualı var?” poemanızın başına oyunlar açılıb. İllər sonra o dövrə qayıdırsınız:

“…Kimin sualı var?” – yazmışdım o vaxt,
Cavabı özümdən istəyirdilər…
…Onda Səməd Vurğun daha yox idi,
Nizami Cəfərov gənc idi hələ.

Pafoslu, gəlişigözəl sözlərdən uzağam. Amma “Nəri¬man Həsənzadə vətəndaş şairdir” deməyə məcburam. “Zümrüd quşu” poemanıza orta məktəbdə oxuyarkən televiziyada baxmışam. Efirdə kadrda özünüz idiniz, səsiniz isə kadrarxası. Poemada tarixə şair səyahəti edərək Təbrizin tarixi şöhrətini varaqlayırdınız. Unudulmaz şa¬irimiz Məmməd Araz poema haqqında fikirlərini belə şərh edib: “Zümrüd quşu” əslində bu gözəl diyarın bütün əzəmətini rənglərlə əks etdirən bir xəritə idi. Puşkin üçün bundan gözəl hədiyyə ola bilməzdi. Sonralar Puşkin bu xəritədə öz yolunu axtarıb tapacaq, o yolla yanaşı gedən Abbasqulu ağa, Mirzə Fətəli Axundov yoluna baxdıqca kövrələcək, Fazil xanla üz-üzə gəldiyi gədiyi axtaracaq. Ömrü boyu otağından cənub baharı əskik olmayacaqdı. Poemada şair adi bir seyrçi səyyah kimi deyil, Puşkinin Qafqaz dövrünün şahidi kimi danışır”.
“Atabəylər”lə haraları gəzmədiniz?! Roma sərkərdə¬si Pompeyi qədim Roma¬dan Qafqaza gətirdiniz. “Bütün Şərq bilsin” pyesiniz Mayakovski adına Moskva Dövlət Akademik Dram Teatrında tamaşaya qoyulanda bütün millətimiz qürur hissi keçirməyə haqlıydı. “Nuru Paşa” poemanız Azərbaycan tarixinin daha bir faciəvi döv¬rünün əksidir. Muşfiqin mənəvi övladı olaraq tarı daha yüksəkliklərə qaldırdınız.
Nəriman müəllim!
Şeirləriniz öz taleyi olan poeziyadır. Sanki oxucuyla oturub taleyinizdən söhbət açırsınız:

Gəncə mənim ilk məhəbbət beşiyim oldu.
Soruşmayın, tələbə qız onda kim oldu?
Bəlkə mənim alın yazım, taleyim oldu?
O qızlara dediyini mənə demirdi,
Can verirdim, canıyanmış can istəmirdi.

Dünyaya göz açdığınız Poylu haqqında poemanı yazdığınız günlər elə bil dünən idi. Poemanın yazılış ta¬rixinə baxanda görürəm, aradan düz on beş il keçib. Siz demişkən: çəkib necə tez apardı illər illəri… Hamımızın sevimlisi, sizin “xüsusi arxiviniz” Aliyə Qabilqızına diqtə edirdiniz. Eyni otaqda xeyli aralı əyləşmişdik. Mən Aliyə xanıma verəcəyim yazılara düzəliş edirdim. Amma fikrim sizin misralarda idi. Axırı dözmədim: – Dərdiş, bu poema “Heydərbabaya salam” ləzzətindəndir ki!… – söylədim.
Ürəyinizcə oldu. “Poylu – beşiyim mənim” poemasını kitab şəklində mənə bağışlayanda gözlədiyim kitab idi. Mübaliğə olmasın, poemadan bütün poyluları tanıyıram.
Səməd Vurğunun bir növ vəsiyyətini də unutmursu¬nuz:

Səməd Vurğun hər sözünü üzə şax dedi,
“Qarayazı… Kürqırağı… od-ocaq…” dedi.
“Sizi bir də hansı şair yazacaq?” – dedi.
Saçlarına tumar çəkdi öz adətilə,
Zəmanət də yazdı mənə ustad əlilə.

Aliyə xanımı da ürəkgenişliyinizlə əzizləyib tarixə salmısınız:

-Yaz, Aliyə, mən dedikcə, kompüterdə yaz,
Nə yaxşı ki, zövq əhlisən, üstəlik həssas.
“Mənim Poylu beşiyim”dən deyirsən olmaz.
Mən nə deyim safürəklə deyilən sözə,
Ürəyimdən neçə bəndi çıxardın üzə.

-“Cavid”, “Nəriman”, “Midiya”, “Qaçaq Kərəm”, “Qafqaz”… Ümumiyyətlə, bütün yaradıcılığınızda Azər¬baycanın tarixi həqiqətlərini bədii salnaməyə çevirmisiniz. Tehranda dalğalanan Azərbaycan bayrağını yüksək şövqlə vəsf edirsiniz.
Ölkəmızın Prezidenti İlham Əliyevin bağışladığı Təb¬riz küçəsindəki mənzildə yaşayırsınız. Telefon zənglə¬rinə “Hardasınız, Nəriman müəllim?” sualına “Təbriz¬dəyəm!” cavabını verirsiniz. Taleyin nə xoş qismət!
Nəriman müəllim!
İstiqanlı, mülayim xasiyyətnizə görə hamı sizinlə dostluğa can atır. Siz isə saysız dost-tanışlarınızın arasın¬da Musa Quluzadə (Azərbaycan Respublikasının Prezi¬dent yanında Dövlət İdarəçilik Akademiyasının profes-soru) və İbrahim Quliyevlə (Milli Aviasiya Akademiya¬sının professoru) dostluq, yoldaşlıq edirsiniz. Xeyir-şər məclislərində, tədbirlərdə birgə iştrak edirsiniz. Hər gün görüşməsəniz də, zəngləşib hal-əhval tutmasanız, heç biriniz rahatlıq tapmazsınız.
Əziz Nəriman müəllim!
Şeirlərinizə yüzlərcə mahnı bəstələnib. 1979-cu ildə ADU-nun (BDU) Jurnalistka fakültəsinə imtahan verir¬dim. Fakültənin qaydalarına əsasən iki yaradıcılıq imta¬hanı verməliydik. Yazılı müsabiqədən keçmişdik. Şifahi müsabiqəyə yeni tanış olduğumuz qızlarla ağac kölgə¬sində yığışıb sual-cavab edirdik. Qızlardan biri dedi:
Birdən münsiflər mahnı oxumağımızı istədilər, nə oxuyarıq?
Mən “Telefon telində səslədim səni…” mahnısını su¬ala cavab verirmiş kimi zümzümə etdim. Başqa birisi “Ay sevgilim, çağır məni”, biri “Dünyanın xoşbəxt mənəm dünyada”, o biri “Gül bir az”, “Fikir eləmə”… mahnıları¬nı oxudu. Şeir və musiqinin vəhdətindən doğan xoş bir aura yarandı aramızda. Müsabiqə, imtahan qorxusu artıq bizi tərk etmişdi. Mahnıların sözlərinə gələndə bütün şeirlərin məhz bir müəllifə – Nəriman Həsənzadəyə aid olduğunu bildik. Bu mahnılar indi də oxunur. O illərdə isə dillər əzbəri idi…
O illərdə əmək qəhrəmanlarına da mahnılar qoşulurdu. Respublikanın I katibi Heydər Əliyev kənd əməkçilə¬ri illik planları vaxtindan əvvəl yerinə yetrəndə rayon¬lara gedər, əməkçilərlə iş başında görüşərdı. Görüşlərə ədəbiyyat və incəsənət adamlarını da aparardı. İllərin birində Bərdəyə – respublikada ən çox pambıq toplayan Tərlan Musayevanın görüşünə getmişdi. Həmin görüşdə siz də var idiniz. Ulu Öndər Tərlana şeir həsr edilməsini, mahnı yazılmasın tapşırdı. Mahnını sözlərini siz yazdınız. Mahnı tezliklə dillərə düşdü, məşhurlaşdı. Sözləri indi də yadımdadır:
Maral dedi bir qardaşım, sənə Tərlan,
Maral kimi boylandın sən cərgələrin arasından…
Mahniyla bağlı bir məqam: 1998-ci ildə Tərlan Musa¬yeva ilə müsahibə yazırdım. O zaman Tərlan xanım Milli Məclisin deputat idi. Suallarımdan biri belə oldu:

-“Tərlan” mahnısını sonuncu dəfə nə vaxt eşıtmisiniz?
Kövrəldi… gözləri doldu:

-On ildən çoxdur… – dedi.
Həmişə Ulu Öndərə minnətdar olduğunu bildirdi, sizi məhəbbətlə xatırladı.
Əzizim dərdiş!
Nəinki doğma yurdumuzda, dünyanın bir sıra ölkələ¬rində müxtəlif ödüllərə, mükafatlara layiq görülmüsünüz. Əməkdar incəsənət xadimi, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli Xalq şairisiniz, Milli Aviasiya Akademi-yasının professorusunuz. Mir Cəlal ocağının yadigarı aka¬demik Arif Paşayevlə birgə çalışırsınız. Mir Cəlal müəl¬limdən görüb-götürdüyünüz qayğıkeşliyi, humanizmi tələbələrinizlə payla¬şırsınız. Müxtəlif ölkələrin akademi¬yalarının müxbir üzvü, fəxri akademikisiniz. Ötən yubi¬leyiniz dünyanın çox yerində, hətta okeanın o tayında – Nyu-Yorkda qeyd olundu. Yüz yaşınızda da bu sevincləri yaşayasınız. Amin!
Nəriman müəllim!
Qarabağsız qaldığımız illərdə çox yazılar, şeirlər, poe¬malar… yazmısınız.

Şuşa qədim bir millətin Şuşasıdı,
Pənah xanın, Xan əminin Şuşasıdı.
Xarı bülbül
gül dilində oxuyurmu? – orda gülü gül duyurmu?!

Şuşa, bütövlükdə Qarabağ işğaldan azad olunduqdan sonra qələminizi nikbin notlara kökləyib yeni şeirlər, po¬emalar yazdınız. Tarix boyu çox “Qarabağnamə”lər ya¬zılıb. Sizin isə “Qarabağnamə”m İlhamdır!” deməyiniz hamımızın ürəyincədir:

Bu gün mənim
şeirim,
sözüm,
hecam,
qafiyəm
İlhamdır!

“Qarabağ Azərbaycandır!” “Qarabağnamə”m İlhamdır!
Poemanı Əməkdar İncəsənət xadimi, istedadlı rejis¬sor və qələm adamı Ağalar İdrisoğlu səhnələşdirib, Gənc Tamaşaçılar Teatrında tamaşaya hazırlayır.
Nəriman müəllim!
Ana televiziyamızın yaddaşında Şuşanın bəxtəvər günlərilə bağlı bir lent yazısı var – Şuşada Molla Pənah Vaqifin məqbərəsi açılır. Əvvəllər də göstərərdilər. Qələ¬bədən sonra daha tez-tez göstərirlər. Şuşaya qar yağır. Siz şeir oxuyursunuz. Yaxşı ki, lent yazılarının ömrü in¬san ömründən etbarlıdır. Azərbaycanın tanınmış ədə¬biyyat, incəsənət, elm adamları, ictmai-siyasi xadimlər Ulu Öndər Heydər Əliyevin ətrafinda tarixi bir gün yaşa¬yırlar. Yaxın aylara kimi o lent yazısına baxanda ürəyimə qar yağırdı. İndi isə fateh sərkərdə İlham Əliyevin de¬diyi “Şuşasız Azərbaycan yoxdur. Biz səni dirçəldəcəyik!” sözləri ürəyimizə rahatlıq gətirir.
Ordakı iştrakçıların xatirələrindən öyrənmişəm ki, tədbirdə İlham Əliyev də iştirak edirmiş. O günləri yeni¬dən yaşamaq üçün İlham Əliyev cənabları Vaqif poeziya günləri və muğam, Xarıbülbül festvalları keçirmək üçün tapşırıq verib. Yeni şeirlərinizlə ruhumuzu oxşayacağını¬za əminik.
Sevimli Nəriman müəllim!
Dünya haqqında nə qədər sözlər deyilib: yalan dün¬ya, yaman dünya, fani dünya… Amma dünyaya nərdivan deyən olmayıb. Dünya haqqında dillər əzbəri olan bu müdrik fikri siz gətirdiniz poeziyamıza.

Bu dünya nərdivandı,
Qalxanda mehribandı,
Enəndə nə yamandı…

Heç zaman enməyin pillələrdən. Mehribancasına qalxın. Zirvədə yüzə çatın. Bizi də arxanızca aparın. Hər zaman deyirsiniz ki, yaş sənədlərdə bilinir. Ürəkdə, yara¬dıcılıqda bilinmir. Yaşınızdan söz açmağa nə lüzum?! On¬suz da hər kəs sizi öz yaşıdı bilir. Yaradıcılığınızı izlədikcə görürük ki, ürəyiniz elə əvvəlki sevdasındadır.

Müəllif: Sevda ƏLİBƏYLİ,

“SÖZ” Jurnalının baş redaktoru.

SEVDA ƏLİBƏYLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“100 ilin İmzası” kitabının təqdimat mərasimi olub

Bu gün Azərbaycan Yazıçılar Birliyində şair- jurnalist , Prezident mükafatçısı, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin  sədri Gülşən Behbudun  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə  həsr edilmiş    
“100 ilin İmzası”  kitabının təqdimat mərasimi olub.

Mərasimdə tarixçi – alim Cəbi Bəhramov ,  tarixçi politoloq Dünyamalı Pənahov, siyasi icmalçı İlyas Hüseynov,  Sahibkar Qadınlar İctimai  birliyinin sədri Zenfira Ağayeva,tanınmış sahibkar, xeyriyyəçi  iş  xanımı Xuraman Muradova,  Ziyalı qadınlar  İctimai  Birliyinin  sədri Zəhra Quliyeva ,Alban-udi dini icmasının  rəhbəri Robert Mobili, /vetenim-azerbaycandir.az/ -ın baş redaktoru Kamran Orucovvə bir çox ziyalılar,  gənclər, jurnalistlər, ictimai xadimlər, QHT rəhbərlər iştirak edib.

“Yazarlar” jurnalının baş redaktoru, şair-publisist Zaur Ustac   “100 ilin İmzası”adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə  Gülşən Behbuda yazarlar camesi adından hər müəllifə yalnız bir dəfə veilən “Ziyadar” mükafatını təqdim edib.

Sonda müəllif kitabları imzalayıb, xatirə şəkilləri çəkdirilib.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ZAUR USTACIN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru