Etiket arxivi: Xatirələr

“Biz Vətənimizi, millətimizi və dilimizi sevirik! V.İ.Lenin”

Bəxtiyar Vahabzadə xatirələrində yazır:

“Xalq şairi Səməd Vurğun xəstəxanada idi. Bir dəfə Yusiflə birlikdə onun yanına getmişdik. Ordan-burdan danışandan, hal-əhval tutandan sonra üzünü mənə tutub soruşdu ki, Bəxtiyar, yaradıcılıqda nə yenilik var? Təzə nə yazmısan?
Yusif Səmədoğlu dedi ki, ata, Bəxtiyar bir gözəl şeir yazıb, amma qəzetlər dərc eləmir. Deyirlər ki, millətçi şeirdir.
Səməd Vurğun soruşdu ki, şeir buradadırmı? Mən cibimdən şeir yazılmış vərəqi çıxardıb ona verdim.
Səməd Vurğun şeiri diqqətlə oxudu. Sonra qələmini götürüb həmin vərəqdə şeirin adı ilə birinci bəndin birinci misrası arasındakı boş yerdə — epiqraf, ithaf yerində öz əli ilə yazdı:
“Biz Vətənimizi, millətimizi və dilimizi sevirik!
V.İ.Lenin”

Üzünü yenə mənə tutdu:

-Sabah aparıb verərsən “Kommunist” qəzetinə…
Mən də onun dediyi kimi etdim”.
Bir gün sonra Bəxtiyar Vahabzadənin məşhur “Ana dili” şeiri Azərbaycan SSR-nin bir nömrəli qəzeti sayılan “Kommunist” qəzetinin ilk səhifəsində dərc olunur…

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Nəbi Xəzri və Alim Keşokov

Nəbi Xəzri və Alim Keşokov

Nəbi Xəzri Kabardin Balkar muxtar respublikasının xalq şairi Alim Keşokovla da dost idi. 1964-cü ildən 1970-ci ilədək yayın əvvəlində ailəsiylə Nalçik şəhərində dincələndə mütləq bu iki şairin görüşləri və mehriban ünsiyyəti olurdu. 1966-cı ildə Nəbi müəllim Nalçikdə olanda ailəsini maşınına mindirib gölün sahilinə dincəlməyə gəlir. Gölün sahilinədək maşını sürür, “giriş qadağandır” işarəsi olmasına baxmayaraq. Bu zaman dövlət avtomobil müfəttişi (indiki yol patrul xidməti) Nəbi müəllimə yaxınlaşıb əli ilə təzim edərək özünü təqdim edir və deyir:
-Vətəndaş sürücü, girişi qadağan edən işarənin tələblərini pozmusuz, xahiş edirəm, sənədlərinizi təqdim edin. Baxacağıq vəziyyətə, ya talonda deşik açacağıq, ya cərimə edəcəyik, ya da maşınınızı cərimə meydançasına aparacağıq.
Nəbi müəllim QAZ-21-in texniki pasportunu və sürücülük vəsiqəsini milis işçisinə təqdim edir. Milis serjantı sürücülük vəsiqəsinə baxan kimi, diksinir, özünü yığışdırır və orada yazılanları səsilə oxuyur:
– Babayev Nəbi Xəzri Ələkbər oğlu, siz bizim daxili işlər naziri Sultan Babayevin qohumusuz?
Nəbi müəllim ani olaraq fikrə vetdi və dedi:
-Bəli qohumuq.
Serjant sənədləri qaytardı, sağ əli ilə təzim etdi və dedi:
-Bağışlayın narahat etdim, dincəlin.
Həmin gün axşam Nəbi müəllim evə gələn kimi Alim Keşokova zəng edir və deyir:
-Alim, axşamın xeyir, bu gün ailəmlə gölün sahilinə getdim, milis işçisi yaxınlaşıb sənədlərimi istədi, işarənin tələbini pozmuşdum, sənədə baxan kimi soruşdu ki, bizim nazirlə qohumsuz, mən də məcbur olub təsdiq etdim, çünki ailəmləydim, ehtiyat elədim ki birdən maşını meydançaya apararlar. Yalandan nazirin qohumu olduğumu demək də yaxşı düşmədi. Çox utanıram. Lazımdısa sabah cəriməni ödəyə bilərəm.
Alim Keşokov güldü və dedi:
-Nəbi, narahat olma, Sultan Babayev mənim yaxın dostumdur, sabah səhər bir rusca çap olunmuş kitabından götür, gəl mənim dalımca gedək onun yanına, sizi tanış edim, şer sevəndir generalımız.
Səhəri gün Nəbi Xəzri kitabını götürdü, maşınına oturub Alim Keşokovun dalınca getdi, onlar görüşdülər və KB MR Daxili İşlər naziri milis general mayoru Sultan Babayevin yanına getdilər. General şairləri heç gözlətmədi, tez bir vaxtda qəbul etdi. Alim Keşokov zarafatla söhbətə başladı:
-Sultan, bu qardaş mənim azərbaycanlı dostum, tanınmış şair Nəbi Xəzridir, səninlə də soydaşdır, Babayevdir, gəlib sənə kitabını bağışlasın və dünənki qayda pozğuntusunun cəriməsini versin deyib gülür. General soruşur:
– Tanışlığıma çox şadam. Nolub ki?
Nəbi müəllim dünənki hadisəni danışır. General Babayev cavabında deyir
-Lap düz eləmisiz, bu gündən etibarən, sizi Kabardin Balkar muxtar respublikasının ərazisində haçan “qaişnik”lər saxlasa deyin ki, Sultan Babayevin qohumuyam, kitabınıza görə də minnətdaram, Alim, sən də çox sağ ol ki, Azərbaycan şairi ilə məni tanış etdin.
Mən bu tarixçəni yaza yaza fikrə gedirəm və düşünürəm, ilahi köhnə kişilərdə necə də dəyərlərə hörmət var idi.
Nəbi müəllimin şəklinin yanındakı Kabardin Balkar muxtar respublikasının xalq şairi Alim Keşokovdur, ruhları şad olsun.

Mənbə: Arzu Babayev

SƏMƏD VURĞUNUN YAZILARI

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

NƏBİ XƏZRİNİN ŞEİRLƏRİ

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İSTEDADLI ŞAİR, CƏSARƏTLİ REDAKTOR

İSTEDADLI ŞAİR, CƏSARƏTLİ REDAKTOR

95 illik yubileyi münasibətilə “Heydər Əliyev” ordeni ilə təltif edilən Xalq şairi Nəriman Həsənzadə müasir dövr milli ədəbiyyatımızın inkişafında, mənəvi dəyərlərin qorunmasında xüsusi xidmətləri olan görkəmli yaradıcı ziyalı kimi xalqın sevgisini qazanıb.
Mətbuatda, sosial şəbəkələrdə Xalq şairinin yubileyi münasibətilə ziyalıların, söz və qələm adamlarının silsilə yazıları bu sevginin əlamətidir. Müasir mədəniyyətə mühüm töhfələr verən Nəriman müəllim yaradıcı gənclərin inkişafında da əhəmiyyətli rol oynayıb. O cümlədən, vaxtilə mənim də yaradıcılıq yollarımda bu xeyirxah insanın izi olub. Ötən əsrin 80-ci illərinə qısa ekskurs etməklə, onun xeyirxahlığı barədə fikirlərimi hörmətli oxucularla bölüşmək istərdim.
Məlumdur ki, Nəriman Həsənzadə 1976–1990-cı illərdə dövrün ən məşhur mətbu orqanlardan olan “Ədəbiyyat və incəsənət” qəzetinin Baş redaktoru işləyib. Mən onun rəhbərlik etdiyi redaksiyanın tapşırığı ilə, populyar vokal ustası Fidan Qasımova haqqında yazdığım “Nəğməli Fidan” oçerki 1977-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olundu. Bu – mənim çap mətbuatında çıxan ilk yazım idi.
“Azərbaycanfilm”dən ayrılıb AzTeleRadio Komitəsində daimi işə keçəndən sonra, həm efir üçün, həm də mətbuat üçün müxtəlif janrlarda yazılar yazırdım. Əsasən bədii-publisitik məqalələrlə yanaşı, ən çox sevdiyim ədəbi növ satira və yumor idi. Belə ki, o dövrün bəzən məcburi konyuktur passajlarından uzaqlaşmaq üçün ən yaxşı dayanacaq yeri elə satira və yumor idi. İnsafən, sovet mətbuatında nə qədər ciddi senzura olsa da, yenə müəlliflər satirik-yumoristik yazılar yazırdı və cəsarətli redaktorlar sayəsində həm də çap etdirə bilirdi.
Beləcə, Nəriman müəllimin baş redaktor olduğu 1976-1990-cı illər arasında mən Azərbaycan Radiosu ilə yanaşı, “Ədəbiyyat və incəsənət” qəzetində də publisitik yazılar, oçerk və məqalələr, kiçik həcmli satirik-yumoristik miniatürlər, monoloqlar, parodyalar, felyetonlar, hekayələr dərc etdirirdim (Sonradan o yazıların əksəriyyətini kitablarıma daxil etdim). Bu yazıların işıq üzü görməsi üçün Radioda Mailə xanım Muradxanlıya, qəzetdə isə Nəriman Həsənzadəyə minnətdaram.
Nəriman müəllim ən azı 15-20 yazımı “Ədəbiyyat və incəsənət” qəzetində çapa imzalayıb (o dövrdə gənclərin qəzet-jurnallarda çap olunması indiki kimi asan deyildi). Yadımdadır, 1981-ci ildə mən gənclik maksimalizmi ilə qələmə aldığım çox ciddi tənqidi məqalə olan “Gülünc komediya” adlı yazımı Nəriman müəllim cəsarətlə çapa imzaladı və yazı yaradıcı insanlar, xüsusən teatrallar arasında böyük rezonansa səbəb oldu. Baş redaktor kimi bəyəndiyi yazılarımdan biri də 1983-cü ildə fenomenal hüquqşünas İkram Kərimovun fəaliyyəti barədə Mərkəzi (Moskva) mətbuatında çıxan “Xalq etibar edib, qanun ixtiyar verib” başlıqlı oçerkin tərcüməsi idi.
Bu kiçik xatirədə bütün yazılarım haqqında danışıb adlarını uzun-uzadı sadalamağa ehtiyac görmürəm. Ancaq onun özünün də ən çox xoşuna gələn bir yazım barədə xatirəmi bölüşmək istərdim.

…Bir dəfə istirahət-müalicə məkanlarından birində mən həkimlərlə söhbət edəndə, onlardan birinin şəffaf ağ xalatının döş cibinə pul basıdlığına fikir verdim. Adətən pulu belə açıq-açığına döş cibdə gəzdirməzlər və düşündüm ki, yəqin adam pulu ordan götütüb gizlətməyi unudub. Və həmin məqamda beynimdə bir süjet parladı. Axşam bu mövzuda satirik miniatür yazıb “Ədəbiyyat və İncəsənət” qəzetinə apardım. Nəriman Həsənzadə yazını götürdü və sonra oxuyub firkirni deyəcəyini bildirdi.
Aradan bir-neçə gün keçmiş dedilər yazın çıxıb qəzetdə. Təşəkkür üçün redaksiyaya getdim. Nəriman müəllim çox böyük mehribanlıqla məni qarşıladı, özünəməxsus mülayim səsilə səmimi təbrik etdi və mənim təşəkkürümə imkan vermədən, özü o yazı haqqında, onun ideyası, aktuallığı, reallığı barədə danışmağa başladı. Yazı çox xoşuna gəlmişdi. Və dediyi təriflərdən bir cümlə hələ də qulaqlarımı və zövqümü oxşamadadır; təxminən belə:
“Ay Akif, dədəmin goru haqqı, lap Mirzə Cəlil sayağı demisən e… Sözü belə deyərlər…” və s.
Biz səmimi sağollaşıb ayrıldıq.
Uzaq 1985-ci ildə Nəriman Həsənzadənin bəyənib cəsarətlə çapa verdiyi “Ağ xalat” adlı həmin satirik yazını burda hörmətli oxuculara təqdim edirəm. Və ustad qələm adamı, görkəmli şair, dramaturq, hörmətli Nəriman müəllimə Tanrıdan möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram.
***
Akif ƏLİ
AĞ XALAT
(Məzhəkə)
Bu ağ xalatı geyən yox idi.
Tərtəmiz, ağappaq, nişastalı-ütülü halda xəstəxana anbarından asılıb qalmışdı. Yırtığı-yamağı da yox idi ki, deyəsən ayıbdır deyə geymirlər.
Bu xalatı təsərrüfat müdiri xəstəxanaya təzə işə girən cavanlı-qocalı çox həkimə təklif eləmişdi. Yaxın duran yox idi. Nə təcrübəli, nə təcrübəsiz bir həkim ona sahib olmaq istəmirdi. Özləri evdən başqasını tikib gətirirdilər, amma bu hazır mala yiyə durmurdular.
Allahu-Əkbər!
Təkcə bağbanın o xalatda gözü vardı. Çünki o da bu fani dünyada bir dəfə ağ xalat geyib həkimlərə qoşulmaq istəyirdi.

Təsərrüfat müdiri bir dəfə xalatı bir yaşlı həkimə göstərdi. Həkim alıb o üz-bu üzünə baxdı və başını bulayıb geri qaytardı.
Bir ortayaşlı həkim isə bir az fikirləşəndən sonra xalatı geyinib səhər-səhər palataları gəzdi və sonra da xəstəxanada bir dövrə vurub gətirdi dinməz-söyləməz asdı yerinə. Səhərisi özünə evdən başqa xalat gətirdi.
Bir gün institutu təzə qurtarıb gəlmiş bir gənc həkim tapıldı ki, xalatı alıb dinməzcə geydi, getdi işinin dalınca. Təsərrüfat müdiri rahatca nəfəs aldı ki, şükr, bu da belə getdi. Bağbana da dedi ki, odur, axırıncısı qalmışdı, onu da verdim getdi. Bağban bikeflədi ki, bəs mənim təmiz ağ xalat geymək arzum, filan-beşməkan…
Təsərrüfat müdiri qayıtdı cavabında düşdü bunun üstünə ki, a kişi, sən ağ xalatı neynirsən? Sən hara, təmiz xalat hara? Köhnə plaşdan-zaddan tap keçirt əyninə. Ağ xalat həkimlərçündür. Həkimin nişanəsidir, adıdır, şanıdır, şərəfidir ağ xalat… Sən iki dəqiqənin içində onu ləkələyərsən, bihörmət eləyərsən…
Amma üç gündən sonra, cəmi üçcə gündən sonra, gənc həkim də gətirib dinməz-söyləməz xalatı təhvil verdi təsərrüfat müdirinə və gülümsəyə-gülümsəyə çəkilib getdi.
Paho!
– A kişi, gəl, gəl apar geyin bu xalatı, heç kim istəmir. Deyəsən sənin gözün arxasınca qalıb deyə baxtı açılmır. Apar istəyirsən ləkələ, istəyirsən çirkləndir, istəyirsən lap…
Bağban sevinə-sevinə təptəzə, ağappaq, nişastalı-ütülü xalatı əyninə keçirib yaxasını bərk-bərk düymələdi və birdən-birə mənsəbə çatmış görməmiş adamlar kimi vüqarlı görkəm alıb şəst ilə bağçada atıb gəldiyi qara şlanqa tərəf addımladı. Kişi həyəcandan əllərini də qoymağa yer tapmırdı. Çünki xalatın cibi yox idi.
Cibsiz idi bu xalat, ay səni yaradana qurban olum… Cibsiz!
Bu da belə!
(“Ədəbiyyat və İncəsənət” qəzeti, 1985)

***
Zəruri qeyd: Sonralar həmin miniatür əsasında kinossenari yazıb “Azərfbaycanfilm” kinostudiyasında “Mozalan” satirik kino-jurnalının redaksiyasına apardım. Ustad kino xadimləri Ziyafət Abbasov, Ceyhun Mirzəyev, Vaqif Mustafayev oxuyub bəyəndilər, çəkilişinə razılıq verdilər. Və görkəmli kinorejissor Vaqif Mustafayev xalatın cibləri haqqında olan o ssenari əsasında “Tərsinə” adlı çox populyar olan süjet çəkdi (bax: “Mozalan” kinojurnalı, № 121, 1987-ci il).

Mənbə: Akif Ali

Müəllif: Akif ƏLİ

AKİF ƏLİNİN YAZILARI

Digər: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana