
Xalq şairi NƏRİMAN HƏSƏNZADƏ
Nəriman Əliməmməd oğlu Həsənzadə (18 fevral 1931, Poylu, Qazax rayonu) — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990–1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991–2001), Azərbaycanın xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı (2017), “İlin şairi” makafatı laureatı (2010), “Şöhrət”, “Şərəf” “İstiqlal” və “Heydər Əliyev” ordenli. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir.
Sən məni bu qədər gözlətməmişdin,
Belə qoymamışdın gözümü yolda.
Bu qədər özünü gizlətməmişdin,
Gizlənpaç oynayan vaxtımızda da.
Hayana getsən də, dönmüşdün yenə,
Qayıdıb gəlmişdin mənsiz darıxıb.
Bu dəfə bilmirəm nə olub sənə,
Gedibsən, qayıtmaq yadından çıxıb.
Qalıb evimizdə palın paltarın,
Tələsik gedəndə kimə deyibsən?!
Qapının ağzında başmaq tayların,
Yolda ayağına bəs nə geyibsən?!
Solub pianonun üstündə güllər,
Təzə pərdələri yandırıbdır gün.
Sənin bişirdiyin o mürəbbələr
İçilib qurtardı hardasan özün?!
Bu axşam qəribə bir hiss keçirdim,
Nə tez ömür ötdü, yaş əlli oldu,
Sənin ad gününü sənsiz keçirdim,
Şəkilin yeganə təsəlli oldu.
Şirin söhbətindən olmayıb doyan,
Çağır qonşuları doyunca gülək:
Mənsiz gördünüzmü dözmür Nəriman,
Sənə qurban olum sən görmədin tək
YENƏ DƏ GÖZLƏRIM GÖZÜNDƏ QALIB
Yenə də gözlərim gözündə qalıb
gördüyüm mənaya qurban olaram.
Əgər həqiqətsən, mən həqiqətə,
röyasan, röyaya qurban olaram.
Söhbətin şirindi, gülüşün təzə,
Saldın ürəyimi eşqə, həvəsə.
Sən ayaq basdığın o yola, izə,
çəmənə, səhraya qurban olaram.
Çatsın hər muradın başa dünyada,
bir arzun dəyməsin daşa dünyada,
Bu dünya gözəldi, yaşa dünyada,
sən olan dünyaya qurban olaram.
Sən getdin, həsrətin qaldı canımda,
Sonradan mat qaldım, düzü bir şeyə.
Qeyri-adi idin mənim yanımda,
Getdin, ele bil ki, adələşməyə.
Sənə yalvarırdım burda bayaqdan,
Eşikdə qış idi, otaqda bahar.
Sən de gedib evde yalvaracaqsan –
Gecikdiyin üçün bağışlasınlar.
Səni bağışlamaq… dünyaya bir bax,
O qelbi, o ruhu gərək duyasan.
Axı səndən gərək üzr istəyələr,
Lazımsa, sen gərək bağışlayasan.
Bir qəlbin en eziz şahzadesiydin,
Qulluq gözleyirdim hüzurunda mən.
Gedib evinizdə sən ona yəqin
Bir qulluq gösterib, çay süzəcəksən.
Getdin, üreyimi salıb tufana,
Sədaqət həyatda başqa rəng deyil.
Mənim sevincimi apardın ona,
Bəlkə də ona heç bu, gərək deyil.
QAYIT
Bir qadın ömrünü girov qoymuşam,
bir şair ömrünü yaşatmaq üçün”.
Sara
Tək çəkə bilmirəm can əzabını,
Sənsiz ürəyimi əzir ayrılıq.
Mən zəngi basanda, sən aç qapını,
Bəxtimə çıxıbsan, qarşıma sən çıx!
Tək sənin səsinə həsrətəm evdə,
Susub dinləsəm də dostu, tanışı.
Oğul-qız yanında mən təkəm evdə, –
Başqadır həyatda həyat yoldaşı.
Uşaqlıq yoldaşım, gözümün nuru,
Könlümün həyanı, ülfəti sənsən.
Qalxsam, ailədə ata qürurum,
Yıxılsam, dizimin taqəti sənsən.
Həyat çox sınadı xeyirdə, şərdə,
Mən dara düşəndə ilk həyanımsan.
Sən “Nabat xalanın çörəyi”ndə də
Mənim Fərəh adlı qəhrəmanımsan.
Yayın istisində – sərin günlüyüm,
Qışda od nəfəsin hərarət verir.
Mənim məğrurluğum, ərköyünlüyüm
Ancaq sənə görə, sənə görədir.
Qayıt, adamları təzədən tanıt,
Səhvimin üstündə danla xəlvəti.
“Mənsiz nə olacaq sənin axırın!” –
Bir də təkrar elə bu həqiqəti.
Evimin bəzəyi, qayıt evinə,
Pəncərə, döşəmə eləcə durur, –
Nə qədər silirəm toz basır yenə,
Sənin sildiyintək heç təmiz olmur.
Bəzən qohumların yanır ürəyi,
Deyirlər, gəl çay iç, çörək ye hərdən.
Sənin bişirdiyin dadlı xörəyi
Mən tapa bilmədim o süfrələrdən.
İlhamım, qələmim danışan deyil,
Qayıt, öz gözümdə itirəm sənsiz.
Ünvan mənimkidir, ancaq elə bil, –
Özgənin evinə gedirəm sənsiz.
Qoşa hacıleylək yuvası olur,
Heç qaranquşu da tək qoymur həyat.
Bütün canlıların dünyası olur –
Sən mənim dünyamsan, dünyama qayıt
ELƏ DAYANIRSAN
Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.
Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla,
Deyirlər tanış ol…
Nə qəribədir?!
Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.
Qoluna girərdim… bu, yadındadır,
gedərdik… yolumuz, arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
toxunsa biz indi üzr istəyirik.
Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki, görəsən məni?
GƏZƏYƏN QIZ
Səni görüblər Dağüstü parkda,
gün bir az aşağı əyilən vaxtda.
Kinodan çıxanda görüblər səni,
ötürüb harasa bir nəfər səni.
Sonra bir avtobus duracağında,
sonra bir metronun çıxacağında,
sonra bir taksiyə mindiyin yerdə,
sonra da evə gec döndüyün yerdə.
Haraya gedibsən göz qoyubdular,
Adını “gəzəyən qız” qoyubdular.
Məni gözləyibsən Dağüstü parkda,
gün bir az aşağı əyilən vaxtda.
Səni o kinoya mən aparmışam,
özüm ötürmüşəm sonra, qadası.
Od tutub yanağın, üzün yanmasın,
yenə görüşmüşdük gedib bir axşam:
əvvəl bir avtobus duracağında,
sonra bir metronun çıxacağında,
sonra bir taksiyə oturmusan sən,
mənim görüşümə gecikdiyindən.
Özüm saxlamışdım bir dəfə səni,
bir az gec ötürdüm mən evə səni.
Gör, necə yerbəyer, necə adbaad,
məni görməyiblər, ay dadi-bidad!
NƏRDİVAN
Bu dünya nərdivandı.
Qalxanda mehribandı
Enəndə nə yamandı.
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.
Onu arzularına
Qaldırıdı nərdivan,
Məni xatirələrə endirirdi.
Bu zaman,
birimiz-günçıxana,
birimiz-günbatana…
Qalxa bilməzdim daha,
Nə o güc, nə o taqət.
O da enə bilməzdi.
Haqlı-haqsız, vermişdi öz hökmünü təbiət.
Gərək ya düşməyəydi
Bu görüş heç araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya.
DÜŞÜB
Küsüb bir dünya gözəli
Sükutu dünyaya düşüb.
Bir yol “Ay üzlüm” demişdim
Qalxıb indi Aya düşüb.
Əlimdən bir ceyran çıxıb,
Ceyran, canımdan can çıxıb.
Mirvari dəryadan çıxıb
Təzədən dəryaya düşüb.
Onu yerbəyer eləyin,
Məni dərbədər eləyin.
Məcnuna xəbər eləyin, –
Nəriman səhraya düşüb.
ÜRƏYIM ANANI ISTƏYIR, QIZIM
Ürəyim ananı istəyir qızım,
Sən yaşa, dünyada qəmsiz kədərsiz,
Bir səs qulağıma döz deyir, qızım,
Mən dözdüm, yaş ötdü məndən xəbərsiz.
Qaşlarım qaradı, saçlarım ağdı,
Təbiət şəkilimi çəkir yenidən.
Hamı bu dünyada qocalacaqdı,
Amma tək qocalmaq dərd verir hərdən.
“Dağlar” deyə-deyə mən dağ aşmışam,
Hanı tale dostum, ürəkdən gülən?!
Dünyada yaşayıb dünyalaşmışam,
Dünyayla düz gəlmir daha mən deyən.
Daddım acısını şirin həyatın,
Hələ bu acıdan doyan olmayıb.
Qızım qardaşınla sən olmasaydın,
Deyərdim dünyada anan olmayıb.
Daha yaş artdıqca, səbrim azalır.
Yaş aşdı…Neyləsin yaş əyir, qızım,
Qadınsız ata da anasız, qalır
Ürəyim ananı istəyir, qızım…
Yazarlar cameəsi adından Xalq şairi NƏRİMAN HƏSƏNZADƏyə can sağlığı arzu edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında











