
DOXSAN ÜÇÜNCÜ YAZI
MÜQƏDDƏS SEVGİNİN TƏRƏNNÜMÜ
(Məhəmməd Əlinin “Toplu”su haqqında)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu Azərbaycan Yazıçılar Birliynin üzvü, bulaq suyutək dumduru, dağ havasıtək tərtəmiz saf sevginin tərənnümçüsü kimi tanınmış şair Məhəmməd Əlinin “Toplu” adlı kitabı haqqında olacaq.
Azərbaycan ədəbi mühitində bəzən elə kitablar yaranır ki, onlar təkcə bir müəllifin yaradıcılıq yolunun yekunu deyil, həm də bütöv bir düşüncə və duyğu sisteminin ifadəsinə çevrilir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Məhəmməd Əlinin “Toplu” adlı sanballı nəşri məhz belə kitablardandır. 2020-ci ildə Bakıda “SkyE” nəşriyyatında 720 səhifə həcmində çap olunmuş bu irihəcmli toplu müəllifin yaradıcılıq irsinin böyük bir qismini oxucuya təqdim edir.
Kitabın tərtibçi-redaktoru Əli bəy Azəri, bədii redaktoru isə Şəlalə Nəsirlidir. Bu fakt özü-özlüyündə nəşrin məsuliyyət və peşəkarlıqla hazırlandığını göstərir. Xüsusən Əli bəy Azərinin toplama və tərtib işi müəllifin yaradıcılığını sistemli şəkildə oxucuya çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Çünki “Toplu” sadəcə şeirlərin bir araya gətirilməsi deyil, poetik dünyagörüşün mərhələli təqdimatıdır.
Məhəmməd Əlinin poeziyasında təbiət motivləri xüsusi yer tutur. O, təbiət hadisələrini yalnız təsvir etmir, onları daxili aləmin, insan ruhunun aynasına çevirir. Yağış, külək, torpaq, dağ, çay – bütün bu obrazlar müəllifin şeirlərində canlı bir metaforaya çevrilir. Təbiət onun üçün həm ilham mənbəyidir, həm də insanın mənəvi saflığını qoruyan müqəddəs məkandır.
Bu baxımdan “Toplu” kitabı oxucuya yalnız poetik mətnlər deyil, həm də müəllifin həyat fəlsəfəsini təqdim edir. Onun şeirlərində vətən sevgisi, insanlıq duyğusu, mənəvi dəyərlərə bağlılıq aydın sezilir. Şair-publisist olaraq Məhəmməd Əli sözü həm emosional, həm də ictimai məsuliyyət yükü ilə təqdim etməyi bacarır:
Mən sirli bir kitabam;
açın, oxuyun məni.
Hələ sıranızdayam,
yaxından duyun məni!”
Məhəmməd Əli yalnız şair deyil, həm də publisistdir. Bu xüsusiyyət onun şeirlərində düşüncə dərinliyi, ictimai mövqe və vətəndaş məsuliyyəti kimi keyfiyyətləri gücləndirir. Onun poetik dili sadə və səmimi olmaqla yanaşı, ideya baxımından dolğundur.
“Toplu” kitabında toplanmış əsərlərin geniş auditoriya üçün nəzərdə tutulması da təsadüfi deyil. Bu toplu müxtəlif yaş və zövqə malik oxucular üçün müraciət ünvanıdır. Həm klassik poeziyanın davamçıları, həm də müasir ədəbi nəfəs axtaranlar üçün kitabda kifayət qədər zəngin material var.
“Toplu” həm də bir növ yaradıcılıq hesabatıdır. Oxucu burada şairin poetik inkişaf mərhələlərini izləyə, onun mövzu və üslub baxımından keçdiyi yolu aydın görə bilir.
Tanınmış qələm adamı Əli Bəy Azəri kitaba yazdığı ön sözdə şairin yaradıcılıq taleyini, sözə münasibətini və ədəbi mühitdə keçdiyi mürəkkəb yolu dərin müşahidə və səmimi duyğularla təqdim edir. Bu ön söz təkcə bir kitabın giriş mətni deyil, həm də bir şair ömrünün poetik portretidir.
Əli Bəy Azəri yazır ki, Məhəmməd Əlinin şeirlərində qarşısındakını duymaq üçün onu səbrlə dinləmək mədəniyyətinə malik söz zənginliyi hiss olunur. Onun üçün “sözün böyüyü-kiçiyi yoxdur, söz sözdür”. Bu fikir əslində şairin yaradıcılıq kredosunu açır. Müasir dövrdə söz çox zaman onu deyənin nüfuzuna görə qiymətləndirilsə də, Məhəmməd Əli sözün öz daxili çəkisinə, mənəvi yükünə inanır. Sözlə şəxsiyyətin vəhdətindən doğulan ifadə isə əbədiyyət qazanır.
Əli bəy xüsusi olaraq vurğulanır ki, söz adamı yalnız fərd deyil, həm də bir dünyadır. Bu mənada Məhəmməd Əli də bütöv bir dünyadır – poeziyası saf yaylaq havasına bənzər, təmiz və sərbəst bir söz dünyası. Onun şeirlərində səmimiyyət, təbiilik və daxili təlatüm yanaşı addımlayır.
Əli Bəy Azəri insan taleyi ilə bağlı fəlsəfi bir məqama toxunaraq qeyd edir ki, hər kəs bu fani dünyada öz taleyini yaşayır. Tale ilahi bir yazı olsa da, insan ağlı, dünyagörüşü və iradəsi ilə həyatına istiqamət verə bilir. Burada əsas məsələ fitri istedadın üzə çıxmasıdır. Əgər istedad cəmiyyət tərəfindən anlayış və dəstək görərsə, pərvazlanar; əks halda ya gizlənər, ya da başqa istiqamətə yönələr. Çünki insan enerjisini həm sevgidən, həm də nifrətdən ala bilir.
Məhəmməd Əlinin taleyi də bu baxımdan ibrətamizdir. Ön sözdə qeyd olunduğu kimi, o, gənclik illərində ədəbi mühitdə istedadına birmənalı münasibət görməmiş, bəzi hallarda qısqanclıq və laqeydliklə qarşılaşmışdır. Bu səbəbdən fitri qabiliyyətini bir müddət sanki kölgəyə çəkərək başqa sahədə – mühəndislikdə özünü sınamış, zəhməti və əzmi ilə həmin sahədə ad-san qazanmışdır. Lakin qəlbində vulkan kimi püskürən şairlik istedadını heç zaman unutmayıb.
Bu məqamda ön sözdə sitat gətirilən fikir diqqəti cəlb edir: şair ədəbiyyata gec gəlsə də, güclü nəfəs və dolğun sözlə gəlib. Hələ ötən əsrin 60-cı illərində şeirləri mətbuatda çap olunsa da, sonradan uzun bir sükut dövrü yaşayıb. Ancaq görünür, şairlik onun alın yazısı imiş. Çünki sözə bağlılıq taleyin hökmündən də güclü olur.
“Toplu” kitabı bu mənada yalnız şeirlərin bir araya gətirilməsi deyil, həm də zamanın sınağından çıxmış bir söz adamının öz imzasını təsdiq etməsidir. Burada toplanan şeirlər həyatın müxtəlif qatlarını – sevgi və nisgili, vətən duyğusunu, insanın daxili çarpışmalarını, təbiətə bağlılığı əks etdirir. Onun poeziyasında pafosdan çox səmimiyyət, süni nəzərdən çox təbii axar üstünlük təşkil edir. Qeyri-ixtiyari nə vaxtsa şeirlərimin birində ifadə etdiyim: “Dərdin, ah-nalənin özü də SEVGİ” fikrini xatırlayıram. 720 səhifəlik bu “Toplu”da “Bu dünya”, “Azərbaycan”, “Qəbələm”, “Bakı”, “Xəzərim”, “Vətən”, “Qarabağ dərdi”, “Şuşa”, “Qobustan” kimi mayası sevgi olan nümunələr çoxdur. Bu mənada Əli bəy Azərinin içdən gələn saf sevginin tərənnümçüsü kimi tanınmış şair Məhəmməd Əlinin şeirlərindən ibarət tərtib etdiyi bu “Toplu”nu əsl sevgi ensiklopediyası adlandırmaq olar.
Əli Bəy Azərinin ön sözü oxucunu belə bir qənaətə gətirir ki, Məhəmməd Əli üçün şeir sadəcə ədəbi janr deyil, daxili ehtiyacdır. Onun yazdıqları müqəddəs və sağ bir sevginin tərənnümüdür. O, sözün müqəddəsliyinə inanır və bu inam yaradıcılığının əsas dayağıdır. Şairin həyat yolu göstərir ki, istedad zaman-zaman sınağa çəkilsə də, əgər o, gerçəkdirsə, mütləq öz yolunu tapır.
Azərbaycan poeziyasında sevgi mövzusu daim aparıcı xətt olmuşdur. Lakin hər şair sevgini eyni şəkildə təqdim etmir. Bəziləri onu ehtirasın alovu kimi, bəziləri nisgil və ayrılıq ağrısı kimi, bəziləri isə fəlsəfi-ruhi bir ucalıq kimi təqdim edir. Tanınmış şair Məhəmməd Əli isə“Mənim sevgim” şeirində sevgini saf, təmiz və müqəddəs bir duyğu kimi tərənnüm edir. Onun təqdim etdiyi sevgi nə ötəri həvəsdir, nə də keçici hiss. Bu sevgi mənəvi kamilliyin, daxili paklığın və ruhi bütövlüyün ifadəsidir. Bu şeir ümumilikdə Məhəmməd Əlini saf sevginin, məhəbbətin tərənnümçüsü kimi təqdim edən ən gözəl nümunələrindən biridir.
Şeir ilk misralardan oxucunu incə bir estetik ovqata kökləyir:
“İncə güldür, bir çiçəkdir,
Mənim sevgim, mənim sevgim.”
Burada sevgi zərifliklə, incəliklə assosiasiya olunur. Gül və çiçək obrazı təsadüfi deyil. Gül həm gözəlliyin, həm də paklığın simvoludur. Şair sevginin zahiri gözəlliklə deyil, daxili saflıqla dəyər qazandığını göstərir. Sevgi bir çiçək kimi qorunmalı, qayğı ilə bəslənməlidir. Bu obraz şairin duyğulara nə qədər həssas yanaşdığını göstərir.
Növbəti misralarda sevgi artıq təkcə estetik yox, həm də mənəvi güc kimi təqdim olunur:
“Arzu dolu bir ürəkdir,
Mənim sevgim, mənim sevgim.”
Burada sevgi insanın daxili aləmi ilə birləşir. O, ürəyin özüdür. Arzu dolu ürək ifadəsi sevginin hərəkətverici qüvvə olduğunu bildirir. Bu sevgi passiv hiss deyil; o, insanı yaşamağa, yaratmağa, irəli getməyə sövq edir.
Şair daha sonra sevgini dinamika içində təqdim edir:
“Dərə keçib, dağlar aşar,
Çaylar kimi coşub-daşar.”
Bu bənddə sevgi artıq qüvvət və iradə rəmzidir. O, maneələri aşır, sərhədləri tanımır. Dağ aşmaq və dərə keçmək Azərbaycan poeziyasında çətinliklərin simvoludur. Deməli, Məhəmməd Əlinin sevgisi sınaqlardan qorxmur. Çay kimi coşub-daşan sevgi həm təbii, həm də dayandırılmaz bir enerjidir. Bu sevgi insanın daxilində daim yenilənir, “gündən-günə cavanlaşır”. Şair burada sevginin zamanla solmadığını, əksinə, daha da gücləndiyini vurğulayır.
Şeirin üçüncü hissəsində isə sevginin mənəvi-ruhi mahiyyəti açılır:
“Ürəyimdən qopan səsdir,
Sanma ötən bir həvəsdir.
Saf, təmizdir, müqəddəsdir…”
Burada əsas vurğu “saf”, “təmiz” və “müqəddəs” sözləri üzərindədir. Müəllif açıq şəkildə bildirir ki, onun sevgisi ötəri həvəs deyil. Bu, dərin mənəvi bağlılıqdır.“Ürəyimdən qopan səs” ifadəsi isə sevginin səmimiliyini göstərir. Bu duyğu kənardan gəlmir, daxildən doğur. Saxta deyil, təbii və gerçəkdir.
Son bənddə sevgi artıq iki ruhun vəhdəti kimi təqdim olunur:
“Mən güləndə o da gülər,
Sevinc-dərdi yarı bölər.
Məndə yaşar, mənlə ölər…”
Bu misralar sevginin paylaşmaq mədəniyyəti olduğunu göstərir. Sevgi yalnız xoş günün deyil, çətinliyin də bölüşülməsidir. Əsl sevgi sevinci də, dərdi də yarı bölməyi bacarır. “Məndə yaşar, mənlə ölər” ifadəsi isə bu bağlılığın əbədilik ölçüsünü göstərir. Bu sevgi insanın varlığı ilə eyniləşir.
Məhəmməd Əlinin bu şeirində diqqət çəkən əsas cəhət səmimilikdir. Şair pafosdan uzaqdır, mürəkkəb metaforalara aludə olmur. O, sadə, anlaşılan, lakin dərin məna daşıyan ifadələrlə sevginin fəlsəfəsini qurur. Təkrar olunan“Mənim sevgim” ifadəsi isə şeirin həm ritmik, həm də emosional dayağıdır. Bu təkrar sevginin dəyərini vurğulayır, onu şairin şəxsiyyətinin ayrılmaz hissəsinə çevirir.
Bu şeir müasir dövrdə xüsusilə aktualdır. Çünki zamanımızda sevgi anlayışı çox vaxt səthi münasibətlərlə qarışdırılır. Məhəmməd Əli isə oxucuya xatırladır ki, sevgi safdırsa, müqəddəsdir; müqəddəsdirsə, davamlıdır; davamlıdırsa, insanı kamilləşdirir.
Beləliklə, “Mənim sevgim” şeiri yalnız lirik etiraf deyil, həm də mənəvi bir manifestdir. Bu əsərdə şair saf sevgini ucaldır, onu həyatın mənəvi dayağı kimi təqdim edir. Onun sevgisi nə keçicidir, nə də təsadüfi. Bu sevgi insanın ruhunu saflaşdıran, onu ucaldan, yaşadan və mənalandıran bir qüvvədir.
Məhəmməd Əli bu şeiri ilə bir daha sübut edir ki, əsl sevgi səs-küysüzdür, lakin güclüdür; sadədir, lakin müqəddəsdir; sakitdir, lakin dağları aşacaq qədər qüdrətlidir.
Nəticə etibarilə, Məhəmməd Əlinin “Toplu” kitabı həm bir yaradıcılıq hesabatı, həm də sözə sədaqətin təntənəsidir. Bu kitab oxucuya bir daha xatırladır ki, sözün böyüyü-kiçiyi yoxdur – söz sözdür. Əgər o söz şəxsiyyətin bütövlüyündən doğursa, zamanın sərt küləkləri belə onu susdura bilmir.
“Toplu” təkcə bir şairin yaradıcılıq külliyyatı deyil, həm də Azərbaycan poeziyasının müasir mərhələsində özünəməxsus bir töhfədir. Məhəmməd Əlinin təbiətdən, həyatdan və insan ruhundan süzülən misraları bu kitabda bir araya gələrək bütöv bir poetik dünya yaradır.
Bu nəşr ədəbiyyatsevərlər üçün dəyərli bir mənbə, gələcək tədqiqatçılar üçün isə ciddi istinad nöqtəsidir. “Toplu” – adından da göründüyü kimi – bir yaradıcılığın bütöv panoramıdır və Azərbaycan poeziyasının zəngin xəzinəsinə əlavə olunmuş qiymətli bir incidir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun!
17.02.2026. Bakı.
Müəllif: Zaur USTAC
AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında