
AĞIR GÜNLƏRİN SINAĞINDA
Yaşadırsan halallığı özündə,
Bir işıq var hər kəlməndə, sözündə.
Müəllim kimi xalqımızın gözündə –
İldən-ilə ucalmısan, ay bacım!
Bütün həyatını, bilik və bacarığını, halal istedadını uşaqların xoşbəxt gələcəyinə həsr edən Gülafət müəllimə hər dəfə sinif otağına daxil olanda onun gözləri önündə ona institutda dərs deyən müəllimlər, tələbə yoldaşları canlanır, bir anlığa o əlçatmaz illərə dönür, vaxt, zaman nə tez gəlib keçdi, – deyə kövrəlir…
Müəllimlər həmişə cəmiyyətin tərəqqisində, xalqın, millətin maariflənməsində mühüm rol oynayıb. Kiçik yaşlarından elmə böyük həvəsi, marağı olan Gülafət xanım 1958- ci ildə Puşkin rayonunun indiki Biləsuvar) rayonunun Bəybili kəndində anadan olub.
1965- ci illərdə həmin kənd məktəbində birinci sinifə gedib.
1975- ci ildə Bəybili kənd orta məktəbini bitirərək sənədlərini V.İ.Lenin adına APİ – nin filologiya fakültəsinə verib, ancaq müsabiqədən keçə bilməyib. Kəndə qayıdıb, təsərrüfat işlərində valideynlərinə kömək edib, kolxozda çalışıb və 1976-cı ildə ailə həyatı qurub.
Ailə həyatı ilə əlaqədar Cəlilabad rayonunun Alar kəndinə köçüb. Alar kəndində kolxozda çalışıb.
1983- cü ildə Gülafət xanım yenidən sənədlərini toplayıb V.İ.Lenin adına APİ – nin filologiya fakültəsinin qiyabi şöbəsinə verib və tələbə adını qazanıb.
1984-cü ildən təhsilini davam etdirərək orta məktəbdə işləməyə başlayıb. 1988- ci ildə institutu bitirib ali təhsilli filoloq kimi Alar kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayıb.
Gülafət xanım mətanətli insandır. Kiminsə köməyinə, yardımına heç vaxt ehtiyacı olmayıb. Bir gün tənəffüs zamanı Tağı müəllim onu Mürsəl müəllimə göstərib deyir:
-Bu qız anadan müəllim doğulub. Nizami Gəncəvi yaradıcılığını,əsərlərini əzbər bilir.
Mürsəl müəllim ona təşəkkür edib deyir:
-Qızım müəllimlik həmi şərəfli, həm də çətin peşədir. Dərs dediyin şagirdlərin gözündəki sevinci görəndə ömrünün üstünə yeni bir ömür də calanacaq.
Müəllimlərindən xeyir – dua alan Gülafət müəllimə əsl müəllim olduğunu sübut etdi. İnstitutda aldığı bilik əlindən tutdu. Cəlilabad rayon Alar kənd orta məktəbində adı həmişə yaxşı müəllimlərin sırasında çəkildi.
O, həm də bacarıqlı ictimaiyyətçidir, etdiyi yaxşılıqlar bu gün də onun vətəndaş sevgisi ilə xarakterizə edilir. Alicənab, təvazökar ziyalıdır. Yaxşı haldır ki, onun ictimaiyyət və dövlət quruculuğu işindəki əməksevərliyinin aydın və dəqiq sərhədləri var.
Bəli, dəyərli insanları, qayğıkeş və humanist, işıqlı müəllimləri istəsən də unuda bilmirsən. Unutqanlığı xeyirxah əməlləri, örnək həyatı ilə əridib muma döndərmiş şəxsiyyətlərdən biri olan Gülafət müəllimə bilik aşıladığı şagirdlərə də həmişə bu meyara xüsusi diqqət yetirmələrini tövsiyə edir.
Bu gün Gülafət müəllimə el arasında gur bir işıq kimi çağlayır; həmi yaşlı, həm də gənc nəsil onun kimi müəllimi ürəkdən alqışlayır, şəninə xoş sözlər deyirlər.
Gülafət müəllimənin həyat yoldaşı da V.İ.Lenin adına APİ – nin kimya – biologiya fakültəsində təhsil alıb. Hər ikisi uzun illərdir ki, Alar kənd orta məktəbində çalışıblar.
Onlar bu gün təqaüddə olsalar da, Cəlilabad elinin öyünüləsi, fəxr ediləsi, qürur duyulası ziyalılarından biri kimi, yenə də bir müəllim kimi heç kimdən bilik və bacarıqlarını əsirgəmirlər…

Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB – nin və AJB – nin üzvü.