
YADA DÜŞƏN XATİRƏLƏR
Müəllim bir şama bənzər,özunü
əridərək başqalarına işıq verər.
M.K.Atatürk
Müəllimlər ən gözəl və ən bəzəkli sözlərin belə təsvir edə bilmədiyi, lakin dünyanın ən gözəl sözlərindən daha çox təsvir olunmağa layiq insanlardır. Onlar ən xüsusi, ən fəzilətli və ən tərifəlayiq insanlardır. Hamımızın həyatımızda unuda bilməyəcəyimiz və nümunə götürə biləcəyimiz müəllimlər var. Bu müəllimlər həyatımızda pozulmaz izlər qoyublar. Ömrünü həsr etdiyi bu peşənin haqq-ədalətini layiqincə yerinə yetirməyə çalışan bütün müəllimlərin qarşısında baş əyirəm, onlara sayqılarımı bildirirəm.
Müəllim bizə məktəbdə təkcə hərfləri, rəqəmləri, yazı və oxumağı deyil, həm də həyatda yıxılmamağı Ayaqda durmağı öyrədən ziyalıdır, şəxsiyyətdir.
Nə qədər səhv etsək də,səhvimizi bağışlayan da müəllimdir.
Müəllimlər həmişə bizim üçün əllərindən gələni edir. Həyatda yaxşı iş görməyimizi istəyirlər.
Hər bir müəllim şagirdlərinə təkcə dərs deyil, həm də həyat dərsi verməsi ilə sevinir və fəxr edir.
Qısa arayış: Orucov Allahbaxış Hətəmxan oğlu 15 yanvar 1961- ci ildə Sabirabad rayonunun Kalinovka kəndində anadan olub.
1953- cü ildə Stalin repressiyasına məruz qalan kənd sakinləri, Muğanın isti iqliminə uyğunlaşıb dözməyərək yenidən dədə – baba ocaqlarına- Yardımlı rayonunun Avaş kəndinə köçüblər. 1962- ci ildə Orucovlar ailəsi də geriyə dönüb.
1968- 1978- ci illərdə Avaş kənd orta məktəbini bitirərək orta təhsil alıb. 1980-1982- ci illərdə Sovet Ordusu sıralarında xidmət edib.
1983-1988- ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb, Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına yiyələnib.
1985- ci ilin noyabr ayından pedaqoji fəaliyyətə başlayan Allahbaxış Orucov 40 ildir ki, doğma kəndlərində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir.
O, deyir ki, müəllimlik bir çoxları tərəfindən ən asan peşə kimi görünür. İnsanların ən çox hörmət və fədakarlıq tələb edən peşəni niyə asan hesab etdiyini başa düşə bilmirəm. Halbuki müəllimlik bəşər tarixində ən mənalı və ölməz peşədir. Müəllimlik elə bir peşədir ki, təkcə peşə həyatını deyil, bütün insan həyatını əhatə edir. Bu səbəbdən də digər peşə qruplarından fərqlənmiş və bu fərqi qoruyub saxlamışdır.
Orta məktəb və institutda bizə elmin əsaslarını mənimsədən, həyat yolumuzu işıq saçan müəllimlərimi hörmətlə xatırlayır, onların nurlu simaları qarşısında baş əyirəm. Ali məktəb müəllimlərimdən Mürsəl Həkimov, Həsən Mirzəyev, Tərlan Novruzov, İsmayıl Şıxlı, Fərhad Fərhadov bizim üçün həmişə məhək daşı olublar. Dünyasını dəyişənlərə Ulu Tanrıdan rəhmət, yaşayanlara can sağlığı arzulayıram.
Tələbə yoldaşlarım da həmişə xatirəmdədir. Onlarla bir yerdə oxuduğumuz illər mənim üçün həyatının ən əziz və unudulmaz xatirələridir. Hüseyn, Nəsir, Məhəmməd, Səftər, Vəli, Vidadi, Sədrəddin, Allahşükür… ən çox əlaqə saxladığım tələbə yoldaşlarımdır. Həyat kitabında onların hər birinə aid qızıl hərflərlə yazılmış səhifələr var.
Kərbəlayi Hüseyn (Məmmədov) ən aktiv yoldaşlardandir. Hüseynin təşkilatçılıq bacarığını yüksək qiymətləndirirəm. Tələbə yoldaşlarımız arasında əlaqə yaradan, xeyirdə – şərdə hamını bir yerə toplayan məhz Hüseyndir. Bir sözlə,o bizim qeyri – rəsmi koordinatorumüzdur. Bir neçə dəfə ali məktəbdə görüşümüzü təşkil edib. İllər uzunu sevincimizə,qəmimizə şərik olub. Hamımız onu minnətdarlıqla alqışlayırıq.
Özum haqqında bir neçə kəlmə: 1983- cü ildən ailəliyəm, üç övlad, altı nəvəm var. Qızım və oğlumun biri Sumqayıt şəhərində yaşayır. Kiçik oğlum Qoşqar mənim davamçımdır. 14 ildir ki, mənimlə birlikdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir.
Bütün tələbə yoldaşlarıma Ulu Tanrıdan səadət dolu həyat arzulayıram!
Bəli, Allahbaxış Orucov yaxşı tərbiyəçidir, yaxşı məsləhətçi, yaxşı müəllimdir. Onun müdrik fikirləri, öyüd-nəsihətləri, yaxşı əməlləri, hamıya nümunə olması, “düzü düz”, “əyrini əyri” deməsi, haqqı söyləməsi, hər kəsi biliyinə, bacarığına, nümunəvi davranışına görə qiymətləndirməsi, Vətən üçün, millət üçün layiqli vətəndaşlar yetişdirməsi onu el gözündə daha da ucaldıb, elin yaddaşında yaşamaq hüququ qazandırıb.

Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB – nin və AJB – nin üzvü.