Aydın Hacıyev – RAFİQ YUSİFOĞLU (1950)


RAFİQ YUSİFOĞLU
(1950)
Rafiq Yusifoğlu 1950-ci ildə Qubadlıda anadan olmuşdur. O, orta təhsilini Qubadlıda aldıqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. Bir müddət Sumqayıtın orta məktəblərində öz ixtisası üzrə müəllimlik etmişdir. Bu illərdə R.Yusifoğlu Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuş, “Azərbaycan poemalarının inkişaf problemləri” mövzusunda dissertasiya yazım müdafiə etmişdir. “Göyərçin” jurnalında əvvəl əməkdaş, məsul katib, sonra baş redaktor vəzifəsində çalışmışdır.
Rafiq Yusifoğlu ”Yurdum-yuvam”, ”Ətirli düymələr”, ”Aylı cığır”, ”Ocaq yeri”, ”Qəm karvanı”, ”Həsrət köçü”, ”Böyük arzuya gedən yol”, ”Söz çəməni”, ”Təzə sevdalara doğru”, ”Çiçək yağışı”, “Şirin yağış” və sair kitabların müəllifidir.
Rafiq Yusifoğlu “İlin ən yaxşı kitabı”, “Vətən”, “Araz”, “Qızıl qələm” və s. ədəbi mükafatlarına layiq görülmüşdür. Onun tərbiyəvi-əxlaqi məna kəsb edən şeirləri Azərbaycan məktəblilərinin dərsliklərində özünə xüsusi yer tutmuşdur. Şairin şeirləri xarici dillərə də tərcümə olunmuşdur.
Onun əsərləri gənc oxucuları doğma torpağımızın zəngin gözəlliyi ilə tanış edir. Şair oxucusuna gah xalqımızın tarixi keçmişi haqqında məlumatlar verir, gah da oxucuları canlı təbiətlə tanış edir. Bütün bu mövzuların təsvirində canlı peyzaj yaradarkən oxucuların yaş xüsusiyyətləri və bilik səviyyələri nəzərə alınmışdır. Ona görə Rafiqin təsvir etdiyi mənzərələrə istinadən söylədiyi fikirlər oxuculara asanlıqla ğatır və onları razı salır.
Rafiq Yusifoğlunun vətənpərvərlik duyğuları şeirləri vasitəsilə oxuculara sirayət edir. Ümumiyyətlə, Rafiqin şeirlərinin böyük bir qismi Azərbaycan torpağının bədii təsvirinə həsr edilmişdir. Müəllif uşaqlar üçün yazdığı şeirlərin quruluşuna xüsusi diqqət verir. Şairin uşaq şeirlərinin əksəriyyəti 4, 5, 6, 7 hecadan ibarət olur. Çünki şeirdə hecaların sayı çox olanda uşaqlara çətin gəlir. Ona görə də uşaqlar üçün çoxhecalı şeirlər təqdim etmək məsləhət görülmür.
Problemin həllinə bu prizmadan yanaşsaq görərik ki, Rafiq Yusifoğlu əlinə qələm alanda uşaqların bu keyfiyyətini nəzərə alır. Bu baxımdan, “Adam balaca olanda” şeiri səciyyəvidir. Müəllif təsvir edir ki, adam balaca olanda onun arzuları böyük olur:
Adam balaca olanda
Çiçəyin dilini bilir.
Kəpənəyin, qarışqanın,
Böcəyin dilini bilir.

Ağacı, otu, sünbülü,
Dağı, daşı danışdırır.
Yerdə çəpişi, quzunu,
Göydə quşu danışdırır.

Adam balaca olanda
Uçmağa qanadı olur.
Adam böyüdükcə, həyat
Gözlərində adi olur.
Uşaq aləminin, uşaq psixologiyasının təsviri Rafiqi maraqlandıran əsas məsələlərdən biridir. Şair uşaqların yeni il arzularını belə təsvir edir:
Təzə il, ay təzə il,
Gəlməyəsən gözə,il.
Uğurlu qədəminlə
Ömrümüzü bəzə, il.

Kaman gətir, saz gətir,
Şirin bir avaz gətir.
Dön zəfərlər ilinə,
Ürəklərə yaz gətir.

Tez gəl, bizi sevindir,
Yolu, izi sevindir.
Doğmaları gözləyən
Dağı, düzü sevindir.

Üzlərə işıq gətir,
Gözlərə işıq gətir.
Kül altında uyuyan
Közlərə işıq gətir.

Sevincdən əsir dilim,
Xoş gördük, təzə ilim!
Gəlişinlə yurdumdan
Dərd itsin ilim-ilim.

Yaxamı külək açsın,
Qədəmin ürək açsın.
Sevənlərin qəlbində
Arzular çiçək açsın…

Müəllif bu şeirdə balaların bayram ovqatını bədii sözün qüdrəti ilə oxuculara çatdırır.
Xalqımızın illərdən bəri müstəqillik uğrunda mübarizədə şəhid olmuş mərd oğulları şairin diqqətindən yayınmır. Xalqımızın and yeri olan şəhidlər xiyabanına həsr etdiyi şeirdə Rafiq Yusifoğlu balaca oxucularına elə gözəl duyğular aşəlayır ki, oxucuların nifrət dolu qəzəbini söndürmək olmur. “Şəhidlər xiyabanı” şeirində yazır:
Şəhidlər xiyabanı –
Müqəddəs and yerimiz.
Mərmər daşlara hopub
Bayatımız, şeirimiz.

Bizə güllə dəyəndə
Bu torpaq yaralanıb.
Onun sinəsi üstdə
Məzarlar sıralanıb.

Mərdləri qorxutmayıb
Namərdlərin gülləsi.
Hər qəbir – azadlığa
Gedən yolun pilləsi…

Əlimizdə qərənfil,
Dilimizdə haqq sözü.
Bu günahsız millətə
Kömək olsun haqq özü!

Hər baş daşı çevrilib,
Şərəf, qeyrət büstünə.
Bir güllə qoyulubdur
Hər məzarın üstünə.

Igid oğullarımız
Cərgə ilə keçirlər.
Məzarların önündə
Diz çöküb, and içirlər.

Güllələri götürüb,
Döyüşlərə gedirlər.
Günahsız qurbanların
Ruhunu şad edirlər.

Şəhid məzarlarından
Gedən odlu güllələr,
Düşmənlərin başına
Alov saçar, kül ələr.

Geri dönər Xocalı,
Geri qayıdar Şuşa.
Şəhid ruhu şad olar,
Dönər bir qızıl quşa.

Qarabağ torpağının
Üstündə uçar, uçar.
Hamımızın qəlbində
Arzular çiçək açar…

Yaxın keçmişimizdə baş verən Xocalı soyqırımı hadisəsinə şairin həsr etdiyi “Xocalı şəhidlərinə” şeirini həyəcansız oxumaq mümkün deyil. Uşaq və gəncləri vətənpərvərlik ruhunda tərbiyələndirmək, düşmənə qarşə amansız nifrət hissi oyatmaq üçün bu əsərin böyük əhəmiyyəti vardır:
Qan ağlayan nəmli gözlər
Nə qədər yerə baxacaq?
Allah, mənim ürəyimdən
Bu tikan nə vaxt çıxacaq?

Qələm titrəyir əlimdə,
Göynəyir bağrımın başı.
Qaldırmağa oğul gərək
Kirpikdən asılan daşı.

Hər papaqlı layiq deyil
Kişi adı daşımağa!
Biz almasaq bu qisası,
Haqqımız yox yaşamağa!…
Şeirin ümumi ideyasından məlum olur ki, erməni faşistləri Xankəndində yerləşən sovet qoşunlarının köməyi ilə azərbaycanlıların yaşayışməskəni olan böyük bir rayonun – Xocalının əhalisini qırıb, rayonun adını xəritədən silməyə çalışmışlar. Ermənilərin XX yüzılliyin sonunda törətdikləri bu faciə tarixə “Xocalı faciəsi” kimi daxil olmuşdur. Azərbaycan xalqı bu faciəni unutmayacaqdır.
Rafiq Yusifoğlu uşaq və gənclərimizin qan yaddaşına öz şeiri ilə həkk etdiyi “Xocalı faciəsi”nə gələcək nəslimiz illər ötdükcə dönə-dönə müraciət edəcək, beləliklə, erməni millətçilərinə nifrət heç zaman azalmayacaqdır.
Şairin mövzu dairəsi tükənməzdir. Onun “Ana dili” adlı şeiri Azərbaycan dilinin saflığı, şirinliyi, müqəddəsliyi uğrunda aparılan mübarizəyə həsr olunubdur. Balalarımız bu şeir vasitəsilə Azərbaycan dilinin Şərq aləmində ən potensional, enerjili dillərdən biri olduğunu öyrənirlər.
Ananın özü kimi
Ana dili müqəddəs.
Damarımızda qandı,
Ciyərimizdə nəfəs.

Şirin layla eşidib,
Körpə dinclik tapıbdır.
O dil ana südüylə
Ruhumuza hopubdur.

Bəxtəvər ömrümüzün
Mənasına dönübdür.
Müqəddəs ruhumuzun
Aynasına dönübdür.

Ana dili qürbətdə
Vətənə dönə bilər.
Düşmənlərin başında
Mərmi tək dinə bilər.

Odur ən çətin anda
Köməyimizə yetən.
Ana dili yoxdusa,
Nə ana var, nə vətən…


Şair Rafiq Yusifoğlu ədəbi irsinin böyük bir qismi uşaq və gənclərə ünvanlanmışdır. Bu baxımdan “Söz çəməni” kitabı böyük əhəmiyyət kəsb edir. Bu kitabda uşaqlara ana dilinin qrammatikası öyrədilir. Nitq hissələrinin, cümlə üzvlərinin, durğu işarələrinin hərəsinə ayrı-ayrılıqda şer həsr olunmuşdur. Məsələn, Əvəzlik haqqında belə yazılır:
Çətinə düşənlərin
Köməyinə gəlirəm.
Neçə nitq hissəsini
Əvəz edə bilirəm.
Mən isimin, sifətin,
Sayın, zərfin dostuyam.
Neçə-neçə növüm var,
Öz işimdə ustayam.
Nə əmr etsən, hazıram,
Demə həvəsim yoxdu.
Əvəzliyəm, əvəzlik,
Mənim əvəzim yoxdu…
Rafiq Yusifoğlu şeirləri vasitəsi ilə dilimizdə az işlənən bir çox sözlər, eləcə də kənd təsərrüfatı və məişətdə işlənən alətlər ilə uşaqları tanış edir. Məsələn, herik şumu, sadaq, dəryaz, qəzil, cicim, örüş, dabbaq, çaşır, səllimi, sapand, teşi və s. Azərbaycan dilində az işlənən sözlərin izahını bilmək hər bir uşağa çox vacibdir. Etiraf etməliyik ki, dilimizdə işlənən bu sözləri nəinki uşaqlar, hətta mqəllimlərin çoxu bilmir.
– Toyuğun ayağında
Üzüyə bax, üzüyə.
–Heç belə də şey olar? –
Hamı güldü Həziyə.
–Üzük deyil, bəs nədir?
–Bax, əskidi, badışdı.
Çəpərdən aşıb gedir,
Çil toyuq çox nadincdi.
Biz bu əskini onun
Ayağına tikmişik,
Qonşunun toyuğuyla
Düşməsin tay-dəyişik.
Şeirin məğzi uşaqlara öyrədir ki, toyuqlar dəyişik düşməsin deyə ayaqlarına tikilən rəngli parçaya badış deyilir.

Aydın Hacıyev,
pedaqoji elmlər doktoru, professor.
“Azərbaycan uşaq ədəbiyyatı tarixi”, Bakı, “Təhsil” nəşriyyatı, 2004, s. 221-226.

Mənbə: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir