
XOŞBƏXTLİK
İstidə isinib,
soyuqda üşüyürsənsə,
Xəyallara dalıb,
kimisə düşünürsənsə,
Bu dünyaya gəlib,
insan kimi yaşayırsansa,
Daha nə istəyirsən?
Zirvələrə dırmanmağa
ayaqlarının gücü çatırsa,
Bu dağlar, bu meşələr
könlünə yatırsa,
Şəlalələrin şaqraq səsi
Sevincinə
sevinc qatırsa,
Daha nə istəyirsən?
Ətirli çəmənlərdə
gəzə bilirsənsə,
Dənizlərdə, göllərdə
üzə bilirsənsə,
Məhəbbətin şirin əzabına
dözə bilirsənsə,
Daha nə istəyirsən?
Gözəl görəndə
gözlərin gülürsə,
Ürəyin sevgidən
inləyə bilirsə,
qulaqların
yarpaqların pıçıltısını,
ləpələrin, quşların səsini
dinləyə bilirsə,
Daha nə istəyirsən?
Baxışların
güllərin rəngini görə bilirsə,
Əllərin
sevgilinin saçlarını
hörə bilirsə,
qızlara vermək üçün
çiçək dərə bilirsə,
Daha nə istəyirsən?
Gözlərin
bir cüt ilahi gözə əsirsə,
Qəlbinin telləri
sevgidən əsirsə,
Sevdalı ürəyin
görüşə tələsirsə,
Daha nə istəyirsən?
İnsanların doğmasını,
yadını bilirsənsə,
Dünyada hər şeyin
adını bilirsənsə,
Yaşamağın ləzzətini,
dadını bilirsənsə,
Daha nə istəyirsən?
Tanrı səni
bu dünyaya gətiribsə,
Gözlərindən qəflət pərdəsini
götürübsə,
Qəlbində arzu gülləri
bitiribsə,
Səni səadətə, xoşbəxtliyə
yetiribsə,
Daha nə istəyirsən? –
Xoşbəxtlik bu deyilmi?!
11. 08. 2001
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru