Etiket arxivi: Rahib Məmmədov

Rahib Gülmalı oğlu Məmmədov 25 avqust 1967-ci ildə Mahrızlıda dünyaya göz açmışdı

Haqq etdiyinə haqsızlıq edilən qəhrəman

O, qısa və sadə həyat yolu keçdi. Ağdamın Mahrızlı kəndində keçən uşaqlığında yaşıdlarından bir o qədər də fərqlənmirdi. Dürüstlüyü, yaşına uyğun olmayan təmkini, idmana aludəliyi ilə tay-tuşlarından seçilsə də.
Rahib Gülmalı oğlu Məmmədov 25 avqust 1967-ci ildə Mahrızlıda dünyaya göz açmışdı. Kənd orta məktəbini bitirib, Ağdamda Kənd Təsərüfatının Elektirikləşdirilməsi və Mexanikləşdirilməsi texnikumuna daxil olan gənc bir il sonra 1985-ci ilin payızında hərbi xidmətə çağırılır. Onun əsgəri xidməti Gürcüstanda, Batumi yaxınlığındakı hərbi hissələrin birində keçir. 1987-ci ilin fevralında Yuxarı Savanetidə sel daşqınından mülki əhalini xilas edərkən qəhrəmancasına həlak olur. Təbiətin qəribə şıltaqlığı sanki Rahibin şücaətini yoxlamaq üçün peyda olmuşdur. Samaqreloda adətən daşqınlar yaz aylarına təsadüf etsə də qışın oğlan çağı burda peyda olan dəli sel qarşısına çıxan hər nə vardısa götürüb aparırdı. Rahib Məmmədov öz həyatını təhlükəyə ataraq zirehli texnikası ilə 28 nəfər yerli sakini ölümdən xilas edir. Lakin xilas etdiyi insanların yaşaması naminə həyatını qurban verir.
Yüz yetmiş milyonluq Sovetlər Birliyində Rahibin qəhrəmanlığı dillər əzbəri olur. Əyalət qəzetlərindən tutmuş mərkəzi mətbuat orqanlarına qədər manşetlərə onun cəsurluğundan bəhs edən başlıqlar çıxarılır. Telekanallar reportajlar verir, bütün ittifaqın hərbi hissələrində Rahib Məmmədov guşələri təşkil edilir. Ümumtəhsil məktəblərində Rahib Məmmədovun qəhrəmanlığından bəhs edən inşa yazılar yazılır, pionerlərə cəsurluğu örnək kimi təbliğ edilir. Bakıda, Ağdamda adına küçələr verilir, Oxuduğu orta məktəb onun adı ilə adlandırılır. Mahrızlıda, Çaladididə büstü qoyulur. Ən böyük abidəni isə xilaskarı olduğu Çaladidi kəndinin sakinləri qəlbində ucaldır qəhrəmana. Həmin o dəhşətli 2 fevral günü çaladidilərin sakit həyatını alt-üst edən təbii fəlakət zamanı dünyaya bir oğlan uşağı gəlir. Kənd camaatı yekdilliklə qərar verib, uşağın adını xilaskarlarının şərəfinə Rahib qoyur.
Amma… amma Sovet İttifaqı Müdafiə Nazirliyinin baş qərərgahının dəhliz və otaqlarında baş alıb gedən müzakirələr xəbis niyyətlərin qurduğu səddi aşa bilmir. Heç şübhəsiz Kremlin göstərişi ilə Ali Sovetə göndərilən təqdimat bir neçə dəfə dəyişdirilir. Beləcə Rahib Məmmədovun haqq etdiyi Sovet İttifaqı Qəhrəmanı adı “Qırmızı Bayraq” ordeni ilə əvəzlənir.
Xəbis qüvvələr Gürcüstanda siyasi sabitliyin bərbad dönəmində öz mənfur əllərini Rahib Məmmədovun abidəsinə də uzatdıqları acı təəssüf doğururdu. Sonradan 2012-ci ildə abidə bərpa edildi.
Kimsə, hansı nadanlarsa 19 yaşlı bu böyük qəhrəmanı unda bilər. Onun haqq etdiyi haqqını danar. Lakin qarabağlılar, bütövlükdə Azərbaycan xalqı onun əziz xatirəsini həmişə yaşadacaq. Bu gün doğum günü olan Rahib Məmmədovu yad edərkən onlarla, yüzlərlə haqqına əl qoyulmuş igid soydaşlarımızın da ruhu qarşısında baş əymək hamımızın vicdan borcudur.
Yeri gəlmişkən Sovet İttifaqı Qəhrəmanı adı SSRİ-də ən ali mükafat-ad idi. Təsis olunduğu 1934-cü ilədən 17 oktyabr 1991-ci ilə dək bu ada 12 min insan layiq görülüb. Sonuncu Sovet İttifaqı Qəhrəmanı Ukrayna əsilli Oleq Babak SSRİ-nin rəsmən buraxıldığı 8 dekabr Belojevski anlaşmasına 51 gün qalmış erməni quldurları tərəfindən Qubadlı rayonunda qətlə yetirilmişdir.
Sovet İttifaq Qəhrəmanı adına layiq görülənlərin 124 nəfəri Azərbaycan vətəndaşı, onlardan 43 nəfəri isə etnik mənsubiyyətcə azərbaycanlılar idi. İki dəfə Sovet ittifaqı Qəhrəmanı adını alan Həzi Aslanovun da haqq etdiyi ikinci təltifinin reallaşması SSRİ-nin buraxılmasına az qalmış mümkün oldu.
Hal-hazırda həyatda olan yeganə Azərbaycan əslli Sovet İttifaqı Qəhrəmanı Musa Manarov da iki dəfə bu ən ali ada layiq görülüb. (1988, 1991-ci illərdə)
Şəxsi araşdırmalarıma, Podolsk Hərbi Arxivindən əldə etdiyim məlumatlara əsasən 11 nəfər azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına təqdimatı ya müəmmalı şəkildə yox edilib, ya da SSRİ Ali Sovetində “məsləhət” bilinməyib. İkinci dəfə bu ada təqdim olunan, lakin hansısa düşmən əli ilə müəmma burulğanına düşən Səməd Abdullayev, son anda haqq etdiyi adı Lenin ordeni ilə əvəzlənən Hüseyn Əliyev ( Hüseynbala Əliyev) kimi soydaşlarımız da Rahib Məmmədovun oğurlanan haqqı kimi tariximizin unutmağa haqqımız olmayan səhifələrindən sətirlərdir.

Müəllif: Pərviz YƏHYALI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru