Etiket arxivi: SƏMƏD VURĞUN

“Xalqımızın ilk Xalq şairi Səməd Vurğun – 120”

Səməd Vurğun – 120

21 mart 2026-cı il tarixində Milli Kitabxana tərəfindən XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, tanınmış dramaturq və ictimai xadim, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə “Xalqımızın ilk Xalq şairi Səməd Vurğun – 120” adlı virtual sərgi və “Azərbaycanın Xalq şairi Səməd Vurğun” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Xalq_sairi_Semed_Vurgun/index.htm linkindən istifadə etməklə tanış ola bilərsiniz.

Elektron məlumat bazası ilə https://anl.az/el/emb/S.Vurgun/index.html linkindən istifadə etməklə tanış ola bilərsiniz.

Ətraflı: https://www.millikitabxana.az/news/semed-vurgun-120

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vəkilov Səməd Yusif oğlu

Vəkilov Səməd Yusif oğlu

21 mart Azərbaycan sovet poeziyasının parlaq günəşi, poeziyanın bayraqdarı, drammaturq, ilk xalq şairi fəxri adını alan Səməd Vurğunun (Vəkilov Səməd Yusif oğlu) dünyaya gəlməyindən 120 il keçir. Ədibin poeziyasında o dərəcədə axıcılıq, nəğmə var ki, çox eşitmədiyimiz şeiri uzaqdan səslənəndə, ya şeirindən bir parça oxunanda dərhal Səməd Vurğunun olduğu bilinir. Cəfər Cabbarlı 20 martda, Səməd Vurğun 21 martda dünyaya gəliblər, hər ikisi bahar oğludur, ona görə də yaradıcılıqlarında bahar nəfəsi, bahar şəfəqləri duyulur. Ədibin şəklinə baxın. 50 yaşında dünyadan köç edib. Şəkildə sanki 80 yaşlı ahıl bir kişidir. Çünki o 50 illik ömründə neçə ömür yaşayıb, yaradıcılıqla, gəzməklə, xalqla daha çox ünsiyyətdə olmaqla. İki ömür qədər həyatı görüb. Xalqla çox ünsiyyətdə olurdu, ova gedirdi. Ovda bir dəfə ovçu tanışına ceyranı vurmağa qoymayıb, atəş açan anda tüfəngin lüləsini “dayan” deyib yuxarı qaldırıb. Məşhur “Ceyran” şeiri də ondan sonra yazılıb. “Azərbaycan” şeiri isə mən deyərdim ki, şairin manifestidir. Atam Nəbi Xəzrinin də ustadı olub, onu gənc vaxtlarında, 20 yaşında “Söz” şeirini oxuyandan sonra təkidlə hələ kitabı çap olunmamış Yazıçılar İttifaqına üzv keçirib. Anam danışardı ki, Səməd Vurğun 1956-cı ildə dünyasını dəyişəndə Nəbini ilk dəfə hönkürərək ağlayan gördüm, dedi ki, mənəvi atamız getdi. Ruhu şad olsun ustadın, Allah rəhmət eləsin.

Mənbə: Arzu Babayev

SƏMƏD VURĞUNUN YAZILARI

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

NƏBİ XƏZRİNİN ŞEİRLƏRİ

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Səməd Vurğun haqqında

SƏMƏD VURĞUN HAQQINDA

Əziz dostlar, martın 21-i şeirlərində mənsub olduğu xalqına, el-obasına, soykökünə bağlılığına, əsərlərinin hər bir misrasının sadəliyinə, səmimiyyətinə, axıcılığna və ürəyəyatımlılığına məftun olduğumuz, Azərbaycanın ilk Xalq Şairi, hələ 29 yaşı olanda “El bilir ki, sən mənimsən”, “Nələr çəkib başın sənin, bilinməyir yaşın sənin”- deyə dünyaya “Azərbaycan, Azərbaycan!” adlı bir haray çəkən, ana dilimizin – Azərbaycan bədii dilinin hər birimiz üçün anlaşıqlı elə o qədər də doğma və sevimli olmasında xüsusi xidmətləri olmuş, XX əsr Azərbaycan poeziyasının sərkərdəsi böyük Səməd Vurğunun doğum gündür.
Bu bir həqiqətdir ki, haqq dünyasına qovuşmasından 70 ilə yaxın vaxt keçməsinə baxmayaraq, onun əsərləri bu gün də sevilə-sevilə oxunur, şerləri xalqımızın yaddaşına əbədi həkk olunaraq dillər əzbərinə çevrilmişdir.
Əziz dostlar, budur əsl sənət, budur əsl söz, budur əsl sənətkar! Böyük şairin əsərlərindən bir neçə misranı diqqətinizə çatdırmaqla hər birinizi Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, əmin-amanlıq və yeni, daha böyük uğurlar arzulayıram:
Yüz il biz ayrıldıq ana dilindən,
Məktəbin adına dedik “uşkola”
Oxucum! bir daha nəzər yetir sən,
Keçdiyin o qanlı, o qorxunc yola.
Yüz il Füzuliyə həsr olunmuş qalaraq,
Doğma anamıza “mama” deyək.
Yüz illik yuxuya birdən dalaraq,
Yatdıq gözümüzdən yaş dama-dama.
Yüz il nəfəsini çəkə bilmədi,
Şairlər oylağı boyük bir ölkə,
Yüz il öz qolunu çəkə bilmədi…
Tarix! Səninkidir bu qara ləkə!
Tər içdi, qan uddu motal papaqlar,
Son dana, son çuval getdi vergiyə…
Bağlandı qapılar, sondu ocaqlar,
Qarılar, qocalar yalvardı göyə…
Axdı Rusiyaya neft kəmərləri,
Daşıdı onların ilk dəmir yolu…
Tarixə hökm edən o gündən bəri,
Çalışdı yadlara Azəri oğlu…
O gündən titrədi yurdun üstündə
Cüt başlı qartalın qanlı bayrağı,
Tarixin doğduğu o qara gündə
Böyük bir ölkənin sondu çırağı.
O gündən yayıldı siflis, süzənək,
Eşitdik ilk dəfə “fahişə” sözü…
Bunları nəzm ilə artıqdır demək
Tarixə şahiddir tarixin özü.
O gündən göründü sarı paqonlar,
Boşaldı kəndlinin dolu xırmanı.
Elləri qurd kimi taladı onlar,
Dedilər: padşahın sağ olsun canı.
O gündən ağladı aşığın sazı,
Dilində can yaxan dərdli haraylar.
Uçan durnaların küskün avazı,
Ötdükcə dinlədi ulduzlar, aylar.
Buludlar çaxnaşdı, hava daraldı,
Çumalar dolaşdı bizim elləri.
Bizim ipəkləri Peterburq aldı,
Bəzəndi knyazın madmazelləri.
O gündən saraldı yaşıl təbiət,
Axdı həzin-həzin Kür çayı, Araz
Baş əydi qanuna kitab, şəriət
Ürəklərdə, baxışlarda yas…

Mənbə və müəllif: Misir Mərdanov

MİSİR MƏRDANOVUN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Baharın ilk günündə doğulan dünyanın ən böyük bahar şairi

Baharın ilk günündə doğulan dünyanın ən böyük bahar şairi

SƏMƏD VURĞUN

bəlkə də sovetlətin yeganə qələm adamı olan dühası idi ki, 1937-ci ilin ağrısını ölənədək yaşadı.

Yoxsa 50 yaşında az qala 80 yaşlı qocaya oxşamazdı ki…

Və Müşfiq şerimizin cavanlıq, Füzuli qocalıq rəmzi hesab olunubdusa, Səməd Vurğun ümumiyyətlə şairliyin, insanlığın, həm də xeyirxahlığın və istedadın simvolu olub Azərbaycan insanının düşüncəsində və ruhunda.

İndi ona çaqqal kimi hürənlər də çoxdu, adını aşağılamaq istəyənlər də…

Amma O, sovet epoxası adlanan onilliklərin ən halal, ən vicdanlı, ən milli, ən talantlı və heç şübhəsiz ən nüfuzlu şəxsiyyətlərindən biri idi.
Ömrü boyu yaxşılıqlara könül açdı və kimsəsiz istedadlara həyan oldu, onlara həyatı tanıtdı, yollarında şam kimi əridi.

Hər halıyla Azərbaycanda şəxsiyyət faktorunun önündə gəlib də, ən uca ədəbi zirvələri fəth etdi.

Ölümündən 70 il keçsə də, böyük ilham və tükənməz eşq ilə qələmə aldıqlarının əhəmiyyətli bir hissəsi siyasi konyukturalar ucbatından ədəbi xronikaya çevrilsə də, Səməd Vurğun ümumtürk ədəbi dilinin ən uca zirvələrinin başında qalmaqda davam etməkdədir.

Bu gün bizim dilimiz bu qədər dupduru, bir belə tərtəmiz, bu boyda halaldırsa, həm də Səməd Vurğuna minnətdar olmalıyıq.

Şah Xətai, Abbas Tufarqanll, Vaqif, Aşıq Ələsgər kimi…

O həmişə yaşayacaq!
Nə qədər ki, dilimiz var!
Nə qədər ki, millətimiz var olacaq!

Özü necə deyirdi:

Vurğun öldü deməyin, bir əbədi sənəti var!

☆☆☆☆☆

SƏNDƏN BU TƏRƏFƏ
Səməd Vurğuna

Yenə nə müddətdi səni anıram,
Olmuşam sözünün heyranı yenə.
Səndən bu tərəfə… ha boylanıram,
Bir də istəyirəm gələm səcdənə.

Səndən bu tərəfə… şeir qurtarır,
Səndən bu tərəfə… yol səninkidi.
Zirvənin başını yenə çən alır,
Duman həminkidi, dağ həminkidi.

Səndən o tərəfdə Füzuli durub,
Vaqif var, Sabir var bir az bəridə.
Şeir köhlənini gör kimlər yorub,
Kimlər bu karvandan
qalıb geridə.

Sənsiz olmayıbdı şeirin bir günü,
Yazmaq istəyənə sözmü qoyubsan.
Elə tutubsan ki, sənət
mülkünü,
Şair olmağa bir üzmü qoyubsan.

Yenə nə yaransa şeir adına
Hərlənib keçəcək sözündən, baba.
Keçən olmayacaq səndən o yana,
Səndən bu yanda da özünsən, baba!

Müəllif: Ehtiram İLHAM

EHTİRAM İLHAMIN YAZILARI

SƏMƏD VURĞUNUN YAZILARI

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan, Azərbaycan!

Fotoda: Zaur USTACAYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist

AZƏRBAYCAN

Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hansı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!

Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.

Dağlarının başı qardır,
Ağ örpəyın buludlardır.
Böyük bir keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.

Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr…
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin!
Aranın, yaylağın sənin.

Keç bu dağdan, bu arandan,
Astaradan, Lənkərandan.
Afrikadan, Hindistandan
Qonaq gəlir bizə quşlar,
Zülm əlindən qurtulmuşlar…

Bu yerlərdə limon sarı,
Əyir, salır budaqları;
Dağlarının dümağ qarı
Yaranmışdır qarlı qışdan,
Bir səngərdir yaranışdan.

Lənkəranın gülü rəng-rəng,
Yurdumuzun qızları tək.
Dəmlə çayı, tök ver görək,
Anamın dilbər gəlini!
Yadlara açma əlini.

Sarı sünbül bizim çörək,
Pambığımız çiçək-çiçək,
Hər üzümdən bir şirə çək
Səhər-səhər acqarına,
Qüvvət olsun qollarına.

Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan tərə bata-bata,
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göy gölə bax!..

Ey azad gün, azad insan,
Doyunca iç bu bahardan!
Bizim xalı-xalçalardan
Sar çinarlar kölgəsinə,
Alqış günəş ölkəsinə!

Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan;
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.

Bir dön bizım Bakıya bax,
Sahilləri çıraq-çıraq,
Buruqları hayqıraraq
Nərə salır boz çöllərə,
İşıqlanır hər dağ, dərə.

Nazlandıqca sərin külək
Sahillərə sinə gərək,
Bizim Bakı – bizim ürək!
İşıqdadır qüvvət sözü,
Səhərlərin ülkər gözü.

Gözəl Vətən! O gün ki, sən
Al bayraqlı bir səhərdən
İlham aldın…yarandım mən.
Gülür torpaq, gülür insan
Qoca Şərqin qapısısan.

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Müəllif: Səməd VURĞUN

SƏMƏD VURĞUNUN YAZILARI

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

DEMƏ SƏMƏD VURĞUN GƏLDİ-GEDƏRDİ

DEMƏ SƏMƏD VURĞUN GƏLDİ-GEDƏRDİ
I yazı

Bu gün Səməd Vurğunun 120 yaşı tamam olur.
Səməd Vurğunun Xalqımızın ən böyük şairlərindən biridir.
Səməd Vurğun yeganə Azərbaycan şairdir ki, onun məşhur “Azərbaycan” şeirinin ən azından bir bəndini bütün Azərbaycanlılar əzbər bilir:
El bilir ki, sən mənimsən.
Yurdum yuvam məskənimsın,
Anam doğma vətənimsən,
Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan.

Azərbaycanda bu qədər populyar olan ikinci belə bir şeir yoxdur.
Səməd Vurğun atamdan yaşca böyük olsa da,aralarında çox isti münasibət olub. Atam 47- ci ildə onun haqqında məqalə yazıb. Məqaləni məktubla Səməd Vurğuna göndərib. Səməd Vurğun məktubu oxuyandan sonra atamı Bakıya dəvət edib. Görüşüblər. Atama ədəbi yaradıcılıqla bağlı müəyyən tövsiyyələr verib…Sonra atam Rayon Partiya komitəsində işləyib. Məşhur içtimai və siyasi xadim Kamran Hüseynov Neftcala Rayon Partiya komitəsinin birinci katibi işləyəndə atama Səməd Vurğunu Neftcalaya dəvət etməyi tapşırıb. Bu söhbət 1952- cü ildə olub. Kamran Hüseynov Səməd Vurğunla yaxın dost olub. Həftənin ikinci günü atam Səməd Vurğunla görüşüb, Səməd Vurğun görüşə razılıq verib və görüş həmin həftənin şənbə gününə təyin olunub. Görüşə iki gün qalmış, cümə axşamı Kamran Hüseynov Bakıya hansısa iclasa dəvət olunub.Cümə günü günorta Bakıdan qayıdan Kamran Hüseynov atamı otağına çağırıb. Atam deyir ki, Kamran Hüseynovun qanı qara idi. Səbəbini bir azdan bildim. Kamran müəllim nənə:
-Sən təcili Səməd Vurğuna zəng elə, bir bəhanə ilə görüşün başqa vaxtı kecirildiyini de. Həm də elə et ki, şair inciməsin. Atam deyir ki, mən artıq Səməd Vurğunla görüşdə edəcəyim çıxışı yazıb qurtarmışdım. Sabahkı görüşlə bağlı bütün hazırlıq işləri görülmüşdü. İndi isə Kamran müəllim Səməd Vurğuna görüşün təxirə salındığını deməyimi istəyirdi. Onu da deyim ki, Kamran Hüseynov atam üçün, ömrünün sonuna qədər müqəddəs adam timsalında qaldı… Hec nə başa düşməyən atama Kamran Hüseynov bu arzuolunmaz qərarının səbəbini izah edir:
-Dünənki iclasda Mircəfər Bağırov öz çıxışında Səməd Vurğunu bərk, amansız tənqid elədi. Hiss olunurdu ki, Bağırov Səmədə qarşı cox qəzəblidi… İndi fikirləş, səhər Səməd Vurğunun Neftçala zəhmətkeşləri ilə görüşə gəlməsi Bağırovu necə qəzəbləndirər. Bağırov bizim Səmədi görüşə çağırmamızı hec zaman bizə bağışlamaz və bizi ən ağır cəza ilə cəzalandırar.
Atam deyir ki, könülsüz də olsa, elə Kamran müəllimin otağından Səməd Vurğunun evinə zəng elədim.Telefonu Xavər xanım götürdü. Səməd Vurğun xəstə idi, yatırdı. Xavər xanımdan kimin zəng etdiyini soruşdu. Mənim olduğumu bilib telefona gəldi. Salam verib, özümü güclə ələ alaraq Neftçalada havaların qarışıq olduğunu, ona görə də görüşü başqa vaxta keçirmək istədiyimizi dedim. Səməd Vurğun arif adam idi. Məsələni anladı:
-Elə mən də xəstəyəm. Narahat olmayın, münasib bir vaxtda hökmən Neftçalalıların qonağı olaram – dedi.
…Neftçalada Səməd Vurğunla unudulmaz görüş 1954- cü ilin 12 iyununda baş tutub. Artıq Stalin ölmüş, Bağırov vəzifəsindən kənarlaşdırılmışdı. Atam deyir ki, Səməd Vurğun Neftçalaya günortadan sonra gəldi. “Pobeda” maşını ilə gəlmişdi. Oğlunu da (Vaqif Səmədoğlu) gətirmişdi. Axşam Neftçaladakı yay klubunda şairlə görüş olacaqdı. O vaxta qədər Səməd Vurğun yeni salınmış şəhərimizi gəzmək istədiyini bildirdi. Birlikdə şairin “Pobeda” maşınına əyləşdik. Təzə əkilmiş ağaşcların yaşıllığı, səliqə ilə tikilmiş evlər, asfalt döşənmiş kücələr, şəhərimizin təmizliyi Səməd Vurğunun çox xoşuna gəlmişdi… Axşam yay klubunda şairlə görüş olur. O vaxt Neftçalada Səməd Vurğunla görüşün şərəfinə bir yenilik də olmuşdu. Görüş qabağı bütün evlərə yerli radio qovşağı çəkilmişdi. Atam bir saata yaxın məruzə edib. Məruzə Səməd Vurğunun çox xoşuna gəlib. Elə həmin gün gecə atama bağışladığı rus dilindəki kitabında öz xətti ilə həmin məruzəni nəzərdə tutub “Şairanə məruzəsi, xoş söhbətləri ilə mənə anam Məhbubə kimi layla çalan qardaşım İmamverdiyə xatirə” sözlərini yazıb…Səməd Vurğun həmin əfsanəvi, Neftçalalıların yaddaşında ömürlük iz salmış görüşdə 2 saata qədər şeir söyləyir. Hər şeir uzun zaman kəsilməyən alqışlarla qarşılanır. Onun səsini yerli radio qovşağı vasitəsi ilə şəhərimizin bütün sakinləri dinləyib. Atam Səməd Vurğun haqqında xatirələrini 1966- cı ildə yazıb çap etdirib.Adı “”Şairin son sözü” olan xatirəni 1966- cı ildə radioda Aydın Qaradağlı oxudu. O vaxt radioya maraq böyük idi. İnsanlar radioya qulaq asırdılar. Atamın Səməd Vurğun haqqında xatirısi,özü də Aydın Qaradağlının ifasında, çox böyük rezonans doğurdu. Atama Azərbaycanın dörd bir tərəfindən, hətta başqa respublikalardan yüzlərlə məktub gəldi. O da yadımdadır ki, həmin xatirə ilə bağlı atama məktub yazanlardan biri, planetin ən qocaman sakini Şirəli Müslümov idi.
Atam həmin gün haqqında yazdığından mən onun yazdıqlarını burada təkrar etmək istəmirəm Amma atam həmin gün haqqında bəzi xatirələrini müəyyən səbəblərdən qələmə almayıb. Axşam evimizdə, şairin şərəfinə böyük bir ziyafət olur.Səməd Vurğun gecəni bizdə qalır. Gecə yarısına qədər atamla söhbət edib…Səhər, çay süfrəsindən sonra, təxminən saat 11 də Səməd Vurğun bizdən ayrılır. Atama söz verir ki,yaxın günlərdə yenə gələcəm. Kürlə Xəzərin birləşdiyi yeri (Kür Xəzərə Neftçalada qovuşur) görmək onun ən böyük arzularından biri olub. Atam deyir mən də “Pobeda”ya əyləşdim. Səməd Vurğunu o vaxtki 26-lar qəsəbəsinə (İndiki Mirqurbanlı) qədər ötürdüm. Atam deyir ki,Səməd Vurğunun kefi kök idi. “Aman nənə, zalım nənə, yar nənə” mahnısını oxuyur, məni də oxumağa həvəsləndirirdi. 26- lar qəsəbəsinə qədər birlikdə həmin xalq mahnısını oxuyublar.
21 mart 2026.
saat 02:37

ardı burada: DEMƏ SƏMƏD VURĞUN GƏlDİ-GEDƏRDİ

       

Müəllif və mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SƏMƏD VURĞUN AZƏRBAYCAN XALQININ MİLLİ SƏRVƏTİDİR!

İLYAS İSMAYILOV: “SƏMƏD VURĞUN AZƏRBAYCAN XALQININ MİLLİ SƏRVƏTİDİR!”
Mən Baş Prokuror olarkən Mikayıl Müşfiqin cinayət işinin materialları ilə şəxsən tanış olmuşam.
Səməd Vurğun Azərbaycan xalqının yetişdirdiyi ən böyük şairlərindəndir. Əslində o, bizim milli sərvətimizdir. İlhamı bulaq kimi çağlayan, hətta bir neçə gün ərzində böyük poema yazacaq qədər mahir sənətkar olan bu adamın yeganə bədbəxtçiliyi sovet hakimiyyətinin ən repressiv dövründə yaşamış olmasıdır. Bununla belə, bütün çətinliklərə baxmayaraq o, ədəbiyyat xəzinəmizə misilsiz əsərlər vermiş, ölkəmizin dünyaya tanıdılmasında əvəzsiz xidmət göstərmişdir. Xüsusilə, II Dünya müharibəsi dövründə onun qələmə aldığı əsərlər bütün dünyanın mübarizə apardığı alman faşizminə qarşı mübarizədə sözün həqiqi mənasında ideoloji silaha çevrilmişdir. Təsadüfi deyil ki, onun müharibə illərində yazdığı “Ukrayna partizanlarına” şeirinin mətni dərc edilərək təyyarədən Ukrayna meşələrinə səpələnib partizanlara çatdırılmışdır.
Səməd Vurğunun şan-şöhrəti yalnız keçmiş sovet məkanı sərhədləri daxilində qalmamış, bütün dünyaya yayılmışdır. Hətta o vaxt SSRİ ilə əks qütbdə dayanan qüvvələr belə ideoloji fərqliliklərə baxmayaraq Səməd Vurğun poeziyasının böyüklüyünü etiraf etmək məcburiyyyətində qalmışdılar. Bunun ən bariz nümunəsi kimi1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış dəyərli əsərlərin müsabiqəsini göstərmək olar. Həmin müsabiqədə Səməd Vurğunun “Ananın öyüdü” şeiri 20 ən yaxşı əsərdən biri kimi qiymətləndirilib və Nyu-Yorkda çap olunaraq hərbçilər arasında yayılıb. Bütün bunlar Səməd Vurğunun necə bir şair olduğunu sübut edir. Sovet hakimiyyəti də onun dahi bir şair olduğu qənaətində idi və buna görə də 1954-cü ildə Sovet Yazıçıların İkinci Ümumittifaq Qurultayında “Sovet poeziyası haqqında” məruzəsi ilə çıxış etmək ona tapşırılmışdı.
Kimlərinsə Səməd Vurğunu bu cür qiymətləndirməsi, görünür, onun tarixi şərait və ədəbi yaradıcılıq əlaqələrini nəzərə almamasından irəli gəlir. Ümumiyyətlə, bu zərərli tendensiya yalnız bir nəfərə aid olan məsələ deyil, bir çoxlarında belə yanlış düşüncə var. Bütün cəmiyyətimiz nədənsə, tarixi şəxsiyyətlərə qiymət verərkən məsələlərə bu günün nöqteyi-nəzərindən yanaşırlar. Bu da şəxsiyyətlərin doğru qiymətləndirilməsində yalnış nəticələrə gətirib çıxarır. Məsələn, öz əqidəsi uğrunda nəinki ölümü, hətta dərisi soyula-soyula qətlə yetirilməyi belə gözə alan Nəsimi yazdığı
“Dərdmənd etdin məni, ey dərdə dərman erməni,
Olmuşam eşqin yolunda bəndə-fərman erməni”- şeirinə görə bu gün bizə azərbaycançılığı, müqəddəs dəyərləri bir erməni gözəlinə satan vətən xaini kimi görsənə bilər.
Eynilə, S. Vurğunun “Vaqif” poeması da bu gün bəziləri üçün türkəsilli Qacara qarşı həqarət yağdıran ədəbiyyat nümunəsidir. Yazıldığı dövrdə isə Azərbaycanın İran istilasına, şahlıq üsul-idarəsinə qarşı dirənişin tərənnümü kimi dərk olunurdu. Səməd Vurğun da onu yazanda sözsüz ki, öz millətinin içərisindən çıxmış tarixi qəhrəmanı inkar etmək məqsədi güdmürdü. Məqsədİ fars şovinizminin Azərbaycan xalqını assimilyasiya uğratmaq istəməsinə etiraz etmək idi. Və əsərdə bu tezis olduqca aydın şəkildə öz əksini tapırdı. Vaqifin Qacarla qarşılaşdığı səhnədə İran şahının Azərbaycan dilində şeir yazmağa ironiya ilə yanaşmasına verdiyi cavab bu mənada diqqətə layiqdir. Bu faktın özü də sübut edir ki, Səməd Vurğunun Şah Məhəmməd Qacara düşmən münasibətinin əsası heç də vətənə, millətə barmaqarası baxmağından irəli gəmirdi. Əksinə, Səməd Vurğun dövrün tələblərindən istifadə edərək Azərbaycan ədəbi dilinin formalaşmasında misilsiz xidmətlər göstərməyə çalışır, bunu həm əsərlərində təbliğ edir, həm də yazdığı şeirlərlə nümunələr yaradırdı.
Tarixi şəxsiyyətləri qiymətləndirərkən tarixi şəraitin nəzərə alınmaması hər şeydən əvvəl demokratik dünyagörüşə də zidd hadisədir və keçmişi inkar fəlsəfəsinə əsaslanır. Keçmişin inkarı cəmiyyətlərin dəyişilməsi üçün ən vacib şərtlərdən sayılsa da bunun həddən ziyadə olması nəticə etibarilə vulqarizmə aparır ki, bu gün bir çoxlarının haqlı olaraq bəyənmədiyi sovet nəzəriyyəsi belə vulqarizmdən qaçmağa çalışırdı. Xüsusilə ədəbiyyat və mədəniyyət nümunələrinə münasibətdə bunu aydın şəkildə sezə bilərik. Sovet dövründə bizlərə öyrədilən Füzulinin, Nizaminin poemaları mətləbə keçməzdən əvvəl Allahın, peyğəmbərin tərifiylə başlayır, dövrün hökmdarlarının mədhiyyəsiylə davam edirdi. İdeoloji dünyagörüşünə görə ateist olan SSRİ bütün bu əks fikirlərə baxmayaraq onları anti-sovet şair adlandırıb məktəblilərdən uzaq tutmağa çalışmırdı. Əksinə təbliğ edir, elm ocaqlarında həmin tarixi şəxsiyyətləri tədqiq edən mərkəzlər yaradırdı. Çünki bu şairlərin dövrün tələbinə görə yaşayıb yaratdıqlarını qəbul edirdi.
Səməd Vurğun da öz dövrünün şairi idi. Bəzi məqamlarda öz fikirlərini dövrün tələblərindən irəli gələn prinsiplərin əsasında çatdırır, oxucularda milli-mənəvi ruhun formalaşdırmağa çalışırdı. Hətta bu xüsusiyyətinə görə onun az qala repressiyaya uğraması təhlükəsi belə yaranmışdı. Xüsusilə, 1953-cü ildə şairin üzərinə hücumların artığı bilinən həqiqətlərdəndir. Həmin ildə şairin yazdığı “Aygün” poeması ciddi tənqid olunur, Azərbaycan Yazıçılar İttifaqı onu millətçilikdə günahlandıraraq haqqında Moskvaya məktublar göndərirdi. Moskvada çap edilmiş “Şairin hüquqları” məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirmişdi. Hətta bir ara kitabları kitabxanalardan, dramlar əsərləri səhnədən uzaqlaşdırılmışdı. Müasirlərinin bildirdiyinə görə şairə şəhərdən çıxmaq belə qadağan edilmişdi. Hər kəs repressiyanın növbəti qurbanının qətlə yetiriləcəyini gözlərkən şairi xoşbəxt bir təsadüf xilas etdi. Bu təsadüf Stalinin ölümü və yerli rəhbərliyin dəyişilməsi idi. Yəni, qələmə aldığı “Vaqif” əsərində Vaqifi qurtaran eyni tale Səməd Vurğunun da üzünə gülmüşdü.
1954-cü ildən sonra Səməd Vurğunun yenidən yüksəlişinin ikinci dövrü başlasa da bu intibah da uzun sürmədi. O dövrün repressiyasından sağ qurtulmasına baxmayaraq, bu repressiya təhlükəsinin gətirdiyi mənəvi gərginliklər onun çox yaşamasına imkan vermədi. 1956-cı ildə dünyasını dəyişən Səməd Vurğunu da bu mənada repressiya qurbanı saymaq olar.
Mən əslində cəmiyyətimizdə bəzən dəyərli tarixi şəxsiyyətlərə qarşı bu cür mövqe sərgilənməsini, hardasa, başa düşürəm. Böyük şəxsiyyətlər haqqında hansısa qüvvələr tərəfindən cəmiyyətə təlqin olunan dezinformasiyalar istər-istəməz vətəndaşlarımızı bu cür düşünməyə yönləndirir. Səməd Vurğun haqqında belə məqsədli dezinformasiyalar isə daha çox yayılıb. Hələ Azərbaycanın Respublika Prokroru işlədiyim zaman Səməd Vurğunun guya Mikayıl Müşfiqə qarşı ifadə verdiyi haqqında şaiyələr yayılmışdı. Mən arxivdən Mikayıl Müşfiqin cinayət işini tələb etdim. Cinayət işiylə tanış olduqda deyilənlərin tam əksinə, Səməd Vurğunun onu bacardığı qədər müdafiə etdiyini gördüm. Yazıçılar İttifaqının sədri Anarı çağırıb işlə onu da tanış etdim. Bu gün də Anar müəllim mənim dediklərimi təsdiq edə bilər.
Səməd Vurğun dahi şair olmaqla bərabər həm də böyük vətəndaş idi. O, bir çox kimsəsiz insanlara bacardığı qədər kömək etmiş, hətta qardaşaına yazdığı məktublardan birində özünü əzilənlərin hamisi olduğunu və bunu əsrin bəbəyinə sancacağına and içmişdi. Müasirləri onda həqiqətən də bu xüsusiyyətlərin mövcud olduğunu bildirirlər.
Qısacası, ölkəmizin görkəmli şəxsiyyətləri haqqında cəmiyyətimizdə yayılan bu cür informasiyaların heç bir əsası yoxdur və onların qəsdən yayıldığını, tarixi şüurumuza zərbə vurmaq məqsədilə daşıdığını, əsli olmayan bir millət olduğumuza bizi inandırmaq məqsədi güddüyünü düşünürəm. Belə zərərli fikirləri ifadə edərkən hər kəsi ehtiyatlı olmağa çağırıram”.

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ATAM SƏMƏD VURĞUN HAQQINDA – Vaqif SƏMƏDOĞLU

ATAM SƏMƏD VURĞUN HAQQINDA
Səməd Vurğun kimdir? Mənim atam. Dünya və Azərbaycan qarşısında daha nə nailiyyətləri var? Şair, akademik, SSRİ Ali Sovetinin demək olar ki, daimi deputatı, parlament qrupunun üzvü, Moskva Dövlət Universitetinin fəxri doktoru, Azərbaycan Akademiyasının vitse-prezidenti, ovçu, Sovet Sülh Komitəsinin üzvü, 2 dəfə Stalin mükafatı laureatı, 2 dəfə Lenin ordeni kavaleri, İosif Stalin qarşısında şeir oxumuş və Uinston Çerçillin qabağında tost demiş bir azəri türkü, şair, dramaturq. Bakıda vağzal meydanında onun heykəli ucalır. Bir heykəli də Axundov adına kitabxananın portalındadır. Bir büstü Bakıdakı ev-muzeyinin qarşısında, bir heykəli Salahlı kəndindəki xatirə muzeyinin qabağında, böyük bir abidəsi Qazax şəhərində, biri də Biləsuvar rayon mərkəzində. Ancaq Biləsuvardakı heykəli tək deyil, Puşkin ilə yanaşı durub, çünki Azərbaycanın cənubunda yerləşən bu qədim türk məskəninə nə zamansa dahi rus şairi Puşkinin adını vermişdilər. Niyə? Bəlkə ona görə ki, başqa bir ölkəni, özgə xalqı yalnız odlu silahla yox, odsuz silahla, dahi adlan ilə də zəbt eləmək olar. Keçmiş sovet respublikalarında minlərlə rus, sovet dövlət xadimlərinin adlarını daşıyan şəhərlər, qəsəbələr, kəndlər var idi. Çarizm vaxtında isə təbii ki, rus imperatorları və onların ailə üzvlərinin adlarını daşıyan şəhərlərdə yaşayıblar babalarımız. Ancaq Biləsuvarda Səməd Vurğun ilə Puşkinin yanaşı dayanmalarında ədəbi məntiq var. Səməd Vurğun Puşkinin “Yevgeni Onegin” poemasını bizim dilə böyük məhəbbət və professional məharətlə tərcümə edib. Odur ki, onların dünyanın hansısa bir yerində qoşa dayanma haqları var.
Səməd Vurğunla bağlı rəsmi məlumatları verdim. Adlar, titullar, abidələr, vəzifələr. Yox, bır vəzifəsı yadımdan çıxmışdı az qala: Səməd Vurğun uzun illər Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik edib. Ancaq bütün bu sadaladığım rəsmi tanınma atributları Azərbaycanda hamıya məlumdur. Və Azərbaycan nüfuzuna görə, deyəsən, 7-ci sovet respublikası statusundan qurtulub, dünyanın, kim bilir, neçənci müstəqil dövlətinə çevriləndən sonra aydın göründü ki, Səməd Vurğunun daşıdığı adlardan yalnız ikisi Azərbaycanda əbədi yaşamaq haqqına malikdir: Şair və İnsan. Qalanları ötəri şey imiş.
Atam şair kimi neçin həmişə yaşayacaq? Mən bunu bəlkə övlad istəyimə arxalanıb deyirəm? Xeyr, bunu mən professional kimi etiraf edirəm. Azərbaycan ədəbiyyatı tarixinin bir səhifəsi Səməd Vurğundur. Böyük poetik istedadı, oxucu, dinləyici ürəyinə-beyninə birbaşa yol tapan səlis, gözəl dil, pafosun poetikliyi, cəmiyyət və nəhayət, təbii hadisəyə bənzər, tamamilə aktyorluqdan uzaqda duran, bir özünü təqdim edə bilmək, sevilmək, yadda qalmaq, alqış doğurmaq bacarığı, Səməd Vurğun fenomeni. Miflər yaranan münbit zəmin… Sayı-hesabı yoxdur atam haqqında hələ özü sağ ikən yaranmağa başlayan miflərin, xatirələr formasında yazılmış yalanlı-doğrulu dastanların.
Yaxşı, bəs belə bir istedadla, böyük şair neçin 1937-ci illərin Stalin repressiyasına məruz qalmadı?

  • Səməd fılankəsi satıb, özü aradan çıxıb.
    Bu bir versiya.
  • Səməd doproslarda özünü mərd aparıb, elə kişilik göstərib ki, ona ölüm hökmü çıxarmağa heç kəsin əli qalxmayıb.
    Bu da başqa bir versiya.
    Anam Xavər xanımın versiyası:
  • Mircəfər Bağırov “Krasnıe Partizanı” təşkilatında sənin dayın, mənim böyük qardaşım Ağabəyin müavini olub.
    Bir başqası tamamilə səmimi deyir:
  • Səmədi tutub güllələsəydilər, bütün Azərbaycan xalqı ayağa qalxıb üsyan edərdi!
    O zaman bu xalqın qorxusundan səsi də çıxmırdı…
  • Ən istedadlıları, qaymaqları öldürdülər, qaldı belələri.
    Yalandır. Böyük bir bəşər, insan faciəsinin adi məişət cinayəti səviyyəsinə endirən yalan. Bəlkə də səmimi, fəqət, tarixdən, ədəbiyyat və incəsənətdən çox da hali olmayan insanların təəssüf doğuran məyus məntiqidir bu fikir. Rusiyada böyük şair Osip Mandelştam həbsdə çürüdüldü, dahi Boris Pasternak qaldı. Stalindən şeir yazdığına görə? Dünyada Stalinin adını poeziyaya ilk dəfə gətirən məhz faciəli şəkildə həlak olmuş Mandelştam olmuşdu. Anna Axmatova, Andrey Platonov, Marina Svetayeva, Mixail Bulqakov, nəhayət, tamamilə haqlı olaraq Nobel mükafatları almış Mixail Şoloxov və yenə də həmin Boris Pasternak. Bunlar fiziki olaraq repressiya maşınından qurtaranlardan bir neçəsidir. Və ən dəhşətlisi də ondadır ki, bu repressiyaların nə dəqiq çəki norması olub, nə ölçü etalonu. Azərbaycanda da, həmçinin Hüseyn Cavid, Mikayıl Müşfıq kimi sənətkarlar tələf edildilər və onlarla başqaları: Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və yenə də onlarla başqaları sağ qaldılar. İndi hansı tərəzi ilə istedadların çəkisini ölçək? Elə bir tərəzi tapılsaydı, hər iki gözü göz yaşları ilə dolub düz gələrdi. Bəlkə də birə-bir…
    Atamın o zaman həbs olunmaması haqda ən ağlabatan fərziyyəni 1971-ci ildə Moskvada mənə məşhur Sovet şairi-yazıçısı Konstantin Simonov dedi:
  • Bütün diktatorlar kimi Stalin də öz misilsiz yaddaşını hamıya nümayiş etdirirdi. Mən əminəm ki, hər dəfə Mircəfər Bağırov onun qəbulunda olanda o, Səməddən də sözarası hal-əhval tuturmuş. Səmədi fəlakətdən, yəqin elə bu qurtardı.
    Səməd Vurğun 1935-ci ildə Kremldə Stalinin qəbulunda olmuşdu. Azərbaycanda Sovet hakimiyyətinin 15 illiyi münasibəti ilə keçirilən bayram təntənələri günlərində. Və orada Stalinin hüzurunda onun şərəfınə yazdığı məşhur “Rəhbərə salam!” şeirini oxumuşdu. Elə burdaca, atamı tribunada saxlayaraq, Stalin ona bir neçə sual verib, cavab almışdı.
    Elə-belə, rəhbər “marağı”, “məzələnməyi”ni nümayiş etdirən sözlər…
  • Samed gto tvoe imə, a Vurqun familiə?
  • Net, tovarih Stalin, gto moy psevdonim.
  • A çto oznaçaet slovo Vurqun?
  • Vlöblennıy!
  • V koqo, v devuşku?
  • Net, tovarih Stalin, v Rodinu!
    Bax, belə bir söhbət Kremldə. Bunun stenoqramması atamın ev muzeyində saxlanılır. Vurğun ləqəbini isə məhz ilk uğursuz məhəbbətindən sonra götürübmüş atam. Stalini aldadıb … Ertəsi gün Stalinə orden və medallar almaq üçün təqdim edilmiş azərilərin siyahısını gətirirlər. Səməd Vurğun o siyahıda Qırmızı Əmək Bayrağı ordeninə layiq bilinibmiş. Ancaq Stalin öz əli ilə “Lenin” ordeni yazıb, o birini pozub… Atamı ölkənin ən yüksək ordeni ilə təltif edib. Belə ki, Simonovun dediyində böyük məntiq var. Həmçinin mənim yaddaşımdan respublikamızın o zamankı yerli diktatoru Mircəfər Bağırovun öz məhkəməsində dediyi sözlər də çıxmır. Hakim Almaniya faşizmi üzərində qurulmuş Nürnberq məhkəməsində SSRİ adından ittihamçı kimi çıxış edən Rudenko müttəhim Bağırovdan soruşdu:
  • Siz xalqın sevimli şairi Səməd Vurğunu neçin həbs etdirmək istəyirdiniz?
  • Mən bunu istəsəydim, çoxdan edərdim.
    Bağırovun sözləri də, zənnimcə, həqiqət idi. Görünür, həyatda hər bir tarixi hadisənin bir neçə yozumu olduğu kimi, dəhşətli Stalin repressiyaları da bir nöqtədən çəkilmiş cəhənnəm mənzərəsi deyil. Yəqin ki, bu haqda tarixçilər, xüsusilə, sovetoloqlar öz mötəbər fıkirlərini deməlidirlər, mənim amacım yalnız atamla bağlı bu haqda oğul sözünü demək idi…
    Səməd Vurğun, əsasən, 1926-cı ildən müntəzəm şeirlər yazmağa başlayıb və 1932-də kitabı – “Fanar” işıq üzü görüb. Kitabdakı şeirlər Mayakovski poetikası ruhuna və formasına yaxın yazılardan ibarətdir. Ümumiyyətlə, otuzuncu illərin əvvəlində çoxmillətli böyük bir ölkənin çoxdilli poeziyası forma etibarilə bir-birinin eyni idi. Mayakovski pafosu, sərbəst cümlələr pillələri, ritm və bu ənənə dahi rus şairi özünü tapança ilə öldürənə qədər davam etdi. “Fanar” kitabı ilə şair Səməd Vurğun başlandı.
    Bəs haralarda təhsil almışdı? Anadan olduğu Salahlı kəndinin məktəbındə S sinif oxumuşdu. Bibisi Ayşə xanım onu Qazaxa, orada yenicə, 1918-ci ildə açılmış seminariyaya gətirəndə, həmin təhsil ocağının rəhbəri, böyük maarifçi Firudin bəy Köçərli zəif, raxit bədənli, 12 yaşlı uşağı süzüb, deyibmiş:
  • Ayşə xanım, bu uşaq oxuya bilməz, zəifdir, xəstədir, beynində bilik qala bilməz, yazığın.
    Bunu eşidən Səməd ağzını açıb, Qurani-Kərimdən birnəfəsə surələr deməyə başlayıb, parlaq yaddaşını nümayiş etdirib və sonrakı illərdə seminariyanın 1 nömrəli tələbəsi kimi bütün mahalda ad çıxarıb. Humanitar fənlərdən savayı, riyaziyyat, coğrafıyadan başqa Qazax seminariyasında saz, tar, hətta skripka çalmaq da öyrənib, dram dərnəyinin fəal iştirakçısı olub. Sonralar Səməd Vurğun Bakı Pedaqoji İnstitutunda və Moskva Dövlət Universitetində təhsil alıb. Ancaq inanmıram ki, oxuduğu məktəblər, institut, hətta Moskva Universiteti ona nə isə verib, simasını şəxsiyyət kimi formalaşdırıb. Çünki təbiət etibarilə atam auditoriya və kitabxana adamı deyildi. Mən onu mütəmadi dərs oxuyan, leksiyalarda səliqə ilə konspektlər tutan tələbə kimi təsəvvürümə belə gətirə bilmirəm. O, özünü özü savadlı insan etmişdi. Fitri istedadı və kitab oxumağı ilə, bəli, çox geniş mütaliəsinin hesabına Səməd Vurğun dünya fəlsəfəsindən, ədəbiyyat və mədəniyyətindən, tarixindən xəbərdar idi. Onun haqqında yaranmış yanlış miflərdən birinə görə, Səməd Vurğun yalnız istedadı hesabına böyük ədəbi sima ola bilib, guya savadı olmayıb. Yalandır. Atam Kant, Hegel, Şopenhauer fəlsəfələrindən də xəbərdar idi, marksizm-leninizmi də bilirdi. Rus dilində çap edilmiş dünya ədəbiyyatının nümunələrinin əksəriyyətini də oxumuşdu. Rus dilində tamamilə sərbəst danışır, bir vergül səhvi belə buraxmadan yazırdı. İlya Erenbruq kimi intellektualı bu bacarığı ilə, hətta bir dəfə heyrətə gətirmişdi. Fəqət, yazımın əvvəlində demişdim: atam haqqında miflər çoxdur, indinin özündə də yaranmaqdadır. Qoy, olsun. Bu miflərdən, şəxsən mənə görə Səməd Vurğun poeziyasına nə xeyir dəyir, nə zərər. Bu poeziya isə poeziya məfhumunun özü qədər sehrkar və sirlidir. Niyə?
    1989-90-91-ci illərdə Bakıda keçirilən çoxminli Milli Azadlıq hərəkatının mitinqləri azəri türklərinin oyanışı, sovet imperiyasının süqutu, millətin öz doğma torpağı Qarabağa qarşı qonşu Ermənistanın təcavüzünə sinə gərməkçün qalxması amilləri ilə yanaşı, həm də neçə dəfə atamla bağlı da narahat hisslər keçirmişdim. O zaman Bakıda və başqa şəhərlərimizdə, qəsəbələrimizdə Leninin, Kirovun, Şaumyanın və başqa bolşevik rəhbərlərinin heykəlləri uçurulurdu. Və bu anlarda, nə gizlədim, mənim övlad qəlbimdə xəfıf, fəqət, dəhşətli bir xof, qorxu var idi ki, birdən beynləri qızmış gənclər “sovet şairi”, “sovet bəstəkarı”, “sosializm ideoloqları” fitvası altında Səməd Vurğunun, Üzeyir Hacıbəyovun da abidələrinə əl qaldırarlar, onları da dağıdarlar. Bununla da, Çində baş vermiş “mədəni inqilab”ın başqa variantını təkrar edərlər. Bu mənim şəxsi faciəm və əlbəttə ki, bütün Azərbaycana vurulmuş, ölkənin nüfuzunu bütün dünyada ən aşağı pilləyə endirən bir aksiya olardı. Xoşbəxtlikdən xalqımız mənim xofumdan qat-qat müdrik çıxdı, doğrudan da, poeziya məmləkətinin övladları olduğunu sübut etdi. Mitinqlərdə ən çox şeirləri səslənən şairlərdən biri məhz Səməd Vurğun oldu. Qəribədir, ana torpaq uğrunda şəhid olmağa hazır olanlar da Səməd Vurğunun şeirlərindən misralar deyirdilər, meydanda yüz minlərlə insanı dağıtmaq məqsədi ilə oraya gələn kommunist partiyasının rəhbərləri də, vətənpərvərlər və təxribatçılar, türkçülər və islamçılar, demokratlar və ifrat radikallar da. Belə də olmalı idi. Əsl poeziya, hətta hansısa konkret bir ideologiyanın tərənnümçüsü kimi çıxış edəndə belə, öz bədii muxtariyyətini qoruyub saxlamaq qüdrətinə malikdir. Buna misallar çoxdur. Uolt Uitmen Amerikada, Redyard Kiplinq İngiltərədə… Unutmayaq ki, məşhur “Qırmızı papaq” nağılını Şarl Pyero bir royalist ideoloqu kimi yazmış və bu nağıl Fransada bir müddət yasaq elan edilmişdir. Amma bu gözəl, müdrik nağılın bədiiliyi bütün ideologiyalardan qüvvətli, yaşarlı çıxıb və bu günə də ayaq basdı, gələcəyə də yönəlib. Görünür, Allah ədəbiyyatı, mədəniyyəti xüsusi nəzarəti altında saxlayır. Ona təşəkkür edək.
    Mən Allaha bir işinə görə də minnətdaram. 1933-cü ildə Səməd Vurğunu bir gənc qızla – Xavər Mirzəbəyovayla görüşdürdüyünə görə. Mənim atamla anamı…
    1935-ci ildə qardaşım Yusif Səmədoğlu dünyaya gəldi, yazıçı idi. Azərbaycan parlamentinin üzvü olmuşdur.
    1937-ci ildə bacım Aybəniz dünyaya göz açmışdı. Atam ən çox sevdiyi övladı. Onun bacıma olan böyük, kövrək məhəbbəti məndə nədənsə heç bir vaxt qısqanclıq doğurmayıb və bunun səbəbini sonralar anlamışam. Axı atam ata da görmüşdür, qardaşı da var idi. Anasını lap uşaqkən itirmiş, bacısı isə olmamışdır. Və Səməd Vurğun bu həsrətini məhz Aybənizlə söndürmüşdü. Bacım anam Xavər xanımla birgə Səməd Vurğunun Bakıdakı ev muzeyini saxlamış, onun ruhunu yaşatmışlar.
    Qardaşımla bacımın dünyaya gəlməklərini dedim, özümü isə az qala, unutmuşdum. Mən bu dünyaya 1939-cu ildə gəlmişəm. Mən doğulandan cəmi bir neçə saat sonra atam doğum evinə – anama qısaca bir məktub, şeir çatdırıb. İlk misraları belədir:
    Demək, oğlumuzun Vaqifdir adı, O da olacaqdır şeirin ustadı.
    Göründüyü kimi, məni ilk dəfə bu dünyada şair kimi elan edib, adımı qoyan və tanıyan adam Azərbaycanın Xalq şairi Səməd Vurğun olub. Əlbəttə ki, bu sözlərim zarafatdır. Mənim də həyatım təsadüflərdən yoğrulmuş bir insan taleyidir. Genetik amilləri mən kənara qoymuram. Bu da var…
    Mənim yazım Səməd Vurğun yaradıcılığının təhlili, onun tam bioqrafiyası deyil. Sadəcə olaraq, əli qələm tutan bir oğulun ata haqqında və dar çərçivə daxilində yazdığı bir essesayağı məlumatdır. Bununla belə deməliyəm ki, Səməd Vurğun ən tanınmış Azərbaycan dramaturqlarından biridir. İndinin özündə də onlarla, bəlkə də yüzlərlə adam var ki, onun mənzum “Vaqif” dramının ilk misrasından sonuncusuna qədər əzbərdən deyirlər! 1938-ci ildə yazılmış bu əsər hələ də unudulmayıb, çoxdan bəri səhnədə qoyulmasa da. “Fərhad və Şirin”, “Xanlar”, “İnsan” dramları da var Səməd Vurğunun.
    Səməd Vurğunun Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri, onun indiki ədəbi azəri türkcəsinin formalaşmasında apardığı mübarizədir. Dilimizin ifrat ərəb və farsçılıqdan qurtarmasında; qələbə ilə nəticələnmiş bir mübarizə. Və nə qədər ki, bu dil var, Səməd Vurğun adlı şair oxunacaq. Seviləcək və sevilməyəcək. Yəni yaşayacaq.

Müəllif və mənbə: Vaqif Səmədoğlu

Vaqif Səmədoğlunun digər yazıları

SƏMƏD VURĞUNUN YAZILARI

KİTAB HAQQINDA YAZILAR

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Məşhur bacanaqlar – foto

Abdulla ŞaiqSəməd Vurğun

Bu gün Abdulla Şaiqin anadan olduğu gündü. Abdulla Şaiq dahi Səməd Vurğunla bacanaq və yaxın dost idilər. Allah rəhmət eləsin. Amin.

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I