9 aprel 2026-cı il – anım günündə görkəmli alim, ictimai xadim İmamverdi Əbilov Neftçala rayonunda, məzarı başında ehtiramla anılıb. Bu barədə onun övladlarından biri (xatırladaq ki, Azər Turan da İmamverdi müəllimin oğludur) Etibar Əbilov öz sosial şəbəkə hesabında paylaşım edib:
“Bu gün Atamın vəfat etdiyi gün idi. Bununla bağlı bu gün Neftçala rayon İcra Hakimiyyətin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Tənzilə xanım Rüstəmxanlı, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan partiyası Neftcala rayon təşkilatının sədri… Atamın məzarını ziyarət etdilər. Rayonumuzun axundu atamın ruhuna “Fatihə” surəsini oxudu. Daha sonra Rayon İcra Hakimiyyətin başçısı cənab Mirhəsən Seyidov çıxış edərək Atamın ğördüyü xeyirxah işləri xatırladaraq Atama rəhmətlər dilədi. Mən qısa cavab cıxışımda hörmətli Mirhəsən müəllimə və atamın məzarını ziyarətə gəlmiş hər kəsə öz minnətdarlığımı bildirdim. Fürsətdən istifadə edib bu gün atamı yad edən hər kəsə; Feysbuk səhifəmdə atamla bağlı statusuma xoş münasibət bildirənlərə, müxtəlif saytlarda atam haqqında öz ürək sözlərini yazanlara, öz Feysbuk səhifələrində atamı xüsusi olaraq xatırlayanlara, bu gün münasibəti ilə mənə telefonla zəng edənlərə… hər kəsə… hər kəsə … ailəmiz adından minnətdarlığımı bildirirəm. Allah hər birinizdən razı olsun.”
2007- ci ilin 1 mayında Neftçalada atamın 80 illik yubileyi keçirildi yubileyə gələn qonaqlar arasında Səməd Vurğunun övladları – Xalq Şairi Vaqif Səmədoğlu və Aybəniz xanım da var idi.Həm Vaqif müəllim, həm də Aybəniz xanım həmin yubileydə çıxış da etdilər. Həmin unudulmaz yubuliyein lent yazısını bir neçə gündən sonra,bütövlükdə, “İçtimai” televiziyada göstərdilər. Vaqif Səmədoğlunun həmin çıxışını bu yazıma əlavə edirəm. Oma görə ki, Vaqif Səmədoğlu həmin çıxışında,1954-cü ilin 12 iyununda atası Səməd Vurğunla birlikdə bizə gəldiyi günü də xatırlayır:
ATAMIN NEFTÇALADA KEÇİRİLƏN 80 İLLİK YUBİLEYİNDƏ (01 MAY 2007) XALQ ŞAİRi VAQİF SƏMƏDOĞLUNUN ÇIXIŞI
Əziz dostlar! Bu saat Milli Məclisin şıdırğı iclası gedir.Ancaq Milli Məclis 2010-cu ilədək davam edəcək və bundan sonra da müstəqil Azərbaycan var olduqca Milli Məclisimiz, parlamentimiz olacaq. Ancaq İmamverdi müəllim kimi böyük bir insanın, böyük bir şəxsiyyətin 80 illiyi bir dəfə olur. Ona görə də mən bu gün parlament iclasında deyil, burada- İmamverdi müəllimin yubileyində iştirak edirəm. Əziz dostlar! Mənim mənsub olduğum Səməd Vurğun ailəsindən atam da, anam da, böyük qardaşım da dünyalarını dəyişib. İkicə adam qalmışıq- böyük bacım Aybəniz xanım və mən. Bu gün ikimiz də burdayıq. Başqa cür ola bilməzdi. Səməd Vurğunun ocağında qalanlar mütləq və mütləq bu gün İmamverdi kişinin hüzuruna buyurmalıydılar, onun haqqında xoş sözlər deməliydilər və onun əlini öpüb qayıtmalıdırlar. İmamverdi müəllim yaşda məndən böyükdür, amma hafizəsi mənim hafizəmdən yaxşıdır. İlk dəfə mən İmamverdi müəllimi görmüşəm 12- 13 yaşım olanda -Neftçalada. Əllinci illərin əvvəli idi. İmamverdi müəllimlə Səməd Vurğunun qucaqlaşıb öpüşmələrinin, indi öpüşməsinlər,o gün şahidi oldum.Həmin gün axşam bir tədbir var idi. Ancaq mən tədbirdə iştirak eləmədim, çünki uşağıydım, bir at gətirmişdilər və mən o atı minib gəzdim Neftçalanın küçələrində. Səməd Vurğun dünyasını dəyişəndən sonra mən növbəti dəfə İmamverdi müəllimin evində olanda onun evinin divarında bir şəkil gördüm: İmamverdi müəllim- gənc İmamverdi Əbilov çıxış edir və Səməd Vurğun rəyasət heyətinində oturub. Hələ bir dəfə də olmayıbdır ki, mən bu mahala gəlim, maşını Neftçalaya sürdürməyim. İmamverdi müəllimin evində çörək yeməyim, yatmayım. Dəfələrlə İmamverdi müəllimin evində olmuşam, onun kitabxanasını paxıllıqla və dərin hörmətlə seyr etmişəm. Özünün müdrik, son dərəcədə ağsaqqal söhbətlərinə qulaq asmışam və doğrudan da heyran qalmışam. Bu kişinin Bakıya gəlməyə dəfələrlə imkanı olub. Dəfələrlə bu kişiyə təklif ediblər ki, Bakıya gəl. Gəlsəydi, bu saat Azərbaycan elmi sahəsində, istər ədəbiyyat olsun, istər tarix olsun, ən üstün mövqelərdən birini tutacaqdı. Ancaq bu kişi Neftçalanı tərk eləmişdi. Bir də mən öz həyat təcrübəmdın bir şeyi Sizə demək istəyirəm. Hamımız Sovet dövrünü yaşamışıq.Birinci katiblər olub, indi İcra başçıları var. Birinci katiblər nüfuzlu müəllimlərdən şeytandan qorxan kimi qorxublar. Çünki katibləri onlar işdən çıxara biliblər. Ancaq mən Neftçalanın neçə 1-ci katibinin, neçə İcra başçısının İmamverdi müəllimə necə böyük hörmətlə, necə böyük İzzətlə yanaşdığının şahidi olmuşam. Bircə misal deyim. Rıhmətlik İbrahim müəllim – İbrahim Qurbanov deyirdi ki, mənim Neftçalada İmamverdi Əbilov kimi arxam var. İbrahim Qurbanovun bax bu sözü mənə bəs idi. Arxa İbrahim Qurbanov kimi qüdrətli, hörmətli bir raykom katibi İmamverdi müəllimə arxa deyirdi. Doğrudan da nəinki Neftçalaya, İmamverdi müəllim həmişə bu mahala arxa durub, Muğanın arxasında durub, bu zonanı arxasıyca aparıb.Və bu yolda çox böyük nüfuz, çox böyük hörmət qazanıb. Mən əminəm ki, İmamverdi müəllim bu gözəl yolu davam etdirəcək. Bu, təkcə Sizin deyil, Neftçalanın, Salyanın xoşbəxtliyi deyil, Azərbaycan mədəniyyətinin, Azərbaycan varlığının səadətdir, xoşbəxtliyidir.
Xüsusi qeyd: Şəkil atamın 80 yaşı tamam olan gün Neftçalada çəkilib. Şəkildə olanların adlarını yazmağa məncə ehtiyac yoxdur. Amma yenə də… Soldan sağa: Atam, Aybəniz xanım Vəkilova, Vaqif Səmədoğlu, Anar, Fikrət Qoca, Bəkir Nəbiyev.
Bu gün Səməd Vurğunun 120 yaşı tamam olur. Səməd Vurğunun Xalqımızın ən böyük şairlərindən biridir. Səməd Vurğun yeganə Azərbaycan şairdir ki, onun məşhur “Azərbaycan” şeirinin ən azından bir bəndini bütün Azərbaycanlılar əzbər bilir: El bilir ki, sən mənimsən. Yurdum yuvam məskənimsın, Anam doğma vətənimsən, Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan. Azərbaycanda bu qədər populyar olan ikinci belə bir şeir yoxdur. Səməd Vurğun atamdan yaşca böyük olsa da,aralarında çox isti münasibət olub. Atam 47- ci ildə onun haqqında məqalə yazıb. Məqaləni məktubla Səməd Vurğuna göndərib. Səməd Vurğun məktubu oxuyandan sonra atamı Bakıya dəvət edib. Görüşüblər. Atama ədəbi yaradıcılıqla bağlı müəyyən tövsiyyələr verib…Sonra atam Rayon Partiya komitəsində işləyib. Məşhur içtimai və siyasi xadim Kamran Hüseynov Neftcala Rayon Partiya komitəsinin birinci katibi işləyəndə atama Səməd Vurğunu Neftcalaya dəvət etməyi tapşırıb. Bu söhbət 1952- cü ildə olub. Kamran Hüseynov Səməd Vurğunla yaxın dost olub. Həftənin ikinci günü atam Səməd Vurğunla görüşüb, Səməd Vurğun görüşə razılıq verib və görüş həmin həftənin şənbə gününə təyin olunub. Görüşə iki gün qalmış, cümə axşamı Kamran Hüseynov Bakıya hansısa iclasa dəvət olunub.Cümə günü günorta Bakıdan qayıdan Kamran Hüseynov atamı otağına çağırıb. Atam deyir ki, Kamran Hüseynovun qanı qara idi. Səbəbini bir azdan bildim. Kamran müəllim nənə: -Sən təcili Səməd Vurğuna zəng elə, bir bəhanə ilə görüşün başqa vaxtı kecirildiyini de. Həm də elə et ki, şair inciməsin. Atam deyir ki, mən artıq Səməd Vurğunla görüşdə edəcəyim çıxışı yazıb qurtarmışdım. Sabahkı görüşlə bağlı bütün hazırlıq işləri görülmüşdü. İndi isə Kamran müəllim Səməd Vurğuna görüşün təxirə salındığını deməyimi istəyirdi. Onu da deyim ki, Kamran Hüseynov atam üçün, ömrünün sonuna qədər müqəddəs adam timsalında qaldı… Hec nə başa düşməyən atama Kamran Hüseynov bu arzuolunmaz qərarının səbəbini izah edir: -Dünənki iclasda Mircəfər Bağırov öz çıxışında Səməd Vurğunu bərk, amansız tənqid elədi. Hiss olunurdu ki, Bağırov Səmədə qarşı cox qəzəblidi… İndi fikirləş, səhər Səməd Vurğunun Neftçala zəhmətkeşləri ilə görüşə gəlməsi Bağırovu necə qəzəbləndirər. Bağırov bizim Səmədi görüşə çağırmamızı hec zaman bizə bağışlamaz və bizi ən ağır cəza ilə cəzalandırar. Atam deyir ki, könülsüz də olsa, elə Kamran müəllimin otağından Səməd Vurğunun evinə zəng elədim.Telefonu Xavər xanım götürdü. Səməd Vurğun xəstə idi, yatırdı. Xavər xanımdan kimin zəng etdiyini soruşdu. Mənim olduğumu bilib telefona gəldi. Salam verib, özümü güclə ələ alaraq Neftçalada havaların qarışıq olduğunu, ona görə də görüşü başqa vaxta keçirmək istədiyimizi dedim. Səməd Vurğun arif adam idi. Məsələni anladı: -Elə mən də xəstəyəm. Narahat olmayın, münasib bir vaxtda hökmən Neftçalalıların qonağı olaram – dedi. …Neftçalada Səməd Vurğunla unudulmaz görüş 1954- cü ilin 12 iyununda baş tutub. Artıq Stalin ölmüş, Bağırov vəzifəsindən kənarlaşdırılmışdı. Atam deyir ki, Səməd Vurğun Neftçalaya günortadan sonra gəldi. “Pobeda” maşını ilə gəlmişdi. Oğlunu da (Vaqif Səmədoğlu) gətirmişdi. Axşam Neftçaladakı yay klubunda şairlə görüş olacaqdı. O vaxta qədər Səməd Vurğun yeni salınmış şəhərimizi gəzmək istədiyini bildirdi. Birlikdə şairin “Pobeda” maşınına əyləşdik. Təzə əkilmiş ağaşcların yaşıllığı, səliqə ilə tikilmiş evlər, asfalt döşənmiş kücələr, şəhərimizin təmizliyi Səməd Vurğunun çox xoşuna gəlmişdi… Axşam yay klubunda şairlə görüş olur. O vaxt Neftçalada Səməd Vurğunla görüşün şərəfinə bir yenilik də olmuşdu. Görüş qabağı bütün evlərə yerli radio qovşağı çəkilmişdi. Atam bir saata yaxın məruzə edib. Məruzə Səməd Vurğunun çox xoşuna gəlib. Elə həmin gün gecə atama bağışladığı rus dilindəki kitabında öz xətti ilə həmin məruzəni nəzərdə tutub “Şairanə məruzəsi, xoş söhbətləri ilə mənə anam Məhbubə kimi layla çalan qardaşım İmamverdiyə xatirə” sözlərini yazıb…Səməd Vurğun həmin əfsanəvi, Neftçalalıların yaddaşında ömürlük iz salmış görüşdə 2 saata qədər şeir söyləyir. Hər şeir uzun zaman kəsilməyən alqışlarla qarşılanır. Onun səsini yerli radio qovşağı vasitəsi ilə şəhərimizin bütün sakinləri dinləyib. Atam Səməd Vurğun haqqında xatirələrini 1966- cı ildə yazıb çap etdirib.Adı “”Şairin son sözü” olan xatirəni 1966- cı ildə radioda Aydın Qaradağlı oxudu. O vaxt radioya maraq böyük idi. İnsanlar radioya qulaq asırdılar. Atamın Səməd Vurğun haqqında xatirısi,özü də Aydın Qaradağlının ifasında, çox böyük rezonans doğurdu. Atama Azərbaycanın dörd bir tərəfindən, hətta başqa respublikalardan yüzlərlə məktub gəldi. O da yadımdadır ki, həmin xatirə ilə bağlı atama məktub yazanlardan biri, planetin ən qocaman sakini Şirəli Müslümov idi. Atam həmin gün haqqında yazdığından mən onun yazdıqlarını burada təkrar etmək istəmirəm Amma atam həmin gün haqqında bəzi xatirələrini müəyyən səbəblərdən qələmə almayıb. Axşam evimizdə, şairin şərəfinə böyük bir ziyafət olur.Səməd Vurğun gecəni bizdə qalır. Gecə yarısına qədər atamla söhbət edib…Səhər, çay süfrəsindən sonra, təxminən saat 11 də Səməd Vurğun bizdən ayrılır. Atama söz verir ki,yaxın günlərdə yenə gələcəm. Kürlə Xəzərin birləşdiyi yeri (Kür Xəzərə Neftçalada qovuşur) görmək onun ən böyük arzularından biri olub. Atam deyir mən də “Pobeda”ya əyləşdim. Səməd Vurğunu o vaxtki 26-lar qəsəbəsinə (İndiki Mirqurbanlı) qədər ötürdüm. Atam deyir ki,Səməd Vurğunun kefi kök idi. “Aman nənə, zalım nənə, yar nənə” mahnısını oxuyur, məni də oxumağa həvəsləndirirdi. 26- lar qəsəbəsinə qədər birlikdə həmin xalq mahnısını oxuyublar. 21 mart 2026. saat 02:37
Şəkildə: Süleyman Rüstəm, Qarold Reğistan, Atam və mən. 1964-cü il. Neftçala.
SÜLEYMAN RÜSTƏM HAQQINDA MARAQLI BİR XATİRƏ
Bu gün Süleyman Rüstəmin doğum günüdür. Atam rəhmətlik onun cənub şeirlərini əzbərdən söyləməyi çox xoşlayırdı. Süleyman Rüstəmin həmin mövzuda bir şeiri var idi. Atan həmin şeiri hər deyəndə kövrələrdi. Uzum şeir idi. O şeiri mən də əzbərdən bilirdim.Amma bu səhər nə qədər cəhd etsəm də, həmin şeirdən yalnız dörd misranı xatırlaya bildim: Ömür keçdi, hicran quşu can evimdən köçmədi, İki qardaş Arazımdan yan-yana su İçmədi. Heç özüm də bilmirəm ki, nədən oldu qardaşım, Ayrılıqdan, dərd əlindən ürəyimiz şişmədi… Süleyman Rüstəm bizim evdə çox olub. Heç vaxt da tək gəlməyib. Ayrı-ayrı vaxtlarda Mirmehdi Seyidzadə, Qılman Musayev (İlkin), İslam Səfərli, Nəbi Xəzri, Əliağa Kürçaylı, Xəlil Rza Ulutürk, Hüseyn Abbaszadə, Vladimir Qafarov, Moskvalı dostu, SSRİ Dövlət Himninin müəllifi Reğistan, Moskvada yaşayan rus ədəbiyyatşünası Koçişkin.. ilə birlikdə evimizə gəldiyi günləri mən həmişə xoş bir duyğu ilə xatırlayıram. Söhbətləri yadımdadır Birlikdə dəniz kənarına, Kürün sahilinə (atamın dostunun komandiri olduğu çay gəmisində Kürü gəzməyiniz), Binələrə getdiyiniz günlər unudulmazdır. Atam onun haqqında xatirələrini yazıb çap etdirib. Amma həmin xatirələrin bəzisini atam yazmayıb.Tanıyanlar bilirdi. Süleyman Rüstəmin duzlu, məzəli söhbətlərindən doymaq olmurdu. Bir də Süleyman müəllimin özünün çox maraqlı xatirələri var idi. Mirzə Cəlil, Haqverdiyev, Süleyman Sani Axundov, Abdulla Şaiq, Nazim Hikmət… kimi böyük yazıçılarla dostluq etmişdi. Maksim Qorkini, Mayakovskini, Fransız yazıçısı Anri Barbüsü Bakıda o qarşılamışdı… Onunla bağlı bir maraqlı xatirəmi danışmaq istəyirəm. Və bu xatirəni ilk dəfə bu yazımda xatırlayıram. Bu xatirəni əvvəllər yazmağa, danışmağa nəsə ürək eləmirdim. Amma indi üstündən neçə illər keçir və bu hadisənin iştirakçılarının heç biri artıq həyatda yoxdur.. 1969-cu ildə Süleyman Rüstəm, məşhur tərcüməçi, əslən Salyandan olan Vladimir Qafarovla bizə gəldi. Atam həmin gün Bakıda idi və təbii ki, onların gəlməsindən xəbərsizdi. Payız ayı idi. Telefonumuza zəng gəldi. Məndən 18 yaş böyük olan, bizimlə birlikdə yaşayan və biz uşaqların “əmi” dediyimiz Zakir telefonu götürdü. Zəng edən Süleyman Rüstəm idi və zəngi Neftçalanın girəcəyində yerləşən milis idarəsindən etmişdi. Bibim oğluna təcili idarəyə gəlməsini tapşırdi. O vaxt Neftçala Salyanın tərkibində, qəsəbə statusunda olan yaşayış məntəqəsi idi. Kiçik, əhalisinin bəlkə də yarısı rus olan qəsəbəmizdə hamı bir- birini tanıyırdı. Milis idarəsin rəisi II Dünya müharibəsinin məşhur qəhrəmanı Partizan Babaş idi. Partizan Babaşa müharibə illərində Səməd Vurğun bir şeir də həsr etmişdi. Bu məşhur şeir Partizan Babaşın özünü də məşhurlaşdırməşdi. Partizan Babaş Dadaşov atamla da yaxın dost idi və biz uşaqlar, əsl qəhrəman görkəmli, eşmə bığli əfsanəvi adamı çox istəyirdik. Biz uşaqlar üçün hədiyyələr alırdı. Öz xidməti maşını (“Villis”) ilə yay aylarında bizi dənizə aparırdı. Dəniz kənarında bizimlə (Bibim oğlu Zakir, qardaşlarım Şahin,Azər) futbol oynayırdı. Zəhimli adam olsa da, uşaqla uşaq,böyüklə böyük idi… Nə isə, bir saat keçmiş Süleyman Rüstəm Vladimir Qafarovla (Qaz 21 Volqa ilə) evimizə gəldilər. Süfrə açıldı. Süleyman Rüstəm həyəcanlı idi… Həyacanının səbəbini bizə bibim oğlu danışdı. Demək Süleyman Rüstəm maşını qəsəbənin girəcəyindəki milis idarəsinin qarşısında saxlatdırıb milis idarəsinə gedir. Məqsədi də bu olur ki, ordan bir bələdçi götürüb bizə gəlsin. O vaxt qəsəbə milis idarəsində cəmi 3- 4 milis işçisi işləyirdi. Süleyman Rüstəm milis idarəsinin həyətinə daxil olurr,görür ki, idarənin həyətində iki nəfər nərd oynayır. Nərd oynayanlardan biri Partizan Babaş imiş. Süleyman Rüstəm Partizan Babaşı tanımır. Kefi yuxarı olan Partizan Babaş onlara tərəf gələn adamı kiməsə oxşatsa da kim olduğunu xatırlaya bilmir. Qonağın yaxasındakı deputat nişanından və SSRİ Dövlət mükafatı medalından bilir ki, bu adam kimdirsə, tanınmış, məşhur adamdır. Ayağa qalxıb Süleyman Rüstəmlə görüşür. Süleyman Rüstəm atamın qonağı olduğunu deyir. Partizan Babaş da qonağın kimliyini soruşur. Partızan Babaş biləndə ki qarşısında dayanan şəxs Süleyman Rüstəmdir… Burda bir mərəkə qopur ki… Partizan Babaş belindəki tapançanı qoburundan çıxarıb- Süleyman Rüstəmə eşq olsun!!!-deyir və bu sevincdən məmnunluğunu tam ifadə etmək üçün göyə iki güllə atır… Özünü itirmiş Süleyman Rüstəm bizim dildə deyildiyi kimi, bişim-bişim Partizan Babaşı sakitləşdirir, tapançanı qoburuna qoydurur və Partizan Babaşla birlikdə rəisin (Partizan Babaşın) otağına keçib bizə zəng edir və bibim oğluna təcili milis şöbəsinə gəlməyini tapşırır. …Süleyman Rüstəm və Vladimir Qafarov gecəni bizdə qaldılar. Səhər atam da Bakıdan gəldi. Həmin gün Neftçaladakı Mədəniyyət evində Süleyman Rüstəmlə görüş öldü. Axşam evimizdəki ziyafətdə Partizan Babaş da qonaqlar arasında idi… Deyib gülürdülər. Elə bil dünənki hadisə heç olmamışdı.
İnsan ölməyi arzulayanda yox, ölməyi bacaranda ölür. QARSİA MARkES
Həsənağa Turabov! Həyatda ən çox pərəstiş etdiyim İnsan.Əvızsiz rollar ifaçısı,sağlığında az-az sənətkara nəsib olan dahilik ünvanını qazanmış böyük aktyor,böyük Vətəndaş Əsl İnsan…Yaşımın bu çağında əgər kimsə məndən soruşsa ki,həyatda ən çox kimə oxşamaq istərdin? Mən tərəddüt etmədən Həsənağa Turabovun adını çəkərdim.Mən ən çox onun valideyliyinə pərəstiş edirəm.Mən bir valideyn olaraq ona bənzəmək istərdim.Amma görünür Həsənağa Turabov bizlərdən biri deyil,o, qeyri-adilərdəndir.O, səcdəyə layiq olan İnsanlardandır.Teatrımızın, kinomuzun əvəzsiz aktyoru həyatını da heç kimə bənzəməyən yaşadı.Onun ölümü də heç kəsin ölümünə bənzəmədi.Mən onun ölümünə pərəstiş edirəm.Yaranan onsuz da bir gün ölür.Amma baxır necə? Həsənağa Turabov həyatını kişi kimi dəyişdi.Pərəstiş olunacaq bir şəkildə.Əsl kişi ölümü.Belə ölümlə dünyasını dəyişənlər yalnız cənnətlə mücdılənirlər.Şəhid ölümləri kimi.Həsənağa Turabov Şəhid oldu. Mən onu həyatda bir neçə dəfə görmüşəm.Xalq yazıçısı Anarın Aktyorlar evində “Uzun ömrün akkordları” filminin premyerasında (təqdimatında), Bəxtiyar Vahabzadənin o vaxtkı Azərbaycan Dövlət Dram teatrındakı 60 illik yubileyində, yenə də Azdramada Hüseyn Cavidin 100 illik yubiley təntənəsində.Bu görüşlərin heç birində kəlmə kəsməmişdik.O məni tanımırdı.Haradan tanıyacaqdı ki?…O, həmin vaxtlar, şöhrətin zirvəsində idi.Hamının diqqət mərkəzindəydi.Bir dəfə də Bakıda, marşrut avtobusunda görmüşdüm onu. Bu çoxdan olub.O vaxt sənədlərimi APİ-nin filologiya fakültəsinə vermişdim.Filologiya fakültəsi İnstitutun əsas binasında yox,başqa yerdə yerləşirdi.Fakultəni görmək istəyirdim.Soruşdum,nişan verdilər.Avtobisa mindim Gedəcəyim yeri dəqiq tanımırdım.Avtobusdakı sərnişinlərdən həmin yeri soraqlaşırdım.Axşam üstü idi.Avtobusdakılar işdən sonra ya yorğun idilər,ya danışmaq istəmirdilər.Sorğuma laqeyd,çox soyuq cavab verirdilər: “Sən deyən yerə hələ qalıb”, “yox,bu dayanacaq deyil”- deyə biganə cavab verirdilər.Hər dayanacaqda sorğumu təkrar edirdim.Çünki, avtobusdakılar sanki sorğumu eşidən kimi unudurdular.Növbəti dayanacağa az qalmış,arxa tərəfdə dayanan kimsə,mənə tanış gələn xoş səsi ilə: “Bu dayanacaqda düşün,Sizin dediyiniz bina,bax, bu yolun kənarındadır”- dedi.Bu səmimi səsin sahibinə tərəf çevrildim.Bu qədər laqeyd İnsanın içərisində bu mehriban, təəssübkeş,isti,tanış səsin sahibini görmək istədim.Bu Həsənağa Turabov idi.Avtobus dayandı.Heç təşəkkür etməyə imkan tapmadım. Həsənağa Turabov yenə həmin qayğı ilə: -Düşün – dedi. Mən avtobusdan düşdüm Və həmin qısa təmas,o qayğı indiyə qədər də xatirimdədir və ölənə qədər də yadımdan çıxmayacaq… …Üstündən illər keçdi Həsənağa Turabov 1991- ci ilin payızında,o zaman Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının sərəncamçı direktoru Ədalət Vəliyevlə birgə bizı-atama qonaq gəldi.O zaman qəribə bir hadisə olmuşdu.Şəhərin ən böyük məktəblərindən biri bizim evin yaxınlığında yerləşir.Məktıbin qarşısında şose yolu olsa da,məktəblilərə görə o yola qadağa qoymuşdular ( bu qadağa indiyə qədər də qüvvədədir). Neftçalada ilk dəfə olan Həsənağa Turabovun maşını məktəbin qarşısına gəlir.Bu böyük tənəffüs zamanı baş verir.Həsənağa Turabov atamın evini soruşmaq üçün maşından düşür və bu vaxt məktəbin qarşısında oyanan uşaqlar yerlərində donub qalır.Səs-küy kəsilir.Bir anlıq bütün uşaqlar çaşıb qalır. Gəray bəy- Həsənağa Turabov onların qarşısında dayanıb.Bu səssizlik cəmi bir anlıq çəkir.Sonra elə bir səs-küy qopur ki,gəl görəsən.Uşaqlar bu böyük aktyoru əhatəyə alırlar.Bu qeyri-adi İnsana,başqa planetdən gəlmiş bir İndan kimi baxırlar.Tənəffis vaxtı bitsə də,şagirdləri dərsə çağıran zəng səsi dönə-dönə çalınsa da,uşaqları uzun müddət siniflərə yığmaq olmur. …Bax həmin o gün,evimizdə,süfrə arxasında,bu dahi,böyük aktyorla,ağır-səngər Azərbaycan Kişisi ilə uzun-uzadı söhbət etmək mənə nəsib olmuşdu.Gəray bəydən danışmışdıq,Kefli İsgəndərdın danışmışdıq,Kəbirliniskidən danışmışdıq… “Dantenin yubileyi” filminə yenicə baxmışdım:- Sizin oynadığınız rollardan ən çox xoşuma gələn Kəbirlinski obrazıdır- demişdim. -Elə mənim də ən çox xoşuma gələn rolum odur- demişdi. Həsənağa Turabov kübar xislətli adam idi.Ağayana danışığı vardı. Ölkənin ən çox sevilən sənət adamlarından biri yox,birincilərindən biri idi.Bütün rejissorlar onu öz tamaşalarında,filmlərində görmək istəyirdilər.Dramaturqlar, ssenaristlər məxsusi olaraq onun üçün rollar yazırdılar.. …Və şöhrətin zirvəsində olan Həsənağa Turabovun həyatında birdən -birə böyük, amansız, dəhşətli bir faciə baş verdi. Polis zabiti olan oğlu, qardaşım Azərin tələbəlik dostu Tərlan xidməti işdə olarkən,qatil gülləsinə tuş gəldi.Qətlə yetirildi. Həsənağa Turabovu hamı kinofilmlərdə,tamaşalarda çox görüb.Görkəmi əsl bəy,Ağa görkəmi idi. Tərlanın qəfil, faciəli ölümündən sonra bu əsl bəy görkəmli İnsan hansı vəziyyətə düşdü? Şam kimi əridi.Daha rollara çəkilmədi, tamaşalarda oynamadı Mən onun son şəkillərinə baxıram.Gözlərindəki dərdli ifadə bütün varlığımı üşüdür.Oğlundan sonra gözləri həmişə qəmgin,həmişə pərişan idi.Vəzifıdən getdi.Müxtəlif xəstəliklər onu qarabaqara izləməyə başladı.Ağır,tibbi əməliyyatlar keçirdi. Sonralar, qızı televizorda deyirdi ki, tez-tez oğlunun məzarının üstünə gedirmiş. Evində də bu barədə heç kəsə bir söz demirmış.Orda,oğlunun məzarı üstündə hansı hissləri keçirirmiş? -Buni,bu başıbəlalı dünyada oğul itkisi görmüş mən bilirəm. Həsənağa Turabov! Mənim qibtə etdiyim İnsan.Pərəstiş etdiyim İnsan.Sənin ölümün də kişi yana oldu.Oğlunin faciəli ölümünə,onun yoxluğuna dözə bilmirdin.Oğulduz bir dünyanı özünə haram bilirdin.Müalicən üçün yazılmış dərmanları atmırdın. Bilirəm ki,ayaq üstündə dəyişmisən dünyanı.Ruhun bədənini sən ayaq üstündə olanda tərk edib.Ayaq üstündə,kürəyini evinin divarına söyləmiş vəziyyətdə,ruhunu haqqa təslim etmişən… …Ölümü ayaq üstündə,mərdi-mərdanə qarşılayan Turabov.Ruhu haqqın dərgahına diş kimi qanadlanan Turabov.Sən indi oğlun Tərlanla ən əmin bir yerdə -Allahın dərgahındasan.Mən Sənə,Sənin Ölümünə qibtə edirəm Həsənağa müəllim.Allah sənin və oğlum Tərlanın ruhunu şad etsin. AMİN. 28 May 2013