Mən Səməd Vurğun haqqında bu silsilə yazıları yazmağa başlayarkən,bilirdim ki,onun Hüseyn Cavidə həsr etdiyi “Səadət düşmənlərinə” şeirindən də yazacağam.Əlbəttə çox istərdim ki,bu şeir haqda yazmayım.Eyni zamanda daha çox istərdim ki,Səməd Vurğun kaş bu şeiri hec yazmamış olaydı..Amma mən bu silsilədə ” Səadət düşmənlərinə”şeirindən yazmasam elə bilirəm ki,bu yazımda tam səmimi olmaram.Haqlı olaraq. buna görə mənə irad da tutarlar… “Səadət düşmənlərinə” şeiri Səməd Vurğunu istəməyənlərin,onu qəbul etməyənlərin böyük şairə qarşı əllərində dəstəviz tutduqları şeirdir.Səməd Vurğunu təhqir edənlər,bu şeirə görə təhqirlərinə haqq qazandırırlar….Təəssüf ki,bu belədir…Səməd Vurğun heç şübhəsiz ki,bu şeiri sifarişlə yazıb (Bəlkə də heç özü yazmayıb- bu haqda bir qədər sonra).Və yenə də mənim qənaətimə görə bu şeri Səməd Vurğuna dönə- dönə,təkrar- təkrar yazdırıblar … O vaxta qədər ki, şeir,sifarişçiləri təmin edənə qədər…Çünki Səməd Vurğun öz şeirlərində heç kəs haqqında elə bədnam,kəskin,təhqiredici ifadələr işlətməyib.Hətta II Cahan savaşında da yazdığı şeirlərdə belə,faşistlər haqqında elə kəskin,təhqiramiz ifadələr işlətməyib.Mən yuxarıda dedim ki,bu şeiri Səməd Vurğuna təkrar-təkrar yazdırıblar.Bunu şeirdən də bilmək olur.Bu şeir Səməd Vurğunun həm üslub,həm forma,həm süjet baxımından ən zəif şeiridir.Sünilik hər sətirdə hiss olunur.Şeirdə boş pafos,şüarçılıq adamı yorur.Əsasən süjet dağınıqlığı,pərakəndəlik aydın nəzərə çarpır ( Mənə görə burda Səməd Vurğun üslubundan əsər-əlamət yoxdur)…Şeir “bizim yerlərin” tərənnümü ilə başlayır.Şeirin böyük hissəsi də bu tərənnümə həsr olunub…Sonra,qəfil ( qəfil sözündən uyğun söz tapa bilmirəm) Cavid yada düşür.Özü də necə:
“Sən ey böyük günlərin adına böhtan atan”.
Cavid hansı əsərində,hansı böyük günə böhtan atıb? Sonra o Cavidə “şarlatan” deyə xitab edir.Bu Səməd Vurğunun üslubudurmu?.Əlbəttə yox.
“Gözəllik aşiqiyəm” deyən deyilmidin sən? Ömründə bir yaxşılıq gəlməyibdir əlindən?”.
Bir-birini tamamıamayan iki cümlə.Bəli,Cavid özünə “gözəllik aşiqi” deyib. Amma onun hansı yaxşılığından,daha doğrusu pisliyindən söhbət gedir? ( Söhbət,qondarma vətənə xəyanətdən gedirsə ,bu ittiham da da öz təsdiqini hələ tapmayıb)….Sonra:
"Adına millətçilər dedi "Böyük sənətkar" .
Məsələ burasındadır ki,Cavidə böyük sənətkar deyənlərdən biri yox,birincilərdən biri,elə Səməd Vurğun olub.Özü də bütün ömrü boyu.Sonra davam edir :
Gəlin düz araşdıraq,sənin sənətinmi var?"
Bunu Səməd Vurğun Cavid haqqında deyir.İnandınızmı buna?.Kim bilməsə də Cavidin böyüklüyünü ən çox elə Səməd Vurğun bilirdi.
"Sən gecələr "Hamidi"vurub cilməyə getdin.
Bu şeirdə uzun müddət anlamadığım cümlə,bu misra olub.Hamidin bura nə dəxli var? Hamid Türk şairi idi,Cavidin də çox sevdiyi şairi idi, amma millətçi deyildi,türklər onu avropapərəst bir şair kimi qəbul edir.Amma məni dolaşığa salan “Hamidi”nin dırnaq içərisinə yazılışı olub.Özü də Hamid yox,”Hamidi”.Sonradan bildim ki,”Hamidi” 1937 – ci ildə Bakıda məşhur olan spirtli içki olub.Bu da Cavidə böhtandır.Səməd Vurğun da diğər qələm yoldaşları kimi Cavidin içgi aludəçisi olmadığını bilirdi.
Hərədən bir tük çəkib kosaya saqqal etdin.
Cümlənin qeyri-müəyyənliyini görürsünüzmü?
"Azərbaycan şairi" olsa da murdar adın"...
Az qala and içəsən ki,Səməd Vurğun heç kimə, “murdar” deməz.Onda ki,qala Cavid ola.
"Sultanların, şahların sinisini yaladın".
Cavidi tanıyanlar çox gözəl bilirdilər ki,Cavid qədər məğrur insan təkcə Azərbaycanda yox,dünyada az olub. Bunu Səməd Vurğun da bilirdi.
"Utanmadın Vaqifin,Füzilinin üzündən
Utanmadın Sabirin "Ay satıram" sözündən
Yenə də,fikir anlaşılmazlığı.
"O murdar arzuların torpaqlara kömüldü
Sənin yaratdıqların özündən əvvəl oldu".
Hüseyn Cavid 1937-ci ilin 4 iyununda həbs olunub,bu şeir isə həmin müdhiş ilin16 iyununda “Ədəbiyyat qəzeti”ndə çap olunub ( şeir özü tədqiqatçıların dediyinə görə 11 iyunda yazılıb).Cavidin həbsindən cəmi 6 gün sonra yazılıb.Cavidin arzuları nə tez (həbsindən cəmi 6 gün sonra) torpağa kömüldü? Səməd Vurğun hardan bilə bilərdi ki,Cavidin yaratdıqları özündən əvvəl ölüb.Axı Cavid hələ ölməyib,cəmi 6 gündür həbs olunub…Məni qınamayın,bəzən mənə elə gəlir ki,bu şeiri Səməd Vurğun yazmayıb ( O illərdə nə desən olardı).Sadıcə olaraq Səməd Vurğunun adından yazıblar.Səməd Vurğun yazıbsa da,ustalıqla hər cümlədə,bu şeiri ona zorla(1937-ci il) yazdırdıqları barədə elə bu şeirlərin cümlələri içərisində açıq- aydın dəlillər qoyub… Bu şeiri oxuduqda, mənfur sovet diktaturasının, Stalinin Bağırovun,onların məslək daşlarının,əlaltılarınınn xalqımızın tarixinə,mənəviyyatımıza nə qədər ağır,sağalmaz yaralar vurduqlarının bir daha şahidi oluruq. Bu olaylarda Səməd Vurğunu günahlandırmayın. . Bir xalq olaraq, bizə bu acıları yaşadan Stalinə Bağırova…dönə- dönə lənətlər oxuyun.
Yəqin çoxlarının yadındadır.Neçə illər bundan əvvəl tanınmış bir Azərbaycan siyasətçisi mətbuatda belə bir iddia ilə çıxış etmişdi ki, güya 37-ci ildə,KQB də, Səməd Vurğun Mikayıl Müşfiqə qarşı ifadə verib.Həmin siyasətçinin o məsuliyyətsiz iddiası Azərbaycanda böyük səs küyə səbəb oldu.Bir çox insan bu iddianı həqiqət kimi qəbul elədi.Siyasi çevrələrdə az-çox söz sahibi olan, xalq arasında da yetərincə tanınan bir şəxs niyə yalan danışsın ki? Bu məsələ ilə bağlı söz- söhbətlər, mübahisələr isə kəsilmək bilmirdi.Nəhayət,həmin məsələ ilə əlaqədar olaraq,vaxtı ilə Azərbaycanın Baş prokuroru olmuş mərhum İlyas İsmayılov bəyanat verdi və həmin bəyanatda o,dediyim siyasətçinin nəinki yalan danışdığını, həm də o ciyasətçisinin yumşaq desəm, məsuliyyətsiz biri olduğunu isbat elədi. Budur,İlyas İsmayılovun həmin bəyanatından bir hissə: “-…Hələ Azərbaycanım Baş prokuroru işlədiyim zaman Səməd Vurğunun guya Mikayıl Müşfiqə qarşı ifadə verdiyi haqqında şayiələr yayılmışdı.Mən arxivdən Mikayıl Müşfiqin cinayət işini tələb etdim.Cinayət işi ilə tanış olduqda, deyilənlərin tam əksinə, Səməd Vurğunun onu bacardığı qədər müdafiə etdiyini gördüm.Yazıçılar İttifaqının sədri Anarı çağırıb işlə onu da tanış elədim”. Hər dəfə Səməd Vurğun haqqında yalan,qərəzli məlumatları oxuyanda məni həmişə bir məsələ narahat edib:Səməd Vurğuna qarşı bu pis niyyətli insanların,bu böyük şairi ciddi cəhdlə gözdən salmaqda niyyətləri nədir? Səməd Vurğuna olan böyük el məhəbbəti onları niyə bu qədər narahat edir? Bəzilərinin təkcə Səməd Vurğuna deyil,digər işıqlı şəxsiyyətlərimizə qarşı qərəzli,böhtan dolu pislikləri nədən,haradan,kimlər tərəfindən qaynaqlanır? O qədər cavabı məlum,eyni zamanda cavabı qaranlıq qalan suallar var ki…
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev, 23 fevral 2026-cı il tarixində, Azərbaycan pedaqoji antologiya salnaməsində yeni, parlaq bir mərhələnin başlanğıcını qoyan Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır.
Azərbaycanın pedaqoji fikir səmasında Nizami Gəncəvi necə bir günəşdirsə, Səməd Vurğun da həmin səmanı işıqlandıran parlaq ulduzlardan biri kimi öz sözünü demişdir. Və yaxud, Azərbaycan xalqının düşüncə tarixində Nizami Gəncəvi necə əbədi bir söz abidəsidirsə, Səməd Vurğun da həmin abidənin davam edən nəfəsi, yaşayan ruhudur.
Dünya məndən soruşdu ki,
De, məsləkin, yolun nədir?
Dedim: Vətən torpağına
Könlüm quşu pərvanədir.
Səməd Vurğunun bu suala verdiyi cavab vətənə olan sevgiyə və onun müqəddəsliyinə işarə edir. Şairin bir məsləyi, bir amalı var. O da vətənə xidmət, həm də layiqincə xidmətdir. Vurğun vətənini sevmək və ona xidmət etmək məqsədini yaradıcılığının ilk illərindən ən yüksək hədəf olaraq seçmişdir. Vətən torpağı, şairin təfəkküründə vətənə olan xidmət və çağırışın məkanıdır.
Azərbaycan məktəb və pedaqoji fikir tarixinin üfüqlərini genişləndirən Səməd Vurğun vətəninə olan möhkəm sevgi və heyranlıqla şeirini ərsəyə gətirən bir vətən şairidir. Poeziyada vətəndaşlıq keyfiyyətlərini ən yüksək sənətkar məziyyəti hesab edərək, o, sənətini millətin gələcəyinə xidmət etmə vasitəsi olaraq görmüşdür. S.Vurğun yazırdı ki, “Vətən eşqindən ilham alan bir şair ömrü boyu bəxtiyardır… hər hansı bir qələm sahibi, kim üçün yazıram? – deyə özünə sual verdiyi zaman, qarşısındakı kamala yetmiş, öz tarixinin, öz varlığının qədrini bilən bir xalq gördükdə qartal qanadları ilə uçar, onun vətəndaşlıq vüqarı şeir və sənət ilhamına yelkən qaxar, içindən əbədi olaraq “Yarat!”, “Yarat”! – deyə bir səs gələr”.
Şairin “Xanlar”, “Komsomol poeması”, “Fanar”, “26-lar”, “Bəsti”, “Aygün” və digər əsərləri sovet ideologiyasının siyasi və sosial quruluşlarını əks etdirir. Lakin bu gün artıq həmin ideologiyalar və qurumlar – sosializm, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı, kolxoz, sovxoz, kommunizm – tarixə qovuşmuşdur. Ancaq demək olmaz ki, şairin əsərlərindəki adət-ənənələr, mövsümi mərasimlər, kənd-şəhər həyatının xüsusiyyətləri və poetik tərbiyəvi fikirlər də öz əhəmiyyətini itirib tarixə qarışmışdır. Xeyir, bu sözlər hələ də şairin surətləri vasitəsilə bizimlə danışır və oxucunun ruhuna toxunur. Zaman keçsə də, bu fikir və təsvirlər öz aktuallığını qoruyur və bu gün də hər bir oxucuda dərin izlər buraxır.
“Komsomol poeması”nda oxucuların əzbərdən bildiyi və hər kəsin ruhuna öz izini qoyan “Dünya” adlı şeir, fikrimizin əyani sübutudur.
Ulduzlar havanın bağrını dəlir,
Qayalı dağlardan duman yüksəlir,
Xəyalım gecəni salama gəlir,
Çapdırır atını birbaşa dünya.
Yerlərə baxıram – bağçalı, bağlı,
Göylərə baxıram – qapısı bağlı,
Kainat ixtiyar, sirli, soraqlı,
Əzəldən yaranıb tamaşa dünya.
Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur;
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.
Əzəldən belədir çünki kainat,
Cahan daimidir, ömur amanat.
Əldən-ələ keçir vəfasız həyat,
Biz gəldi-gedərik, sən yaşa, dünya!
İşıqlandırdığımız bu dörd bənd sovet dövrünün ideologiyasını və xüsusilə də gənclərin həyat, ölüm və dünya haqqındakı baxışlarını poetik şəkildə əks etdirir. Sözlərin ahəngdar və təkrarlanan ritmi ilə oxucuda dərin düşüncələr yaradır, eyni zamanda həyatın keçici olduğunu və dünya ilə əlaqənin sirrini vurğulayır.
“Komsomol poeması” əsərində Səməd Vurğunun dünyaya milliliyimizi daşıyan və Novruz bayramını şairanə şəkildə təsvir etdiyi “Novruz bayramında” adlı bölümü tarixə gömmək mümkünmü? Xeyir, mümkün deyil! Hətta mümkün olsa da, bu, çox böyük itki olardı. Poemada axır çərşənbədə ilin tamam olması, “ilin at üstündə təhvil olması”, hər bir qapıda tonqal yandırılması, uşaqların tonqal üzərindən “hoppanması”, bacadan salınan torbaların, Kosanın şəbeh çıxarması, balacaların təzə paltar geyinməsi, gəlinlərin və qızların bəzənib-düzənməsi, əllərinə xına yaxması və qonşu qapıların pusulması kimi gözəl və canlı məqamlar şairin şirin, axıcı dili ilə elə ustalıqla təsvir edilib ki, onları izah etməyə bizim qələmimizin gücü çatmaz. Novruz bayramının o gözəl anlarını ancaq həmin poemadan oxuyub ruhumuzu oxşaya, feyziyab edə bilərik. Qeyd etdiyimiz kimi, “Komsomol poeması”ndakı “Novruz bayramında” bölümü, bizim milliliyimizi dünyaya çatdıran və tarixə qovuşması mümkün olmayan bir şedevrdir.
Novruz bayramının gözəlliklərini daha dərindən işıqlandırmaq üçün bir neçə məqamı nümunə olaraq təqdim edək ki, Səməd Vurğunun əzəmətli təsvirlərinin nə qədər dərinə getdiyini anlamaq mümkün olsun.
Axır çərşənbədir… İl tamam olur…
Bu il, – kənd içində danışır hamı, –
At üstə gəlmişdir Novruz bayramı –
Qulunluq at üstə…
Bu bir muraddır.
Baxın, hər qapıda bir tonqal yanır,
Uşaqlar hoppanır od-alov üstdən;
Göyə şölə düşür, yer işıqlanır,
Od da yandırmayır heç kəsi qəsdən.
Kosanın başında bir keçə papaq,
Zınqırov da asıb lap kəlləsindən.
Onun çıxardığı oyunlara bax,
Nə üzdən tanınır, nə də səsindən.
Gah olur mələyir qoyun sayağı,
Gah da bir at olub kişnəyir kosa.
Yüz qapıya dəyir onun ayağı,
Yüz evdən pay alır o heç olmasa.
Bəzənib-düzənib gəlinlər, qızlar
Xına da qoyurlar öz əllərinə.
Gecələr göz qırpır göydə ulduzlar
Bizim kənd yerinin gözəllərinə.
Təzə paltar geyən körpələr şaddır,
Baxıb ləzzət alır ata-analar.
De, bu gün hamımı qəmdən azaddır?
Yox, bu əziz gündə dərdlilər də var.
Xəyalat başını bir an tərk edir,
Xeyirxah bir xəbər eşitmək üçün
Qonşu qapısını pusmağa gedir…
De, qız nə eşitsə yaxşıdır birdən?
Kimsə öz oğluna: “Toyunu görək!”
Humay bir quş kimi durdu yerindən:
Sıçrayıb göylərə qanad gərərək.
Bütün bunlar bizə onu deməyə əsas verir ki, şair, öz əziz xalqının adət-ənənələrini, sosial və mədəni məişətini, psixoloji xüsusiyyətlərini, dilinin zənginliklərini, estetik koloritini həm maddi və həm də mənəvi aləmini yüksək səviyyədə mənimsəmişdir. Bu yanaşmalar, onun etnoqrafik müşahidələrini sənətkarlıqla birləşdirərək əsərlərində təsvir etdiyi xalq həyatının təbii və təkmil bir şəkildə əks olunmasına imkan vermişdir.
Şairin hər bir şeiri, baharın təravəti kimi təravətli və canlıdır. O, təbiəti poetik dildə o qədər incə və zərif şəkildə bəzəyir ki, oxucunun gözlərində təbiətə qarşı yeni və füsunkar bir baxış yaradır. Hər bir kəlməsində təbiətin təbii gözəlliklərini, rənglərini və hərəkətlərini canlı bir şəkildə canlandıraraq oxucunun ruhunu o aləmə aparır. Şairin dilində təbiət, təkcə mövcud olmayan bir mənzərə deyil, həm də insana ilham verən, gözəlliyi və harmoniya ilə dolu bir dünyadır.
Səməd Vurğun “Təbiət ilhama çağırır məni” adlı şeiri ilə təbiətə, həyatın məna dərinliklərinə və ilhamın mənbələrinə dair düşüncələrini əks etdirən bir poetik səhnə yaratmışdır. Şeirdə təbiət və insan münasibətinin, xüsusən də ruh və bədii yaradıcılıqla əlaqəli hisslərin üzərində dayanan bir düşüncə axını var. Şeirdəki hər bir misra bir duyğu, bir mövzuya yönəlmişdir və şair bu mövzuları təbiət, ilham, məhəbbət və yaradıcılıq müstəvisində birləşdirir. Şeirin hər on iki bəndində təbiət, insan və şairin daxili aləmi arasındakı əlaqə dərindən təsvir edilir. Bu misralarda təbiətin dəyişən fəsilləri, xüsusi olaraq yazın təravəti və təbiətin oyanışı (qarın əriməsi, dağların yaşıllaşması) şairin ruhunu işıqlandırır. Bu, poetik simvolizm vasitəsilə təbiətin insana verdiyi ilhamı göstərir. Dağların “yamyaşıl geyinməsi”, bulaqların “göz kimi duruluğu”, qarın əriməsi və yağışın çəməni islatması – hər bir obraz, şairin yaratdığı əsərin ilham alacağı təbiətin ahəngini və gözəlliyini ifadə edir. Təbiət bir mühitdən daha çox, ilham verən bir mənbəyə çevrilir. Zəmilərin və tarlaların “üzü gülməsi” və sünbülün dəni, təbiətin insan ruhunu nurlandıran gücünü simvollaşdırır. Göylərdən gələn ilham və ya göy üzü ilə əlaqə, şairin mənəvi kök saldığı torpağın mövqeyini əvəzləyir. Torpaq həm maddi, həm də mənəvi mənada şairin varlıq səbəbidir. Şairin torpağa bağlılığı, onun əsərlərinin kökünü təşkil edən mədəni və mənəvi zənginliyi, ilham aldığı mühiti ifadə edir.
Yenə də yamyaşıl geyinir dağlar,
Göz kimi durulur qaynar bulaqlar.
Əriyir güneylər döşündəki qar,
Yağış da isladır o göy çəməni
Təbiət ilhama çağırır məni!
Görürəm, dan yeri yenə sökülür,
Göydən yer üzünə nurlar tökülür.
Zəmilər, tarlalar üzümə gülür,
Saralır gözümdə sünbülün dəni,
Bu nemət ilhama çağırır məni!
Mən yaranmamışam göylər övladı,
Əzəl şöhrətimdir torpağın adı.
Bu eşqim çoxuna qismət olmadı…
Şairim! Aç, payla söz xəzinəni
Şeiriyyət ilhama çağırır məni!
Ürək dil açır ki, – sönməmiş odum,
Hücuma başlayır mənim söz ordum.
Könüllər mülkündə min yuva qurdum;
Unutmaz aləmdə sevən sevəni,
Məhəbbət ilhama çağırır məni!
Göründüyü kimi, şair şeiri ilə təbiət, torpaq, eşq və yaradıcılıq arasındakı əlaqəni poetik şəkildə araşdırır. Təbiətin müxtəlif dövrləri, şairin ruhunu oyandıran, ilham verən bir vasitə kimi təqdim olunur. Onun ilhamını alaraq yaratdığı sənət əsəri, həm də insanın öz daxili aləmi ilə əlaqəsini və ruhunun hərəkətə gəlməsini təmsil edir. Şairin sözləri, təbiətin və insanın ruhunun birləşdiyi, yaradıcı bir aləmi işıqlandırır. Şeirin məzmunu sonda bizə deyir ki, bu aləmdə hər bir kəlmə bir həyat, hər bir misra bir düşüncə, hər bir şeir bir nəfəs alır.
Səməd Vurğunun 1928-ci ildə qələmə aldığı “Andım” şeirində yazır ki:
Mən and içmişəm ki, bir də qələmim
Gözəllərdən ilham almayacaqdır.
Peymanını pozan xəyal həmdəmim
Dərgahıma sayə salmayacaqdır.
Şairin gözəllikdən ilham almayacağına dair içdiyi “and”, onun öz bədii aləmi ilə əlaqəli daxili bir öhdəlik kimi çıxış edir. Bu qərar, şairin müstəqilliyini qorumağa çalışarkən yaradıcı prosesinə bir növ məhdudiyyət gətirir. Lakin bu “and”ın pozulması, şairin öz içindəki mənəvi və psixoloji mübarizəni göstərir. Təbiətə, insana və xüsusilə gözəlliyə qarşı dərin bir ehtiras və vurğunluq hissi keçirən Səməd Vurğun, ilham mənbəyi olaraq gözəllikdən uzaqlaşarsa, yaradıcılığının və poetik təxəyyülünün canlılığını və gücünü itirməzmi? Əlbətdə ki itirər. Çünki gözəllik, şair üçün sadəcə bir estetik və bədii mühit deyil, həm də onun daxili aləminin təzahürü, həyatın mənəvi və fiziki gözəlliklərini özündə əks etdirən vacib bir qaynaqdır. Buna görə də, gözəllikdən ilham almaq, Vurğunun poetik inkişafı və yazdığı əsərlərin keyfiyyəti üçün mühüm bir amildir. Şairin ilham mənbələrindən biri olan gözəllikdən məhrum olması, onun yaradıcılığının əsas sütunlarından birinin zəifləməsi anlamına gətirər görüşündəyik.
Deməli, şairin sonrakı illərdə vədinə sadiq qalmaması, həm də onun yazıçı-şair-dramaturq kimi daxili ehtiyacını, yaradıcı təxəyyülünün sərhədsizliyini işıqlandırır. Şairin “xəyal həmdəmim” olaraq səciyyələndirdiyi hər bir ilham mənbəyi, onun poetik axtarışının ayrılmaz tərkib hissəsidir. Şairin “peymanını pozan xəyal həmdəmim” deməsi, bir tərəfdən onun öz qəlbinin zəifliyini, digər tərəfdən isə bədii təxəyyülünün nə qədər güclü olduğunu göstərir. Şair öz “andını” pozur, çünki ilhamın qarşısında məğlub olur – ilham bir növ şairin sadiq dostu olur və ona qarşı müqavimət göstərmək, bu bədii inkişafın önündə bir əngəl kimi durur.
Səməd Vurğunun sonrakı illərdə qələmə aldığı “Anam gəlini”, “Təbriz gözəlinə”, “Səlyan gözəli”, “Ruhumda ruhunun parçası vardır”, “Şairin sevgilisinə”, “Ala gözlər”, “Oxu, gözəl” və digər şeirləri, şairin əvvəlki vədlərinə və “andına” xilaf çıxmasından açıq şəkildə xəbər verir. Bu şeirlər, onun gözəlliyə və sevgiyə olan vurğunluğunun və təbiətin cazibəsinə qarşı içindəki müqavimətini pozduğunun, bir növ bədii təxəyyülünə məğlub olmasının simvoludur. Hər bir misrada, o, gözəlliyin, sevgilərin və ilhamın qarşısında yenə də zəif qalır, özünü bu ilham mənbələrindən qurtarmağa çalışsa da, sonda onlara yönəlir və qələmindən yeni bir sevda, yeni bir gözəllik əsəri doğur.
Səməd Vurğun, yuxarıda qeyd etdiyimiz kimi, zamanın fövqünə yüksələrək sənəti ilə əbədiyyət qazanmış sənətkarlardandır. Onun qələmindən süzülən hər bir fikir bu gün də ruha toxunur, düşündürür, yaşadır və yenidən yaradır.
Əziz oxucum! Vurğun öldü deməyək, bir əbədi sənəti var!
… Müstəqilliyimizin ilk illərindən başlayaraq Səməd Vurğun yaradıcılığı şəxsiyyəti,həyatı barədə qərəzli təftişlər mətbuatda yer almağa başladı və bu zərərli təftiş bu günə qədər də davam etməkdədir.Həmin o illərdə Səməd Vurğun poeziyasına irad bildirirdilər ki,o,partiyaya,komsomola,Leninə,Stalinə şeirlər həsr edib.Düzdür,bu yazıların cavabları verilirdi.Cavab isə çox sadə idi:Partiyaya,komsomola,Leninə Stalinə SSRİ də elə şair,yazıçı yox idi ki, şeir,poema,pyes,hekayə,povest,roman həsr etməmiş olsun.Hətta sonralar repressiya olunaraq güllələnən şairlər də Stalinə əsərlər həsr etmişdilər (Mikayıl Müşfiq).Avropada demokratik fikrin az qala ikona kimi səcdə etdiyi Anna Axmatovadan tutmuş,Pasternaka,Marina Svetayevaya qədər,yaxud Türk Nazim Hikmətdən tutmuş,Çilli Poble Nerudaya qədər… Stalinə,leninə əsərlər həsr etmişdilər.Hətta sonralar “rus ədəbiyyatının vicdanı” (Soljenitsinin əsırlərini redaktoru olduğu “Новый мир” dərgisində çap etdiyi görə vermişdilər bu adı ona) adlandırılacaq Aleksandr Tvardovski 1949- cü ilin dekabrında,Stalinin 70 illik təntənələrində, Stalinə həsr etdiyi tərif dolu poemasından hissələr oxumuşdu.Sontalar Xruşov tərəfindən şəxsiyyətə pərəstiş tənqid hədəfinə çevriləndə,həmin o “rus ədəbiyyatının vicdanı” sayılan Tvardovski,heç bir təzyiqə- filana məruz qalmadan həmin əsərdən imtina etmişdi.Və bu günkü rus içtimai fikri Tvardovskinin bu qeyri- ciddi əməlinə müsbət mənada yüz cür don geyindirirlər.Yəni Stalinə münasibətdə şəraitə uyğun gah nala,gah da mıxa vuran Tvardovski,bu gün Rusiyada,Stalinə bu oynaq münasibətinə görə,Səməd Vurğunun Azərbaycanda məruz qaldığı sərt təpkilər qədər təpkilərə məruz qalmayıb…Bu yazımda elə təsəvvür yaranmasın ki,mən Səməd Vurğunun Stalinə Leninə yazdığı əsərləri hansı yolla olursa olsun idealizə etməyə çalışıram.Əsla.Mənim üçün Lenin də,Stalin də qan hərisi,demokratik fikrin ən amansız düşməni,Türk millətlərinə qənim kəsilən despotlardır… Və ən əsası,Səməd Vurğun kimi dahi şairlərin mənim hər hansı müdafimə ehtiyacı olmadığını da bilirəm….Sadəcə,öz həqiqətlərimi yazıram…Müstəqilliyin ilk illərindən sonra Səməd Vurğuna münasibətdə daha sərt mövqelər sərgiləndi.Səməd Vurğunun bütün müsbət keyfiyyətlərini,saysız- hesabsız insanlara etdiyi yaxşılıqlarını ğörməzdən gəlib,bir- birindən gözəl şeirlərinin üstündən sükutla keçənlər,1937-ci il repressiyasında həbs edilən məşhurlarımızın məhvində Səməd Vurğunun da əli olduğunu deyən insanlar da oldu.,”Səməd Vurğun kimisə satıb,Səməd Vurğunun yazdığı “ünvanlı şeirlər” guya,kiminsə ölüm fərmanı olub – deyənlər də və s…Bəs əslində vəziyyət necə idi? Mən bəzən 37-ci ildən söhbət düşəndə,çoxlarına qəribə gəlsə də,deyirəm ki,1937- ci ildə ( ondan bir qədər əvvəl və bir qədər sonra da) Allah ümumiyyətlə mövcud olmayıb. Dünyanı şeytan idarə edib 1937- ci ildə sovet dustaqxanalarındakı günahı olmayan ” müttəhimlər”i,adı bəşər olan insanlar yox,ruhlarını şeytana satmış şəxslər mühakimə edib. Günahsız “müttəhimlərə” cəsa verənlər yenə də adi insanlar yox,zombiləşmiş manyak psixozlar olub…Mənim kitabxanamda bir necə kitab var.Kitablar, Moskvada,sovet dövləti çəkəndən sonra çap olunub.Oxunması son dərəcə ağır olan həmin kitabların bəzi səhifələrində 1937- ci ildə Sovet dustaqxanalarlnda mövcud olan cəza üsullarından da yazıblar: (Məsələn: Евгений Гинзбург:”Крутой маршрут”, Варлам Шаламов “Колымские рассказы”. Олег Волков ,” Я погружение во тьму” və s) .Heç bir günahı olmayan “Xalq düşmənlərinin” gözlərini çıxarırmışlar,dırnaqlarının altına iynə yeridirmişlər,yaxıd dırnaqlarını çıxarırmışlar,kəlbətinlə dişlərini çəkirmişlər, sümüklərini sındırırmışlar,butulka üstündə oturdurmuşlar,boğazlarına qədər olan nəcis ambarlarında saatlarla qalmağa məcbur edirmişlər…Daha dəhşətli bir cəza üsulundan da oxumuşam həmin kitablarda:Müttəhimlərin bəzisini dəmir seyfə salırmışlar.Bu cəza növünü təsəvvür edəndə belə adamın nəfəsi kəsilir:İnsanı güc bəla ilə həmin seyfə salırmışlar.Ağzı kilidlənmiş seyfin içərisində azca qımıldanmağa belə imkanı olmayan bədbəxt dustaq saatlarla o seyfdə qalırmış..Belə zülmü Allah götürərmi? Ona görə deyirəm ki,1937- ci ildə Allah mövcud olmayıb.Ruhlarını şeytana satmış zombiləçmiş manyak pzixozlar edib bunları.O bədbəxt,günahsız “müttəhimlərdən” istədikləri izahatları almaq o manyaklar üçüm su içmək qədər asan olub.O dəhşətləri ğörəndən sonra hansı müttəhim dirəniş göstırə bilərdi ki? Təkcə gerçək dünya ilə ilə deyil,gördüyü dəhşətlərdən ağılları ilə belə əlaqələrini itirən “müttəhimlər” yalan-gerçək kimin üzünə desən dururdular.Ona görə yox ki onları azad etsinlət.Əsla.Çünki,xalq düşməni kimi həbs olunanların böyük qismini sonda hökmən güllələməli idilər.Tapşırıq belə olub.Ona görə o yazıq ” müttəhimlər”, yalan,olmayan “hadisələri” boynima alırdılar,yalnız yaxşılaqlarını görmüş dostıarının üzlərinə ona görə dururdular ki,bu dəhşətlər tez bitsin,onları tez güllələsinlər…1937- ci ildə Bayıl həbsxanasında cəza cəkən dustaqlardan birinin 1995- ci ildə bir yazısını oxumuşdum.Yazırdı ki,bəzən güllələnən adamlara qibtə edirdik.Çünki bəzən aylarla uzanan dindirmələr də olirdu.Demək verilən işgəncələr də aylarla çəkirmiş…Bütün bunları niyə yazıram,? Yəni Səməd Vurgunun “danosu”, “böhtanı” hedabına kiminsə güllələmməsi fikri tamamilə absurddur. O vaxtlar Moskvadan Azərbaycan rəhbərliyinə (həmçinin bütün respublikalara) qəribə məktublar gəlirmiş:Məzmunu da belə olurmuş: Bu il Sizin respublikadan filan qədər( rəqəm də göstərirmişlər) xalq düşməni ifşa olunib həbs edilməlidir.Yəni plan verirmişlər.Və həmin ölüm qoxuyan tapşırıq nəyin bahasına olsun yerinə yetirilməli imiş.Və yetirirdilər də.Şərəfsiz bir hakimiyyətin,sistemin vəhşiliklərə görə Səməd Vurğunu da günahlandırmaq, düzgün deyil axı…
2003-cü ildə,Rəsul Həmzətov vəfat edəndə Rus qəzetlərinin biri “Böyük Sovet şairi Rəsul Həmzətov vəfat etdi” yazmışdı.Həmin nekroloqdakı bu cümlə mənə təəccüblü gəlmişdi.2003- cü ildə,Rəsul Həmzətov vəfat edəndə,Sovet dövləti artıq 12- ci il idi ki,tarıxın səhnəsindən silinmişdi.Amma Sovet dövlətinin varisi olan Rusiyanın mətbu orqanı Həmzətovu yenə də Sovet şairi kimi təqdim edirdi.Rəsul Həmzətov şübhəsiz ki,çox istedadlı şair idi,istedad onda anadangəlmə idi,yəni Allah vergisi idi,bu həqiqəti,birmənalı olaraq belə qəbul etmək gərəkdir…Amma şovinist rus hökuməti belə düşünmürdü,onlar hesab edirdi ki,Həmzətov qazandığı bütün uğurlara görə Sovet dövlətinə minnətdar olmalıdır.Cünki,ən ali mükafatları,orden- medalları,fəxri adları Həmzatova sovet dövləti vermişdi,onu deputat etmişdi,kitablarını həm SSRİ məkanında,həm də xarici ölkələrdə kütləvi tirajla çap etdirmişdi,,şeirlərini dərsliklərə saldırmışdı,televiziyada,radioda Həmzətov haqqında çoxlu sayda verilişlər səsləndirmişdi və Rusiyaya görə Həmzətov,yenə də deyirəm,bütün uğurlarına görə SSRİ yə minnətdar olmalı idi… Səməd Vurğun haqqında yazımin III hissəsini Həmzətovla başlamağım təsadüfü deyil.Səməd Vurğun da Həmzətovun yaşadığı taleyi yaşamışdı.Sovet təbliğat maşını elə təəssürat yaradırdı ki,bütün uğurlarına görə Səməd Vurğun Partiyaya,Sovet dövlətinə ,yoldaş Stalinə minnətdar olmalıdır.Hətta bunu Səməd Vurğun özü də deyirdi.Yaxud dedizdirirdilər,yaxud da Səməd Vurğunun adından belə yazırdılar…Sovet dövlətinin himayəsi altında yaşayan qələm adamları ya doğrudan xöşbəxt idilər,ya da xöşbəxt görünməyə məcbur idilər.Düzdür,onlar dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunurdular,elə Səməd Vurğunu götürək,Bakının mərkəzində bütün təminatı olan ev,xidməti maşın,yüksək vəzifə,yüksək maaş,fəxri adlar,titullar,xarici ölkələrə səfərlər, həm özləri,həm də ailə üzvləri xəstələnəndə xüsusi xəstəxanalar,xüsusi mağazalar…Düzdü,bunlar hamısı olub…Böyük nüfuzları…Rahat həyat…Bax dolaşıqlıq əslində burdadı. Nüfuzları hər yerdə kecərli idimi,Həyatları doğrudan da rahat idimi? .Səməd Vurğunun axırıncı fotoşəkillərinə baxıram…48,49 yaşlarında çəkilmiş şəkillərdir..O şəkillərdə Səməd Vurğuna 48,yaxud 49 yaş vermək olarmı? Əsla.O şəkillərdə Səməd Vurğun ən aşağısı 80 yaşlı,həyatdan yorulmuş,bezmiş usanmış qocalara bənzəyir…Sovet mətbuatı,Səməd Vurğun haqqında yazan müəlliflər o vaxtlar partiyanın,dövlətin Səməd Vurğuna göstərdiyi qayğıdan hörmətdən yazırlar…Amma əsl həqiqətdən- Səməd Vurğunun məruz qaldığı məhrumiyyətlərdən,ona edilən təzyiqlərdən,30, 40, hətta 50- ci illərdə yaşadığı qorxu,həyacan hissindən bir kəlmə də olsun nə yazıblar,nə də deyiblər.Səməd Vurğun özü də bu haqda danışmayıb,danışsa da ən mərhəm, ən yaxın adamlarına danışıb…Çünki yerin də qulağı var idi və Səməd Vurğunun nəinki narazı, hətta ən adi sözləri belə həmin gün, insan qəssabı Bağırova çatdırılırdı.Səməd Vurğun əgər o illərin mətbuatının yazdığı kimi xöşbəxt taleli Sovet şairi idisə,bəs 48 yaşında,niyə 80 yaşında yorğun,üzgün,qocaya bəzəməli idi ki? Sıməd Vurğun hər cür qayğı,diqqət ilə əhatə olunmuşdusa, 50 yaşında niyə o amansız xəstəlikdən ( o amansız xəstəlyin hansı səbəblərdən: qorxu,stres- yarandığını hər halda hamımız bilirik) dünyasını niyə dəyişirdi ki?… Səməd Vurğunun əsl,həqiqi ömrünü (həyatını) bilmək üçün Müstəqilliyi gözləmək lazım gəldi…Əlbəttə,Müstəqillik illərində çox həqiqətlər üzə çıxdı….Amma təəssüflər olsun ki,bütün xalqımızın sevimlisi olan Səməd Vurğuna ən ağır zərbələr də ( mənə görə haqsızlıqlar) elə müstəqillik illərində,(qərəzli,yaxud qərəzsiz,bilərəkdən,yaxud bilməyərəkdən) elə öz həmvətənlərimiz tərəfindən müstəqillik illərində dəydi.
Şəkildə:Səməd Vurğunun atama avtoqrafla bağışladığı kitabı
2007- ci ilin 1 mayında Neftçalada atamın 80 illik yubileyi keçirildi yubileyə gələn qonaqlar arasında Səməd Vurğunun övladları – Xalq Şairi Vaqif Səmədoğlu və Aybəniz xanım da var idi.Həm Vaqif müəllim, həm də Aybəniz xanım həmin yubileydə çıxış da etdilər. Həmin unudulmaz yubuliyein lent yazısını bir neçə gündən sonra,bütövlükdə, “İçtimai” televiziyada göstərdilər. Vaqif Səmədoğlunun həmin çıxışını bu yazıma əlavə edirəm. Oma görə ki, Vaqif Səmədoğlu həmin çıxışında,1954-cü ilin 12 iyununda atası Səməd Vurğunla birlikdə bizə gəldiyi günü də xatırlayır:
ATAMIN NEFTÇALADA KEÇİRİLƏN 80 İLLİK YUBİLEYİNDƏ (01 MAY 2007) XALQ ŞAİRi VAQİF SƏMƏDOĞLUNUN ÇIXIŞI
Əziz dostlar! Bu saat Milli Məclisin şıdırğı iclası gedir.Ancaq Milli Məclis 2010-cu ilədək davam edəcək və bundan sonra da müstəqil Azərbaycan var olduqca Milli Məclisimiz, parlamentimiz olacaq. Ancaq İmamverdi müəllim kimi böyük bir insanın, böyük bir şəxsiyyətin 80 illiyi bir dəfə olur. Ona görə də mən bu gün parlament iclasında deyil, burada- İmamverdi müəllimin yubileyində iştirak edirəm. Əziz dostlar! Mənim mənsub olduğum Səməd Vurğun ailəsindən atam da, anam da, böyük qardaşım da dünyalarını dəyişib. İkicə adam qalmışıq- böyük bacım Aybəniz xanım və mən. Bu gün ikimiz də burdayıq. Başqa cür ola bilməzdi. Səməd Vurğunun ocağında qalanlar mütləq və mütləq bu gün İmamverdi kişinin hüzuruna buyurmalıydılar, onun haqqında xoş sözlər deməliydilər və onun əlini öpüb qayıtmalıdırlar. İmamverdi müəllim yaşda məndən böyükdür, amma hafizəsi mənim hafizəmdən yaxşıdır. İlk dəfə mən İmamverdi müəllimi görmüşəm 12- 13 yaşım olanda -Neftçalada. Əllinci illərin əvvəli idi. İmamverdi müəllimlə Səməd Vurğunun qucaqlaşıb öpüşmələrinin, indi öpüşməsinlər,o gün şahidi oldum.Həmin gün axşam bir tədbir var idi. Ancaq mən tədbirdə iştirak eləmədim, çünki uşağıydım, bir at gətirmişdilər və mən o atı minib gəzdim Neftçalanın küçələrində. Səməd Vurğun dünyasını dəyişəndən sonra mən növbəti dəfə İmamverdi müəllimin evində olanda onun evinin divarında bir şəkil gördüm: İmamverdi müəllim- gənc İmamverdi Əbilov çıxış edir və Səməd Vurğun rəyasət heyətinində oturub. Hələ bir dəfə də olmayıbdır ki, mən bu mahala gəlim, maşını Neftçalaya sürdürməyim. İmamverdi müəllimin evində çörək yeməyim, yatmayım. Dəfələrlə İmamverdi müəllimin evində olmuşam, onun kitabxanasını paxıllıqla və dərin hörmətlə seyr etmişəm. Özünün müdrik, son dərəcədə ağsaqqal söhbətlərinə qulaq asmışam və doğrudan da heyran qalmışam. Bu kişinin Bakıya gəlməyə dəfələrlə imkanı olub. Dəfələrlə bu kişiyə təklif ediblər ki, Bakıya gəl. Gəlsəydi, bu saat Azərbaycan elmi sahəsində, istər ədəbiyyat olsun, istər tarix olsun, ən üstün mövqelərdən birini tutacaqdı. Ancaq bu kişi Neftçalanı tərk eləmişdi. Bir də mən öz həyat təcrübəmdın bir şeyi Sizə demək istəyirəm. Hamımız Sovet dövrünü yaşamışıq.Birinci katiblər olub, indi İcra başçıları var. Birinci katiblər nüfuzlu müəllimlərdən şeytandan qorxan kimi qorxublar. Çünki katibləri onlar işdən çıxara biliblər. Ancaq mən Neftçalanın neçə 1-ci katibinin, neçə İcra başçısının İmamverdi müəllimə necə böyük hörmətlə, necə böyük İzzətlə yanaşdığının şahidi olmuşam. Bircə misal deyim. Rıhmətlik İbrahim müəllim – İbrahim Qurbanov deyirdi ki, mənim Neftçalada İmamverdi Əbilov kimi arxam var. İbrahim Qurbanovun bax bu sözü mənə bəs idi. Arxa İbrahim Qurbanov kimi qüdrətli, hörmətli bir raykom katibi İmamverdi müəllimə arxa deyirdi. Doğrudan da nəinki Neftçalaya, İmamverdi müəllim həmişə bu mahala arxa durub, Muğanın arxasında durub, bu zonanı arxasıyca aparıb.Və bu yolda çox böyük nüfuz, çox böyük hörmət qazanıb. Mən əminəm ki, İmamverdi müəllim bu gözəl yolu davam etdirəcək. Bu, təkcə Sizin deyil, Neftçalanın, Salyanın xoşbəxtliyi deyil, Azərbaycan mədəniyyətinin, Azərbaycan varlığının səadətdir, xoşbəxtliyidir.
Xüsusi qeyd: Şəkil atamın 80 yaşı tamam olan gün Neftçalada çəkilib. Şəkildə olanların adlarını yazmağa məncə ehtiyac yoxdur. Amma yenə də… Soldan sağa: Atam, Aybəniz xanım Vəkilova, Vaqif Səmədoğlu, Anar, Fikrət Qoca, Bəkir Nəbiyev.
21 mart 2026-cı il tarixində Milli Kitabxana tərəfindən XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, tanınmış dramaturq və ictimai xadim, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə “Xalqımızın ilk Xalq şairi Səməd Vurğun – 120” adlı virtual sərgi və “Azərbaycanın Xalq şairi Səməd Vurğun” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib.
Virtual sərgi ilə https://anl.az/el/vsb/Xalq_sairi_Semed_Vurgun/index.htm linkindən istifadə etməklə tanış ola bilərsiniz.
Elektron məlumat bazası ilə https://anl.az/el/emb/S.Vurgun/index.html linkindən istifadə etməklə tanış ola bilərsiniz.
21 mart Azərbaycan sovet poeziyasının parlaq günəşi, poeziyanın bayraqdarı, drammaturq, ilk xalq şairi fəxri adını alan Səməd Vurğunun (Vəkilov Səməd Yusif oğlu) dünyaya gəlməyindən 120 il keçir. Ədibin poeziyasında o dərəcədə axıcılıq, nəğmə var ki, çox eşitmədiyimiz şeiri uzaqdan səslənəndə, ya şeirindən bir parça oxunanda dərhal Səməd Vurğunun olduğu bilinir. Cəfər Cabbarlı 20 martda, Səməd Vurğun 21 martda dünyaya gəliblər, hər ikisi bahar oğludur, ona görə də yaradıcılıqlarında bahar nəfəsi, bahar şəfəqləri duyulur. Ədibin şəklinə baxın. 50 yaşında dünyadan köç edib. Şəkildə sanki 80 yaşlı ahıl bir kişidir. Çünki o 50 illik ömründə neçə ömür yaşayıb, yaradıcılıqla, gəzməklə, xalqla daha çox ünsiyyətdə olmaqla. İki ömür qədər həyatı görüb. Xalqla çox ünsiyyətdə olurdu, ova gedirdi. Ovda bir dəfə ovçu tanışına ceyranı vurmağa qoymayıb, atəş açan anda tüfəngin lüləsini “dayan” deyib yuxarı qaldırıb. Məşhur “Ceyran” şeiri də ondan sonra yazılıb. “Azərbaycan” şeiri isə mən deyərdim ki, şairin manifestidir. Atam Nəbi Xəzrinin də ustadı olub, onu gənc vaxtlarında, 20 yaşında “Söz” şeirini oxuyandan sonra təkidlə hələ kitabı çap olunmamış Yazıçılar İttifaqına üzv keçirib. Anam danışardı ki, Səməd Vurğun 1956-cı ildə dünyasını dəyişəndə Nəbini ilk dəfə hönkürərək ağlayan gördüm, dedi ki, mənəvi atamız getdi. Ruhu şad olsun ustadın, Allah rəhmət eləsin.
Səməd Vurğun – 120 Bu gün Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, ictimai xadim Səməd Vurğunun anadan olmasından 120 il ötür… Böyük şairin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!