Uşaq oyunu kimidir sevgi, Ya da uşaq oyuncağı kimi… Əyləncədir bir üzü, göz yaşları və ya səadət, – o bir üzü. Yersiz küsüb-barışmağı, göysüz cığallığı var. Qaşınmamış yerdən qan çıxarmağı bir başqa, Hahaqdan qarşı çıxar haqqa da arada.
Olur ki, darı dələr qulağı, Olur ki, adam eşitməz, söz anlamaz. Bəzən qıyya çəkməyi, bəzən lallığı var.
Amma nə olur-olsun, Qar kimi təmizliyi, su kimi saflığı, çörək kimi halallığı var. Uşaq oyuncağı kimidir sevgi, Ya da uşaq oyunu kimi…
YARADICILIQLA MƏŞĞUL OLAN HƏR KƏS ƏN AZI BUNLARI BİLMƏLİ və qurbağa ilandan qaçan kimi qaçmalıdır
Plagiat – elm və incəsənətdə digər müəllifin yaradıcılığının, ideyasının şüurlu surətdə mənimsənilməsi. Plagiatlıq digər şəxsə məxsus əsərin (elmi, ədəbi, musiqi), ixtiranın və ya səmərələşdirici təklifin mənbəyinə istinad etmədən öz adı altında tamamilə və ya qismən istifadə edilməsi;
Epiqonçu – özünün, müstəqil yaradıcılıq sistemi olmayıb, hər hansı bir bədii, siyasi, ədəbi, elmi və başqa cərəyanı təqlid edən yazıçı, alim (adam) və b. təqlidçi;
Diletant- xüsusi hazırlığı, sistematik biliyi olmadan hər hansı bir elm və ya sənətlə məşğul olan adam;
Qrafomaniya – ədəbi nəşrlərdə dərc olunmağa iddia edən əsərlərin, psevdo-elmi traktatların və s. yazılmasına olan patoloji meyl; (Bu özünü daha çox mübahisəyə meyilli psixopatlarda göstərir)
Psevdomüəllif – özü heç nə yaza bilməyən, amma müəyyən məbləğ müqabilində ədəbi, elmi, rəsm, musiqi və s. əsərlərinin müəllifliyini əldə edən, yəni müəllifliyi satınalan deməkdir.
Çox da şux görünür kölgəm, Tez aldanmaq olur ilk təəssürata. Əslində bir az kefim yoxdur, bir az imkanım sərçələrin səsinə diqqət kəsilməyə… Bəllidir kim necə yeyir başqalarının haqqını
Bir az da yorğunam soyuq bir qış günü, Vaxtın kədərini yaşayıram xəzrinin uğultusunda. Öz dərdləri olmasa yan keçən adamlar elə də biganə deyil başqalarının ağrısına. Sınaq zamanıdır yenə hər gün olduğu kimi çətin və cansıxıcı…
Nə çətinliklərdən usandı ömür, nə də mən sevinə bildim bəsit yenilgilərə. Yıxılanı seyr etməyin ölüsüyük biz, ayaq üstə öz gücünə tutunub qalanları diri görmək istəmədiyimiz kimi… Oysa ki, yaşamağa hər kəsin haqqı var.
Dönə-dolana öyrənmək olmur həyat dərsini, Bilmədiyim yerdən düşdü yenə suallar həyat imtahanında… Dəngələrin pozulduğu məqam… Kəsilməklərin ən yaxşısıdır bu, nəinki qurbanlıq kimi gözləmək ölüm anını. Çox da şux görünür siluetləri çinarların…