Başqa cür olur sülh dövrünün əsgərləri… Üst-başları təmiz, geyimləri ağ boyunluqlu, uniformaları ütülü. Nizamlıdır hərbi yerişləri, həmahəngdir addım səsləri… “Düzlən” əmrinə ox tək düzlənərlər, “Fərəqət” deyəndə dayanarlar mil kimi… İşıq saçar epolitləri, par-par parıldayar poqonları… Şaxtaçı fanarları kimi işıldayar kokardaları… …Amma, döyüşçü çıxmaz əsgər geyimlilərin bəzilərindən… Bu səbəbdən döyüşçü əzəməti olmaz duruşlarında. Təlim poliqonu bir başqa, döyüş meydanı bir… Elə bir fərq var ki, döyüşçü ilə əsgər arasında… Yalnız yaylım atəşlərinin istisində anlatmaq olur, izah etmək minaların partlayışında… Bir başqadır dolu kimi yağan güllələrin çapovulu, tir hədəflərini aramla nişan almaq deyil bu… Hər saniyə ölümlə rəqs etməkdir döyüş tüstülənən tank qüllələrinin fonunda… Döyüşçü olmağın söyüş söyməyi var düşmən səngərinə düşən mərmilərin ardınca, baxıb şaqqanaq çəkməyi göyə sovrulan istehkam qurğularının uçuşuna… Bunun bombardmançı qaldırmağı, qırıcı endirməyi var, ey əsgər… Bir “HÜÜ-CCUM” əmrinə min can fəda etmək səngər-səngər böyüdükcə VƏ-TƏN… Yer üzünün ən gözəl qışqırığıdır, həm də ən vəhşicəsinə “QƏ-LƏ-BƏ” hayqırtısı… Ən bəhərli yaz əkinidir torpağa BAYRAQ əkmək, Əlbət, bir payız VƏTƏN yetişəcək bol-bol! Biz müharibə əsgərləriyik, səngər döyüşçüləri… Fərarini söyməyimiz var, düşməni döyməyimiz var, igidləri öyməyimiz var! Amma… Başqa cür olur sülh dövrünün əsgərləri, komutan, üstü-başı təmiz, intizamlı… Darıxdım “Əsgər, düzlən”, daha sonra ” Marş” əmri üçün… Dünyaya sülh gərəkdir, hər yerə, hər kəsə… Elə bizə də!
Vaqif Rüstəmov un ustad xanəndəmiz Dədə Süleymanın ömür yoluna həsr olunmuş “Səsin sorağında…” romanı ayrıca kitab şəklində işıq üzü görüb. Ustadı rəhmətlə anır, müəllifi təbrik edirik.
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.
Vaqif Poeziya Günləri iyulun 13-də Molla Pənah Vaqifin dogma şəhəri – Qazağın Yuxarı Salahlı kəndindən start götürüb.
İyulun 14-15-də isə Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımız Şuşada davam edir.
Bu gün Azərbayacan Yazıçılar Birliyinin “Natəvan” zalında tanınmış şair, yazıçı, tərcüməçi Zahid Sarıtorpağın 65 illik yubiley tədbiri keçirilib. Tədbiri giriş sözü ilə “525-ci qəzetin” baş redaktoru, MŞ-nın sədri, AYB sədrinin müavini Rəşad Məcid açaraq Zahid Sarıtorpağın təvəzökarlığından, sözə, ədəbiyyata xidmətlərindən xeyli danışdıqdan sonra sözü tədbirin aparıcısı yazıçı, ssenarist, rejissor, jurnalist Orxan Fikrətoğluna verdi. Orxan Fikrətoğlu öncə Bakıda keçirilməsinə baxmayaraq, AYB-nin Şirvan bölməsinin tədbiri olduğunu və təxmini bu tərkibdə Şamaxıda da keçiriləcəyini iştirakçıların diqqətinə çatdırdı. Sonra Orxan Fikrətoğlunun moderatorluğunda keçən tədbirdə tanınmış qələm adamlarından “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, Əlisəmid Kür, Ayaz Arabaçı, Süleyman Abdulla, Qabil Dərdli, Aysel Fikrət, eyni zamanda kitabçı kimi də məşhur olan yazıçı-publisist Xan Rəsuloğlu, oxuculardan Gülnar Əhmədova və digər qonaqlar çıxış edərək Zahid Sarıtorpaq yaradıcılığından, həyatından söhbət açdılar. Tədbirə sonradan qatılan Murad Köhnəqalanın xatirələri xüsusi maraqla qarşılandı. Tədbirin gedişində yubiliyara “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac tərəfindən “İsa Muğanna” diplomu təqdim olundu. Sonda Zahid Sarıtorpaq iştirakçılara öz təşəkkürünü bildirdi və xatirə şəkilləri çəkdirlidi. Tədbirdən fotolar:
Qum dənəsi sayırdım, ayrılıqlar dağ imiş, Çat-çat yerə səpirəm gözlərimdən dən səni. Xoşbəxtliyin ilk şərti sevib-unutmaq imiş, Tanrı məni unutdu, unuduram mən səni; Əgər unuda bilsəm…
Xatirələr dərd verir, hər il bahar qabağı, Bu il də sağ çıxmışam ən sərt qışın qarından. Bir də məst olarammı yenə bu axşam çağı, Bənövşə nəfəsindən, nərgiz baxışlarından?! Ah, yenə uda bilsəm…
Od deyirlər od deyil, atəşmi?- o da deyil, Hansı diləklə çıxsam sonu qəmdir bu yaza. O can evi dediyin eşq dolu oda deyil, Nə bilim ey, yanğımı söyləsəmmi Araza?! Söndürər su da… bilsəm…
Gözlərimdir səpilən sən gedən yola sarı, Ürəyimdir çəkilən yol, gərək varam sənə. Bayaq səsi gəlirdi, keçdi üzüyuxarı, Poçtalyon qayıdanda məktub yazaram sənə; Qələmi tuta bilsəm…
SƏNİ
Nə mən,- get,- deyirəm, nə sən qalansan, Suç olar yolundan saxlamaq səni. Sən iş adamısan, mən söz adamı, Çətindi piyada haxlamaq səni.
Nolar, xislətini bir az tez dəyiş, Əvvəl sadə görün, sonra qəliz şiş. Yoxsa, başımıza açarsan ey, iş, Mümkünmü başından bağlamaq səni?!
Kimini var bilib, kimini yox san, Boynuna çıxarsan hər cini,- yoxsan. Bərkit təməlini-himini, yoxsa, Aşırar dibindən laxlamaq səni.
Sözdən işi keçər sal daşın bəzən, Açar sirr olanı yaddaşın bəzən. Səsini gizləyər göz yaşın bəzən, Tutar için-için ağlamaq səni.
VƏTƏNSƏN
Hamıdan küssəm də səndən küsmərəm, Kim ne deyir-desin əziz Vətənsən. Mən şirin deyirəm, amma acısan, Lap zəhər olsan da ləziz Vətənsən.
Başının üstündən getsin şər, getsin, Bu dərd də ötəcək, sinə gər, getsin. Ağzını əydirib gedənlər, getsin, Qalana qayğıdan xəsis Vətənsən.
Yalanla-dolanla başımızı qat, Gözümüz dağ-dağdı,qəlbimiz çat-çat. Öz doğma balana milli qazamat, Yadlara macəra-təsis Vətənsən.
Yaramız qövr etdi, bağladı lap sim, Nə eyham anladın, canım, nə də him. Eh, səni taladı kim oğlu kim, kim, Nə bilim, nəyin var, nəsiz Vətənsən.
XİFFƏT
Yenə bir say artdı yaşım bu payız, Deyiləsi sözüm qaldı baharda. Ürəksizdim yol yığanda heybəmə, Həsrət dolu gözüm qaldı baharda.
Göz gördüyü qorxulardır tamaşa, Ağ yuxumda göy gəbədir, yer xalı. Mən nə ömrə güvənmirəm, nə yaşa, Axıb gedir zaman sular misalı.
Heç çıxmadı uğuruna mən uman, Hirs-hikkəni dişlərində tutub sıx. Yolayrıcı… ümidsizlik… nagüman, Gah sənindi, gah da mənim,- ayrılıq.
Aha qatıb cəkdim bu gün adını, Yol qurtarır, tükənir can,- bilirəm. Axır vaxtlar itiklərin dadını, Ürəyimin ağrısından bilirəm.
Olanların xiffətini xəfif çək, Sınan yerdən istəklərdir pas tutan. Xatirələr səpələnir xəzəltək, Unudulmuş yaddan çıxıb, unudan…
Gözlərindən nur istədim yaymağa, İnanmazdım kirpiyindən yaş sıza. Həvəsmi var sayılmağa-saymağa, Bir say yenə düşdü yaşım payıza.
ÇIXIŞ NÖQTƏSİ
Fəqət, ağır imiş vaxtın qəm yükü, Zaman saxlancını yelə çıxarır. Çoxunun bəxtinə düşən ağ tükü, Bizim saçımızda telə çıxarır.
Gəlir əməlimiz xoşuna,- deyil! Vallah, bu gurultu boşuna deyil, Aşkar bəlamızı qoşuna deyil, Gizli dərdimizi selə çıxarır.
Bilmədim tərsinə bu dəyişik nə, Orda ət nə gəzir, burda pişik nə?! Biz kimin nəyinə neyləmişik, nə, Öcü canımızdan belə çıxarır.
Oynayır özünə, çalır özünə, And olsun, içdiyi qalır özünə. Fərəhi, sevinci alır özünə, Qadanı-qovğanı elə çıxarır.
Altı təzək çıxır, üstü hər bəzək, İftira bəzəkdir, böhtan- şər bəzək. Bütün fitnələrə vurub bər-bəzək, Hər sözün sonunu felə çıxarır.
ƏLLƏRİNDƏN
Pırpız saçlarında qarışar sığal, Şəbnəm ətri gələr nəm əllərindən. Həyat vəfasızdır, ömür-gün cığal, Çıxar həm canından, həm əllərindən.
Dağlar öz başına sarıyar cuna, Göydə bulud gülər, şimşək uğunar. Düşər ayaqların dərd bolluğuna, Sevinc azıb gedər kəm əllərindən.
Bu geniş dünyada imkan olur dar. Uşaq fərəhinin ahıl dərdi var. Üzü payızadır yarpaq mahnılar, Xəzəllər tökülər dəm əllərindən.
Sonda hali olmaz kimsə halından, “Gəl” deyən bir gün də dəyər dalından. Gözün doymasa da dünya malından, Toplanar-çıxılar cəm əllərindən.
YAXŞISI
O, yaxın sayılan yollar uzaqmış, Ömrümdü ölçdüyüm yelə,- yaxşısı. Dost deyib aranı soyutdum bu qış, Ürək qızınmaqmış elə yaxşısı.
Bənövşə dərdləri unutduq bir yaz, Nərgizli ətəkdə qılınmaz namaz. Damlada batmağı dərya anlamaz, Özünü atmaqmış selə yaxşısı.
Ən gözəl mələk də olarmış iblis, Bir gün Günəş haqdır, bir gün duman-sis. Uymaq düz deyilmiş… olan oldu pis,- Fitnəyə, fəsada, felə,- yaxşısı.
Bir az mən qəribəm, bir az yol naşı, Arxamca atılan himin xır daşı. Qılınc qurşamaq yox, dost, uzaqbaşı, Sığal çəkmək imiş telə yaxşısı.
SIXINTI
Köhnə xatirələr huşumdan çıxır, Varsa, təzələri tər göndər mənə. Başıma bəlaydı əvvəlki dərdlər, Bir az yüngül eylə dərdi-sər mənə.
Quru diləklərin çıxıb qaxacı, Danış, şirindillim, acı,- bax, acı.. Əsalıq gətirib əzgil ağacı, Qalıbsa, dəyməyən meyvə dər mənə.
Gah belə yalanmış, gah elə “gah”lar, Nə giley köməkdir, daha, nə ahlar. Xeyiri unudub qara sabahlar, Tapa bilərsənmi, bəyaz şər mənə.
Gecdi, çətin vara canım sağlığa, Qəlbim qəmə dözməz, sinəm dağlığa. Mən də bir ev idim yıxılmaqlığa, Tale də göz yumur baxsa hər mənə.
Özüldüm, divardım, tavan-dam özüm, Bir həyat yaşadım məzar tam, özüm. Bilməsən, getməyə taparam özüm, Bilirsən, dönməyə yol göstər mənə.
HƏYAT DƏRSİ-1
Bilirsənmi, necə olur üzülmək, Ağrısını,- dərd içində üzməyin?.. Necə olur nifrət ilə süzülmək, Acısını,- ağı-ağı süzməyin; Yox, bilməzsən… Yox, bilməzsən… Bilməzsən!…
Həsrətidir burda hamı sevginin, Diləklərdir gözlərdəki nəm ilə… Necə olur dadı-tamı sevginin, Dan yerində qarışanda qəm ilə; Yox, bilməzsən… Yox, bilməzsən… Bilməzsən…
Əlin çatmaz çıxarasan bıçağı, Hansı dosta nişangahmış kürəyin. Qan gölüdü sol çiyninin alt sağı, Necə vurur ağzındakı ürəyin; Yox, bilməzsən… Yox, bilməzsən… Bilməzsən…
Yox, bilməzsən necə olur yıxılmaq, Yaxınların badalağı nə sərtmiş. Necə olur güvəncindən sıxılmaq, Heyrət etmək… kim namərdmiş, kim mərdmiş; Yox, bilməzsən… Yox, bilməzsən… Yox, ey, yox…
Heç bilməzsən, hər sabah bir gecədir, Nə cür olur gözlərində şəkk ölmək… Boylanarsan, unamazsan necədir, Milyonların arasında tək ölmək; Yox, bilməzsən… Heç bilməzsən… Yox…heç…heç….
BİLİNƏR
Kəlmə-kəlmə, misra-misra sönürük, Ocağımız… …ta yananda bilinər. Kim əkəcək bizə qədir ağacı, Kimsə bizi sayan anda bilinər.
Nə yol bəlli, nə yolçunun insafı, Qopub düşər ürəklərin ən safı. Bir ümidlə uzadarıq biz lafı, Boş olduğu say ananda bilinər.
Doğma eldə yad tutulmaq nə imiş, Göz önündə unudulmaq nə imiş, Buz nəfəsdə qor udulmaq nə imiş, Atəş sönüb su yananda bilinər.
Batıb qaldıq acılı söz içində, Bacarırsan, əzaba döz içində. Ürək var ki, ağrıyar öz içində, Bir də qəfil dayananda bilinər.
ƏBƏDİ SUAL
Mən ki, yolçusuydum zamansızlığın, Əzrayıl gəlmişdi vədəli,- nəydi?! Anladım, sonudur yetim-yesirin, Düşmüşdü əvvələ dədəli, nəydi?!
Yoldu toz olanım, uğuru daşlı, Keçirdim bir ömrü cəngli-savaşlı. Çaşıb mat olmuşdum ağıllı-başlı, Həyatın əlində nə dəli,- nəydi?
Gerçək gördüyümdə nağıl da vardı, Əynimə gen dünya başıma dardı. Ağlayan canımı gülüb alardı, Kəsmişdi üstümü hədəli,- nəydi?!