Etiket arxivi: TƏHSİL

“Oriyentir ulduzu” – Mübarizə layiq povest

ORİYENTİR ULDUZU – ZAUR USTACIN KİTABI

(Zaur Ustacın “Oriyentir ulduzu” povesti haqqında)

Şair Zaur Ustacı neçə müddətdir ki, şair kimi tanıyır və yaradıcılığını izləyirəm. Lakin son vaxtlar onun “Oriyentir ulduzu” adlı povestinə gec də olsa, rast gəldim (povest 2011-ci ildə yazılıb) və onu həm də nasir kimi tanıdım. Əsərin həcmi kiçik olsa da, (cəmi 30-35 səhifə) hadisələrin dramatik gərginliyi, konkret situasiyalar, baş qəhrəmanın keçirdiyi psixoloji hallar, ön cəbhədəki vəziyyət, əsgərlərimizin həyatı və s. oxucuya həcmli əsər təsiri bağışlayır.

Povestin qəhrəmanı hamımızın yaxşı tanıdığı və sevdiyi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur. Əlbəttə, yazıçı igidimizi yalnız cəbhənin ön xəttində təsvir edir. Lakin hərdən fürsət tapıb Mübarizin öz dili ilə bizi onun keçmişi ilə tanış etməyi bacarır. Aydın olur ki, hərbi xidməti başa vurmuş bu 22 yaşlı gənc vətənin tikə-parça vəziyyəti ilə barışa bilmir, vətənpərvərlik duyğusu onu yenidən ön cəbhəyə – əsgərlik həyatına çağırır. Müəllif Mübarizin dili ilə deyir; “Nə bilim e, vallah, bir şeyi başa düşə bilmirəm ki, bu şərəfsizlərin oyunbazlıqlarına nə qədər dözəcəyik? Qrajdanskidə dözmək olmur, deyirsən, gedim orduya. Orduda dözmək olmur. Deyirsən, ön cəbhəyə. Burda heç dayanmaq olmur. Şərəfsizlər hər gün gözünün qabağında min hoqqadan çıxırlar. Lap dəli oluram. Ya Allah, sən özün səbr ver!”.

Zaur Ustaclı bu gənc oğlanın blindajdakı bir günlük həyatını, eləcə də, əsgərlərimizin həyatını, döyüş xəttini, 1-ci, 2-ci, 3-ü oriyentirləri, səngərləri, düşmən tərəfin mövqeyini və s. olduqca inandırıcı təsvir edir. Düşmən tapdağında olan kəndlərimizin, çaylarımızın, dağlarımızın dəqiqliklə verilən adları oxucuda döyüş mövqeyi haqqıda geniş təəssürat yaradır. Gizir Mübarizin hərbi qaydalara necə diqqətlə əməl etdiyini, özündən rütbəcə aşağı olan əsgər yoldaşları ilə isti münasibətləri, təbii ki, oxucunun gözlərində qəhrəmanımızın unudulmaz portretini yaradır. Mübariz qarşısına məqsəd qoymuşdur; düşmənlə təkbətək üz-üzə durmaq, əsrlərlə bizə qənim kəsilən, torpaqlarımızda at oynadan, Xocalı kimi dəhşətli qırğınlar törədən erməni faşizminə dərs vermək, onlardan xalqımızın intiqamını almaq.

Əsərdə təsvir olunan sonrakı hadisələr Mübarizin silahlanaraq təkbaşına düşmən tərəfə keçməsi ilə davam edir. Gücünə və ləyaqətinə arxalanan Mübariz ata-anasına məktub qoyur. O, bu məktubda bir seyid kimi Allaha sığındığını, ermənidən qisas alaraq şəhid olmaq arzusunu ifadə edir. Axı Mübariz üçün tarixi örnəklər var. Axı Çanaqqala savaşında Seyid Çavuş 200 kiloluq mərmini topa yeritməklə döyüşdə ciddi dönüş yaratmışdı.

Ədib düşmənlə təkbaşına döyüşən qəhrəmanın keçirdiyi hissləri, düşmənə nifrətini, onlarla amansız döyüşünü, saysız-hesabsız erməni faşistlərini məhv etdiyini elə dolğun təsvir edir ki, oxucu qəhrəmanı ilə qürurlanır, onun apardığı döyüşü həyəcanla izləyir. Yazıçı Mübarizin dili ilə deyir; “Həmişə bu yolla düşmən mövqeyinə ya əsgər gələr, ya da yoxlama. Həmişə onların tərkibində çoxlu generallar, polkovniklər olan komissiyalar yoxlayıb “5” verərdilər. İndi bu yolla onları “yoxlamağa” Azərbaycan ordusunun peşəkar giziri gəlirdi. Özü də bu yoxlama qəfil yoxlama idi. Görəsən, bu şərəfsizlərin döyüş hazırlığı nə yerdədir, neçə alacaqlar bu imtahandan?

Yoxlamaya bizim Mübariz gedirdi, “Mübariz”

(Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edirəm)

Zirvədə yurd salan qartallar kimi
Səngərdə düşməni izləyirdi o.
Qəlbinə yığmışdı qəzəbi, kini,
Vulkan püskürməsi gözləyirdi o.

Hələ iyirmi iki yaşı var idi,
Hələ iyirmi iki bahar görmüşdü.
Hələ qəlbində eşq körpə bar idi,
Həm də bu yaşda o, nələr görmüşdü.

Onun qan yaddaşı haray salaraq
Bütöv bir tarixi deyirdi ona.
Yurda “qonaq” gələn erməni alçaq
İndi sahib çıxıb Qarabağıma.

Qəzəbi sıyrılıb çıxdı qınından,
Düşmən sədlərini yardı Mübarız.
Xətai imanı axdı qanından,
Önünə çıxanı qırdı Mübariz.

Bir can minə qarşı – budur möcüzə
Qaya fırtınayla çarpşdı o gün.
Dünya heyran qaldı bu eşqə, gücə.
Rembolar ekrandan yığışdı o gün.

Şəhid zirvəsində haqqa sığınıb,
Vətəni qürurla süzdü Mübariz.
Bütövlük hayqıran bayrağa dönüb,
El-el, oba-oba gəzdi Mübariz.

Ey Milli Qəhrəman, alqış bu ada
Adına yaraşır bu fəxri adın.
Mübariz adını atan qoysa da,
Qəhrəman adını özün qazandın.

Yurdun bütövlüyü dinin imanın
Gec-gec yox olacaq bu duman, bu çən.
İndidən görürəm, ey qəhrəmanım,
Şuşada ucalan heykəlini mən.

Mübariz “məğlubedilməz erməni ordusu” mifinə son qoydu. Öz ölümü ilə belə düşməni lərzəyə saldı.

Povest qəhrəmanın həlakı ilə başa çatsa da, yazıçı onun əbədiyaşar insan olduğunu oxucuya təlqin etməyi bacarır.

Ancaq bir oxucu kimi məni qane etməyən bəzi məqamları da diqqətə çatdırmaq istəyirəm. Düşmən kazarmasına girən Mübarizdə hərdən mərhəmət hissi də baş qaldırır, hətta bəzi düşmən əsgərini öldürməkdən vaz keçir. Məncə, bu, inandırıcı deyil. Xocalı dəhşətini oxuyub öyrənən, televiziya vasitəsi ilə bu faciəni izləyən Mübariz amansız olmaya bilməzdi.

Bir də istərdim kİ, Mübarizin düşmənlə qarşılaşdığı zaman konkret erməni obrazı olsaydı, yaxşı olardı. Məsələn; erməni komandiri, erməni zabiti və s.

Povest yüksək ideya daşıyıcısı kimi dəyərə malikdir.Yeniyetmə və gənclərimizin Mübariz kimi qəhrəmanlarımızı öyrənməyə böyük ehtiyacı var. Axı qarşıda Böyük Qarabağ Savaşı durur.

Tofiq QƏBUL – şair, pedaqoq.


Tofiq QƏBUL,
Naxçıvan


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

”GÜLÜNÜN ŞEİRLƏRİ” – SEHİRLİ KİTAB

Zaur Ustac – “Gülünün şeirləri” və ya “Gülüzənin şeirləri” kitabı

Bu gün Azərbaycanda başqa sahələrdə: sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda olduğu kimi, xalq maarifi sahəsində də ciddi inkişaf dövrü başlanmış, təhsilin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmişdir. Ölkənin qabaqcıl ziyalı dəstəsini təmsil edən maarifpərvər ziyalıların regionda ictimai-mədəni mühitin inkişafına, xüsusən təhsilə həmişə diqqət yetirməyə və qayğı göstərməyə sövq etmişdir.


Bu baxımdan, tanınmış yazıçı Zaur Ustacın “Gülünün şeirləri” adlı sinifdənxaric əlavə tədris vəsaiti maraq doğurur, elmi-nəzəri və praktik dəyərliliyi ilə diqqəti cəlb edir.

Elmi məsləhətçiləri Azərbaycan Respublikasının Əməkdar müəllimi Afət Xəlilova, Əzizə Abdullayeva və Gözəl Quliyeva olan vəsaitdə hərf və rəqəmlər haqqında əyləncəli şeir və tapmacalar verilmişdir.

Qeyd edək ki, vəsait əsasən ümumi təhsil müəssisələrinin I sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Vəsaitdə Azərbaycan əlifbasının hər bir hərfi üçün tək-tək əyləncəli, uşaqların asan əzbərləyə biləcəyi dili asan, olduqca axıcı və yüngül hecalı şeirlər verilmişdir. Kitabda həmçinin hərflərlə yanaşı, kiçik məktəb yaşlı uşaqlarda riyazi bacarıqların inkişaf etdirilməsi üçün rəqəmlər haqqında da şeirlər yazılmışdır.

Həmçinin, bu vəsait dərnəklərdə və bədii qiraət klublarında kiçik yaşlı uşaqlara şeir öyrədən müəllimlər üçün də əlavə köməkçi vəsaitdir. Ona görə ki, azyaşlı uşaqlar hərfləri yaxşı tanıya bilmir, şeirləri oxuyub əzbərləməkdə çətinlik çəkirlər. Zaur Ustacın yazdığı bu şeirlər isə o qədər asan və yaddaqalandır ki, hər hansı hərfə və rəqəmə aid olan şeiri uşağa yalnız bir neçə dəfə təkrar etdirməklə əzbərlətmək olar.

Xüsusilə qeyd etmək istəyirəm ki, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş bu vəsait, eyni zamanda məktəbəqədər və ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər üçün də əvəzedilməzdir. İbtidai siniflərdə dərs deyən müəllimlər şagirdlərə əlifbanın hər hansı bir hərfini öyrədərkən bu vəsaitdən həmin hərf haqqında yazılmış şeiri də uşaqlara asan əzbərlədə bilərlər. Məsələn, müəllifin A hərfi ilə bağlı vəsaitin 4 səhifəsində yazdığı aşağıdakı şeirə diqqət yetirək:

A ilə Ana deyə,
Aləmə səs salırıq.
Azərbaycan sözünü,
A ilə başlayırıq.

Bu şeir vasitəsi ilə müəllim uşaqlara həm A hərfini öyrədə, həm də onlarda vətənpərvərlik hissi aşılaya bilər.

Zaur Ustac – “Güllünün şeirləri” və ya “Gülüzənin şeirləri” kitabı

Təqdirəlayiq haldır ki, Zaur Ustac həmçinin vəsaitdə hərflərlə yanaşı, rəqəmlər haqqında da şeirlər yazmışdır. Həmin şeirlərdən 1 rəqəmi ilə bağlı yazılmış şeirə nəzər yetirək:

Asan bir sual verim,
İnan, yoxdur beləsi.
Üçdən iki çıxanda
Söylə qalır, neçəsi?

Qeyd edək ki, müəllif bu şeir vasitəsilə uşaqlarda 1 rəqəmi və sadə riyazi əməllərlə (toplama və çıxma) bağlı təsəvvürlər və bacarıqlar formalaşdırmışdır.

Onu da qeyd edək ki, bu vəsait məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlarda məntiqi təfəkkürün və yaradıcılıq qabiliyyətinin formalaşmasına, həmçinin uşaqların asudə vaxtlarının səmərəli keçirmələrinə də köməklik edəcəkdir.

“Gülünün şeirləri” kitabı həm məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlar, həm də onların təhsili, təlim-tərbiyəsi ilə məşğul olanlar üçün çox qiymətli vəsaitdir, eləcə də böyük dəyərə malik mütaliə materialıdır. Xatırlatmaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyev mütaliəyə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı və vasitəsi kimi baxmamış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin son dərəcə vacib əhəmiyyət daşıdığını önə çəkərək demişdir: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır”.

Ulu öndər ölkənin və xalqın gələcəyinin yeni nəsilləri necə və hansı ruhda savada yiyələndirməkdən, tərbiyə etməkdən asılılığını məxsusi vurğulayırdı: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.

Yenicə çapdan çıxmış “Gülünün şeirləri” kitabı məhz böyüməkdə olan nəsillərin layiqli vətəndaş kimi formalaşmasına xidmət göstərən materialları özündə cəmləşdirməklə yanaşı, geniş elmi-pedaqoji və didaktik imkanlara malikdir.

Uşaqlara təlim-tərbiyə vermək və onları maarifləndirmək baxımından da novator yazıçı Zaur Ustacın “Gülünün şeirləri” kitabı dəyərli bir vəsaitdir.

Onu da qeyd edək ki, vəsaitdə toplanılan şeir və tapmacalar müasir əhəmiyyətinə görə də qiymətlidir. Vəsait hər bir məktəbəqədər və kiçik məktəbyaşlı uşaqların bacarıqlı, yaradıcı və savadlı şəxsiyyət kimi inkişafına və gələcəkdə vətənpərvər bir gənc kimi formalaşmasına xidmət edəcək.

Ümid edirik ki, gələcəkdə bu vəsait daha da təkmilləşdiriləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şurasından keçərək sinifdənxaric tədris vəsaiti kimi ölkənin bütün ümumi təhsil müəssisələrində tədris olunan fənlərin siyahısına daxil ediləcək.

Taleh Xəlilov – pedaqogika üzrə fəlsəfə doktoru.

Taleh XƏLİLOV,
pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikası Təhsil Şurasının üzvü



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru