Etiket arxivi: ÜZEYİR HACIBƏYLİ

Milli Kitabxanada “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının və “Üzeyir Hacıbəyli-140” mövzusunda elektron məlumat bazasının təqdimat mərasimi keçirilib

Milli Kitabxanada “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının və “Üzeyir Hacıbəyli-140” mövzusunda elektron məlumat bazasının təqdimat mərasimi keçirilib

Milli Kitabxanada Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının və “Üzeyir Hacıbəyli-140” mövzusunda elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

İlk öncə  Üzeyir Hacıbəylinin şah əsərlərindən biri olan “Koroğlu” uverturası səsləndirilib.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Bildirib ki, Üzeyir bəy təkcə musiqişünas-alim və dahi bəstəkar deyil, həm də Azərbaycanın ən böyük şəxsiyyətlərindən biridir.  Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə imzaladığı sərəncama əsasən hər il 18 sentyabr – Üzeyir Hacıbəylinin doğum günü  ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur. Bu eyni zamanda Beynəlxalq Musiqi festivalları ilə müşayiət olunur. Əlavə edib ki,   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamına müvafiq olaraq dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi dünyanın bir çox ölkələrində anılır.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxışında dahi bəstəkar Üzeyir Hacıbəylinin həm Azərbaycan xalqı, həm də musiqiçilər üçün ilham mənbəyi olduğunu bildirib. Qeyd edib ki, Üzeyir Hacıbəylinin sənəti tükənməz bir mənbədir. O, Üzeyir Hacıbəylinin irsinin müxtəlif aspektlərini, əsərlərini və elmi-pedaqoji fəaliyyətini əks etdirən bu fundamental biblioqrafiyanın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov çıxışında Üzeyir Hacıbəylinin Azərbaycan xalqı üçün doğma və müqəddəs bəstəkar, Azərbaycan musiqisinin “Peyğəmbəri” kimi səciyələndirib. O, Üzeyir bəyin adının bütün dünyada tanındığını qeyd edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən geniş tədbirlər planı hazırlanıb. O,  dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinin yalnız Azərbaycanda deyil, beynəlxalq müstəvidə qeyd olunduğunu və bu tədbirlərin ilin sonuna qədər davam edəcəyini diqqətə çatdırıb. Nazir müavini həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının dahi bəstəkarın irsinin tanıdılması və tədqiqi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Biblioqrafiyanın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib və bu istiqamətdə işlərin davamlı olmasını arzulayıb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, professor Günay Əfəndiyeva çıxışında bildirib ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin, mədəniyyətinin, incəsənətinin, eləcə də xalqımızın milli düşüncəsinin və kimliyinin simvoludur. Əlavə edib ki, Üzeyir bəy cəmi 63 il yaşamasına baxmayaraq, tarixdə bir çox ilklərin müəllifi kimi əbədi iz qoyub.  Sədr müavini Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanan “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabını və elektron məlumat bazasını yüksək qiymətləndirərək bildirib ki, bu biblioqrafiya davam edən bir həyatın göstəricisidir və Üzeyir bəyin şəxsiyyətinə dərin ehtiramın ifadəsidir. Daha  sonra  Türk Mədəniyyəti və İsri Fondu tərəfindən  İspaniyada nəşr olunan Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunmuş poçt markasını və Qarabağ bölgəsindən olan görkəmli şəxsiyyətlərin portretlərinin işləndiyi “Qarabağın cizgiləri” kitabını Milli Kitabxananın fonduna hədiyyə edib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Eldar Mansurov,  Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri,Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Niyazi adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru, Xalq artisti Yalçın Adıgözəlov,  Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova, Azərbaycan Milli Konservatoriyası  nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov,  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və başqaları çıxış ediblər.

Çıxışçılar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə geniş söhbət açaraq dahi bəstəkarın Azərbaycan musiqi tarixində unudulmaz əsərlər yaratdığını və milli musiqimizi dünya səviyyəsinə çatdırdığını vurğulayıblar. Onlar Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanaraq nəşr olunan “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabını yüksək qiymətləndirərək Milli Kitabxananın rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildiriblər. Eyni zamanda, Üzeyir Hacıbəyli haqqında nəşr olunan hər bir əsərin böyük önəm daşıdığını qeyd ediblər. 

Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Üzeyir Hacıbəyli-140” adlı elektron məlumat bazasının təqdimatı olub.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/uhacibeyli/index.html linkindən istifadə edə bilərlər.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

Üzeyir Hacıbəyov – 140: “Biz indi onlardan 100 il qabaqdayıq”

“Üzeyir Hacıbəyov — 140”: Zaur Ustacın xatirə-monoqrafiyasına bir baxış

Sentyabrın 18-i Azərbaycanın musiqi və mədəniyyət təqvimində həm də xatirə günüdür: Şuşanın dərin musiqi-əxlaqi atmosferindən çıxmış, milli professional musiqi və operanın banisi, tanınmış ictimai xadim, jurnalist, yazıçı Üzeyir bəy Hacıbəyov 1885-ci ildə təqvimin bu günündə dünyaya gəlib. Bu il — 2025 — Üzeyir bəyin 140 illik yubileyi ilə üst-üstə düşür və bu yubileyə həsr olunmuş nəşrlərdən biri də şair-yazıçı və tədqiqatçı Zaur Ustacın “Üzeyir Hacıbəyov -140” monoqrafiyasıdır. Bu kiçik, lakin məzmunlu kitab həm yubileyi qeyd etməyi, həm də Üzeyir bəyin irsini daha canlı, daha müasir oxucuya çatdırmağı hədəfləyir.
Zaur Ustac, müasir ədəbi mühitdə şair, redaktor və bəzən elmi-populyar mətnlərin müəllifi kimi tanınır. Onun nəşrləri arasında həm şeirlər, həm redaktə işləri, həm də ön sözlər, tərtibatçılıq fəaliyyətləri diqqət çəkir; bu da Ustacın yalnız ədəbi deyil, eyni zamanda tədqiqatçı və publisist köklü bir yazar olduğunu göstərir. Belə bir müəllifin Üzeyir bəy Hacıbəyli mövzusuna müraciəti gözlənilən bir addımdır — çünki “Üzeyir Hacıbəyov” mövzusu həm mədəniyyət tarixi, həm də müəllifin poetik-estetik duyumu üçün zəngin material təqdim edir.
“Üzeyir Hacıbəyov -140” oxucuya dahi bəstəkarın həyatı və yaradıcılığını təkcə bioqrafik faktlar kimi təqdim etmir; həmin illərin mədəni-iqtisadi kontekstində Üzeyir bəyin rolunu musiqiçi – bəstəkardan daha çox yazıçı – publisist kimi qabardır. Zaur Ustacın bu kitabı Üzeyir bəy Hacıbəylini jurnalist, publisist, yazıçı, satirik, dramaturq kimi təqdim etmək baxımından böyük əhəmiyyət kəsb edir. Əsəri əhəmiyyətli edən vacib məqamlardan biri də Zaur Ustacın 10 fəsildən ibarət olan monoqrafiya boyunca daim mötəbər mənbələrə istinad etməsidir. Mətn monoqrafik formatın sərhədlərindən çıxaraq, publisistik ton və təhlilçi baxışla oxucunu həm tarixi faktlarla, həm də estetik refleksiyalarla qarşı-qarşıya qoyur.
Ustacın monoqrafiyasında diqqət çəkən məqam mətnin dili və strukturu arasındakı balansdır. O, müxtəlif mövzulu fəsilləri ustalıqla vahid süjet xətti kimi seçdiyi Üzeyir bəy Hacıbəylini “böyük ədib” kimi təqdim etmək ideyası ətrafında cəmləyə bilmişdir. Bu baxımdan kitab vahid mövzulu əsər təsiri bağışlayır. Zaur Ustac Üzeyir bəyin bəzi məqamlarda indiki dövrdə mürəkkəb görünə biləcək ifadə tərzini müasir oxucuya sadə, aydın və bəzən poetik ifadələrlə çatdırır. Bu yanaşma çox vaxt akademik mətnlərdə itən insani və emosional əlaqəni bərpa edir: oxucu Üzeyir bəyə təkcə tarixi şəxsiyyət kimi deyil, canlı yaradıcı kimi yaxınlaşır. Eyni zamanda Ustac faktları, tarixi hadisə-silsilələrini, müəllifin yaradıcılıq məkanını qısa, amma yığcam şəkildə təqdim etməyi bacarır ki, bu da monoqrafiyanı həm geniş oxucu, həm də araşdırmaçılar üçün əlçatan edir.
Monoqrafiyanın əsas yükünü təşkil edən arqument — Üzeyir bəy Hacıbəylinin yalnız bəstəkar yox, eyni zamanda pedaqoq, publisist və milli mədəni islahatçı kimi görünməsidir. Ustac bu arqumenti tarixdən gətirilən nümunələrlə, bəstəkarın pedaqoji və publisistik fəaliyyətinə işıq salan istinadlarla möhkəmləndirir. Oxucu üçün faydalı olan başqa bir məqam monoqrafiyada verilən xatirə, sənəd və faktların vacib hissələrinin vurğulanmasıdır; belə elementlər Üzeyir bəyin çoxşaxəli fəaliyyətinin daha aydın görünməsinə xidmət edir.
Hər bir yubiley-monoqrafiya kimi, “Üzeyir Hacıbəyov -140” da həm tərifə, həm də müəyyən tənqidi fikirlərə açıqdır. Bir tərəfdən, Ustacın publisist üslubu mətnə canlılıq qatır; digər tərəfdən, ciddi araşdırmaçı oxucu daha dərin arxiv işləri və istinadların genişliyini gözləyə bilər. Buna görə də monoqrafiyanı ideal şəkildə kontekstləşdirmək üçün oxucu mətnə əlavə olaraq elmi məqalələr, arxiv materialları və ədibin əsərlərinin təhlilinə yönəlmiş daha geniş tədqiqatlarla birlikdə müraciət etməlidir. Bununla belə, Ustacın işi “Üzeyir Hacıbəyov” mövzusunu geniş oxucu kütləsinə çatdırmaq baxımından əhəmiyyətlidir və yubiley çərçivəsində vacib bir pay sahibidir. Zaur Ustac özü də monoqrafiya boyunca müxtəlif başlıqlı məqalələrində tez-tez bu məqamı vurğulayır ki, onun əsas məqsədi yada salmaqdan, xatırlatmaqdan – təbliğat işindən ibarətdir.
“Üzeyir Hacıbəyov -140” həm yubiley xatirəçiliyi, həm də publisistik yanaşma ilə hazırlanmış bir monoqrafiyadır. O, Üzeyir bəy Hacıbəylinin irsini yenidən oxumağa, onun yaradıcılığının müasir oxucu üçün nə demək olduğunu yenidən düşünməyə çağırır. Monoqrafiya xüsusi olaraq tədqiqatçıların ixtiyarında olan mürəkkəb mətnləri sadələşdirir və geniş oxucu kütləsinə Üzeyir bəy Hacıbəylini daha yaxın, daha insani bir obraz kimi təqdim edir. Bu səbəbdən kitabı həm yubiley münasibətilə, həm də “Üzeyir Hacıbəyov” mövzusuna giriş kimi tövsiyə etmək olar.

Ədəbiyyat tarixə münasibətdə yalnız xatirə rolunu oynamır, həm də gələcəyə işıq tutan mayak kimi çıxış edir. Müasir Azərbaycan ədəbiyyatında fərdi üslubu ilə seçilən yazıçı-şair Zaur Ustacın “Üzeyir Hacıbəyov – 140” adlı monoqrafiyası da belə əsərlərdən biridir. Bu kitabda müəllif sadəcə hadisələri xatırlatmır, zamanın fəlsəfəsini çözür, oxucunu milli yaddaşla üz-üzə qoyur.

Monoqrafiyanın başlıca ideyası – Azərbaycanın tarixi inkişaf yolunu yüz illik zaman çərçivəsində dəyərləndirməkdir. Ustac göstərir ki, yüz il əvvəl milli mübarizədə arzulanan ideallar bu gün reallığa çevrilib. Dövlətçilik, müstəqillik, milli kimliyin qorunması – bütün bunlar indi həyatımızın gerçək faktlarıdır. Müəllif oxucuya sadə bir həqiqəti çatdırır: “Biz indi onlardan 100 il qabaqdayıq”. Yəni bizdən əvvəlki nəsillərin ümid etdiyi gələcək artıq bizim bu günümüzdür.

Kitabda diqqət çəkən əsas xətt – milli yaddaşa bağlılıqdır. Müəllif hesab edir ki, hər bir xalqın zaman qarşısında mövqeyi onun irsinə münasibəti ilə ölçülür. Dilini, ədəbiyyatını, mədəniyyətini qoruyan xalq zamanın fövqündə dayanır. Bu baxımdan monoqrafiya həm tarixi təhlil, həm də milli kimliyin dəyərinə çağırış xarakteri daşıyır.

Zaur Ustac bu əsərində sırf akademik üslubdan qaçaraq, publisistik təhkiyə ilə oxucuya müraciət edir. Tarixi faktlar canlı emosiyalarla təqdim olunur, analitik yanaşma bədii ifadələrlə zənginləşdirilir. Bu isə monoqrafiyanı həm elmi dairələr, həm də geniş oxucu kütləsi üçün maraqlı edir.

Zaur Ustac bu əsərdə sadəcə tarixdən bəhs etmir, həm də gələcəyə baxış təqdim edir. Onun fikrincə, xalqın qüdrəti zamanın nəbzini tutmaq bacarığında, yəni həm tarixi dərk etməkdə, həm də gələcəyi qabaqlamaqda gizlidir. “Üzeyir Hacıbəyov -140” adlı monoqrafiyanı vahid bir əsər kimi götürdükdə “Biz indi onlardan 100 il qabaqdayıq” fikrinin ana xətt kimi keçdiyini görürük. Bu ifadə həm də bir xəbərdarlıqdır: əgər biz milli dəyərlərimizi unutsaq, yüz il sonra gələcək nəsillər bizdən geri qala bilər.

“Üzeyir Hacıbəyov -140” monoqrafiyası Azərbaycan publisistikası və ədəbiyyatında mühüm hadisədir. Əsər oxucunu həm düşünməyə, həm də tarixdən nəticə çıxarmağa çağırır. Zaur Ustac bu kitabı ilə bir daha sübut edir ki, ədəbiyyat yalnız sözün gözəlliyi deyil, həm də milli düşüncənin, ictimai mövqenin ifadəsidir.

Zaur Ustac – “Üzeyir Hacıbəyov – 140” pdf

Müəllif: Günnur AĞAYEVA,

NAMİQ HACIHEYDƏRLİNİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Günümüzün reallığı

Bir ərəbdən soruşursan ki, sən kimsən?
Deyir:

— Ərəb!

Sən nə dindəsən?
— İslam.
— Nə dildə danışırsan?
— Ərəb.
İslam olmayan ərəbdən də bu sualları etsən, cavabında deyər ki, mən ərəbəm, dinim xristian dinidir, dilim ərəb dilidir.
Bir farsdan da bu əhvalatı soruşsan, deyər ki, mən farsam, dinim islam dinidir, dilim fars dilidir. Bir ləzgidən də bunu soruşsan, deyər ki, özüm ləzgiyəm, dinim əlhəmdülillah, islamdır, dilim də ya alaz, ya əmdi, ya qumuk, ya çərkəz və s. dilidir. Həmçinin rus, erməni və sairə.
Amma bizim bir nəfərimizdən sor ki,
— Sən kimsən? Deyər müsəlmanam.
— Hansı millətdənsən?
— Müsəlman millətindən.
— Nə dinindəsən?
— Müsəlman dinindən.
— Nə dili danışırsan?
— Müsəlman dili.
Halbuki özü türkdür, dini islam dinidir, dili də türk dilidir. Daha burasını düşünən yoxdur ki, müsəlman adında millət yoxdur, müsəlman adında dil yoxdur, müsəlman – yəni islam dinini qəbul etmiş bir adam deməkdir. Din başqa, dil başqa. Din başqa, milliyyət başqa. Dində dil yoxdur, dində milliyyət də yoxdur. Əgər bu gün yaponlar islam dinini qəbul etsələr, onlar ancaq din cəhətincə müsəlman olarlar, amma dil və milliyyətcə yapon qalırlar.
Müəllif: Üzeyir bəy Hacıbəyov

YENİ NƏŞR – ÜZEYİR HACIBƏYLİNİN “SEÇİLMİŞ PEDAQOJİ ƏSƏRLƏRİ” ADLI KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

YENİ NƏŞR

ÜZEYİR HACIBƏYLİNİN “SEÇİLMİŞ PEDAQOJİ ƏSƏRLƏRİ” ADLI KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

          “Mütərcim” nəşriyyatı Üzeyir Hacıbəylinin “ Seçilmiş pedaqoji əsərləri”ini nəşr etmişdir.Üzeyir Hacıbəylinin pedaqoji əsəırləri ilk dəfə olaraq ayrıca kitab halında işıq üzü görür. “Seçilmiş pedaqoji əsərlər”də dahi bəstəkarın məktəb, təhsil, tərbiyə, təlim, təhsilin idarə olunması və müəl­lim şəxsiyyətinə aid fikirləri öz əksini tapmışdır. Mənbə kimi 1985-ci ildə “Yazıçı” nəşriyyatında çap olunmuş “Üzeyir Hacıbəyov. “Seçilmiş əsər­lər”i, 2005-ci ildə Şərq-Qərb nəşriyyatında işıq üzü görmüş “Üzeyir Hacı­bəyli. Seçilmiş əsərlər”i iki cildliyinin 2-ci cildinin materialları əsas götürülmüşdür.

Materialların bir qismi Üzeyir Hacıbəylinin məqalələri, bir qismi felyetonları,  satirik hekayələri, səhnəcikləridir.

      Tədqiqatçılar materiallardan istifadə edərkən mənbə kimi ya bu kitabı və onun səhifələrini göstərə, yaxud dahi bəstəkarın 1985 və 2005-ci il nəşrlərinə əsaslana   bilərlər.

      “Seçilmiş pedaqoji əsərlər”in  hazırlanmasının təşəbbüskarı, ön sözün müəllifi və elmi redaktoru  pedaqogika elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi Akif Nurağa oğlu Abbasovdur.

Tərtib edənlər:

Akif Nurağa oğlu Abbasov,

pedaqogika elmləri doktoru, professor,

İradə Böyükağa qızı Əmirəliyeva,

pedaqogika üzrə fəlsəfə doktoru,

Lalə Akif qızı Məmmədli,

pedaqogika üzrə fəlsəfə doktoru

Bu kitab Üzeyir Hacıbəyli sevərlər, müəllimlər, gənc tədqiqatçılar,  doktorantlar, magistrant və magistlər üçün nəzərdə tutulmuşdur.

ÜZEYİR HACIBƏYLİ YARADICILIĞINDA TƏHSİL, TƏLİM VƏ TƏRBİYƏ MƏSƏLƏLƏRİNİN QOYULUŞU

ÜZEYİR HACIBƏYLİ – 140

ÜZEYİR HACIBƏYLİ YARADICILIĞINDA TƏHSİL, TƏLİM VƏ TƏRBİYƏ MƏSƏLƏLƏRİNİN QOYULUŞU

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 03 fevral 2025-ci il tarixdə görkəmli bəstəkar, ictimai xadim, yazıçı, dramaturq, mütərcim, jurnalist Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir”.

Hələ 23 yaşında ikən Üzeyir bəyin “Leyli və Məcnun” operası tamaşaya qoyulmuşdu. Həmin operadan sonra o, qısa müddətdə 5 opera və 3 operetta yazmışdır. Üzeyir Hacıbəylinin yaradıcılığı bununla məhdudlaşmır. O, çoxsaylı mahnıların, satirik hekayələrin, məqalələrin, səhnəciklərini, felyetonların müəllifidir. “Yeni iqbal” və “Azərbaycan” qəzetlərinin redaktoru, SSRİ xalq artisti, Azərbaycan Konservatoriyasının rektoru, Azərbaycan Bəstəkarlar İttifaqına sədri olmuşdu, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü idi.

Xalq yazıçısı Mirzə İbrahimov Üzeyir Hacıbəylinin həyat və fəaliyyətindən söz açarkən yazırdı ki, o, “Azərbaycan mədəniyyətinin tarixində böyük bəstəkar, opera sənətinin banisi və klassik yaradıcı kimi tanınmışdır. Azərbaycan, rus, dünya klassik ədəbiyyatı və incəsənətinin mütərəqqi ənənələrini dərindən qavramış, doğma xalqının mədəniyyətini yüksəltmək eşqi ilə yaşayıb-yaratmış, ömrünün təqribən 45 ilini bu işə vermiş və Azərbaycan musiqisini inkişaf etdirmək, onu yeni keyfiyyətlərlə zənginləşdirmək üçün böyük qeyrət və zəhmət sərf etmişdir. Onun arasıkəsilməz ilhamlı əməyinin son dərəcə gözəl səmərəsi bizə məlumdur. Ancaq öz sənətini hədsiz məhəbbətlə sevən, onun xalq üçün böyük əhəmiyyətini başa düşə bir adam bu qədər gərgin və belə tükənməz ilhamla çalışa bilərdi”.

Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli Allah-taalanın nəinki Azərbaycan, həmçinin dünya mədəniyyət tarixinə bəxş etdiyi böyük və qiymətli, son dərəcə dəyərli töhfədir. Bu dahi sənətkar Şərqdə, ümumilikdə isə, İslam dünyasında ilk operanın müəllifi idi. Özü də bu operanı 23 yaşında yaratmışdı. Üzeyir Hacıbəyli bəstəkar olmaqdan qabaq təcrübəli, qabaqcıl müəllim idi. 1904-cü ildə Cəbrayıl qəzasında müəllim işləmişdi (1904). Müəllimlik fəaliyyətinə başlayarkən Qori Müəllimlər Seminariyasında təhsil alaraq (1890-1904) müəllimlik peşəsinə yiyələnmişdi. O zamanlar Müslüm Maqomayev də burada təhsil alırdı. Gələcəyin dahi bəstəkarları seminariyada tanış olmuşdular. İlk təhsil illəri isə, Şuşanın ikiillik rus-türk məktəbində keçmişdir.

Üzeyir Hacıbəyli indi ən mötəbər və möhtəşəm məclislərdə əzəmətlə səslənən Azərbaycan Respublikasının dövlət himnini bəstələmişdir. Həmin himn 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə meydana gəlmişdi.

Azərbaycanın görkəmli bəstəkarları Asəf Zeynallı, Səir Rüstəmov, Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Şəfiqə Axundova, Cahangir Cahangirov və b. Üzeyir bəyin tələbələri olmuşlar.

Üzeyir Hacıbəyli Ağcabədidə doğulsa da sonralar Şuşada yaşamı, 1905-ci ildən Bakıda əmək fəaliyyətini davam etdirmişdir.

Bəstəkarın fəaliyyəti çoxcəhətlidir. Biz onu müəllim, yazıçı, dramaturq, drijor, jurnalist, fövqəladə istedada malik musiqişünas, publisist, ictimai xadim, alim, dərsliklər müəllifi kimi tanıyırıq. Professor, akademik idi, Azərbaycan Dövlət Konservatoriyasının (hazırda Bakı Musiqi Akademiyası), respublika Bəstəkarlar İttifaqının sədri, deputat olmuşdu.

Üzeyir Hacıbəyli “Leyli və Məcnun”, “Koroğlu”, “Əsli və Kərəm”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşid banu”, “Harun və Leyla” operalarının; “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad” musiqili komediyaların; çoxsaylı felyetonların və hekayələrin müəllifidir.

“Leyli və Məcnun”, “Koroğlu”, “Əsli və Kərəm” operaları, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları bir əsrdən artıqdır ki, dəfələrlə səhnə həyatı yaşamışdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının motivləri əsasında bədii filmlər çəkilmişdir.

Musiqili komediyaları ilə yanaşı satirik hekayələri də (Bazar söhbəti”, Təhsil”, Söhbət”, “Keçmişdə və indi”, “Müəllimə”, Dinmə, ver pulu” və s. ) maraqla oxunur.

Ədibin çoxsaylı səhnəcikləri də vardır. Onlardan bəzilərini diqqət mərkəzinə gətirək: “Ordan-burdan”, “Qalmaqal”, “Ata və oğul”, “Yuxuda”, “Dumanın halı”, Kələkbazlar”, İran işləri” və s.

Üzeyir Hacıbəyli yaradıcılığıson dərəcə zəngindir. Çox müxtəlif elm sahələri (psixologiya, pedaqogika, fəlsəfə, filologiya və s.)üzrə onun yaradıcılığına müraciət etmək olar.

Bu kitabda bəstəkarın yaradıcılığını təhsilalanlarda müsbət mənəvi keyfiyyətlərin inkişaf edirilməsinin baxımdan nəzərdən keçirməyi qarşımıza məqsəd qoymuşuq.

Dahi Üzeyir hər bir insanın şəxsiyyət statusu almasından ötrü onun davranışı və rəftarına bir çox mühüm tələblər verirdi. Bütün bunları onun əsərlərindən görmək mümkündür. Üzeyir bəy yaradıcı insan olmaqla yanaşı bir şəxsiyyət kimi kamil idi. Ən yaxşı mənəvi keyfiyyətləri özündə cəmləşdirmişdi. Məhz nəcib sifətlərə, müsbət mənəvi keyfiyyətlərə, nümunəvi davranış və rəftara yiyələnmiş, şəxsiyyətlərarası münasibətləri düzgün quran insanların başqalarına öyüd-nəsihət verməyə ixtiyarı var. Bu baxımdan Üzeyir bəy nümunə idi. Bir insan, bir tərbiyəçi, bir yaradıcı şəxs kimi.

Üzeyir bəyin yaradıcılığından görünür ki, o, vəzifə sahiblərinin, o cümlədən çiynində rütbə gəzdirən şəxslərin insanları incitməsini, onların rüşvətxorluğunu pisləyirdi. “Pristav ağa” hekayəsində İran sərbazına simsarlıq edən bir strajnikin özbaşınalığı, rəhmsizliyi tənqid edilir. Hekayədə bu strajnik M… kəndinə gələrək köməksiz bəzi kənd camaatını, ağsaqqalı, qarasaqqalı, təqsiri, günahı olmadan, şallağa tutması təsvir olunur. Bu strajnik əxlaqca, mənəviyyatca nə qədər yoxsul, kasıbdır ki, döyüb təhqir etdiyi həmin ağsaqqalın evində, qonaq üçün hazırladığı yatağında gecələyir, axşam da ailənin xanımının bişirdiyi yeməkdən yeyir. Buna yemək yox, zəhərlənmək deyərlər.

Üzeyir bəy pristavın gəlişini xəbər vermək üçün “cibində siçanlar oynayan” strajnikin kənddən cibi dolu qayıtdığını, kənd əhlini çalıb-çapıb getdiyini aşağıdakı sözlərlə bildirir: “Strajnik kəndə gələndə cibində beş-altı qəpik pulu var idi. Lakin gedəndə bu beş-altı qəpik bir gecənin içində beş-altı manata “istihalə” etmişdi. Bu “möcüzənin” sirri ev sahibi ilə cib sahibinə məlum idi”.

Pristav nə zaman gələcək, nə üçün gələcək? – sualı kəndliləri çox düşündürür. Lakin bu suala cavab tapa bilmirlər. Fərziyyələr irəli sürülür. Cənnətquluya görə, “pristav Əliqulunun oğurluğunu eşidib gəlir”; Əliqulunun fikrincə, “pristav ağa Cənnətqulunun Məmmədcəfərlə savaşdığını eşidib gəlir”. Çoxunun qənaətincə, “Pristav ağanın işi kəndləri gəzib adam döydürməkdir!”.

Nəhayət, pristav başının dəstəsi ilə at belində özünü kəndə çatdırır. Məlum olur ki, onun məqsədi camaatın dolanışığı, vəziyyəti ilə maraqlanıb onlara nə isə bir kömək göstərmək, onların dərdinə əlac qılmaq, oğurluq-doğurluq, dava-dalaş səbəbin araşdırmaq deyil. Həmişə olduğu kimi, yuxarıda diqqət mərkəzinə gətirdiyimiz sonuncu variantı (“Pristav ağanın işi kəndləri gəzib adam döydürməkdir!”) reallaşdırıb, özünün hökmündən, səlahiyyətlərindən həzz almaqdır. Strajnikin özbaşınalığı bunun yanında heç nə imiş.

Üzeyir bəy bu xüsusda yazır: “Həyətdə sayanı-tamaşa bir drama vaqe olurdu. Pristav başıaçıq və əlləri ciblərində “özünü dartmış turac kimi” qapının ağzında durub, keçmiş padşahlara mənsub bir hökumət ilə cərgə ilə düzülmüş kəndliləri bir-bir və hərəsini bir növ döydürürdü. Birisini libasdan xali edib, lüt əndamına qamçı vurdururdu, digərini saqqalından tutdurub, üzünə, başına şillələr çəkdirirdi, bir qeyrisini əlibağlı ora-bura çapdırırdı. Bəzisini yerə yıxıb, təpik altına saldırdı və sairə…”.

Sual olunur? Bu yazıqların, bu binəvaların günahı nə idi? Şiddətə, təhqirə məruz qalırdı? Səbəb yox idi. Pristav onların gözünü qorxudurdu. İkincisi, bu cəza növləri, günahsız insanların əzab çəkmələri, qışqırıqları onu əyləndirirdi. O, bu zülmə əl atmaqla istirahət edirdi.

Bu hekayə, təbii ki, Azərbaycanda Xalq Cümhuriyyətindən əvvəlki dövrün hadisələrini təsvir edir. Çarizmin hökm sürdüyü illərdə insanların ağır həyatını, məhrumiyyətlərini, çəkdikləri əzab-əziyyəti, bir əlcə çörəyə möhtac olduqları zamanı özündə ehtiva edir.

Üzeyir Hacıbəylinin musiqili komediyalarında təhsil, təlim və tərbiyə məsələləri. Üzeyir Hacıbəylinin şah əsəri olan “Koroğlu” operasının librettosu ilə tanış olduq. Librettoda Alı kişi xana sədaqətlə xidmət edən, öz işinin ustası olan, yalan-palan bilməyən bir şəxsdir. Həsən xanın buyruğu ilə ilxıdan İbrahim xan üçün layiqli bir at (Qıratı) seçir. Atın görkəmi İbrahim xana və Həsən xana xoş gəlmir. Alı kişinin:

Mən xana bir xidmət etmək istədim,

Nə qədər cins at var seçdim, saxladım, – sözlərinə məhəl qoymurlar.

Alı kisinin qonaq üçün seçdiyi bir cüt ad həqiqətən tərifə və mükəmməlliyə malik atlar idi. Sonralar onlara Qırat və Dürat adları verilir. Onlar Koroğlunun sevimli atları idilər, ona müharibələrdə qələbə qazandırardılar. Çeviklikləri, dərrakələri, sürətləri, sədaqətləri ilə.

Həsən xan isə, atları bəyənmədiyindən Alı kişini cəzalandırıb onun gözlərini çıxartdırır. O vaxtdan Ali kişinin oğlu Rövşəni kor kişinin oğlu – Koroğlu çağırırlar.

Liberettoda Alı kişi, Nigar, Koroğlu müsbət obrazlar kimi diqqət mərkəzindədirlər. Həsən xan mənfi obrazdır. Xan bir əyalətin hökmdarıdır. Xalqın, camaatın günü-güzəranı ilə maraqlanmalıdır. Öz əyalətində sülhü, xoşbəxtliyi təmin etməlidir. Həsən xan isə, bəd əməlləri, zülmkarlığı, qəddarlığı ilə seçilir. Öz rəiyyət barədə görün nə fikirləşir:

Qamçıdır saxlayan bu rəiyyəti,

Qamçısız yaşamaz xanın dövləti.

Onun yanını kəsdirən Həmzə bəy də xanla eyni fikirdədir:

Döyməsən, söyməsən, malın almasan,

Dara çəkdirməsən, dama salmasan

Rəiyyət bir daha xanı dinləməz.

Nigar gözüaçıq, öz məhəbbətində dönməz, xeyirxah, səmimi, əxlaqi saflığa yiyələnmiş bir xanımdır. Diqqət yetirək:

Şərir Həsən xan, zalım Həsən xan

Cəllada verdi fərman:

Fağır, günahsız, dilsiz,

ağızsız Alını etsin qurban.

Kor etdilər yazıq Alını.

Dağıtdılar bütün malını.

Bu hadisədən necə təsirləndiyini Nigar aşağıdakı sözlərlə bildirir:

Qəlbim yanır, odlanır,

Mənim bu ahü nalədən.

Rövşənlə bir-birini sevirlər. Həsən xanın qızı olsa da, Alı kişinin, Rövşənin (Koroğlunun) yanında olur, onların mənafeyini müdafiə edir.

Gözümdə Rövşən, sözümdə Rövşən.

Rövşəndir dünyada məni yaşadan.

Sevmirəm, sevmirəm varı, dövləti,

Ölsəm də də saxlaram məhəbbəti.

Həsən xan zülmkarlara qarşı mübarizəyə başlayan Koroğlunu aradan götürmək üçün tədbirlər tökür:

Tezliklə biz gərək çarə eyləyək,

Koroğlunu öldürmək, məhv etdirmək!..

Fəqət Həsən xan istəyinə çata bilmir, Koroğlu zəfər qazanır, zülmün, məhrumiyyətin belini qırır. Bu zaman xalqa arxalanır.

Məni yaşatdı, məni böyütdü

Bu qəhrəman xalqım mənim! Yaşa!..

Deyilənlərdən görünür ki, şəxsiyyət, təhsilalanlar mənfi keyfiyyətlərdən uzaq olmalı, müsbət keyfiyyətlərə yiyələnməlidirlər.

Üzeyir Hacıbəylinin musiqili komediyalarında təhsil, təlim və tərbiyə məsələləri. Məlum olduğu kimi, Üzeyir bəy “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Ar və arvad” kimi dünya şöhrətli musiqili komediyalar qələmə almışdır.

Həmin musiqili komediyalarda bir sıra mənəviyyatca zəngin və mənəviyyatca kasıb, yaşadığı dövrdə müasir düşüncəli və eyni zamanda dar düşüncəli, məhəbbətə, nikaha və ailəyə ciddi yanaşan və həm də qadına “baqqal dükanında satılan mal kimi” baxan insanların bitkin obrazlarını yaradılmışdır. Ciddi, ədəbli, dərrakəli, ailəyə, həyat yoldaşına, nikaha ciddi münasibət bəsləyən şəxslər, təbii ki, təqdir edilir, qadına hüquqsuz varlıq, kölə kimi yanaşanlar, mənəviyyatsız insanlar tənqid olunur. “Ər və arvad” musiqili komediyasında Mərcan bəy ər-arvad münasibətlərini qura bilmir, həyat yoldaşı ilə tez-tez ixtilaflara girir, şəxsiyyətlərarası münasibətlərdə öz rolunu aydın təsəvvür edə, ailədə qarşılıqlı anlama, qarşılıqlı güzəştəgetmə, mənəvi və psixoloji atmosfer olmadığından Mərcan bəy arvadı Minnət xanımı boşamaq istəyir. Minnət xanım da ona tor qurur. Qondarma bir məktub yazdırıb Mərcan bəyə göndərir ki, guya 23 yaşında bir qız onun dərdindən ölür, ona ərə getmək istəyir. Məktubda yazılmış aşağıdakı sözlər Mərcan bəyin ağlını başından alır: “Ey mənim ruhi-rəvanım Mərcan bəy. Bir dəfə səni gördüm, aşiq oldum. İkinci dəfə gördüm, dəli oldum. Üçüncü dəfə gördüm, tab gətirə bilmədim və bu kağızı sənə yazdım. Əgər sən mənə iltifat edib məni almasan və məni özünə arvad etməsən, dəli-divanə olub, çöllərə düşəcəm”.

Mərcan bəy avam adam kimi hərəkət edir. Bu məktubu ona öz qulluqçusu verir. Minnət xanımın tapşırığına əsasən. Mərcan bəy soruşanda ki, məktubu sənə kim verdi, deyir ki, tanımadığım bir şəxs. İkincisi, bu kişi qondarma məktuba elə inanır ki, tez-tələsik görmədiyi, bilmədiyi qıza vurulur. Tez arvadı boşamaq istəyir: “Sən ki, mənim dərdimdən dəlisən, mən də sənin dərdindən dəli olacağam”.

Kərbəlayi Qubad isə kənddə arvad-uşağı ola-ola şəhərdə də arvad almaq fikrindədir. Hətta Mərcan bəy öz arvadını ona təklif edir. Yəni mən boşayım, sən al. O da razı olur. Mənəviyyatsızlıqdır. Qarşılıqlı məhəbbət, sevgi yoxdur, ağıl da yoxdur. Biri görmədiyi, həqiqətdə mövcud olmayan 23 yaşlı qızla, digəri dostunun arvadı ilə evlənmək istəyir. Kərbəlayi Qubad qulluqçu Gülpərini Minnət xanım bilib ona: “Sənin ərin nə adamdır ki, sənin qədrini bilsin. Sənin qədrini bu qara lələşin bilər”.

Axırda Minnət xanım onların hər ikisinə yaxşı dərs verir.

“O olmasın, bu olsun” musiqili komediyasında Məşədi İbad da Gülnazı görmədən onu özünə arvad etmək istəyir. Gülnazla aralarında xeyli yaş fərqi var. Həm də Gülnaz Sərvəri sevir, ona ərə getmək istəyir. Gülnazın atası Rüstəm bəy var-yoxunu itirib, “quru bəy” olub, borcu var, Məşədi İbaddan pul alıb qızını ona ərə vermək istəyir. Nə Rüstəm bəyi, nə də Məşədi İbadı maraqlandırmır ki, qızdan soruşsunlar: o, izdivaca razıdırmı?

Məşədi İbad tacirdir, varı-dövləti var. Varına arxayın olub cavan qız almaq istəyir. Onunçun fərqi yoxdur arvadı kim olacaq, təki gözəl olsun. Arada Rüstəm bəyə deyir: “Qızı mənə verməzsən, gedib bir başqasını alaram. Deyərəm o olmasın, bu olsun”.

Musiqili komediyadan götürülmüş aşağıdakı dialoqa fikir verək:

Məşədi İbad. İndi mən istəyirəm ki, bir qızı görüm, danışdırım, nə deyirsən?

Rüstəm bəy. Heç sözüm yoxdur, əyləş, bu saat qızı göndərərəm (Gedir)

Məşədi İbad. Zarafat deyildir, bir ətək pul verirəm, bir baxım, görüm, mal nə cür maldır, verdiyim pula dəyirmi?”

Göründüyü kimi, bu izdivac nikahın bağlanması üçün başlıca rol oynayan məhəbbətə əsaslanmır. Nikah münasibətinə girənlər bir-birini tanımırlar. Qızın rəyi soruşulmur. Bu nikahın maddi mülahizələr əsasında bağlanılacağı gözlənilir.

Təbii ki, ailə qurularkən bu hallara yol verilməməlidir.

Üzeyir Hacıbəylinin məqalələrində təhsil, təlim və tərbiyə məsələləri

Üzeyir Hacıbəylinin fəaliyyəti geniş, yaradıcılığı zəngindir. Onun əsərləri ilə tanışlıq adamı çox maarifləndirir, Azərbaycanın Oktyabr çevrilişinə qədərki və sonrakı – ötən əsrin 50-ci illərinə qədərki həyatı ilə bizi tanış edir. Üzeyir Hacıbəylini bir dahi bəstəkar, görkəmli musiqi nəzəriyyəçisi və yazıçı kimi dünyada şöhrətləndirən onun heyrətamiz istedada malik olması idi. Musiqi yaradıcılığında da, ədəbi yaradıcılığında da yüksəklərdə dayanırdı.

Hazırda bütün təntənəli tədbirlərdə, dünya, Avropa və olimpiya oyunlarında idmançılarımız zəfər qazanarkən səslənən Azərbaycanın Dövlət Himninin müəllifi məhz Üzeyir bəydir.

Onun əsərlərində bir millət olaraq özəlliklərimiz, böyüklüyümüz, mədəniyyətimizin zənginlikləri diqqət mərkəzinə gətirilməklə yanaşı, məişətdə, gündəlik həyata özünü göstərən bəzi çatışmazlıqlar da tənqid olunur.

Ötən yüzilliyin əvvəllərində ziyalılarımız dünyəvi təhsilin məktəblərdə tətbiqi ilə bağlı çağırışlar edirdilər. Necə deyərlər “döymədikləri qapı” qalmamışdı. Ali təhsil almaq son dərəcə çətin idi. Hökmən xarici ölkələrə üz tutmaq lazım gəlirdi.

Həmin çətinlikləri“Tələbələr məsələsi” məqaləsində diqqət mərkəzinə gətirilmişdir.

Fikir verək”: “Binəva cavanlarımız yeddi-səkkiz il realnı və gimnaziyalarda çalışıb ikmal edib, şəhadətnamələr almağa müvəffəq olurlar. Ali məktəblərə getməyə haqq və ixtiyar qazanırlar. Amma pulları olmadığına görə, illərlə qazanmış olduqları haqdan əl çəkməyə məcbur olurlar və ya nə olur-olsun deyə ali məktəbləri olan şəhərlərə rəvan olub, orada da pulsuzluq cəhətdən min cürə əziyyət və bəlalara düçar olurlar və yaxud məktəb haqqı vermədiyinə görə ixrac olurlar.

Eyni zamanda Üzeyir bəy göstərirdi ki, ali təhsilə yiyələnib millətin dərd-sərinə əlac etmək istəyən şəxslərlə maraqlanan, onlara kömək göstərmək istəyənlər yox idi. Bu xüsusda məqalədə deyilir: “Bu tələbələrin qeydinə qalan yoxdur və heç kəs bunu nəzərə almır ki, bizim nə qədər təhsili-ali görmüş adamlarımız olsa, bir o qədər millətimizdən ötrü yaxşıdır. Əks surətdə, camaatımızın halı yaman olar, ayaqlar altında qalarıq, məhv və nabud olarıq.

Bundan əvvəl studentlərimizə ianə verib kömək edənlər yenə az-çox olurdu, amma hal-hazırda bu ianə mənbəyi hər yerdən quruyubdur. Tələbələrimizin ədədi gündən-günə artmaq əvəzinə gündən-günə azalmağa üz qoyubdur. Müsəlman tələbələrindən Hacinski cənabları öz zavallı yoldaşlarının ağır halından bəhs edib camaatı ianəyə təklif eləyir. Lakin belə ianələr ilə bu mühüm işə əncam vermək olmaz”.

Ali təhsil almağın yolları axtarılırdı. O zamanlar Hacı Zeynalabdin Tağıyev bu sahədə son dərəcə böyük işlər görürdü. Onların təhsil haqlarını ödəyirdi ki, bir peşəyə yiyələnib gəlib xalqın xidmətində dayansın. Öz həkimimiz, öz mühəndisimiz, öz müəllimimiz və s. olsun deyə. Başqa xalqlardan olan mütəxəssislərdən asılı olmayaq deyə.

Həmin vaxtlarda “Tələbələr sandığı” adlı bir xeyriyyə sandığı mövcud imiş. Həmin sandıqdan bəhs edən Üzeyir bəy yazırdı: “Tələbələr sandığı” barəsində danışıqlar olmuşdu. “Tələbələr sandığı” çox gözəl bir şeydir. Əgər camaatımızın maddi və mənəvi iştirakı ilə belə bir sandıq təşkil olunub, doğru əllərə verilsə və o sandığın mədaxil və mənbələri təmin edilsə, tələbələrimizin də ikmali-təhsil işləri təmin edilmiş olar. İkmali-təhsil etmiş tələbələrimizin hamısı da olmasa, bir çoxu doktor, injiner və sair olmaqla, yaxşı maaş sahibi olarlar. Ona binaən, haman tələbələr özlərinə “sandıq” tərəfindən sərf olunan məbləği qism-qism sandığa iadə edə bilərlər və bununla “sandığın” pulu azalmaz, sandıqdan sərf edilən pullar itib-batmaz, yenə haman sandığa qayıdar”.

Üzeyir Hacıbəylinin öz məqalələrində diqqət yetirdiyi məsələlərdən biri də tədris ocaqlarında təlimin ana dilində aparılması idi. Çar üsuli-idarəsi milli dilləri sıxışdırdığından təlimin Azərbaycan dilində olmasına da maneələr yaradırdı. Amma buna baxmayaraq ziyalılarımız, o cümlədən Üzeyir bəy bu məsələni hər an diqqətdə saxlayırdılar.

Üzeyir Hacıbəyli “Əhəmiyyətli bir məsələ” məqaləsində yazırdı: “Ümumi məktəblərimizdə əvvəl illəri ana dilində müəllimlərə ehtiyac göründü. Müəllimlərimizin də əksəri Qori seminariyasında ikmali-təhsil etmiş cavanlar olduğu məlumumuzdur. Lakin Qori seminariyasını qurtarmış müəllimlərin əksəri ana dilində savadlı olmurlar, ondan ötəri ki, haman seminariyada ana dili oxunmur. Oranın proqramı bu dil üçün yol vermir, orada ancaq həftədə iki dəfə şərait dərsin oxunur. Seminariya qurtarmış müəllimlər ana dilində savadlı olurlarsa da, əksərən ya pedaqogika elmindən xəbərləri olmadıqlarına görə, tədris və təlimdə bilaixtiyar səhv və xətadan xali olmurlar.

Dahi bəstəkar və yazıçının məqalələrində tərbiyə məsələləri də geniş şəkildə nəzərdən keçirilir. Təbii ki, bəzi məsələləri nümunə gətirəcəyik. Belə ki, “Bəyani-Məslək” məqaləsində “Məslək” məsələsinə münasibət bildirilir. Üzeyir bəy məsləklsizliyi yoxsulluq, əxlaqın pozğunluğu adlandırır. Onun nöqteyi-nəzərincə, məsləki olmayan şəxs yaman məsləkli insandan çox zərərlidir. Bunun səbəbi məqalədə belə aydınlaşdırılır: “Çünki yaman məslək müəyyən olduğu halda, onun zərərini də dəf etməyə çarə tapmaq asandır”.

Üzeyir bəy “məslək” anlayışına tərif verir. Göstərir ki: “Məslək hər kəsin etiqad etdiyi bir yoldur. “Ümuminin xoşbəxtliyinin, asayiş və aramını, rifah-halını, tərəqqi və təkamülünü təqib edən hər bir məslək onun sahibi üçün müqəddəs ədd olunmalıdır. Belə bir məsləkə xəyanət edən şəxs haman məsləkə xəyanət etməməlidir. Bizim məsləkimiz odur ki, millətimizin tərəqqisinə bais olan hər bir həqiqi vasitə və nəsillərə yol verməli və millətimizin cəhalətə və yaxud tərəqqeyi-məkusə sövq edən şeyləri dəf və izalə etməlidir”.

“Təzə il, təzə meydan” məqaləsi də tərbiyə məsələlərini özündə əks etdirir. Üzeyir bəyin düzgün qənaətinə görə, insan ildən-ilə böyüyür, fəqət bu böyümə təkcə onun bədəninin cismani böyüməsi deyildir. Yəni söhbət heç də onun bədəninin irilənməsindən getmir, daha vacib məsələlər vardır ki, həmin məsələlərə onun təhsili, təlimi, tərbiyəsi və inkişafı aiddir. Bu mənada valideynin vəzifəsi, ilk növbədə övladlarına düzgün tərbiyə verməkdir. Üzeyir bəyə, onun “Təzə il, təzə meydan” məqaləsinə müraciət edək: “Allah-təala birisinə bir övlad kəramət etdikdə onun qəlbinə övladına qarşı bir hissi-məhəbbət qoyur ki, o məhəbbət onun üçün balanı baldan şirin edir. Lakin balaya yalnız məhəbbət qalsa, onda bala öz valideynindən heç bir mənfəət görməz. Halbuki valid haman hissi-məhəbbətdən ruhani bu ləzzət almağa başlar. Balanın canını sevən ata-ana onun qeydinə də qalmalıdırlar ki, bu şirin bala dünyada sərbəst yaşamağa qədəm qoyduqda məişətinin tikanlı yollarından qorxmasın, mübarizeyi-həyatiyyə meydanında qorxudan bağrıya qalmasın. Mübarizıyə girişməyə məcbur olduqda həvadisin birinci zərbəsi altında tələf olmasın”.

Çar üsuli-idarəsi milli dilləri sıxışdırdığından təlimin Azərbaycan dilində olmasına çox maneələr yaradılərdı.

Üzeyir Hacıbəylinin yaradıcılığı son dərəcə zəngin, dolğun, maraqlı və diqqətəlayiqdir. O, möhtəşəm operalar, musiqili komediyalar, səhnəciklər yaratmaqla, felyetonlar, məqalələr yazmaqla insanların mənəvi saflaşmalarında, əxlaqca gözəlləşmələrində, geniş dünyagörüşə malik olmalarında, nümunəvi davranışa yiyələnmələrində böyük rol oynamışdır. Üzeyir bəy eyni zamanda cəmiyyətdə əl-ayağa dolaşan, kasıb əxlaqa və mənəviyyata malik, insanları da tənqid etmiş, ailə münasibətlərinin düzgün qurulmasının vacibliyini əsaslandırmış, həyat yoldaşına dükanda satılan mal, pal-paltar kimi yanaşan, onların hüquqlarını pozan şəxsləri tənqid atəşinə tutmuşdur. Üzeyir bəy “Koroğlu” kimi qərhəmanlıq, “Leli və Məcnun” kimi məhəbbət operaları yatarmış, Şərq aləmində opera sənətinin əsasını qoymuşdur.

Üzeyir bəy Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətləri göstərmişdir. O, ölkəmizdə musiqi təhsilinin təməlini qoymuşdur.

Müəllim kadrlarının hazırlanması, Azərbaycanda dünyəvi məktəblərin fəaliyyət göstərməsinin, təlimin ana dilində aparılmasının zəruriliyi Üzeyir Hacıbəylinin diqqət yetirdiyi mühüm məsələlərdən idi. Üzeyir bəyin qənaətidir: “Məktəb açıb bütün elmləri öz ana dilimizdə tədris və təlim etmək indi bizim əməllərimizin ən ümdəsidir. Bu arzunun hasilə gəlməsi üçün biz var qüvvətimizlə çalışmalıyız, zira nəşri -maarif və təmimi-mədəniyyət (maarif və mədəniyyətin yayılması) üçün yeganə vasitəmiz bir bu təriqdir (yoldur)…” .

Üzeyir bəy hələ ötən yüzilliyin əvvəllərində təlimin ana dilində aparılması ilə bağlı aşağıdakı fikri irəli sürürdü: “Bizim türk lisanımız (Azərbaycan türkcəsi) Avropa üləma (alim) və filosoflarının rəyinə nəzərən, ən kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fkirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Böylə bir zəngin lisanın sahibi olub da, ondan istifadə etməməyin özü böyük bir bədbəxtlikdir… …İnsan öz dilini bilməyəndə din də gedir, dil də gedir, millət də gedir… Hər bir millətin ki, bəşqasına (varlığına) baş səbəb onun dilidir və dilinin tərəqqisidir. Bir millətin ki, dili batdı, onda o millətin özü də batar”.

Üzeyir bəy müəllim şəxsiyyətinə mühüm tələblər verir, onun təhsilalanların təlim və tərbiyəsindəki böyük rolunu vurğulayırdı. Diqqət yetirək: “Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adamı müəllim bilib uşağı ona tapşırmaq böyük xətadır … Təlimdən başqa, uşağın tərbiyəsi də müəllimin öhdəsindədir…”

Üzeyir Hacıbəyli ötər əsrin 40-cı illərində dünyasını dəyişmişdir. Fəqət onun yaradıcılığı artıq ikinci əsrdir ki, gənc nəslə təhsilləndirici, tərbiyələndirici və inkişafetdirici təsir göstərməkdədir.

Son qənaətimiz nədir? Üzeyir Hacıbəyli sənəti, Üzeyir bəy yaradıcılığı əbədiyaşardır. Onun pedaqojiyönlü bir çox hekayəsi vardır ki, gənc nəslin təhsillənməsi, tərbiyələndirilməsi və inkişaf etdirilməsi baxımından təhsil müəssisələri faydalana bilərlər.

Müəllif: AKİF ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.