Tanışlığımız ötən əsrin səksəninci illərin sonu, 90-cı illərin əvvəllərindən başlayır. Xalq hərəkatının qızğın vaxtları idi. Qutsal amalların eyforiyasını yaşayırdıq. Beynəlxalq aləmdə Azərbaycan dünyanın vətənpərvər xalqı elan olunmuşdu. Həmin dövrdə sovet imperiyasının çöküşünə obyektiv və subyektiv baxışlar mövcud idi. Onun isə, uzaqgörənliklə söylədikləri çoxlarına sanki utopiya kimi görünürdü. Yığıncaqlarda bu çöküşün tariixi zərurət olduğunu təhlilləri ilə əsaslandırmağa çalışırdı. Azadlıq uğrunda mübarizəyə bütöv türk dünyası açısından baxmağı doğru yol hesab edirdi. Bu qutsal yolda ulus adına böyük çalışmalarda bulundu. Tariximizə ayna tutan tarixi romanları ilə təkcə ölkəmizdə deyil, bütün türk dünyasında tanındı, sevildi. Əsərlərini oxuduqca açıq-aşkar hiss olunurdu ki, müəllif türk dünyasının birlik və bərabərliyinın Qarabağın azadlığından keçdiyinə varlığı kimi inanır. Elə bu inamla da, “Cığır”a düşüb Şuşaya doğru irəlilədi, “Şuşadan yazıram” dedi. Şuşadan alnıaçıq dönən nasir hazırda “Türk” etnonimi və törələri” başına cəm eləyib, “soy soylayır, boy boylayır”, oğuzların tarixini, dəyərlərini, inanclarını, həyat tərzini əks etdirən mədəni irsini aramaqla sabahımıza ayna tutur. Canı-qanı, ruhu ilə Oğuz yurdunun türk oğlu, mətin oğlu kimi qürur duyan Yunus Oğuzun bu il 65 illik yubileyidir. Əziz və dəyərli qardaşımı yubileyi münasibəti ilə təbrik edərək, sağlam canla uzun ömür, yaradıcılıq uğurları diləyirəm.
Təsadüfdənmi, yoxsa ilahi qismətdənmi, bilmirəm, düz 65 il bundan əvvəl Azərbaycanda ilk mətbuatın yarandığı gun, yəni “ƏKİNÇİ” qəzetinin “doğulduğu” gün qədim Oğuz elinin dilbər məkanlarından birində – Şirvan torpağında dünyaya bir oğlan uşağı gəldi. Kim bilir, bəlkə də valideynləri, yaxınları bu körpənin böyüyəndə mühəndis, ya müəllim, ya həkim, ya da hansısa başqa bir peşənin sahibi olacağını xəyal edirdilər. Amma hələ o zaman valideynlərinin, yaxınlarının heç ağıllarına da gəlməzdi ki, bu körpə Azərbaycan ədəbiyyatının ağır yükünü çiyinlərinə götürəcək, xalqının unudulmaqda olan tarixini xalqın özünə, təkcə elmi yazılarla deyil, həm də bədii əsərlər vasitəsilə yenidən qaytarmaqla, tarixi bir missiyaya imza atacaq…
Yunus Oğuzu 1988-ci ilin ortalarından tanıyıram. Qarabağ uğrunda savaşın ilk günlərindən “qələmini süngüyə çevirən” bu gənc qələm adamını tanıdıqca, onun daxilində qədim Oğuz elinin ağrı-acıları ilə yoğrulmuş bir dünyanın hayqırtısını duymamaq mümkün deyildi. Həmin illərdə çoxları kimi Yunus bəy də yazmaqdan çox (zatən istədiklərini yazmağa və yaymağa imkan da verilmirdi-T.N.) canlı ünsiyyətə, Vətən və Azadlıq uğrunda ayağa qalxan insanların mənən zənginləşməsinə yönəlik təbliğata daha böyük üstünlük verirdi. Yunus bəy o həqiqəti bilir və qətiyyətlə əmin idi ki, bir milləti qələbəyə, yenilməzliyə aparan yol milli özünəinamdan, milli özünüdərkdən və milli özünəgüvəncdən keçir. Əsrlər boyu məqsədli şəkildə milləti özündən, keçmişindən ayıran rus şovinizminin ideologiyası ilə “zəhərlənmiş” xalqın şüurunda inqilaba ehtiyac olduğunu dərk edərək də, meydanlarda, küçələrdə Xəlil Rza Ulutürklə, Əbülfəz Elçibəylə, Anarla, Sabir Rüstəmxanlı ilə, Firidun Cəlilovla və digər milli ruhlu ziyalılarla birgə gecə-gündüz həm Bakıda, həm o zaman od içində yanan Qarabağda, həm də qədim Oğuz elinin bir parçası olan Azərbaycanın digər əyalətlərində sadə kütlənin maarifləndirilməsində fədakarlıq göstərirdi…
Hələ o illərdə Yunus Oğuzun tez-tez işlətdiyi bir cümləni bu gün də xatırlayıram: “Mübarizəyə gedən yol beyinlərdən başlamalıdır. Əl, qol çəkicdi, onu idarə edən isə beyindir. Beyin istiqaməti düz tutmayanda, çəkic insanın özünə dəydiyi kimi, milli mübarizədə də yanlış istiqamət zərbənin özümüzə dəyməsinə gətirib şıxarar!”
Nə yazıqlar ki, milli hərəkatda olanların heç də hamısı Yunus bəy kimi düşünmürdü. Yunus Oğuz ona görə belə düşünür və belə deyirdi ki, onun mənəvi dünyasında millətinə zərər vuracaq hər hansı bir hərəkətə yer yox idi. Şəxsinə aid olan bütün mənafelərini millət naminə qurban verməyə hazır olanlar, o cümlədən Yunus Oğuz məhz belə düşünürdü və bu gün də belə düşünür. Elə ona görə bütün ömrünü qədim Oğuz dünyasının keçdiyi çeşməkeşli yola işıq salmağa və millətini bu yolu görmək üçün oxumağa, öyrənməyə və öyrətməyə çağırmaqdan usanmadı və usanmır…
Yunus Oğuz haqqında düşünəndə içimdən qeyri-ixtiyari bir sual doğur: bir insan bu qədər zəngin tarixi irsi necə araşdıra, öyrənə, yaddaşına həkk edə, öyrəndiklərini bədii dildə, oxunaqlı bir üslubda insanlara təqdim edə bilər? Türkün ən qədim qatlarına qədər gedib də, əldə etdiyi əvəzolunmaz tarixi inciləri toplayıb bizlərə türk etnosunun tarixini öyrədən bu və digər elmi kitabların müəllifinin “Atilla”, “Nadir şah”, “Təhmasib şah”, “Cığır” və sair kimi mükəmməl bədii-tarixi romanlarla Oğuz törələrinə keçmişimizi tanıtması, onun daxilindəki milli özünüdərk idealına olan qırılmaz bağlılığın təzahürüdür. Bir vaxtlar siyasi fəaliyyətlə məşğul olarkən rəhbərlik etdiyi partıyanın “Milli Vəhdət” adlanması da, hesab edirəm ki, eyni yolun müxtəlif cığırlarını araşdırması və ən doğrusunu yəqin etməsi istəyindən başqa bir şey deyil. Bilmirəm, çağdaş elmi və bədii ədəbi simalar arasında Yunus Oğuz qədər zəngin və mükəmməl ədəbi irs yaradan ikinci yazar varmı? Mən tanımıram, tanıyan varsa, desin.
Bu günlər Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ərəfəsindəyik. Onunla birlikdə çağdaş mətbuatımızın – azad, demokratik Azərbaycanda azad mətbuatın inkişafında misilsiz xidmtləri olan Yunus Oğuzun 65 yaşı tamam olur. “Əkinçi”dən 85 il sonra doğulan Yunus Oğuz Müstəqil Azərbaycanın ən uzunömürlü və ən çox oxunan media resursuna – “Olaylar” qəzetinə və eyni adlı informasiya agentliyinə rəhbərlik etməklə qoca “Əkinçi”nin üzünü ağardan nəvələrdən oldu. Üzün hər zaman ağ, başın dik, vüqarın yenilməz olsun, Yunus bəy! Kim bilir 70-80 yaşlarına qədər bu millətə hələ nə qədər töhvələr bəxş edəcəksən!
Hörmətli Yunus bəy!
Əziz dostum!
Qədim Oğuz dünyasının çağdaş Yunusu!
Sizi 65 yaşınız münasibətilə deyil, bu 65 ildə millətinə, xalqına təmənnasız
xidmətinziin bəhrəsi olaraq yaratdığınız zəngin ədəbi-bədii və elmi irsin müəllifi
olaraq təbrik edir və hələ neçə on illər bu xalqa yeni-yeni elmi və bədii kitablar bəxş etməyinizi arzu edirəm.
Yunus Oğuzun yaradıcılığı unudulmaz təsir bağışlayır
Yunus Oğuz çağdaş Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir. Hazırda o Azərbaycanda tarixi roman janrının bir nömrəli nümayəndəsidir. O, yazdığı romanlarında həmən dövrü çox real və canlı şəkildə təsvir edə bilir. Yunus Oğuz zəngin biliyə malikdir, tarixi hadisələrə olduqca real və həqiqi rakursdan baxmağı bacarır. Ona görə də əsərləri oxunaqlıdır. Türk tarixi ilə dünyaca şöhrətli insanları o qədər real və aydın təsvir edir ki, sanki oxucu da bu hadisələrin iştirakçısı kimi özünü hiss edir. Yunus Oğuzun romanlarının təsirindən uzun müddət çıxmaq olmur. Qardaşımı təbrik edirəm, ona can sağlığı və böyük yaradıcılıq uğurları arzulayıram.
…Qəribə sakitliyi var. Sükutunun diliylə danışar adamla. Durğu işarələriylə ifadə edər çox vaxt fikrini. Anlayançun gözəl müsahibdi. Əsərlərinin diliylə öz dili eynidi. Ahəng qanunundan kənara çıxmağı sevməz. Dostlara etibar edər sözünü. Elə Sözüylə də tanıdar içindəki mənini. Tarixinə , kökünə çox bağlıdı. Türkçülüyə xidmət edir. Bütöv Azərbaycançılığı var. Təvazökardı və eyni zamanda diqqət mərkəzində olmağı da sevir. Laqeydliyə qarşıdı. Daim axtarışdadı və hər gün özünə hesabat verməyə alışıb. Sözünün arxasında durandı və dünyaya işıq tərəfdən baxır. Elə qələmi də. İmzası oxuculara yaxşı tanışdı. Yunus Oğuzdan danışıram. Oxucunu tarixiylə , köküylə üz -üzə qoyan , öz cığırından çıxmayan , sözünün çəkisini bilən nasir Yunus Oğuzdan. Yazdıqlarında ədalətə və həqiqətə sığınan yazıçı Sözə Tanrının gözüylə baxanlardandı. Axı böyük Sözə bəşəri sevgisi var. Tarixi bədiiləşdirmək , eyni zamanda yalansız, boyasız təqdim etmək elə də asan deyil.. Bu da böyük cəsarət tələb edir. Zənnimcə Yunus Oğuz bunun öhdəsindən peşəkarcasına gəlir . Bu baxımdan yazıçının bütün əsərləri geniş oxucu kütləsinin rəğbətini qazanıb . “Əmir Teymur” ,”Uçurum”, “Nadir şah”, “Cığır ” və başqa romanlar yazıçı təxəyyülünün məhsulu olsa da tarixi faktlara köklənib. . Yunus Oğuzun ədəbiyyatda öz dəst -xətti var və hadisələrə yanaşma tərzi tamam fərqlidi. Yazıçı təkrarı sevmir və daim axtarışdadı. Tarixə istinadən yazılan yazılar elə də asan ərsəyə gəlmir. Hamısı uzun axtarışların və zəhmətin bəhrəsidi. Bu yaxınlarda onun “Türk etnonimi və törələri ” adlı əsərini ( “TÜRK” etnonimi və törələri ) oxudum və yazıçının yazı manerasına heyran qaldım. Mən bu əsəri türk etnologiyası tarixində ən qiymətli tapıntı kimi dəyərləndirirəm. Türk etnonimi, törələr , qanunlar, ilk ailə anlayışı, ibtidai cəmiyyət, olum , ölüm , ruh, ibtidai inanclar , “Bozqurd “fəlsəfəsi, Oguz türklərinin yaşam tərzi və başqa bu kimi dəyərli tarixi faktlarla zəngin olan bu əsər soy -kökümüz haqqında oxucuya yeni məlumat verir . Eyni zamanda yazıçı orta əsr qadınının cəmiyyətdə öz yeri olduğunu və hadisələrdən kənarda qalmadığını vurğulayır. Quba xanı Fətəli xanın həyat yoldaşı Tutibikə xatunun simasında qadınların cəmiyyətdə tutduğu mövqedən , onların mübarizəsindən söz açır. İsbat edir ki, türk qadını kölə yox, cəmiyyətin aparıcı qüvvələrindən biri olub. Yazıçı qədim türk dövlətlərinin yaranması , coğrafiyası , inkişafı , mübarizəsi haqqında da geniş məlumat verir .. Türk inanclarına görə Tanrı təkdi. Türk törəsinə görə hər kəsin cəmiyyət içində öz yeri və mövqeyi var. Türk ideologiyasına görə ailə ocaqdı. Xaqan başda olmaqla hər kəs törələrə uyğun hərəkət etməlidi. Qanunlardan kənara çıxmaq olmaz. Türk qanunlarında düzlük , ədalət , insanlıq hər şeydən öncə gəlir. Yazıçı bu əsərdə çox nüanslara toxunub. Müəllif mənbələrə əsaslanaraq həqiqətən ortalığa çox gərəkli və qiymətli əsər qoyub . Bu yazıçının zəngin tarixi biliyə malik olmasından xəbər verir. Əminəm ki, bu əsər də yazıçının başqa əsərləri kimi geniş oxucu kütləsi qazanacaq və seviləcək. Yunus Oğuz həm də “Olaylar” qəzetinin təsisçisidi, eyni zamanda gözəl publisistdi.. Ara-sıra şeirlər də yazır. Amma qələmi nəsrdə daha mükəmməldi. Bu da mənim fikrimdi. Qarşıdan Yunus bəyin doğum günü gəlir. Bu ərəfədə onu yubiley yaşı münasibətilə qəlbən təbrik edir və yaradıcılıq uğurları arzulayırıq.
…Hərdən mənə elə gəlir ki, yazıçı-siyasətçi, jurnalist, naşir… Yunus Oğuzun bir əsr yaşı var! Çünki onda gördüyüm dünyagörüş, intellekt, məhsuldarlıq və özünəgüvən yalnız dünyanın hər üzünü yaxşı mənada görmüş bir insanda ola bilər.
O, yaxşı dostdur, sözübütövdür, dəyişməz mövqeyə və münasibətə malik şəxsiyyətdir!
***
Uzun illərdir tanıdığım Yunus Oğuzda diqqətimi daha çox çəkən həm də onun dəyişməz obrazı və özüdür. İctimai rəydə, jurnalist həmkarlarımız arasında olan rəy söylədiklərimə sübutdur. Özü kimi, sözü də bütövdür. Qısası, olduğu kimi görünəndir, göründüyü kimi də olandır. Bu mənada, hesab edirəm ki, jurnalistika sahəsində də Yunus Oğuzun özünün təsis etdiyi bir məktəb var-Yunus Oğuz məktəbi!
Yunus bəyin təmkinliliyi, hər bir problemi öz daxili inamı və gücü ilə həlletmə qabiliyyəti də fərqlidir. İndiyədək görməmişəm ki, hansısa problemin həlli üçün kimlərəsə ağız açsın, müraciət etsin, şikayətlənsin.
“Şikayət” dedim, aramızda olan bir məsələdə bunun şahidi olmuşam. Təsisçisi olduğu “Olaylar” qəzetinin başı üzərində bir problem dolaşırdı, müzakirə əsnasında dedim ki, əlçatan yaxınlarından birinə məktub göndər, şikayət yaz, kömək edərlər yəqinki. Dedi, yox, şikayət ediləsi bir ünvanım var, o da özüməm! “Mən, ancaq özümdən özümə şikayət edə bilərəm…”.
Yəni, demək istəyirdi ki, problem özünə aiddirsə, ya özün həll elə, ya da şikayətlənmək istəsən, get, dur güzgünün qarşısında, güzgüdə gördüyün o şəxsə nə qədər istəyirsən şikayətlən, ürəyini boşalt!
Bəli, hər kəs özünə aid problemin kökünü bilirsə, həlli yolunu da özü axtarıb tapmağa məhkumdur! Bu həm də sənin nəyə qadir kimliyinin ölçüsüdür!
Yunus bəyin yubiley yaşıdır. Amma əvvəldən dedim, mən onun məhsuldar fəaliyyətini göz önünə gətirəndə deyirəm ki, məncə, onun yüz yaşı var! Ona görə də müdrikliyi ilə gözümdə yüz yaşlı Yunus Oğuzu ürəkdən təbrik edir, ona həmişə özünəgüvənlik arzulayıram.
Yunus Oğuz sözün həqiqi mənasında, üz tutulası, qapısı döyüləsi bir ziyalıdır
Tam gənclik illərindən tanımışam Yunus Oğuzu, Milli hərəkat, azadlıq mübarizəsinə qatıldığımız anlardan. Əlbəttə ki, bu tanışlıq o dövrlərdə uzaqdan uzağa, hərəkat dövrünə təsadüf edirdi. Şəxsi tanışlığımız yox idi. Daha sonralar onun jurnalistlik fəaliyyəti, yazıçılığı, vətənpərvərliyi, haqqında eşitdiyim və müşahidə etdiyim digər xüsusiyyətləri, Yunus Oğuzu şəxsən tanıdıqdan sonra ona dost, ustad deyərək müracəit etməyimə əsas verdi. O, sözün həqiqi mənasında, dost deyərək üz tutulası, qapısı döyüləsi bir ziyalıdır, insandır. Yadımdan çıxmaz, 2003-cü ildə “Yeni Xəbər” qəzetini yenicə təsis edib, dərc edirdik. Baş redaktor olaraq Yunus bəylə görüşdüm, rəhbərlik etdiyi “Olaylar” İnformasiya Agentliyinin xəbərlərindən istifadə etmək istədiyimi və kömək etməyini istədim. Həmən razılıq verdi, əməkdaşlarına da tapşırdı ki, digər məsələlərdə də kömək etsinlər. Təmənnasız. Onun xeyirxahlığını unutmadım. Əməkdqaşlığımız bu gün də davam edir və mən Müstəqil.Az xəbər portalının yaradıcısı və baş redaktoru olaraq gərəkən zamanlarda artıq dostum olan Yunus bəylə məsləhətləşmələr edir, onun təcrübəsinə və diqqətinə güvənirəm. Yunus Oğuzun bir yazıçı kimi nəinki Azərbaycan oxucuları, eləcə də ölkəmizdən coğrafi tərəfdən çox -çox uzaqlarda,mənəvi cəhətdən isə bizə yaxın olan ölkələrdə tanınmasına, oxunmasına, sevilməsinə təsadüf etmişəm və sevinmişəm. Bu, Azərbaycan ədəbiyyatının, Azərbaycan yazıçısının tanınması, oxunması və sevilməsidir. Onun tarixi mövzuda qələmə aldığı romanların müxtəlif illərdə, müxtəlif saylarda, müxtəlif ölkələrdə dərc olunması da bizlərə, xüsusi olaraq, dost kimi mənə qürur gətirən hadisələr sırasındadır. Şəxsi keyfiyyətləri ilə də çoxlarna örnək olan dostum Yunus Oğuz ömrünün 65-ci ilinin həndəvərindədir. Bu günlərdə ahıllığın gənclik illərinə qədəm qoyacaq. Lakin onunla söhbət etdikdə, yaradıcılığına, yazdığı tarixi romanlarına, türk törələri ilə bağlı publisist və araşdırma yazılarına nəzər saldıqca, oxuduqca bir daha əmin olursan ki, illər dəyişsə də o həmişə olduğu kimi, yenə də gənclik enerjisi ilə yaşayıb-yaradır, yeni nəsillər tərəfindən də tanınır və sevilir.
Yunus Oğuz illər öncə, elə indinin özündə də ölkənin ictimai və siyasi həyatındqa ön sıralarda olub. Özünün şəxsi xarakterində olduğu kimi siyasi baxışlarında da dəyişməzliyi ilə çoxlarından fərqlənir və nümunə olaraq yaddaşlarda qalır. Ona uğurlar arzulayır, uca Tanrıdan uzun ömür və cansağlığı istəyir, Çox yaşasın, xoş yaşasın, deyirəm.
Hörmətli Yunus bəy, Sizi – milli fikir və ictimai düşüncə məkanımızda özünəməxsus mövqeyə malik olan tanınmış aydınımızı, söz və fikir adamını 65 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Siz uzunmüddətli, səmərəli fəaliyyət göstərmiş “Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət” ictimai birliyinin qurucu-sədrisiniz. Sizin həyat yolunuz vətəndaş cəmiyyətinə bağlı intellektual aydınımızın, milli-mənəvi məsuliyyət daşıyan qələm sahibinin həyat yoludur. Ulu tarixi köklərə söykənən romanlarınızdan tutmuş, gündəlik ictimai-siyasi hadisələrə çevik və məsuliyyətli münasibət ortaya qoyduğunuz publisist məqalələrinizədək hər bir fəaliyyətiniz vətəndaş cəmiyyətində təfəkkürə çağırış, milli yaddaşa söykənən duruş, ictimai məsuliyyət örnəyidir.
“OLAYLAR” qəzetinin qurucusu və baş redaktoru kimi Siz təkcə mətbuat tariximizə deyil, həm də fikir plüralizmi, azad söz və maarifçi missiya baxımından ictimai fikrə töhfələr vermisiniz. Sizin rəhbərliyinizlə formalaşan media platforması uzun illərdir ki, cəmiyyətin ictimai nəbzini tutan, milli məsələlərə səs verən, maarifləndirici və vətəndaş mövqeyi aşılayan bir tribuna kimi fəaliyyət göstərir.
Biz Sizin və rəhbərlik etdiyiniz media orqanının milli-mənəvi dəyərlərimizin qorunması, vətəndaş cəmiyyətinin gücləndirilməsi və ictimai şüurun yüksəldilməsi sahəsindəki xidmətlərinizi yüksək qiymətləndiririk.
Sizə möhkəm cansağlığı, yaradıcılıqda və ictimai düşüncə məkanımızda yeni uğurlar arzulayıram! Yubileyiniz mübarək olsun!
Tarixin borclu olduğu adam- Yunus Oğuzun 65 yaşına
Salam olsun, çox dəyərli oxucum! Budəfəki qəhrəmanımız bütün Türk dünyasının, Oğuz elinin bir əlində qılınc, bir əlində qələm sözün, kitabın, ədəbiyyatın, mədəniyyətin, tarixin, milli kimliyin keşiyində mərdi-mərdanə dayanmış hünərvər alim oğlu Yunus Oğuzdur.
Yunus Oğuzun özü oldu-olmadı mən bu barədə dəfələrlə müxtəlif tədbirlərdə də demişəm. Yeri gəldikcə deyirəm və deyəcəm. Əsasən gənclərin üstünlük təşkil etdiyi tədbirlərdə bu məsələyə mütləq toxunur və Yunus Oğuz kimi ziyalılardan misal çəkir, belə insanlarımızı nümunə göstərirəm.
Yunus Oğuz sağlığında öz əməllərilə “Gündoğandan Günbatana” dediyimiz böyük türk dünyasının mənəvi aləmində sözdən-kitabdan ayağı bozqın bilinməyən təkində, başı isə sonsuz səmanın mavi ənginliklərində itib-batan nəhəng heykəlini ucaltmış çox azsayl müasirlərimizdən biridir.
Mən Yunus Oğuz imzasını tarix dərsliklərinin demək olar ki, olmadığı bir dövrdə tarixi romanlar müəllifi kimi tanımışam. Əgər belə demək mümkünsə – doğru olarsa, tarixi onun yazdıqlarından öyrənmiş bir nəslin nümayəndəsi kimi, Yunus Oğuzu böyük əminliklə tarixin ona borclu olduğu adam adlandırardım. Hələ çox əvvəllər özlüyümdə onun yazdıqlarını Yevgeni Tarlenin “Napoleon”u, Vasili Yanın “Çingiz xan”, “Kurqanlardan gələn işıq” kimi möhtəşəm əsərləri ilə müqayisə etmiş və həmişə bir baş yuxarı bilmişəm.
Yunus Oğuzun yaradıcılığı və bir müasiri olaraq bütün gündəlik fəaliyyəti ilə tanış olarkən qeyri-ixtiyari Timuçinin (Çingiz xanın) ovcunun içində qançırla doğulması əhvalatını, digər buna oxşar ayrı-ayrı şəxslərin dünyadakı müssiyaları ilə bağlı işarətləri xatırlamaya bilmirsən. Bir var tarix yazmaq, bir də var tarix yaratmaq. Yunus Oğuz tarix yaradanlardandır. Onun missiyası bundan ibarətdir. Bütün yaradılmışlar kimi tarix də ona borcludur.
22 iyulda Yunus Oğuzun 65 yaşı tamam olur. Bu münasibətlə yazarlar cameəsi adından onu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Yunus Oğuz vətənimizdə türkçülük şüurunun gəlişməsində çox işlər görüb
Dostum, qələmdaşım Yunus Oğuzla tanışlığımızın tarixini xatırlamıram. Mənə elə gəlir ki, onunla bir məkanda və bir zamanda anadan olmuşuq. Cavanlıqdan yox, uşaqlıqdan bəri yol gəlirik və bu yolun sonsuzluğuna inanıram. Yunusun bir sözü var, deyir ki, mən ruh, əqidə, düşüncə qohumluğunu qan, bioloji qohumluqdan üstün sayıram. Mənə görə, düz deyır. Biz onunla ruh qohumuyuq. Yunus Oğuz vətənimizdə türkçülük şüurunun gəlişməsində, türk kimliyimizi tanımağımızda ideoloji baxımdan çox işlər görüb: istər öz əsərlərində, istərsə davranışında və tarixi romanlarında. O, Azərbaycanımızda tarixi romançılığı inkişaf etdirən yazarlarımızdandır və son illər bir-birinin ardınca uğurlu əsərlər yazır. “Nadir şah”, “Əmir Teymur”, “Çingiz xan”, “Təhmasib şah” onun qələmində yeni obraz kimi qarşımıza çıxır. Onun Qarabağ müharibəsinə həsr etdiyi, hələki son “Cığır” romanı da oxucularımızın rəfində mühüm yer tutur. Mən Yunus Oğuzun əsərlərinin çoxunun bədii redaktoru olmuşam və deməli, hamısını da oxumuşam. O, Azərbaycanda müstəqil mətbuatın yaradıcılarından biridir. Uzun illərdir ki, “Olaylar Holdinq”ə uğurla rəhbərlik edir. Bu redaksiyadan onlarla istedadlı jurnalist çıxıb və indi ölkəmizin müxtəlif mətbu orqanlarında çalışırlar. Yunus Oğuz etibarlı dost, sirdaşdır. Onun haqqında müxtəlif nəslə mənsub ədəbiyyat biliciləri və həmkarları çoxsaylı yazılar yazıblar. Onların arasında mən də varam. Yunus Oğuz gözəl babadır. Dostumun yubiley yaşını təbrik edir, ona can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram…
Tarixi romanların müəllifi, publisist qələmin ustası
Yunus Oğuz bizim tanınmış yazıçımız, gözəl nasirimiz və daim hadisələrin içində olan publisistimizdir. Onun son illərdə qələmə aldığı tarixi romanlar Azərbaycan cəmiyyətində çox ciddi qarşılanır. Bu əsərlər yüksək qiymətləndirilir. Onlar daha çox Şərq hökmdarları, Azərbaycan tarixinin görkəmli simaları, böyük bir regionda hadisələrin önündə olmuş, tarixi yaradan sərkərdələr və hökmdarlar haqqındadır. Hesab edirəm ki, bu əsərlər xüsusən gənc nəslin maraqla, sevə-sevə oxuduğu romanlardır. Məsələn, “Nadir Şah”, “Əmir Teymur” kimi romanlar Azərbaycan nəsrinin bu günkü çox ciddi nailiyyətləri hesab oluna bilər. Gözəl tərəfi də budur ki, tarixin ədəbiyyat vasitəsilə, ədəbi nümunələrlə təbliğ olunması dünya nəsrində maraqlı tendensiyalardan biridir. Azərbaycan ədəbiyyatında da bu tendensiya XX əsrin əvvəllərindən mövcuddur və bu ənənəni bu gün çox uğurla Yunus Oğuz davam etdirir. Bu romanlar təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında, Orta Asiya respublikalarında da böyük maraqla qarşılanır, yayılır, çap olunur və buna yalnız sevinmək olar. Onun maraqlı yazı texnikası, tarixi faktlarla işləmə bacarığı, dünənlə bu gün arasında paralellər aparması, tarixi incəlikləri bədii elementlər vasitəsilə bugünkü nəslə çatdırması Yunus Oğuzun bir yazıçı kimi ən gözəl cəhətlərindəndir. Onu otuz ildən çoxdur tanıyıram. Həmişə fəlsəfə və sosiologiya problemləri ilə maraqlanan, cəmiyyətin bugünkü mənəvi-ekoloji durumunu əks etdirən, problemləri göstərən, Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı gedən tendensiyaları ustalıqla qələmə alan bir publisistdir Yunus Oğuz. Yəni, o, bizim ən məhsuldar publisistlərimizdən biridir. Demək olar ki, hər hadisəyə münasibəti var, hər problemə xüsusi yanaşması var. Onun püxtələşmiş publisist qələmi bu gün sözün əsl mənasında Azərbaycan publisistikasına və ictimai düşüncəmizə çox ciddi mesajlar verir. Hazırda özünün ən kamil, ən yetkin yaş dövrünü yaşayır – 65 yaşı tamam olur. Bu münasibətlə əziz dostumuzu, gözəl yazıçımızı, publisistimizi ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram.