Etiket arxivi: Zaur Bayramoğlu – Snayper

Zaur BAYRAMOĞLU – SNAYPER

Əvvəli burada:  Zaur Bayramoğlu – Snayper

yazılır

Son

QEYD:

Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.

Müəllif: Zaur BAYRAMOĞLU

ZAUR BAYRAMOĞLUNUN YAZLARI

Zaur Bayramoğlunun rəsmi səhifəsi

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Bayramoğlu – Snayper

Əvvəli burada: Zaur Bayramoğlu – Snayper

SNAYPER
IV

Ayın doqquzu idi. Şər qarışanda heyvanları rahatlayıb yeməklərini yedilər. Sonra qohum-əqrəba, dost-aşna gəldi. Onlar da çaylarını içib Humaya yaxşı yol dilədikdən sonra dağılışıb getdilər. İndi evdə üçü qalmışdı – nənə, gəlin və nəvə… Sabah nəvə də gedəcəkdi. Yenə ikisi qalacaqdılar… Gilə gəlininə səsləndi:
– Güsü, oradan dayının patefonunu gətir.
Gülsarə səksəndi. Eynən illər öncə, Ələsgər gəldiyi vaxt səsləndiyi kimi səslənmişdi. Eyni tonda, eyni sözlərlə… Bir an duruxdu. Amma az sonra heç nə demədən gedib patefonu gətirdi. Qayınanası iri yun döşəkcənin üstündə əyləşib mütəkkəyə söykənmişdi. Hər zaman başında olan örpəyi yenə də adəti üzrə bir ucunu kürəyinə, digər ucunu sinəsinə atmış, yaşmağını dodaqlarının üstünə çəkmişdi. Əlindəki iri dənəli kəhrəba təsbehi çevirməkdə idi. Gülsarə yaxınlaşıb onun qarşısında diz çökdü, patefonu yerə qoyub qapağını açdı, geri çəkildi. Gilə gözucu patefonun içinə nəzər saldı. Tozlanmışdı… Arabir üstü silinsə də, iyirmi üç il idi ki, qapağı açılmamışdı. Əyilib tozunu üfürdü, yaylığının ucu ilə silib təmizlədi. O qədər ehmalca, o qədər ehtiyatla silirdi ki, sanki qucağındakı körpənin yanaqlarını oxşayırdı… Sonra valı yerinə qoyub patefonun böyründəki qolu çevirdi. İynəni valın ortasına qoyub qolu buraxdığında Xan Şuşinskinin “Qarabağ şikəstəsi” dalğa-dalğa yüksəlib otağı doldurdu…
Gülsarənin də gözləri dolmuşdu. Bu səhnə həm Gilə, həm də Gülsarə üçün illər öncə yaşanmış bir anın təkrarı idi. Otaqda iki nəfər az idi – Salah baba və Ələsgər. Humaysa o zaman körpə, şirin bir qızcığaz idi. Amma indi Tibb İnstitutunun dördüncü kursunu bitirmiş, Milli azadlıq və Meydan hərəkatlarının iştirakçısı, Qarabağ savaşının qəhrəmanlarından biri, adlı-sanlı “Yalquzaq” idi…
Salah kişiylə Ələsgər isə həyətlərindən az aralıdakı məzarlıqda yan-yana yatmaqda idilər.
“Qarabağ şikəstəsi” bitəndə otağa sakitlik çökdü. Gilənin sinəsinin xışıltısından başqa bir səs eşidilmirdi.
Humay valı dəyişib digər üzünü yerləşdirmək istəsə də, cəsarət edə bilmirdi. Sanki otaqdakı ab-hava onu da ağuşuna almış, illər öncəsinə uşaqlığının xatırlaya bimədiyi dərin çağlarına aparmışdı. Dirsəklərini dizlərinə söykəyib, ovuclarını birləşdirib barmaqlarını çənəsinə dayaq vermiş, oturduğu yerdəcə daşa dönüb qalmışdı. Sanki üçü də ayində idilər. Nə tərpənmək olardı, nə də danışmaq. Ehmalca baxışlarını nənəsinə döndərdi.
Gilə başını arxasınadkı divara söykəmiş, gözlərini yumub oturmuşdu. Arıq, damarları üzə çıxmış, quruyub ağaca dönmüş əli açılmış, təsbehi dizlərinin arasına, yedditaxtalı tumanının ətəyinə düşmüşdü. Ağır-ağır qalxan sinəsi hər endikcə köhnə, yamaq-quraq körük kimi xışıldayırdı. Gözlərini anasına sarı çevirdi. O, ayaqlarını altına yığıb oturmuş, əllərini dizlərinin üstünə qoymuşdu. Onun da başında yaylığı var idi. Amma yaşmaq tutmamışdı. Yaylığının altından dən düşmüş ipək saçları görünürdü. Uzun kirpikləri yumulu gözlərindən qaynayıb-çıxan damlaları yanaqlarına ötürüb yenidən dikəlirdilər. Üstdən aşağı yuvarlanan büllur dənəciklər yanağında iz qoyub dodaqlarını duzlu tamla isladır, çənəsinə doğru süzülürdü.
Humay gözlərini anasından çəkib patefona dikdi:
– Bu mənzərənin günahkarı sənsən, patefon… Görəsən, özündə hansı sirləri gizlədirsən belə? – deyə xəlvətcə soruşdu… Sonra keçmişi xatırladı. Məktəbli vaxtlarında bir neçə dəfə patefonu götürüb qurmaq, vallarındakı mahnılara qulaq asmaq istəmişdi. Hər dəfəsində ya nənəsi, ya da anası onun üstünə acıqlanmış, “Səninçün uşaq oyuncağı deyil bu”, – deyə onu azarlamışdılar…
Sükut ayinini nənəsi bitirdi:
– Dağılasan belə dünya, – deyib, dərindən bir ah çəkdi. Sonra əlini uzadıb ətəyinin üstünə düşmüş təsbehini götürdü. Anası burnunu çəkdi. Yaylığının ucu ilə gözlərini quruladı. Humay hələ də çənəsini əlinə söykəyib oturmuş, baxışları gah nənəsinin, gah da anasının üzündə dolaşırdı. Bir azdan işıqlar kəsildi. Gülsarə: “On iki oldu”, – deyib ayağa qalxdı, pəncərədən süzülən ayın işığına gedib qonşu otaqdan neft lampasını götürdü. Kibrit yandırıb işığına piltənin ucunu sildi, yandırıb şüşəsini yerinə salaraq gətirib gəldi. O gələndə Humay divar saatına sarı boylanıb:
– Hər kəs işıq idarəsi kimi dəqiq işləsə, beş ilə vətənimiz cənnətə dönər, – dedi. Anasının qaşlarını çatıb üzünə baxdığını görüncə saata işarə etdi, – qoymazlar bir dəqiqə artıq yansın, iki saat tamam olan kimi söndürürlər.
– Hə, qızım, biz alışmışıq daha, müharibə başlayandan ermənilər qazımızı da kəsiblər, işığımızı da. İllərdir ki, yaz-qış işığı iki saat verib, iki saat kəsirlər. Hələ bura kənddi, biz qışda odundan, kərmədən bir şey tapıb yandırırıq, indi gör şəhərdə, binada yaşayanlar nə çəkir? Yayda bu zəif işıqla kondisioner işlədə bilmir, istidən bişirlər, qışda da elektrik sobasını yandıra bilmədiklərindən soyuqdan donurlar…
Gilə təsbehini çevirib sanki bayaqkı ab-havadan çıxmaq üçün fürsət tapdığına sevinibmiş kimi söhbətə qoşuldu:
– İldən-ilə insanların yaşayışı, dolanışığı düzəlir, yaxşılaşır.
Doğrudur, indi müharibədir, çətinliklər var. Amma nə qədər qıtlıq, yoxluq olsa da, bizim gördüyümüz qıtlığın yanında əsl bolluqdur… O vaxtlar kolxozçunun əlindəki hər şeyi alıb aparırdılar cəbhəyə. Bir fikirləşən yoxuydu ki, bu camaat nə yeyəcək, nə içəcək, balasına nə verəcək… Yazda inəkəmcəyi, topalaq, murçalıq, kəngər, buğatikanı, laləynən başımızı aldadır, yayda üzüm yarpağını çörək əvəzi qatığa batırıb yeyirdik ki, acından ölməyək. Neçə-neçə körpənin ot-ələf yeməkdən qarnı şişdi, partlamaya düşüb öldü, – Gilənin gözləri nəmləndi, – o xalçanı yenicə toxumuşdum, – deyib divardakı üzərində ceyran şəkli toxunmuş xalını göstərdi. – Bir gün qonşuynan sözümüz oldu, savaşdıq. Dedi, sən öləsən, gedib şikayət edəcəm ki, Gilə qolçomaqdı, evində yatırım var…
Gülsarə ehtiyatla qayınanasının sözünü kəsdi:
– Yaxşı tay, ay ana, keçmiş keçmişdə qaldı, indi şükür, müstəqilik, heç o vaxtlar kimi yoxluq, yoxsulluq da yoxdu. Elə insanlar naşükürdürlər. Həmişə daha rahat yaşamaq, daha yaxşı gün görmək istəyirlər..
Gilə astaca əlini dizinə çırpıb: – Cavanlıqda olmadı görmədik, vay, heyif! Qocalıqda oldu, geymədik, utandıq, vay, eyib! – deyərək susdu.
Gülsarə qızının yuxulu gözlərinə baxıb:
– Dur, yerini salım yat, sabah yol gedəcəksən. Humay sanki bu təklifi gözləyirmiş kimi əsnəyib ayağa qalxdı.
Ertəsi gün erkəndən qalxıb əynini geyindi, həyətə çıxıb əl-üzyuyanda yuyundu. Ovuclarını birləşdirib əlüzyuyanın iynəsini hər qaldırdıqca iynənin yan-yörəsindən axan su əllərindən başlayıb bütün bədəninə sərinlik qatır, yuxunun gözlərindəki son qırıntılarını alıb-apararaq yerinə gəncliyini, dincliyini, enerjisini gətirirdi. Yuyunduqdan sonra dirəyə asılmış dəsmalı götürüb qurulandı, əlindəki çalğı ilə küçə tərəfdən gələn anasını salamladı:
– Günaydın, anacan.
– Sabahın xeyir, qızım, niyə belə tez durmusan?
– Narahat olma, yuxudan doymuşam. Nənəm də çay dəmləyir. Gəl gedək çörəyimizi yeyək.
Birlikdə evə keçdilər.
Humay yeməyini yeyib, axşamdan yığdığı çantasını, çamadanını və anasının onunçün hazırladığı bağlamanı götürdü. Evdən çıxarkən Gilə ardınca qapıya çıxdı:
– Tələsmə, qızım, biz də gəlirik səni yola salaq.
Birlikdə poçt yoluna endilər. Humay asfaltın kənarında dayanıb yaşıllıq içindəki həyətlərə, meyvə dolu ağaclara baxır: “Kəndimiz xeyli böyüyüb”, – deyə düşünürdü.
Az sonra avtobusun mühərrikinin səsi gəldi. Birlikdə yolun yuxarı tərəfindəki döngəyə boylandılar. Narıncı rəngli “PAZ” avtobusu sanki biyara gedən kəndli kimi könülsüz, heysiz onlara tərəf gəlirdi.
Gilə:
– Əlicandı, tapşıracam, səni aeroporta qoysun, – dedi. Nəvəsinə sarıldı. Yaşmağını endirib onu üzündən-gözündən doya-doya öpdü. Sıra Gülsarəyə gəlmişdi. Qızını qucaqlayıb öpdü, öpdü… Bərk-bərk sinəsinə sıxıb saçlarını qoxladı. Humay anasından ayrılıb yanlarında dayanmış avtobusa minərkən Gilə də onun yol pulunu ödəyib sürücüdən nəvəsini aeroportda endirməsini xahiş etdi.
Nənə ilə ana yola düşən avtobusun ardınca əl yaylıqlarını yelləyib gözlərini sildilər…

V

Humay avtobusdan enib çantasını çiyninə asdı. Şeylərini götürüb aeroportun inzibati binasının giriş qapısına yaxınlaşdı. Qapıya aparan dəmir barmaqlıqlı yol əlində bileti olan, biletsiz sərnişinlərlə dolu idi. Ağız deyəni qulaq eşitmir, kimsə kimsəyə güzəşt edib geri çəkilmək istəmirdi. Qapının önündə dayanmış kök, ortaboylu polis kapitanı sərnişinlər arasında qayda-qanun yaratmağa çalışsa da, sözünü heç kimə dinlədə bilmirdi. Arabir hasarlardan kənarda dayananlardan biri ona müraciət edərək: – Akif əmi, mən burdayam, ya da məni filankəs göndərib, – deyə var səsi ilə bağırırdı. Akif arabir gözlərini yoxladığı sənədlərdən çəkib, camaatın üzərində gəzdirir, tanıdığı birini gördükdə barmağı ilə işarə edərək: “ Sən gəl”, – deyə yanına çağırırdı.
Basabasın içində addım-addım irəliləyən Humayın ürəyi sıxılır, əsəbləri tarıma çəkilirdi. Üfüqdən xeyli qalxmış sabah günəşi də bir tərəfdən üzünü, çiyinlərini yandırıb-yaxırdı. Tərlədiyini hiss etdi, susamışdı. Ətrafına boylandı. Köşklər, çayxanalar xeyli aralıda idi. Yerini tərk edib su axtarmağa getsə, girişə doğru sıxılıb butılka effekti yaradan kütlənin onun boşluğunu anında dolduracağını bilirdi. Dodaqaltı deyinib yanında bir şüşə su götürmədiyi üçün özünü qınadı. Bu hava limanında biletin batmadığını bilirdi. Amma sonrakı təyyarəni gözləməkdənsə, qızmar günəş şüalarının altında dayanıb susuzluğa dözmək daha yaxşı idi…
Santım-santım irəlilədiyindən bir saata cəmisi beş-altı addım yol qət edə bilmişdi. Amma olsun, artıq dəmir barmaqlıqlı yolun bir addımlığında idi. Daha on beş dəqiqə və budur, Akifin qarşısında dayanıb qırmızı rəngli sovet pasportunu ona uzatmışdı. Olmayan ölkənin vətəndaşlıq pasportunu…
Akifdən pasportunu və uçuş biletini aldı. Onun yanından keçib qapını döydü. Alüminium qapının böyrü açıldı və o sivişib içəri girər-girməz şaqqıltı ilə bağlandı. Hava limanının binasına daxil olarkən dərindən bir nəfəs alıb: – Çox şükür, – dedi. Doğrudan da, bura qədər gəlib çatıbsa, şükür etməyə dəyərdi. Çünki binaya daxil olmaq elə təyyarəyə minmək kimi bir şeydi…
Gömrük nəzarətindən keçmək üçün sıraya girərkən fürsət tapıb pəncərədən çölə boylandı. Qapının önü yenə məhşər yerini xatırladırdı. Adamlar nəinki azalmamışdılar, hələ xeyli artmışdılar da…
Çamadanını baqaja verdi. Əlindəki çantası ilə gömrük prosedurlarını keçib inzibati binadan çıxdı. Təyyarəyə yaxınlaşdı. Trapın pillələrini qalxarkən sənədlərini uzatdığı stüardessa biletini qatlayıb kənarını cırdı, əyləşəcəyi yerin nömrəsini deyərək, onu birinci salona yönləndirdi. Sovet istehsalı olan təyyarələrdə ağırlıq balansı pozulmasın deyə minərkən əvvəlcə birinci salonun sərnişinlərini yerləşdirir, endikdə isə ikinci salonu birinci boşaldırdılar.
Saatına baxdı, xeyli vaxt keçmişdi“ Görəsən, niyə getmirik?” – deyə narahatlıqla ətrafına boylandı. Fəhlələr salona daşıdıqları iri bağlamaları gətirib tualetin önünə və pilot kabinəsinin girişindəki boşluğa yığırdılar. Ardınca yeni sərnişinlər gələrək, dəhlizdə başlarının üstündəki yük yerlərindən tutaraq yan-yana düzüləndə heyrətlə: – Yox, artıq, – deyərək dodağını dişlədi. İrəli boylanaraq uçuş heyətindən kimisə görmək, təyyarənin hədsiz yüklənməsinə narazılıq etmək istədi. Kimsə görünmürdü. “Yəqin, hamısı pilot kabinəsindədilər, – deyə düşünüb, – bu nədir, belə də təyyarə olar, elə bil kənd avtobusudur”, – deyə uca səslə deyindi. Lakin başının üstündə dayanan cavan oğlan:
– Bacı, hamının işi-gücü var, kefimizdən ayaq üstə getmirik ki? – deyə ona qarşı çıxdı. Humayın canı burnunda idi, amma bu cavan oğlanın sözünə lap əsəbləşdi.
– Bu qədər cahil olmayın da. Uçuş təhlükəsizliyi deyə bir şey var. Sizinçün avtobus deyil ki, pilot ehtiyatla sürüb milləti evinə-eşiyinə aparsın. Əlavə yüklənmiş bu qədər yükü, bu qədər sərnişini havaya qaldırmağa mühərriklərin gücü çatmasa, necə olacaq?
Ətrafında əyləşən sərnişinlərdən bir neçəsi də onun sözünə tərəf çıxdılar.
– Qardaş, indi elə zamanaya gəlib çatmışıq ki, pullarını ver, nə istəyirsən elə. Kimdi e, sərnişinin təhlükəsizliyini düşünən?
– Elə deyil e, bacı. Deyək ki, yerüstü xidmət camaatı vecinə almır. Bəs təyyarənin pilotuna nə deyək? Yəni onun da ağlı çatmır? Axı bu balaca “TU-134”ü bu qədər yükləmək intihar etməyə bərabərdir.
Digər sərnişin söhbətə qoşuldu:
– Əşi, onları görmədinizmi? O qədər içmişdilər ki, ayaq üstə güclə dayanırdılar.
Bir başqası ümidsizliklə başını buladı:
– Vallah, biz elə Allah umuduna gedib-gəlirik. Bir gün bir təyyarə düşəcək, ondan sonra ağıllanacaqlar.
Humay ətrafında gedən müzakirələri dinləyir, ürəyi qısılırdı. Bir ara qalxıb təyyarədən enmək istədi. Amma deyək ki, indi təyyarədən endi, sonrakı reysin normal gedəcəyini hardan bilərdi ki? İşin tərsliyindən Bakıya dönməyə başqa alternativi də yox idi. Həm qoşqu maşını da təyyarəni çəkib start nöqtəsinə gətirmiş, qoşqusunu açıb uzaqlaşmaqda idi. Öz-özünə: “Cəhənnəmə olsun, nə olacaqsa, olacaq”, – deyib başını oturacağın arxasına söykəyərək gözlərini yumdu.
Mühərrikləri çalışan təyyarə yerində dartınıb gücəndi, getdikcə artan sürətlə hərəkət etməyə başladı. Sürəti artdıqca içindəki sərnişinləri daha çox atıb-tutmağa, silkələməyə başlayan təyyarə üçün: “Deyəsən, Naxçıvana göndərilən təyyarələrin hamısı util malıdır. Nə bunun, nə də keçən dəfəkinin asqı sistemi də işləmirdi. Gəldiyim, deyək ki, yük təyyarəsi idi, bu ki sərnişin təyyarəsidir”, – deyə düşündü. O bu düşüncələr içindəykən təyyarə pistin sonuna çatıb təkərlərini yerdən kəsdi, bütün ağırlığı və əzəməti ilə havalandı. Gözlərini açıb pəncərədən boylandı. Budur, Naxçıvan çayının üstündən keçdilər, sonra Əlliyeddinci məhəllə, bu da Respublika xəstəxanası, Dördyol. Və təyyarə sağ qanadı üstə yatıb istiqamətini Şahbuza tərəf döndərdi, ardınca isə təyyarənin altına elə bil küt alətlə vurdular və metal şaqqıltısı… “ dəmir quşumuz ayaqlarını altına yığdı”, – deyə Humay fikrindən keçirib gözlərini yumdu. O, yatmaq istəyirdi. Hava limanı həngaməsi onu o qədər yorub-əldən salmışdı ki, beş dəqiqəlik də olsa, yatıb gözlərinin acısını almaq yaxşı olardı.
Təkandan səksənib ayıldı. Yerə enən təyyarə hava meydanında sürətlə irəliləyir, sərnişinləri nehrə kimi çalxalayırdı. Humay indidən yüklərini götürüb çıxışa getməyə çalışan sərnişinlərə baxıb güllümsədi. “Doğulandan ölənədək harasa tələsir, hamıdan qabaq çatmaq istəyirik. Nə bir-birimizi gözləyirik, nə də sıramızı, sonra da buna həyat deyirik”, – deyə ürəyindən keçirdi.
Təyyarədən enib baqaj salonuna gəldi, yarım saat gözlədikdən sonra elavatorun üstü ilə gələn yüklərin arasından öz əşyalarını seçib götürərək aeroportun binasından çıxdı. Gözləri Səidəni axtardı. Yox idi. “Yəqin, işi var”, – deyə düşünüb bir az aralıda gözləyən 24 nömrəli “İkarus” avtobusuna yönəldi. Avtobus onu Səməd Vurğun bağınadək aparacaqdı, bəs sonra hara gedəcəkdi? O, məktubunda Səidədən onunçün ev tutmasını rica etmişdi. İndi bu qədər yüklə hara gedəcəkdi ki? Bu düşüncələr içində yol gedərkən, bir tərəfdən də: “Yəqin, məktubu almayıb, yoxsa gələr, ən azından kimisə göndərərdi”, – deyə öz-özünə düşünürdü. Avtobus mənzil başına çatıb dayananda əşyalarını da götürüb endi. Hələ axşama qədər vaxtı var idi. “Gedim kirayə ev axtarım, qaranlıq düşənədək bir yer tapmasam, Səidəgilə gedərəm”, – deyə düşünüb əylədiyi taksiyə mindi. Papanin adlanan yaşayış massivinə gəldi. Qapı-qapı gəzərək boş ev axtarırdı. Hospitalın böyründəki küçəyə girdi. İki ev qabaqda ona nişan verilən həyətin qapısını döyüb içəri daxil oldu. Ona “içəri buyur” edən olmamışdı, heç həyətdə də kimsə gözə dəymirdi. Sağ-solunda böyür-böyürə düzülmüş qapıları həyətə açılan balaca-balaca mənzillərə göz atıb: – Ay ev yiyəsi! – deyə səsləndi. İkinci çağırışından sonra qarşı tərəfdəki ikimərtəbəli evin girişində iki qız uşağı göründü. Qapıdan ona baxıb içəriyə qaçdılar. Dallarınca gələn qırx beş-əlli yaşlarında hündürboylu, dolubədənli xanım qapıya çıxdı. Qaşlarını yuxarı çəkərək onu, əşyalarını süzüb:
– Ev axtarırsanmı, qızım? – deyə soruşdu.
– Bəli, xanım.
– Kiminlə qalacaqsan?
– Tək qalmaq istəyirəm.
– Atan-anan haradadır, nə işlə məşğulsan?
– Valideynlərim rayondadır, mənsə tibb institutunda oxuyuram. Hospitalda işə düzələcəm, ona görə də buralardan ev tutmaq istəyirəm.
– Hansı rayondan gəlmisən?
– Naxçıvandan.
– Bu il girmisənmi?
– Xeyr, xanım, beşinci kursdayam.
Ev sahibi ilə kirayənişin arasındakı standart sorğu-sual başa çatdıqdan sonra qadın qiyməti də dedi. Razılaşdılar.
– Gözlə, açarı gətirim, bir evə bax, – deyib içəri qayıtdı, az sonra əlində açarla dönüb gəldi. Sıra ilə düzülmüş evlərdən birinin qarşısında dayandı. Qapını açıb içəri daxil olarkən onu da dəvət etdi:
– Gəl, qızım, gəl, bax, görək bəyənəcəksənmi?
Humay qadının ardınca otağa daxil oldu. Bura doqquz kvadrat metrlik balaca otaq idi. İçəridə əşya kimi bir ədəd köhnə, dəmir çarpayı, küncdə bir ədəd balaca masa, iki stul və bir paltar dolabı var idi. Girişdə qapının sağ tərəfindən divara asılqan vurulmuşdu. Yerə nimdaş, amma təmiz xalça salınmışdı.
Qadın Humaya tərəf dönərək:
– Otaq budu, mətbəx, qab-qacaq və sanitar qovşağı ümumidir. Gəl mətbəxi də göstərim, – deyib cavab gözləmədən qabağa düşdü. Onu beş-altı kvadrat metrlik mətbəxə gətirdi. Burada da bir ədəd dördgözlü qaz sobası, bir ədəd su krantı, qab yumaq üçün masa və qab şkafı, bir ədəd də yemək masası var idi. Qadın əli ilə qab şkafını göstərərək:
– Qab-qacaq orada, zibili də qabyuyanın altındakı zibil qabına atacaqsan, – dedi.
Humay:
– Yaxşı, xanım, evi tuturam, – deyib çantasından çıxardığı puldan bir aylıq kirayə məbləğini götürüb qadına uzatdı. Ev sahibəsi pulu sayıb:
– Yaxşı, qızım, sağlıqla qal, mənim adım Lətifədir. Nə vaxt bir şeyə ehtiyacın olsa, qapıdan səslənərsən, – deyib getdi.
Humay əynini dəyişib otağa göz gəzdirdi. Gedib Lətifədən süpürgə, əski və başqa təmizlik şeyləri alıb gətirdi. Otağı silib-süpürdü, qaydasına saldı. İşini yenicə bitirmişdi ki, adının çağrıldığını eşidib geri döndü. Gələn Lətifə idi. Əlində bir kasa yemək gətirmişdi:
– Qızım, bunu səninçün gətirdim, nahar edərsən.
Yeməyi alıb qadına təşəkkür etdi. O getdikdən sonra oturub yemək yedi. Bir az istirahət edib dincəldikdən sonra qalxıb əynini dəyişdi, Səidəni görməyə getdi.
Məhkəmənin çıxışında qarşılaşdılar. Görüşüb hal-əhval tutaraq:
– Gələcəyini niyə xəbər vermədin, ay Humay? Səni qarşılayardım.
Humay məktub yazdığını, lakin güman ki, məktubun gecikdiyini dedi.
– Budu da poçt sistemimiz. Nəyimiz düz işləyir ki, poçtumuzdan narazı olaq?..
– Boşla getsin, ay Səidə, əsas odur ki, gəlib çatmışam, – deyib əlindəki bağlamanı ona uzatdı, – anam səninçün göndərib.
Səidə bağlamanı alaraq üzrxahlıq etdi:
– Niyə əziyyət çəkirdin, ay Humu, heç ehtiyac yoxuydu.
– Elə bir şey deyil, bir-iki dilim pendir qoyub, bir az da yaş fındıq-filan, – deyərək, – sən Naxçıvan pendirini, şor-kərəsini sevirsən, – deyə əlavə etdi.
Səidə onun qolundan tutdu:
– Bəs öz əşyaların hanı, gəl gedək evə.
– Yox, ay Səidə, evə gedə bilməyəcəm. Şəhərdə bir az işlərim var, qızları görəcəm. Sabah da erkəndən instituta gedəcəm. Sonra da iş üçün hospitala müraciət edəcəm. Bizə bekar durmaq yaraşmaz. İşləmək lazımdır….
– Bəs harada gecələyəcəksən?
– Papanində ev tutmuşam.
– Ay səni, qoçaq! Yaxşı, onda sabah hospitaldan çıxıb bura gələrsən, şəhərə çıxıb bir çay içər, bir az dərdləşərik.
Sağollaşıb ayrıldılar. Sabahı gün Humay məhkəmənin həyətində, Səidənin maşınının yanında dayanıb onu gözləyirdi.
İşdən çıxan Səidə Humayın yanına gəldi. Humayın gözləri gülürdü.
– Hə, bacı, üzün gülür, deyəsən, yaxşı xəbərlər var.
– Əlbəttə, bütün işlərimi yoluna qoydum.
Maşına əyləşdilər. Səidə mühərriki işə saldı. Dənizkənarı parka yollandılar.
– Humu, danış görüm, işləri necə yoluna qoydun?
Humay yolboyu ona Tibb İnstitutunun rektorluğuna getməsindən, orada yüksək səviyyədə qəbul olunaraq təhsillə bağlı probleminin həll olunmasından danışdı. Sonra da hospitala yollanmış, kadrlar şöbəsində qəbulda olmuşdu. Qıza: “Travmatologiya şöbəsində tibb bacısı vakansiyası var”, – deyib ora yönləndirmişdilər. Şöbənin baş tibb bacısı Humayın sənədlərini götürərək sabahdan işə gəlməsini tapşırmışdı.
Səidə bu xəbərləri şadyanalıqla qarşıladı:
– Bunlar ki əla xəbərlərdir, Humu, indi gedib həm instituta bərpa olunmağını, həm də işə qəbul olunmağını qeyd edərik.
Bulvara gəlib “Xəzri” restoranında əyləşdilər. Səidə masalarına yaxınlaşan ofisiantın salamını başı ilə alıb Humaydan: “Bacımın ürəyi nə istəyir, nə gətirsinlər?” – deyə soruşdu.
Humay yemək sifariş verdikdən sonra Səidə: “İki pors olsun”, – deyə ofisiantdan xahiş edib yenidən Humaya tərəf döndü.
– Kəndin havası sənə düşüb. Rəngin-rufun açılıb, gözəlləşmisən.
– Havası-suyu təmiz, nənəmin də dilindən düşməyən bir sözü var: “Əlaa nə düşdü at əngaa, çıxsın rəngaa…” Anam bir tərəfdən, nənəm o biri tərəfdən əlində dürməklə dalımca dolanırdılar.
Sonra evlərindən, dərs oxumağa getdiyi bağlarından, kəndin ayağından keçən balaca dağ çayından, kəndlərinin içindən axan bərələrdən danışdı.
Səidə lap həvəsləndi:
– Gələn yay mən də məzuniyyət götürüb səninlə gedəcəm. Beş-on gün qalıb istirahət edərik.
– İnşallah, bacı, gedərik, niyə getmirik?

Hospital

I

Humay erkəndən qalxdı. Yeməyini yeyib güzgünün qarşısına keçdi. Saçlarını darayıb üz-gözünə əl gəzdirdi. Xalatını götürüb çantasına qoydu. Otaqdan çıxaraq qapısını bağlayıb hospitala yollandı.
Həm həyəcanlı, həm də həvəsli idi. İş vaxtının başlanmasına yarım saatdan çox qalsa da, o, hər kəsdən qabaq getmək, yeni iş yoldaşları ilə tanış olub palataları gəzmək istəyirdi.
İkinci müalicə korpusuna daxil olub üçüncü mərtəbəyə qalxdı. Dəhlizdəki posta yaxınlaşıb növbətçi tibb bacısı ilə salamlaşdı.
– Salam, xanım.
– Salam.
– Adım Humaydır. İşə yeni qəbul olunmuşam, – deyə özünü təqdim etdi.
– Lap yaxşı, Humay xanım, bura qol çəkin, – deyib telefonun böyründəki jurnalı ona tərəf uzatdı. Humay davamiyyət cədvəlinə qol çəkdikdən sonra barmağı ilə bir az o tərəfdəki otağı göstərərək:
– Keçin oraya, əyninizi dəyişin, bir azdan baş tibb bacısı da gələcək. O sizə lazımi təlimatları verər.
Beləcə, Humayın Mərkəzi Hərbi Klinik Hospitaldakı ilk iş günü başlandı.
Şöbənin baş tibb bacısı onu və təcrübəli tibb bacılarından birini yanına çağıraraq:
– Nüşabə xanım, Humay bizim yeni işçimizdir. Bir neçə gün sizinlə birlikdə çalışsın, ona həkim təyinatları əsasında müalicə qaydalarını öyrədin. Əzələ daxilinə, vena daxilinə iynə vurarkən, sistem qoşarkən yanında olun ki, hər hansı çətinlik yaşanmasın.
– Yaxşı, Rüxsarə xanım, – deyib Humaya döndü:
– Siz tibb texnikumunu nə vaxt bitirmisiniz?
– Heç vaxt, mən tibb institutunun beşinci kurs tələbəsiyəm.
– Nə gözəl. İnşallah, institutu müvəffəqiyyətlə bitirib diplomunuzu alarsınız. Yəqin ki, iynə vurmağı, venaya düşməyi bacarırsınız.
– Əlbəttə, bacarıram.
– Yəqin, praktikada öyrənmisiz.
– Həm tələbə vaxtı praktika keçmişəm, həm də savaşda əsgərlərimizə tibbi yardım göstərmişəm.
– Belə görürəm ki, sizin heç bir yardıma ehtiyacınız yoxdur. Amma yenə də formal da olsa, bir-iki gün birlikdə çalışarıq. Təkcə burada deyil, bütün tibb müəssisələrində yeni işə qəbul olunan tibb heyətinə iş yerinin ab-havasını tutana qədər yardımçı olurlar.
– Problem yoxdur, sizinlə işləmək mənimçün zövqdür.
Humay yaşca ondan xeyli böyük olan Nüşabə xanımın könlünü oxşamaq istədi.
İki gün sonra Humayı müalicə üçün şöbəyə yeni qəbul olunan xəstəyə təhkim etdilər. Baş tibb bacısı Humayı otağına çağırdı. Xəstəlik tarixçəsini verib:
– Diaqnozu və həkim təyinatını oxuyarsan. Burada yazılmış bütün müalicə tədbirlərini əskiksiz yerinə yetirməlisən, növbəni təhvil verdikdə isə kağızı növbətçi tibb bacısına verərsən, – deyə tapşırdı.
Humay onu arxayın etdi:
– Oldu, xəstəmizə necə lazımdırsa, elə qayğı göstərəcəyimə əmin ola bilərsiniz.
Birlikdə palataya gəldilər:
– Xəstəmiz budur, ağrıkəsici və digər iynələri vurun, bir azdan sarğı tibb bacısını çağırarsınız, gəlib sarğısını dəyişər.
Xəstə iyirmi iki-iyirmi üç yaşlarında cavan, yaraşıqlı bir oğlan idi. Arxası üstə uzanıb gözlərini yummuşdu. Arabir inildəyir, dodaqları, üzünün əzələləri səyirirdi. Humay çarpayının baş tərəfinə yaxınlaşıb əlindəki dərmanları, iynələri kətilin üstünə qoydu. Ampulaların içindəki məhlulu şprisə çəkdi. İynələrin qapağını ucluğuna keçirərək yan-yana düzdü. Xəstənin yorğanını üstündən çəkdi, budunun üst kənar dörddə birini gözəyarı işarələyib iynələrini vurdu,yerini spirtli pambıqla masaj edərkən bir gözü də xəstənin üzündə idi. O, hələ də bədəninə yeridilən iynələrə reaksiya vermədən yatırdı. Yorğanı üstünə örtüb sakitcə getmək istərkən xəstənin göz qapaqları aralandı, dodaqları tərpəndi:
– Su, su istəyirəm, ciyərim yanır… Sözlərinin sonu qaranlıqda öləziyən şam işığı kimi səssizlikdə itib getdi.
Humay:
– Bu dəqiqə, – deyib iti addımlarla otaqdan çıxdı, tibb bacısının otağına gedərək şkafını açdı. Termosunu götürüb bir stəkan çay süzdü və palataya qayıtdı.
Xəstənin üstünə əyildi. Qolunu boynunun altından salaraq qaldırıb stəkanı dodaqlarına dayadı:
– İç, qaqaş, iç.
Oğlan bir qurtum içərək başını geri çəkdi:
– İstidir.
Humay stəkana bir neçə dəfə üfürüb yenidən onun dodaqlarına söykədi:
– İndi bax, yaxşı olmalıdır.
O sanki təhkim olunmuş xəstəyə deyil, doğma balasına qulluq edirdi. Çayını içirib başını ehtiyatla yastığın üstünə qoydu. Çarpayının kənarında əyləşdi.
– Sizin adınız nədir?
– Şiraz.
– Harada yaralanmısınız?
– Tərtərdə.
– Yəqin, snayperlə vurublar.
– Hə, – Şiraz yenidən inildədi.
– Bəs necə oldu, ki yaralandınız? – Humay bir an özünü saxlaya bilməyib,- niyə o qədər ehtiyatsızlıq etdin ki? – deyəcəkdi, amma sözünü uddu.
Şiraz dərindən nəfəs almağa çalışdı. Altdan-yuxarı Humayın üzünə baxıb gücünü topladı:
– Gecə getmişdim postları yoxlamağa. Gördüm ki, əsgərin biri çıxıb oturub səngərin önündəki torpaq qalağının üstündə… – Şiraz dayanıb nəfəsini tənzimləməyə çalışdı. Danışdıqca nəfəsi təngiyir, gicgahlarında tumurcuqlanan tər damlaları yanağınadn çənəsinə, oradan da boğazına tökülürdü, – bizim də qarşımızda, bir az çəpinə mövqedə onların snayper postu var idi. Əsgərin bu ehtiyatsızlığından əsəbiləşdim, əlimi atıb köynəyinin yaxasının arxasından tutdum ki, çəkib salım aşağı. Elə onu çəkəndə gördüm sinəmin sağ tərəfi qızışdı, – üz-gözünü turşudub sol əlini yorğanın altından yarasının üstünə qoydu, – ikimiz də yıxıldıq. Hay düşdü, məni gətirdilər bura. Gerisindən də xəbərim var. Deyirlər, güllə körpücüyün altından girib baltalığımı dağıdıb çıxıb. Kürək sümüyüm bitişsin deyə on gün reanimasiyada üzüqoylu yatırdılar.
Bir neçə dəqiqə hər ikisi susdu. Humay onun yenidən danışmaq üçün güc toplamağa çalışdığını hiss etdiyindən sakitcə dayanıb gözləyirdi.
– Əsgərdi də, söz qandırmaq olmur. Vurursan, döyürsən, gedib şikayət eləyir, məhkəmə abrını tökür. Döymürsən, sözlə başa salmağa çalışırsan, başa sala bilmirsən, – dedi.
– Artıq elə şeylərin fikrini eləməyin, mümkün qədər tez sağalmağa çalışın. Və unutmayın ki, əsgərləriniz sizin yolunuzu gözləyir.
Şiraz sol əlini qaldırıb yellədi, sanki yaxınlıqdakı boğucu hava kütləsini qovmaq istəyirdi.
Humay əyləşdiyi yerdən qalxdı:
– Gedim, sarğı tibb bacısını çağırım, gəlib sarğını dəyişsin.
O, palatadan çıxmaq istərkən altmış yaşlarında, hündürboylu, dolubədənli bir qadınla üz-üzə gəldi. Qadın səliqə ilə geyinmiş, başına ağ kəlağayı örtmüşdü. Salamlaşdılar:
– Sabahınız xeyir.
– Sabahın xeyir. – Humay arxasınca qapını çəkib örtərkən “Yəqin, anasıdır”, – deyə düşünüb sarğı tibb bacısını çağırmağa getdi.

II

Bu qadın heç kimin kimsəsi deyildi. Bir gün axşamtərəfi hospitala gəlib yaralı əsgərlərə könüllü olaraq qulluq etmək istədiyini demişdi. İndi aylardır ki, burada yaşayır, ağır xəstələrin qohum-əqrəbası xəbər tutub gələnədək onların başının üstündən ayrılmır, ehtiyaclarını qarşılamalarına yardım edirdi. Gecələri gah boş palataların birində, ya da boş bir yataqda, o da olmasa, iynə otağındakı kuşetkada yatırdı. Yeməyini şöbələrdən birinin yeməkxanasında yeyər, paltarlarını da hospitalın istixanasında yuyub təmizləyərdi. Kimsənin haradan gəldiyini və əsl kimliyini, adını bilmədiyi bu qadın zamanla hospitalın daimi sakininə, burada müalicə alan əsgərlərin “mamaşa”sına çevrilmişdi.
Humay nahardan sonra Şirazın iynələrini vurmaq üçün palataya girəndə Mamaşanın onu yedizdirdiyini gördü. Baş tibb bacısının yanına qayıanda ondan soruşdu:
– Şirazın “Mamaşa” dediyi qadın onun anasıdırmı?
– Yox, o, bütün əsgərlərin anasıdır.
– Necə yəni? – deyərək qaşlarını çatdı.
Baş tibb bacısı da Mamaşa ilə bağlı bildiklərinin ucundan-qulağından Humaya danışdı…
Həmin gün işdən çıxarkən çox yorulmuşdu. Evə gedib yatmaq istəyirdi. Kirayə yaşadığı həyətə girəndə Lətifə ilə qarşılaşdı. Ayaqüstü salamlaşdılar. Böyründən keçib gedərkən Lətifə onu səslədi:
– Humay, yemək hazırlama, günortaya yaxşı borş bişirmişdim. Sənin payını saxlamışam. İndi gətirərəm, – dedi. Ev sahibəsi xoşxasiyyət, əliaçıq qadın idi. Kirayənişinlərinə övladları kimi baxardı. Bəzən evlərini təmizləyib qapı-pəncərələrini silər, bəzənsə bişirdiyi yeməklərdən onlara da paylayardı.
İki dəqiqə sonra otağın qapısı döyüldü. Lətifə əlində kələm borşu ilə dolu kasa qapıda dayanmışdı. Humay qapıya çıxıb yeməyi aldı, təşəkkür edib otağına qayıtdı. Masanın arxasında əyləşib buğlanan yeməyə baxır, tavana yüksələn su buxarlarının arasından Şirazın danışdıqları gözləri önündən film şəridi kimi axıb gedir, köhnə xatirələrini oyadırdı. Handan-hana öz-özünə: – Doğrudan, niyə Şirazın yanında qalan kimsə yoxdu? Görəsən, ailəsinin, valideynlərinin xəbərimi yoxdur? – deyə düşünüb tezcə də, – sabah soruşaram, lazım olsa, onun əvəzindən məktub yazar, ya da zəng vurub xəbər edərəm, – deyə cavabladı. Bəs Mamaşa kim idi? Savaş vaxtı könüllü olaraq yaralılara yardım etməsi örnək davranış idi. Amma indi, ona elə də ciddi ehtiyac olmadığı halda gecə-gündüz hospitalda qalmasının səbəbi nə idi? Görəsən, onun evi-eşiyi, övladları, nəvələri yoxmuydu? Cavabsız suallardan başı şişdi, öz-özünə: “Eh, nəyimə lazımdır, işlədikcə hələ çox şeylər görəcəksən”, – deyə deyinib, soyuyub buza dönmüş borşunu yeməyə başladı.
Səhər işə gələn kimi əynini, çantasını posta qoyub palataya getdi. Şirazla hal-əhval tutdu:
– Salam, qaqaş.
Şiraz üzünü ona tərəf çevirdi:
– Salam, xanım.
– Gecə necə yatmısan? Ağrıların olmayıb ki?
Onun halından, yuxulu gözlərindən yatmadığı hiss olunsa da, Humay yaralı zabitə ürək-dirək verib əhvali-ruhiyyəsini düzəltmək istəyirdi:
– Maşallah, dünənkinə görə yaxşı görünürsən, rəngin-rufun da bir az özünə gəlib.
Şiraz tibb bacısının yanında özünü möhkəm göstərmək istəyirdi. Dodaqları qaçdı, yenə sol əlini havaya qaldırıb nəsə demək istədi, heyi olmadığından qolu yanına düşdü.
Humay onun vəziyyətini anladı, oğlanın pərt olmaması üçün tez araya girdi:
– Danışıb özünü yorma, istirahət et, mən də təyinatına baxıb gəlirəm.
Tibb bacısının otağına gəldi. Əynini dəyişərək xalatını geyindi. Növbəni təhvil alıb Şirazın xəstəlik tarixçəsinə baxdı. Köçürüləcək sistemi, iynələri götürüb palataya gəldi. Ampulaların içindəki dərmanı şprislə çəkib sistemə qatdı. Sistem torbasını ştativin halqasına keçirdi. Şirazın sol qolundakı vazafiksin qapağını açıb şlanqın ucundakı iynəyə birləşdirdi. Kətilin üstündə sakitcə əyləşib flakondan damla-damla tökülən dərman mayesini izləməyə başladı.
Şiraz yatağında sakitcə uzanıb üzünü divara tərəf çevirmişdi. Onun saçlarını, almacıq sümüyü çıxmış, günəşin altında yanıb qaralmış üzünü baxışları ilə oxşadı. “Soruşummu, soruşmayımmı?” – deyə iki fikrin arasında qalmışdı. Əllərini dizlərinin arasından çıxarıb dikəldi.
– Qaqaş, burada olduğundan evin xəbəri yoxdumu? – deyə soruşdu.
Şiraz üzünü Humaya tərəf çevirdi. Göz-gözə gəldilər. Qaşlarını çatıb:
– Evmi? – deyə istehza ilə gülümsədi. Humay heç nə başa düşmədiyindən:
– Hə də, deyirəm evinizə məktub yazmaq, ya da zəng etmək lazım olsa, sənə kömək edərəm.
Şiraz ah çəkmək istədi, boğulub öskürdü.
– Nə ev… Ev var ki?
Humay onun ailəsi ilə hansısa ağır problem yaşadığını, bəlkə də, küsülü olduqlarını düşünüb:
– Anangillə danışmaq istəsən, telefon tapıb gətirərəm, – dedi.
Şiraz tamam laqeydləşdi:
– Anamgil yoxdu ki…
O bu sözləri o qədər soyuqqanlıqla demişdi ki, Humayın əti ürpəşdi.
– Necə yəni yoxdur, inkubatordan çıxmısan?
Bir an yaralı zabitin onunla məzələndiyini düşünüb əsəbiləşdi…
– Yox, bacı, inkubatordan çıxmamışam, – zabit bayaqkı kimi laqeydliklə davam edirdi, – biz uşaq olanda atam ölüb, anam da bizi uşaq evinə verib, ərə gedib.
Humay qaşlarını çatıb zabitin gözlərinin içinə baxdı, sonra sanki onun başına gələnlərin günahı ondaymış kimi utanıb üzünü çevirdi, göz qapaqlarını endirdi. Yenidən şlanqın damla sayğacındakı dərman damcılarını seyr etməyə başladı. Onun qəlbindən keçənləri duyubmuş kimi Şirazın özü danışmağa başladı. Biri ürəyində sual verir, digəri nəfəsini tənzimləməyə çalışaraq uca səslə, aram-aram cavablandırırdı.
– İki qardaş, bir bacı idik. Körpələr evinə qoyulanda mənim beş, bacımın üç, qardaşımınsa bir yaşı olub. Mən anamı ala-yarımçıq xatırlayıram. O birilərin heç nəyi yadına gəlmir. Bacım lal-kardır, ona görə onu bizdən ayırıb başqa yerə göndərdilər – lal-karların məktəbinə. Sonra necə oldu, heç bilmirəm. Hərbi məktəbdə oxuyanda getdim ki, bəlkə, taparam. Dedilər ki, elə özü kimi qüsurlu bir məktəb yoldaşıyla evlənib gedib. Nə bilim, Xaçmazın hansısa kəndinə, getdim, maraqlandım, dedilər, o uşağın valideynləri illər öncə Bakıya köçüblər, kəndə gəlib-eləmirlər. Nə isə, bacardığım qədər soraqlaşdım. Amma tapa bilməsəm də, evləndiyini eşitdiyimə görə ürəyim sakitdir.
…Bilirəm, qardaşım da səninçün maraqlıdır. Dördüncü sinifdə oxuyanda qardaşım öldü. Tərbiyəci dedi ki, zəhərlənmədən ölüb. Qaldım mən… Mən də altıncı sinifdə oxuyanda riyaziyyat müəllimimiz varıydı. Çox yaxşı adamıydı. Mənə dedi ki, Şiraz, bala, dərslərini yaxşı oxuyursan, savadlı uşaqsan. Gəl sənədlərini düzüb qoşaq, get Naxçıvanskiyə. Orada da yaxşı oxuyarsan, gedərsən Hərbi Akademiyaya, kəsilsən də, get Gizirlər məktəbinə. Qoy dövlət babanın kölgəsi həmişə üstündə olsun. Deyək ki, buradan məzun oldun, əsgərliyə də getdin-gəldin, bir yerə girəsən, girə bilməyəsən, gəl məni eşit, get hərbçi ol. Mən də onu eşidib hərbçi oldum. Sonrası da hospitalda bənd aldıq. Yəqin, buradan da tərxis eliyərlər, çıxıb gedərəm işimə-gücümə…

Ardı burada: Zaur Bayramoğlu – Snayper

QEYD:

Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.

Müəllif: Zaur BAYRAMOĞLU

ZAUR BAYRAMOĞLUNUN YAZLARI

Zaur Bayramoğlunun rəsmi səhifəsi

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Bayramoğlu – Snayper

SNAYPER

“Vətən uğrunda” medalı ilə təltif olunmuş Xüsusi təyinatlı snayper Hüseynov Cavid Hümbət oğlunun əziz xatirəsinə ithaf edirəm.
Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün…
Hüseyn Nihal Atsız

Taksafon

I

Humay yatağında üzüqoylu çevrilib yastığını sinəsinin altına çəkdi.
– Niyə yatmırsan, Humu?
– Nə bilim, ay Səidə, düşünürəm, – deyə mızıldandı.
Səidə çarpayısında ona tərəf dönərək:
– Dedim axı, sənə, bundan sonra heç nə düşünmə. Mülki həyata, işinə-gücünə alışmağa çalış.
Humay sanki onu dinləmirdi. Çənəsi ovuclarının arasında, gözləri yumulu uzanmışdı. Dodaqları tərpəndi:
– Elçin gözlərimin önündən getmir.
Səidə bir anlıq susub dayandı, sonra yatağında üzüaşağı çevrilib:
– Humu, səni anlayıram, bax, mənimki də şəhid oldu. Amma neyləmək olar, ölənlə ölünmür. Elçin yaraşıqlı oğlanıydı, ağıllıydı, savadlıydı, amma artıq aramızda deyil. Vətən yolunda, bizim üçün canını fəda etdi. İndi də layiq olduğu yerdə, cənnətdədir. Biz gərək həyatımızı onlara layiq yaşayaq.
– Səidə, mən bu iki ildə elə şeylər gördüm ki….
Səidə onun savaşı xatırlamasını istəmirdi.
– Gəlsənə, sabah tələbə dostlarımızı yığım bir yerə. Görüşüb söhbət edər, dərdləşərik. İçlərindən müdafiə edənlər var, dövlət qulluqçuları var, evlənib uşaq sahibi olanlar var. Hərə bir iş-güc sahibi olub… Hə, Humu, nə deyirsən? Tezdən yazım hamısına, iş çıxışında görüşüb söhbət edər, hal-əhval tutarıq.
Humay yatağında çevrildi. Bu dəfə gözlərini açmış, gecə işığının alatoranında ağappaq tavanı görməyə çalışırdı. Çilçırağın sönük ulduzlar kimi işıldayan büllur yarpaqlarını, onların kölgəsində gizlənmiş uzunsov lampalarını saydı, handan-hana:
– Yox, Səidə, sabah bilet alıb getmək istəyirəm, – deyə dalğın-dalğın cavab verdi.
– Uşaqlar da səninçün darıxıblar, sabah qal, biri gün yola salaram, gedərsən.
Humayın dodaqlarında istehzalı bir təbəssüm dolaşdı, qaşqabağını tökdü:
– Yox, Səidə, siz görüşün, anamgilçün burnumun ucu göynəyir. Bu gün-sabah evdən çıxalı üç il olacaq. Həm bir müddətlik Bakıdan uzaqlaşmaq istəyirəm.
İkisi də susdu. Səidə yastığını başının altında çəkişdirib düzəldərək:
– Di gecən xeyrə qalsın, sabah danışarıq, – deyib gözlərini yumdu.
Erkəndən qalxıb aviakassaya getdilər. Növbəyə durub axşam reysi üçün bilet aldıqdan sonra Mərkəzi Poçta yollandılar. Humay danışıq kabinəsinə gedib taksafonun dəstəyini qaldırdı, divardakı siyahıdan Naxçıvan poçtunun nömrəsini tapıb yığdı. ATS-dəki qıza evlərinin telefon nömrəsini dedi, xətti qoşmasını xahiş edib gözləməyə başladı. Naxçıvan poçtundakı qız Əbrəqunus, digəri Qazançı poçtunu birləşdirdi. Nəhayət, evlərindəki telefon zəng çaldı. Hər çağırış səsi ilə ürəyinin həmahəng döyüntüsünü hiss edir, həyəcanından yerində dura bilmirdi. Taksafonun iri qara dəstəyini gah bir, gah da digər qulağına söykəyir, anasının səsini həsrətlə gözləyirdi. “Bunun dəstəyi da əcəb ağırdır, lap qolum yoruldu”, – deyə fikrindən keçirərək əlini dəyişərkən qulaqlıqdakı xışıltının içindən səs eşitdi:
– Alo, ay bala, kimsən? Danış da.
Görünür, xəttin qarşı tərəfindəki adam bayaqdan dəstəyi qaldırmış, hətta bir neçə dəfə “alo” demişdi də. Xəstəxanadan çıxdıqdan sonra evə zəng vurmadığı üçün özünü qınadı, həyəcanla:
– Alo, nənə, mənəm, Humay. Necəsən? Anam necədi? – deyə birnəfəsə soruşub ikinci jetonu taksofonun baş tərəfindəki yarığa qoydu, dərhal da üçüncü jetonu barmaqlarının arasında düzəldib hazırladı.
Xışıltının içindən gələn səs sevincək:
– Bıy, sənə nənən qurban, ay bala. Necəsən, hardan zəng vurursan? Neçə aydı səndən nigaran qalmışıq. Ağlamaqdan yazıq anan da bihal olub. – deyə birnəfəsə soruşdu.
– Bakıdayam, ay nənə, poçtdan zəng vururam. Yaxında gələcəyəm.
– İnşallah, bala, inşallah. Pulun-zadın varmı? Yoxdusa, göndərək.
– Var, ay nənə, narahat olmayın.
Dəstəyin o biri tərəfindən gələn hıçqırıqları eşitdi. Nənəsi dəstəyi anasına versə də, çəkilib getməmişdi. Gah savaşa bais olub qurulu düzənlərini pozanlara qarğıyır, gah nəvəsinin səsini eşidib tezliklə gələcəyinə görə sevinir, Tanrıya əl açıb şükür edir, “Sarı daş”a nəzir deyirdi.
Gülsarə qayınanasından dəstəyi alarkən bir müddət danışa bilmədi. qəhərin yandırıb-yaxdığı qırtlağında səs telləri tərpənmirdi, sanki iflic olmuşdu. Gözlərini hər yumub açdıqca bəndini yıxan dupduru sellər yanaqlarında iz qoyaraq axır, çənəsini isladırdı…
Ana ilə bala bir-birindən yüzlərcə kilometr aralıda olsalar da, bir-birilərini anlayır, qəlblərindən keçənləri hiss edirdilər.
Gülsarə aylar boyu Humayın taleyindən xəbər tuta bilməyəndə artıq onun başına nəsə bir iş gəldiyini sövq-təbii hiss edirdi. Qonum-qonşudakı qadınların onu gördükdə gözlərini qaçırmalarını hiss etsə də, büruzə vermir, xəlvəti pıçıldaşmalarına səbəb olan şayiələr ona qədər gəlib çatırdı. Artıq bir aydan artıq idi ki, yeganə övladının itkin düşməsi barədə xəbərlər yayılmışdı. Arabir rayon hərbi komissarlığına gedərək şayiələrin dəqiq olub-olmadığını öyrənmək istəyirdi. Ancaq içindən bir səs ona icazə vermirdi. Bəlkə də, alacağı qara xəbərə hazır olmadığından rayon mərkəzinə getməyə qorxur, getdikcə öləziyən bir ümidlə qulağı səsdə, gözü yolda gözləyirdi… Eynən illər öncə Gilənin Ələsgərin yolunu gözlədiyi kimi… Gün ağarandan qaranlıq düşənə kimi ən azı on dəfə evlərinin böyründəki təpəyə qalxır, əlini gözlərinə sipər edərək yollara baxırdı. Ələsgəri bir gün gözləmişdilər, amma indi Humayı aylardır ki, gözləyirdilər. Gilə ayrı, Gülsarə ayrı gözləyir, “nəs danışmağın düşər-düşməzi olar”, – deyə ikisi də qorxularını, həyəcanlarını bir-birindən gizlədir, üzlərinə-gözlərinə verməyə çalışdıqları təbəssümlə bir-birilərini aldatmağa, şayiələrdən bixəbər olduqlarını göstərməyə çalışırdılar…
İndi budur, Humay özü zəng eləmişdi. Sürətlə axıb gedən zamanı tutub saxlamaq istəyir, hər ana neçə kəlmə sığışdırmaq istəyirmişcəsinə tez-tez danışırdılar:
– Bala, bə neçə vaxtdı niyə bir zəng eləmirdin, heç olmasa, məktubdan-zaddan yazıb bizə bir xəbər vermirdin? Bilirsən ki, tək təknənin tək əppəyisən. Dalınca iki cüt gözü yaşlı qoyub getmisən. Heç olmasa, arada bir xəbər eləyərdin ki, ürəyimiz toxtaq olsun.
Humay anasının giley-güzarına haqq verib susur, çənəsi arabir açılıb-bağlansa da, ağzından tək kəlmə çıxmırdı. Sonuncu jetonu taksofona atanda burnunu çəkdi, əlinin arxası ilə gözlərini silib:
– Ana, ordudan tərxis olunmuşam. Gələrəm, oturub doyunca dərdləşərik, – dedi.
Gülsarə telefonun digər ucundan şadyanalıqla:
– Bıy, ay bala, çox şükür, səni şad xəbər olasan, – deyə sevincini gizlətmədi. – Bəs nə vaxt gəlirsən?
Humayın əli qeyri-ixtiyari çantasına getdi, üstünə toxunub biletinin yerində olub-olmadığını yoxlamaq istəyirdi. Əlləri ilə ehmalca oxşadığı çantasına göz atıb bir istədi ki, uçuş saatını desin, tezcə də fikrini dəyişib:
– Darıxma, anacan, ən qısa müddətdə gələrəm, – dedi.
Sağollaşıb dəstəyi asdıqdan sonra çantasından kənarları haşiyəli yaylığını çıxarıb gözlərini sildi. Danışıq kabinəsindən çıxıb Səidəni görmək üçün ətrafına boylandı. Addım səsləri eşidib arxaya dönəndə Səidə ilə göz-gözə gəldi. Səidə gülümsünərək: – “Sən danışana qədər, dedim qaçım, xalama bir-iki hədiyyə alım”, – deyib əlindəki paketləri göstərdi.
– Hədiyyəyə nə ehtiyac varıydı, bəsdi də bu qədər xəcalət verdin.
– Sən xalamla mənim arama girmə, oldumu? Bakıya qayıdanda o da mənimçün nə qoysa, gətirərsən.
– Xeyir ola, poçtalyonam sizinçün? – Humay zarafatla deyib Səidəyə sarıldı. – Sənin kimi rəfiqə hər şəhərdə bir adamın payına düşər, Bakıda da mənim payıma düşüb.
– Yaxşı, yaxşı, tələs, gecikərik.
Birlikdə poçtdan çıxıb Səidənin avtomobilinə əyləşdilər. Evə gedib Humayın əşyalarını götürərək aeroporta yollandılar. Suraxanı dairəsini keçdikdən sonra Humay qəmgin gözlərlə günəşin altında qara ayna kimi parıldayan mazut gölməçələrini süzdü. Ətrafa yayılan boğucu iyin qarşısını almaq üçün şüşəni qaldırdı.
Səidə yolboyu uzanıb gedən gölməçələrə göz atıb:
– Üzünü turşutma, ay Humu, bu da bizim şəhərimizin vizit kartıdır, – dedi.

II

Humay “AN-25” yük təyyarəsinin pəncərəsinin kənarındakı narıncı oturacaqda əyləşərək çiyninin üstündən boylanıb aşağı baxır, Batabatdan başlayaraq ta aeroportun üstünədək bir-birini əvəz edən boz dağları, yamyaşıl kəndləri, təpələrin arası ilə burula-burula gedən asfalt və torpaq yolları seyr edirdi. Təyyarə şəhərin üstünə çataraq şaqqıltı ilə təkərlərini açdı, dönmək üçün sol qanadının üstünə əyiləndə Humay aşağını yaxşı görə bilmək üçün başını pəncərənin şüşəsinə yaxınlaşdırdı. o, gözlərini qırpmadan şəhərin çoxmərtəbəli evlərini, dümdüz küçələrdə şütüyən avtomobilləri, parklarda, bağçalarda gəzən adamları seyr edirdi.
Ürəyi atlandı. “Şükür qovuşdurana, artıq evimdə, doğma Naxçıvanımdayam”, – deyə ürəyindən keçirib alnını pəncərədən çəkdi. Ortalığa yığılmış yüklərin arasından çantasını tapıb götürdü, dizlərinin üstünə qoyaraq enəcəyi anı gözləməyə başladı. Budur, artıq təyyarə də yerə enmiş, meydanda fırlanaraq nəzərdə tutulmuş dayanacağa yan almağa çalışırdı.
Humay mühərriklərin gurultusundan və aşağı təzyiqdən batan qulaqlarını açmaq üçün bir neçə dəfə udqundu. Keyiyən çənəsini açıb-bağlayaraq barmaqları ilə ovuşdurdu. Təyyarədən enib hava limanının çıxışına gəldi. Taksilərdən birinə yaxınlaşıb sürücüdən onu Milax kəndinə aparmasını xahiş etdi. Qiymətdə razılaşıb yola düşdülər. Ərəzin yoxuşunu qalxarkən batmaqda olan günəşin şüaları arxadan avtomobilin salonuna dolur, Humayın boynunu, çiyinlərini isidib ilıq su kimi bədəninə yayılırdı…
Kəndlərinə gəlib çatanda qaranlıq yenicə düşsə də, hələ əl-ayaq çəkilməmişdi. Sürücüyə yolu göstərib maşını qapılarına sürdürdü. Mənzil başına çatdıqda taksini əylədib pulunu verərək endi, yük yerindən çantasını götürüb həyət qapısını açdı.
Gülsarə tövlədəki beş-altı keçidən sağdığı südü götürərək evə getmək istəyrdi ki, darvazanın yanında dayanan avtomobilin səsinə ürəyi atlandı. Tez əlindəki süd dolu vedrəni dirəkdən asıb qapıya yönəldi. Qəlbində bütün hisslər bir-birinə qarışmışdı: sevinc, nigarançılıq, qürur və həsrət. Görəsən, gələn kim idi? Gözünün ağı-qarası, tək balası Humay idimi? Yoxsa qonşuları Xeybər kişinin tez-tez gəlib-gedən qonaqlarından biri idimi? Humay sürücüyə təşəkkür edəndə səsini eşidib tanıdı. beş-altı metrlik yolu bircə anda quş kimi şığıyıb keçərək əlini darvazanın toxmağına atdı. Humay çöldən qapını çəkdiyi üçün əli boşa gedən Gülsarə bir anda onunla qarşı-qarşıya qaldı; İlahi, bu ucaboylu, incə, zərif qız, bu dünyalar gözəli onun qızı, Humayı idimi? Ah, görməyəndən bəri nə qədər də böyüyüb, necə də dəyişilib, gözəlləşmişdi… Bircə addım önə atıb qızını, doğma balasını qucaqlayıb bağrına basmaq, doya-doya öpüb qoxlamaq istəyirdi. Amma sanki illər öncə evin kandarında Ələsgərlə qarşılaşanda olduğu kimi, indi də bir gözəgörünməz qüvvə onu yerə mıxlamışdı, tərpənməyə qoymurdu. Bu Humay da necə insafsızmış. “Heç olmasa, o, yaxın gəlib sarılaydı”, – deyə ürəyindən keçirdi. Ana ilə bala hərəsi açıq darvazanın bir tərəfində dayanıb bir-birilərinə baxır, gözlərindən daşan sellər yanaqlarından süzülüb çənələrindən damlayırdı. İkisinin də qəlbi sona yetən həsrətin sevincindən döş qəfəsində dura bilmir, qabırğalarını çəkic kimi döyəcləyir, sındırıb çıxmağa yer axtarırdı. Gülsarənin öncə sevdiyinin, sonra balasını itirməyin həsrətindən yanıb-qovrulmuş, zəif düşmüş qəlbi dözə bilmədi. O özündən gedib balasının qollarına yıxılarkən güclə adını çağıra bildi:
– Humu…
Humayın illərdir həsrət qaldığı bu tək kəlmə, adının atası tərəfindən edilmiş qısaltması qulaqlarında səslənəndə özünə gəldi. Ani həmlə ilə çantasını kənara atıb həyat lentinin yavaşladılmış axarında qolları boşalan, dizləri qatlanan anasını qucaqlayıb tutdu. Üzündən-gözündən öpərək:
– Ana, anacan, bax gəldim, artıq sizinləyəm, bax yanınızdayam! – dedi.
Gilə səs-küyə aynabəndin qapısından çıxdı. Humayı görəndə: – Allah, sənə çox şükür, Allah, sənə çox şükür, nəzir-niyazım qəbul oldu, nəvəm gəldi, Allah, sənə çox şükür! – deyərək nəvəsinə yetişmək, öpüb-qoxlamaq üçün tələsdi. Sevincindən əli-ayağı bir-birinə dolaşdığından on-on beş metrlik yol bitib-tükənmir, gəlib yanlarına çata bilmirdi ki, bilmirdi. Humay nənəsinə səslənib:
– Nənə, su gətir, anamın ürəyi getdi,- deyə kömək istədi.
Gilə yolüstü qarşısına çıxan dolçanı içində su varmı, yoxmu, baxmadan götürüb onlara tərəf gəldi. Lakin o, yanlarına çatmadan Gülsarə ayılıb özünə gəlmişdi. Ayaq üstə dayanmağa taqəti olmadığından, Humaya:
– Bala, qoy bir hovur oturum, – deyə yaxınlıqdakı kötüyün üstündə əyləşdi.
Nənəsi ilə qucaqlaşıb-öpüşən Humay anasının qolundan tutub:
– Gəl, anacan, gəl gedək evimizə, sizdən yana elə darıxmışam ki, lap burnumun ucu göynəyir, – deyərək açıq qalmış darvazanı çəkib örtdü.
Gilə:
– Bala, şükür ki, sağ-salamat gəldin, aylardır burada sənsiz nə gün çıxır, nə ay batır. Qaranlıqda tək qalmış uşaq kimi nəfəs almaqdan qorxa-qorxa yolunu gözləmişik. Son beş-altı aydır nə bir xəbər almışıq, nə bir kağız. Adamın ağlına hər cür şey gəlirdi. Genə şükür, sağ-salamat gəldin, – deyə üzünü ağacların üstündən boylanıb ətrafı gümüşü işığa qərq edən dolunaya tərəf çevirdi. Salavat gətirib nəvəsinin çantasından tutdu, – gəlin, gəlin gedək evə.
Aynabəndə çatanda Gülsarə qapını açıb Humaya:
– Keç, qızım, keç, – deyib onu irəli ötürdü. Stolun üstündə yanan lampanın işığında saata baxıb, – indi harda olsa, işıqları yandıracaqlar, – dedi.
Nənə ilə nəvə keçib masanın ətrafında əyləşərkən Gülsarə pilətənin üstündə qaynayan çaydanı götürüb çay dəmlədi. Sevindiyindən nə edəcəyini bilmir, əli ayağına dolaşırdı. Humay onun qolundan tutub yaxına çəkdi, əlindən, saçlarından öpüb:
– Hələ gəl otur, danışaq, dərdləşək. Bir azdan özüm durub çay da dəmləyəcəm, yemək də hazırlayacam. Gəl otur, – deyib stula tərəf çəkdi.
– Ay bala, belə olmaz axı. Yoldan gəlmisən, acsan, susuzsan.
– Heç nə lazım deyil, bayaq Səidə ilə aeroportda restoranda əyləşib yemək də yemişik, çay da içmişik, – deyə stuldan qalxıb pəncərəyə tərəf gedən nənəsinə səsləndi: – Ay nənə, hara belə?
Gilə ona cavab vermədən pəncərədən götürdüyü meyvə tabağını gətirib masanın üstünə qoydu:
– Hamısı öz həyətimizdəndir. Bu gün səninlə danışandan sonra anan yığıb gətirib ki, nə vaxt gəlsən, yeyəsən.
– Kənddə nə var, nə yox, ay ana, salamatlıqdırmı? Qohum-əqrəbadan ölüb-itən yoxdur ki? Evlənən, ali məktəbə girən? – deyə soruşub sual dolu gözlərini anasına dikdi. Sanki kənddən uzaq qaldığı illər ərzində baş verən hər şeyi bir anda bilib öyrənmək istəyirdi.
– Qohum-əqrəbada şükür, salamatlıqdır. Cavanlardan evlənənlər var. Ölüm-itim də deyəndə ki, ay bala, ölüm yaşlılar üçündü, Allah cavanlara dəyməsin, – deyib boynunu bükdü, gözlərini endirdi.
– Cavanlara nə olub ki?
– Nə bilim, ay bala, sən özün də odun-alovun içindəydin, qara xəbəri yazmağa adamın əli gəlmir.
Humay qaşlarını çatıb anasına baxdı, narahatlıqla yerində qurcuxdu. Gülsarə isə davam edirdi:
– Keçən il Cəmaləddin şəhid oldu, bu ilsə Nəcməddin.
Ondan iki-üç yaş balaca olan bu oğlanların məktəbli vaxtları Humayın gözlərinin önünə gəldi. İkisi də ağıllı, mehriban uşaqlar idilər. Astaca: “Heyif onlardan, məkanları cənnət olsun”, – dedi. Göz bulaqlarında tumurcuqlanan yaşlar şişib-böyüdü, yanaqlarından enişə yuvarlandı.
Gilə:
– Ağlama, ay bala, ta neyləyək, müharibə harada say-seçmə oğullar varsa, hamısını seçib apardı…

III

Humay ertəsi gün erkəndən qalxıb ailəsi ilə birlikdə yaxınlıqdakı məzarlığa yollandı. Atası, bacısı və babasının yan-yana düzülmüş məzarlarını ziyarət edib dua oxudular. Bir-birilərinə sarılıb ağladılar. Onlar sadəcə Salahı, Ələsgəri, Dürdanəni ağlamırdılar. Həm də öz talelərinə, yarımçıq qalmış sevgilərinə, iki yaşlı qadının ikinəfərlik həyatının məhrumiyyətlərinə təkbaşına sinə gərmənin çətinliklərinə ağlayırdılar. Gilə atasına, nakam köçən oğluna və həyatının baharında ayaz vurmuş çiçək kimi solub gedən nəvəsinin dərdinə, həm də bir ocağın tək çırağı olan Humayın odun-alovun içindən sağ-salamat gəlməsinin sevincinə ağlayırdı. Gülsarə bir dekabr günü çovğunun həyatından alıb apardığı sevgisinə, həyat yoldaşına və onun yadigarına, Dürdanəsinə muğayat ola bilməməyinin peşmanlığı ilə özünü paralayır, göz yaşları ilə iki ildir ki, müharibə adlı cəhənnəmdən sağ-salamat dönən Humayının gəlişini məzar daşlarına müjdələyirdi. Dodaqlarından ard-arda: “Ələsgər, rahat yat, Humumuz sağ-salamat evinə döndü”, – kəlmələri süzüldü. Humay babasının, atasının və bacısının yoxluğuna nə qədər üzülüb ağlayırdısa, ən azı o qədər də uzaqlardakı məzarlarda, bəziləri isə vətən torpağında məzarsız yatan Elçinə və neçə-neçə qəhrəman döyüşçülərimizə, hər biri qala burcu kimi oğullarımıza, erməni barbarları tərəfindən vəhşicə qətl edilən analarımıza, bacılarımıza, körpələrimizə ağlayırdı. Elə burada – atasının, babasının və bacısının məzarı üstündə düşmən arxasındaykən gördüyü dəhşətli görüntülər gözlərinin önündə canlanır, üzünün dərisi soyulmuş, gözləri oyulmuş körpələrə verdiyi sözləri xatırlayır, gözlərindən sular, sellər boşalırdı. Gilə və Gülsarə onun hönkürə-hönkürə ağlamasından, sel kimi axan göz yaşlarından, rənginin getdikcə sozalmasından qorxub:
– Ay qız, daha bəsdir ağladın, qalx gedək evimizə. Nə edə bilərik, atanın, bacının taleyi də belə, alın yazıları bu qədər imiş, qalx, qalx gedək evimizə, – deyir, onu səhərin alaqaranlığında məzarlığa gətirmələrinin verdiyi peşmanlıqla yanıb-yaxılırdılar. Amma nə anası, nə də nənəsi Humayın gözlərindən axan yaşların adi göz yaşları olmadığını bilmirdilər. Humay iki il boyunca döyüş yoldaşlarından fərqlənməmək, hətta yeri gələndə onlara nümunə ola bilmək üçün hisslərini, duyğularını basdırmış, göz yaşlarını içinə axıtmışdı. İndi burada, atasının məzarı üstündə daha öz mərdliyi, mətanəti ilə kiməsə nümunə olmasına gərək yoxdu. Kimsə ona baxıb qorxmayacaq, kimsə ondan örnək alıb cəsarətlənməyəcək, kimsə onun varlığı ilə ağrılara-acılara sinə gərməyəcəkdi. Artıq iki ildir, özünü saldığı qəlibdən, qorxmazlıq, cəsarət simvolu olma rolundan sıyrılıb özünə, qadınlığına, zərifliyinə dönmüşdü və indi göz yaşlarının önündə qurduğu sədd yıxılmış, duyğularının önündəki bənd dağılmışdı.
Ürəkləri boşalıb gözlərinin yaşı quruduqdan sonra evə döndülər. Yolda Gilə onlardan ayrılaraq:
– “Sarı daş”a gedirəm, piltə yandıracam, – deyib getdi.
Humayla Gülsarə evə döndü. Onun gəlişindən xəbər tutan qonşular bir-birilərinə xəbər verir, ikibir-üçbir Gilənin evinin yolunu tuturdular. Günortaya yaxın evdə iynə atsan, yerə düşməzdi. Humayın gəlişindən xəbər tutan kənd Giləgilə axışırdı. Qonaqlar evə sığmadığından qadınlar ikigözlü möhrə evdə, ya da evin önündəki aynabənddə, kişilərsə həyətdə, yaxınlıqdakı məktəbdən gətirilən stullarda əyləşib söhbətləşir, cavanların süzüb önlərinə qoyduqları çaylarını içirdilər. Aralarında ailəyə yaxın olanlar Humayın müharibədəki qəhrəmanlıqları haqqında eşitdikləri hadisələrdən danışır, ətrafdakı uşaqlarsa eşitdikləri söhbətlərin birinin üstünə beşini qoyub şişirdərək bir-birilərinə anladırdılar.
– Humay erməninin generalını vurduqdan sonra mühafizəçilərini də öldürüb, generalın da başını kəsib gətirib atıb komandirinin ayaqlarının altına.
Digər bir uşaqsa: – Müharibənin dayandığı gün Tərtər tərəfdə döyüşdəymişlər. Tank əleyhinə idarə olunan raketin heyəti gənc əsgərlərdən olduğuna görə əməlli ata bilmirmişlər. Humay nişançını kənara çəkib özü üç düşmən tankını vurub. İndi ona görə məzuniyyətə buraxıblar.
Bir başqası isə Humayın Ömər aşırımında donmaqdan xilas etdiyi əsgərlərimizdən, onun “Loğman ana” adlandırıldığından danışır, qürurlanırdılar.
Günorta avtobusu ilə ətraf kəndlərin sakinləri də Humayın ziyarətinə gəlməyə başladılar. Qonşuluqdakı yeddi para kəndin camaatı bir-birinə qaynayıb-qarışdığından xeyirdə-şərdə mütləq iştirak edir, bir-birilərinin sevincləri ilə şadlanıb, dərdlərinə üzülürdülər. İndi də o ətraf kəndlərin sakinləri Giləyə, Gülsarəyə gözaydınlığı vermək, Humayı cəbhədəki xidmətlərindən ötrü təbrik etmək üçün axın-axın gəlirdilər. İlk iki gündən sonra gələnlərin sayı azalmağa başladı, üç-dörd gün sonra qohum-əqrəba xaric, gəlib-gedənlərin ayaqları kəsildi. Hər kəs ən azı bir dəfə ziyarət etmiş, ürəyində nə qədər xoş söz, xoş dilək vardısa, deyib getmişdi…
Ailəsi ilə baş-başa qaldıqdan sonra Humay öncə kəndlərindəki Şəhidlər xiyabanını, sonra da şəhidlərin ailələrini ziyarət etdi. Evlərinə gələndə anasından cəbhəyə getmədən Səidənin vasitəsilə göndərdiyi kitabları gətirməsini xahiş etdi.
– Humu, anan qurban, hələ bir-iki gün dincəl, bir az özünə gəl, sonra istədiyin qədər oxuyarsan.
– Yox, ana, iki ildir ki, institutdan ayrıyam, gərək keçdiyimiz mövzulardan bacardıqca təkrar edim ki, növbəti kursda çətinlik çəkməyim.
Anası üzdə etiraz etsə də, qəlbində Humayın oxumaq, öyrənmək eşqinin sönmədiyinə sevinirdi. Qızını qucaqlayıb bağrına basdı, yanaqlarından öpüb: “Həkim balam”, – deyə pıçıldadı, azca geri çəkildi. Onu diqqətlə süzməyə başladı. Eynən körpəliyində, Gilə ona atası evinə dönməsini təklif edəndə olduğu kimi, Humay onun sinəsinə düşmüş hörüyü ilə oynayır, o isə qızının üzündə Ələsgərini axtarırdı. “İlahi, kirpikləri, gözləri, ağzı, burnu, dodaqları eynən Ələsgərdi, – deyə ürəyindən keçirdi, – elə ağlı, zehni, oxumaq, öyrənmək həvəsi də eynən atasıdır”.
Humay anasının sevgiylə parlayan gözlərinə, təbəssüm dolu dodaqlarına, məsum duruşuna baxıb:
– Nə olub, anacan, niyə elə baxırsan? – deyə soruşdu.
– Heç, quzum, səni verənə, sağ-salamat bizə qovuşdurana şükür! – deyə cavabladı.
Günortadan sonra Humay kitablarının içindən bir neçəsini seçib götürdü, dəftər-qələmini də yanına alıb kəndin kənarındakı bağlarına yollandı…
Artıq o, hər gün səhər erkəndən qalxır, günortaya qədər ev işlərində anasına yardım edir, günortadan sonra kitab-dəftərini çantasına qoyub bağa yollanırdı. Burada günəş batıb qaranlıq düşənədək dayanıb-dincəlmədən oxuyurdu. Bəzən oxuduqlarından qeydlər götürür, beləcə, dörd il boyunca tibb institutunda öyrəndiklərini təkrar etməyə çalışırdı.
Meyvə ağaclarının altında, yumşaq yaşıl otların üstündə oturub dərs oxumaq onun əhvali-ruhiyyəsinə yaxşı təsir göstərir, yaxınlıqdan axan Əlincə çayının qıjıltısı əsəblərini sakitləşdirirdi.
Bəzən gözləri kitabın sətirlərinə baxsa da, fikri uzaqlara gedir, xəyalı aylar, illər öncəsinə qayıdırdı. Yeniyetməlik, ilk gənclik dövrləri yadına düşür, qızlarla çeşmədə, çay kənarında oynayıb əyləndiyi günləri xatırlayırdı. Sinif yoldaşları onlara hər 8 Martda nərgizdən, bənövşədən düzəltdikləri çiçək dəstələrini gətirir, bəzən yanlayıb aşağı siniflərdən aşiq olduqları qızlarla aralarını düzəltmələrini xahiş edirdilər. Bəzən universitetdə oxuduğu günləri xatırlayır, ogünkü əhvali-ruhiyyəsinə görə hərdən bir hadisə yadına düşürdü… Ən çox Elçinlə bağlı xatirələr gözlərində canlanırdı. Belə olduqda saatlarca bardaş qurub oturduğu yerdəcə üzünü ovuclarının arasına alıb sakitcə qalır, yerindən tərpənmirdi. Ona çay gətirən anasının, ya da yoldan keçərkən salam verən birinin səsindən, ya da mələyən, böyürən heyvanların birinin mələrtisinə, böyürtüsünə səksənib özünə gələnədək eləcə heykəl kimi qalırdı.
Anası onu bu halda görəndə ürəyi sıxıldı, başını qucaqlayıb bağrına basaraq:
– Nə olub mənim gözəl qızıma, yenə nə düşünürsən ki, bikefləmisən? – deyə soruşdu.
– Heç, ana, heç nə düşünmürəm.
Gülsarə qızının inadkar xarakterinə bələd olduğundan daha bir söz demədən ovcunun içi ilə onun yanaqlarını qurulayıb:
– Bax, sənə çay gətirmişəm, süzüm, iç, – deyib stəkanı termosdakı buğlanan çayla doldurub Humayın qarşısına qoydu.
Humay qənddandan bir konfet götürdü, yarısını dişləyib, çayından bir qurtum aldı. Ağzı yandı, üzünü büzüşdürüb qaynar çayı udmağa çalışdı.
Anası:
– Can, can, ay bala, gözlə soyusun da, – deyə narahat oldu.
– Nə bilim, ay ana, çayın qaynar ola biləcəyini düşünmədim.
– Diqqətli ol, başına dönüm… Nə vaxt bura gəlirəm ki, fikirlisən. Heç bilmirəm bağa dərs oxumağa gəlirsən, yoxsa keçmişdə baş verənləri düşünüb dərdlənməyə…
Humay əlindəki stəkanı nəlbəkiyə qoydu, dizlərini qarnına çəkib ayaqlarını qucaqlayaraq çənəsini dizlərinə söykədi. Gözlərini çayın o tərəfində yüksələn sərt yamaclı qumsal dağlara zilləyərək:
– Heç mən özüm də bilmirəm, ay ana… Kitabı önümə qoyuram ki, dərs oxuyum, bir neçə səhifədən sonra yazılar itir, yaşadıqlarım başlayır gözlərimin önündən axmağa. Hansı səhifəni çevirirəmsə, eyni şeyi görürəm, – savaş, qan, göz yaşı…
Gülsarə qızının saçlarını öpüb qoxlayaraq:
– Hər şey arxada qaldı, qızım, savaş da, qan da, göz yaşı da. Bax, artıq evimizdəsən, çox şükür, sevinc var, xoşbəxtlik var. İndi dünyada məndən, Gilə nənəndən bəxtəvər heç kim ola bilməz.
Humay başını əyib anasına söykəyərək qolunu boynuna salıb onu qucaqladı:
– Elə deyil, anacan, mənim düşüncələrim nə özümüzlə, nə evimizlə bağlı deyil.
Gülsarə onu yaxşı anlasa da, sakitləşdirmək, təsəlli etmək istədi:
– Bilirəm, ağıllı qızım, anan sənin nə çəkdiyini, qəlbindən nələr keçdiyini anlayır, başa düşür. Deməyim odur ki, özünü öldürməklə deyil, ölənlə ölmək olmur, gözəl qızım. Neyləmək olar, dayının bir yaxşı sözü var: “Dərd insan üçündür…” Həm də yaşadığımız hər şeydə alın yazımızın, taleyimizin bir payı var.
– Məsələ sadəcə Elçin deyil, mən müharibənin yarımçıq qalması ilə barışa bilmirəm… Bu savaşda təbliğat-təşviqat işləri düzgün təşkil olunmadığından insanlar nə ordumuz, nə də cəbhədəki vəziyyət barədə yetərincə məlumatlandırılmadılar, nəticədə də millət-ordu birliyi alınmadı və biz uduzduq… Yəni bu günün işini sabaha saxladıq… Bizim hələ alınacaq qisasımız, azad olunacaq torpaqlarımız var, ana…
Gülsarə qızının saçlarını oxşayıb:
– Anan qurban, sən hələ cavansan, qanın qaynayır. Bir də özünü mənim kimi gözü yolda, qulağı səsdə qalan anaların, evinə bayrağa bükülü tabut gələn valideynlərin yerinə qoy. Müharibə bitsin deyə hamının əli duadaydı.
Humay başını anasının çiynindən qaldırıb üzünə baxdı. Baxışlarıyla yaylığın altından çıxmış saçlarını oxşayıb boynunu qucaqladı. Onun üzündəki təbəssümü görcək, Gülsarənin eyni açıldı:
– Anan qurban, qalx gedək evimizə, bu gün oxuduğun daha bəsdir.
Humay gözlərini qıyıb qüruba enməkdə olan günəşə baxdı. Anasına dönərək sakitcə:
– Anacan, sən get evə, mən bir-iki səhifə daha oxuyub gələcəyəm, – dedi.
Gülsarə qızının saçlarını oxşadı. Ayağa qalxarkən ovcunda topladığı uzun ipək saçlarından öpüb qoxusunu ciyərlərinə çəkdi:
– Axşama nə bişirim?
– Nə bilim, ay ana, mənimçün fərqi yoxdur, ürəyiniz nə istəyir, bişirin.
Gülsarə getdikdən sonra Humay bütün diqqətini kitaba cəmləyib oxumağa başladı. Səhifələri diqqətlə oxuyur, bəzi yerlərdə sətirlərin altından xətt çəkib işarələyir, bəzi abzasları dəftərinə köçürürdü. Toran düşüb hərfləri seçə bilməyəndə ayağa qalxdı, dəftər-kitabı toplayıb çantasına yığdı, evin yolunu tutdu.
Bir neçə gün sonra yenə Humay bağda dərslərinə çalışır, kitablarını oxuyurdu. Axşam tərəfi idi. Xəfifdən əsən meh ağacların yarpaqlarını bir-birinə sürtüb xışıldadır, qurdlanıb xarab olmuş almalar, armudlar saplaqlarından üzülüb yerə düşürdülər.
Humay başını qaldırıb yarpaqların arasından ala-tala görünən səmaya baxdı. Hər tərəfdən gələn buludlar bir nöqtədə sıxlaşıb burulğan yaradır, ağ buludlar qara rəngin müxtəlif tonlarına bürünürdülər. Qız: “Deyəsən, yağacaq”, – deyə düşünüb, gözlərini səmadan çəkdi. Kitablarını toplayıb çantasına yığdı. Səidəyə məktub yazmaq üçün dəftəri götürüb ortasından bir vərəq çıxardı. Çantasının üstünə qoyub: “Nə yazım?” – deyə düşündü. Bir tərəfdən də yaxınlıqdan axan çayın qıjıltısına fikir verir, məktubla çayın melodiyasını eyni notlarda birləşdirməyə çalışırdı.
“Əziz Səidəm, salam. Necəsən? Səni Milax kəndindən, Əlincə çayının daşlara vurub ətrafa yayılan qıjıltısı altında sevgiylə salamlayır, hər gününün bir öncəkindən gözəl keçməsini diləyirəm. Bizim buralarda havalar xoş, temperatur əladır. Ümid edirəm ki, Bakıda, Abşeronda da eynən bizimki kimidir. Mən kəndə gələndən sonra üç-dörd gün qohum-əqrəbayla, qonaqlarla maraqlandım. Sonrakı günlərdə iki il öncə kəndə göndərdiyim kitabları götürüb oxumağa başladım ki, həkimliyə aid unutduğum məlumatların, heç olmasa, bir qismini yenidən xatırlayım. Keçən həftə şəhərə getmişdim. Əcəmi seyrəngahını, Xan sarayını gəzdim, Möminə xatun türbəsini ziyarət etdim. Sonra kitabxanaya getdim və travmatologiyaya aid tapa bildiyim kitabları aldım. İndi alma ağaclarının altında əyləşib həmin kitabları oxuyuram. Əgər alınarsa, gələn həftənin sonuna doğru gəlməyi planlaşdırıram. Səndən xahiş edirəm ki, mənimçün hospitalın yaxınlığında kirayə evlərlə maraqlanasan. Həm instituta bərpa olunub təhsilimi davam etdirmək, həm də hospitala işə düzəlib tibb bacısı kimi işləmək istəyirəm.
Yaz görüm, sən necəsən, işlərin necə gedir? Ümid edirəm ki, səninçün hər şey yaxşıdır. Anana məndən çoxlu salam-dua de.
Hörmətlə, Humay.
Milax, 26 iyul 1994-cü il.”
Humay məktubunu bitirib qatladı, dəftərin içinə qoyaraq dodaqaltı:
– Evə gedəndə zərfə qoyub poçtdan yola salaram, getsin. Və qaşlarını çatıb: – Bəlkə, elə mən özüm məktubdan qabaq çatdım, – deyə düşündü. Dodağı qaçdı.
O, ayağa qalxıb üst-başını düzəltdi, üz-gözünə, sinəsinə tökülmüş saçlarını toplayıb kürəyinə atdı. Çantasını çiyninə asıb bağın çəpərinin qapsağına yönəldi. Artıq yağış çisələməyə başlamışdı. Yola çıxıb iti addımlarla evlərinə doğru irəliləyərkən yağış damcıları saçlarına, çiyinlərinə düşüb isladır, alnına, yanaqlarına toxunub bədəninə sərinlik yayırdı. Otlaqdan qayıdan quzu sürülərinin yanından keçdi. Azyaşlı çobanlarla salamlaşıb mələşən quzuları, çəpişləri baxışları ilə oxşadı. “Kaş mən də bu uşaqlar kimi dərdsiz-qayğısız olardım”, – deyə ürəyindən keçirib ah çəkdi.
Evlərinə yaxınlaşarkən anası ilə rastlaşdı. O, Humayın kapüşonlu köynəyini də götürüb ardınca gəlirdi:
– Bunu sənə gətirirdim ki, islanmayasan.
– Ehtiyac yoxdu, ay ana, kəsək deyiləm ki, islanmaqdan qorxam.
– Al, at çiyninə, – deyib köynəyi Humaya uzatdı.
Humay köynəyi almadı, əksinə, dayanıb başını yuxarı qaldıraraq gözlərini yumdu. Yağış damcıları üzünə, göz qapaqlarına düşür, çənəsindən süzülüb boynunu, boğazını isladırdı. Gülsarə havada qalmış əlini geri çəkib qızına baxdı. Onun dodaqları kədər qarışıq təbəssümlə büzülmüşdü. Və bu təbəssümdə nələrin, hansı hisslərin gizləndiyini Gülsarə heç vaxt bilməyəcəkdi…
Anasının məktubu kənd poçtundan yola salmasından beş gün keçirdi. Humay artıq kitabxanadan gətirdiyi bütün kitabları oxuyub-bitirmiş, dəftərinə lazımi qeydləri etmişdi. Erkəndən qalxıb geyindi, kitabları çantasına yığaraq:
– Mən bu gün gedim kitabxanaya, kitabları qaytarım, Bakıya bilet alıb gəlim.
Gülsarə nə edəcəyini bilmədən çarəsiz-çarəsiz etiraz etdi:
– Ay bala, biz heç sənə doymadıq axı…
Gilə də gileyləndi:
– Üç ildir, uzaqlardasan, gəldiyindən bəri də iki gün üzünü göstərdin, sonra gedib dadandın bağa ki, dərs oxuyuram. Biz heç səni doyunca öpüb-qoxlaya bilmədik, doyunca danışıb dərdləşə bilmədik. İndi də çıxıb getmək istəyirsən, ay rəhmətliyin qızı. Qal bir doyunca üzünü görək də.
Humay onları sonunadək dinləyib saatına baxdı, qaşlarını çataraq:
– Elə bu gün getmirəm ki, hələ bilet alacam. Daha neçə gün burada qalsam, söz verirəm, bütün vaxtımı sizə ayıracam, – deyə onları sakitləşdirməyə çalışdı.
Gülsarə bu qaş çatmağın mənasını anladığından qızının üstünə getmədi, qayınanasına işarə edib:
– Yaxşı, ay bala, ta sən özün bilərsən, – deyib sakitcə kənara çəkildi.
Humay səhər yeməyini yeyib qonşu otağa keçdi. Əynini dəyişib saçlarını daradı. Əşyalarını götürüb qapıxanaya gələndə Gilə oturduğu yerdən nəvəsini heyranlıqla süzüb:
– Maşallah, nəvəm ay parçasıdır, – deyərək onu sevələdi. Humay nənəsinin xoş sözlərinə təbəssümlə qarşılıq verərək yaxınlaşıb əyildi. Onun üzündən öpüb:
– Nənəmin ürəyi nə istəyir, alıb gətirim onunçün, – könlünü xoş etdi.
– Heç nə, bala, sağ get, salamat gəl. Axşam da şəhərdə qalma, qayıt evimizə, – deyib kövrəldi, dodaqları titrədi. Humay anası ilə sağollaşmaq üçün üzünü ona çevirdiyi üçün nə nənəsinin titrəyən dodaqlarını, nə də dolan gözlərini gördü. Ancaq Gülsarə qayınanasının haldan-hala düşdüyünü görən kimi, Humay bir şey hiss etməsin deyə onu tələsdirib otaqdan çıxartdı:
– Gəl, qızım, avtobusa gecikərsən. Gəl gedək, səni yola salım.
Gilənin qəhərlənməsi Gülsarəyə də təsir etmişdi. Çünki o, qayınanasının niyə doluxsunduğunu bilirdi. Tam iyirmi üç il yarım öncə, qarlı-çovğunlu bir dekabr günü Ələsgəri də beləcə yola salmışdılar. Və o bir daha geri dönməmişdi…. Amma indi Humay dönəcəkdi. O bunu adı kimi əzbər bilirdi. Gözünün ağı-qarası, bircə balası odun-alovun içindən sağ-salamat dönmüşdüsə, demək, artıq ona zaval yoxdu. Hara getsə, nə çətinliyə düşsə də, qayıdıb yanlarına gələcəkdi. Gülsarə buna bütün varlığı ilə əmindi…
Humay anası ilə birlikdə darvaza qapısından çıxıb poçt yoluna doğru yönəldi. Çantasını anası daşıyırdı. Qeyri-ixtiyari dönüb çiyninin üstündən arxaya boylandı. Nənəsi darvazanın ağzındakı iri sal daşın üstündə oturub onlara baxırdı. Sanki beli əyilmiş, üz-gözü qırışmış, saçları ağarmışdı. “Arvada nə oldu belə?” – deyə ürəyindən keçirib onun könlünü almaq üçün gülümsədi. Üzünü anasına çevirib:
– Nənəmlə necə yola gedirsiniz? İncitmir ki, səni?
– Necə olacaq, ay bala. Hərəmiz öz dərdimizi dalımıza şəlləyib yaşayırıq da. O məni incitmir, mən də onun hörmətini saxlamağa çalışıram. Elə əvvəldən necə görmüsənsə, indi də eləyik.
– İnsan yaşlandıqca uşaqlaşır, nazlı olur, kövrək olur, tez küsür… İncitmək deyəndə o mənada dedim.
– Narahat olma, ay bala. Yazıq nənən də, mən də bu neçə ildə odlar ayaqlamışıq. Ən yaxın dostdan yaxın dost, ən yaxın rəfiqədən yaxın rəfiqə olmuşuq. Dərdimiz də birdir, sirrimiz də…
Onlar yolboyu qarşılarına çıxan həmkəndliləri ilə salamlaşa-salamlaşa gəlib poçt yoluna çıxdılar. Gülsarə havaya baxıb:
– Yəqin, avtobus harada olsa, bir azdan gələr, – dedi.
Avtobus yuxarı döngədən çıxanda Humay gözəyarı məsafəni, avtobusun hərəkət sürətini və bucağını ölçüb, qeyri-ixtiyari: “Sol yanağından nişan al, tətiyi çəkdikdən yarım saniyə sonra güllə alın sümüyündən keçib beynini dağıdacaq”, – deyə pıçıldadı. Anası onun nə dediyini anlamadığından başını irəli əydi:
– Nə deyirsən, Humu, başa düşmədim.
Humay yuxudan ayılıbmış kimi səksənib:
– Heç, ana, heç nə demirəm, – deyə cavabladı. – Lənət şeytana, bu qarabasmalar da məndən əl çəkməyəcək ki, – deyə düşündü.
Artıq avtobus gəlib çatmış, bir addım önlərində dayanmışdı. Anası ilə görüşüb, avtobusa mindi. Boş yer taparaq keçib əyləşdi…
Axşamüstü elə həmin yerdə – yol ayırıcında avtobusdan enəndə anası ilə nənəsi yolun üst tərəfində, kölgəlikdə oturub onu gözləyirdilər. Onlara yaxınlaşıb gülərək:
– Burada niyə oturmusunuz? Qorxdunuz ki, birbaşa çıxıb gedərəm Bakıya? – deyə soruşdu.
Nənəsi gülümsəyərək cavab verdi:
– Yox, ay bala, evdə darıxırdıq deyə endik aşağıya.
Anası isə yalan danışmaq istəmədiyindən gözlərini qaçırıb:
– Bilet aldınmı? – deyə soruşdu.
– Hə, ana, ayın onuna aldım, birinci reysə.
Gülsarə nəsə demək, qızının tez qayıtmasından gileylənmək istədi. Ağzını açdısa da, heç nə deməyib susdu. Gilə isə dayana bilmədi:
– Ay bala, məktəbin açılmağına hələ çox var, niyə tələsirdin? Olmaya, kənd darıxdırır səni?
– Yox, nənə, niyə darıxdırsın ki? Dərslər başlamadan öncə getməliyəm ki, bərpa üçün rektorluğa ərizə yazıb müraciət edim. Həm də xəstəxanaların birində iş tapım ki, sizə yük olmayım.
Gülsarə incimiş halda boynunu çiyninə qoydu:
– Bir də elə söz demə, Humu, sən heç vaxt bizə yük olmamısan, olmazsan da.
– Nəyin bahasına olursa-olsun, məni oxudacağınızı bilirəm, ancaq işləsəm yaxşıdır, ay ana, həm də mənimçün praktika olacaq.
– Nə həkimi işləyəcəksən?
– Hələ ki, tibb bacısı. İnstitutu bitirməmiş həkim işləməyə qoymazlar ki.
Gilə yolboyu susub gəlini ilə nəvəsinin söhbətinə qulaq asır, qürurdan, fərəhdən köksü qabarırdı. İllər öncəni xatırladı. Gözlüklü həkimin qəbuluna getməklərini, onun Ələsgərin gözlərinə oxşayan gözlərini, eynən Ələsgərinki kimi yumşaq, oxşayıcı baxışlarını, Dürdanənin səhhəti ilə bağlı xəbəri verdikdən sonra kreslosunda büzüşüb yumağa dönməsini xatırladı. Gözləri doldu, dodaqları titrədi. Göz yaşlarını gizlətmək üçün ayaqlarını yeyin-yeyin götürüb önə keçdi. Artıq çəpərlərinə çatmışdılar. O, darvazanı açdı, gəlini ilə nəvəsi həyətə daxil oldu.
Gilə darvazanı örtmək bəhanəsi ilə geridə qalıb gözlərini sildi. Dodaqaltı: “Mənim nəvəm hər kəsi müalicə edəcək, kimsəyə qara xəbər verməyəcək”, – deyə özünə ürək-dirək verdi.

Ardı burada: Zaur Bayramoğlu – Snayper

QEYD:

Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.

Müəllif: Zaur BAYRAMOĞLU

ZAUR BAYRAMOĞLUNUN YAZLARI

Zaur Bayramoğlunun rəsmi səhifəsi

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I