
Əvvəli burada: Zaur Bayramoğlu – Snayper
SNAYPER
IV
Ayın doqquzu idi. Şər qarışanda heyvanları rahatlayıb yeməklərini yedilər. Sonra qohum-əqrəba, dost-aşna gəldi. Onlar da çaylarını içib Humaya yaxşı yol dilədikdən sonra dağılışıb getdilər. İndi evdə üçü qalmışdı – nənə, gəlin və nəvə… Sabah nəvə də gedəcəkdi. Yenə ikisi qalacaqdılar… Gilə gəlininə səsləndi:
– Güsü, oradan dayının patefonunu gətir.
Gülsarə səksəndi. Eynən illər öncə, Ələsgər gəldiyi vaxt səsləndiyi kimi səslənmişdi. Eyni tonda, eyni sözlərlə… Bir an duruxdu. Amma az sonra heç nə demədən gedib patefonu gətirdi. Qayınanası iri yun döşəkcənin üstündə əyləşib mütəkkəyə söykənmişdi. Hər zaman başında olan örpəyi yenə də adəti üzrə bir ucunu kürəyinə, digər ucunu sinəsinə atmış, yaşmağını dodaqlarının üstünə çəkmişdi. Əlindəki iri dənəli kəhrəba təsbehi çevirməkdə idi. Gülsarə yaxınlaşıb onun qarşısında diz çökdü, patefonu yerə qoyub qapağını açdı, geri çəkildi. Gilə gözucu patefonun içinə nəzər saldı. Tozlanmışdı… Arabir üstü silinsə də, iyirmi üç il idi ki, qapağı açılmamışdı. Əyilib tozunu üfürdü, yaylığının ucu ilə silib təmizlədi. O qədər ehmalca, o qədər ehtiyatla silirdi ki, sanki qucağındakı körpənin yanaqlarını oxşayırdı… Sonra valı yerinə qoyub patefonun böyründəki qolu çevirdi. İynəni valın ortasına qoyub qolu buraxdığında Xan Şuşinskinin “Qarabağ şikəstəsi” dalğa-dalğa yüksəlib otağı doldurdu…
Gülsarənin də gözləri dolmuşdu. Bu səhnə həm Gilə, həm də Gülsarə üçün illər öncə yaşanmış bir anın təkrarı idi. Otaqda iki nəfər az idi – Salah baba və Ələsgər. Humaysa o zaman körpə, şirin bir qızcığaz idi. Amma indi Tibb İnstitutunun dördüncü kursunu bitirmiş, Milli azadlıq və Meydan hərəkatlarının iştirakçısı, Qarabağ savaşının qəhrəmanlarından biri, adlı-sanlı “Yalquzaq” idi…
Salah kişiylə Ələsgər isə həyətlərindən az aralıdakı məzarlıqda yan-yana yatmaqda idilər.
“Qarabağ şikəstəsi” bitəndə otağa sakitlik çökdü. Gilənin sinəsinin xışıltısından başqa bir səs eşidilmirdi.
Humay valı dəyişib digər üzünü yerləşdirmək istəsə də, cəsarət edə bilmirdi. Sanki otaqdakı ab-hava onu da ağuşuna almış, illər öncəsinə uşaqlığının xatırlaya bimədiyi dərin çağlarına aparmışdı. Dirsəklərini dizlərinə söykəyib, ovuclarını birləşdirib barmaqlarını çənəsinə dayaq vermiş, oturduğu yerdəcə daşa dönüb qalmışdı. Sanki üçü də ayində idilər. Nə tərpənmək olardı, nə də danışmaq. Ehmalca baxışlarını nənəsinə döndərdi.
Gilə başını arxasınadkı divara söykəmiş, gözlərini yumub oturmuşdu. Arıq, damarları üzə çıxmış, quruyub ağaca dönmüş əli açılmış, təsbehi dizlərinin arasına, yedditaxtalı tumanının ətəyinə düşmüşdü. Ağır-ağır qalxan sinəsi hər endikcə köhnə, yamaq-quraq körük kimi xışıldayırdı. Gözlərini anasına sarı çevirdi. O, ayaqlarını altına yığıb oturmuş, əllərini dizlərinin üstünə qoymuşdu. Onun da başında yaylığı var idi. Amma yaşmaq tutmamışdı. Yaylığının altından dən düşmüş ipək saçları görünürdü. Uzun kirpikləri yumulu gözlərindən qaynayıb-çıxan damlaları yanaqlarına ötürüb yenidən dikəlirdilər. Üstdən aşağı yuvarlanan büllur dənəciklər yanağında iz qoyub dodaqlarını duzlu tamla isladır, çənəsinə doğru süzülürdü.
Humay gözlərini anasından çəkib patefona dikdi:
– Bu mənzərənin günahkarı sənsən, patefon… Görəsən, özündə hansı sirləri gizlədirsən belə? – deyə xəlvətcə soruşdu… Sonra keçmişi xatırladı. Məktəbli vaxtlarında bir neçə dəfə patefonu götürüb qurmaq, vallarındakı mahnılara qulaq asmaq istəmişdi. Hər dəfəsində ya nənəsi, ya da anası onun üstünə acıqlanmış, “Səninçün uşaq oyuncağı deyil bu”, – deyə onu azarlamışdılar…
Sükut ayinini nənəsi bitirdi:
– Dağılasan belə dünya, – deyib, dərindən bir ah çəkdi. Sonra əlini uzadıb ətəyinin üstünə düşmüş təsbehini götürdü. Anası burnunu çəkdi. Yaylığının ucu ilə gözlərini quruladı. Humay hələ də çənəsini əlinə söykəyib oturmuş, baxışları gah nənəsinin, gah da anasının üzündə dolaşırdı. Bir azdan işıqlar kəsildi. Gülsarə: “On iki oldu”, – deyib ayağa qalxdı, pəncərədən süzülən ayın işığına gedib qonşu otaqdan neft lampasını götürdü. Kibrit yandırıb işığına piltənin ucunu sildi, yandırıb şüşəsini yerinə salaraq gətirib gəldi. O gələndə Humay divar saatına sarı boylanıb:
– Hər kəs işıq idarəsi kimi dəqiq işləsə, beş ilə vətənimiz cənnətə dönər, – dedi. Anasının qaşlarını çatıb üzünə baxdığını görüncə saata işarə etdi, – qoymazlar bir dəqiqə artıq yansın, iki saat tamam olan kimi söndürürlər.
– Hə, qızım, biz alışmışıq daha, müharibə başlayandan ermənilər qazımızı da kəsiblər, işığımızı da. İllərdir ki, yaz-qış işığı iki saat verib, iki saat kəsirlər. Hələ bura kənddi, biz qışda odundan, kərmədən bir şey tapıb yandırırıq, indi gör şəhərdə, binada yaşayanlar nə çəkir? Yayda bu zəif işıqla kondisioner işlədə bilmir, istidən bişirlər, qışda da elektrik sobasını yandıra bilmədiklərindən soyuqdan donurlar…
Gilə təsbehini çevirib sanki bayaqkı ab-havadan çıxmaq üçün fürsət tapdığına sevinibmiş kimi söhbətə qoşuldu:
– İldən-ilə insanların yaşayışı, dolanışığı düzəlir, yaxşılaşır.
Doğrudur, indi müharibədir, çətinliklər var. Amma nə qədər qıtlıq, yoxluq olsa da, bizim gördüyümüz qıtlığın yanında əsl bolluqdur… O vaxtlar kolxozçunun əlindəki hər şeyi alıb aparırdılar cəbhəyə. Bir fikirləşən yoxuydu ki, bu camaat nə yeyəcək, nə içəcək, balasına nə verəcək… Yazda inəkəmcəyi, topalaq, murçalıq, kəngər, buğatikanı, laləynən başımızı aldadır, yayda üzüm yarpağını çörək əvəzi qatığa batırıb yeyirdik ki, acından ölməyək. Neçə-neçə körpənin ot-ələf yeməkdən qarnı şişdi, partlamaya düşüb öldü, – Gilənin gözləri nəmləndi, – o xalçanı yenicə toxumuşdum, – deyib divardakı üzərində ceyran şəkli toxunmuş xalını göstərdi. – Bir gün qonşuynan sözümüz oldu, savaşdıq. Dedi, sən öləsən, gedib şikayət edəcəm ki, Gilə qolçomaqdı, evində yatırım var…
Gülsarə ehtiyatla qayınanasının sözünü kəsdi:
– Yaxşı tay, ay ana, keçmiş keçmişdə qaldı, indi şükür, müstəqilik, heç o vaxtlar kimi yoxluq, yoxsulluq da yoxdu. Elə insanlar naşükürdürlər. Həmişə daha rahat yaşamaq, daha yaxşı gün görmək istəyirlər..
Gilə astaca əlini dizinə çırpıb: – Cavanlıqda olmadı görmədik, vay, heyif! Qocalıqda oldu, geymədik, utandıq, vay, eyib! – deyərək susdu.
Gülsarə qızının yuxulu gözlərinə baxıb:
– Dur, yerini salım yat, sabah yol gedəcəksən. Humay sanki bu təklifi gözləyirmiş kimi əsnəyib ayağa qalxdı.
Ertəsi gün erkəndən qalxıb əynini geyindi, həyətə çıxıb əl-üzyuyanda yuyundu. Ovuclarını birləşdirib əlüzyuyanın iynəsini hər qaldırdıqca iynənin yan-yörəsindən axan su əllərindən başlayıb bütün bədəninə sərinlik qatır, yuxunun gözlərindəki son qırıntılarını alıb-apararaq yerinə gəncliyini, dincliyini, enerjisini gətirirdi. Yuyunduqdan sonra dirəyə asılmış dəsmalı götürüb qurulandı, əlindəki çalğı ilə küçə tərəfdən gələn anasını salamladı:
– Günaydın, anacan.
– Sabahın xeyir, qızım, niyə belə tez durmusan?
– Narahat olma, yuxudan doymuşam. Nənəm də çay dəmləyir. Gəl gedək çörəyimizi yeyək.
Birlikdə evə keçdilər.
Humay yeməyini yeyib, axşamdan yığdığı çantasını, çamadanını və anasının onunçün hazırladığı bağlamanı götürdü. Evdən çıxarkən Gilə ardınca qapıya çıxdı:
– Tələsmə, qızım, biz də gəlirik səni yola salaq.
Birlikdə poçt yoluna endilər. Humay asfaltın kənarında dayanıb yaşıllıq içindəki həyətlərə, meyvə dolu ağaclara baxır: “Kəndimiz xeyli böyüyüb”, – deyə düşünürdü.
Az sonra avtobusun mühərrikinin səsi gəldi. Birlikdə yolun yuxarı tərəfindəki döngəyə boylandılar. Narıncı rəngli “PAZ” avtobusu sanki biyara gedən kəndli kimi könülsüz, heysiz onlara tərəf gəlirdi.
Gilə:
– Əlicandı, tapşıracam, səni aeroporta qoysun, – dedi. Nəvəsinə sarıldı. Yaşmağını endirib onu üzündən-gözündən doya-doya öpdü. Sıra Gülsarəyə gəlmişdi. Qızını qucaqlayıb öpdü, öpdü… Bərk-bərk sinəsinə sıxıb saçlarını qoxladı. Humay anasından ayrılıb yanlarında dayanmış avtobusa minərkən Gilə də onun yol pulunu ödəyib sürücüdən nəvəsini aeroportda endirməsini xahiş etdi.
Nənə ilə ana yola düşən avtobusun ardınca əl yaylıqlarını yelləyib gözlərini sildilər…
V
Humay avtobusdan enib çantasını çiyninə asdı. Şeylərini götürüb aeroportun inzibati binasının giriş qapısına yaxınlaşdı. Qapıya aparan dəmir barmaqlıqlı yol əlində bileti olan, biletsiz sərnişinlərlə dolu idi. Ağız deyəni qulaq eşitmir, kimsə kimsəyə güzəşt edib geri çəkilmək istəmirdi. Qapının önündə dayanmış kök, ortaboylu polis kapitanı sərnişinlər arasında qayda-qanun yaratmağa çalışsa da, sözünü heç kimə dinlədə bilmirdi. Arabir hasarlardan kənarda dayananlardan biri ona müraciət edərək: – Akif əmi, mən burdayam, ya da məni filankəs göndərib, – deyə var səsi ilə bağırırdı. Akif arabir gözlərini yoxladığı sənədlərdən çəkib, camaatın üzərində gəzdirir, tanıdığı birini gördükdə barmağı ilə işarə edərək: “ Sən gəl”, – deyə yanına çağırırdı.
Basabasın içində addım-addım irəliləyən Humayın ürəyi sıxılır, əsəbləri tarıma çəkilirdi. Üfüqdən xeyli qalxmış sabah günəşi də bir tərəfdən üzünü, çiyinlərini yandırıb-yaxırdı. Tərlədiyini hiss etdi, susamışdı. Ətrafına boylandı. Köşklər, çayxanalar xeyli aralıda idi. Yerini tərk edib su axtarmağa getsə, girişə doğru sıxılıb butılka effekti yaradan kütlənin onun boşluğunu anında dolduracağını bilirdi. Dodaqaltı deyinib yanında bir şüşə su götürmədiyi üçün özünü qınadı. Bu hava limanında biletin batmadığını bilirdi. Amma sonrakı təyyarəni gözləməkdənsə, qızmar günəş şüalarının altında dayanıb susuzluğa dözmək daha yaxşı idi…
Santım-santım irəlilədiyindən bir saata cəmisi beş-altı addım yol qət edə bilmişdi. Amma olsun, artıq dəmir barmaqlıqlı yolun bir addımlığında idi. Daha on beş dəqiqə və budur, Akifin qarşısında dayanıb qırmızı rəngli sovet pasportunu ona uzatmışdı. Olmayan ölkənin vətəndaşlıq pasportunu…
Akifdən pasportunu və uçuş biletini aldı. Onun yanından keçib qapını döydü. Alüminium qapının böyrü açıldı və o sivişib içəri girər-girməz şaqqıltı ilə bağlandı. Hava limanının binasına daxil olarkən dərindən bir nəfəs alıb: – Çox şükür, – dedi. Doğrudan da, bura qədər gəlib çatıbsa, şükür etməyə dəyərdi. Çünki binaya daxil olmaq elə təyyarəyə minmək kimi bir şeydi…
Gömrük nəzarətindən keçmək üçün sıraya girərkən fürsət tapıb pəncərədən çölə boylandı. Qapının önü yenə məhşər yerini xatırladırdı. Adamlar nəinki azalmamışdılar, hələ xeyli artmışdılar da…
Çamadanını baqaja verdi. Əlindəki çantası ilə gömrük prosedurlarını keçib inzibati binadan çıxdı. Təyyarəyə yaxınlaşdı. Trapın pillələrini qalxarkən sənədlərini uzatdığı stüardessa biletini qatlayıb kənarını cırdı, əyləşəcəyi yerin nömrəsini deyərək, onu birinci salona yönləndirdi. Sovet istehsalı olan təyyarələrdə ağırlıq balansı pozulmasın deyə minərkən əvvəlcə birinci salonun sərnişinlərini yerləşdirir, endikdə isə ikinci salonu birinci boşaldırdılar.
Saatına baxdı, xeyli vaxt keçmişdi“ Görəsən, niyə getmirik?” – deyə narahatlıqla ətrafına boylandı. Fəhlələr salona daşıdıqları iri bağlamaları gətirib tualetin önünə və pilot kabinəsinin girişindəki boşluğa yığırdılar. Ardınca yeni sərnişinlər gələrək, dəhlizdə başlarının üstündəki yük yerlərindən tutaraq yan-yana düzüləndə heyrətlə: – Yox, artıq, – deyərək dodağını dişlədi. İrəli boylanaraq uçuş heyətindən kimisə görmək, təyyarənin hədsiz yüklənməsinə narazılıq etmək istədi. Kimsə görünmürdü. “Yəqin, hamısı pilot kabinəsindədilər, – deyə düşünüb, – bu nədir, belə də təyyarə olar, elə bil kənd avtobusudur”, – deyə uca səslə deyindi. Lakin başının üstündə dayanan cavan oğlan:
– Bacı, hamının işi-gücü var, kefimizdən ayaq üstə getmirik ki? – deyə ona qarşı çıxdı. Humayın canı burnunda idi, amma bu cavan oğlanın sözünə lap əsəbləşdi.
– Bu qədər cahil olmayın da. Uçuş təhlükəsizliyi deyə bir şey var. Sizinçün avtobus deyil ki, pilot ehtiyatla sürüb milləti evinə-eşiyinə aparsın. Əlavə yüklənmiş bu qədər yükü, bu qədər sərnişini havaya qaldırmağa mühərriklərin gücü çatmasa, necə olacaq?
Ətrafında əyləşən sərnişinlərdən bir neçəsi də onun sözünə tərəf çıxdılar.
– Qardaş, indi elə zamanaya gəlib çatmışıq ki, pullarını ver, nə istəyirsən elə. Kimdi e, sərnişinin təhlükəsizliyini düşünən?
– Elə deyil e, bacı. Deyək ki, yerüstü xidmət camaatı vecinə almır. Bəs təyyarənin pilotuna nə deyək? Yəni onun da ağlı çatmır? Axı bu balaca “TU-134”ü bu qədər yükləmək intihar etməyə bərabərdir.
Digər sərnişin söhbətə qoşuldu:
– Əşi, onları görmədinizmi? O qədər içmişdilər ki, ayaq üstə güclə dayanırdılar.
Bir başqası ümidsizliklə başını buladı:
– Vallah, biz elə Allah umuduna gedib-gəlirik. Bir gün bir təyyarə düşəcək, ondan sonra ağıllanacaqlar.
Humay ətrafında gedən müzakirələri dinləyir, ürəyi qısılırdı. Bir ara qalxıb təyyarədən enmək istədi. Amma deyək ki, indi təyyarədən endi, sonrakı reysin normal gedəcəyini hardan bilərdi ki? İşin tərsliyindən Bakıya dönməyə başqa alternativi də yox idi. Həm qoşqu maşını da təyyarəni çəkib start nöqtəsinə gətirmiş, qoşqusunu açıb uzaqlaşmaqda idi. Öz-özünə: “Cəhənnəmə olsun, nə olacaqsa, olacaq”, – deyib başını oturacağın arxasına söykəyərək gözlərini yumdu.
Mühərrikləri çalışan təyyarə yerində dartınıb gücəndi, getdikcə artan sürətlə hərəkət etməyə başladı. Sürəti artdıqca içindəki sərnişinləri daha çox atıb-tutmağa, silkələməyə başlayan təyyarə üçün: “Deyəsən, Naxçıvana göndərilən təyyarələrin hamısı util malıdır. Nə bunun, nə də keçən dəfəkinin asqı sistemi də işləmirdi. Gəldiyim, deyək ki, yük təyyarəsi idi, bu ki sərnişin təyyarəsidir”, – deyə düşündü. O bu düşüncələr içindəykən təyyarə pistin sonuna çatıb təkərlərini yerdən kəsdi, bütün ağırlığı və əzəməti ilə havalandı. Gözlərini açıb pəncərədən boylandı. Budur, Naxçıvan çayının üstündən keçdilər, sonra Əlliyeddinci məhəllə, bu da Respublika xəstəxanası, Dördyol. Və təyyarə sağ qanadı üstə yatıb istiqamətini Şahbuza tərəf döndərdi, ardınca isə təyyarənin altına elə bil küt alətlə vurdular və metal şaqqıltısı… “ dəmir quşumuz ayaqlarını altına yığdı”, – deyə Humay fikrindən keçirib gözlərini yumdu. O, yatmaq istəyirdi. Hava limanı həngaməsi onu o qədər yorub-əldən salmışdı ki, beş dəqiqəlik də olsa, yatıb gözlərinin acısını almaq yaxşı olardı.
Təkandan səksənib ayıldı. Yerə enən təyyarə hava meydanında sürətlə irəliləyir, sərnişinləri nehrə kimi çalxalayırdı. Humay indidən yüklərini götürüb çıxışa getməyə çalışan sərnişinlərə baxıb güllümsədi. “Doğulandan ölənədək harasa tələsir, hamıdan qabaq çatmaq istəyirik. Nə bir-birimizi gözləyirik, nə də sıramızı, sonra da buna həyat deyirik”, – deyə ürəyindən keçirdi.
Təyyarədən enib baqaj salonuna gəldi, yarım saat gözlədikdən sonra elavatorun üstü ilə gələn yüklərin arasından öz əşyalarını seçib götürərək aeroportun binasından çıxdı. Gözləri Səidəni axtardı. Yox idi. “Yəqin, işi var”, – deyə düşünüb bir az aralıda gözləyən 24 nömrəli “İkarus” avtobusuna yönəldi. Avtobus onu Səməd Vurğun bağınadək aparacaqdı, bəs sonra hara gedəcəkdi? O, məktubunda Səidədən onunçün ev tutmasını rica etmişdi. İndi bu qədər yüklə hara gedəcəkdi ki? Bu düşüncələr içində yol gedərkən, bir tərəfdən də: “Yəqin, məktubu almayıb, yoxsa gələr, ən azından kimisə göndərərdi”, – deyə öz-özünə düşünürdü. Avtobus mənzil başına çatıb dayananda əşyalarını da götürüb endi. Hələ axşama qədər vaxtı var idi. “Gedim kirayə ev axtarım, qaranlıq düşənədək bir yer tapmasam, Səidəgilə gedərəm”, – deyə düşünüb əylədiyi taksiyə mindi. Papanin adlanan yaşayış massivinə gəldi. Qapı-qapı gəzərək boş ev axtarırdı. Hospitalın böyründəki küçəyə girdi. İki ev qabaqda ona nişan verilən həyətin qapısını döyüb içəri daxil oldu. Ona “içəri buyur” edən olmamışdı, heç həyətdə də kimsə gözə dəymirdi. Sağ-solunda böyür-böyürə düzülmüş qapıları həyətə açılan balaca-balaca mənzillərə göz atıb: – Ay ev yiyəsi! – deyə səsləndi. İkinci çağırışından sonra qarşı tərəfdəki ikimərtəbəli evin girişində iki qız uşağı göründü. Qapıdan ona baxıb içəriyə qaçdılar. Dallarınca gələn qırx beş-əlli yaşlarında hündürboylu, dolubədənli xanım qapıya çıxdı. Qaşlarını yuxarı çəkərək onu, əşyalarını süzüb:
– Ev axtarırsanmı, qızım? – deyə soruşdu.
– Bəli, xanım.
– Kiminlə qalacaqsan?
– Tək qalmaq istəyirəm.
– Atan-anan haradadır, nə işlə məşğulsan?
– Valideynlərim rayondadır, mənsə tibb institutunda oxuyuram. Hospitalda işə düzələcəm, ona görə də buralardan ev tutmaq istəyirəm.
– Hansı rayondan gəlmisən?
– Naxçıvandan.
– Bu il girmisənmi?
– Xeyr, xanım, beşinci kursdayam.
Ev sahibi ilə kirayənişin arasındakı standart sorğu-sual başa çatdıqdan sonra qadın qiyməti də dedi. Razılaşdılar.
– Gözlə, açarı gətirim, bir evə bax, – deyib içəri qayıtdı, az sonra əlində açarla dönüb gəldi. Sıra ilə düzülmüş evlərdən birinin qarşısında dayandı. Qapını açıb içəri daxil olarkən onu da dəvət etdi:
– Gəl, qızım, gəl, bax, görək bəyənəcəksənmi?
Humay qadının ardınca otağa daxil oldu. Bura doqquz kvadrat metrlik balaca otaq idi. İçəridə əşya kimi bir ədəd köhnə, dəmir çarpayı, küncdə bir ədəd balaca masa, iki stul və bir paltar dolabı var idi. Girişdə qapının sağ tərəfindən divara asılqan vurulmuşdu. Yerə nimdaş, amma təmiz xalça salınmışdı.
Qadın Humaya tərəf dönərək:
– Otaq budu, mətbəx, qab-qacaq və sanitar qovşağı ümumidir. Gəl mətbəxi də göstərim, – deyib cavab gözləmədən qabağa düşdü. Onu beş-altı kvadrat metrlik mətbəxə gətirdi. Burada da bir ədəd dördgözlü qaz sobası, bir ədəd su krantı, qab yumaq üçün masa və qab şkafı, bir ədəd də yemək masası var idi. Qadın əli ilə qab şkafını göstərərək:
– Qab-qacaq orada, zibili də qabyuyanın altındakı zibil qabına atacaqsan, – dedi.
Humay:
– Yaxşı, xanım, evi tuturam, – deyib çantasından çıxardığı puldan bir aylıq kirayə məbləğini götürüb qadına uzatdı. Ev sahibəsi pulu sayıb:
– Yaxşı, qızım, sağlıqla qal, mənim adım Lətifədir. Nə vaxt bir şeyə ehtiyacın olsa, qapıdan səslənərsən, – deyib getdi.
Humay əynini dəyişib otağa göz gəzdirdi. Gedib Lətifədən süpürgə, əski və başqa təmizlik şeyləri alıb gətirdi. Otağı silib-süpürdü, qaydasına saldı. İşini yenicə bitirmişdi ki, adının çağrıldığını eşidib geri döndü. Gələn Lətifə idi. Əlində bir kasa yemək gətirmişdi:
– Qızım, bunu səninçün gətirdim, nahar edərsən.
Yeməyi alıb qadına təşəkkür etdi. O getdikdən sonra oturub yemək yedi. Bir az istirahət edib dincəldikdən sonra qalxıb əynini dəyişdi, Səidəni görməyə getdi.
Məhkəmənin çıxışında qarşılaşdılar. Görüşüb hal-əhval tutaraq:
– Gələcəyini niyə xəbər vermədin, ay Humay? Səni qarşılayardım.
Humay məktub yazdığını, lakin güman ki, məktubun gecikdiyini dedi.
– Budu da poçt sistemimiz. Nəyimiz düz işləyir ki, poçtumuzdan narazı olaq?..
– Boşla getsin, ay Səidə, əsas odur ki, gəlib çatmışam, – deyib əlindəki bağlamanı ona uzatdı, – anam səninçün göndərib.
Səidə bağlamanı alaraq üzrxahlıq etdi:
– Niyə əziyyət çəkirdin, ay Humu, heç ehtiyac yoxuydu.
– Elə bir şey deyil, bir-iki dilim pendir qoyub, bir az da yaş fındıq-filan, – deyərək, – sən Naxçıvan pendirini, şor-kərəsini sevirsən, – deyə əlavə etdi.
Səidə onun qolundan tutdu:
– Bəs öz əşyaların hanı, gəl gedək evə.
– Yox, ay Səidə, evə gedə bilməyəcəm. Şəhərdə bir az işlərim var, qızları görəcəm. Sabah da erkəndən instituta gedəcəm. Sonra da iş üçün hospitala müraciət edəcəm. Bizə bekar durmaq yaraşmaz. İşləmək lazımdır….
– Bəs harada gecələyəcəksən?
– Papanində ev tutmuşam.
– Ay səni, qoçaq! Yaxşı, onda sabah hospitaldan çıxıb bura gələrsən, şəhərə çıxıb bir çay içər, bir az dərdləşərik.
Sağollaşıb ayrıldılar. Sabahı gün Humay məhkəmənin həyətində, Səidənin maşınının yanında dayanıb onu gözləyirdi.
İşdən çıxan Səidə Humayın yanına gəldi. Humayın gözləri gülürdü.
– Hə, bacı, üzün gülür, deyəsən, yaxşı xəbərlər var.
– Əlbəttə, bütün işlərimi yoluna qoydum.
Maşına əyləşdilər. Səidə mühərriki işə saldı. Dənizkənarı parka yollandılar.
– Humu, danış görüm, işləri necə yoluna qoydun?
Humay yolboyu ona Tibb İnstitutunun rektorluğuna getməsindən, orada yüksək səviyyədə qəbul olunaraq təhsillə bağlı probleminin həll olunmasından danışdı. Sonra da hospitala yollanmış, kadrlar şöbəsində qəbulda olmuşdu. Qıza: “Travmatologiya şöbəsində tibb bacısı vakansiyası var”, – deyib ora yönləndirmişdilər. Şöbənin baş tibb bacısı Humayın sənədlərini götürərək sabahdan işə gəlməsini tapşırmışdı.
Səidə bu xəbərləri şadyanalıqla qarşıladı:
– Bunlar ki əla xəbərlərdir, Humu, indi gedib həm instituta bərpa olunmağını, həm də işə qəbul olunmağını qeyd edərik.
Bulvara gəlib “Xəzri” restoranında əyləşdilər. Səidə masalarına yaxınlaşan ofisiantın salamını başı ilə alıb Humaydan: “Bacımın ürəyi nə istəyir, nə gətirsinlər?” – deyə soruşdu.
Humay yemək sifariş verdikdən sonra Səidə: “İki pors olsun”, – deyə ofisiantdan xahiş edib yenidən Humaya tərəf döndü.
– Kəndin havası sənə düşüb. Rəngin-rufun açılıb, gözəlləşmisən.
– Havası-suyu təmiz, nənəmin də dilindən düşməyən bir sözü var: “Əlaa nə düşdü at əngaa, çıxsın rəngaa…” Anam bir tərəfdən, nənəm o biri tərəfdən əlində dürməklə dalımca dolanırdılar.
Sonra evlərindən, dərs oxumağa getdiyi bağlarından, kəndin ayağından keçən balaca dağ çayından, kəndlərinin içindən axan bərələrdən danışdı.
Səidə lap həvəsləndi:
– Gələn yay mən də məzuniyyət götürüb səninlə gedəcəm. Beş-on gün qalıb istirahət edərik.
– İnşallah, bacı, gedərik, niyə getmirik?
Hospital
I
Humay erkəndən qalxdı. Yeməyini yeyib güzgünün qarşısına keçdi. Saçlarını darayıb üz-gözünə əl gəzdirdi. Xalatını götürüb çantasına qoydu. Otaqdan çıxaraq qapısını bağlayıb hospitala yollandı.
Həm həyəcanlı, həm də həvəsli idi. İş vaxtının başlanmasına yarım saatdan çox qalsa da, o, hər kəsdən qabaq getmək, yeni iş yoldaşları ilə tanış olub palataları gəzmək istəyirdi.
İkinci müalicə korpusuna daxil olub üçüncü mərtəbəyə qalxdı. Dəhlizdəki posta yaxınlaşıb növbətçi tibb bacısı ilə salamlaşdı.
– Salam, xanım.
– Salam.
– Adım Humaydır. İşə yeni qəbul olunmuşam, – deyə özünü təqdim etdi.
– Lap yaxşı, Humay xanım, bura qol çəkin, – deyib telefonun böyründəki jurnalı ona tərəf uzatdı. Humay davamiyyət cədvəlinə qol çəkdikdən sonra barmağı ilə bir az o tərəfdəki otağı göstərərək:
– Keçin oraya, əyninizi dəyişin, bir azdan baş tibb bacısı da gələcək. O sizə lazımi təlimatları verər.
Beləcə, Humayın Mərkəzi Hərbi Klinik Hospitaldakı ilk iş günü başlandı.
Şöbənin baş tibb bacısı onu və təcrübəli tibb bacılarından birini yanına çağıraraq:
– Nüşabə xanım, Humay bizim yeni işçimizdir. Bir neçə gün sizinlə birlikdə çalışsın, ona həkim təyinatları əsasında müalicə qaydalarını öyrədin. Əzələ daxilinə, vena daxilinə iynə vurarkən, sistem qoşarkən yanında olun ki, hər hansı çətinlik yaşanmasın.
– Yaxşı, Rüxsarə xanım, – deyib Humaya döndü:
– Siz tibb texnikumunu nə vaxt bitirmisiniz?
– Heç vaxt, mən tibb institutunun beşinci kurs tələbəsiyəm.
– Nə gözəl. İnşallah, institutu müvəffəqiyyətlə bitirib diplomunuzu alarsınız. Yəqin ki, iynə vurmağı, venaya düşməyi bacarırsınız.
– Əlbəttə, bacarıram.
– Yəqin, praktikada öyrənmisiz.
– Həm tələbə vaxtı praktika keçmişəm, həm də savaşda əsgərlərimizə tibbi yardım göstərmişəm.
– Belə görürəm ki, sizin heç bir yardıma ehtiyacınız yoxdur. Amma yenə də formal da olsa, bir-iki gün birlikdə çalışarıq. Təkcə burada deyil, bütün tibb müəssisələrində yeni işə qəbul olunan tibb heyətinə iş yerinin ab-havasını tutana qədər yardımçı olurlar.
– Problem yoxdur, sizinlə işləmək mənimçün zövqdür.
Humay yaşca ondan xeyli böyük olan Nüşabə xanımın könlünü oxşamaq istədi.
İki gün sonra Humayı müalicə üçün şöbəyə yeni qəbul olunan xəstəyə təhkim etdilər. Baş tibb bacısı Humayı otağına çağırdı. Xəstəlik tarixçəsini verib:
– Diaqnozu və həkim təyinatını oxuyarsan. Burada yazılmış bütün müalicə tədbirlərini əskiksiz yerinə yetirməlisən, növbəni təhvil verdikdə isə kağızı növbətçi tibb bacısına verərsən, – deyə tapşırdı.
Humay onu arxayın etdi:
– Oldu, xəstəmizə necə lazımdırsa, elə qayğı göstərəcəyimə əmin ola bilərsiniz.
Birlikdə palataya gəldilər:
– Xəstəmiz budur, ağrıkəsici və digər iynələri vurun, bir azdan sarğı tibb bacısını çağırarsınız, gəlib sarğısını dəyişər.
Xəstə iyirmi iki-iyirmi üç yaşlarında cavan, yaraşıqlı bir oğlan idi. Arxası üstə uzanıb gözlərini yummuşdu. Arabir inildəyir, dodaqları, üzünün əzələləri səyirirdi. Humay çarpayının baş tərəfinə yaxınlaşıb əlindəki dərmanları, iynələri kətilin üstünə qoydu. Ampulaların içindəki məhlulu şprisə çəkdi. İynələrin qapağını ucluğuna keçirərək yan-yana düzdü. Xəstənin yorğanını üstündən çəkdi, budunun üst kənar dörddə birini gözəyarı işarələyib iynələrini vurdu,yerini spirtli pambıqla masaj edərkən bir gözü də xəstənin üzündə idi. O, hələ də bədəninə yeridilən iynələrə reaksiya vermədən yatırdı. Yorğanı üstünə örtüb sakitcə getmək istərkən xəstənin göz qapaqları aralandı, dodaqları tərpəndi:
– Su, su istəyirəm, ciyərim yanır… Sözlərinin sonu qaranlıqda öləziyən şam işığı kimi səssizlikdə itib getdi.
Humay:
– Bu dəqiqə, – deyib iti addımlarla otaqdan çıxdı, tibb bacısının otağına gedərək şkafını açdı. Termosunu götürüb bir stəkan çay süzdü və palataya qayıtdı.
Xəstənin üstünə əyildi. Qolunu boynunun altından salaraq qaldırıb stəkanı dodaqlarına dayadı:
– İç, qaqaş, iç.
Oğlan bir qurtum içərək başını geri çəkdi:
– İstidir.
Humay stəkana bir neçə dəfə üfürüb yenidən onun dodaqlarına söykədi:
– İndi bax, yaxşı olmalıdır.
O sanki təhkim olunmuş xəstəyə deyil, doğma balasına qulluq edirdi. Çayını içirib başını ehtiyatla yastığın üstünə qoydu. Çarpayının kənarında əyləşdi.
– Sizin adınız nədir?
– Şiraz.
– Harada yaralanmısınız?
– Tərtərdə.
– Yəqin, snayperlə vurublar.
– Hə, – Şiraz yenidən inildədi.
– Bəs necə oldu, ki yaralandınız? – Humay bir an özünü saxlaya bilməyib,- niyə o qədər ehtiyatsızlıq etdin ki? – deyəcəkdi, amma sözünü uddu.
Şiraz dərindən nəfəs almağa çalışdı. Altdan-yuxarı Humayın üzünə baxıb gücünü topladı:
– Gecə getmişdim postları yoxlamağa. Gördüm ki, əsgərin biri çıxıb oturub səngərin önündəki torpaq qalağının üstündə… – Şiraz dayanıb nəfəsini tənzimləməyə çalışdı. Danışdıqca nəfəsi təngiyir, gicgahlarında tumurcuqlanan tər damlaları yanağınadn çənəsinə, oradan da boğazına tökülürdü, – bizim də qarşımızda, bir az çəpinə mövqedə onların snayper postu var idi. Əsgərin bu ehtiyatsızlığından əsəbiləşdim, əlimi atıb köynəyinin yaxasının arxasından tutdum ki, çəkib salım aşağı. Elə onu çəkəndə gördüm sinəmin sağ tərəfi qızışdı, – üz-gözünü turşudub sol əlini yorğanın altından yarasının üstünə qoydu, – ikimiz də yıxıldıq. Hay düşdü, məni gətirdilər bura. Gerisindən də xəbərim var. Deyirlər, güllə körpücüyün altından girib baltalığımı dağıdıb çıxıb. Kürək sümüyüm bitişsin deyə on gün reanimasiyada üzüqoylu yatırdılar.
Bir neçə dəqiqə hər ikisi susdu. Humay onun yenidən danışmaq üçün güc toplamağa çalışdığını hiss etdiyindən sakitcə dayanıb gözləyirdi.
– Əsgərdi də, söz qandırmaq olmur. Vurursan, döyürsən, gedib şikayət eləyir, məhkəmə abrını tökür. Döymürsən, sözlə başa salmağa çalışırsan, başa sala bilmirsən, – dedi.
– Artıq elə şeylərin fikrini eləməyin, mümkün qədər tez sağalmağa çalışın. Və unutmayın ki, əsgərləriniz sizin yolunuzu gözləyir.
Şiraz sol əlini qaldırıb yellədi, sanki yaxınlıqdakı boğucu hava kütləsini qovmaq istəyirdi.
Humay əyləşdiyi yerdən qalxdı:
– Gedim, sarğı tibb bacısını çağırım, gəlib sarğını dəyişsin.
O, palatadan çıxmaq istərkən altmış yaşlarında, hündürboylu, dolubədənli bir qadınla üz-üzə gəldi. Qadın səliqə ilə geyinmiş, başına ağ kəlağayı örtmüşdü. Salamlaşdılar:
– Sabahınız xeyir.
– Sabahın xeyir. – Humay arxasınca qapını çəkib örtərkən “Yəqin, anasıdır”, – deyə düşünüb sarğı tibb bacısını çağırmağa getdi.
II
Bu qadın heç kimin kimsəsi deyildi. Bir gün axşamtərəfi hospitala gəlib yaralı əsgərlərə könüllü olaraq qulluq etmək istədiyini demişdi. İndi aylardır ki, burada yaşayır, ağır xəstələrin qohum-əqrəbası xəbər tutub gələnədək onların başının üstündən ayrılmır, ehtiyaclarını qarşılamalarına yardım edirdi. Gecələri gah boş palataların birində, ya da boş bir yataqda, o da olmasa, iynə otağındakı kuşetkada yatırdı. Yeməyini şöbələrdən birinin yeməkxanasında yeyər, paltarlarını da hospitalın istixanasında yuyub təmizləyərdi. Kimsənin haradan gəldiyini və əsl kimliyini, adını bilmədiyi bu qadın zamanla hospitalın daimi sakininə, burada müalicə alan əsgərlərin “mamaşa”sına çevrilmişdi.
Humay nahardan sonra Şirazın iynələrini vurmaq üçün palataya girəndə Mamaşanın onu yedizdirdiyini gördü. Baş tibb bacısının yanına qayıanda ondan soruşdu:
– Şirazın “Mamaşa” dediyi qadın onun anasıdırmı?
– Yox, o, bütün əsgərlərin anasıdır.
– Necə yəni? – deyərək qaşlarını çatdı.
Baş tibb bacısı da Mamaşa ilə bağlı bildiklərinin ucundan-qulağından Humaya danışdı…
Həmin gün işdən çıxarkən çox yorulmuşdu. Evə gedib yatmaq istəyirdi. Kirayə yaşadığı həyətə girəndə Lətifə ilə qarşılaşdı. Ayaqüstü salamlaşdılar. Böyründən keçib gedərkən Lətifə onu səslədi:
– Humay, yemək hazırlama, günortaya yaxşı borş bişirmişdim. Sənin payını saxlamışam. İndi gətirərəm, – dedi. Ev sahibəsi xoşxasiyyət, əliaçıq qadın idi. Kirayənişinlərinə övladları kimi baxardı. Bəzən evlərini təmizləyib qapı-pəncərələrini silər, bəzənsə bişirdiyi yeməklərdən onlara da paylayardı.
İki dəqiqə sonra otağın qapısı döyüldü. Lətifə əlində kələm borşu ilə dolu kasa qapıda dayanmışdı. Humay qapıya çıxıb yeməyi aldı, təşəkkür edib otağına qayıtdı. Masanın arxasında əyləşib buğlanan yeməyə baxır, tavana yüksələn su buxarlarının arasından Şirazın danışdıqları gözləri önündən film şəridi kimi axıb gedir, köhnə xatirələrini oyadırdı. Handan-hana öz-özünə: – Doğrudan, niyə Şirazın yanında qalan kimsə yoxdu? Görəsən, ailəsinin, valideynlərinin xəbərimi yoxdur? – deyə düşünüb tezcə də, – sabah soruşaram, lazım olsa, onun əvəzindən məktub yazar, ya da zəng vurub xəbər edərəm, – deyə cavabladı. Bəs Mamaşa kim idi? Savaş vaxtı könüllü olaraq yaralılara yardım etməsi örnək davranış idi. Amma indi, ona elə də ciddi ehtiyac olmadığı halda gecə-gündüz hospitalda qalmasının səbəbi nə idi? Görəsən, onun evi-eşiyi, övladları, nəvələri yoxmuydu? Cavabsız suallardan başı şişdi, öz-özünə: “Eh, nəyimə lazımdır, işlədikcə hələ çox şeylər görəcəksən”, – deyə deyinib, soyuyub buza dönmüş borşunu yeməyə başladı.
Səhər işə gələn kimi əynini, çantasını posta qoyub palataya getdi. Şirazla hal-əhval tutdu:
– Salam, qaqaş.
Şiraz üzünü ona tərəf çevirdi:
– Salam, xanım.
– Gecə necə yatmısan? Ağrıların olmayıb ki?
Onun halından, yuxulu gözlərindən yatmadığı hiss olunsa da, Humay yaralı zabitə ürək-dirək verib əhvali-ruhiyyəsini düzəltmək istəyirdi:
– Maşallah, dünənkinə görə yaxşı görünürsən, rəngin-rufun da bir az özünə gəlib.
Şiraz tibb bacısının yanında özünü möhkəm göstərmək istəyirdi. Dodaqları qaçdı, yenə sol əlini havaya qaldırıb nəsə demək istədi, heyi olmadığından qolu yanına düşdü.
Humay onun vəziyyətini anladı, oğlanın pərt olmaması üçün tez araya girdi:
– Danışıb özünü yorma, istirahət et, mən də təyinatına baxıb gəlirəm.
Tibb bacısının otağına gəldi. Əynini dəyişərək xalatını geyindi. Növbəni təhvil alıb Şirazın xəstəlik tarixçəsinə baxdı. Köçürüləcək sistemi, iynələri götürüb palataya gəldi. Ampulaların içindəki dərmanı şprislə çəkib sistemə qatdı. Sistem torbasını ştativin halqasına keçirdi. Şirazın sol qolundakı vazafiksin qapağını açıb şlanqın ucundakı iynəyə birləşdirdi. Kətilin üstündə sakitcə əyləşib flakondan damla-damla tökülən dərman mayesini izləməyə başladı.
Şiraz yatağında sakitcə uzanıb üzünü divara tərəf çevirmişdi. Onun saçlarını, almacıq sümüyü çıxmış, günəşin altında yanıb qaralmış üzünü baxışları ilə oxşadı. “Soruşummu, soruşmayımmı?” – deyə iki fikrin arasında qalmışdı. Əllərini dizlərinin arasından çıxarıb dikəldi.
– Qaqaş, burada olduğundan evin xəbəri yoxdumu? – deyə soruşdu.
Şiraz üzünü Humaya tərəf çevirdi. Göz-gözə gəldilər. Qaşlarını çatıb:
– Evmi? – deyə istehza ilə gülümsədi. Humay heç nə başa düşmədiyindən:
– Hə də, deyirəm evinizə məktub yazmaq, ya da zəng etmək lazım olsa, sənə kömək edərəm.
Şiraz ah çəkmək istədi, boğulub öskürdü.
– Nə ev… Ev var ki?
Humay onun ailəsi ilə hansısa ağır problem yaşadığını, bəlkə də, küsülü olduqlarını düşünüb:
– Anangillə danışmaq istəsən, telefon tapıb gətirərəm, – dedi.
Şiraz tamam laqeydləşdi:
– Anamgil yoxdu ki…
O bu sözləri o qədər soyuqqanlıqla demişdi ki, Humayın əti ürpəşdi.
– Necə yəni yoxdur, inkubatordan çıxmısan?
Bir an yaralı zabitin onunla məzələndiyini düşünüb əsəbiləşdi…
– Yox, bacı, inkubatordan çıxmamışam, – zabit bayaqkı kimi laqeydliklə davam edirdi, – biz uşaq olanda atam ölüb, anam da bizi uşaq evinə verib, ərə gedib.
Humay qaşlarını çatıb zabitin gözlərinin içinə baxdı, sonra sanki onun başına gələnlərin günahı ondaymış kimi utanıb üzünü çevirdi, göz qapaqlarını endirdi. Yenidən şlanqın damla sayğacındakı dərman damcılarını seyr etməyə başladı. Onun qəlbindən keçənləri duyubmuş kimi Şirazın özü danışmağa başladı. Biri ürəyində sual verir, digəri nəfəsini tənzimləməyə çalışaraq uca səslə, aram-aram cavablandırırdı.
– İki qardaş, bir bacı idik. Körpələr evinə qoyulanda mənim beş, bacımın üç, qardaşımınsa bir yaşı olub. Mən anamı ala-yarımçıq xatırlayıram. O birilərin heç nəyi yadına gəlmir. Bacım lal-kardır, ona görə onu bizdən ayırıb başqa yerə göndərdilər – lal-karların məktəbinə. Sonra necə oldu, heç bilmirəm. Hərbi məktəbdə oxuyanda getdim ki, bəlkə, taparam. Dedilər ki, elə özü kimi qüsurlu bir məktəb yoldaşıyla evlənib gedib. Nə bilim, Xaçmazın hansısa kəndinə, getdim, maraqlandım, dedilər, o uşağın valideynləri illər öncə Bakıya köçüblər, kəndə gəlib-eləmirlər. Nə isə, bacardığım qədər soraqlaşdım. Amma tapa bilməsəm də, evləndiyini eşitdiyimə görə ürəyim sakitdir.
…Bilirəm, qardaşım da səninçün maraqlıdır. Dördüncü sinifdə oxuyanda qardaşım öldü. Tərbiyəci dedi ki, zəhərlənmədən ölüb. Qaldım mən… Mən də altıncı sinifdə oxuyanda riyaziyyat müəllimimiz varıydı. Çox yaxşı adamıydı. Mənə dedi ki, Şiraz, bala, dərslərini yaxşı oxuyursan, savadlı uşaqsan. Gəl sənədlərini düzüb qoşaq, get Naxçıvanskiyə. Orada da yaxşı oxuyarsan, gedərsən Hərbi Akademiyaya, kəsilsən də, get Gizirlər məktəbinə. Qoy dövlət babanın kölgəsi həmişə üstündə olsun. Deyək ki, buradan məzun oldun, əsgərliyə də getdin-gəldin, bir yerə girəsən, girə bilməyəsən, gəl məni eşit, get hərbçi ol. Mən də onu eşidib hərbçi oldum. Sonrası da hospitalda bənd aldıq. Yəqin, buradan da tərxis eliyərlər, çıxıb gedərəm işimə-gücümə…
Ardı burada: Zaur Bayramoğlu – Snayper
QEYD:
Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.
Müəllif: Zaur BAYRAMOĞLU
Zaur Bayramoğlunun rəsmi səhifəsi
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında
