Zaur Bayramoğlu – Snayper

Əvvəli burada: Zaur Bayramoğlu – Snayper

Həkim qız

I

Humay Tibb Universitetini bitirdikdən sonra başqa yerdə iş axtarmadı. İllərdir ki, kollektivi ilə doğmalaşdığı hospitalda qalıb işləməyə qərar verdi. Amma daha tibb bacısı kimi çalışdığı travmatologiyada deyil, neyrocərrahiyyə şöbəsində çalışacaqdı. Bu şöbə əsas korpusla üzbəüz binada, ikinci mərtəbədə yerləşir, onkologiya ilə birlikdə binanın sağ qanadını bölüşürdü.

Humay Səidə ilə uzun fasilədən sonra, Tibb Universitetindən məzun olanda görüşmüşdü. Səidə onun diplom alma mərasimində iştirak edərək sevincinə şərik olmuşdu. Bağrına basıb doyunca öpmüş, uzun illərdən sonra, nəhayət, bu günə şahid olduğu üçün ürəyində Allaha xeyli şükür  etmişdi.. Son görüşləri isə milli-azadlıq hərəkatından tanıdıqları, rus imperiyasına qarşı çiyin-çiyinə mübarizə apardıqları Qorxmazın toyunda olmuşdu. Kimlər yox idi ki, orada… Şeirlərinin vurğunu olduqları Məmməd Araz, Qənimət, Qulamhüseyn, Söhrab, Bahəddin…. Toya dəvət olunan qonaqların çıxışlarıyla meydan hərəkatına qayıtmış, şəhidlərimizi anmışdılar. Toy başlananda ilk söz Yaqub Zurufçuya verilmişdi. Hər kəs ayağa qalxmış, “Ayrılıq” mahnısını onunla birlikdə xorla oxumuşdu. Sonra Əlisəfa anıldı. Sırayla söz alan natiqlər sanki onun özü də məclisdə, iştirakçıların arasındaymış kimi danışır, təməlini qoyduğu “Yurd”un Azərbaycan ictimai-siyasi həyatındakı rolundan bəhs edirdilər. Ağakərimin oxuduğu muğamlarla milli duyğuları qabarır, Flora Kərimovanın “Şuşam mənim” mahnısı ilə gözlərindən həsrət yaşları ələnirdi… Və o axşam “Lalə” şadlıq evindəki məclis bir cütlüyün toyu deyildi, daha çox ömrünü, həyatını milli-azadlıq mücadiləsinə həsr etmiş qəhrəmanların nostalgiya gecəsi idi…

Humay yeni evlənənlərə xoşbəxtlik diləmək, xoş arzularını söyləmək üçün dəvət olunanda musiqiçilərə yaxınlaşıb mikrofonu tamadadan aldı:

– Bizim əzizimiz, özü də adı kimi Qorxmaz, mübariz olan Qorxmaz bəy!

Humayın gözlərinə baxan Qorxmaz orada meydan hərəkatını, coşub-dalğalanan insan dənizini gördü. Qara saçlı dalğaların arasından ağ köpük kimi görünən yumruqlar gah yoxa çıxır, gah şahə qalxıb havada yellənirdi. Yüzlərcə “Azadlıq”, “İstefa” və başqa tələblər yazılmış gəmilər dalğaların arasında batıb-çıxır, fırtınadan suyun üstündə çör-çöp kimi oynayırdı. İllərdir ki, mübarizə yoldaşlarının dilindən düşməyən “Mən Qorxmazam” replikasını xatırladı, dodağı qaçdı. Humayın gözlərindəki dəniz kükrəyir, səsgücləndiricilərdən incə, məlahətli səsi gəlirdi:

         –  Bu gün taleyinizi birləşdirdiyiniz dəyərli xanımınızla birlikdə xoşbəxt olmağınızı diləyirəm. Biz dostlarınızın sizin gözəl ailə başçısı, fədakar həyat yoldaşı olacağınızdan şübhəsi yoxdur. Sizə özünüz kimi mərd, igid, vətənə, millətə xeyirli övladlar arzulayıram. Bir daha təbriklər, Qorxmaz bəy. Xoşbəxt olun!

Humay təbrikini bitirib yerinə gedərkən kükrəyən dənizi də gözlərində apardı…

Məclis bitib qonaqlar dağılmağa başlayanda restoranın həyətinə çıxan Humay Səidənin qoluna girib:

         – Bu gün çox gözəl gündü, Səidə. Həm dostlarımızdan daha biri evlənib ailə sahibi oldu, həm də Qorxmazın sayəsində köhnə dostlarla bir yerə toplaşıb keçmiş günləri yad etdik.

        Səidə gülümsünərək onun sözlərini təsdiq etdi:

        –  Haqlısan, Humu. Bu gün mən də hər kəs kimi dejavu yaşadım. Yaqub Zurufçunun “Ayrılıq”ıyla meydan hərəkatına qayıtdım, Flora xanım “Şuşam mənim”i oxuyanda həsrətdən ürəyimin başı göynədi, gözlərim yaşardı…

Sonra yenə araya aylar, illər girdi. Səidə vəzifədə yüksəlmiş, Ali Məhkəməyə təyinat almışdı. Humay bunları salam göndərib-salam aldıqları ortaq dostlarından eşidir, Səidənin yerinə fərəhlənib köksü qabarırdı. Elə onun özünün də işləri az deyildi. Kəndlərinə son dəfə məzun olanda getmişdi. Keçən müddətdə artıq Tibb Universitetinin internaturasında təhsil almış, bir tərəfdən də xəstələrinin qayğısına qalmağa çalışmışdı. O, müxtəlif səbəblərdən hospitala müalicəyə gələn əsgərlərlərlə, sadəcə olaraq, həkim kimi rəftar etmirdi. Həm də onların anası, bacısı, sirdaşı olmağa çalışır, dərdləri ilə dərdlənib, sevincləri ilə şadlanırdı. Hələ də Lətifəgilin həyətindəki kiçik birotaqlı mənzildə kirayənişin yaşayırdı. Artıq Lətifənin nəvələri də böyümüş, nazlı-qəmzəli qızlar olmuşdular…

Və ömürdən-gündən keçən günlər bəndini yıxmış sel kimi axıb gedirdi.

II

Həkim təyin olunduqdan sonra ilk xəstəsi Cəlilabaddan olan Elnur adında əsgər idi…

Elnur cəbhənin Ağdam istiqamətində, ön xətdə xidmət edirdi. Digər əsgərlər kimi, o da növbədə olmadığı vaxtlarda fürsət tapdıqca komandirlərinin gözündən yayınıb yaxınlıqdakı üzümlüyə gedər, tənəklərin arasında uzanıb xəyallar qurardı. Bura müharibədə dəfələrlə əldən-ələ keçdiyindən hər tərəfində partlamamış sursat, ya da minalar ola bilərdi. Buna görə əsgərlərə üzümlüyə giriş qadağan olunmuşdu…

Gecə növbədə idi. Səhər saat altı radələrində döyüş postundan gəlib silahını təhvil verdi. Yemək yedi. Blindaja gedib yatmaq əvəzinə, gözdən yayınıb üzümlüyə yollandı. Tənəklərin arasındakı otluqda uzandı. Əli ilə otların arasından qalxıb üstünə hücum edən ağcaqanadları qovdu. “Andıra qalmışlar da elə bil məni gözləyirlər”, – deyə astadan donquldandı. Cibindən çıxardığı filtrsiz “Batra” siqaretini barmaqlarının arasında ovuşdurub yumşaltdı. Damağına qoyub yandırdı. Tüstüsünü ciyərlərinə çəkdi. Bir neçə saniyə tutub burnundan buraxdı. Üz-gözünü bürüyən tüstü pərdə kimi ağcaqanadlarla arasına girib onları uzaqlaşdırdı. Dikəlib çəkmələrini soyundu, baş-ayaq qoyub başının altına yerləşdirdi. Siqareti də bitdiyindən közün istisi dodaqlarını yandırırdı. Kötüyü yerə tüpürüb arxası üstə uzandı. Sakitlik idi. Ətrafında cəh-cəh vuran quşların səsindən, ağcaqanadların vızıltısından başqa səs eşidilmirdi. Xumarlanır, yatmaq istəyirdi. Papağını soyunub üzünə qoyarkən son dəfə göyə, başının üstündən uçub getməkdə olan quşlara baxdı, dərindən bir ah çəkib dodaqlarını büzdü. O an nəyə heyfisləndiyini heç özü də bilmirdi. Oxuya bilməməsinəmi, aylardır evlərindən-eşiklərindən xəbər ala bilməməsinəmi, ya dostları üçün darıxdığınamı? Bəlkə, o an nəyə darıxdığını, ürəyinin niyə sıxıldığını heç özü də bilmirdi…

Alma ağacının altında qolunu qatlayıb başının altına qoyaraq uzanmışdı. Göyün ən yuxarısından baxan günəşin şüaları yarpaqların, yetişib-sulanmış qırmızıyanaq meyvələrin arasından süzülüb üstünə düşür, sir-sifətində oynayırdı. Almalar şişib-böyüməyə başlamışdı. Yekəldikcə ağırlaşıb asıldığı budaqları da özləri ilə bərabər aşağı çəkirdilər. Elnur gözlərini şişib az qala qarpız boyda olan almalardan çəkə bilmirdi. Rəngi getdikcə qızaran almalar meyvədən çox kristallaşmış qan kürəsinə bənzəyirdilər. Həyəcanla nə olacağını gözləyirdi. Qorxu içində gözlərini yumdu. Bir saniyə sonra eşitdiyi çatırtıya yenidən açdı. Budaq çatlamışdı, almalardan biri yerindən qopub üstünə düşəcəkdi. Durub qaçmaq istədi, bacarmadı. Sanki iflic olmuşdu. Sinəsinin üstünə çökmüş ağırlıq nəfəsini kəsir, yerə sıxıb hərəkət etməsinə, qalxıb təhlükədən qaçmasına mane olurdu. Budaq çatırdadığı yerdən qırıldı. Alma sürətlə onun üstünə düşərkən bütün gücünü toplayıb var gücü ilə bağırdı, uzandığı yerdə çevrilərək qaçmaq istədi. Üzüaşağı düşərkən alnı zərblə yerə toxundu. Eşitdiyi gurultudan qulaqları sağır oldu. Alnının toxunduğu yerdən qalxan alov topası ətrafı qarsaladı. Aldığı güclü təkan onu bir neçə metr kənara atdı.

Nə baş verdiyini anlamırdı. Dizlərinin üstündə çöküb qalmışdı. Alın sümüyü sınıb arxaya yatmış, dərisi yanıb qarsalanmış, qaşları, saçları ütülmüşdü. Gözləri yuvalarından çıxıb yanaqlarından süzülmüş, qulaqları, burnu parçalanmışdı…. Və o, kimisə tutub saxlamaq istəyirmişcəsinə qollarını dirsəklərindən büküb irəli uzatmış, avazı çıxdıqca bağırırdı. Şokda olduğundan heç nə hiss etmirdi. Bütün duyğu orqanlarından məhrum olmuşdu.

Yoldaşları partlayışın səsini eşitdiklərində öncə blindajdan çıxıb səngərə qaçışdılar. Cəbhə xəttində sakitlik olduğunu görüb Elnurun bağırtısı gələn tərəfə boylandılar. Lakin sıx tənəklərin arasından nəsə görmək mümkün deyildi. Bu vaxt post komandirinin komandası eşidildi:

        – Cəld olun, səs gələn tərəfə gedin, görün nə baş verir? Üzümlüyə doğru qaçışan əsgərlərin ardınca, – ehtiyatlı olun, minaya düşərsiniz! – deyə bağırdı.

Komandir artıq nə baş verdiyini anlamışdı. Əsəbdən, həyəcandan əlləri əsir, yanağı, dodaqları səyriyirdi. Yaxınlıqdakı torpaq qalağının üstünə çökdü. Yandırdığı siqaretini dodaqlarından ayırmadan acgözlüklə sümürür, Elnurdan gələcək xəbəri gözləyirdi.

Əsgər yoldaşları yetişib onu çiyinlərindən tutub uzatmaq istədilər. O, var gücü ilə müqavimət göstərir, avazı gəldikcə bağırırdı.

Əsgərlərdən biri blindaja tərəf dönərək:

          – Sanitar, sanitar gəlsin, – deyə bağırdı.

Sanitar yanlarında idi, lakin tibb ləvazimatları olan çantasını gətirməmişdi. Tələsik qaçaraq blindajdan çantasını götürdü. Geri dönərkən hələ də torpaq qalağının üstündə oturub siqareti siqaretin közünə yandıran komandirə:

        –  Komandir, təcili yardım çağırın, – deyə xəbərdarlıq etdi.

        –  Elnura nə olub?

        –  Bilmirəm, komandir, ancaq sifəti yerində yoxdur, – deyib hadisə yerinə tələsdi.

Komandir:

        – Əclaf köpəyoğlu, özünü də yandırdın, məni də, – deyə qıcadığı dişlərinin arasından tüpürdü. Əlləri ilə dizlərinə dəstək verib ayağa qalxdı. Səndələyə-səndələyə blindaja gəlib qapının yanındakı “TA-57” markalı səhra telefonunun dəstəyini qaldırdı. Aparatın böyründəki qolu bir neçə dəfə çevirib səbrsizliklə gözləməyə başladı. Bölüyün dayaq məntəqəsindəki əsgər dəstəyi qaldıranda onun özünü təqdim etməsinə imkan vermədən məruzə etdi:

        – Üçüncü post ərazisindəki üzümlükdə bilinməyən sursat səbəbindən partlayış baş vermişdir. Əsgər Nağıyev ağır yaralanmışdır. Müvafiq tədbir görməyinizi və postun ərazisinə təxliyə üçün maşın göndərməyinizi xahiş edirəm. Məruzə etdi post böyüyü gizir Abdulov.

Posta göndərilən “UAZ” maşını Elnuru komanda-müşahidə məntəqəsinə gətirmişdi. Buradan təxliyə olunduğu Sarıcalı hospitalındakı həkim briqadası yaralının klinik vəziyyətini dəyərləndirərək yerli şəraitdə onu əməliyyat etmənin ağır nəticələri ola biləcəyi qərarına gəldi. İlkin tibbi yardım göstərərək Bakıya məlumat verib təxliyə helikopteri istədilər… Elə həmin günün axşamı Mərkəzi Hərbi Klinik Hospitala çatdırılan Elnur səkkiz saatlıq ağır əməliyyatdan sonra reanimasiyaya köçürülmüşdü…

Və indi neyrocərrahiyyə şöbəsində, ağır xəstələr üçün ayrılmış intensiv terapiya palatasında müalicə alırdı.

Humay Elnurun hospitala gətirildiyi gecə növbədə olduğundan şöbə müdiri Çingiz həkimlə birlikdə əməliyyata qatılmışdı. Neyrocərrah, oftalmoloq, lor və travmatoloqlardan ibarət həkim briqadasının birlikdə keçirdiyi uzun çəkən ağır əməliyyatdan sonra xəstə narkozdan ayıldılaraq güclü iynələrlə yatırılmış, həkimlər isə istirahətə yollanmışdılar.

Səhərə yaxın evə gələn Humayın yorğunluqdan, yuxusuzluqdan ayaq üstə dayanmağa taqəti yox idi. Əynini dəyişib duş aldı, bir stəkan çay içib yatağına uzandı.

“İlahi, bu uşaq hansı şəraitdə yaralanıb belə?” – deyə fikrindən keçirir, sualına cavab tapa bilmirdi, – axı alın sümüyü insan bədənindəki ən möhkəm sümüklərdən biridir, min beş yüz kiloqrama qədər zərbəyə tab gətirir. Bu uşağın alın sümüyü qırılıb, qırıqların çölə tərəfki iti ucları yanıb, beyni də ki, o vəziyyətdə… Dünya qədər gematoma çıxardıq… Görəsən, yaşayacaqmı? Yaşasa belə, heç olmasa yaddaşı silinməyəcək, qulaqları eşidəcəkmi?” Dərindən bir ah çəkib böyrü üstə döndü. Ona elə gəlirdi ki, ürəyi qabırğalarının altında şar kimi şişib köksünə sığmırdı. Boğulacağını düşündü. Qalxıb yatağında oturdu: “Bəs bu uşağın valideynləri? Hökumət onlara nə cavab verəcək? Döyüş yox, bir şey yox, sənin balanı harada bu günə qoyduq deyəcəklər? Yenə güllə yarası olsaydı, dərd yarı, amma bu, tamam başqa şeydir…” Üzüaşağı çevrilib yastığını qucaqladı. Gözlərində gilələnən yaşlar kirpiklərindən süzülüb yastığa damcılayırdı…

Uşaqların səs-küyünə ayıldı. Lətifənin nəvələri həyətdə qaçdı-tutdu oynayırdılar. Cingiltili bağırtıları, şən qəhqəhələri hər iki tərəfdə sıralanmış evlərin divarlarında əks-səda verib dağılır, darvazadan aşıb küçəyə yayılırdı.

Yatağından qalxıb yerində doğruldu. keyiyən qollarını hərəkət etdirdi. Başını sağa-sola çevirib boynunu şaqqıldatdı. Saatına baxıb qaşlarını çatdı. On ikiyə qalırdı. Mətbəxə gedib dəmlədiyi çaydan bir stəkan içdi. İstirahət günü olsa da, Elnuru xatırlayıb işə yollandı. Gənc bir əsgərimiz ağır vəziyyətdəykən vicdanı ona istirahət etməyə imkan vermirdi. “Yəqin, indi valideynləri də gələr, ən azından təsəlli verərəm”, – deyib qalxdı, hospitalın yolunu tutdu. Doğrudan da, Elnurun valideynləri gəlmişdilər. Atası qəbul şöbəsinin önündə dayanıb oğlunun vəziyyəti haqqında məlumat almağa çalışır, anası ilə başqa bir qadın az aralıda dayanıb kirimişcə ağlayırdılar. Humay onları görəndə təsəlli verməyin o qədər də asan olmayacağını anladı. Üzərinə götürməyə hazırlaşdığı vəzifənin ağırlığından boynu bükülüb gözləri yerə dikildi. Çiyinləri sallandı, elə bil qolları da uzanıb dizlərinə çatırdı. Addımları yavaşıdı. ayaqlarını sürüməyə başladı, yaxınlaşıb salam verdikdə növbətçi tibb bacısı Humaya:

        –  Həkim, Elnurun valideynləridir, xəstə ilə görüşmək istəyirlər, – deyərək, sanki onun gəlişi ilə yaxasını qurtardığına sevinib başını aşağı saldı, işi ilə məşğul olmağa başladı.

        – Qızım, boyuna qurban, uşağın vəziyyəti necədir? – deyə soruşan ananın göz bulaqlarından sakitcə axan sular sellərə döndü, ağzından, burnundan da axmağa başladı. Humay çıxılmaz vəziyyətdə qalmışdı. Nə cavab verəydi? Gerçəkləri söyləyib onların ürəyinimi qıraydı, qorxudaydımı? Ətrafa boylanıb ümidsizcə kömək axtardı, kimsənin olmadığını görüb köks ötürdü, gözlərini dəsmalla ağzını tutaraq sakitcə hıçqıran qadının çiyninin üstündən ağaclara zilləyib:

        – Yaşayacaq, ana, ürəyinizi sıxmayın, həyati təhlükəsi yoxdur, – deyə bildi. Ancaq səsindəki inamsızlıq o qədər açıq-aydın sezilirdi ki, özü öz səsinə səksəndi. “Görəsən, əsgər, həqiqətən, yaşayacaqmı?” – deyə düşünüb gözlərini yerə dikdi. Çıxıb getməyə tələsdi. Ancaq ata ona mane oldu, önünə keçib:

        –  Həkim, mən uşağın atasıyam, hər şey yaxşıdırsa, onda niyə buraxmırlar, gedək uşağımızı görək? – deyə intizarla soruşdu.

        –  Dayı, xəstə reanimasiyadadır. Reanimasiya otağına da tibbi heyətdən başqa şəxslərin girişi qadağandır.

        –  Biz elə qapıdan baxıb qayıdacağıq, – deyə ana dilləndi.

        –  Anacan, ən ağır xəstələrimiz reanimasiyada yatır. Onların immunitetləri zəif olduğundan əlavə infeksiyalara, viruslara yoluxmaması üçün müalicələri təcrid olunmuş şəraitdə aparılır. Hətta reanimasiyanın tibb heyəti xaricində, qalan həkimlərin də ora girişi qadağandır.

         –  Qızım, sən reanimasiyadamı çalışırsan? Heç olmasa, sən girib uşağı görər, gəldiyimizi xəbər verərdin.

         –  Xeyr, ana, mən başqa şöbədə çalışıram. Amma yuxarı qalxıb reanimatoloqdan xahiş edərəm ki, övladınıza gəldiyinizi xəbər versin.

Ana ilə gəlmiş qadın:

         –  Mən də bibisiyəm, məndən də salam de, bunları da zəhmət olmasa, Elnura çatdırın, – deyib əlindəki un kisəsindən tikilmiş çantanı Humaya uzatdı, – tələsik evdən çıxdıq, elə bir toyuq qızardıb gətirmişik. Verin yesin.

Acı bir təbəssüm Humayın dodaqlarında dolanıb yuxarı qalxdı, yanaqlarında səyridi:

         –  Hələ ona yemək vermək olmaz, qoyun qalsın, sonra verərsiniz. İndi sistem altındadır, – deyib nəmlənən gözlərini gizlətmək üçün iti addımlarla uzaqlaşdı.

On gün sonra Elnur neyrocərrahiyyə şöbəsinə köçürüldü. Valideynləri də çıxıb getməmişdilər. Bakıda nə üz tutacaq qohumları, nə də ev tutacaq imkanları olmadığından hospitalın həyətindəki çardaqda yaşamışdılar. Ata səhər tezdən üçüncü mikrorayon bazarına gedib yarım kilo şor alır, Mamaşanın hospitalın yeməkxanasından gətirdiyi çörəyə yavanlıq edirdilər.

Mamaşa hələ də hospitalda yaşayırdı… Elə bil qadın heç qocalmamışdı. Ənlik-kirşan görməyən yanaqları tərtəmiz, əlləri gənc qız əliymiş kimi qırışsız, yupyumşaq idi. Hər zaman geyindiyi qara donu əynində, ağ kəlağayısı başında olardı. Bir xəstənin valideynlərinə analıq etdiyi ilk dəfə deyildi… Hərdən ata onun gətirdiyi çörəyi, ya da bir boşqab yeməyi yeməyə çəkinir: “Əsgərlərin payından gətirirsən, ay bacı, bizə görə üzünə söz gələr”, – deyirdi. Bunu eşidəndə Mamaşa bir anlıq daş kəsilib qalır, gözlərini valideynin gözlərinə elə zilləyirdi ki, elə bil baxışlarındakı burğacla onun beynini dəlib keçmək istəyir. Bir-birinə kip sıxdığı dodaqlarının arasından:

– Mən balalarımın payını heç kimə yedirtmərəm! Ac olmurlar, lap acından ölsünlər! Balalarım yeyib doyduqdan sonra mətbəxə girirəm, orada qalan yeməyi gətirib narahat, nigaran gözləyən valideynlərə verirəm.

Bu qadının kim olduğunu nəinki hospitalda müalicə alan əsgərlər, onların valideynləri, heç həkimlər də bilmirdilər. Özü hər kəsə Lənkəran xanının nəvəsi olduğunu söyləyirdi. Buna inananlar da vardı, inanmayanlar da… Bəziləri ondan şübhələnirdi. Düşmənə işləyən casus olduğunu iddia edənlər də vardı, ağır yaralılarımızın vəziyyəti haqqında məlumat göndərən agent olduğunu iddia edənlər də, Azərbaycan qadınının fədakarlığının, qayğıkeşliyinin rəmzi, yaşayan ana heykəli olduğunu söyləyənlər də… Hər halda üçüncülər digərlərindən qat-qat çox idilər. Və o adını bilmədikləri qadın hər kəsin anası, hər kəsin Mamaşası olaraq qalırdı. Hospitalın alaqapısından içəri girən hər kəsin qayğıya ehtiyacı vardı. Hər kəsin Mamaşası da vardı…

Bu on gündə Elnurun valideynləri talvarın altında yaşamaqdan yorulmuş, təngə gəlmişdilər. Bəzən palatalarda boş çarpayı olanda Mamaşa qadınları aparıb orada yatırdırdı. Onlar hərəsi bir çarpayıda yatsalar da, ikisi bir çarpayıda baş-ayaq yatsalar da, fikirləri Elnurun yanında qaldığından gözləri yumulur, beyinləri yatmırdı. Ata da onlar çəkdiklərini çəkirdi. Bütün günü düşüncələr içində, bütün günü bilinməzliyin ağırlığı altında siqareti siqaretə calayırdı. Yatmaq üçün yer olanda belə palataya getmir, elə çardağın altındakı taxta oturacaqlarda uzanıb gözünün acısını alırdı. Allahdan yay idi, havalar isti keçdiyindən üşümürdülər. Nəhayət, on günün tamamında Elnur reanimasiyadan çıxdı. Humay onu şöbəyə qəbul edib müayinə etdi. “Xəstəlik tarixçəsi” açaraq diaqnoz və müalicə təyinatını yazdı. Baş tibb bacısına lazımi göstərişlər verdikdən sonra valideynlərinə xəbər verilməsini tapşırdı. Ailəsi palataya, oğulları ilə görüşməyə gəldiyində həkim otağına gedib əyləşdi. Bir yerdə qərar tuta bilmirdi. Gah əlindəki qələmi oynadır, gah önündəki kağızları vərəqləyib oxuyurdu. Otağın önündən keçən addım səslərini dinşəyib: “Gəldilər”, – deyə səksəkə ilə ürəyindən keçirdi. Ayağa qalxıb pəncərənin önünə getdi. Elnurun yatdığı palatadan gələn ağlaşmalar, qarğımalar, Tanrıya üsyanlar bir-birini əvəz edirdi.

 Hələ tibb bacısı işlədiyi dövrdən valideynlərin ağılarına, nalələrinə, ağlaşmalarına çox şahid olmuşdu. O vaxtlardan yaddaşında silinməz iz qoymuş bir hadisəni xatırladı.

…Cəbhə bölgəsindən bir yaralı gətirmişdilər. Heç müharibədə də beləsini görməmiş, eşitməmişdi. Yevlaxdan olan əsgərimiz hansısa səbəbdən bitərəf bölgəyə keçmiş, orada da minaya düşmüşdü. Zərbə dalğasının onu götürüb atdığı yerdə daha bir minaya toxunmuşdu. Əsgərin hər iki qollarını dirsəkdən, ayaqlarını dizlərindən amputasiya etmişdilər. Gözləri tökülmüş, qulaqları, burnu parçalanmış, dodaqları yanıb ərimişdi. Çox dəhşətli, ağır vəziyyətdə idi. Həkimlərimiz əllərindən gələni əsirgəməmiş, hər kəsin ümidini üzdüyü yaralını həyata qaytarmışdılar. Amma bədbəxtlikdən yaralı əsgərin qohum-əqrəbadan ağır vərəm xəstəsi olan anasından başqa kimsəsi yox idi… Və anası bir gün Humayı palataya çağırdı. O, palataya gələndə əsgər kəsilmiş ayağını döşəməyə sürtməyə çalışaraq inildəyirdi. Humay yaxınlaşıb yaralı əsgərin ütülmüş saçlarını oxşadı:

          –  Nə olub, qaqaş, haran ağrıyır? – deyə soruşdu.

          –  Dabanım elə qaşınır ki, ürəyim keçələşir, qaşıyın da dabanımı.

Humay tutuldu. Bir yaralının anasına, bir özünə baxır, deməyə söz tapa bilmirdi. Axı olmayan dabanı necə qaşıyaydı? Göz bulaqlarında tumurcuqlanan yaşları geri udub:

          – Qaqaş, qaşınan dabanın deyil ki, sinirlərdir, – deyib dayandı, “sənin ayaqların amputasiya olunub, ancaq sinir yaddaşı hələ oyaqdır”, – deyə bilmədi. Baş tibb bacısının onu çağırmasını fürsət bilib getmək istəyəndə yaralının anası qolundan tutub palatanın küncünə çəkdi:

         – Qızım, mən ağır vərəməm, bu gün-sabahlıq ömrüm qalıb. Bu yazığı aparıb necə baxacam? Deyək ki, ölənə qədər baxdım, bəs sonra? Bir qohumumuz-qardaşımız da yoxdur ki, ona qahmar çıxa. Evdə tək qalıb acından, susuzluqdan öləcək. Dünən rəisinizdi də o hündürboy kişi? – deyib Humayın üzünə baxdı, sualının təsdiq edilməsini gözlədiyindən dayandı.

        –  Vitali həkimi deyirsiz? Bəli, şöbə müdiridir.

        –  Hə, qızım, bax, ona da dedim, az qaldı ki, məni öldürsün. Bir də sən danış, qoy bir iynə vursunlar, elə uşaq burada ölsün, öz əlimlə, öz gözümlə aparım, balamı basdırım, – deyib hıçqırdı.

Humay aldığı təklifin dəhşətindən yerindəcə dondu. Gözləri bərəlib hədəqəsindən çıxdı. Danışmağa cəhd etdi. Bir neçə dəfə ağzı açılıb-qapansa da, deməyə söz tapmadığından, ya da demək istədiyi sözləri elə qırtlağındaca geri qaytarıb udduğundan səsi çıxmadı. Bir ana, bir qadın bu təklifi necə edə bilərdi? Humay heç cür anlamır, anlamaq istəmirdi. Handan-hana özünə gəlib bir addım geri çəkildi. Sanki nəfəsini üzündə hiss etdiyi bu qadından iyrənir, vəbalıymış kimi qorxub qaçmaq istəyirdi. Lakin qadın onu buraxmaq niyyətində deyildi. Əllərini uzadıb onun sustalmış qollarından tutdu, razılıq almadan buraxmayacağını bildirmək istəyirmişcəsinə özünə tərəf çəkib:

         – Ayağının altında ölüm, ay bala, məgər mən dağ kimi övladımdan bezmişəmmi? – deyib əlini qoynuna salaraq bir şəkil çıxarıb Humaya göstərdi, – bax, qızım, yaxşı bax, gör heç orada yatan oğlana bənzəyirmi?

Humay fotoşəkilə baxdı. Əsgər paltarındakı qarayanız, boylu-buxunlu bir oğlan ona baxıb gülümsəyirdi.

        –  Bir də indiki halına bax. Güdül eliyib uzadıblar ora, – deyərək çarpayıda yatan oğlana dönüb baxdı, burnunu çəkərək davam etdi, – gəl mənim də dərmanlarıma bax, vacib olanları gətirib yığmışam siyirmənin gözünə, – deyib israrla onu çarpayının baş tərəfindəki dolaba tərəf çəkdi. – Sən də tibb bacısısan, elə həkim qədər bilirsən. O dərmanlara bax gör, bu ayın sonunu görə biləcəyəmmi?

Öskürək qadını boğduğundan daha danışa bilmədi. Öncə ikiqat oldu, sonra isə çarpayının üstünə yıxıldı. Hər dəfə öskürdükcə elə bil qadının ciyərləri sökülüb yerindən çıxacaqdı.

Humay qadının təklifindən o qədər iyrənmişdi ki, o, öskürəyin təsirindən nəfəssiz qalıb çarpayının üstünə yıxılanda yardım etməyi deyil, qaçmağı düşündü. Arxasına dönüb iti addımlarla palatadan çıxdı.

Daha sonra o qadınla üz-üzə gəlməmək üçün həmin palataya getmir, oradakı xəstələrinə iynə vurmaq, ya da sistem qoşmaq lazım olanda iynə otağına çağırtdırırdı. Sağ-salamat təxliyə olunduğunu bildiyi xəstənin sonrakı taleyindən xəbərsiz idi. Heç maraqlanmamış, başına nə gəldiyini öyrənmək istəməmişdi də. İndi pəncərənin önündə dayanıb palatadan gələn ağlaşmaları, ah-vayları dinlədikdə təsadüfmüydü, ya nə idi, o əsgərlə anasını xatırlamışdı.

Çöldə günəş var idi, amma yağış da yağırdı. Pəncərədən süzülüb tökülən su ətrafı görməsinə mane olurdu. Qoynunda çarpazladığı qollarını açdı. Xalatının cibindən yaylığını götürüb şüşəni sildi. Nə qədər silirdisə-silsin, şüşə qurulanmır, əksinə, daha da islanırdı. Təəccüblə dəsmalı pəncərədən ayırıb baxdı. Bu dəfə də suyun dəsmalın üstü ilə axdığını gördü. “Bu nədi, nə baş verir?” – deyə heyrətlə öz-özündən soruşdu. Dizləri qatlandı, arxası üstə döşəməyə yıxıldı.

Həkim otağının qapısının ağzından keçən tibb bacılarından biri içəridən gələn tappıltıya səksənib dayandı, qapını açaraq içəri boylandı.

… Özünə gəldikdə, onu qaldırıb stulda oturtmuşdular. Kimsə burnuna söykədiyi kəskin iyli dəsmalı geri çəkib:

        – Həkim, özünə gəlir, – dedi.

“Bayaq dəsmalın üstündən sellər axırdı, indi də suyu çəkilib, amma iyi lap adamı boğur, bu nə işdi belə, düşmüşəm?” –deyə öz-özünə mızıldanırdı. Nə dediyi anlaşılmadığından ətrafındakılar: “Bəlkə, təkrar deyər” ümidi ilə gözlərini üzünə zillədilər. Fənər kimi işıldayan gözlərdən qorxub vahimələndi. Oturduğu yerdəcə büzüşüb yumağa döndü. Heç nə görməmək üçün gözlərini yumub başını aşağı saldı. Şöbə rəisinin məzəmmət dolu səsini eşitdi:

        –  On gündür ki, fasiləsiz işləyirsən. Salırsan cavanlığına, söz də eşitmirsən. Elə indi çıx get evinə. İki-üç gün istirahət elə. Mən çağırtdırmamış da işə gəlmə!

Dillənmək, etiraz etmək istədi, lakin şöbə müdirinin qətiyyəti qarşısında cəsarət edə bilməyib susdu. Qoluna girdilər. Ayağa qalxdı. Stulun ayaqlarının sürüşdüyünü hiss edəndə gözlərini açdı. Şöbə rəisi həkim otağından çıxıb getməkdə idi. Arxasınca səslənmək, yorğun olmadığını demək istədi. Danışmağa heyi olmadığından susub dayandı. Qoluna girmiş tibb bacısı onu çəkişdirirdi:

          –  Gəlin, doktor, gəlin sizi ötürüm evinizə.

          –  Yox, istəmirəm, özüm gedəcəm.

          – Halınız yaxşı deyil, doktor, həm də baş həkim tapşırdı, evinizə ötürməsəm, məni danlayacaq, özünüz xasiyyətinə bələdsiniz.

Humay iş yoldaşlarından hansınınsa onunla gəlməsini istəmirdi…

Hospitalda işlədiyi bu neçə ildə heç özünü düşünməmişdi. İllərdir ki, hər ay məvacibini üç yerə bölürdü. Bir qismini kəndə, ailəsinə göndərir, digər qismini hospitalda müalicə olunan xəstələrin ehtiyaclarına xərcləyir, üçüncü hissəsini isə özünə ayırırdı. Və əmək haqqının üçdə biri ona ancaq Lətifə xanımın doqquz kvadrat metrlik ümumi mətbəx və hamamı olan kiçik otağında kirayənişin yaşayıb qıt-qənaət keçinməyə çatırdı.

İndi tibb bacısı onu evlərinə ötürmək istədiyini deyəndə mebel adına bir yemək stolu, iki stul, bir paltar dolabı, bir asılqanı olan, kitablarını belə stolun üstünə, pəncərəyə yığıb, qalanlarını da küncdə qalaqladığı, tutacağından divara asdığı radiodan xəbərlərə qulaq asdığı otağına aparmağa utanmışdı. Hospitalın darvazasında onu müşayiət edən tibb bacısını geri qaytarıb tək-tənha evə yollanarkən: “Neçə ildir, heç özümü düşünməmişəm. Ölüyə də dirilik lazımdır, diriyə də. Gərək bundan sonra özümə də binagüzarlıq eləyəm”, – deyə düşünürdü. Otağına gəlib qapını açdı. İçəri keçdi. Addım atmağa taqəti qalmamışdı. Əli açıldı, çantanın qulpu barmaqlarından sürüşüb yerə düşdü. Ayaqlarını sürüyərək iki addım atıb çarpayıya yıxıldı. Üzüqoylu düşüb qalmışdı. Gözlərini yumdu. Heç nə düşünmək istəmir, israrla beynindəki keçmiş xatirələri, bu gün Elnurun palatasından bir-birinə qarışaraq dəhşətli uğultuya dönüb onun qulaqlarınadək gələn ağıları uzaqlaşdırmaq istəyir, bacarmırdı. Elnurun əməliyyat masasındakı halı gəldi gözlərinin önünə. Arxası üstə uzadılmış, çənəsindən aşağısı ağ örtüyün, yuxarısı al qanın içində olan baş fiquru… Öncə Sarıcalıda qoyulmuş və yanmış dəriyə, dağılmış göz almasına, toz-torpağa, tər qarışmış qan bulaşdığından qandan çox, mazuta oxşayan mayeyə bulaşmış sarğı bezi… Əsl dəhşət sarğı açıldıqca üzə çıxır, əməliyyat rəhbəri yaralının vəziyyətinə baxıb “bu, çətin sağalar”, – anlamında başını yelləyirdi. Sarğı açılıb yaralı nahiyələr laxtalanmış qandan təmizləndikdən sonra əməliyyat rəhbəri əllərini açıb: “Özün kömək ol, ya Rəbbim, əziyyətimizi əlimizə vermə”, – deyib cərrah bıçağını götürdü, sınıb-parçalanmış ucları beyinin alın payına daxil olmuş sümükləri ehtiyatla çıxardı. O qədər diqqətlə, o qədər ehtiyatla işləyirdi ki, kənardan baxan zaman lentin yavaşıdılmış axarına baxdığını zənn edərdi. Hər bir kapilyar damarı, hər bir sinir qaytanını, hər bir hüceyrəni, neyronu sağ gözünə taxdığı iri qalın böyüdücünün altından görməyə, heç birinə ziyan vermədən əməliyyatı başa çatdırmağa çalışırdı. Sümük parçaları təmizlənib üzdəki qəlpələr çıxarıldı. Hələ işin yarısına belə gəlməmişdilər, partlamış beyindaxili damarları tikmək, parçalanmış sinirləri bərpa etmək lazım idi. Həkim bu işləri görərkən yanında dayanmış tibb bacısı işarə ilə göstərilən alətləri verir, digəri onun alnından, gicgahlarından puçur-puçur süzülən tərini qurulayır, qana bulanmış maskasını, önlüyünü dəyişdirirdi. Beyin cərrahı xəstənin baş tərəfində dayanıb onun beynini əməliyyat edərkən sağda dayanan oftalmoloq göz yuvasında qalmış göz almasının artıqlarını təmizləyir, dəlik-deşik olmuş göz qapaqlarını tikib-bərpa etməyə çalışırdı. Sol tərəfdəki lor həkimi isə öz yardımçıları ilə bərabər parçalanmış burnun içinə dolmuş qəlpə, sümük qırıntıları, ət parçaları və qan laxtasını çıxararaq onu bərpa etməyə çalışırdılar.

Saatlardır ki, Humay neyrocərrahın yanında dayanıb ona yardım edir, göstərişlərini yerinə yetirməyə çalışırdı. Artıq oftalmoloq da, lor da öz vəzifələrini yerinə yetirib köməkçiləri ilə birlikdə getmişdilər. Neyrocərrah qrupu isə yorulmadan, dayanmadan çalışırdı. Çünki xəstənin sağalmasının da, sağaldıqdan sonra həyatına normal şəkildə davam etməsinin də onların əməliyyatının uğurlu keçməsindən asılı olduğunu yaxşı bilirdilər. Əməliyyat rəhbəri əməliyyatın əsas hissəsini bitirib belini dikəltdi. Saatlardır xəstənin üstünə əyilib işlədiyindən beli tutulmuşdu. Əlini belinə qoyub üz-gözünü turşutdu. Humay onun üzünə baxdıqda böyüdücünün örtmədiyi tək gözündə uğurla qarışmış yorğunluğun sevinc dolu işartısını gördü. Həkim bir addım geri çəkilərək önlüyünü soyundurması üçün tibb bacısına dönərkən Humaya:

          –  Doktor, gematomanı təmizləyib yaranın üstünü implantla bağlayın, – dedi.

Humay da öncə bir neçə dəfə neyrocərrahiyyə əməliyyatında iştirak etsə də, bu onun tibbi karyerasında təkbaşına həyata keçirəcəyi ilk kranioplastika əməliyyatı idi. Xəstənin vəziyyətini nəzərdən keçirdi. Nəfəs ala bilməsi üçün qırtlağından açılan yarığa süni nəfəs aparatı qoşulmuşdu. Bütün sifəti, gözləri sarğı altında idi. Bir tək qaşlarından yuxarısı sarılmamışdı. Beyni açıqda idi və üstünün örtülməsi üçün onu gözləyirdi. Anestezioloqla göz-gözə gəldilər. Onun da üz-gözündən yorğunluq yağırdı.

Gematomanı səliqə ilə təmizlədi. İmplantı tibb bacısından alıb alın sümüyünün yerinə yerləşdirdi.

Əməliyyatı bitirdikdən sonra sarğı qoyulması üçün kənara çəkildi. Maskasını və önlüyünü soyunub tibb bacısına:

         –  Gözləyin, xəstə narkozdan ayılsın, aparıb reanimasiyaya yerləşdirərsiniz, – deyə təlimat verib əməliyyat otağından çıxdı.

        … İndi Elnurun palataya köçürülməsini xatırladı. Üst dodağından yuxarısı sarğı altında idi. Burnunun uc qismi, qulaqları amputasiya olunduğundan sarğı altındakı şey insan başından çox ağ bezlə sarınmış silindirə oxşayırdı. Görəsən, valideynləri nə reaksiya verəcək, övladlarının bu halı ilə barışa biləcəkdilərmi? Bayaq palatadan gələn uğultunu xatırladı…. Nəsə pis şeylər olacağını hiss edirdi.

III

Dağın zirvəsinə yaxın bir yerdə, sıx kolların arasında gizlənmişdi. Yarpaqların arasından ətrafında qarışqa kimi qaynayan düşmən əsgərlərini izləyir, heç bir hərəkətlərini gözdən qoymamağa çalışırdı. Komandirləri arabir boğuq səslə: “Onu diri tutun! – deyə bağırır, söyüşlər yağdırırdı. Başını qaldırıb pərlərin havanı yararkən çıxardıqları səsə baxdı. İki helikopter yuxarıda dövrə vurur, başlarını pəncərədən çıxaran əsgərlər gözlərinə söykədikləri binokllarla onu axtarırdılar. Tez sürünüb az aralıdakı itburnu kolunun altına girdi. Ayaqlarını çəkib qarnına yığdı. Kolun yarpaqlarının altında büzüşüb yumağa dönmüşdü. Yaxınlıqda hürən itlərin qorxusundan nəfəs ala bilmirdi. Avtomatlardan, pulemyotlardan yaylım atəşi açıldı. Güllələrin havanı yararaq çıxardıqları səslərə qulaq kəsilib: “Yox, bunlar hədəfə atmırlar, xəbərləşirlər”, – deyə düşündü. Yaxınlıqda kol-kosu tapdalayıb əzərək hərəkət edən düşmənlərin ayaq səslərini eşidirdi. İtlərdən biri əsgərlərin yanından aralanaraq ov tapmış tazı kimi sevinclə hürə-hürə onun altında gizləndiyi itburnu koluna tərəf cumdu. “Mənimki bura qədərmiş…”, – deyə düşünüb özünü öldürmək istədi. Amma üstündə nə gülləsi vardı, nə də bıçağı. “Bəlkə, arxadan güllələyərlər, əsir düşmərəm”,– düşüncəsi ilə gizləndiyi yerdən çıxıb qaçmaq istədi. Nə qədər elədisə, ayağa qalxa bilmirdi. Sanki iflic olmuşdu. İt üzərinə atlayanda var səsi ilə bağırıb kömək istədi…

Öz səsinə yuxudan ayıldı. Qan-tərin içində boğulur, ürəyi çəkic kimi qabırğalarını döyəcləyirdi. Gözlərini açıb otağa baxdı. Hər şeyi hallusinasiyaya dönüb gözləri önündə asılı qalan yuxunun arxasından görürdü. Ayın pəncərədən süzülən solğun işığından öncə harada olduğunu müəyyənləşdirə bilmədi.

Təhlükəsizlikdə olduğunu yəqin etdikdən sonra qalxıb yerinin içində oturdu. Gərginlikdən keyimiş sir-sifətini, zoqquldayan gicgahlarını, qurumuş boynunu ovuşdurdu. Bir neçə dəqiqə keçdi. Əllərini dizlərinə dəstək verərək qalxdı. Ləpələrin üstündə yırğalanan taxta parçası kimi səndələyir, ayaq üstə durmaqda çətinlik çəkirdi. Divardan tuta-tuta elektrik açarının tapıb işığı yandırdı. Masanın üstündəki qrafindən bir stəkan su süzüb içdi. Stula çöküb masaya dirsəkləndi, başını əllərinin arasına aldı. “İlahi, bu nə yuxuydu belə? – deyə öz-özündən soruşdu,- deyəsən, Çingiz doktor haqlıdır. Son vaxtlar heç özümü düşünmürəm. Varsa da iş, yoxsa da iş… Bir neçə gün adam kimi dincəlməliyəm”. Dikəlib stulun arxalığına söykəndi, saatına baxdı. On ikiyə işləmişdi. Saatı dodaqlarına yaxınlaşdırıb öpdü, ah çəkib:

        – Ah, Elçin, Elçin! Biz niyə belə olduq? – deyə soruşdu. – Sənsizlik çox çətindi. Özümü ovutmaq üçün bütün günümü xəstələrlə keçirməyə, onların dərdləri, qayğıları ilə maraqlanmağa çalışıram. O günü Ruxa deyir ki, Humay xanım, belə getsə, əsgərlər sizin də adınızı “ikinci mamaşa” qoyacaqlar.

        – Ruxa kimdir?

        –  Rüxsarə də, sənə danışmışdım axı, bizim yeni baş tibb bacımız.

       Saatın sferblatından boylanan Elçin qaşlarını çatıb:

       –  Hə, Humu, xatırladım…

      Elçin bir an susub Humayın gözlərinə baxaraq davam etdi:

      –  Əsgərlərimizin qayğısına qalmağın məni sevindirir. Amma unutma ki, sən, sadəcə, onların gündəlik qayğıları ilə maraqlanmalı deyilsən. Sənin həm əsgərlərimizə, həm də vətənimizə verə biləcəyin ən böyük fayda öz savadınla, öz dərin elmin, əngin biliyinlə onların səhhətlərinin keşiyində təmənnasız dayanmaqdır.

Humay dodaqlarını büzərək:

          – Elçin, xəstələrimin gündəlik qayğıları ilə maraqlanıram deyəndə onların şəxsi ehtiyaclarını nəzərdə tutmuram ki… Bunun üçün başqaları, işi məhz bu olan sanitarlarımız və digər şəxslər var. Mən yaralı, ya da xəstələnmiş əsgərlərimizi psixoloji cəhətdən yeni həyatlarına hazırlamağa çalışıram. Onların valideynləri, yaxınları ilə profilaktik söhbətlər aparıram ki, bir də psixoloji travma almasınlar. Bax iki ay öncə Vüsal adında xəstəmiz vardı. Hospitala kəskin baş ağrıları ilə Haramı düzündən gətirmişdilər. Əsgərin sol gözü şişib qızarmışdı. Sağ gözü də davamlı sulanırdı. Hərbi hissənin tibb məntəqəsindən verilən diaqnoz kağızına kəskin günvurma yazılmışdı. Ancaq biz müayinə etdikdən sonra baxdıq ki, beyninin alın payında bədxassəli şiş var. Göndərdik, Əhmədlidə neyrocərrahiyyə xəstəxanasında əməliyyat olunub gəldi.

         –  Siz niyə əməliyyat etmədiniz?

         – Neyrocərrahiyə xəstəxanası məhz bu yöndə ixtisaslaşdığından imkanları bizimkindən daha genişdir…

         – Hə, bildim….

         – Axı bilirsən də, mirət xərçəngin müalicəsində əhvali-ruhiyyəni yaxşı saxlamağın, az qala, dərman müalicəsi qədər faydası olur. Nə isə, Vüsal Əhmədlidən gəldi, Çingiz doktordan xahiş edib onun müalicəsini öz üstümə götürdüm. Burada qaldığı müddətdə hər həftə sonu onu götürdüm, şəhərə çıxdıq. Qız qalasına, bulvara, muzeylərə apardım. Onunçün əlimdən gələni etdim, Elçin. Amma təəssüf ki, faydası olmadı. İki həftə öncə iynə vurub göndərdik ki, evlərinə çatsın. Nə isə, Vüsalın valideynlərini çağırıb söhbət etdim. Xahiş etdim ki, uşağın özünün xəstəliyindən xəbəri olmasın.

Humay göz bulaqlarında tumurcuqlanıb şişən büllur dənəciklərini gizlətmək üçün udqunub burnunu çəkdi.

         –  Sənin xeyirxahlığına, incə qəlbinə vurğunam, Humu. Hər zaman belə ol.

         –  Savaşın yarımçıq qalması faydamızamı oldu, zərərimizəmi?… Bunu bilmirəm, Elçin, düzü, heç bu işlərlə beynimi yormaq da istəmirəm. Bizim dövrümüzün gəncliyinin tək idealı, həyatının tək qayəsi vardı – istiqlaliyyətimizə qovuşmaq. Şükür, artıq müstəqil dövlətik. Amma təəssüf ki, azadlığımıza qovuşarkən itkilər də verdik. 20 Yanvar, Qarabağ şəhidlərimiz kimi. Bir də o boyda Qarabağımızı girov verdik. Hələ ki dünya gücləri ATƏT-lə, Minsk qrupu ilə başımızı aldadır, gələcəkdə nə olacaq, kimsə bilmir.

       –  Nə var, nə ola, ay Humu? Sən heç eşitmisən ki, kimsə işğal etdiyi torpaqdan öz xoşuna çıxsın? Ermənilər də çıxmayacaq. Gec-tez müharibə olacaq.

      –  Hə, Elçin, mən də elə düşünürəm. Allah-Allah deməklə donuz darıdan çıxmaz. Biz də torpağımızdan keçmərik. Ona görə də nə vaxtsa müharibə olacaq.

      – İndi dövlətimizin ən başlıca vəzifəsi nizami ordu quruculuğunda əlindən gələni etmək, əsgərlərimizi ən müasir silah-sursatla təmin etməkdir. Amma bunlardan daha vacibi orduda rüşvətxorluğun, korrupsiyanın kökünü kəsməkdir… Doğrudur, bunların heç birinə bir həkim olaraq sənin müdaxilə imkanın yoxdur. Sən ancaq bir həkim olaraq xəstə əsgərlərimizi tam və təmənnasız müalicə edə bilərsən. Bir də rastlaşdığın, tanıdığın hər əsgərimizin anası, hər zabitimizin bacısı olaraq onlara psixoloji dəstək verə, döyüş ruhlarının ən yüksək səviyyədə qalmasına yardım edə bilərsən.

       –  Elə mənim həyat qayəm, yaşama səbəbim də budur, Elçin. İnşallah, İkinci Qarabağ savaşı başlayanadək əsgərlərimizin həkim-mamaşaları olmağa davam edəcəm. Savaş başladıqda isə yenidən snayper tüfəngimi götürüb ordu sıralarına qatılacağam.

         – Məncə, sən savaş başlayanda həkim olaraq cəbhəyanı hospitallardan birinə gedib yaralılarımızı həyata qaytarmağa çalışsan, daha yaxşıdır.

         – Yox, Elçin, mənim verilmiş sözüm, alınacaq qisasım var. İnan mənə, hər gecə yatmadan savaşın bir an öncə başlaması üçün dua edirəm.

         – O savaş bir gün mütləq başlayacaq və biz torpaqlarımızı azad edəcəyik. Ancaq indi sən bunları düşünmə. Hadisələri qabaqlamağa çalışmadan layiqli vətəndaş və yaxşı həkim olmaq üçün bütün gücünlə, biliyinlə mübarizə apar.

Elçinin ayın gümüşü işığında saatın siferblatında görünən üzü getdikcə solğunlaşıb yoxa çıxdı.

Humay:

         –  Elçin, Elçin, getmə, bir az daha qal, – deyə saatına baxır, Elçinin xəyalına yalvarırdı.

Amma o, həmişə olduğu kimi, xəbərsiz gəlib, sağollaşmadan da çıxıb getmişdi. Humay saatın əqrəblərinə baxdı. İkiyə işləmişdi. Qollarını dizlərinin arasında sıxıb başını aşağı saldı:

         – Ah, bircə müharibə başlayaydı, – deyə qəlbindən keçirdi. Qalxıb mətbəxə getdi. Qaz plitəsinin üstündə, xəfif alovun kənarında dızıldayan çaydanı götürüb bir stəkan çay süzdü. Elə oradaca əyləşib çayını içdi. Otağına dönərək çarpayısında uzanıb yatdı.

İki gün işə getmədi, üçüncü gün erkəndən yuxudan qalxdı. Yeməyini yeyib əynini dəyişdi, saçlarını darayarkən güzgüdə özünə baxdı. Rəngi açılmış, özünə gəlmişdi. Həkim xalatını dolabdan götürərək çantasına qoyub evdən çıxdı.

Məhəlləyə çıxıb hospitalın hasarının yanındakı yolla irəliləyərkən ətrafına baxıb axşam öz-özünə verdiyi qərarı təkrar edirdi. “Bu gün işdən gəlim, gedib yaxınlıqdakı binalardan birində evə baxacam. Burada tələbə vaxtı yaşayırdım. Anam, rəfiqələrim də qonaq gələndə sıxılmırdım. Hamısı tələbə olduğumu bilirdilər. Ancaq indi elə deyil axı. Həkim adamam, beyin cərrahıyam. Amma öz həyatım yox səviyyəsindədir. Bir rəfiqəmi, bir iş yoldaşımı evə dəvət edə bilmirəm. Yazıq anam keçən dəfə gələndə o ki var danladı ki, evə pul göndərməyim, gedim özümə əməlli ev tutum. Yox, belə olmaz, bu gün mütləq axtaracam”. Qəzet köşkünün önündən keçirdi, ayaq saxladı. Dönüb köşkün pəncərəsindən içəri boylandı. Satıcıya salam verib:

        –  Dayı, sizdə “Birja” varmı? – deyə soruşdu.

        –  Bəli, qızım, buyurun, – deyən satıcı qəzet dəstlərinin içindən birini seçib götürərək ona uzatdı.

Humay qəzeti alıb çantasına qoydu. “İşdə boş vaxtım olanda baxaram”, – deyə fikrindən keçirib hospitala yollandı. İşə gələndə çantasını postdakı masanın üstünə qoyub Elnurun yatdığı palataya yollandı. Onun tək olduğunu görüb təəccübləndi. Yaxınlaşıb saçlarını oxşadı:

        –  Sabahın xeyir, qaqaş.

       Elnurun dodaqları aralandı, fısıldadı, sonra əlini hulqumunda açılmış yarığın üstünə qoydu, güclə eşidiləcək səslə:

      –  Sabahınız xeyir, – deyə cavab verdi.

      –  Özünü necə hiss edirsən? Ağrın-acın yoxdu ki?

      –  Pisəm, həkim, ölmək istəyirəm.

     Humay əlini onun saçlarından çəkib çiyninə qoydu:

        – Sən güclü oğlansan, Elnur, bu cür travmadan sağ-salamat çıxmısan. Sənin kimi igid oğlana şikayət etmək, zarımaq yaraşmaz.

        –  Belə sağ çıxmaqdansa, ölmək yaxşıdı, – deyib əlini hulqumundakı yarıqdan çəkdi.

Humay onun daha artıq danışmaq istəmədiyini anladı:

        – Yaxşı, qaqaşım, sən istirahət et, mən də gedim, sənin müalicənlə maraqlanım.

Elnur heç nə demədi, başını yana çevirdi. Humay onun göz yuvalarında yığılan suyun üzünü sarıyan binti islatdığını gördü, amma daha artıq danışıb ürəyini sıxmaq istəmədiyindən susub palatadan çıxdı. Dəhlizdə növbətçi tibb bacısını görüb yanına çağırdı:

        –  Elnurun valideynləri haradadır, palatada görmədim.

        –  Hə, bu 10 nömrəlidəki uşağımı deyirsiz?

Humay sanki dəqiqləşdirmək istəyirmişcəsinə dönüb palataya tərəf boylandı:

        –  Hə də, cəlilabadlı əsgər, minaya düşən.

Tibb bacısı üz-gözünü turşutdu:

        – Üç gün öncə çıxıb getdilər.

        – Hara?

        –  Bilmirəm, yəqin ki, evlərinə.

Humay ya anlamır, ya da anlamaq istəmirdi:

         – Nə evi, evə getmək vaxtıdı? Uşaqlarını burada ağır vəziyyətdə qoyub hara getdilər? Nə vacib işləri varıydı ki, elə?

         – Mən haradan bilim, ay həkim. Həmən gün axşam mən növbəni yenicə təhvil almışdım. Palataları gəzir, xəstələrin iynələrini vururdum. Onların palatasına gələndə gördüm ki, şeylərini yığıb harasa getməyə hazırlaşırlar. Elnurun iynəsini vurub çıxarkən onlar da mənimlə çıxdılar. Soruşdum ki, bəs hara gedirsiniz? Dedilər, rayona. Dedim, bəs uşağın yanında kim qalacaq? Bibisidi-nədi, o kök arvad, – Humaydan cavab gözləmədən davam etdi, – hə, bax o şişko dedi ki, biz bunu əsgərə bu kökdə göndərməmişdik ki? Dövlət necə bu kökə salıb, elə də baxar.

       Humayın dəhşətdən ağzı açıla qalmışdı:

        –  Bəs anası, bəs atası? Onlar nə dedilər?

        –  Heç nə, mal kimi başlarını aşağı salıb şişkonun dalınca düşüb getdilər.

Humay yerindəcə quruyub qalmışdı. Nə deyəcəyini, nə edəcəyini bilmirdi. Handan-hana yanından keçib getmək istəyən tibb bacısının qolundan tutub:

        –  Elnur bilir?

Tibb bacısı qaşlarını çatıb:

– Nəyi? – deyə sözü uzadaraq ondan soruşdu. Humay sanki tibb bacısının nəyi deyə soruşarkən həm də ona: “Sizdə də çatmır e, həkim” demək istədiyini düşündü. Pərt olduğundan qızarıb-bozardı. Çantasını götürüb həkim otağına getdi. Az sonra iş vaxtı başlanmışdı. Humay şöbə müdiri ilə palataları gəzib xəstələri ziyarət edirdi. 10 nömrəli palatanın qabağına çatdıqda, Çingiz həkim ayaq saxladı. Dönüb Humayın üzünə baxdı. Göz-gözə gəldilər. İkisi də palataya girməyə tərəddüd edirdilər. Humay bir addım geri çəkildi. Çingiz həkim qapını itələyib açaraq iri addımlarla Elnurun çarpayısının yanına gəldi. O sanki üzünə qədər çəkdiyi yorğanın altına girib gizlənmişdi. Çingiz həkim yorğanın baş tərəfindən tutub qaldırdı, həmişəki kimi gur səsi ilə:

         – Elnur, bu gün necəsən? – deyə soruşdu.

Yorğan köhnə məzarın yaprıxmış torpağı kimi altındakı bədəni örtüb gizlətmişdi. Nə sarğılar içindəki baş, nə də bədən tərpənmədi. Quruyub qabıq qoymuş dodaqlar tərpənsə də, səs çıxmadı. Köhnə, yamaqlı körükdən yayılan fısıltı otağa yayıldı.

         – Oğlum, əlini boğazındakı deşiyə qoy, yoxsa danışa bilməzsən.

Humay Elnurun sarğı altındakı üz-gözünü laqeydliklə turşutduğunu gördü, ya da düşündü. O əslində heç nə etməmişdi, elə bayaqkı kimi sakit dayanmaqda idi. Çingiz həkim çarpayının baş tərəfindəki kətili altına çəkib oturdu, əlini salıb Elnurun əlini yorğanın altından tapıb çıxardı. Ovcunda tutaraq:

        –  Oğlum, sən başına gələnlər üçün heç kimdən küsmə, nə də kimisə qınama. Həyatdır, hər kəsin bir qisməti var. Həyatda heç kim, heç nə öz başına deyil. Bunu heç vaxt unutma, oğlum. Sənin başına bu iş gəlməliymiş ki, gəldi. İndi əsgərlikdəydin, mina partlayış travması aldın. Mülki həyatda olsaydın da, yenə başına oxşar bir hadisə gələcəkdi. Çünki sənin alnına o gün başından travma almaq yazılıbmış. Sənə olmuş bir hadisə danışacam. Mənim bir dostum var. Oğlu tibb institutunda oxuyurdu. Bu ilin fevralında anası tezdən yuxudan qaldırıb ki, bala, dur get dərsinə. Uşaq gedib əl-üzünü yuyub, gəlib şifonerin qabağında uzanıb. Anası çağırıb ki, bala, gəl çörəyini ye, gecikərsən. Uşaq inad edib, deyib ana, bu gecə yuxumu qatmışam, heç yerə getməyəcəm. Həmin vaxtı şifonerin üstünə çıxan pişik şnuru ilə oynadığı ütünü aşırıb salıb uşağın başına. Uşağı xəstəxanaya çatdıra bilməyiblər, yolda keçinib. Deməyim odur ki, sən yatdığın yerdə başına iş gəlməyib. Başqasının çəpərindən aşanda zədə almamısan. Heç kimin namusuna toxunmamısan. Əksinə, ananı, bacını, millətin namusunun qarovulunu çəkəndə, vətən yolunda sağlamlığını itirmisən. Sən əsl qəhrəmansan. Qəhrəmanlara həyatdan küsmək, taleyindən incimək yaraşmaz. Sən bu boyda travmadan sağ-salamat qurtarmısan, nəfəs alırsan, yaşayırsan. Əlin-ayağın yerindədir. İndi sənə yaraşan odur ki, müalicəni başa vurub həyata, mübarizəyə davam edəsən. Əzmkarlığınla hər kəsə örnək olasan. İndiyədək Azərbaycan əsgəriydin, bundan sonra Azərbaycan qazisisən. Aydındırmı sənə?

Ağ sarğıların altındakı baş təsdiq mənasında xəfifcə hərəkət etdi. Dodaqlar bir dəfə açılıb bağlandı. Amma nə səs gəldi, nə də fısıltı.

Çingiz doktorsa davam edirdi:

         – Sənə dediklərimi sırğa elə, as qulağından. Burada hər kəs, həkimlər də, tibb bacıları da sənin ən yaxın adamlarındır. Vəziyyətin bir az yaxşılaşsın, səni təkrar əməliyyat üçün xaricə göndərəcəyik. Heç nədən narahat olma, dövlətimiz arxandadır, – deyib ayağa qalxdı. Humaya sarı dönüb Elnurun müalicəsinin gedişi barədə məlumat aldı. Birlikdə palatadan çıxdılar.

Günlər bir-birini sürətlə əvəz edir, ard-arda düzülüb həftələri, həftələr birləşib ayları yaradırdı. Artıq Humay Lətifəgilin həyətlərində illərdir kirayə yaşadığı otaqdan ayrılmış, hospitalla üzbəüz doqquzmərtəbəli panel binada tutduğu birotaqlı, təmirli və əşyalı mənzilə köçmüşdü. Digər xəstələr kimi Elnurun da səhhəti sürətlə yaxşılaşmaqda idi. Çingiz doktor söz verdiyi kimi, onun təkrar kranioplastika əməliyyatından ötrü xaricə göndərilməsi üçün sənədlərini hazırlamışdı. Orada Elnurun sadəcə alın sümüyü implantını dəyişməyəcək, həm də kosmetik əməliyyatla qulaqlarını, burnunu da bərpa edəcəkdilər. Elnurun valideynlərinə onunla bir nəfərin müşayiətçi qismində xaricdəki xəstəxanaya getməsi üçün xəbər verilsə də, onlardan heç bir cavab alınmamışdı. Yola salınacağı gün Çingiz həkim Humayı yanına çağırdı. Elnurun tibb sənədləri olan qovluğu və təyyarə biletini verərək:

          – Götür uşağı, bir taksiynən apar aeroportdan yola sal. Orada hava limanında həkim briqadası qarşılayacaq, – dedi.

Humay qaşlarını çatdı:

         –  Doktor, valideynlərindən bir xəbər çıxmadımı?

Çingiz həkim qaşqabağını tökdü:

         – Yox, çıxmadı. Özləri bilər, gəlmirlər, gəlməsinlər. Sən apar, hava limanının əməkdaşlarına təhvil ver, tapşır ki, təyyarəyə mindirsinlər. Qayıt gəl.

Humay:

          – Oldu, həkim, – deyərək masanın üstündəki qovluğu və Elnurun sənədləri ilə biletini götürüb otaqdan çıxdı. Palataya gələrkən uçuş saatına baxıb hazırlaşmaqda olan Elnurdan:

          –  Hazırsanmı, qaqaş? – deyə soruşdu.

Onun yerinə əşyalarını yığan tibb bacısı cavab verdi:

          –  Bəli, həkim, hazırdır.

         – Yaxşı, mən hospitalın önünə çıxıram, taksi danışam. Şeylərini də götürüb gəlin, – deyərək dönüb palatadan çıxdı.

Onlar aeroporta çatanda Elnurun uçacağı reysə minik başlanmışdı. Oğlanın çantasını baqaja verib biletini qeydiyyatdan keçirdi. Gömrük yoxlamasına qədər gətirib sənədlərini aeroportun əməkdaşına verərək, onu təyyarəyədək müşayiət etməsini xahiş etdi. Ayrılarkən Elnuru qucaqlayıb:

         –  Sağ get, salamat gəl, qaqaşım. Görəcəksən, hər şey yaxşı olacaq.

         –  İnşallah, həkim. Sizin yaxşılığınızı unutmayacağam.

         –  Bakıya qayıdanda xəbər verərsən, özüm səni qarşılamağa gələcəm.

Elnurun bu neçə ayda ilk dəfə dodaqları qaçdı. Humay onun sarğının altında üzünün gərildiyini, qaşlarının çatıldığını hiss etdi. Göz yuvalarından daşıb sarğını isladan yaşlar burnunun kənarlarında nəmli iz yaratdı. Humay gözlərinin dolduğunu gizlətmək üçün Elnurun əlini sıxıb:

          – Di gecikmə, təyyarə uçar, başıma qalarsan, – deyə ərklə zarafat etdi. Aeroportun bayaqdan yanlarında dayanmış əməkdaşına:

          –  Zəhmət olmasa, kömək edin, – deyərək Elnuru işarə etdi.

Şəhərə gəlib çatdığında qaranlıq çoxdan düşmüşdü. O isə taksiyə minəndən ələnən göz yaşlarına hakim ola bilmirdi. Sürücüyə ağladığını hiss etdirmək istəmədiyindən yolboyu pəncərədən çölə baxır, avtomobilin qaranlıq salonunda yaylığı ilə gah gözlərini, gah burnunu qurulayırdı. Yadına orta məktəbdə oxuduğu vaxtlar düşdü. Ağ rəngdə keçiləri vardı. Yenicə doğmuşdu. O qədər zəif idi ki, anası bir müddət keçini çölə buraxmadı, evdə saxladı. Hər gün tezdən gətirib ayağından həyətdəki ağaclardan birinə hörükləyər, günortalar yanına vedrədə su qoyardılar ki, içsin. Keçi bir az özünə gəlib babatlaşdıqdan sonra yenidən sürüyə ötürdülər. Hər gün sürü çöldən gələn vaxtı qapılarının ağzına çıxan Humay ağ keçilərinin sürünün lap önündə gəldiyini görüb təəccüblənərdi. Bir gün keçiləri xəstələndi. Artıq nə çölə gedəcək, nə də hörükdə otlayacaq halı olmadığından elə tövlədəcə yatıb qalmışdı. Gülsarə keçinin başının üstündə dayanıb öz-özünə vaysınır: “Allah, bəs mən necə edim? Bunun balası hələ körpədir. Süddən kəsilən vaxtı deyil. Ölsə, balası necə olacaq?” – deyə dərdlənirdi. Günorta quzuları otarmağa aparan çoban hava isti olduğu üçün onları qaytarıb kəndə gətirmişdi. Gülsarəgilin çəpişləri də gəlib tövlələrinə girdilər. Humay yaxşı xatırlayırdı. Çəpişlərinin hamısının gəlib-gəlmədiyinə baxmaq üçün tövləyə gəldi. Ağ keçi yatdığı yerdəcə mələyirdi. Balası yanına gələndə ayağını qaldırmağa çalışdı. Elə anası kimi ağappaq olan çəpiş anasına yaxınlaşıb döşünü əmməyə başladı. Az sonra keçi ölmüşdü, amma balası hələ də onun döşündən süd əmməyə davam edirdi.

Dəsmalla göz yaşlarını silib:

         –  İlahi, bu həyatda bir keçi qədər də ana ola bilməyən qadınlar varmış, – deyə dodaqaltı deyinməyə başladı. – Ana olmaq, sadəcə, uşağı doqquz ay qarnında daşımaqla, ya da onu əmizdirməklə olmur. Ana olmaq bəzən qayğıkeş, bəzən fədakar, bəzən cəfakeş, bəzənsə hər üçü ola bilməkdir. Əsl ana o kəsdir ki, öz ömrünü, həyatını, hər şeyini övladına həsr etsin, onun yolunda bütün çətinliklərə sinə gərsin. Övladının bir an belə olsa xoşbəxt yaşaması üçün lazım gəlsə, canını verməkdən çəkinməsin. Yoxsa nə var elə bioloji ana olmağa? Hər kəs ehtirasının əsiri olub uşaq dünyaya gətirə bilər, hətta onu bəsləyib böyüdə də bilər. Amma bu o demək deyil ki, onlar da anadırlar. Yox, onlar ana deyillər, əksinə, ana adının ucalığına, müqəddəsliyinə ləkədirlər.

Taksi binanın qarşısında dayandı. Maşından düşüb sürücünün pulunu verdi. Artıq ağlamırdı. İti addımlarla yaşadığı blokun girişinə yönəldi.

Elnuru yola salıb qayıtdığı gecə gözünə yuxu getmədi. Elnurun valideynlərinin oğlanlarına olan münasibətlərini sorğulayır, “Ana necə olmalıdır?” sualına təkrar-təkrar cavab axtarırdı. Onun valideynləri ilə hospitalın qəbul şöbəsinin qarşısındakı ilk qarşılaşmalarından palatada ağlayıb hay-küy salmalarına qədər keçən on günü və bu müddətdə baş verən hər şeyi gözlərinin önündə canlandırmağa çalışırdı. Günahkar kim idi? Elnurmu, anasımı, oğlundan imtina edib qadınına uşağın dalınca gəlməyi qadağan edən atasımı? Bəlkə, heç birində günah yox idi. Günahkar elə tale, ya da insanları bu qədər rəhmsiz, bu qədər qəddar yaradan Tanrı idi? Hər dəfə qadın təəssübkeşliyi ilə ananı günahsız göstərmək üçün bütün suçu atasına atmağa çalışır: “Yazıq qadın neyləsin, yəqin, əri imtina edib, ona da oğlunun dalınca gəlməyi qadağan edib”, – deyə düşünməyə çalışırdı. Lakin tezcə də özü ilə razılaşmırdı: “Heç elə də şey olar? Mənim oğlum yaralı yatacaq, ərimin sözü ilə onu atıb dalınca getməyəcəm. Pulum olmasa, yük maşınları ilə gələrəm, piyada gələrəm, amma yenə də gəlib oğlumun yanında olaram. Bəlkə, burada nə yeyib, nə içər, harada qalar qorxusu qarşısını alıb?” – sualı ağzından çıxmamış elə özü də cavabladı:

        – Məgər Mamaşanı görmədilərmi? O, illərdir burada nə yeyib-içirsə, o da ondan yeyib-içərdi. Mamaşa gecələri harada yatırsa, o da orada yatardı. Yox, bacı, sən o qadını təmizə çıxarmağa çalışma. Hətta atası nə qədər pis olsa da, günahkar olsa da, sinəsində qəlb daşıyan bir ananı heç vaxt, heç kim balasından üz döndərməyə məcbur edə bilməz. Həm niyə bütün suçu atanın boynuna yıxırsan? On gün gözümüzün qabağında idi. Yazıq fağır, dilsiz-ağızsız adama oxşayırdı.

       –  Onu fağır ilan vursun elə. Eşitməmisənmi, suyun lal axanı, adamın yerə baxanı?

       – İndi sən qadın həmrəyliyi etməkdən yana, kişinin günahını alma. Əsl elə onun anası ifritəyə oxşayırdı. Eşitmədinmi, palatada necə özünü artistliyə qoyubmuş? Əlini atıb üz-gözünü cırıb, saçını yolub töküb yerə. Elə ağlayırmış, elə bil oğlu ölüb, yasıdır. Həkimlər sakitləşdirə bilmirmişlər.

       – Hə, bacı, əslinə baxanda elə oldu da. Oğullarının yasında doyunca ağlayıb getdilər evlərinə…

      –  Nə isə yatmaq lazımdır, erkəndən durub gedəcəm işə.

Gecənin sakitliyində Papanin tərəfdəki həyət evlərindən gələn xoruz banı açıq pəncərələrdən keçib otağa doldu. Yatağında çevrilib çölə tərəf boylandı. Dan yeri sökülməkdə idi… Bayaqdan qır tiyanını andıran üfüq xətti artıq gümüşüyə çalırdı…

Ardı burada: Zaur Bayramoğlu – Snayper

QEYD:

Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.

Müəllif: Zaur BAYRAMOĞLU

ZAUR BAYRAMOĞLUNUN YAZLARI

Zaur Bayramoğlunun rəsmi səhifəsi

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir