Zaur Bayramoğlu – Snayper

Əvvəli burada: Zaur Bayramoğlu – Snayper

Məzuniyyət

I

Humay illərdir fasiləsiz işlədikdən sonra, nəhayət ki, ay yarımlıq məzuniyyətə çıxıb rayona, anasıgilə yollanacaqdı. Elə bu gün üçün gecə reysinə təyyarə biletini almış, dünəndən aldığı hədiyyələri çamadanına yığıb hazırlamışdı.

Əşyalarını toplamaq üçün həkim otağına gəlmişdi.  Dəhlizdən kiminsə onu soruşduğunu eşidib qulaq kəsildi.

         –  Humay həkim haradadır?

        Bu, Elnurun səsi deyildimi? Tələsik dönüb qapıya tərəf getdi. Dəhlizə çıxanda qarşılaşdılar.

         –  Xoş gördük, Elnur, maşallah, əməliyyatların uğurlu keçib, yaraşıqlı oğlan olmusan.

Onun sarğılarını açmışdılar. Estetik əməliyyatla yenidən yaradılan qulaqları, burnu, alnına implantın üstünə çəkilən süni dəri o qədər təbii dururdu ki, sanki heç əməliyyat olunmamışdı. Qaşlarına, kirpiklərinə qədər yenidən yaratmış, göz çuxurlarına əslinə bənzəyən farfor gözlər yerləşdirmişdilər. Humay Elnuru bağrına basıb üzündən öpərək:

        – Ədə, vəfasız, sənə deməmişdimmi, Bakıya gələndə xəbər elə, gəlim səni qarşılayım? Niyə xəbər vermədin bəs?

        Elnur utanıb-qızararaq kəkələdi:

        – Nə bilim, ay həkim, elə bu gün gəlmişəm, buradan avtovağzaldan rayona gedəcəm. Dedim, gəlim sizi də görüm.

Rayon adı eşidəndə Elnurun valideynlərinin etdiklərini xatırladığından Humayın kefi pozuldu. Elnursa davam edirdi:

        – Elə darıxmışam ki, kəndimizdən ötrü… Ona görə birinci gedən avtobusa bilet aldım, amma yenə də yarım saat vaxtım vardı.

        – Əcəb elədin, ay Elnur. Hələ de görüm, pulun-paran varmı? Yemək yemisənmi? – deyə soruşub yanındakı tibb bacısına işarə etdi.

       – Xəstəxanadan çıxanda həkimlərdən biri cibimə əlli dollar qoymuşdu. Təyyarədə də yemək veriblər. Düzü, avtobusa da pul götürmədilər. Ona görə elə həkimin verdiyi pul üstümdədi.

Tibb bacısının həkim otağından gətirdiyi pul qabından iki əlliminlik götürüb Elnurun cibinə qoydu. O, biləyindən tutub mane olmaq istədisə də:

        –  Götürməsən, inciyərəm, bacı payıdır.

        Elnur mızıldandı:

        –  Ay həkim, pulum var axı.

        –  Demirəm ki, yoxdur, var, Allah daha da var etsin. İnşallah, işləyəndə qaytararsan, – deyə onu üstələdi. Sağollaşarkən soruşdu:

       –  Səni avtovağzala ötürümmü?

       –  Ehtiyac yoxdur, ay həkim, özüm gedəcəm.

       –  Səninçün çətin olmaz ki?

Elnurun dodaqlarından acı bir təbəssüm dolanıb keçdi:

– Yox, ay həkim, narahat olmayın, – dedi və dönüb əsasını döşəməyə vura-vura qapıya tərəf addımladı.

II

Humay evdən çıxıb aeroporta yollanarkən həyəcanlı idi. O, Tibb Universitetini bitirdikdən sonra özünü tamamilə işinə həsr etmişdi. İstirahət haqqında düşünməmiş, kəndlərinə də gəlməmişdi. Lətifə xalagilin həyətlərində kirayənişin qalarkən cəmi bir dəfə anası onu ziyarətə gəlmişdi. Onda da artıq yaşlanmış nənəsini damın altında tək qoyub gəldiyini deyərək, on gün yanında qalıb qayıtmışdı. Bir-iki dəfə anasını götürüb şəhərə gəzməyə çıxarmış, bir dəfə də özü ilə hospitala gətirib iş yoldaşları ilə tanış etmişdi. İndi taksidəykən o on günün necə də tez keçdiyini düşünür, illərin bir göz qırpımında keçdiyinə təəccüblənirdi. Təyyarəyə minərkən Bakıya ilk gəlişini xatırladı. Anası ilə birlikdə Culfa dəmiryol stansiyasından qatara minib o vaxt “28 Aprel” adlanan indiki “28 May”a – dəmiryol vağzalına gəlmişdilər. Bakını elə ilk ayaq basdığı andan sevmişdi. İndi də sevirdi. On beş il öncə yaşayan insanların həyat tərzlərini, geyim-kecimlərini gözlərində canlandırdı, üzünə xoş bir təbəssüm yayıldı.

Pilot kabinəsinin önündə dayanan stüardessa sərnişinlərə təhlükəsizlik qaydaları haqqında məlumat verirdi. Onları qəza baş verərsə nə edəcəkləri, oksigen maskaları, xilasedici gödəkcələr və ehtiyat çıxış yolları barədə təlimatlandırırdı. Humayın rəsmi geyimli, ucaboy, ağbəniz stüardessanı izləyən gözlərində müharibədən sonra Bakıdan Naxçıvana uçuşu canlanırdı. Adi desant təyyarəsi idi. Qadınlar və uşaqlar iri diametrli boruya bənzəyən salonda, desantlar üçün pəncərələrin yanınca düzülmüş bir sıra narıncı rəngli oturacaqlarda əyləşmişdilər. Qalan sərnişinlərsə ortaya qalaqlanmış yüklərin üstündə oturmuşdular. Mühərriklərin qulaqbatırıcı gurultusundan ağız deyəni qulaq eşitmir, hər kəs yanındakı ilə bağıra-bağıra danışırdı. Və təyyarədən düşərkən hər kəsin qulaqları batmışdı. Çənələri ağrıyırdı. Ancaq indi “Boinq” markalı təyyarədə, rahat və geniş kresloda əyləşib uçuş saatını gözləyirdi…

Təyyarə havaya qalxdıqda yanındakı pəncərənin pərdəsini sürüşdürüb yuxarı qaldırdı. Şəhərin işıqlarını seyr etməyə başladı. Necə də gözəl görünürdü. Ulduz kimi sayrışan sarı işıqların içinə səpələnmiş rəngarəng işıqlardan şəhərin üçölçülü planını seyr edərək: “Bakı, həqiqətən də, gözəl şəhərdir”, – deyə ürəyindən məmnunluqla keçirdi. Az sonra aşağı baxdıqda ucsuz-bucaqsız qaranlıqdan başqa heç nə görünmürdü. Başını oturacağın arxasına söykəyib çimir almaq istədi. Həyəcanı imkan vermədiyindən yata bilmədi, yenidən gözlərini açdı. Gah pəncərədən boylanıb yeni bir yaşayış məntəqəsinin üstündən keçib-keçmədiklərini öyrənmək istəyir, gah da tavandan asılmış monitordan təyyarənin uçuş sürətini və yüksəkliyini izləyirdi. Köks ötürüb: – Bircə çatsaydıq, – deyə qəlbindən keçirdi. Evlərini düşünməyə başladı. Bu gün mobil telefonu ilə zəng vurub danışsa da, nə məzuniyyətə çıxdığı, nə də gələcəyi barədə heç nə deməmişdi. “Qoy gözləməsinlər, yoxsa təpəyə çıxıb-düşməkdən əsir-yesir olacaqlar”, – deyə düşünmüşdü.

Tələbə vaxtı evlərinə zəng vurmağını xatırlayıb köks ötürdü: “Getsin, o günlər gəlməsin. Danışıq məntəqəsinə get, sifariş ver, danışanda da bir əlində yarım kiloluq telefon dəstəyi, o biri əlində jeton hazır gözlə ki, birdən dəqiqən tamam olar, danışığın yarımçıq kəsilər. Sovet hökuməti bizi mədəni dünyadan çox geri saxlamışdı…” Yenə köks ötürdü: “Heyif deyilmi indi? İstəsən, ev telefonu ilə, istəməsən, cib telefonuyla birbaşa dünyanın o başını yığ, danış”.

Təyyarə sol qanadının üstünə əyildi. Kəskin dönüş olduğundan sərnişinlər pəncərədən çölə boylanıb bir-birilərindən:

         –  Çatırıq? – deyə soruşdular. Humay yanındakı sərnişinə tərəf döndü:

         –  Hə, Naxçıvanın üstündəyik, Hava Limanına tərəf dönürük.

 Təyyarənin qarnının altından küt səs gəldi. Stüardessanın səsgücləndiricilərdən yayılan səsi salonu doldurdu:

         – Hörmətli sərnişinlər, Naxçıvan Hava Limanına enişə keçirik. Yerlərinizdən qalxmamanız, kəmərlərinizi bağlı saxlamanız və oturacaqları şaquli vəziyyətə gətirməyiniz xahiş olunur. Lütfən, pəncərələrin pərdələrini qaldırın. Naxçıvan hava limanında yağış çisələyir, havanın hərarəti müsbət on yeddi dərəcədir. Bizimlə uçduğunuz üçün təşəkkür edirik.

Üzünü pəncərəyə yaxınlaşdırdı. Şüşəyə vuran damlalar arxalarınca nəmli iz qoyaraq silinib gedirdilər. Şəhərin işıqları arxada qaldıqdan az sonra təyyarə hava limanına endi. Təkandan sərnişinlər yerlərində yırğalanıb dayandılar. Təyyarə torpaq yola düşmüş yük maşını kimi sərnişinlərini atıb tuta-tuta irəliləyir, Humaysa dodaqlarına qonan gülümsəmə ilə projektorların işığında təyyarənin qanadlarının hərəkətli hissələrinin yığılıb-açılmasına tamaşa edirdi.

Taksi kəndə gəlib çatanda gecə saat üç idi. Humay darvazalarının önündə sürücüyə maşını saxlamasını xahiş etdi. Pulunu verib endi. Əşyalarını götürüb aynabəndin qapısına gəldi. Açmaq istədi, içəridən bağlanmışdı. Şüşəni döyəcləyib astadan: “Ana, ay ana”, – deyə çağırdı.

Gilənin səsi eşidildi:

          –  Ay Gülsarə, deyəsən, səni çağırırlar, gör kimdi gecənin bu vaxtı?

Humay gülümsəyərək onun nigaranlığına son qoymaq istədi:

          – Mənəm, ay nənə, Humaydır.

          –  Bıy, ay bala, boyuna qurban, heç adam da  xəbərsiz gələr?

İki qadının sevinc dolu səsləri bir-birinə qarışıb Humaya qədər gəlirdi. Öncə otağın işığını yandırdılar. Sonra Gülsarə öndə, Gilə arxada qapıya çıxdılar. Hərəsi bir tərəfdən elə astanadaca Humaya sarılıb-öpür, illərin həsrətini bir anda silib atmaq istəyirdilər. Humay şeylərini də götürüb içəri keçdi. Anası tez qaz pilətəsini yandırıb çay qoydu, nənəsi dolabın siyirməsindən götürdüyü quru meyvələri, şokoladı, konfeti masanın üstünə yığdı. Humay onlara səsləndi:

          –  Heç nə lazım deyil, gecənin bu vaxtı çay içərlər? Gəlin oturun, görək nə var, nə yox?

Gilə arvadın aynabəndli, ikigözlü möhrə evində elə bir şadyanalıq havası var idi ki, kimsə Humayı dinləmirdi. Anası çayları süzə-süzə onu məzəmmət edirdi:

          – Heç adam da belə iş görər? İndi köhnə vaxtkı kimi deyil ki, şükür Allaha, telefon var, hər şey var. Elə dünən danışanda deyərdin, ana, sabah gəlirəm. Toyuqlardan birini tutub kəsdirər, yemək hazırlayardım. İndi gecənin bu vaxtı nə verim sənə?

         – Ay ana, dedim axı, ac-susuz deyiləm. Ac olsam, bilirəm ki, heç nə olmasa da, pendir var. O ki qaldı xəbərsiz gəlməyə, bildim ki, xəbər etsəm, nənəm də, sən də qaranlıq düşənəcən qalacaqsınız təpənin başında. Ona görə də demədim.

Gülsarə buğlanan çay dolu stəkanı Humayın qarşısına qoydu:

         –  Sən Allah, elə demə, mən ömrümün axırına qədər də sən gələn yollara baxaram.

Gilə də dözmədi:

        –  Ay bala, elə anan da, mən də vərdiş eləmişik. Bekarladıqca çıxırıq təpənin başına, Kəblə Yəhyanın xırman yerində əlimizi gözümüzə sipər edib yollara baxırıq, – sonra əlini dizinə vurub, – fələk bizimkini də belə gətirdi. Öncə Ələsgərin yolunu gözləyərdim, sonra Dürdanənin, indi də sənin… Təki boşuna gözləməyək, ay bala, təki gözləməyimizə görə sən gəl, biz qocaları sevindir.

Humay söhbəti dəyişmək istədi:

          – Gəlin yaxşı şeylərdən danışaq. Bir deyin görüm, kənddə nə var, nə yox?

Hava işıqlanana qədər yatmadılar, danışıb dərdləşdilər. Humay həmin gün evdə dincəldi. Ertəsi gün kəndlərində yaşayan qohum-əqrəbanı, yaşlıları, xəstələri ziyarət etdi. Sonrakı günlərdə məktəbə gedib müəllimlərini, qabaqcadan vədələşib məktəbə yığışan köhnə sinif yoldaşlarını, rəfiqələrini gördü. Həm öz kəndlərindən, həm də qonşu kəndlərdən səhhətlərində problem olan insanlar: “Bakıdan həkim gəlib, gedək özümüzü göstərək”, – deyə axın-axın onlara gəlirdilər.

Və günlər sürətlə keçir, ay yarımlıq məzuniyyət günləri günəş görmüş qar kimi əriyib gedrdi. Bir gün Humay erkəndən qalxmışdı. Səhər yeməyini yeyib anasına:

        –  Bu gün bağımıza getmək istəyirəm, – dedi.

        –  Mən də gəlimmi?

        –  Yox, ay ana, tək getmək istəyirəm.

Köhnə vaxtlarda olduğu kimi, çantasının içinə bir-iki kitab qoyub çiyninə asdı, termosunu da götürüb getdi.

Bağlarına çatdıqda tor qapsağın önündə ayaq saxlayıb içəri boylandı. Payızın nəfəsi ağacları vurmuş, sarıdan qızılıya dönən yarpaqlar gövdələrinin yan-yörəsinə tökülmüşdülər. Ağaclardakı meyvələr dərilərkən gözdən yayınıb qalan almalar, armudlar yarpaqlar töküldükcə gizləndikləri xəlvətdən üzə çıxırdılar. Budağından ayrılıb torpaqla qovuşmaq üçün gün sayan yarpaqlara baxıb bacısı ilə bayramqabağı bağlarına gələrək, islaq xəzəllərin altında meyvə axtarmalarını xatırladı. Onlar qar əriməyə başladığında bağlarına gələr, qışı yarpaqların altında keçirib şaxtanın şirinləşdirdiyi almaları tapıb yeməyi sevərdilər. Qapsağı açıb həyətə daxil oldu. Bağın çəpəri bəzi yerlərdə yatmışdı. “Yəqin, mal-qara əzib keçib”, – deyə fikirləşdi.

Həyətə girəndə hörükdə otlayan buzov onu görüb mələdi. Yaxınlaşıb buzovun boynunu, sağrısını oxşadı, yenicə çıxmış buynuzlarının dibini qaşıdı. Sonra çəkilib illər öncə altında oturub dərs oxuduğu alma ağacının yanına getdi. Torpağın üstündə oturub dizlərini qucaqladı. Kürəyini ağaca, çənəsini dizlərinə söykədi. Gözlərini yumub qıjıltı ilə Əlincə çayının daşlara-qayalara çırpılıb axan sularının səsini dinlədi. Gəncə çayının qıjıltısına necə də oxşayırdı… Həyatının iki ayrı dönəminin başlanğıcının iki bənzər uvertürası… İlkində snayper, ikincisində həkim olmuşdu. “Ah, dünya, dünya!” – deyib köks ötürdü, – Gəncə simfoniyasından sonra adamları öldürməyə, Əlincə simfoniyasından sonra diriltməyə başladım… Bu bir təsadüfmüydü, yoxsa həyatın ironiyasımıydı?.. Həyat mənbəyi olan iki suyun səsiylə başlayan iki peşə… Biri öldürən, digəri dirildən peşə… Əslində ilkində də həyat vardı. Pis adamları öldürməklə onların daha çox günahsız insanı öldürməsinin qarşısını almışdı. İkinci peşəsində isə ilkini icra etdiyi vaxtlar əlindən qurtulan pisliklərin öldürməyə çalışdıqları insanları diriltməyə, həyata bağlamağa çalışmışdı…

Poliqon

I

İşə getmək üçün evdən çıxanda asfalt, axşam yağan yağışdan hələ də nəm idi. Kiçik gölməçələrin yanından dolanıb keçir, islanmamağa çalışırdı. Hospitalın həyətinə girəndə addımlarını yavaşıtdı. Ciyər dolusu nəfəs alıb başını qaldırdı, səmaya baxdı. Külək didilmiş yuna bənzəyən buludları qovub günçıxana aparırdı. Sola dönüb pilləkənləri çıxaraq çalışdığı korpusa daxil oldu. Neyrocərrahiyə şöbəsinə gəlib tabelə qol çəkdi. Həmişəki kimi çantasını posta qoyub palataları gəzdi. Üzündəki, dodaqlarındakı təbəssümlə xəstələrlə hal-əhval tutub, keflərini xəbər aldı. Müalicələrinin gedişi ilə maraqlandı. Həkim otağına getdi, əynini dəyişib həkim xalatını geyindi. Saatına baxdı, iş gününün başlanmasına on dəqiqə qalırdı…

Günortadan sonra iş otağının qapısı döyüldü. Başını önündəki kağızlardan qaldırıb: “Gəl”, – dedi.

Növbətçi tibb bacısı qapını ehmalca araladı:

         –  Həkim, bir nəfər gəlib, sizi görmək istəyir.

Humay qaşlarını çataraq:

         – Kimdi ki? – deyə soruşdu.

         –  Adı Şirazdır, yeddi-səkkiz il öncə xəstəniz olubmuş.

         – Kim? Şiraz? – Humay gözlərini qıyıb xatırlamağa çalışdı, ayağa qalxıb qapıya doğru addımlayarkən tibb bacısına:

        –  Gəlsin, – dedi.

Şirazın hospitaldan təxliyə olunmasının üstündən on ilə yaxın vaxt keçirdi. Və bu on ildə gördüyü saysız xəstədən birini unutması təbii idi. Ancaq Humay onu görən kimi xatırladı. Qıvrım saçları, günəşdən yanıb qaralmış arıq, almacıqlı surəti elə bil heç dəyişilməmişdi.

       –  Xoş gördük, qaqaş.

 İlk gördüyündə salamladığı kimi, mehribanlıqla, səmimiyyətlə salamladı.

       –  Salam, doktor.

Şirazın utancaqlığı, çəkingənliyi hələ də üstündə idi. O, gözlərini yayındıraraq davam edirdi:

        –  Bakıya gəlmişdim, dedim, gəlim sizi görüm.

        – Demək, bacını unutmamısan hə? Afərin sənə, vəfalı oğlanmışsan. Gəl içəri, gəl əyləş, – deyib onu iş otağına dəvət etdi. Oturması üçün yer göstərdi. Özü də keçib qarşısında əyləşdi.

        – Hə, Şiraz, danış görək nə var, nə yox? Bu on ildi haralardaydın, nə iş görürdün? Evlənmisənmi, yoxsa hələ də subaysan?

        – Hospitaldan sonra yetimlər evinin yataqxanasına getdim. Demişdim sizə.

Şirazın oturuşu Humayın diqqətini çəkdi. Tərbiyəli, utancaq şagird müəlliminin qarşısında necə oturarsa, elə oturmuş, masanın üstündə əlini əlinin üstünə qoymuşdu. Danışarkən Humayın üzünə deyil, ya əllərinə, ya da qarşısındakı divara baxırdı. Humayın dodaqlarında dolanan təbəssüm gülümsəməyə çevrildi, inci dişləri göründü. Əlini çənəsinə dəstək verib:

        –  Qobustanda deyil o yataqxana? – deyə soruşdu.

        –  Bəli, doktor, Qobudadır. – Humayın ad bənzərliyindən doğan yanlışını incəliklə düzəltdi.

        –  Bəs niyə gəlib bizi görmürdün?

        –  Orada az qaldım, doktor, axı həm də iş axtarırdım. Qaz idarəsində işə düzəldim, öz rayonumuza, Tovuza göndərdilər. Elə o vaxtdan da Tovuzda, qaz idarəsində işləyirəm.

        –  Aaa, nə gözəl, demək sonunda ata yurduna qayıtdın eləmi?

        –  Bəli, doktor.

        –  Bəs Tovuzda harda yaşayırsan? Ev almısanmı?

        – Kəndimiz elə rayon mərkəzinə bitişikdir. Ata evimiz də dururdu. Qonum-qonşu da yığışıb kömək etdi, uçuq-sökük yerlərini tikdik, təmir edib düzəltdik. Sonra kəndin ağsaqqal-ağbirçəkləri qabağa düşüb evləndirdilər.

       –  Maşallah, ay Şiraz, nə yaxşı xəbər oldu bu… Təbrik edirəm.

       – Çox sağ olun, doktor, təşəkkür edirəm.

       –  Bəs Bakıya gəlməyin xeyirdimi?

       –  Bu yaxınlarda işimi bura dəyişdilər, biz də ailəlikcə yığışıb köçdük Bakıya. İndi Xırdalanda kirayə qalıram.

       –  Bəs uşaqlar necə, məktəbə gedirlərmi?

       –  Böyük bu il birinci sinifə gedəcək.

       –  Sənin adına sevindim. Yadındadırmı, bir vaxtlar həyatdan küsmüşdün, inancını itirmişdin. Görürsənmi, insan istədikdə, mübarizə apardıqda qarşısında yollar açılır, işləri sahmana düşür.

      –  Bəs sizin işləriniz necədir?

      –  Hər şey yolunda, hər şey yaxşıdır.

      –  Yadımdadır, bir vaxt üzgüçülüklə maraqlandığınızı demişdiniz. Öyrəndinizmi?

      – Əlbəttə, üzməyi də öyrəndim. Həftədə ən azı bir dəfə hovuza gedirəm. Hər bulvara endikcə atış mərkəzinə yaxınlaşıb tir tüfəngindən beş-altı güllə atıram.

     –  Atıcılığı necə, sevirsizmi?

     –  Əlbəttə!

     –  İstəsəniz, vədələşərik, gəlib sizi apararam Novxanıya, orada gerçək tüfənglərdən gerçək güllə atarsınız.

      –  Nə var ki, Novxanıda?

      – Poliqon var orda, bütün növ atıcı silahlar da var. Hansından istəsəniz, pulunu ödəyib hədəflərə atəş açarsınız.

Humayın gözləri sevinclə işıldadı:

       –  Heç mənim bundan xəbərim yox idi. Həftə sonu gedib baxarıq, görək tüfənglərdən nə var, nə yox?

     –  Onda bazar günü səhər saat on üçün görüşüb gedərik.

Sağollaşıb ayrıldılar.

II

Həftə sonu Humay erkəndən oyandı. Dolabını açıb asılqanda duran əsgər geyimlərini çıxardı. Yatağının üstünə sərib baxışlarıyla öpdü, oxşayıb-əzizlədi, əlləriylə sığallayıb: “Sizinçün necə darıxmışam, bir bilsəniz…” – dedi. Yenidən paltar dolabına tərəf getdi. İdman stilindəki paltarlarını, krasovkalarını götürdü. Saatına baxdı, görüş vaxtına hələ çox vardı. Qayıdıb mətbəxə getdi. Bir fincan kofe dəmləyib içdi. Yenidən saatına baxdı, hələ səkkiz olmamışdı. Köks ötürüb masaya dirsəkləndi, çənəsini ovuclarının arasına aldı:

         – Görəsən poliqonda snayper tüfəngi varmı, – deyə öz-özünə soruşdu. Tezcə də cavabladı:

        –  Şiraz dedi ki, bütün növ atıcı silahlar var. Offf, kaş ki, Şirazdan soruşsaydım… Bir daha saatına baxdı. – Vaxt da keçmir ki… – deyə dodaqaltı deyindi.

Daha artıq gözləməyə səbri çatmadığından ayağa qalxdı, krasovkalarını geyindi. Dönüb bədənnüma güzgüdə özünə bir göz atdı:

– Ayaqla gedərəm ki, vaxt keçsin, – deyə düşünüb evdən çıxdı. Ağır addımlarla pillələri enib binanın qabağına çıxdı. Üçüncü mikrorayon dairəsinə gəlib oradan da 20 Yanvar metrosunun yanına, görüşəcəkləri yerə gəldi. Metro çıxışının yaxınlığında şəhidlər üçün inşa edilən abidəni ziyarət etdi. O faciənin yaşandığı gecə gözlərində canlandı. Nümayiş edərək haqlarını tələb edən dinc əhali amansızcasına gülləbaran edilir, tanklar binalara, evlərə iriçaplı pulemyotlardan atəş aça-aça irəliləyir, önlərinə çıxan hər şeyi əzib keçirdilər. O gecə heç kimə – qadınlara, qocalara, azyaşlılara, hətta yaralıların imdadına yetişməyə çalışan həkimlərə belə aman verilmirdi. Donuq sifətli, qəhvəyi şinelli əsgərlər hərəkət edən hər şeyə atəş açırdılar. Küçələr xıncım-xıncım olmuş maşınlarla dolu idi, mərkəzi yolların, prospektlərin kənarlarındakı evlər od tutub yanırdı…

Humay boğulurdu. Yumruq boyda bir şey sinəsindən qalxıb qırtlağına tıxanmış, onu nəfəs almağa qoymurdu. Sonra qulaqları güyüldəməyə başladı, beyni zoqquldadı. Gözlərindən ələnən yaşlar çənəsindən süzülüb yaxasını isladırdı. Heç nə düşünmür, səssiz-səssiz, için-için ağlayırdı. Bir qadın yaxınlaşıb qoluna girdi: “Gəl, qızım, gəl”, – deyərək çəkib səkinin üstündə oturtdu. Başqa birindən aldığı şüşənin ağzını açıb dodaqlarına söykədi, su içirib:

– Ağlama, qızım, sakitləş, – dedi.

Humay başını çevirib baxdı. Altmış-altmış beş yaşlarında dolu bədənli qadın idi. Qara don geyinmiş, başına ağ kəlağayı örtmüşdü.

– Mamaşa, – deyə inildədi.

Qadın narahat oldu:

– Mamanımı istəyirsən? Narahat olma, telefonunu de, bu dəqiqə çağırarıq.

Humay səksəndi. Gözü saatına ilişdi. Elçinin məzəmmət dolu baxışlarını gördü.

– Nə olub sənə, Humu? Özünü ələ al.

– Bilmirəm, Elçin, bir anlıq 20 Yanvara getdim.

– O günlər arxada qaldı, Humu, bir daha yaşanmayacaq.

– İnşallah…

Qadın onun əllərini masaj edir, bir tərəfdən danışıb başını qatmağa çalışırdı:

– Qızım, kimsən? Yaxındamı qalırsan?

Humay heç oralı deyildi. Əlini çəkib qadının ovuclarından çıxardı:

– Çoox sağ olun, ana, indi özümü yaxşı hiss edirəm.

Qadının uzatdığı şüşədən daha bir qurtum su içib geri qaytardı:

– Hər şeyə görə çox sağ olun, minnətdaram.

Şiraz gəlib çatdıqda artıq Humay sakitləşmiş, yaxınlıqdakı kafenin tualetinə gedib əl-üzünü yumuşdu da. Onlar taksiyə əyləşib sürücüdən Novxanıya, poliqona sürməsini xahiş etdilər. Poliqonun darvazasından içəri girib qeydiyyatdan keçdilər. Atəş açacaqları silahı seçmək üçün silah otağına gəldilər. Təlimatçıdan tüfənglər haqqında məlumat alarkən Humayın diqqətini “VSS-94” çəkdi. Bu silahı rica edib aldı. Əlinə götürüb o tərəf-bu tərəfinə çevirdi. O, silahı incələyərkən təlimatçı da onun taktiki-texniki xüsusiyyətləri barədə məlumat verirdi:

– Bu silahın adının tərcüməsi “Xüsusi snayper tüfəngi” deməkdir. Xüsusi əməliyyatlar üçün nəzərdə tutulduğundan həssas səsboğucu ilə təmin olunmuşdur. Silahın çapı 9\39 mm, ümumi uzunluğu 932 millimetr, çəkisi isə 2.8 kiloqramdır. Silah iyirmi ədəd patron tutan maqazinlə təchiz olunur. Atış rejimi tək-tək, ardıcıl və avtomatik olmaqla üç cür, atəş tempi isə dəqiqədə 700-900 güllədir. Effektiv məsafəsi 400 metr olan silahın güllələrinin uçuş sürəti saniyədə 290-300 metrdir.

        – Zəhmət olmasa, izah edərsinizmi, güllələrin uçuş sürəti niyə bu qədər aşağıdır?

        – Güllə səsdən sürətli uçarkən havada sonik partlayışlar törətdiyindən tam səssiz atış mümkün olmur, ona görə də bu silahda güllə səs sürətini keçməsin deyə lülə quruluşu və yivlər xüsusi olaraq hazırlanıb.

Humay heyrətdən bərəlmiş gözlərlə bir təlimatçıya, bir silaha baxıb:

          – Bu silahdan atəş açmaq istəyirəm, zəhmət olmasa, on ədəd patron verin, – deyə xahiş etdi. aldığı patronların pulunu ödəyib Şiraza dönərək:

– Sən hansı tüfəngdən atacaqsan? – deyə soruşdu:

 – 16 kaliberlik ov tüfəngindən.

– Patron aldınmı?

– Hə, on ədəd patron da mən aldım.

Poliqonun əməkdaşının müşayiəti ilə atış sahəsinə keçdilər. Burada sabit, həmçinin relsin üzərində hərəkət edən hədəflərdən aparatların havaya atdığı boşqablaradək müxtəlif hədəflər var idi. Şiraz atəş açmaq üçün havaya atılan boşqabları seçərkən Humay hərəkətli hədəfləri seçdi. Onlar atəşə hazırlıq xəttinə keçib hazırlaşdılar. İlk olaraq Şiraz atəş açmağa başladı. O, aparatın müxtəlif istiqamət və bucaqlarda atdığı boşqabları vurmağa çalışır, gülləsi boşa çıxdıqda əsəbindən qızarıb-pörtürdü. Patronu bitəndə Humaya tərəf dönərək:

– On ildir ki, əlimə silah almıram, bir az da bu boşqablar adamı çaşdırır. Bilmirsən ki, hansı tərəfdən çıxacaq, – deyə özünə haqq qazandırmağa çalışdı. Humay onun günahkar uşaqtək utanıb-sıxılmasını təbəssümlə qarşılayıb:

– Ürəyini sıxma, ay Şiraz. İnsan bir şeylə uzun müddət məşğul olmayanda yadırğayır. Bu dəfə hədəflərin altısını vurdun, əminəm ki, gələn dəfə gələndə hamısını vuracaqsan, – deyib atəş xəttinə yaxınlaşdı. Sağ dizini yerə qoyub “VSS-94”ü önündəki dayağın, qum kisəsinin üstünə qoydu. Qundağını sinəsinə söykədi, silahını doldurdu. Yüz metr aralıda qalxıb 45 dərəcə bucaq altında hərəkət edən sinə hədəfini nişan alıb tətiyi çəkdi. Silahın boğuq taqqıltısı küləyin səsinə qarışıb itdi. Hədəf yıxıldı. Şiraz: “Bravo!”, – deyə bağıraraq əl çaldı, hədəfin operatoru: “Afərin!” – deyib oturduğu yerdəcə qımışdı. Humay nə Şiraza, nə də küləyin qulaqbatırıcı uğultusuna fikir vermədən ovunu pusan pişik kimi yerindəcə donub qalmışdı. Silahı qavrayan əlləri tərləmişdi. Gərginlikdən dişləri bir-birinə sıxılıb kilidlənmiş, əzaları səyriyirdi. Eynən savaşda olduğu kimi, hərisliklə ikinci hədəfin çıxmasını gözləyirdi. Ancaq müharibədəki kimi səbirlə davrana bilmirdi. Saniyələr illərdən uzun keçir, zaman keçmək bilmirdi ki, bilmirdi. Hədəf operatoru elə bil onun səbrini sınayır, fikrinin yayındığı anda hədəfin hərəkət düyməsini sıxmaq istəyirdi. Şiraz operatorun oturduğu yerə boylanıb: “Nə oldu, hədəf niyə qalxmır?” – deyə əl işarəsi ilə soruşdu. Elə bu vaxt qalxan hədəf hərəkət etməmiş yıxıldı. Şiraz təəccüblə dönüb bir Humaya, bir operatora baxdı. Operator da təəccüblənmişdi. Texniki nasazlıq olduğunu düşünüb, növbəti, ən uzaqdakıı hədəfin hərəkət düyməsini sıxdı. Lakin bu hədəf də qalxar-qalxmaz aldığı zərbədən yıxıldı. Şiraz küləyin uğultusu arasında “VSS-94”ün boğuq taqqıltısını eşitdiyindən sevinclə əl çalıb:

– Halal olsun, doktor, siz lap snayper kimi atırsınız! – deyə bağırdı.

Hədəf operatoru Şirazın nə dediyini anlamasa da, artıq hədəfin nasaz olmadığına əmindi. Dodaqaltı: “Maşallah olsun, nə qızlar varmış”, – deyib növbəti hədəfi hərəkət etdirdi.

Humay maqazini boşalanadək gözlərini atış sahəsindən çəkmədi. Heç yerindən də tərpənmədi. Nəhayət, onuncu gülləni atdıqdan sonra ayağa qalxıb atış xəttindən geri çəkildi. Tüfəngi poliqonun təlimatçısına uzadaraq:

– Gözəl silahdır, – dedi.

– Siz də çox sərrast atırdınız. İnana bilmirəm ki, bu sizin ilk atışınız olsun.

Humayın yerinə Şiraz dillləndi:

– Doktor atıcılığı sevir, tez-tez bulvara gedib oradakı tir tüfənglərindən atır, amma doğrusu, bu qədər sərrastlığı mən də gözləmirdim. Elə atırdı ki, elə bil illərin snayperidir.

Humay mövzunu dəyişmək istədiyindən:

– Şiraz, gəl gedək, bir çay içək, – dedi.

Onlar poliqonun inzibati binasında yerləşən kafeyə gəldilər. Pəncərənin kənarındakı masalardan birinə keçib əyləşdilər. Şiraz çay və şirniyyat sifariş verdi. Ofisiant yaxınlaşıb təpsidəki çay və şirniyyatı masalarına qoyaraq: – Başqa sifarişiniz olacaqmı? – deyə soruşdu.

Şiraz:

          –  Hələlik yox, – deyə cavab verib onun getməsini gözlədi, sonra Humaya ötəri nəzər salıb gözlərini endirdi, baxışlarını önündə buğlanan stəkana dikərək:

         –  Humay xanım, bu gün sizdə hər şey qaydasındadırmı? – deyə soruşdu.

         –  Bəli, Şiraz, niyə soruşdun ki?

         –  Heç, bayaq sizinlə qarşılaşdığımızda özünüzü yaxşı hiss etmədiyinizi hiss etdim, istədim soruşam, amma…. – deyərək susdu, sözlərinin ardını gətirmədi.

         Humay gülümsəməyə çalışdı:

          – Hər şey qaydasındadır, Şiraz, narahat olma.

          – Bəs poliqonu necə, bəyəndinizmi? – deyə soruşaraq baxışlarını stəkanından çəkib onun gözlərinə dikdi.

          – Əlbəttə, burada daha öncə görmədiyim silahlar var. Bu gün VSS-i yoxladım, gələn dəfə digər silahlardan atəş açaram. Çalışacam, ayda ən azı bir dəfə gəlim.

          –  Siz nə vaxt istəsəniz, məmnuniyyətlə sizi müşayiət edərəm.

Şiraz ofisiantı çağırıb hesabı ödədi. Birlikdə poliqondan çıxıb qapıda gözləyən taksiyə minərək şəhərə döndülər…

Həsənqaya

I

2008

Humay aramsız çalan telefonunun səsinə yuxudan ayıldı. Yatağında yan döndü. Əlini uzadıb dolabın üstündə özünü yeyib-tökən telefonu tapdı. Zəngi açanda hələ də gözləri açılmamışdı, yuxulu-yuxulu: “Alo”, – deyə cavabladı. Xəttin digər tərəfindəki səs həyəcanlı idi:

         –  Doktor, təcili işə gəlin.

O, gözlərini açdı. Cəld qalxıb yerinin içində oturaraq:

         –  Kimdi danışan? – deyə soruşdu.

         –  Tibb bacısı Ağalarova. Çingiz doktor dedi ki, təcili sizi çağırım.

         – Nə olub, Çingiz doktor gecənin bu vaxtı neynir məni? – deyə tibb bacısından təkrar soruşdu.

         –  Cəbhəyə ezamiyyətə göndəriləcəksiniz.

 Humay gözlərini qırpışdıraraq yuxunun son qırıntılarını qovalamağa çalışdı. Ayağa qalxıb pəncərəyə yaxınlaşdı. Boylanıb hospitalın həyətinə baxmaq istəyirdi ki, görsün sakitlikdi, yoxsa yox. Tibb bacısının səsi yenidən eşidildi:

        –  Alo, alo, doktor, məni eşidirsinizmi?

        –  Bəli, eşidirəm. Çingiz doktora deyin, on dəqiqəyə gəlirəm, – deyib telefonu söndürdü, yatağın üstünə atıb tələsik geyinməyə başladı. Hamama keçib əl-üzünü yudu, yenidən otağına qayıdıb telefonunu, çantasını götürdü. Qapıdan çıxıb iti addımlarla hospitala tələsdi.

Cəbhənin Tərtər istiqamətinə göndəriləcək həkim briqadası əsas korpusun önündə toplaşmaqda idi. Çingiz doktora yaxınlaşıb:

        –  Doktor, nə baş verir? Olmaya, müharibə başlayıb? – deyə həyəcanla soruşdu.

        – Yox, hələ müharibə başlanmayıb. Ancaq ermənilər Həsənqaya-Çaylı istiqamətindən hücuma keçiblər. Yaralılarımız var. Ona görə də Müdafiə Nazirliyi Tibb Xidməti İdarəsinin göstərişi ilə ən təcrübəli həkimlərdən ibarət briqada Tərtərə ezam olunursunuz.

Humay: – Doktor, mən həkim kimi deyil, snayper kimi döyüşlərə qatılmaq istəyirəm!- demək istədi, lakin Çingiz doktor ondan ayrılıb getdiyindən sözü ağzında qaldı… Təxminən yarım saat sonra həkim briqadasının üzvləri təxirəsalınmaz təcili tibbi yardım avadanlıqları, səhra çadır hospitalı və səyyar yataqlar yüklənmiş avtomobillərlə birlikdə aeroporta yola düşdülər. Oradan da helikopterlərlə döyüş əməliyyatlarının getdiyi yerin yaxınlığına – Səhlabad kəndinə gəldilər.

 Kənd məktəbi döyüşün idarə edilməsi üçün qərargaha çevrilmişdi. Təcili yaradılmış səhra hospitalı isə klubda yerləşirdi. Otaqlardan biri əməliyyat otağı, digəri sarğı otağı üçün ayrılmış, ümumi zal isə boşaldılaraq cəbhədən təxliyə olunacaq yaralılar üçün ayrılmışdı. Humaygil gəldiklərində ətraf hospitallardan ezam olunan həkim briqadaları gələrək yeni yaradılan klub- hospitalda müəyyən qədər səliqə-səhman yaratmış, buranı yaralıları qəbul edərək yüngül və təxirəsalınmaz əməliyyatları aparmaq üçün normal vəziyyətə gətirmişdilər. Onları gətirən helikopter alçaq uçuşla kəndə yaxınlaşıb klubun önündəki meydançaya endi. Tibb heyəti helikopterdən enib iti addımlarla səhra hospitalına yönələrkən topların, partlayan artilleriya mərmilərinin, hətta iriçaplı pulemyotların səsi onlara qədər gəlir, açıq-aydın eşidilirdi.

Humaygil foyedən keçib birbaşa həkimlərin soyunub-geyinmə otağına gəldilər. Əyinlərini dəyişdilər. Həkim yoldaşları yaralıların yanına yollanarkən Humay dönüb əməliyyat otağına daxil oldu. Burada yenicə gətirilmiş bir yaralı var idi. Qəlpə sağ qolunu kəsib aparmışdı. Həkimlər onun qanaxmasını dayandıraraq yaranın ağzını tikməkdə idilər. Humay narkoz altındakı xəstəyə yaxınlaşdı. Gözləri ilə həkimlərə: “Siz davam edin”, – deyə işarə edib yaralının əlindən tutdu. İşarət barmağını nəbzinə qoydu. Ürəyi zəif də olsa, döyünürdü.

Əməlliyyatı aparan həkimlə göz-gözə gəldilər.

          –  Doktor, xəstənin nəbzi düşür!

          –  Təcili qan lazımdır, siz özünüzlə gətirmədiniz ki?

          –  İkinci helikopterlə gələcək, bir azdan harada olsa, yetişər, – deyərək, – neçənci qrup lazımdır? – deyə tələsik xəbər aldı.

         – 0 RH pozitiv.

         –  Siz məndən qan alıb yaralıya vurun, – deyib biləyini çırmaladı.

Tibb bacılarından biri cəld yaxınlaşaraq:

         –  Gəlin, doktor, gəlin burada qan alım, – deyərək onu qonşu otağa apardı. Humay küncə qoyulmuş kətildə əyləşərək qolunu uzatdı. Tibb bacısı iynəni onun venasına keçirdi, qan torbasını isə əlində saxlayıb qanın dolmasını gözləməyə başladı. Qan torbanın yüz qramla işarələnmiş yerinə çatdıqda:

         –  Doktor, özünüzü necə hiss edirsiniz? – deyə soruşdu.

          –  Mən yaxşıyam, siz iki yüz qram çəkin ki, bir işə yarasın.

Tibb bacısı lazımi qədər qan aldıqdan sonra iynəni Humayın venasından çıxarıb yerini spirtli pambıqla silərək:

         –  Qolunuzu qatlayın, – deyib torbanı götürdü. Otaqdan çıxarkən:

         –  Doktor, yerinizdən qalxmayın, indi gəlirəm, – deyə tapşırıb getdi.

O getdikdən sonra Humay ayağa qalxmaq istədi. Başı hərləndi, gözləri qaraldı. Yıxılmamaq üçün divardan tutub dayandı. Qayıdıb yerində oturaraq gözlərini yumdu. Bu vaxt əlində termos və qəndlə dönən tibb bacısı hazırladığı şirin çayı ona uzadıb:

         –  Bunu için, doktor, sonra gedərsiniz, – dedi.

Humay şirin çayı birnəfəsə başına çəkdi. Barmaqlarının ucu ilə gicgahlarını ovuşdurdu. Bir neçə dəqiqə daha gözləyib ayağa qalxdı, cərrahiyyə otağına yönəldi. Onun qanını yaralıya köçürməkdə olan tibb bacısı minnətdarlıq dolu baxışlarını ona dikərək:

          – Doktor, bizim aramızda heç kimdə uyğun qan olmadığından ümidsiz idik. Əsgərimiz sizin sayənizdə yaşayacaq, – dedi.

Humay:

          – Əsl biz onların sayəsində yaşayırıq, – deyib yeni gətirilən yaralının əməliyyatına qatılmaq üçün Bakıdan onunla gələn tibb bacısından əməliyyat paltarını gətirməsini istədi.

Önlüyünü, maskasını geyindi. Cərrahiyyə alət dəsti çantasından skalperi götürüb əməliyyat masasına uzadılan yaralıya yaxınlaşdı. Əsgər özündə deyildi. Humay xarici müayinədən sonra yaralının qapalı kəllə-beyin travması aldığını yəqin etdi. Burnundan, qulaqlarından axan qan çənəsindən süzülüb boğazında qurumuşdu. Qarın boşluğundan da güllə yarası almışdı. Əməliyyat masasının ətrafına toplanan həkimlərlə göz-gözə gəldi. Hərə öz işini bilirdi. Humay yaralının gicgahından dərisini kəsib sümükdən ayırdı. Skalperi tibb bacısına verdi. Turniketlə damarların ağzını bağlayıb qanaxmanı kəsdi. Burğunu götürüb sümükdə balaca dəlik açdı ki, travma nəticəsində kəllə qapağının altına toplanmış qaz xaric olsun. Sonra həmin dəlikdən içəri saldığı çömçə ilə gematomanı təmizlədi. Kəsib ayırdığı dərini yerinə tikdi.

Həkim yoldaşları isə hələ də əməliyyata davam edirdilər. Humay bir-iki addım geri çəkilib önlüyünü, maskasını soyundu. Tibb bacısının altına çəkdiyi stulda əyləşərək onları izləyirdi. Əsgərin qarnından girən güllə 5.45 mm-lik ağırlıq mərkəzini dəyişmiş güllə olduğundan boşluğa daxil olduqdan sonra gümmü köynəyi polad üzlükdən ayrılmış, hərəsi bir istiqamətdə hərəkət edərək daxili orqanlarını doğramışdı. Həkimlər zədələnmiş dalağı, bağırsaqların bir hissəsini amputasiya etdilər, ağ ciyərin kəsilmiş-deşilmiş yaralarını tikdilər, nəhayət, əməliyyatı bitirib qarının ön divarını tikdilər. Onların hamısı qan-tərin içində idilər. Yaralılarsa gəlməkdə davam edirdilər…

Döyüşlər iki gün davam etdi. Həkim yoldaşları ilə birlikdə iki gün dayanıb dincəlmədən yaralılara tibbi yardım göstərən Humay yorulub əldən düşmüşdü. Gözləri yuxusuzluqdan qızarıb qan çanağına dönmüşdü. Əzaları sözünə baxmır, ayaqları ağırlaşıb qum kisəsinə dönən bədənini daşımaqdan aciz qalmışdı. Sonuncu yaralının əməliyyatı başlayacaqdı. Humay taqətsiz halda tibb bacısının önündə dayanıb əməliyyat önlüyünü geyindirməsini gözləyirdi. Gözləri qaraldı, başı gicəldi. Özündən gedib tibb bacısının qucağına yıxıldı.

         – Kömək edin, doktor Quliyevanın halı pisləşdi!– deyə yardım çağıran tibb bacısı onu qucaqlayaraq yıxılmağa qoymadı, yardıma yetişən həkimlərin köməyi ilə əməliyyat otağından çıxarıb boş otaqlardan birinə gətirdi. Yerə yorğan atıb Humayı üstünə uzatdılar. Tibb bacılarından biri ona naşatır spirti iylətmək istədikdə Çingiz doktor araya girərək:

       – Lazım deyil, doktor Quliyeva gəldiyimiz gün qan vermişdi, sonra da fasiləsiz işləyir. Üstünü örtün, istirahət etsin, özünə gələcək, – dedi. Tibb bacısı Humayın üstünü yorğanla örtdü, onu otaqda tək qoyub çıxdılar. Bir qədər keçdikdən sonra otağa qayıdan tibb bacısı Humayın mışıl-mışıl yatdığını görüb: “Anası ölmüş, özündən getməyib, lap ayaq üstə yatıbmış ki?”– deyə pıçıldadı.

Həmin gün cəbhə xəttində yenidən atəşkəs bərpa olundu. Axşamtərəfi toplanan həkim briqadası elə gəldikləri kimi –  helikopterlə  geriyə, Bakıya döndülər.

Mübariz

İllər keçir, Humayın saçlarına dən düşdükcə elmi dərəcəsi, vəzifəsi də artırdı. O, artıq tibb elmləri doktoru, neyrocərrahiyyə şöbəsinin aparıcı cərrahı idi. Özünü işinə həsr etməsi, fədakarca çalışmaları nəticəsində sadəcə həmkarları arasında hörməti artmır, həm də müalicə etdiyi xəstələrlə də aralarında uzun illər davam edən qırılmaz dostluq bağları yaranırdı. Keçən illər ərzində bir gün mütləq savaş başlanacaq ümidi heç əskilmədiyindən fiziki dözümlülüyünü və formasını saxlamaq üçün mütəmadi olaraq hovuza gedərək saatlarca üzür, imkan tapdıqca Novxanı kəndindəki poliqona baş çəkir, müxtəlif çaplı və təyinatlı silahlardan atəş açaraq sərrastlığını itirməməyə çalışırdı. Tərtər istiqamətindəki iki günlük ezamiyyətdən sonra müharibənin tezliklə başlanacağına olan ümidləri artdı. Üstəlik əsgərlərimizin bu döyüşlərdə qəhrəmanlıq örnəyi göstərərək qısa müddətdə iki kəndimizi işğaldan azad etmələri onun sinəsini qabartmışdı. O, indi ordumuzla hər zaman olduğundan daha çox qürur duyurdu. Poliqona atəş məşqlərinə getdiyi vaxtlarda taxta hədəflər onun gözündə canlanır, biri Köçəryan, digəri Sərkisyan, bir başqası Ohanyan, digəri başqa bir qaniçən, başqa bir azğın terrorçu olurdu. O bu hədəf düşmənləri vurub aşırdıqca kini, nifrəti, qəzəbi az da olsa, soyuyur, ürəyində: – İlahi, canlı hədəfləri məhv edəcəyim günləri yaşatmadan məni öldürmə!– deyə dua edirdi.

2010-cu ildə Mübariz İbrahimovun təkbaşına təmas xəttini keçərək düşmənin bir batalyonunu məhv etməsi xəbəri gələndə o, sevincindən uşaq kimi ağladı. Hadisəni ona danışan zabit:

– Mübariz gecə süngü-bıçaqla silahlanaraq, qarışıq mina sahəsi ilə qorunan bitərəf zonanı keçərək ermənilərin postuna gəlib. Buradakı əsgərlərin birincisini səs çıxara bilməsin deyə qəfil üstünə atılaraq boynunu qırıb. Digərlərini də əlbəyaxa döyüşdə süngü-bıçaqla öldürərək, silah-sursatlarını götürüb və düşmən taborunun komanda müşahidə məntəqəsinə gəlib. KMM-in ətrafına hələ bilmədiyimiz formada tələlər qurduqdan sonra hücuma keçib. Səhərə qədər davam edən atışma nəticəsində mühasirəyə alındığını zənn edən düşmən əsgərləri bir-birilərini qırıblar. Mübariz səhərə yaxın əsir tutduğu erməni zabitini iki yanağından avtomatın sünbəsi ilə tikərək boynundan tutub gətirirmiş. Bitərəf zonanın yarısında erməni snayperi onu arxadan vurub. Postdakı əsgərlərimiz erməniləri susdurmaq və Mübarizi bitərəf bölgədən çıxarmaq üçün döyüşə atıldıqlarında düşmənlər yaralı da olsa, gələ bilməsin deyə Mübarizi güllələyiblər. Öz zabitləri də güllələrdən nəsibini alaraq gorbagor olub, – deyə hər şeyi təfsilatı ilə nəql etdi.

– Bəs heç olmasa, Mübarizin cənazəsini götürə biliblərmi?

– Təəssüf ki, yox, axşama qədər davam edən döyüşlərdən sonra gecə ermənilər həm Mübarizin, həm öz zabitlərinin meyitlərini aparıblar.

Humay yaşarmış gözlərini qurulayaraq eşitdiklərini təhlil etdi:

         – Könül istərdi ki, Mübariz düşmən arxasından sağ-salamat qayıdıb gəlsin. Görünür, onun qismətində şəhid olmaq varmış… Mübarizin mərdliyi, cəsarəti, düşməni tələyə salmaqda göstərdiyi ağıl və fəndgirliyi bütün ordumuza, əsgərlərimizə örnək olacaq. İnanıram ki, onun bu şücaəti psixoloji üstünlüyü həmişəlik bizim xeyrimizə dəyişəcəkdir. Artıq hər zabitimiz, hər əsgərimiz özünü potensial Mübariz obrazında görəcəkdir. İnanın, bundan sonra cəbhə xəttində heç nə əskisi kimi olmayacaqdır. Düşmən hər zaman yeni Mübarizlərin qorxusu ilə səksəkə içində qalacaqdır. Sizə əminliklə deyə bilərəm ki, Mübariz öz rəşadəti ilə, sadəcə düşmən əsgərlərinin deyil, həm də onların valideynlərinin, ailələrinin canına elə bir vəlvələ saldı ki, bu qorxu hələ uzun müddət onların yuxularını qaçırmağa kifayət edəcəkdir.

       – Sizinlə tamamilə razıyam, doktor, – deyən zabit, – belə qəhrəmanlıq hekayələri bizim tariximizdə çox var. Elə bu məziyyətlərimizə görə ruslar iki yüz illik işğal dönəmində bizi əsgərlikdən uzaq tutaraq genlərimizdəki döyüşkənlik ruhunu sındırmağa çalışıblar. Amma biz, necə deyərlər, küllərimizdən doğulan bir millətik. Bu gün Mübarizimiz təkbaşına gedib erməninin bir batalyonunu məhv edə bilirsə, sabah müharibə başlayanda olacaqları siz düşünün, – deyə əlavə etdi.

 Humay gözlərini zabitin enli çiyinlərinin üstündən uzaqlara zilləyərək:

          –  İnşallah, bircə o gün gəlsəydi, – deyə köks ötürdü.

Zabitlə söhbətdən sonra Humay Mübariz üçün üzülsə də, köksü onun qəhrəmanlığı ilə qabarır, ürəyi qürurla döyünürdü.

Sonrakı illər nisbətən sakit keçsə də, cəbhə xəttində assimmetrik savaş davam edirdi. Bəzən minaya düşmüş, ya da düşmən snayperinin vurduğu bir əsgər, hətta mülki şəxslər də hospitala gətirilirdi. Hospitala gətirilən hər yaralı Humayın ömründən ömür alır, dişlərini qəzəblə, nifrətlə qıcayaraq: “Nə vaxt başlayacaq e bu savaş?! Ya birdəfəlik qırılaq qurtaraq, ya bu donuzların dərsini verək, onları tərkisilah edib, yer üzündən silək ki, bəşəriyyət dinclik tapsın. Yoxsa bunlar özbaşlarına ağıllanmayacaqlar”, – deyirdi.

Tapqaraqoyunlu

2016

Aprelin ikisinə keçən gecə ermənilər cəbhənin şimal və cənub istiqamətlərindən Azərbaycan ordusunun mövqelərini ağır artilleriyadan, atıcı silahlardan atəşə tutmağa başladılar. Səhərə yaxın atəş mövqelərimizi “yumşaltdıqlarını” düşünüb hücuma keçdilər. Lakin Azərbaycan əsgərinin fədakarlığı nəticəsində düşmənin hücumu dəf edildi. Erməniləri cəzalandırmaq üçün Ali Baş Komandan tərəfindən dərhal əks-hücum əmri verildi. Cənubda Cocuq Mərcanlı-Lələtəpə, Şimalda isə Tapqaraqoyunlu-Talış istiqamətində hərbi hissələrimiz həmləyə qalxdı. Ani və sarsıdıcı zərbə ilə mövqelərindən vurulub çıxarılan ermənilərdən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edildi. Şimalda da işlər yaxşı gedirdi. Talış istiqamətində iyirmi iki postu azad edərək erməniləri ikinci eşalonun mövqelərinədək qovan əsgərlərimiz burada dayanıb öz mövqelərini yaratdılar. Talış kəndi düşməndən azad edilmiş, Seysulan kəndinə gedən yol açılmışdı. Ordumuzun bu ani əks-həmlə ilə qazandığı qələbə siyasi və strateji cəhətdən daha əhəmiyyətli idi. Ermənilərin illərdir Ohanyan xəttinin keçilməzliyinə olan sarsılmaz inamları qırılmışdı. Moskvadan Berlinədək bütün paytaxtlara zəng edən düşmən ölkənin siyasi rəhbərliyi təcili sülh üçün vasitəçi olmalarından yana yalvarıb-yaxarırdı.

Aprel döyüşləri öz uğuru ilə həm də Azərbaycan ordusu üçün döyüşlə kəşfiyyat əməliyyatına çevrilmişdi. Əks-həmlə zamanı ehtimal olunan müharibədə düşmən bölmələrinin müqavimət gücü test olunmuş, “Ohanyan xətti”nin zəif və güclü nöqtələri öyrənilmişdi. Bütün bu məlumatlar ilbəil döyüş planlarında dəyişiklik və yeniliklər edən Azərbaycan ordu komandanlığı üçün olduqca vacib idi.

Aprel döyüşləri başlayanda Müdafiə Nazirliyi Tibbi Xidmət İdarəsinin sərəncamı ilə hospitalın həkim heyətindən yaradılan təcili tibbi yardım briqadası cəbhə xəttinin şimal hissəsinə, Tapqaraqoyunlu kəndinə göndərildi. Helikopterlə Tərtərə gələn tibb heyəti buradan avtomobillərlə Tapqaraqoyunluya hərəkət etdi. Onlar gəlib məktəb binasına çatanda saat doqquzun yarısı idi. Əsl yaz havası vardı. Çiskin yağış yağır, arabir üzünü göstərən günəş təbiəti oxşayıb-əzizləyir, tezcə də utancaq gəlin kimi buludların arxasına girib gizlənirdi.

Humay məktəb binasına daxil olub sinifləri gəzdi. Texniki heyətə sinif otaqlarının boşaldılaraq palatalara çevrilməsi və bir əməliyyat otağı yaradılması barədə göstəriş verib onları tələsdirdi.

Düşmənin gecəboyu sürən artilleriya atəşi zamanı yaralananlar ətraf hospitallara və ya birbaşa Bakıya təxliyə olunduğundan hələ ki, tibbi yardıma ehtiyac duyan kimsə yox idi. Amma yenə də Humay texniki işçiləri tələsdirərək müvəqqəti hospitalın bir an öncə hazırlanmasını istəyirdi. Bir tərəfdən də cənub cəbhəsindəki həkim yoldaşları ilə tez-tez əlaqə saxlayır, döyüşlərin gedişi ilə maraqlanırdı. O özünü yaralılara tibbi xidmət göstərməyə məsul həkim deyil, döyüşən orduların komandanı kimi hiss edirdi.

Səyyar hospital hazır olduqda Humay “təcili tibbi yardım” maşınına əyləşərək birbaşa cəbhəyə yola düşdü. Onlar bitərəf zonaya çatdıqda Humay bir tankımızın və bir PDM-imizin minaya toxunaraq sıradan çıxdığını gördü. “Təcili yardım maşını”nın sürücüsünə:

         –  Burada dayan! – deyə göstəriş verib, tanka yaxınlaşdı. Lyukun açıq qapağından içəri

boylandı. Tank boş idi. Görünür, heyət çıxarılaraq təxliyə olunmuşdu. Boylanıb baxaraq, PDM-in də lyuk qapaqlarının və desant bölməsinin qapılarının açıq olduğunu görüb yaxına getmədi. “Təcili yardım”ın sürücüsünə geri dönməsini tapşırıb, onları müşayiət edən əsgərlə birlikdə bitərəf zonanı keçib getmiş texnikanın təkərlərinin ləpirləri ilə azad olunmuş Talış yüksəkliklərinə doğru yollandı. Onlar gələndə bir neçə saat öncəsinə qədər ermənilərin nəzarətində olan postlarda kimsə gözə dəymirdi. Bir xeyli irəlidə isə ağır döyüşlər gedirdi.

Xüsusi təyinatlılarımız erməni postlarını məhv edərək, ikinci eşalona qədər irəliləmişdilər. Humay birbaşa döyüş mövqeyinə gələrək, yenicə hazırlanmış maneələrdən birinin arxasına keçib gizləndi, əsgərlərimizi salamladı.

          –  Salam, qardaşlar, atdığınız boşa çıxmasın!

 Kənardan onun gəldiyini görüb yaxınlaşan hündürboy, enlikürəkli zabit:

          – Salam, doktor, – deyərək onu salamını alıb, – siz niyə döyüş sahəsinin içinə gəlmisiniz? – deyə irad tutdu.

Humay üzünə sərt bir görkəm verərək:

         –  Mən həkiməm, komandir. Burada hər an mənim yardımıma ehtiyac ola bilər.

Zabit bir tərəfdən döyüşü idarə edir, digər tərəfdən onu danlayırdı:

         – Bu gün hələ ki, yaralımız yoxdur, əgər olarsa, onlara yardım edəcək təcrübəli sanitarlarımız var, lütfən geri qayıdın, fikrimiz bir də sizin yanınızda qalmasın.

Zabitin səsi o qədər ötkəm və əmredici idi ki, Humay istər-istəməz itaət etmək məcburiyyətində qaldı.

        –  Oldu, komandir, indi qayıdıram, – deyərək atəş səslərinin səngiməsini gözlədi, sonra onu müşayiət edən əsgərlə çıxıb getdi. Humay geri dönərkən ermənilərin keçmiş döyüş postlarını ikrahla izləyirdi. Dodaqlarına qonan istehzalı təbəssümlə:

       –  Bumuydu sizin keçilməz Ohanyan xəttiniz? Bu qədər dəmiri, betonu torpaqda açdığınız çala-çuxurlara gömərkən, hər tərəfi çeşid-çeşid minalarla doldurarkən heç düşünmədinizmi vaxt gələcək, sizi illlər boyu yaratdığınız beton sədlərin belə igidlərimizin aslan pəncəsindən qoruya bilməyəcəyini? İndi bir saat yetdi sizi buradan iti qovan kimi qovmağımıza! Pis donuzlar sizi! – deyə ürəyindən keçirib qəhqəhə çəkdi. Müşayiətçisi onun niyə belə ürəkdən, qəhqəhəylə güldüyünü bilmədiyindən təəccüblə üzünə baxdı.

         –  Doktor, bitərəf bölgəyə keçirik, burada ehtiyatlı olmaq lazımdır.

Humay onun səhvini düzəldərək:

          –  Bitərəf bölgəyə yox, əsgər, vətən torpağına. Bitərəf bölgənin bu tərəfi sənin, o biri tərəfi düşmənin olandır. Geri dönüb gəldikləri tərəfi göstərərək sözünü tamamladı:

          –  Amma bax, bu torpağın o tərəfi də, bu tərəfi də bizimdir.

Əsgər:

         – Necə istəyirsiniz, elə də adlandıraq, – deyə cavab verdi. Amma reallıq budur ki, qarşımızda qarışıq mina sahəsi var və mən sizin həyatınıza cavabdehəm.

          – Yaxşı, narahat olma, ehtiyatla gedərik, – deyib bayaq gəldikləri ləpirə düşüb irəliləməyə başladı.

Həmin gün müvəqqəti hospitalda sakit keçdi, elə ertəsi gün də bir nəfər də olsa, yaralı gətirməmişdilər. Həkimlər, tibb heyəti Xüsusi təyinatlıların müstəsna döyüş və özünümüdafiə qabiliyyətlərindən danışır, onlara təriflər deyib göylərə qaldırırdılar. Humay boş vaxtlarından istifadə edib Cənub cəbhəsi ilə əlaqə saxlayır, ordumuzun Lələtəpədəki uğurlarını da eşidib qürurlanırdı. İki gün sonra ermənilərin Suqovuşandakı tank taborunun İnciçayın kənarında toplaşaraq Xüsusi təyinatlılarımızın üzərinə hücuma keçdiyi barədə xəbərlər gəldi. Humay XTQ-nin atıcı silahlar və birdəfəlik qumbaraatanlarla silahlandığını görüb-bildiyindən həyəcandan ürəyi qabırğalarını döyəcləyir, səbirsizlikdən bir yerdə qərar tuta bilmirdi. Özünü yeyib-tökür, çarəsizlik içində qıvrılırdı. Bir an belə dilindən düşməyən dualarla aslanlarımızı qoruması üçün Tanrıya yalvarırdı. Amma dualar tankları durdurmağa yetməzdi ki…. O bunu anlayırdı. Nə etsəydi, necə eləsəydi ki, Xüsusi təyinatlılarımıza iynənin ucu qədər faydası toxunaydı?. O bu an heç düşünmədən həyatını belə qurban verməyə hazırdı. Təki adı kimi özləri də xüsusi, say-seçmə olan igidlərimiz düşmən tanklarının mühasirəsindən çıxıb sağ-salamat dönə bilərdilər. Bəzən özünü qınayır, zabitin ötkəm səsi və insanın beynini dəlib keçən atəşli baxışları qarşısında təslim olub geri qayıtdığına min peşman olurdu. “Gərək orada qalardım. İndi həm əsgərlərimizi ruhlandırar, həm də yaralarına sarğı qoyardım, – deyə öz-özünə deyinirdi.

Həmin gün axşama doğru yaralılar gəlməyə başladı. Humayın rəhbərliyi altındakı həkim briqadası onlara ilk yardım göstərir, bəzilərini əməliyyat edərək həyata tutunmalarına yardım edirdi. Şəhidlər də gətirirdilər…. Hər biri qala bürcü kimi boylu-buxunlu, enlikürək şəhidlər…

Ayın 5-də atəşkəs oldu. Sonrakı günlərdə mühasirəyə düşərək son ana qədər savaşıb qəhrəmancasına həlak olan Xüsusi təyinatlılarımızın cənazələri gətirildi. Humayı döyüş xəttindən geri qaytaran zabit – Murad Mirzəyev də onların arasında idi… O, xərəyin üstündə uzanıb gülümsəyirdi. Təbəssümlə büzülən dodaqları azacıq açıq qalmışdı. Humay onun cənazəsini gördüyündə özünü saxlaya bilmədi, Muradın cansız bədənini qucaqlayıb hönkürdü… Ağappaq həkim xalatının altındakı zərif çiyinləri atılıb-düşür, gözlərindən sular-sellər boşalırdı…

Solğun şəkillər

I

Ermənilər atəşkəs nəticəsində tamamilə darmadağın olmaqdan qurtulmuşdular. İndi onların verdikləri sözləri tutmasının zamanı idi. Ancaq bir müddət öncə necə diz çöküb yalvardıqlarını unudaraq heç nə olmamış kimi davranmağa başladılar. Üstəlik, Azərbaycan hökumətinin beynəlxalq razılaşma əsasında İrana Araz çayı üzərindəki Xudafərin və “Qız qalası” su anbarlarının inşasına icazə verməsini də təbliğat maşınlarına alət edirdilər. onlar əhalini hökuməti “ermənilərə su-elektrik stansiyası” tikməkdə günahlandırmasına, məsələnin mahiyyətindən xəbərsiz insanların iqtidara qarşı neqativ hisslər bəsləməsinə nail olmağa çalışırdılar.

Aprel döyüşlərinin ən böyük əhəmiyyəti onda idi ki, sadə xalq kütlələrində Azərbaycan ordusunun baş verə biləcək savaşda Ermənistanı çox qısa müddətdə darmadağın edəcəyinə möhkəm inam hasil olmuşdu. Elə bu səbəbdən də sosial mediadan çayxanalardakı söhbətlərə qədər bütün müzakirələrin mövzusu Aprel döyüşləri idi. Qəlbində milli ruh daşıyan insanlar savaşın bu qədər qısa müddətdə dayandırılması ilə razılaşmaq istəmir, yenidən döyüş əməliyyatlarının bərpa edilməsinə çağırışlar edirdilər. Və hər kəsin dilində bir şüar var idi: “Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!” Bir repçinin dilindən tökülən bu misralar vətənpərvər gənclərin dilinin əzbərinə, onların həyat şüarına çevrilmişdi.

Gənclərin savaş ruhu qabarıb qəlbləri Qarabağ üçün atdığı vaxt Humay məzuniyyət götürüb Naxçıvana, doğma kəndlərinə yollandı. Aprel döyüşləri onun qəlbində dərin yaralar açmış, Birinci Qarabağ savaşında aldığı post-travmatik stresi yenidən oyatmışdı. Artıq hospitalda müalicə alan yaralıların xəstəlik tarixçələrini, həkim təyinatlarını açıb oxumaq istərkən gözləri sıra-sıra düzülmüş hərflərin yerinə qanlı ləkələr görürdü. O özünü yaralılara diaqnoz qoymaqda, onları müalicə etməkdə aciz hiss edirdi.

Şöbə müdirinin otağının qapısını döydü. İçəridən Çingiz həkimin özünəməxsus yoğun səsi gəldi:

         –  Gəl.

Humay qapını açaraq müdirin kabinetinə daxil olduqda Çingiz həkim başını qaldırıb onu diqqətlə süzdü:

         –  Nə olub, doktor? Yenə ağlamısınızmı?

Humay boğazını arıtlayıb susdu. Çingiz həkim məzəmmətə keçdi:

         – Sən ki müharibə görmüş adamsan, ay doktor. Başqası olsa, yenə nə isə, amma sənə bu zəifliyi yaraşdıra bilmirəm.

Humay birbaşa mətləbə keçdi:

         –  Xahiş edirəm ki, məni bir aylıq məzuniyyətə buraxasınız, – deyib əlindəki ərizəni Çingiz həkimin önünə qoydu.

Çingiz həkim onun ərizəsinə ötəri nəzər saldı:

          –  Əlbəttə, doktor, günü sabahdan məzuniyyətə gedin. Bir ay dincəlin. Lap lazım olsa, zəng edərsən, məzuniyyət müddətini uzadarıq.

          –  Çox sağ olun, doktor, anlayışınıza görə sizə minnətdaram.

Humay təşəkkür edib otaqdan çıxdı. Hospitaldan çıxarkən Səidəni yığdı.

          – Salam, Humu, neçə vaxtdır haralardasan? – telefonu açan Səidə onu ərkyana danladı.

          –  Nə bilim…. Cənab prokuror, lütfən səsimi eşidən kimi istintaqa başlama.

          – Yaxşı, yaxşı, ay qız, de görüm, işlərin necədir, yaxşılıqdırmı?

          –  Sənə ehtiyacım var.

          –  Buyur, Humu, qulluğundayam.

          –  Bu gün görüşə bilərikmi?

          –  Əlbəttə görüşərik, indi hardasan?

          –  Hospitaldan çıxıram.

          –  Gəl bura, mən də işlərimi yekunlaşdırım, ondan sonra bir yerdə oturub bir çay içərik.

          –  Oldu, gəlirəm, – deyən Humay telefonu söndürüb avtomobilinə əyləşdi. Küçəyə çıxıb Respublika Prokurorluğuna doğru hərəkətə başladı.

Səidə bir müddətdir ki, burada işləyirdi. Humay son dəfə Səidəni yeni təyinatı münasibəti ilə təbrik etməyə gəlmiş, onun iş otağında əyləşib çay içmişdilər. Aradan keçən müddətdə də nə görüşmüş, nə də telefonda danışmışdılar. Üstündən aylar keçdikdən sonra Humay yenidən eyni yollardan keçib Səidəni görməyə gedirdi. Amma bu dəfə kefi heç yerində deyildi. Nə açıq şüşədən içəri dolub boyun-boğazını yalayan küləyə, nə də narın yaz yağışına fikir vermir, gözlərindən süzülən suyun ardından yolu görməyə çalışaraq irəliləyirdi. Prokurorluğun önünə gəlib çatanda maşını bir kənarda saxlayıb endi. Qapıları bağlayıb binanın əsas girişinə yönəldi. Gözətçi polis nəfərinə kimin yanına gedəcəyini deyib yuxarı qalxdı. Liftin güzgüsündə özünə əl gəzdirib endi. Üç nömrəli qapıya yaxınlaşıb içəri daxil oldu, katibəyə: – Səidə xanımı görəcəkdim, – deyib xəbər verməsini gözlədi.

Səidənin özü onu qarşılamaqçün qapıya çıxmışdı. Qucaqlaşdılar. İçəri keçəndə Humay:

          –  Səidə, bir günlük vaxtını mənə ayıra bilərsənmi? – deyə soruşdu.

 Səidə onun qolundan tutub divanda əyləşməsinə yardım edərək:

          –  Əlbəttə, Humu, xeyirdimi? – deyə maraqla soruşdu.

          –  Armudluya getmək istəyirdim… Amma tək getmək istəmədim… Axı sən mənim dərd ortağım, can yoldaşımsan, – deyib udqundu. Onun ağlamamaq üçün özünü zorladığını hiss edən Səidə:

         –  Narahat olma, bacı, istəsən, elə günü sabah gedərik, – deyib fikrini yayındırmaq üçün, – bu il Naxçıvana gedəcəksənmi? – deyə soruşdu.

Humay:

         –  Bilmirəm, Səidə, heç nə bilmirəm, – deyib burnunu çəkdi. Nə qədər elədisə, boğazını yandıran qəhəri geri qaytara bilmədi, göz bulaqlarından daşan incilər ətrafa səpələndi.

Səidə yanında əyləşib onun titrək əllərindən tutdu:

         –  Nə olub sənə, Humu? Axı mənim tanıdığım Humu belə deyildi…. Özünü ələ al, möhkəm ol, kim olduğunu unutma!

Humay əlini onun əlindən çəkib gözlərini quruladı:

         –  Bilmirəm xəbərin var, ya yox. Aprel döyüşlərində mən də həkim briqadası ilə Tərtər istiqamətində ezamiyyətdə idim. Orada elə igidlərimiz şəhid oldu ki…

        – Xəbərim var, Humu, dördgünlük savaş Murad, Samid, Raquf, Mühit, Pəncəli kimi igidlərimizi bizdən aldı…. Bu dünyaya, çətin ki, bir də elə oğullar gələ…

        – Muradın üz cizgiləri Elçinə o qədər oxşayırdı ki… Sanki Elçini gətirib xərəkdə uzatmışdılar. Sifətinə gələn nur, dodaqlarındakı təbəssüm eynən Elçininki kimi idi…. Neçə gündür, ağlımdan çıxarda bilmirəm….

Səidə:

        –  Can, bacı, can, – deyib onu qucaqladı, – fikir eləmə, hər şey düzələcək, – deyə təsəlli verib ayağa qalxdı.

       –  Gəl şəhərə çıxaq, bir yerdə oturub bir çay içərik. Bir az fikrini dağıdarsan.

       – Yox, Səidə, evə getmək istəyirəm. Sənin yanına gəldim, bir az eynim açıldı. Sabah da Armudluya gedək, Elçinin məzarını da ziyarət eliyim. Gör neçə illərdir, onu da gedib görə bilmirəm.

        –  Yaxşı, Humu, necə istəyirsən, elə olsun. Sabah erkəndən hazırlaşarsan, saat yeddi üçün gəlib səni götürərəm, gedərik.

Sağollaşdılar. Humay prokurorluqdan çıxıb hospitalın yanındakı binaya, illərdir ki, kirayə yaşadığı birotaqlı mənzilə gəldi.

II

Günəşin açıq pəncərələrdən içəri süzülən şəfəqləri onu yenicə getdiyi yuxudan oyatdı. Qalxıb yuyundu, mətbəxə keçib su qaynatdı. Bir fincan kofe içib saatına baxdı. Yeddiyə on beş dəqiqə qalırdı.

Hazırlaşıb evdən çıxdı. Binanın qarşısına düşəndə Səidənin maşınının yaxınlaşdığını gördü. Fırlanıb önündə dayanan avtomobilin sağ tərəfinə keçdi. Qapını açıb əyləşərkən salamlaşdı:

     –  Sabahın xeyir, Səidə.

     –  Sabahın xeyir, Humu. Necəsən? İstirahət edə bildinmi?

     –  Yaxşıyam, sağ ol.

     –  Onda yola düşək.

     –  Hə, yolçu yolunda gərək.

Saat on üç radələrində Səidənin avtomobili Elçinin babalarının yurd axtararkən at arabası ilə dırmaşdığı yoxuşu qalxmaqda idi. Üzərindən səksən il keçsə də, yol heç dəyişməmişdi. Bəlkə, arada bir buldozer salıb hamarlamışdılar. Amma elə səksən il öncə olduğu kimi, qumsal təpələrin üstü ilə qalxan yol torpaq, ətrafı isə kol-kos idi. Səidənin avtomobili bu yolda arxasınca qalın toz buludu yaradaraq irəliləyirdi. Yan güzgüdən toz buluduna baxan Humayın gözlərinin önündə on illər boyu bu yolu başlarına döyən günəşin, ayaqlarının altından qalxan toz-torpağın içi ilə yol enişə, yol yoxuşa piyada, at-eşşəklə, at arabaları ilə hərəkət edən tərin-suyun içindəki insanlar canlandı. Qəlbi sıxıldı… Başını oturacağın başlığına söykəyib gözlərini yumdu. Səidə onu gözucu süzüb: – Allah bilir, yazıq qızın qəlbindən nələr keçir, – deyə düşündü. Ağzını açıb nəsə bir söz demək istədi, ancaq fikrini dəyişib susdu. Sonuncu aşırıma qalxdıqlarında Armudlu göründü. Humay:

         – Maşını saxla, Səidə, – dedi. Səidə avtomobili sağa çəkib əylədi. Humayın yumulu gözlərindən süzülən yaşlar çənəsindən damlayır, köynəyinin yaxasını isladırdı. Səidə onu sakitləşdirməyə çalışdı:

         –  Yaxşı da, Humu, belə eləmə.

Humay ovcunda sıxdığı zərif haşiyəli yaylıqla gözlərini silib burnunu çəkərək: – Hər şey yaxşıdır, Səidə, gedək, – dedi.

Avtomobil kələ-kötür yolla enərkən Səidə marağını saxlaya bilməyib:

        –  Bacı, axırıncı aşırımı necə bildin? – deyə soruşdu.

Humay köks ötürdü:

        – Necə bilməyim, ay Səidə, 92-ci ilin 27 iyununda gəldiyimizdən bu yana keçən səkkiz min altı yüz doxsan üç günün hər günü bu yolu gəlmişəm…. Oyaq vaxtı xəyalımda, yatan vaxtı yuxumda… Amma hər gün ən azı bir dəfə gəlmişəm. Real olaraq ilk dəfə də səninlə gəlmişdim, son dəfə də səninlə gəlirəm.

Səidə qaşlarını çatıb susdu. Çünki bu anda nə danışmağın, nə də bir söz deməyin mənası yox idi.

Onlar kənd məzarlığına gəlib Elçinin qəbrini ziyarət etdilər. Dualarını oxuduqdan sonra Humay Elçinin başdaşının yanında diz çökdü. Cib dəsmalı ilə onun solub-bozarmış şəklinin toz-torpağını sildi. Səidə ilə köməkli məzarın ətrafını basmış ot-alafı təmizlədi. Başdaşına sarıldı, Elçinin şəklini öpüb ayağa qalxdı.

Qəbiristanlıqdan çıxanda Humay sakitləşmişdi. Sanki üzərindən dağ boyda ağırlıq götürmüşdülər. Ciyərdolusu nəfəs aldı:

         –  Hə, Səidə, bütün ağırlığımı, nisgilimi geridə qoydum.

         –  Bacı, sən gərək bura bir neçə il öncə gələydin.

         –  Nə bilim, ay Səidə?.. – deyib gözlərini uzaq üfüqlərə dikdi.

         – İndi hara gedəcəyik, Humu? Planlaşdırdığın bir yer varmı? Yoxsa birbaşa Bakıya qayıdırıq? – O əslində Elçingilə getmək istəyib-istəmədiyini soruşmaq istəyirdi.

         –  Bura qədər gəlmişkən, Güləndam xalanı, Banunu ziyarət etmədən dönsək, olmaz.

         –  Hə, Humu, haqlısan, onda gedək Elçingilə.

         Onlar gəldiklərində Güləndam xala həyətdə idi. Humay açıq qapsaqdan keçib həyətə daxil oldu. Yaxınlaşıb qadının əllərindən tutdu, öpdü, öpdü…

Qadın Humayı tanıyıb bağrına basdı, Səidə ilə də salamlaşıb onları evlərinə dəvət etdi. Humaygil aynabəndə keçib əyləşdilər. Humay ətrafına göz gəzdirdi. Hər şey onun iyirmi dörd il öncə gördüyü kimi idi.

Güləndam xala onlara çay gətirib:

        – Bir dəqiqə gözləyin gəlirəm, – deyib həyətə çıxdı. Qonşunun uşağını səsləyib toyuqlardan birini tutub kəsməsini tapşırdı. Qapılarında dayanan maşını görüb gələn qonşu gəlini içəri çağırıb qonaqlarla tanış etdi:

        – Bunlar Elçinin tələbə yoldaşlarıdırlar. Bizi ziyarətə gəliblər. Uşaq toyuğu gətirən kimi, götür keç mətbəxə, tez çığırtma elə, özün də gəl qonaqlarımızla bir tikə çörək ye.

Gəlin Humaygillə salamlaşıb:

        –  Baş üstə, Güləndam xala, siz narahat olmayın, nə lazımdırsa, edəcəm.

Humay Elçinin atasını, bacılarını soruşdu. Güləndam xala köks ötürüb:

         – Qızım, Səbuhi dayınız iki il öncə ömrünü sizə bağışladı. Qızlar da ki, hamısı evlənib gediblər. On üç nəvəm, iki nəticəm var.

Humayın gözləri güldü, eyni açıldı:

        –  Bəs Banu? Oxuya bildimi? İndi haradadır, nə iş görür?

        –  Hə, qızım, oxudu. Rayon mərkəzində tarix müəllimi işləyir, elə orada da yaşayır. Müəllim yoldaşı ilə evlənib.

Sonra Humay özündən, öz həyatından danışdı. Güləndam onun uğurlarına sevinib qürur duyur, köksü qabarırdı.

        –  Qızım, bəs oğuldan-uşaqdan nəyin var? – deyə soruşduğunda aldığı cavabdan mütəəssir oldu, gözləri yaşardı.

       –  Düz eləməmisən, qızım, təklik Allaha məxsusdur, evlənmək, ailə qurmaq lazımdır.

 Artıq qonşu gəlin də yeməyi hazırlayıb gətirmişdi. Yeməklərini yeyib, çaylarını içdikdən sonra qalxıb sağollaşdılar.

Bakıya dönəndə Humayın əhvali-ruhiyyəsi xeyli yaxşılaşmışdı. Məhəllələrində maşından düşərkən Səidəni qucaqlayıb:

        –  Hər şey üçün çox sağ ol, bacı. Yaxşı ki, varsan, – dedi.

Səidə onu arxayın etdi:

        –  Qarşılıqlıdır, Humu, nə vaxt istəsən, bir zəngin yetər, qulluğunda hazıram.

III

Həmin axşam Naxçıvana onlayn bilet alan Humay iki gün sonra uçuş üçün hava limanına gəldi. Gömrük yoxlamasından keçib təyyarəyə mindi. Biletində qeyd olunmuş yerə keçib əyləşərkən: “Bir vaxtlar yük təyyarəsi ilə, ya da daha çox kənd avtobusuna bənzəyən təyyarələrlə gedib gəlirdim. İndi artıq bilet almaq üçün də aviakassaya getməyə ehtiyac yoxdur. Görəsən, on il sonra daha hansı dəyişikliklər olacaq?” – deyə öz-özündən soruşdu.

O, salonun tavanından asılmış monitordan təyyarənin uçuş yüksəkliyi, sürəti, çöldəki hava temperaturu və sair bilgiləri görsə də, hərəkət marşrutu ekranda əks olunmadığından maraqla pəncərədən aşağı boylanır, üzərindən keçdiyi torpaqlara həsrətlə baxırdı. Yüksəklikdən güclə seçilən yaşayış məntəqələrini gördükcə: “Görəsən, bura haradır?” – deyə öz-özündən soruşurdu.

2014-cü ildə İlkin Muradov ermənilərin Mİ-24 hücum helikopterini vurduqdan sonra Naxçıvana gedən təyyarələrimiz Ermənistanın deyil, Güney Azərbaycanın üzərindən keçməklə uçurdular. Humay hərbi həkim olduğundan sərbəst səyahət imkanı yox idi. Ona görə də xəyalları ilə yaşadığı Güney Azərbaycanı gedib gəzə bilmirdi. İndi təyyarə ilə uçarkən göyün yeddinci qatından üzərindən keçdikləri yaşayış məntəqələrini, dağları, çayları həsrət dolu gözlərlə seyr edirdi. Aşağıda görünən Savalan dağını tanıdı. Bəzz qalası, Babəkin xürrəmiləri xəyalında canlandı. Afşinin ordusu durub-dincəlmədən hücum edir, xürrəmilər qırmızı bayraqlarının altında azadlıqları, istiqlaliyyətləri üçün inadla döyüşür, mübarizə aparırdılar. Qaşları çatıldı, öz-özünə “Hücum edən də türkdür, müdafiə olunan da… Əgər Afşin ərəblərin deyil, Babəkin tərəfini tutsaydı, əl-ələ verib işğalçıları yurdumuzdan qovardılar. Amma neynəyəsən ki, Afşin satılmışdı… Eh, guya indi satqınlarımız azdırmı? Rusiyanın da, İranın da casus şəbəkəsinin adamları ordumuzdan tutmuş məscidlərimizə qədər hər yerdə var. Yenə hər yer xain qaynayır. Lap elə min il əvvəl olduğu kimi”.

Təbriz uzaqdan görünəndə Humayın ürəyi atlandı.

…Qızılbaş ordusu şəhərə varid olmaqda idi. Ordunun önündəki üzü niqablı gənc atının belində məğrur-məğrur oturub pişvazına çıxan şəhər sakinlərini salamlayırdı. Şəhərin irəli gələnləri onun yolunun üstündə qurbanlar kəsir, qanını onun atının ayaqları altına axıdırdılar. Arxa sıralardakı qız-gəlinlərin, uşaqların sevinci üzlərindən-gözlərindən oxunur, hər kəs pıçıltı ilə niqabın gizlətdiyi üzün nurundan danışırdı. Sonra Ərk qalası, El gölü canlandı gözlərində. Göy məscidin minarəsinə çıxan bir uşaq min bir həvəslə “Heydər babaya salam”ı oxuyurdu. Təyyarə istiqamətini şimal-qərbə döndərdiyində şəhər görüş sahəsindən çıxdı. O özündən xəbərsiz zümzümə edirdi:

Qollarım dolanar boynuna bir gün,

Yenə baş qoyaram dizinə, Təbriz.

Həsrətdən, hicrandan cana doymuşam,

Doyunca baxaram gözünə, Təbriz….

Humay gözlərini pəncərədən çəkib əl yaylığını çantasından götürdü. Nəmlənmiş kirpiklərini qurulayıb burnunu çəkdi.

Təyyarə Araz çayını keçib sağa döndü. Artıq eniş başlanmışdı. Naxçıvan şəhərinin üzərindən keçərkən təkərlərini açdı…

IV

Humayı gətirən taksi kəndlərinə çatanda günortadan keçirdi. Evlərinə yaxınlaşanda nənəsini gördü. Qadın darvazanın ağzında on illər öncə kiminsə gətirib qoyduğu iri çay daşının üstündə əyləşmişdi. O, əynindəki yedditaxta tumanı, qanovuz köynəyi və başına bağlayıb yaşmaq tutduğu kəlağayısı ilə sanki nağıllardan çıxıb gəlmişdi. Dizlərinin üstünə qoyduğu damarları çıxmış, quru əlləri, yumulu gözləriylə sanki sirli bir ayində idi.

Avtomobil önünə çatıb dayananda gözlərini açdı. Maşından düşən Humayı görüb sevincindən özünü elə itirdi ki, ayağa qalxıb nəvəsinə sarılmaqla sakitcə oturmaq arasında çaşıb qaldı. Gülümsəməklə yetindi.

Humay yaxınlaşıb əyildi, nənəsinin üzündən öpüb əllərindən tutdu, ayağa qalxmağına kömək edib:

         –  Necəsən, ay nənə?

         –  Nənən sənə qurban, ay Humu, – deyib nəvəsini qucaqladı, kirpiklərini isladan yaşlar yanaqlarından enişə yuvarlandı.

         –  Ağlama, nənəcan, hələ de görüm, anam necədir? Evdədirmi?

         – Hə gözlərinə qurban, evdədir, elə indi yemək yedik, mən çıxdım qapıya, o da süfrəni yığışdırırdı.

Humay baqajı açıb əşyalarını endirən sürücünün pulunu verib yola saldı. Çamadanını götürərək nənəsinin qoluna girdi:

         –  Gəl gedək evimizə, nənəcan.

Səslərinə qapıdan boylanan Gülsarə onların gəldiklərini görüb sevinclə önlərinə yeridi. Qızı ilə qucaqlaşdı, onun saçlarını qoxulayıb ətrini içinə çəkdi, üzündən-gözündən öpdü, öpdü:

 – Həkim balam, boyuna qurban…

Humay yenə kitablarını çantasına yığıb çiyninə asmış, termosunu da götürüb çayın kənarına, bağlarına gəlmişdi. Köhnəlib orası-burası əzilmiş tor qapsağı açıb həyətə girdi. Ətrafına boylandı. Tibb Universitetinə hazırlaşarkən yanında əyləşib dərslərini oxuduğu alma ağacı yerində yox idi. O vaxt cavan ting olan digər meyvə ağaclarının da yerləri boş idi. – Yəqin, qocalıb quruyublar, – deyə fikrindən keçirdi. Ərik ağacına yaxınlaşdı. Çantasını, termosunu yerə qoydu. Özü də torpağın üstündə əyləşib kürəyini ağacın gövdəsinə söykədi. Ayaqlarını qarnına çəkib qucaqladı, alnını dizlərinə söykəyib gözlərini yumdu…

1988-ci ili xəyalında canlandırdı. Evləri, bağları, bütün kənd gəlib durdu gözlərinin önündə. Bir də indi… Daha dünən Teyvaz yalına çıxıb oradan kəndlərinə tamaşa eləmiş, hətta telefonu ilə videosunu da çəkib sosial şəbəkələrdə kəndimiz heşteqi ilə paylaşmışdı da.

        –  Doğma yurdum, məndən xəbərsiz nə qədər də böyümüş, necə də gözəlləşmisən! – deyə ürəyindən keçirib başını qaldırdı. Bağlarını, seyrələn ağacların yerlərini seyr etdi. Orada şaftalı vardı, burada, arxın kənarında turş alma, bax orada da payızlıq qırmızı alma, – deyə barmağı ilə göstərib özü ilə danışırdı, – bu tərəfdəki moruda yan-yana üç hülü, onlardan sonra da yay alması… İndi hamısı quruyub. Qala-qala bu ərik, – deyib başını qaldırdı, altdan yuxarı altında oturduğu ağacın budaqlarına baxıb gözlərini kənardakı digər ağaclara sürüşdürdü, – o gilas, gilənar, armudlar qalıb… Həyat da belədir, qocalan quruyur, qocalan ölür…

Termosunu açıb yanında gətirdiyi birdəfəlik stəkana çay süzdü, çantasından götürdüyü konfetlə içməyə başladı.

Çayını içib çantasındakı kitabı götürdü. Səidə bağışlamışdı. Kitabın üz qabığını çevirib baxdı. Çingiz Aytmatovun “Kassandra damğası” romanı idi. Qaşlarını çatıb “Kassandra damğası”, – deyə təkrar etdi. Maraqlı kitab olmalıdır.

Qaça-qaça gələn uşağın  kimliyini öyrənmək üçün başını qaldırdı, əlini qüruba getməkdə olan günəşə sipər edib baxdı. Bu vaxt on dörd-on beş yaşlarındakı oğlan uşağı onu çağırdı:

         –  Humay xala, Gülsarə nənə deyir, tez gəlsin.

Humay əlindəki kitabı qatlayaraq:

         –  Xeyirdimi? – deyə soruşdu.

         –  Gilə nənə xəstələnib.

Humay ayağa qalxmaq istədisə də, qalxa bilmədi. Sanki iflic olmuşdu:”Görəsən, nə olub nənəmə?” – deyə fikrindən keçirdi. Uşaqsa yanında toxtayıb-kirimir, onu tələsdirirdi.

        – Gəlin, Humay xala, gəlin gedək.

 Humay gələndə Giləni yatağına uzadıb alnını çalmışdılar. O, nənəsinə yaxınlaşıb diz çökdü, nəbzini tutub qanı qaçmış dodaqlarına baxdı, üzündən öpüb:

        –  Nənə, gözəl nənəm, qayğıkeş nənəm, gözlərini aç, bax yanındayam, qoymaram, sənə bir şey olsun.

Gilənin göz qapaqları aralandı, dumanın içindəki Humaya baxıb son gücünü toplamağa çalışdı:

        –  Ölüm haxdı, bala, mənim vaxtım yetişib, sən anandan muğayat ol.

Humay:

         – Nə ölmək, ölməkdən danışma, ay nənə, – deyəcəkdi, ancaq Gilə onun ovcundakı əlini tərpədərək sözünü bitirmədiyini bildirdi:

         –  Məni Dürdanəmin yanında… – dedi, cümləsi yarımçıq qaldı.

Humay ovcundakı əli sıxaraq:

         – Nənə, nənə! – deyə səslənib üzünə baxdı. Gilənin göyərən dodaqları açıla qalmışdı. Humay nənəsinin əlini qaldırıb dodaqlarına toxundurdu, soyumuş barmaqlarından öpüb hönkürdü…

Salahın, Ələsgərin, Dürdanənin başdaşlarının yanında dördüncü başdaşı ucaldı, solğun şəkillərin yanına yeni şəkil asıldı…

Humay hospitalın neyrocərrahiyyə şöbəsinə zəng vurub məzuniyyətinin vaxtını uzatdı. Nənəsinin qırxından sonra anası ilə sağollaşıb Bakıya döndü.

O əslində təkbaşına qayıtmaq, anasını da burda tənha qoyub getmək istəmirdi. Ancaq nə qədər yalvarıb dil tökdüsə də, Gülsarəni özü ilə gətirməyə razı sala bilmədi.

Anası:

         – Qızım, arabir səni yoluxmağa gəlməyimə baxma. Mən Bakıya Ələsgərlə birlikdə gələcək, onunla birlikdə yaşayacaqdım. Amma atan rəhmətə gedəndə onun qəbri başında söz vermişəm. Son nəfəsimədək bu evdə yaşayacaq, onun yanına da elə buradan gedəcəyəm, – deyə Bakı mövzusunu birdəfəlik bitirdi.

Bu, Gülsarənin gəlin gəldiyi ikigözlü möhrə evdə qalmaqla bağlı verdiyi ikinci qərar idi. İlkində hələ Humay qucağında idi, Dürdanə doğulmamış, Salah babanı yenicə dəfn etmişdilər. Ancaq indi Dürdanə də dünyasını dəyişmiş, Giləni də onun yanında dəfn etmişdilər. Və Gülsarə damın altında tək-tənha qalmışdı… Səhər erkəndən Humayı yola salıb qayıdanda tənhalığını iliklərinə qədər hiss etdi. Bir az həyətdə gəzib-dolandı. Aynabəndin qapısının önünə qədər gəlsə də, heç cür açıb içəri girə bilmirdi. Gülsarəyə elə gəlirdi ki, içəridə onu gözləyən yalnızlıq saçlarından tutub yolacaq, hörüklərini boğazına dolayıb boğacaq… Həyətə gedib ağacların dibində gəzdi, toyuq-cücələrə dən atıb yemlədi. Nə edirsə-etsin, başını qatıb fikrini dağıda bilmirdi ki, bilmirdi. Alacalanmış gözləri qızarıb qan çanağına dönmüşdü. Boğazında düyümlənən qəhər qırtlağını yandırıb-yaxırdı. Nəhayət, günortaüstü “Nə olacaqsa, olsun”, – deyərək, gəlib aynabəndə daxil oldu. Birbaşa yataq otağına yollandı. Üzüqoylu çarpayının üstünə yıxılıb qaldı…

1250

Humay iyirmi il öncə olduğu kimi, yenə özünü unudub işi ilə maraqlanırdı. Hər müalicə etdiyi, sağaltdığı  əsgər onu bir az daha həyata bağlayır, gələcəyə dair ümidlərini artırırdı. Bir dəfə iş otağında əyləşib kofe içirdi. Haradan ağlına gəldisə, atəşkəs dövrü verdiyimiz şəhidlərimizin sayını araşdırmaq qərarına gəldi. Öncə internetə girib baxdı. Qarşısına müxtəlif rəqəmlər çıxdı. Müdafiə Nazirliyindəki tanışları ilə əlaqə saxladı, Səidədən kömək istədi. Nəhayət, öyrənmişdi… Atəşkəs dönəmində min iki yüz əlli əsgərimizi və ən azı on nəfər mülki şəxs, o cümlədən də biri körpə olmaqla, iki uşağı şəhid vermişdik. Bunları öyrənəndə  qanı bədənində dondu, qulaqları uğuldadı, nəbzi sürətlənib kəlləçarxa qalxdı. Yumruqlarını düyüb dişlərini qıcadı, istehza ilə:

      –  Budurmu sizin atəşkəsiniz? Beləmi kəsmisiniz atəşi? İlə əlli iki şəhidimiz var, ya da həftəyə bir şəhid. Hələ mina partlayış travmaları və snayper atəşləri nəticəsində şikəst qalan minlərlə insanımızdan danışmıram… Belə atəşkəsi olmaz olsun,– deyə  qəzəbindən odsuz-ocaqsız yanırdı. Qıcadığı dişlərinin arasından, – Bircə savaş başlasaydı! – deyə təkrar edir, gözlərinin önündən axıb-gedən şəriddə ermənilər yaralılarını, ölülərini qoyub qaçır, əsgərlərimizin vurub partlatdığı texnikaları, qərargahları od tutub yanırdı.

Ardı burada: Zaur Bayramoğlu – Snayper

QEYD:

Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.

Müəllif: Zaur BAYRAMOĞLU

ZAUR BAYRAMOĞLUNUN YAZLARI

Zaur Bayramoğlunun rəsmi səhifəsi

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir