28 may günü

28 MAY

28 may günü,
Qovuşduq istiqlala.
Üçrəngli bayrağımda,
Həkk olunan hilala.

Tiflis şahidlik etdi,
Tarixi aya, günə.
O gün bayrama döndü,
O tarixdən bu günə.

Vətənimin azadlıq,
Günəşi doğdu o gün.
Əsarətin boğazın,
Millətim boğdu o gün.

Ayının caynağından,
Xilas etdi özünü.
Dünyaya bəyan etdi,
“Hürr dövlətik”, sözünü.

Azərbaycan dövləti,
Adlandıq o gündən biz.
Hürriyyətə qovuşdu,
Xalqımız, millətimiz.

İyunun on altısı,
Köçüb Gəncəyə gəldi.
Çünki hələ Bakımız,
Düşmən əlində idi.

Belə çətin məqamda,
Türklər gəldi köməyə.
Əhdə sadiq çıxaraq,
Qardaşlıq eləməyə.

Qafqaz İslam Ordusu,
Yaratdı Nuru Paşam.
Bakını qurtarmağa,
Əmr etdi Nuru Paşam.

Dalğalandı göylərdə,
Üçrəngli bayrağımız.
İstiqlalın uğrunda,
Töküldü al qanımız.

Göyçayda ilk savaşda,
Zəfər çaldı ordumuz.
Qanımızla sulandı,
Qarış-qarış yurdumuz.

İstiqamət Bakıya,
Dayanmadan yol aldıq.
Nə gündüzlər dincəldik,
Nə gecə yuxu yatdıq.

Bakı azad edildi,
Şəhidlərin qanıyla.
Qəhrəman oğulların,
Qazilərin canıyla.

Köçüb gəldi Gəncədən,
Milli Hökumətimiz.
Düşmənə divan tutdu,
Qəhrəman əsgərimiz.

Azad etdik hər daşı,
Hər qayanı, hər dağı.
Qan içində boğulan,
Zəngəzur, Qarabağı.

Paris konfransında,
Bizi də tanıdılar.
Müstəqil vətənimi,
“De-fakto” tanıdılar.

“De-yure” tanınmağa,
Heyif zaman yetmədi.
Başımızın üstündən,
Qara bulud getmədi.

Qəzəbli rus ayısı,
Nərə çəkirdi hər gün.
Bolşevik kommunistlər,
Təhdit edirdi hər gün.

Hər dəfə hədə-qorxu,
Qəzəblə “xox” gəlirdi.
Nota nota dalınca,
Sırayla göndərirdi.

AXC hökuməti,
Təhdidlərdən qorxmurdu.
Rusun hər notasına,
Notayla son qoyurdu.

Bunu görən ayılar,
Hiyləyə əl atdılar.
Axtarıb içimizdən,
Satqın, xain tapdılar

Adı kommunist olan,
Satqın şarlatanları.
Qaldırdılar ayağa,
Vicdanın satanları.

Onların ağzı ilə,
Bizi təhdid etdilər.
Hakimiyyəti israrla,
Təhvil ver, get dedilər.

Bu elə bir məqamdır,
Sərhədlər boşalmışdır.
Qaniçən Qızıl Ordu,
Qapıda dayanmışdır.

28 Apreldə,
AXC hökuməti.
Qırğın olmasın deyə,
Üstün tutdu milləti.

Son qərar açıqlandı,
Parlament iclasında.
Rus işğalı başladı,
Bolşevik simasında

23 ay yaşasa da,
Ömrü şərəfli oldu.
Xeyli işlər görüldü,
Qanunlar qəbul oldu.

Dövlətin dövlət dili,
Rəsmi Türk dili oldu.
Azərbaycan torpağı,
Türk yurdu, eli oldu.

Yazıldı, bəstələndi,
Müstəqillik himnimiz.
Möhürlərə vuruldu,
Od təsvirli gerbimiz.

Yetmiş illik əsarət,
Nəhayət, sona yetdi.
Xalqım azadlığını,
Yenidən əldə etdi.

Yenə hürrəm, azadam,
Öz yurdum, torpağım var
Bayraqların içində,
Üç rəngli bayrağım var.

Arzum budur, bayrağım,
Birdə yerə enməsin.
Yanar odum, ocağım,
Heç bir zaman sönməsin!

20.05.2023

Müəllif: Surxay Məhəmmədoğlu

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir