
Yaxın TARİXimizdə 9 OKTYABR (1991) ORDU YARANMA günü kimiydi. Hətta bir neçə il tarixin həmin günündə PARAD da keçirildi. Sonra RƏSMƏN QƏRARA ALINDI Kİ, 26 İYUN SİLAHLI QÜVVƏLƏR GÜNÜ kimi qeyd olunsun!
Odur ki, 26 İYUN – SİLAHLI QÜVVƏLƏR GÜNÜ münasibətilə hərbi mundir əynində olan hər kəsi TƏBRİK EDİRƏM! Bu münasibətlə bir hekayə (çoxdan yazmışam) ərməğan edirəm. Ümidvaram ki, TÜRKİYƏ – AZƏRBAYCAN hərbi əməkdaşlıq motivi üzərində köklənmiş hekayə oxumayanlar üçün maraqlı olacaq. Oxuyanlar oxuyub nə vaxtsa…
ALIŞ-VERİŞ YARDIMÇISI
(hekayə)
Hərbiyyə nazirinin qərarı ilə Bədheybət poliqonunda təlim-tədris mərkəzi yaradılmışdı. Cəbhə bölgəsindən çağrılan zabitlər mərkəzdə təkmilləşdirmə kursu keçəcəkdi, daha doğrusu türk subayları onlara NATO taktiki təlim üsullarını öyrədəcəkdilər. Guya ki, Rusiyada ali hərbi təhsil almış zabitlərin biliyi erməni dığaları ilə döyüş aparmaq üçün yetərli deyildi. Başbilənlər belə məsləhət görmüşdülər. Bu münasibətlə Türkiyədən mütəxəssislər dəvət olunmuşdu. Onlar yeni sistemin öyrənilməsində yaxından köməklik göstərəcəkdilər.
Mərkəzin rəhbəri polkovnik Axundov idi. Ehtiyac ucbatından yetmiş yaşlı kişini yenidən hərbi xidmətə çağırmışdılar, daha etibarlısını tapa bilməmişdilər. Onun əsil adını əhatəsində olanlardan, bəlkə də, heç kim bilmirdi. Çox gənc yaşlarından “baba” ləqəbini qazanmışdı. Aram-aram, bir az da eyhamla danışırdı, bəziləri bunu astagəllik, bəziləri isə müdriklik əlaməti hesab edirdi. Elə zabit yoldaşları, tabeçiliyində olanlar da xəlvətdə “baba”, üzdə “baba dayı” deyə müraciət edirdilər. Zabit təkmilləşdirmə kursuna gələnlər elə bilirdilər ki, mərkəz rəhbərinin adı elə Babadır. Baba adı Türkiyədən gələnlərin də xoşuna gəlmişdi.
Türkiyədən beş nəfər gəlmişdi. Yarbay Mətin Çətin qərargah işlərinə rəhbərlik edəcəkdi. O, tabeçiliyində olan iki uzman çavuşu ilə mərkəzin bütün hərəkətlərini nəzarətdə saxlayacaqdı. Uzman çavuşu Fikri Ocaqçı bilgisayarda zabitlərin dərsə davamiyyətini, məşğələlərdə qazandıqları puanlarını (ballarını, xallarını) toplayacaqdı ki, xüsusi şifrə altında saxlanılan məlumatlara heç kim müdaxilə edib dəyişdirə bilməsin. Digər uzman çavuşu onbaşı İsmayıl Yorğançı isə maliyyə, ərzaq, sursat məsrəfləri; bir sözlə lojistik hesablamalarını aparacaqdı. Beləliklə, mərkəzdə ağızdan içəri ötürüləndən kanalizasiya borusuna axıdılanadək hər şey nəzarətdə saxlanılacaqdı.
Tədris taborunun şərti komandiri minbaşı Fəhmin bəyin tabeçiliyində cəmi bir nəfər vardı, yüzbaşı Yıldırım Haqsız ki, o, kursa gələn zabitlərin bölüyünə rəhbərlik edəcək, onların sıra hazırlığını, NATO ordu nizamnaməsinin öyrənişini, günün rejiminə necə əməl olunmasını öyrədəcək və nəzarətdə saxlayacaqdı.
-Zabitlər qüvvətli və kalorili qidalanmalıdırlar. – deyə ilk görüşdə Fəhmin bəy mərkəz rəhbərinə təklif verdi. – Bəzi ərzaqları bazardan almalıyıq. Onları aslan kimi, qaplan kimi bəsləməliyik ki, Qarabağa, ermənilərin üstünə, quzu kimi mələyə-mələyə getməsinlər. Elə getsinlər ki, onların hayqırtısından ermənilər Zəngəzuru da, Göyçəni də buraxıb İrəvanadək qaçıb getsinlər.
Heç bir problem yox idi, əlavə ərzaq məhsulları almaq üçün pul da ayrılmışdı.
Polkovnik Axundov dünyagörmüş adamdı, pulla, ərzaq məhsulları ilə davranmağın necə məlhəm, həm də çətin olduğunu yaxşı bilirdi. Minbaşı Fəhmin bəyə alış-veriş yardımçısı təyin etməyə seçimdə çətinlik çəkmədi, çünki bir nəfərdən başqa adamı da yox idi. Bu iş çox incə işdi, kimə tapşırsaydı, yarıtmayacaqdı, yəni becərəmməyəcəkdi. Burda təkcə intizamlı olmaq azdı, həm də riyazi hesablamaları barmaq üsulu ilə öyrənmək gecdi, bunları, yəni bazarı beş barmağın kimi bilməliydin. Odur ki, qəbuluna çağırdığı gizir Dibirovu bir də başdan ayağadək müştəri gözü ilə süzüb son tapşırıqlarını verdi:
-Bax ha, Dibirov, bu iş sənə asand gəlməsin.
-Ağlım kəsəndən evin bazarlığını eləmişəm, bazar alverçilərini yaxşı tanıyıram. – Dibirov imkan vermədi ki, polkovnik sözünü bitirsin.
-Ola bilər ki, bazar dəllallarının dilini biləsən, amma türklərlə çətin bacarasan. Onlar tutduqlarına Nuh deyər, peyğəmbər deməzlər.
-Heç bir problem yoxdur, yoldaş polkovnik. Ölkədə qarmaqarışıqlıq düşən kimi qaçıb getdim İstanbula. Üç il Laləlidə alver elədim. Abiləri, ablaları pis tanımıram. Onlarla lap tez dil tapacam.
-Bir də onlar sənə toplan, alabaş, erkək-filan desələr, incimə. Bu söyüş deyil, onların danışıq tərzi belədir.
-Mən bunlara öyrəncəliyəm. Bir də qazandığımız çörəyin xətrinə toplan, alabaş yox, lap it oğlu it də desələr, gərək dözək.
-Ay maşallah, di onda nə durmusan? Tez qoş-qoş Fəhmin bəyin hüzuruna. De ki, alış-veriş yardımçısı təyin olunmusan.
Gizir Dibirov “baş üstə” deyəcəyindən sevincəyə düşüb “əmr et, komutanım” dedi. Tələsdiyindən sol əvəzinə sağ çiyni üstə geri döndü, amma dönməyi ilə də tez özünü düzəltdi, sol ayağı ilə hərəkətə başlayıb otaqdan çıxdı. Əvvəlcə dəhlizdə dayanıb bir siqaret yandırdı. Həyəcandan lap ciyəri yanırdı, dalbadal beş-altı qüllab vurub tüstünü qarnına sümürdü. Sonra burnundan tüstünü parovoz kimi buraxaraq əlindəki siqaret kötüyünü zibil qabına tulladı və dəhlizin baş tərəfindəki otağın qapısına yaxınlaşdı. Qapını döydü və heç bir icazə gözləmədən otağa daxil oldu. Olduqca gur səslə:
-Komutanım! – dedi və əlini gicgahına aparıb məruzə etməyə başladı. – Assubay Dibirov sizə alış-veriş yardımçısı təyin olunub. Əmr et, komutanım!
Minbaşı Fəhmin bəy dərhal hiss etdi ki, gizir Dibirov elə onun arzuladığı adamdır.
-Gəl, qoçum, gəl! – Oturmaq üçün ona yer göstərdi. – Mən bir kərə söyləyəcəm, sən alıb sırğatək qulağından asacaqsan. Bu işdə yalan yox, tamam?
-Anladım, tamam.
-Yarın tezdən parayı məndən alacaqsan, mənim arabamla bazara yollanacaqsan. Alış-veriş yapıb dərhal geri qayıdacaqsan. Gözünün ucu ilə də sağa-sola baxmaq yox, anladınmı?
-Tamam, tamam, anladım.
Ertəsi gün gizir Dibirov minbaşı Fəhmin bəydən pulu götürüb onun üçün ayrılmış xidməti maşında bazara yollandı. Siyahıda göstərilən ərzaqların ən yaxşılarından alıb yeşiklərə doldurdu və maşının yük yerinə qoydu.
-Sən maşından düşmə. – Sürücüyə qəti tapşırdı. – Maşını sahibsiz görüb evakuatorla apara bilərlər. Sonra da gəl, düş Bakının cərimə meydançalarını axtarmağa.
Təlim mərkəzinə qayıdan kimi ərzağı yeməkxanaya boşaltdırdı, baş aşbaza təhvil verib minbaşı Fəhmin bəyin yanına yollandı. Fəhmin bəy diqqətlə qiymətlər yazılmış siyahıya baxdı, qeyd dəftərçəsinə nə isə yazdı və bundan sonra ərzaq alınmış siyahının üstünə imza atdı.
-Apar karargaha, ver İsmayıl Yorğançıya. Qoy, onbaşı kaytları bilgisayara işlasın.
-Oldu, komutanım!
-Haydı get, aslanım. – Minbaşı Fəhmin bəy arxadan onun boyunu oxşadı.
Növbəti gün gizir Dibirov bazardan aldığı ərzağın siyahısını minbaşı Fəhmin bəyə təqdim edəndə onun qaşları çatıldı.
-Ya bu nə? Gecə infilyasiyamı baş vermiş? Dünən apelsin yetmiş qruş olmuş, bu gün bir manat yetmiş qruş. Olurmu ya?
-Olur, komutanım, olur. Lap üç manata da olur. Burası bazar, dəllallar nə istəyər, neçəyə istəyər, o qiymətə də satarlar. “Alırsan al, almırsan, onda xoş getdin”, deyərlər.
Fəhmin bəy başını bulaya-bulaya qeydlərini apardı.
Beləliklə, günlər gəlib keçdi, həftələr ötdü və ay tamam oldu. Gizir Dibirov sonuncu siyahısını uzman çavuşu onbaşı İsmayıl Yorğançıya verib minbaşı Fəhmin bəyin yanına qayıtdı.
-Bir istəyin varmı? – Minbaşı sordu.
-Minbaşım, alın, qoyun cibinizə. Bu, sizə çatasıdır. Halal xoşunuz olsun. – Gizir Dibirov cibindən bir topa pul çıxardıb ona uzatdı.
-Bu nə ya? – Pulları görcək minbaşının gözləri bərəldi. – Qoçum, sən qurd ürəyimi yemisən, mənə rüşvət təklif edirsən? Heç qorxmuyorsanmı ki, səni savçıya verərəm?
-Komutanım, nə iş yapırıq ki, buna rüşvət deyirsiniz? Bir də burada savçıya nə gərək? Buranın savçısı da, ədaləti də Baba dayıdır.
-Olsun! Baba dayın bilsə ikimizi də cəzalandırar. Məni hörmətsiz edər, sənin də rütbəni söküb ordudan qovar.
-Qovmaz. Baba dayı ağıllı adamdır. O, çörəyinin düşməni deyil.
-Onda onun da payını böl.
-Heç narahat olmayın. Ona da Baba deyərlər. O, adamı vəzifəyə təyin edəndə parasını konvertin içində alır.
-Deməli, sən onu görmüsən?
-Elə ona görə də arxayın hərəkət edirəm. – Gizir Dibirov qımışdı. – Alın, utanmayın, bu sizin halal qazancınızdır.
-Aslanım, nasıl olur bu halal qazanc? – Minbaşı ürəyində bir az rahatlansa da özünü o yerə qoymadı, əriyini azdırmağa başladı.
-Mən hər gün bazara gedirəm. Dəllallarla çənə döyüb sizin siyahıda yazdırdığınız ərzaq məhsullarını alıram.
-Təbi, subaylar toplanlar kimi bəslənməlidir, sonda qaplanlar kimi Qarabağa yollanmalıdır.
-Siz bazarı tanımırsınız. Bazarda qiymətlər hər gün dəyişir, təbii ki, qalxır. Mən də nə qiymətə desələr, almağa məcburam. Soruşuram, neçəyə satırsan? Deyir, bu qiymətə. Deyirəm, ucuz elə, alım. Dil tapıb, bir az ucuz qiymətə alıram. Ortada dəllalın dediyindən endirdiyim qiyməti qoyuram qırağa. Elə bilin, dəllalın dediyi qiymətə almışam. Hərgah, dəllallarla danışıb, çənə döyüb qiymət endirməyə də bilərəm. Onlar dediyi qiyməti ödəyib gələrəm. Ancaq bunun nə sizə, nə mənə bir qara quruş qədər faydası olmaz. Mən özümdən çox sizi düşünürəm. Axı siz ailənizi uzaqlarda qoyub bizə yardım etməyə gəlmisiniz. Biz də hər hansı formada sizə təşəkkür etməliyik, ya yox? Alın, alın, utanmayın, bu sizin halalınızdır, lap alın təri ilə qazanılmış halal pul kimi.
-Gəl bir öpüyüm səni, aslanım. – Minbaşı pulu alıb cibinə dürtüşdürdü və ayağa qalxdı. – Sən əsl mənim arzuladığım yardımçısan. Bundan sonra səni əsla buraxmam. Kıprıza, Güney Doğuya, Orta Asiyaya, lap Madaqasqara; məni hara göndərsələr səni də özümlə aparacam. Sən dünyanın ən iyi, qosqoca “alış-veriş yardımçısı”san. Səni doğan ananın əllərindən öpürəm.
Müəllif: Əli bəy AZƏRİ
ƏLİ BƏY AZƏRİNİN DİGƏR YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru