Fazilova (Rəhimova) Nuranə Rafail qızı 1981-ci ildə Göyçay rayonunda dünyaya göz acmışdır. Orta məktəbi burda bitirdikdən sonra , Odlar Yurdu Universitetinin “müalicə işi” fakültəsinə qəbul olmuşdur.2007-ci ildən ixtisası üzrə Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır.
Ədəbi fəaliyyətə hələ uşaq yaşlarından başlayaraq, tez-tez rayon və məktəb tədbirlərində öz şeirləri ilə çıxış etmişdir. Şeirləri mütəmadi olaraq Nuranə Rafailqızı təxəllüslüyə “Milliyyət” qəzeti, “Herba-flora” jurnallarında işıq üzü görmüşdür. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunmuş, məktəb kitabxanalarına paylanmışdır. 2018-ci ildə Göyçay rayonunda təşkil olunmuş “Beynəlxalq Nar Festivalında” nara həsr olunmuş şeir müsbiqəsində “Göyçayın narı” şeiri ilə iştirak etmiş, 3-cü yerlə mükafatlandırılmışdır. 2021 -ci ildə çapa hazırlanmış ”Həkimlərin söz dünyası” kitabında 10 şeiri ilə həmkarları arasında yer almışdır. 2021-ci ildə “Gəlirik Qarabağ” poeziya antologiyası kitabında 13 şeir və “Kimlərə qaldı dünya”, “Nizami Gəncəvi – 880” antologiyasında 15 şeiri dərc ovunmuşdur. 15.04.2021 tarixində Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Qızıl qələm” media mükafatı laureatı olmuşdur.
“Yazarlar” jurnalının Göyçay üzrə bölgə təmsilçisi, “Ziyadar” Mükafatı laureatı, 2023-cü ildən AYB-nin üzvüdür.
“Həkimlər depressiya deyir” adlı şeirlər kitabı Bakıda (2022) və Təbrizdə (2023) çap olunub
“Başdaşıma yaşadığım illəri qoyub, doğulub-öldüyüm illəri yazmayın. Bilirəm, deyəcəksiniz: Yazıq, gəldi, yaşamadı, getdi.” (Akif Şahverdiyev)
“Hərənin qəlbində bir nisgil var. Hərənin könlündə kiminsə yeri görünən boşluğu var. Ayrılığına dözə bilmədiyimiz adamlar yadımıza düşdükcə ürəyimizdən kövrək bir istək keçir – onunla görüşmək istəyi. Lakin bu mümkünsüzlüyü bildiyimizdən həsrətini çəkdiyimiz kəsin surətini xəyalımızda canlandırıb onun özünə yanıqlı-yanıqlı bir şikayət edirik: Sənsiz yaman darıxmışam…” (Akif Şahverdiyev. 8 may 1997-ci il)
Bəli, doğrudan da belədir. İnsan, ona əziz və doğma olan bir kimsəni həmişə xatırlayır, yoxluğuna dözə bilmir. Onunla keçirdiyi xoş günlər, saatlar bir-bir gəlib göz önündən keçir. Yaxşı insan isə heç vaxt unudulmur. Əbədi ürəklərə köçür.
İyun ayının 13-ü peşəkar jurnalist, pedaqoq, yazıçı, eyni zamanda gözəl insan, böyük ürək sahibi Akif Bəşir oğlu Şahverdiyevin vəfatından iki il ötür. Yoxluğu, ailəsi, dostları, həmkarları və tələbələrini sarsıdır. Onun yeri elm ocaqlarının auiditoriyalarında, Nəşriyyat binasının redaksiyalarında, qohum-qonşu içində, ən əsası ziyalı bir ailəsinin yanında görünür.
Akif Şahverdiyev uzun illər Azərbaycan Milli Mətbuatında müxtəlif vəzifələrdə çalışmış, ömrünün demək olar ki, çox hissəsini bu sahəyə həsr etmişdir. Belə ki, Müdafiə Nazirliyinin əmri ilə “Azərbaycan Ordusu” qəzetində, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin “Xəzərin keşiyində” qəzetində, “Azdövyerqurlayihə” İnsitutunun “Yer” qəzetində, “Ana Vətən” qəzetində, “Press Əks-Səda” qəzetində, “And” qəzetində, “Ədəbiyyat” qəzetində, “Nyu-Media” qəzetində, “Sabah” qəzetində çalışıb. Müxtəlif mətbuat orqanlarında 159-dan çox publisist məqaləsi, 110-a yaxın hərbi vətənpərvərlik və vətənpərvərlik mövzusunda məqaləsi, kitablar haqqında 32 rəy və resenziyası, jurnalistikaya aid 25-dən artıq məqaləsi çap edilib. Haqqında 110 məqalə işıq üzü görüb. Bədii yaradıcılığı 17 mətbuat orqanında işıqlandırılıb. 7 qəzetdə hazırlanmış xüsusi buraxılışın redaktoru olub.
Pedoqoji fəaliyyətinə gəlincə, bir neçə universitetdə – Naxçıvan Universitetində (1 oktyabr 1999-30 iyul 2001, fakultə: jurnalistika), Cənubi Rusiya Humanitar İnstitutunda (5 oktyabr 1999, baş müəllim, fakultə: hüquq, iqtisadiyyat və tərcümə (linqvistika)), Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (2 sentyabr 2002, fakultə: jurnalistika), Odlar Yurdu Universitetində (1 sentyabr 2003, fakultə: hüquq və beynəlxalq münasibətlər (jurnalistika ixtisası üzrə)), Bakı Avrasiya Universitetində (15 sentyabr 2006, fakultə: jurnalistika), Qərb Universitetində (1 sentyabr 2001-17 avqust 2015, fakultə: jurnalistika) dərs deyib.
1991-ci ilin fevralında 63 saylı seçki dairəsi üzrə XIX çağırış Sumqayıt şəhər Xalq Deputatları Sovetinə deputatlığa namizəd kimi qeydə alınıb.
Sentyabr 1992-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.
1994-cü ildə Jurnalistlərin ümumrespublika yaradıcılıq müsabiqəsinin qalibi olub.
31 may 1999-cu ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitunda “1990-2000-ci İllərdə Azərbaycanda Ali Təhsilin İnkişaf Yollarının Pedaqoji Mətbuatda Əksi ” mövzusunda dissertasiya müdafiə edib.
18 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 353/RM saylı əmri ilə ona “baş leytenant” hərbi rütbəsi verilib.
Qarabağ Müharibəsi Veteranıdır. (4 may 1999-cu il. Nəsimi Rayon Hərbi Komissarlığı. Vəsiqə M/V N:030019)
Mart 2003-cü il Mətbuat Şurasının təsis qurultayının, 24 aprel2004-cü il Mətbuat Şurasının II Qurultayının, 21 may2005-ci ildə isə Azərbaycan jurnalistlərinin (Mətbuat Şurasının) III Qurultayının iştirakçısı olub.
25 mart 2005-ci ildə Rusiya Federasiyasının Cənubi Rusiya Humanitar İnstitunun sosial-humanitar intizam kaferdasının dosenti elmi adına layıq görülüb.
1 noyabr 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyində mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin maddi-mənəvi irs bölməsinin müdiri vəzifəsinə təyin edilib.
2006-cı ildə”Odlar Yurdu” universitetinin Elmi Şurasının qərarı ilə (Elmi Şuranın sədri professor Əhməd Vəliyev) “Azərbaycan Mətbuat Tarixi” kitabının tərtibi bu universitetin jurnalistika, dil və ədəbiyyat kafedrasının müəllimi Akif Şahverdiyevə həvalə olunub. Akif Şahverdiyevin böyük zəhməti sayəsində ərsəyə gələn kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.03.2006 tarixli 181 saylı əmri ilə təsdiq edilib. Kitab 2006-cı ildə “Təhsil” nəşriyyatında çap olunub. Giriş ön söz və beş fəsil hissədən ibarət olan kitab jurnalistika fakültəsində təhsil alan tələbələr, bu sahədə çalışan jurnalistlər və Azərbaycan mətbuat tarixi ilə maraqlananlar üçün faydalı mənbədir. Kitabın elmi məsləhətçisi Əhməd Vəliyev, rəyçilər Nizami Cəfərov və Əjdər Ağayevdir.
Eyni zamanda A.Şahverdiyev 2009-2010 və 2011-ci illərdə Bakı Avrasiya Universiteti tələbələrinin bakalavr hazırlığı üçün müxtəlif fənlər üzrə dərs proqramları – “Hərbi Mətbuat Tarixi”, “İxtisaslaşma-Radio və Televiziya”, “Jurnalist sənətkarlığı və tələbələrin praktik yaradıcılığı”, “Azərbaycan Mətbuat Tarixi”, “Jurnalistikaya giriş”, “Radio və Televiziyada ədəbi iş”, “Ədəbi redaktə”, “Kütləvi informasiya vasitələrinin dili və üslubu”, “Nəşriyyat işinin əsasları”, “Azərbaycanda müasir KİV sistemləri”, “Tələbələrin tədris təcrübəsi”, “İnformasiyalı cəmiyyət”, “Qlobal İnformasiya Cəmiyyəti və Milli Təhlükəsizlik”, “Tələbənin istehsalat və diplomqabağı təcrübəsi” və s. hazırlayıb.
Akif Şahverdiyev jurnalist və pedoqoji fəaliyyətilə paralel olaraq bədii yaradıcılıqla da məşğul olmuş, həm nəsr, həm də nəzmdə qələmini sinaqdan keçirmişdir. Onun ilk müəllifi olduğu kitab “Ömrə sığmayan həyat” adlı sənədli-bədii povestdir. Ön söz, yeddi fəsil və son söz əvəzi hissədən ibarət olan əsər metodist müəllim, jurnalist, tərcüməçi Natiq Yusif oğlu Səfiyevin həyat və yaradıcılığına həsr olunub. Kitabin elmi məsləhətçisi Vaqif Arzumanlı, elmi redaktoru Əjdər Ağayev, redaktoru Təranə Yaşarqızıdır. 170 səhifədən ibarət kitab 1988-ci ildə “Əbilov, Zeynalov və oğulları” mətbəsində çap olunub.
Müəllifi olduğu “Ruhun harayı” kitabı Qazax rayonunda “Balaxanım ocağı” deyilən müqəddəs bir ailənin üzvü – Novruzova İmamirə Qədim qızına həsr olunub. 96 səhifədən ibarət olan bu kitab 2000-ci ildə “Təbib” nəşriyyatında çap olunub.
2004-cü ildə “Təhsil” nəşriyyatında çap olunan, 154 səhifəlik “Vüsala doğru” (povest, hekayə və şeirlər) kitabında müəllif adət-ənənə və mənəviyyatla bağlı bir sıra problemlərə toxunmuşdur. Kitabın redaktoru yazıçı-ilahiyyatçı Oqtay Salamzadədir.
Eyni zamanda Akif Şahverdiyev deyimlər və aforizmlərlə zəngin olan “Söz qalası” (“Təknur” nəşriyyatı, 2013. 122 səh. Redaktor Şahlar Göytürk (Məmmmədli)) və “Güzgü” (“Təknur” nəşriyyatı, 2016. 140 səh. Redaktor İsmayıl Kazımov. Bədii redaktor Gülər Eldarqızı) kitablarının müəllifidir. Sosial şəbəkələrdə paylaşdığı deyimlər toplanan hər iki kitabda müəllif dilimizin zənginliyini qorumaqla milli-mənəvi sərvətlərimizi qiymətləndirməyə çalışmış, gənclərə əxlaqi dəyərləri təlqin etməyə cəhd etmişdir. Kövrək hisslərlə onu da qeyd edim ki, “Güzgü” kitabı ədibin yaradıcılığının son məhsuludur.
2018-ci ilin qış aylarında Azərbaycan cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq tədqiqat işi aparan Akif Şahverdiyev Azərbaycan Cümhuriyyətinin qurucuları, eləcə də həmin ərəfədə (1918) – AXC dövründə xidmət etmiş 21 general haqqında, Azərbaycan parlamentinin işçiləri haqqqında, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 11-ci Qızıl Ordu tərəfindən işğal edilərək böyük terror dalğasının başlanması və nəticədə yüzlərlə azərbaycanlı hərbçinin qətlə yetirilməsi, (onların böyük hissəsi AXC ordusunda xidmət edən yüksək rütbəli şəxslər idi) güllələnən 8 azərbaycanlı general haqqında Facebook səhifəsində ardıcıllıqla oxucuları məlumatlandırıb. Təəssüf ki, Bakının Türk ordusu tərəfindən işğaldan azad edilməsinin 100 illiyi münasibətilə şəhərdə keçirilən möhtəşəm bayram tədbirlərini və hərbi paradı görmək ona qismət olmadı. O, öz Facebook səhifəsində, eləcə də müxtəlif sahələri əhatə edən yaradıcılığında tariximizi, ədəbiyyatımızı yaşadan materiallar ərməğan etdi, miras qoydu.
A.Şahverdiyevin ədəbi-bədii, publisist yaradıcılığını, eləcə də pedaqoji fəaliyyətindəki nəaliyyətlərini onun şəxsiyyətindən kənarda təsəvvür etmək olmaz. O, özünün intellektual səviyyəsi ilə həmişə sayılıb, seçilənlərdən olub. Qürur, vətəndaşlıq, humanizm, müdriklik və insanilik onun şəxsiyyətini səciyələndirən əsas amillərdir. Tərifdən, şan-şöhrətən daim uzaq qaçan təvazökar, təmənnasız bir insan idi Akif Şahverdiyev.
“Deyiln söz ömürdən qısadırsa –cahilliyin, ömür qədərsə– adilliyin, sahibindən sonra yaşayacaqsa – aqilliyin nişanəsidir” deyən ədib bu gün “aqil insan” adına layıq görülür. Bəli, onun qələmindən çıxan hər bir söz indi, öz sahibindən sonra yaşayır, aqilliyin dərəcəsinə çatır. İllər ötsə də onun adı xələflərinin, eləcə də hər bir vətənpərvər insanın qəlbində yaşayacaq.
Akif Şahverdiyevin müəllifi olduğu məqalələrdə, bədii əsərlərdə vətənə misilsiz sevgisi, ləyaqəti, əzimliyi duyulur. İnsan qəlbinin ən kövrək, incə notlarına toxunur. Şeirlərindən və sosial şəbəkədə paylaşdığı yazılarından onun dərdlə dost, yoldaş olduğu, öz şəxsi həyatındakı çətinliklərlə yanaşı doğulduğu, yaşadığı vətən torpağının da iztirabı var. O, ictimai haqsızlıqlarla, ədalətsizliklə barışa bilməyən bir ruh sahibi idi. Həyatı ilə yaradıcılığı arasında düz mütənasiblik olan müdrik ustadın silahı ancaq və ancaq mübariz qələmi idi.
Çilikləndi ürəyim,
Əl görmədi kürəyim,
Daşdan çıxdı çörəyim,
Yaşadım…
Yolum dirəndi daşa,
Dərdimlə doldum yaşa,
Ümidlə qaldım qoşa,
Yaşadım…
Əyri yola getmədim,
Arzu etdim, yetmədim,
Nəsə, ölüb-itmədim,
Yaşadım…
“Daşdan çıxdı çörəyim, yaşadım” – deməklə əziyyətli, dərdli-kədərli bir həyat yolu keçsə də ümidi isə heç vaxt itmir, “Ümidlə qaldım qoşa, yaşadım…”söyləyir. “İnam itər, ümid itməz” düşünərək, inamını itirsə də ümidini heç vaxt itirmir.
“İnsan ilk dəfə gözüyumulu doğulur, gözü sonra açılır. İkinci dəfə sevəndə doğulur – açıq gözü bağlanır.
İnsan ilk dəfə sevdiyini itirəndə ölür və gözü açılır. Gözü açıq və bağlı, fərqi yoxdur, ümidini itirəndə isə, birdəfəlik ölür.” (Akif Şahverdiyev)
Ölümündən sonra müxtəlif mətbu orqanlarda və saytlarda Akif Şahverdiyevin əziz xatirəsini uca tutan, haqqında yazılmış neçə-neçə məqalələr çap olunmuşdur.
Şair-publisist Əbülfət Mədətoğlu Akif Şahverdiyevlə bağlı xatirələrindən yazır:
“Akiflə ilk tanışlığım 1989-cu ildə Beyləqanda olub. O zaman mən Xankəndində Dağlıq Qarabağ Təşkilat Komitəsində çalışırdım. Beyləqana mətbuat nümayəndəsi kimi gəlmişdim. Müəyyən işlərlə bağlı informasiya toplamalı idim. Bir gün Beyləqanda bir çayxanada dostlarla çay içib söhbət edirdik. Bu zaman Akif bizə yaxınlaşıb görüşdü. Dostlarım bizi tanış etdi. Dedilər ki, yerli jurnalistdir, Bakıda çalışır. Rayona qonaq gəlib. Beləcə Akiflə tanış olduq.
1991-ci ilin oktyabrın 30-dan 31-ə keçən kecə bizim kənd işğal olandan sonra ailəliklə Füzuli rayonuna gəldik. Qısa bir zamandan sonra isə Beyləqana köçərək uşaq baxçasında məskunlaşdıq. Həmin uşaq baxçası Akif gilin evindən hardasa 600-700 metr məsafədə idi. Artıq onda mən hərbi jurnalist idim. “Xalq Ordusu” (indiki “Azərbaycan Ordusu”) qəzetində cəbhə müxbiri kimi fəaliyyət göstərirdim. Beyləqan rayonuna – batalyona tez-tez gedirdim.
Akif müəllimgilin evinin yanında Xocavənd rayonunun polis şöbəsi yerləşirdi. İkinci görüşümüz elə orda- evlərinin yaxınlığında oldu. Məni evlərinə dəvət etdi. Oturub çay içdik. Ailəsi ilə tanış etdi. Dedi ki, nə lazım olsa, nəyə ehtiyacın olsa, biz burdayıq. Anası rəhmətlik çox mehriban qadın idi. Beləcə, münasibətlər davamlı oldu. Tez-tez qarşılaşırdıq.
1994-cü ilin fevral ayında ordudan təxris olundum və Bakıya gələrək Azərbaycan Nəşriyyatında- “Ədalət” qəzetində çalışmalı oldum. Akif də səhv etmirəmsə 3-cü mərtəbədə otururdu. Bir gün koridorda rastlaşıb görüşdük. Beləcə, münasibətlər daha da şirinləşdi. Müəllifi olduğu kitabları aftoqrofla mənə verdi. Bir neçə yazılarını göndərdi, qəzetimizdə çap etdim.
Axırıncı görüşümüz isə Bakıda – Hava Limanında oldu. Bakıdan Naxçıvana uçan təyyarədə. Təyyarəyə qalxanda gördüm ki, Akif ortada dayanıb, yanında oturanları yerləşdirir. Salamlaşdıq. Əllərində şirinliklər, xonçalar var idi. Dedim xeyirdimi? Dedi xeyirdi inşallah, dostum İlhamın oğlu üçün elçiliyə gedirik. Çox sevindim, təbrik etdim. Naxçıvanda limana enəndə xeyli söhbət etdik. Məni təzə qohumlarla tanış etdi. Vədələşdik ki, Bakıya qayıdanda görüşüb, söhbət edərik. Təəssüf ki, bu bizim son görüşümüz oldu.
O, mənim yaddaşımda dəyərli jurnalist, gözəl insan, ən əsası isə sözə xidmət edən bir insan kimi qaldı. O, sözə xidmət edirdi, qələmə qulluq edirdi. Allah rəhmət eləsin!”
AMEA Dilçilik İnstitunun elmi işçisi Şahlar Göytürk “Ölümün çiçək açsın” məqaləsində ustadla bağlı xatirələrindən belə yazır:
“İnsanlar yuxudadır, öldükləri zaman ayılacaqlar.” Bəlkə elə buna görə bu əbədi ayrılıq mənə yuxu kimi gəlir, axirət dostum Akif müəllim! Ruhun şad olsun!
Səninlə bir yerdə işləməyi çox arzulayırdım, çünki vaxtilə BAAU-da iş yoldaşı olmuşduq. Sənin necə dəyərli bir ziyalı, səmimi və ləyəqətli şəxsiyyət olduğunu yaxşı bilirdim. Sonra Monitorinq şöbəsi təzə-təzə yarananda iki ay təmənnasız şöbəmizə yardımçı oldun…
İki il idi ki, işsiz idin. Direktora işlə bağlı xahiş etdim. O da razılaşdı, işə götürəcəyinə söz verdi. Sevincimiz yerə-göyə sığmırdı… Dedin ki, eşidən, bilən bütün qohum-əqrabam Dilçilik İnstitutunda işə düzəlməyim münasibətilə zəng edib məni təbrik edir. Ailəmizdə toy-bayramdır.
İşlə bağlı əmrin veriləcəyi gün gözləmədiyimiz bir cavab aldıq: “İxtisasınız uyğun deyil. Sənədləriniz burada qalsın, əlaqə saxlayarıq”.
Ayrılanda mənə xeyirxahlıq üçün dönə-dönə təşəkkür elədin. “Bu mənim son şansım idi” – dedin…
Direktor iki gün bundan qabaq “dostunu işə götürəcəyəm” deyəndə sevinmədim. Artıq gec idi.
Ayrılıq xəbərin məni bərk sarsıtdı. Haqq dərgahında məqamın uca olsun, Akif müəllim!
Ölümü xatırlayan insan Tanrının sevimli bəndəsidir…
Bu Sənin sonuncu şeirin idi…
Elegiya
Daxma qışımdan çıxıb Üzü yaza gedirəm… Tək-tənhaca bürünüb Bir palaza, gedirəm…
Bir yurd var ürəyimdə Di gəl yolu uzaqdı. Çölüm bahar ətirli, İçim qardı, sazaqdı.
Heybəm-dolu kədərdi, Tutub yolu gedirəm. Ölümə tunel qazıb Üzüsulu gedirəm.
Öz uca ölümümü Öyə-öyə gedirəm. Məndən qaçan əcəli Söyə-söyə gedirəm.
Gedirəm ki, dünyanın Qoy yeri geniş olsun. Burda mənə iş qəhət, Bəlkə orda iş olsun.
“Ölümün çiçək açsın” Deməyir bircə bəndə. Ruh da qalmaq istəmir Bu lazımsız bədəndə.”
“Açıq səma” qəzetinin baş redaktoru Şamo Nərimanoğlu yazır:
“İslam dünyasının parlaq bir siması olan Həzrət Əli buyurmuşdur: «Mənə bir hərf öyrədənin köləsi olaram». Bu ibratamiz cümlə minilliklərin süzgəcindən keçib bu günümüzə gəlib çatıb. Bu gün də öz dəyəri ilə çoxlarına örnəkdir bu kəlam. Bundan mənəvi qida alan çoxsaylı insanlardan biri də Akif Şahverdiyev idi. «Azərbaycan» nəşriyyatında bu səmimi insanı tanımayan tapılmazdı. Səmimiliyi, istedadı ilə çoxlarına örnək olan bu insanın ömür yolu heç də hamar olmayıb. Məşəqqətli bir həyat yolu keçib gəlmişdi. Jurnalistika sahəsi ilə ülfət bağlayan bu insan həm də təcrübəli bir müəllim idi. Onun yetirdiyi məzunlar saysız-hesabsızdır. Bu şərəfli və məsuliyyətli peşənin sirlərini gənc nəslə öyrədən Akif müəllim həmişə kimliyindən asılı olmayaraq, hamıya düzlüyü, reallığı dönə-dönə vurğulayardı. Bu sahədə əldə etdiyi uğurlardan heç vaxt arxayınlaşmazdı, daim axtarışda idi. Azərbaycan jurnalistikasının dinamik inkişafı naminə əlindən gələnləri əsirgəmirdi. Bu peşənin ululuğundan, aliliyindən bəhs edən Akif müəllim bir neçə kitabın da müəllifi idi. Dəfələrlə yazarlar arasında keçirilən müsabiqələrdə qalib kimi tanınır, xüsusi bir istedad sahibi idi. Uzun illər idi ki, onu əsl jurnalist kimi tanıyırdım. Harada işləməsindən asılı olmayaraq, çoxlarının dərin hörmətini qazanmışdı. Akif müəllim həmişə deyərdi: “Bu gün oxucu çeynənmiş yazı istəmir. Yeni bir ideya axtarışındadır. Bunun üçün də jurnalistlər işlərini günün tələbləri səviyyəsində qurmalıdırlar. İnformasiya bolluğu junralistika sahəsini bitib-tükənməyən uğurlara inamla aparır.” Bu gün də bir çox universitetlərdə bu təcrübəli jurnalisti ehtiramla anırlar. Çox təəssüflər olsun ki, Akif müəllim 59 yaş yaşadı, amma çox mənalı bir həyat yolu keçdi. Onun ölüm xəbərinə çoxları inanmadı. Həmişə gülərüzlülüyü, səmimliyi ilə seçilən bu insanın bu fani dünyaya əlvida deyib getməsi bizləri çox sarsıtdı.
Akif müəllim eyni zamanda qayğıkeş bir ata idi, 3 övlad böyüdüb tərbiyə etdi – 2 oğlan, 1 qız. Bu gün bir oğlu hüquqşünas kimi, digəri isə Fövqəladə Hallar İdarəsində zabit kimi çalışır. Qızı isə ali təhsilli müəllimdir. Həmişə nəvələri ilə fəxr edən, qürur duyan Akif müəllim iki ildir ki, axirət dünyasındadır. Nəvələri otaqları bir-bir açıb sevimli babalarını səsləsələr də, artıq onlara cavab verə bilmir Akif müəllim. Əzizlərinə, doğmalarına qara çərçivədən boylanır.
Allah rəhmət eləsin, qəbri nurla dolsun. Amin!”
Daşdəmir Əjdəroğlu yazır:
“Akif müəllimi uzun illərdir ki, tanıyırdım. Tanıyırdım dedikdə, bu böyük qəlbli peşəkar və eyni zamanda, fədakar insanın imzası ilə tanışlığımı nəzərdə tuturam.”
“Vaxtilə çalışdığı müxtəlif mətbuat orqanlarında axtarışlarının, iti müşahidələrinin və yorulmaq bilmədən apardığı araşdırmaların nəticəsində ortaya çıxan məqalələrini maraqla oxuyurdum. O, həmişə ölkənin iqtisadi, qaynar istehsalat həyatından bəhs edən məqalələr, oçerklər, reportajlar qələmə almışdı.”
“İstər mətbuat sahəsində, istərsə də ali məktəb auditoiyalarında özünə dost tapdığı insanlar Akif müəllimin yaradıcılığını həmişə yüksək qiymətləndirib, onu digərlərinə nümunə göstəriblər. Həqiqətən də nümunəvi jurnalist, nümunəvi insan, vicdanlı pedaqoq, saf, təmiz müəllim olmaq onun həyatının bir parçasına çevrilmişdi.
“Hər dəfə Akif Şahverdiyevlə həmsöhbət olanda Mövlananın bir məşhur düsturunu xatılayırdım. “Comərdlikdə “axar su”, əsəbdə “ölü”, təvazökarlıqda “torpaq”, ünsiyyətdə “dəniz” kimi ol və nəhayət, “ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Akif müəllim də “olduğu kimi görünən, göründüyü kimi olan adam” idi…
‘‘Olduqca təmkinli, az danışıb çox iş görən və öz işini görən A.Şahverdiyev təmənnasız, iddiasız, halal, sadə, zəhmətkeş bir jurnalist ömrü yaşayıb, çətin bir dövrün ağır sahələrindən olan pedaqogikanın cəfakeşlərindən olub.”
“2018-ci il iyunun 14-dən Xırdalan qəbiristanlığında bir insan uyuyur… Bu, uzun illərin dostu olmuş, ömrünün aqillik dövrünə qədəm qoymağa hazırlaşmış, ziyalı ömrünü yaşamış, hər gününü axtarışlara, yaradıcılığa həsr etmiş zəngin insan olan Akif Bəşir oğlu Şahverdiyevin məzarıdır.”
“Akif müəllim Tanrının məsləhətinə əməl elədi, taleyin son əmrini yerinə yetirdi. Özü getdi, xoş xatiələri, qiymətli əsərləri qaldı. Yaradıcı insan taleyinin qanunu budur. Lakin bir həqiqət də var ki, Akif Şahvedriyevin insan kimi ömrü və ömrünü əks etdirən yaradıcılığı taleyindən çox-çox ucadır!”
(Daşdəmir Əjdəroğlu. “Ədalət və Həqiqət” qəzeti. 19 iyul- 5 avqust 2018-ci il. Səh-13)
Hərbi-jurnalistikanın yaranması və formalaşmasında Akif Şahverdiyevin əməyi böyükdür. O, Azərbaycan ordusu sıralarında xidmətdə olduğu dövrlərdə dəfələrlə cəbhə bölgələrində olmuş, saysız-hesabsız məqalə, reportaj, oçerklər yazmışdır. “Asiman” qəzetinin 2005-ci il 24 fevral sayında dərc olunan “Siz kimsiniz” sərlövhəli müsahibədə Bakı Ali Pedaqoji Qızlar Seminariyasının magistrı Asimə Rasimqızı ilə Akif Şahverdiyev arasında maraqlı bir polemika yaranır. Vətənpərvərlik mövzusu ilə bağlı yazdığı məqalələrindən söhbət açan A. Şahverdiyevin fikirləri maraqlı olub: “1992-ci ilin Xocalı soyqırımından bir neçə ay sonra, yəni iyun ayında 3 körpə uşağımı analarına tapşırıb Respublika Müdafiə Nazirliyinə gəldim. Cəbhəyə getmək üçün ərizə yazdım. O vaxt general-mayor Nurəddin Sadıxov bir neçə gənc zabitlə birlikdə mənim də döyüş bölgəsinə – Laçına göndərilməyim üçün əmri imzalasa da, bir neçə saat sonra yanına çağırdırıb soruşdu: -Tank sürə bilirsən? -Yox. -Topdan atmısan? -Yox. -Xəritələrdən, döyüş xəritələrindən başın çıxır? -Yox. -Oğlum, onda sənin Laçında nə işin var? Yaxşısı budur, qələmini silaha çevir. O, əmri dəyişərək məni əsası 11 fevral 1992-ci ildə qoyulmuş “Xalq ordusu” qəzetinin informasiya şöbəsinin rəisi təyin etdi…” (“Asiman” qəzeti, 24 fevral, 2005-ci il. Asimə Rasimqızı)
“ATRİBUT” qəzetinin redaktoru Mahir Nemətoğlu Akif Şahverdiyevin əziz xatirəsinə həsr etdiyi “Yaxşılardan biri də getdi” adlı xatirəsində ustadla bağlı təəssüratlarından söhbət açır:
“Akiflə bir vaxtlar “And” qəzetində tanış olmuşduq. Heç kimə bənzəməyən bir xarakteri vardı. Yəni, sanki bu dünyanın adamı deyildi. Həddən artıq sadə, inanılmaz dərəcədə iddiasız, qərəz bilməyən, dedi-qodudan uzaq bir insan idi. Ətrafdakılara ancaq müsbət enerji paylamaqla məşğul olardu. Çoxları ona ürəyini açar, dərdini deyərdi. Heç 10-15 dəqiqə çəkməzdi ki, Akifin həmsöhbəti xoş ovqatla ayrılardı. Özünün də üzündən təbəssüm əskik olmazdı. Onu incidərdilər, di gəl özü kimsənin xətrinə dəyməzdi. Çox nikbin idi. Hətta canı ağrıyanda, xəstə olanda belə zarafatlarından, yumoristik söhbətlərindən qalmazdı.
Çoxlarına yol göstərməyi, məsləhət verməyi bacarırdı. Pislik onluq deyildi, daim yaxşılığa can atardı. Ara-sıra badalaq vuranlar, nankorluq edənlər də tapılırdı. Heç ürəyinə salmazdı, “canı sağ olsun” deyib köks ötürməklə kifayətlənərdi.”
“Akif müəllim həyatda çox məşəqqətlər gördü, amma heç kimin qabağında sınmadı, heç kimə əyilmədi. Vüqarlı bir ömür yaşadı. Onun ən böyük var-dövləti ailəsi, övladları idi. Bütün varlığıyla onlara bağlı idi.”
(Mahir Nemətoğlu. “ATRİBUT” qəzeti. 07-13 iyul 2018. Səh-3)
Atasının qəfil ölümündən sarsılan Qorqud Şahverdiyev sosial şəbəkədə (Facebook) paylaşdığı “Mən jurnalistin qazandığı halal çörəklə böyümüşəm” adlı məqaləsində ustadla bağlı xatirələrdən və onun keçdiyi vüqarlı həyat yolundan yazır:
“Mənim həyatımda mətbuat, jurnalistika, publisistika, nəşriyyat, məqalələr, informasiyalar xüsusi rol oynayıb. Çünki mən qəzetlərin, jurnalların, kitabların arasında böyümüşəm. Bizim evdə, köhnə masamızın ətrafında tez-tez ziyalı insanlar yığışar, elmi, ədəbi müzakirələr aparardılar. Atam məni uşaqlıqdan öz yanında Azərbaycan Dövlət Nəşriyyatının dar koridorlarında gəzdirib. Mətnin yığımı zamanı yazı makinası ilə sürətli yazmağı, orfoqrafik səhvlər etməməyi, korrektə edərkən üslubiyyətin diqqətlə analizini, qəzet və kitabın dizayn edilmə qaydalarını, mətbəələrin səs-küylü iş prossesini atam həvəslə öyrədib mənə. “Kütləvi informasiya vasitələri” haqqında, “İnformasiya əldə etmək” haqqında, “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikasının qanununlarını orta məktəb şagirdi olanda bir neçə dəfə oxumuşdum. İndi mən ixtisasca hüquqşünas olsam da jurnalistikanı həmişə özüm üçün doğma saymışam. Mən jurnalistin qazandığı halal çörəklə böyümüşəm.
22 iyul tarixi həmişə bizim evimizdə bayram kimi qeyd edilib. Atam Milli Mətbuat günü münasibəti ilə hər il öz müəllimi Şirməmməd Hüseynova zəng edərək təbrik edər, həmçinin öz tələbələrindən saysız-hesabsız təbrikləri qəbul edərdi.
O, öz həyatını milli mətbuatımızın inkişafına həsr etmiş, xalqımızın maariflənməsində, vətənpərvərlik hislərinin aşılanmasında, milli və bəşəri dəyərlərin təbliğində mühüm işlər görmüşdür. Vətən sevgisi ilə yaşamış, milli şüurun oyanışında, milli ruhun formalaşmasında əvəzsiz xidmətlər göstərmişdi.
Akif Şahvediyev millətin inkişafını insanların maariflənməsində görürdü. Təsadüfi deyil ki, onun yaradıcılığında bədii ədəbiyyatla bərabər həm də qalaq-qalaq elmi tədqiqat əsərləri mövcud olmuşdur. Onun elmi-publisistik yaradıcılığı çoxşaxəli idi. Yaradıcı dühası və əməli fəaliyyəti bir çox sahələri əhatə edirdi. Misal olaraq maarif, jurnalistika, ictimai-siyasi və fəlsəfi fikirlər, nitq mədəniyyəti, kitabşünaslıq, nəşriyyat işi və s. göstərmək olar. Şübhəsiz ki, xalqının dərdini, problemini qələmə almaq onun vətəninə olan sonsuz məhəbbətindən irəli gəlirdi.
Qayğıkeş, ailəcanlı, qonaqpərvər, dəqiq, sözündə bütöv və bir çox başqa müsbət keyfiyyətlərə malik idi. Milli olduğu qədər bəşəri olan, güldürməyi bacardığı kimi düşündürə bilən atam dünyadakı yenilikləri duyan, soy tarixinə bağlı bir ustad olmuşdur.
Öz ömrünü elmə, təhsilə, mədəniyyətə həsr etdi. Onun Azərbaycanın müasir mətbuatında əvəzedilməz xidmətləri olub, tariximizi bütün qəlbi ilə sevirdi, ömrünün son illərində pedaqoji fəaliyyətlə məşğul olub.
Ziyalı, dərin düşüncə sahibi olan, böyüklə-böyük, uşaqla-uşaq kimi rəftar edən atam el ağsaqqalı, and yerimiz idi. Müdrikliyi, sadəlövhlüyü, sədaqətliyi ilə hamının sevgisini qazanmışdı. Mərd yaşadı, həmişə sözün düzünü dedi, ləyaqətini uca saxladı.
Atam, öz imzası və üslubu ilə çox fərqlənirdi. Yazıb-yaratmaqdan usanmırdı. Onun lirik şeirləri, satirik yazıları, deyimləri hələ uzun illər dillərdə yaşayacaq, kitabları əl-əl gəzəcək.
Qələmi kəskin idi. Mənə qələm tutmağı da, qərar qəbul etməyi də, ağı qaradan ayırmağı da atam öyrədib. Tez-tez siyasətlə, peşə fəaliyyətimizlə, dinlə bağlı uzun-uzadı söhbətlər edərdik. Gecə yarısına qədər çəkərdi bu diskusiyalar. Xatirələrini dilə gətirməklə tərbiyələndirərdi biz övladlarını. İndi sağlığında toxunulmaz saxladığı əlyazmalarını vərəqlədikcə öz xatirələrini kağız üzərində əbədiləşdirdiyinə şahid oluram. Bu gün o xatirələri oxuduqca sanki atamla danışıram. Sağlığında yorulmadan öyrətdiyi kimi vəfatından sonra da yazılı xatirələri bu əməlini davam etdirir. O qədər uzaqgörən olub ki, hətta ölümündən sonranı da fikirləşib.
Akif Şahverdiyevin həyat yoluna nəzər saldıqca insan onun yaradıcılığının əzəmətinə, istedadının nəhayətsizliyinə, şəxsiyyətinin dönməzliyinə və bütövlüyünə heyran qalır.
Həyatının mənasını xeyirxah işlərdə görən, ürəyində insanlara qarşı daim məhəbbət və şəfqət şamı yanan, hər sözü, kəlməsi ilə haqqı, ədaləti, düzgünlüyü təbliğ edən müdrik bir insan idi Akif Şahverdiyev. Onun müdrüklüyü ilk növbədə, sözləri ilə əməllərinin birliyində əks olunurdu. Dünya malında gözü yox idi. O, məhz “söz-əməl” bütövlüyü sayəsində onu tanıyanlar arasında hörmət və ehtiram sahibi olmuşdu.
Bu fikirləri yazarkən gözlərim önündə mənalı və şərəfli həyat yolu keçmiş, yüksək mənəviyyat sahibi, ömrü boyu haqqın, düzgünlüyün, mənəvi idealların carçısı olmuş atamın işıqlı siması canlanır. Nahaq yerə demirlər ki, xalqın gözü tərəzidir. Adamlar onunla görüşməyə daim mənəvi ehtiyac hiss edirdilər. Onunla həmsöhbət olmaq adi məişət hadisəsi deyildi, hər şeydən əvvəl saf, duyğulu mənəvi aləmlə əhatə olunmaq demək idi. Şəxsiyyətinin yaratdığı aura o qədər ülvi idi ki, onun yanında insan problemlərdən, çətinliklərdən uzaqlaşaraq özünü qeyri-adi məkanda hiss edir, potensial imkanlarına, güc və qüdrətinə, həyata, insanlara inamı daha da artırdı.
Çətinliyə düşən, problemi olan, mübahisəli məsələsi meydana çıxan adamlar böyük əminliklə Akif Şahverdiyevə üz tutardılar. Həmişə ölçülü, məntiqli və tutarlı deyimləri, müddəaları ilə xeyirli məsləhətlər verər, ona inam bəsləyənləri heç vaxt naümid qoymazdı.
Atam ömrünün 59-cu ilində dünyasını dəyişdi, Haqq dərgahına qovuşdu. O, heç kimə əziyyət vermədən köçdü bu dünyadan. Vəfatı məni və onu sevənləri dərindən sarsıtsa da əminəm ki, onun əbədiyyətə qovuşmuş pak ruhu daim ailəsinin üzərində, onu tanıyanların arasındadır.
Ruhu şad olsun! Sağlığında həmişə haqqın, düzgünlüyün, ədalətin tərəfdarı oldu. Bu gün də başımız üstündə dolaşan ruhu günah işləri, nahaq əməlləri, mənəviyyatsızlığı lənətləməklə xeyirxahlıq adlanan insanlıq yoluna işıq saçmaqdadır.
İndi mən qələminə və sətir-sətir yazdıqlarına and içərək bəyan edirəm ki, övladı olaraq onun adını daim uca tutacaq, müqəddəs hesab etdiyi haqq yolunda addımlayacaq, vətənpərvərlik, sosial ədalət və milli-mənəvi dəyərlərin qorunması ilə bağlı gördüyü işləri layiqincə davam etdirəcəyəm.”
(Qorqud Akif oğlu Şahverdiyev)
“Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin” (Ə.H.Bəhmənyar). Bəli, Akif Şahverdiyevlə söhbət bir kitaba, müəllifi olduğu kitabların mütaliəsi isə filosofla söhbətə bərabərdir. Bu gün ömrünün 59-cu ilində bizləri qəfil tərk edən ustadın anım günündə, vüqarla yada salır, Ulu Tanrıdan rəhmət diləyirik. Ruhun şad olsun, ustad! Xatirən əbədi olaraq könüllərdə yaşayacaq!
Könlüm gül -çiçək açdı , Düyünüm , toyum gəldi . Saralan ümidlərə Can verən suyum gəldi . Dostum , doğmam , qardaşım . Köməyim , hoyum gəldi ! Sevindi ana vətən , Həmd olsun Yaradana ! Gəldi Türkün ordusu , Gəldi Azərbaycana ! * * * Sevincimdən uçuram , Quşam , yoxdu qanadım ! Dostlar baxıb sevinsin , Çatlasın yağım , yadım ! Arzularım gül açdı , Hasil oldu muradım ! Allahıma min şükür Bu boyda mutluluğu Qismət elədi mana ! Gəldi Türkün ordusu , Gəldi Azərbaycana ! * * * Cənnətə dönəcəkdir Düşmən xaraba qoyan Vətənim , yurdum mənim . Yox olacaq tezliklə Vətən , millət , yurd adlı Ən ağır dərdim mənim ! Qanın yerdə qalmadı , Əziz şəhidim mənim !. Vətən gülzar olacaq , Daş da gələcək cana ! Gəldi Türkün ordusu , Gəldi Azərbaycana ! * * * İki cumhur başqanı Dostluğunda pir oldu . İki qardaş birləşdi , Yumruq kimi bir oldu ! Nə gözəl əhdi -peyman , Nə gözəl tədbir oldu ! Şair təşəkkür edir İki böyük liderə – İlham Heydər oğluna Və Sayın Ərdoğana ! Gəldi Türkün ordusu , Gəldi Azərbaycana ! 01.02.2021.
RƏCƏB TAYYİB ƏRDOĞANA SAYĞILARLA
Böyük türk millətinə Töhvəsisisən Allahın . Qələbə müjdəsisən Gələn nurlu sabahın . * * * Sənlə çatır dünyaya Müsəlmanın haqq səsi . Sətir sətir yazılır Şərəfli salnaməsi . * * * Bu günün ,gələcəyin Canlı əfsanəsisən . Sən böyük insanlığın Çox uca zirvəsisən . * * * Qəlbində Allah eşqi , Zəkan dərindən dərin . Ruhu səndə yaşıyır Minlərlə peyğəmbərin . * * * Müsəlman dünyasına Günəşsən haqdan doğan ! Haqq – ədalət hamisi Rəcəb Tayyib Ərdoğan * * * Dövlətimin , xalqımın Sən ey dostu ,dayağı Hızırtək köməyə çat , Qaytaraq Qarabağı ! 03.04.2019.
XOŞ GƏL ,SƏFALAR GƏTİR
(Rəcəb Tayyib Ərdoğana sayğılarla) Səni Hızır sayağı Çağırdım Qarabağa . Yetdin dada ,haraya, Ürəyim döndü dağa ! Sənə yazdığı şeri Hüzurunda oxumağa Sevgi ilə , sayğıyla Göyyurd səni gözləyir , Canım ,gözüm bu vətən , Bu yurd səni gözləyir . * * * Uca Türk millətinin Böyük , azman başqanı . Mərdliyin , ədalətin Mat eyləyib cahanı ! İnşallah çox yaxında Quracaqsan Turanı ! Ən ali ,ən möhtəşəm Zəfər səni gözləyir , Al şəfəqli gündüzlər , Səhər səni gözləyir . * * * Çaldığın hər zəfərə Qoy dünya heyran olsun . Ayaqların dəyən yer Abad , firavan olsun . Yurduma hər gəlişin Toy olsun , bayram olsun ! Toy -bayram eyləməyə Millət səni gözləyir . Ürəyində məhəbbət , Hörmət səni gözləyir ! * * * Qələbəyə köklənib Xalqın ruhu , əhvalı . Dəf etməyə hazırıq Hər cürə qeylü -qalı. Yollarına göz dikib Xankəndiylə Xocalı ! Ağdərə axşam -sabah , Hər vaxt səni gözləyir . Türkə aid hər qarış Torpaq səni gözləyir . * * * Polad iradəsiylə Yağı düşməni əyən , Dostluğu , qardaşlığı Ucada tutan , öyən . Dünyaya bəyan edib Sənə qardaşım deyən Ali Baş Komandanım , Paşam səni gözləyir . Bu dünyanın cənnəti – Şuşam səni gözləyir ! 14 .04. 2021.
SIĞIN TÜRKÜN QEYRƏTİNƏ
(Rəcəb Tayyib Ərdoğana sevgilərlə) Sirrini ver sirdaş kimi , Dərdini böl yoldaş kimi , Güvən ona qardaş kimi , Sığın türkün qeyrətinə! * * * Yanar odda , qorda ,gələr , Donmaz qışda , qarda , Qoymaz heç vaxt darda , gələr , Sığın türkün qeyrətinə ! * * * Dağlar aşar yellər ilə , Coşar , daşar sellər ilə , Qarşıla tər güllər ilə , Sığn türkün qeyrətinə ! * * * İgidlikdir kökü , himi , Mərdlikdir qəlbinin simi ! Tanrıya sığınan kimi Sığın türkün qeyrətinə ! 2011.
YOLUNU GÖZLƏYİR TURAN
(Rəcəb Tayyib Ərduğana sayğılarla ) Yaşa , uca Türk milləti , Sağ ol , Ərdoğan , Ərdoğan ! Əməliylə ətir saçan Bağ ol , Ərdoğan , Ərdoğan ! * * * Bu millətçün şam kimi yan , Yolunu gğzləyir Turan ! Şər önündə dağtək dayan , Dağ ol , Ərdoğan , Ərdoğan ! * * * Ucalıb dön Tur dağına , Sahib çıx Türk torpağına ! Haqq-ədalət çırağına Yağ ol ,Ərdoğan ,Ərdoğan ! * * * Nur ələ , yer kürəsinə , Səs ver , sən haqqın səsinə ! Düşmənlərin sinəsinə Dağ ol , Ərdoğan , Ərdoğan ! Var ol ,Ərdoğan , Ərdoğan ! Sağ pl , Ərdoğan , Ərdoğan ! 04 .08.2020.
BU GƏLƏN TÜRK ORDUSUDU (Ərdoğan Tozoğlu bu şerimə Mahur türkü bəstələyib) İgidlikdi əhdi , andı , Hər biri bir qəhrəmandı ! Şər üstə əsən tufandı , Bu gələn Türk ordusudu ! * * * Güc alar Tanrıdan , haqdan , Zalımları salar taxtdan ! Qan tökməz heç vaxt nahaqdan , Bu gələn Türk ordusudu !
Unutmaz , pozmaz ilqarı , Allah özü olar yarı ! Məzlumların xilaskarı Bu gələn Türk ordusudu ! * * * Məhmətcik dursun keşikdə , Sülh olsun hər ev-eşikdə , Körpələr yatsın beşikdə , Bu gələn Türk ordusudu ! * * * Pişvazına çıxsın ellər , Yollarına səpsin güllər ! Tellənsin telli sünbüllər , Bu gələn Türk ordusudu ! 18.08.2020
ATALAR Atalar Yer üzündə Allahın kölgəsidir, Haqdır, ədalətdi bu, Allahın bəlgəsidir. Həm arxa, həm dayaqdı övlada varlı ata, Uşaq var ata istər, uşaq da varlı ata… İstəyirəm gorəsən, mümkün deyil danışmaq, Belə olur atanın ətəyindən yapışmaq… Allah ətəyi kimi, bərk sarılıb, tutuşmaq, Balaca yumruqlarla, allahlarla vuruşmaq … Həm arxa, həm dayaqdı övlada varlı ata, Uşaq var ata istər, uşaq da varlı ata… 13.06.2021.- Bakı.
1. Gülnar Ümid kimdir nə işin sahibidir şairə, şüəllimə, evdar xanım?
1. Öncədən müsahibə üçün təşəkkürümü bildirirəm.Gülnar Ümid,qayğıkeş ana,kitabxana işcisi və insanların ürəyinə yol tapa biləcək insan və biraz da duyğularını vərəqlərə sözlərlə çəkən qadın deyərdim…
2. İnsanlarla ünsiyyətiniz necədir səmimisiniz?
2. Ətrafdakı insanların mənə münasibətindən səmimi olduğum bəlli olur,yalan danışmağı sevmirəm,incidəcək olsam belə qarşımdakına doğruları deyirəm.Həyatımda bir dəfə yalan danışmışam hətta heç yadımdan çıxmır indi də. O yalanımın üstü 1saat sonra açılmışdı onun əzabını vicdanımda indi də çəkirəm,baxmayaraq ki,qarşımdakının üzülməməsini istəməmişdim.Xarakterindən aslı olmayaraq bütün insanlara qarşı nəzakətli olmağı, hətta bilərəkdən onlar da sevgi ötürsünlər deyə sevgimi ötürməyi çox sevirəm,bu mənim həyatda insanlar arasında ünsiyyətim üçün ən güclü silahımdı deyərdim.
3. Təxəllüsünüzün bir tarixi varmı yoxsa nədən ümid?
3. Bəli bir tarixcəsi var ,o zamanlar uşaq idim hardasa 6-7yaşlarında.Kəpənəkləri çox sevərdim hətta indi böyüsəm də çox sevirəm,çünki arzularımı kəpənəklərə bənzədirəm onlar kimi rəngarəndirlər.Bir gün bağçamızda ağ kəpənək uçurdu ona gözüm sataşdı və əlbəttə ki,uşaq ağlımla onu tutub bir balaca bankaya qoyub ağzını bağladım.O zaman düşünməmişdim ki,o ölə bilər dərk etmirdim ,içərisinə bir damcı su çilədim biraz da çiçəklərin ləçəyini yeyir deyə düşünüb qırıb atdim ağzıni bağladim .Havasızlığı heç ağlımagəlmədi onu doyunca yedizdirib böyütmək arzusundaydım.Səhər oyananda bankanı açdım artıq ölmüşdü ağ qanadları əzilmiş halda bunu heç kəsə deyə bilmədim,mənə hər kəs qatil gözüylə baxar deyə.Və o zamandan mən ümid edirdim ki,o kəpənək nə zamansa yenidən oyanacaq,hər ağ kəpənək gördükcə onu görürəm sanki.Umid mənim kəpənəyimin yaşamasıdı,arzularımın yaşaması kimi.
4. Dost-tanışlarınızla aranız yaxşıdır?
4. Bu suala ancaq yəqin ki,ətrafımdakılar daha dolğun cavab verər.Ətrafımda incidiyim və ya məndən inciyən bir kimsə olmayıb.Yeganə həyatda bir düşmənim var ona da mən yox, o mənə düşmən olub ,bu da normaldır biri də düşmən olsun.Nə yaxşı ki,çox istədiyim tanışlarım çoxdur ,çünki mənim ücün onlar var dövlətdir və mən özümü dövlətli hesab edirəm.
5. Nələr yazırsınız mövzularınız nədir?
5. Mövzular qarışıq olur,amma adətən duyğuları rəqs etdirən mövzularda daha çox yazıram,təbiəti sevirəm təbiətin insanlarla görüşünü təsvir etməyi sevirəm,sevgi,mərhəmət,həyat,reallıq,vətən ruhumun güzgüsündə gördüyüm dünyanı təsvir etməyi daha çox sevirəm.Mənimçün ən gözəl mövzu insan ruhunun hiss etdiyi bütün mövzulardır.Hər kəsə görə bilmək üçün Allah göz verib amma hansı baxışla görməyi sənə həvalə edib.
6. Heç olub dostlarınızla sözünüz çəp düşsün aranızda inciklik olsun?
6. Əvvəla öncədən xatırladım ki,mənim yeganə dostum özüməm,çünki sirrimi əminliklə deyə bilecəyim bir kimsə yoxdur ,ola da bilməz.Səbəbsə necə olur olsun ən əziz insan olsa belə bir gün məni çox istədiyindən sirrimdən istifadə edə bilər deyə və ya mənimlə sözü çəp gələrkən məni o nöqtədən vura bilər deyə qorxmuşam.Amma xətrini çox istədiyim adamlar çoxdur,hələki kimləsə sözüm çəp gəlməyib gəlsə belə mən könüllərini almaq üçün təbəssümümü əsirgəmirəm heç zaman.Yetər ki,insanlar xöşbəxt hiss etsinlər özlərini.
7. Şeir roman bədii əsərlər nələr oxuyursunuz?
7. Dahi ,sözünü demiş, mərhum və yaşayan şair ,yazıçılarımızdan tutmuş gənc yazarlarımıza kimi demək olar ki, zamanla seçib oxuyuram.Ad çəksəm bura sığmayacaq ya kimsəni unutmuş olaram deyə tərəddüd edirəm,inciklik olmasın.İtkisinə pis olduğum şairlərdən birinin adını çəkmək istərdim .Musa Yaqub mənimçün bir başqaydı,ruhu şad olsun,onun şeirlərində insan başqa aləmə düşərdi özümü onun yazdıqlarında yaşadığımı hiss edərdim.Amma mənimçün nədənsə oxuduğum əsərlərin içində ən sevimli roman Paulo Koelyonun “Kimyagər”romanıdır.Ən son Nəriman Süleymanovun “Ruhlar çağırır”kitabını,Elcin Arifoğlunun “Ay işığı”romanını,Jül Vernin “Sirli ada”romanını bitirmişəm.Bəzi romanlar axıcı olur mənaca zəif olur,bəzi romanlarda yorucu olur amma mənaca dərin olur,təbii ki,oxucunun da qəbul etmə gücündən də aslıdır bu.Ümumilikdə götürəndə isə qarşında çıxan hər şeyi oxumaq yazarı ucuzlaşdırmaz o zəif yazsa da ,əksinə sənin düşüncənin dəyərini qaldırar.Çünki artıq zəiflə güclünü,pislə yaxşını ayırd etmə şansı verir bizə yetər ki,oxumağa zaman ayıraq…
8. Ümid təxəllüsü sizə nə verdi, maraqlıdır?
8. Ümid təxəllüsü mənim ən güclü qanadımdı ,o olmasa mən çətinlikləri fəth edə bilmərəm,o təxəllüs adımın qarşısında bir simvol kimi görünsə də ,həyatımda hər şeyə uca baxmaq üçün güc verdi.Bir övlad ki,çətinliyə düşəndə valideynlərindən güc alar,mən də ümidin övladıyam sanki.
9. İtirdiklərinizə üzülmüsünüz?
9. Çox….Və üzülmə səbəbim isə itirməyimə səbəb özüm olmuşam deyə olub .Amma qazandıqlarım itirdiklərimdən üstün olub deyə itirdiklərimi bəzən göz yaşım hesab edib silmişəm və təbiidir ki,silsəm də göz quyusu yenidən dolduğu kimi,itirdiklərim də o quyudan dolub daşıblar zamanla.
10. Həyatda təsüffləndiyiniz nələrsə olub?
10. Təsüffləndiyim yeganə əlçatmazlığım belə desək,bir əşyanı zamanla ən hündür yerə qoymaq üçün ayağının altına stol qoyarsan və sonra onu özün qoyduğun halda yenidən göturmək üçün həmin stolu tapmazsan və gözün görər sadəcə sənin olmaz,mənimçün də əlcatmaz təsüffləndiyim həyatda geriyə qaytara bilmədiyim zamanım olub,o zaman ki,özüm öz əlimlə ən hündürə qoymuşam.
11. Adınızın mənasını bilirsinizmi?
11. Adımi atam “Səni axdariram”tamaşsında Gülnar obrazını sevdiyi üçün qoyub.Tamaşada olduğu kimi uşaq olarkən məni atam ” sən yaxşı qızsan Gülnar “deyə əzizləyərdi.Mənası narçiçəyi və sevinc saçan gözəllik kimi bilirəm.
12. Aldığınız ən dəyərli hədiyyə nə olub bu günə kimi?
12. Bu günə kimi aldığım ən dəyərli hədiyyə Allahın mənə bəxş etdiyi nəfəsdir.O olmadan heç bir hədiyəni alma şansım yox o ən dəyərli hədiyyədir Allah mənə hələki bəxş edir o nəfəslə hər istədiyini əldə etmə gücünə sahibəm şükürlər olsun.
13. Son olaraq Nələr demək istərdiniz?
13. Müsahibə üçün sizə dərindən təşəkkür edirəm,diqqət və ən əsası zamanınızdan pay verdiyiniz üçün minnətdaram,çünki bir insanın zamanından pay almaq haqqın halallığını istər.Demək istədiklərimin içərisində ən əsası hər zaman sevin ki ,sevilmə şansınız çox olsun,daimi olmayan həyatda nifrət,kin,qəzəb əvəzinə ətrafınıza gülüşünüzü, sevincinizi çiçək kimi səpələyin ki,gülə bilməyənlər də sizin sayənizdə gülə bilsinlər.Zəkat təkcə mal mülklə deyil,insanlara gülüş və sevgi bəxş etməyin özü də zəkatdı bu ki,pulla deyil ətrafınıza səpələyin bolluca.Xöşbəxt olmaq istəyirsinizsə insanlarin dualarına qonaq olun ,onları da öz dualarınıza qonaq edin.Mütləq ki,onlardan birinin dualarında sizin arzularınız gerçəkləşəcək…
Mirzə bir növ adətkardə idi. Düzələnə oxşamırdı. Amma öz aramızdı, onun hərəkətləri bir çoxlarının xoşuna gəlirdi, görüb eşidir, deyib-gülürdülər.
Mirzə adam dolamaqdan, zarafatı zarafata calamaqdan yorulub usanmırdı.
Rayona ezamiyyətə gedəcəkdilər. Biri Mirzənin özü, biri də Yavər müəllim idi. O biri iki şəxsin biri Əliş, digəri Əvəz idi.
Mirzə ilə Yavər bir yerə düşmüşdü, Əlişlə də Əvəz. Mirzə ilə Yavər – Masallıya, Əlişlə Əvəz – Salyana gedəcəkdilər. Artıq ezamiyyə vərəqələri də hazırlanmışdı. Direktorun imzalamağı qalırdı.
Mirzə tez aşağı, kadrlar şöbəsinin müdiri Aidanın yanına düşdü. Özü ilə yaxşı bir şokolad qutusu da götürmüşdü. Şokalad qutusunu Aidaya uzadaraq:
-Səndən bir xahişim var. Gərək məni peşman eləməyəsən.
Aida şokolad qutusunu alıb qutunun yan-yörəsinə baxdı. Moskva konfetləri idi, özü də təzə. Qutunu şkafa qoyub Mirzə müəllimə müraciətlə:
-Eşidirəm.
– Mənimlə Yavər – Masallıya, Əlişlə Əvəz – Salyana ezam olunuruq. Əslində eyni məsələ ilə bağlı yola düşməliyik. Xahişim belədir ki, Yavərin yerini dəyişib Əlişlə bir salasan. Mən ezamiyyəyə Əvəzlə gedərəm.
-Direktor əmri və ezamiyyə vərəqələrini hələ imzalamayıb. Amma kimin kiminlə gedəcəyini mənə deyib. Əmri də yazmışam.
Mirzə müəllim şirin dilini işə saldı. Aidanın adının qırağına “xanım” sözünü də qoşdu:
-Ay Aida xanım, nə qoyub, nə axtarırsan?! Başqa-başqa işdən ötrü getmirik ki… Mənimki Yavərlə tutmaz, Əvəzlə getməyim məsləhətdir.
-Yaxşı, nə deyirəm ki.
Bəli, Aida Mirzə müəllim deyənə əməl elədi. Şokolad qutusunun ağzını da açmış, nuş-canlıqla Moskva şokoladı ilə yaxşıca bir pürrəngi çay da içmişdi. Sağ olsun Mirzə müəllim.
Birdən-birə direktorun acıqlı səsi eşidildi. Aida ayağa sıçradı. Direktor onu çağırırdı. Tələsik çıxdı. Yavər müəllim direktorun yanında idi. Özü də əhvalı pozğun. Direktor əsəbi:
-Aida, sənə nə tapşırmışdım? – deyə soruşdu. –Ezamiyyəyə gedənlərin yerini niyə dəyişmisən?
Aida udqundu:
-Mirzə,..Mirzə müəllim gəlib xahiş etdi ki, onu…
Direktor qəzəbli:
-Mirzə müəllim…
Direktor sonrakı sözlərini dilinin ucundan geri qaytardı və belə dedi:
-Mirzə müəllim, nahaq sənə elə deyib. Özü də mənim başımın üstündən. İndi çağırıb aşını-suyunu verərəm. Sən get, mən deyənə əməl elə.
Aida çıxdı. Direktor Yavər müəllimə:
-Sən də get, hazırlaş. Salyana deyil, Masallıya gedirdən, Əliş müəllimlə yox, Mirzə müəllim özü ilə. Belə məsləhətdir.
Yavər müəllim:
-Çox sağ olun, -deyib çıxdı.
Direktor zəngi basdı, katibə içəri girdi:
-Mirzə müəllimi yanıma çağır.
Katibə “oldu” deyib çıxdı.
Nə hadisə baş vermişdi? Yavər müəllim niyə narahat olmuşdu. Mirzə müəllimlə münasibətləri pis deyildi. Bəs Mirzə müəllim niyə bu həngaməni düzəltmişdi? Niyə Yavər müəllimin, onunla deyil, Əliş müəllimlə birlikdə düşməsini istəmişdi.
Hə, bunun səbəbini Mirzə müəllim daha yaxşı bilirdi. Bu işdə də bir zarafat, bir hoqqa vardı.
Deyim nə idi. Əliş müəllim iri gövdəli, uca boylu idi. Hündürlüyü az qala iki metrə çatırdı. Yavər müəllim isə həm çəlimsiz idi, həm də boyu güclə metr yarıma çatırdı. Mirzə müəllim məzə, gülüş xatirinə onların ikisinin bir rayona getməsini istəyirdi. Bunu başa düşən Yavər müəllim narahat olmuş, əl-ayağa düşmüşdü. Əliş müəllimin yanında o uşaq kimi görünəcəkdi. Yoxlamaya gələn bu cütlük rayonda gülüş doğura bilərdi.
Mən Aysu Türkel 1 aprel 2006-cı ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşam. Əslən Göyçayın Çərəkə kəndindənəm. 2012-ci ildə Bakı şəhəri, Sabunçu rayonu 311 nömrəli məktəbin 1-ci sinifinə daxil olmuşam. Hazırda 9-cu sinifində təhsil alıram. Anam müəllimə olduğu üçün mənə 5 yaşımda oxuyub yazmağı öyrətmiş və məndə 5 yaşımdan tam oxuyub yazmağı bacarmışam. Hələ 4 yaşımdan hərbiyə marağım olub. Televiziya kanallarında daim hərbi verlişləri izləmişəm. Hər zaman televiziyada xocalı faciəsindən, 20 yanvar qırğınından danışılanda ürəyimdəki vətən eşqi bir qədərdə artıq alovlanır, düşmənə nifrətim isə hədsiz dərəcədə artırdı. Hər zaman düşünürdümki kaş bütün torpaqlarımız azad edilə, orada 3 rəngli bayrağımız dalğalana. İllər keçdikcə, böyüdükcə ürəyimdə alovlanan vətən sevgisidə böyüyürdü. Və artıq 8 yaşımdan vətənpərvər şeirlər vasitəsilə vətən sevgimi biruzə etdirməyi bacardım. 2-ci sinifdən kiçik həcmli şeir və hekayələr yazmağa başlamışam. Daim yazılarım və səsləndirdiyim şeirlərlə hər kəsin diqqətini çəkməyi bacarmışam. Bütün əsərlərim vətən həsrəti, yurd sevgisi, türkçülük mövzusunda olub. Təhsilimdə və yaradıcılığımda uğurla addımladığıma görə çox sayda diplomlarla təltif olunmuşam. 2018-ci ildə AXC-nin 100 illiyinə həsr olunmuş yüksək səviyyəli, tarixçi alimlərində iştirak etdiyi tədbirdə “Ayağa dur Azərbaycan!” şeirini səsləndirmişəm. Bu şeirimlə bütün alimlərin diqqətini çəkmiş, onlardan çox xoş sözlər eşitmiş və diplomla təltif olunmuşam. 2019-cu ildən televiziya kanallarında çıxışlar etmişəm. “LİDER”TV-də yayımlanan Namiq Fərhadoğlunun layihə rəhbəri olduğu “SƏNİN ULDUZUN-9” televiziya yarışmasının qalibi olmuşam. Daim Türkçülüy yolunda addımladığıma, Turan sevdalısı olduğuma görə 2021-ci il yanvarın 20-i şair Ötərxan Eltac tərəfindən “Türkel” təxəllüsünə layiq görülmüşəm. Bu təxəllüslə çıxış etdiyim dövrə qədər izləyicilərim tərəfindən Türk sevdalısı, Turan sevdalısı, Asena kimi çağırılmışam. İlk dəfə isə şair Vahid Aslanın kitab təqdimatında, çıxış edən zaman elə Vahid Aslan tərəfindən Türk sevdalısı Aysu kimi təqdim olunmuşam. “LİDER”TV-də yayımlanan “Xoş ovqat”, “Çıxış yolu”, “AZTV”də yayımlanan “Tele oyun” və “AZƏRBAYCAN RADİOSU”da “Uğur” verlişinin qonağı olmuş, çıxışlar etmiş və öz uğurlarımdan danışmışam. “Sizi tanıyaq” layihəsinin ən fəal üzvlərindən biriyəm. Şəhidlər haqqında yazdığım hekayələr “Gününxeberi.az”, “Baku-art”, “Yazyarat.com” və başqa saytlarda, o cümlədən “Mədəniyyət” qəzetində dərc olunub və çox saylı oxucu kütləsinə çatıb. Fəaliyyətim dövründə şəhid ailələrinidə diqqətdə saxlayıb onları ziyarət edirəm. Sosyal şəbəkədə də şəhidlərimizi tanıtmaq üçün qruplar açıb şəhidlərimizin haqqında məlumat və şəklini paylaşıram. Hazırda müəllifi olduğum “Vətən övladları” layihəsində çox saylı gənc istedadlar, o cümlədən Güney Azərbaycanımızdanda vətən sevər insanlar iştirak edir. İnşallah bu vətən yolunda dahada əzmlə, məğrur addımlayar və daha böyük nailiyyətlərə imza atacam.