Sevindik Nəsiboğlu

Əliyev Sevindik Nəsib oğlu

“MƏN KİMƏM” LAYİHƏSİNİN QONAĞI

Sevindik NƏSİBOĞLU

  (Tərcümeyi-hal)

Mən Əliyev Sevindik Nəsib oğlu (Sevindik Nəsiboğlu) 26 iyul 2008-ci ildə İmişli şəhərində anadan olsam da, əslən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindənəm. 2014-cü ildə Abşeron rayonu Xırdalan şəhəri 9 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, hazırda həmin məktəbin 7-ci sinifində oxuyuram, dərs əlaçısı olmuşam. Mən hələ 4-5 yaşlarımdan yazıb-oxumağa başlamış, eyni zamanda kompüteri  öyrənərək Vikipediya vasitəsilə ilə Azərbaycanımızın keçmişi, tanınmış şəxsiyyətləri, sərkərdələri, şairləri və sənətkarları barədə məlumat toplamış, elə həmin vaxtlardan kiçik həcmli hekayələr və şeirlər yazmağa başlamışam. Məni həmişə zaman-zaman Azərbaycanımıza qarşı edilən haqsızlıq və ədalətsizliklər, torpaqlarımızın hər hansı yolla işğalı, vətənimizin parçalanması düşündürüb və narahat edib. Ona görə də, yazdığım 400-dən çox şeirin əsas mövzusunu Vətən, torpaq həsrəti, türkçülük, müsəlmançılıq, işğal olunmuş ərazilərimiz, müstəqillik və ərazi bütövlüyü yolunda canını əsirgəmədən fəda etmiş Vətən oğulları və qızları, istiqlal, bu yolda ömrünü şam kimi əritmiş liderlərimiz, şairlərimiz, yazıçılarımız, vətən fədailəri, bayraq sevinci, bir də həmyaşıdlarıma vətən, vətəndaşlıq barədə bildiklərimi çatdırmaq təşkil etmişdir. Şeirlərim hələ 2015-ci ildən “Abşeron təhsili”, “Respublika xəbərləri” qəzetində dərc olunmuş, milli radiomuzun “Navalça” verilişində, milli televiziyanın efirində uşaqlar üçün yayımlanan “Pillə”, “Lider” TV-nin “Çıxış yolu”, “Dünya” TV-nin “Məhəbbət nəğmələri” və “Hər uşaq bir incidir” adlı verilişlərində dəfələrlə şeirlərim səsləndirilmişdir. Respublika Milli Kitabxanasında, Abşeron rayon təhsil şöbəsinin keçirdiyi ictimai tədbirlərdə dəfələrlə çıxışlarım olmuşdur. Əla oxuduğuma, ictimai fəallığıma görə rayon rəhbərliyi və məktəb tərəfindən çoxsaylı tərifnamə və diplomla mükafatlandırılmış, 26 dekabr 2017-ci ildə Azərbaycan Respublikası “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin “Gənc istedad” fəxri diplomu ilə təltif olunmuş, eyni zmanda “Afia.az” informasiya agentliyinin “Sizi tanıyaq” layihəsində uğurlu iştirakıma görə uşaqlar arasıdna “Ən yaxşı yazar”, eləcə də, “İlin şagirdi” diplomlarına layiq görülmüşəm. 2018-ci ildə “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı şeir kitablarım nəşr edilmiş, 2019-cu ildə Respublika Milli Kitabxanasında həmin kitabların təqdimatı keçirilmiş, həmin ildə “Azərbaycan XXI əsrə istedadlarla” layihəsi çərçivəsində “Gənc istedad” diplomuna layiq görülmüş, “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ən gənc ictimai müxbiri olmaqla bu qəzetdə çoxsaylı məqalələrim, araşdırmalarım, şeir və hekayələrim dərc edilmişdir. 2020-ci ildə “Ulu Naxçıvanım” adlı nəsr, “Könüllərə yol gəzirəm” adlı şeir kitablarım nəşr edilmiş, “Ulu Naxçıvanım” adlı kitabımın “Lider TV”-nin “Çıxış yolu” verilişində təqdimatı keçirilmişdir. 5-ci kitabımda işıq üzü görəcək 70-dən çox hekayə, araşdırma və məqalələrim, eləcə də, vətənpərvərlik mövzusunda yazdığım şeirlərim “Kredo” qəzetində dərc edilmiş və çoxsaylı izləyicilərə “Afia.az” informasiya agentliyi vasitəsi ilə çatdırılmışdır. Yuxarıda qeyd olunan mövzularla əlaqədar geniş düşüncələrim var, işğaldan azad edilmiş torpaqlarımız, çiçəklənən Azərbaycanımız naminə yaradıcılığımı uğurla davam etdirməkdəyəm.

Mən:Sevindik NƏSİBOĞLU

SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ

“MƏN KİMƏM” LAYİHƏSİNİN DİGƏR İŞTİRAKÇILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KƏNAN ZƏKA – ŞEİRLƏR

Kənan ZƏKA – gənc yazar.

GƏNC ŞAİRİN ŞEİRLƏRİ

Yandırır məni

Kəlbəcər yaylağın salırsan yada,

Baxırsan Kəpəzə, o da uzaqda,

Üzündən bilinir, dərdlidir o da,

Vətəndə bu həsrət, yandırır məni.

* * *

Nə qədər yazsam da, yenə də azdır,

Min şükür Kəlbəcər artıq azaddır,

Torpağı sevməyən, bizlərə yaddır,

Vətəndə bu həsrət, yandırır məni.

* * *

Təxəllüsüm Zəka, seçildim hər dəm,

Olmuşam şeirə, qəzələ həmdəm,

Bitməyən bu həsrət, içimdəki qəm,

Vətəndə bu həsrət, yandırır məni.

Qaçmaq istəyir

Yenə də buludlar , tutulub göydə,

Süzülüb şırhaşır axmaq istəyir.

Görünmür səmada, xoşbəxt günəş də,

Bəlkə göy üzündən qaçmaq istəyir?!

* * *

Şimşək də susmayıb, hey vurur zərblə,

Külək də danışır tənəli səslə,

Sanki təbiət də düşüb mənimlə,

Dindirsən, əlimdən qaçmaq istəyir…

* * *

Zəkanın dərdi də, qəmi də bitməz,

Elə bir yerdəyəm, səs-səda yetməz,

Həmsöhbət olsa da, ömrü çox çəkməz,

Hamı bezib məndən, qaçmaq istəyir?

Mənim dünyam

Dərdi, qəmi artıq olub,

Aydın deyil mənim dünyam…

Sevgi, qayğı gül tək solub,

Sakit, səssiz mənim dünyam….

* * *

Tapmaz həkim, təbib çarə,

Fələk vurub mənə yarə,

Gəlib günüm yaman qarə,

Sakit, səssiz mənim dünyam…

* * *

Zəka durmaz, arar çözüm,

Fəqət yorğun, yoxdu dözüm,

Qaralıb, ta görmür gözüm,

Sakit, səssiz mənim dünyam…

Müəllif: Kənan ZƏKA


KƏNAN ZƏKANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Kənan ZƏKA

Kənan ZƏKA – gənc yazar.

Kənan ZƏKA – Bayramov Kənan Əhliman oğlu 2002 – ci ildə Goranboy rayonunun Qaraçinar kəndində anadan olmuşdur. 2008-ci ildə Qaraçinar kənd Tam orta məktəbinin 1-ci sinifinə qəbul edilmişdir . 2020-ci ildə Azərbaycan dillər universitetinin filologiya ( Azərbaycan dili və ədəbiyyatı ) fakültəsinə qəbul olmuşdur . Hal-hazırda 1-ci kurs tələbəsidir. “Yazarlar” jurnalının müstəqil yazarlarından biridir.

KƏNAN ZƏKANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏN OLMASAYDIN… – AYTAC İBRAHİM

Aytac İBRAHİM – gənc yazar.

SƏN OLMASAYDIN…

Sən olmasaydın,
ölərdi mənim son hisslərim …
Yaşı quruyardı, kirpiyi tökülərdi,
kor olardı, bu gözlərim …
Gəlməzdi dünyama baharlar, qışlar
inan,
heç səmamda uçmazdı da quşlar.
Sən olmasaydın,
bilməzdim ki, eşq nədir, aşiq kimdir,
yuxular ilandır, zəhəri bətərdir …
Sən olmasaydın,
yıxılardı başıma, bu uçuq dünya .
Sökə-sökə, tikə-tikə, ölə-ölə
dünya tikərdim mən özümə guya …
İndi elə bil ki yoxsan,
yoxsanmı, əzizim, daha ?
Yaşı qurumur, kirpiyi tökülmür,
donub qalıb bu  kor olası mirət.
Yenə uçmaq istəyir səmamda,
qanadı qırıq, ürkək quşlar,
Amma heyif ki, yağır göydən daşlar.
Bahar da gəlir e, gözümün işığı,
sevdiyimiz həmin fəsil,
sevdiyimiz həmin hava …
Eh, əzizim …
Əzizim,
mən hara, dünya hara, sən hara …
İşdir, birdən alınmaz,
baxma, nakam gedərəm .
Sən Allah,
mən sənsiz ölsəm,
məni çoxdan bağışla …

15.03.2021.

BİR AXŞAM…

Bir axşam qoca palıd ağacının altı,
Yenə saatın əqrəblərində ilişmişəm.
Ən yaxınım yupiter qədər uzağımda,
Nə vecinədir axı, nələr çəkmişəm…
Ups…
Deyəsən şimşək çaxır, düz başımın üstdə
Ayaqlarım corabsız, şalvarım dizdən.
İslanıb batıram səssiz bir küncdə
Axı, batanın yağışdan nə qorxusu…
Hey ?
Sizinləyəm,gəlin görüm bir-bir çiynimə
Yoxlayaq hərənizi, yarışdıraq çəkinizi.
Sağımdakı mələk yaman gülümsünür
Görən çoxmu qanadıblar dizini.
Şişt …
Heç kimə heç nə demə, az qalıb
Bir gün bitəcək tüfeyli günlər
Əlimi uzadıb dınqıldadacam sazımı,
Görüm səsini hansınız eşidəcək ?
La-la-la …
Fikir vermə dilimə, beynimə nəğmə çalır
Kürəyimdəki oxlar yaman əcayib
Mən çıxartdıqca özü yenidən batır,
Elə bil dostlarımın əmanəti deyillər.
Hah-hah- hah …
Bilirəm, onlar heç nə anlamayacaq
Qayığıma təkan verirəm, özü gedir .
Dibə batması an məsələsidir,
Nə fərqi var? Ruhum ki çoxdan gedib.
Mən..Siz…Onlar…Dünya…Aləm…
Bir ləzzətə uyub beləcə gedirik,
Doğrusu, heç özüm də bilmirəm nə nədir…
Yazıram bu hər nəyimdirsə, burda qalsın
Bir gün düşüncəmi də oğurlasaz
Analiz edərsiz , görən bu dəli nə deyir …

28.05.2021.      

Müəllif: Aytac İBRAHİM 

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aytac İBRAHİM

Aytac İBRAHİM – gənc yazar.

Aytac İBRAHİM 1997-ci il avqust ayının 19-da Qax rayonunun Qıpçaq kəndində dünyaya göz açmışdır.Mehdi Ziyadov adına Qıpçaq kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirib, Şəki Dövlət Regional kollecində “Məktəbəqədər təlim və tərbiyə” ixtisasına yiyələnmişdir. Kiçik yaşlarından müxtəlif şeir, mahnı, rəqs müsabiqələrində iştirak etmiş, müxtəlif tədbirlərə dəvət almışdır. “Şəhidlərimizi tanıdaq” layihəsi altında, şəhidlərimizə həsr olunan kitabların ərsəyə gəlməsində iştirak etmişdir. Fəal gənc olaraq tanınmaqdadır. “Yazarlar” jurnalının müstəqil yazarlarındandır.

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əbədiyyətdəki Doğuluşun mübarək, Yalçın Qardaşım!

Əbədiyyətdəki Doğuluşun mübarək, Yalçın Qardaşım!

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ…

– deyə fəryad edirdi Ağabəyim ağa…

Uzun illər bu məmləkətin gəlin köçən qızlarının ürəyində, şəhid balasının tabutunu qaldıran Ataların kürəyində, özünü doğma ocağından kənarda qərib bir quş sanan yurd həsrətlilərin dünyadan köç eyləyən zaman yumulmayan gözlərində nisgilə çevrilmişdi Qarabağ… 

Qarabağ ağrı idi…

Qarabağ həsrət idi… Qarabağ düyün idi… Qara bəxt idi… Qapısı bağlı qalmış yurd yeri idi…

Bu ədalətsizliyə dünya birliyi hələ də susurdu…  körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib müzakirə edir, işıqlandırırdılar…

Kor deyildik ki… hamısını görürdük. Onu da anlayırdıq ki, özünə gün ağlamayana el də yığılsa, gün ağlayası deyil.

Hər anı bir ömrə bədəl 44 günlük qutsal savaşımızda Vətən Oğulları bizə anlatdı ki, dərdimizin dərmanı hansısa beynəlxalq qurum, təşkilat deyil.

 Qapısı bağlı Qarabağın açarı Azərbaycan Ordusunun – zabitinin, əsgərinin cibində imiş… Bircə “İrəli!” kəlməsinə bənd imişlər ki, Dünya birliyinə Birliyin nə olduğunu göstərsinlər. Bircə himə bənd imişlər ki, bu torpağın nə cəngavərlər yetirdiyini bütün bəşəriyyətə isbat etsinlər.

Heç 30 yaşı olmayan, bu torpağın üstündə 30 il yaşamağın səfasını görməyən igidlər elə cəfalara qatlaşdılar ki, son nəfəsimizədək onların borcunu ödəyə bilməyəcəyik. Millətin çiynindəki 30 sənəlik əsarət yükünü qaldıran, alnımızda şırım salmış qeyrət ləkəsini qanıyla yudu Vətən oğulları… bu qazanılan zəfərlə təkcə torpağın üstündəkilərə azadlıq bəxş etmədilər, eyni zamanda birinci Qarabağ savaşında canından keçən öz silahdaşlarının, qan qardaşlarının narahat ruhlarını şad etdi Vətən oğulları…

Bu gün təkcə əsarətdən xilas olan, torpağına Azadlıq günəşi  doğan Kəlbəcər, Şuşa, Laçın, Ağdam… sevinmir, bu gün həm də Vətən deyə-deyə Vətən olan Oğullar – Şəhidlər xiyabanındakı müqəddəs ünvanlarımız da sevinir…

Bu ana torpağın köksündəki ən doğma, ən əziz, müqəddəs ünvanlardan biridir Yalçın…

Azad Kəlbəcərin aydın səmasında ucalan bayraqdı…

Nisgilli bir ananın and yeri, məbədi, piridi Yalçın!…

Qoşa qanadı olan iki oğuldan biridi… Yalçın!…

Cismi torpağın bağrında olsa da, könlümüzdə hər daim diridi, Yalçın!…

******

Mustafayev Yalçın Əkbər oğlu… 30 may 1975-ci ildə Kəlbəcərdə ziyalı bir ailədə dünyaya gəlmişdi. Vətən sevgisi Yalçının ürəyinə ata nəvazişi, ana şəfqəti ilə bərabər hopmuşdu sanki…

Bu həyatda Ana olmaq ən çətin peşədir. Çünki şəxsiyyət yetişdirirsən. Yalçının anası ali təhsilli həkim, təbib Rəhimə xanım həm də oğlunun həyat müəllimi olmuşdu. Yalçın kimi əqidəli, sağlam düşüncəli, ləyaqətli bir övlad nümunəsi Rəhimə xanımın necə ana olmağının örnəyi idi…

1993-cü ildə Kəlbəcər rayonu işğal olunanda ailə məcburən Bərdədə məskunlaşmalı olmuşdu. Torpağına, yurduna anası kimi bağlı olan Yalçın ailəsinin xəbəri olmadan 18 yaşında döyüşə yollanmışdı… Qısa müddətdə tank sürməyi öyrənmiş, ən çətin strateji mövqelərdə və döyüşün ən qaynar nöqtələrində əzmlə vuruşmuşdu… Dəfələrlə düşmənin onlarla tankını, hərbi-zirehli texnikasını və canlı qüvvəsini məhv etmişdi… Beş ay gecə-gündüz bilmədən Vətən torpağının azadlığı uğrunda mübarizə aparmış, son nəfəsinə qədər döyüşmüşdü… 1994-cü ildə mayın 8-də yaralı döyüş yoldaşını neytrala çıxararkən düşmən həmlələrinə qarşı qəhrəmanlıqla mücadilə etmiş və ağır yaralanmış, mayın 9-da isə  şəhadətə ucalmışdı…

Kəlbəcərin uşaq gözü kimi tərtəmiz bulaqlarından su içən, Dəlidağın əzəmətinə baxıb dağ vüqarlı dayanmağı öyrənən 18 yaşlı dağlar oğlu… döyüşlərdə belə saz çalarmış, sanki Dədəm Qorqud qopuzu misalı… çaldığı sazın sarı simində silahdaşlarına məğrurluq, döyüş ruhu ərməğan edərmiş…

Ondan yadigar qalan qara köynəkli sazı  həyat yoldaşımın nənəsi Xırda xanımın evində müqəddəs kitab kimi Nənənin vətən həsrətli köksünün ən mərhəm yerində görmüşəm… Yaşadıqlarımız bizi nə qədər ağrıtsa da, bunlar tarixdir, yazmaq vəfa borcumuzdur.

*****

27 ildir Əkbər kişinin ocağında Yalçın adı nisgilə dönüb…

27 ildir Rəhimə ananın “Oğul!” deyən dili hicran odunda kösöv olub…

27 ildir O uca Qadın qoşa qanadının birini itirib, daha uça bilmir…

Uçmaq nədi, yaşamaqdan ötrü birtəhər tutunur həyata…

Vətən deyə-deyə Vətən olan övladının həsrətinə nə müddətdir ki, vətənsizlik həsrəti şərik idi…

Bir ananın içində qaysaq tutmayan, bağrının başında qübar eyləyən övlad yarasını heç nəylə sarımaq mümkün olmasa da, heç olmasa, bu gün Vətən yaramızı bayraqla sarıyıb Azərbaycan əsgəri!

Bu gün Yalçının müqəddəs ruhu azad Kəlbəcərin aydın səmasında bayraq kimi ucalır!

*****

İllər öncə bu günkü gün Tanrıdan bir Nur parçası qopmuşdu…

Yaşasaydı Bu gün 46 yaşını tamamlayacaqdı…

Doğulduğu gün İlahidən müqəddəs bir görəv almışdı, bu dünyaya ilahi ədaləti bərqərar etmək üçün göndərilənlərdən idi…

Hamımız kimi sıradan bir ömür yaşamırdı, Tanrı tərəfindən görəvləndirilmişdi və o alın yazısını yaşayırdı…

Üzü Haqqa sarı yola çıxmışdı. Sazını Vətən boyda ürəyinə sıxıb bir yanıqlı nəğmə ifa edirdi… Vətən şərqisi… sinəsi çalın-çarpaz dağlanmış, övladları tərki-diyar olmuş, ocağı sönmüş, varlığı çarmıxa çəkilmiş yaralı bir Vətənin şərqisini…

Yurd həsrəti ilə yaşayırdı… Ruhunda yurd salmış həsrəti nəğməyə köçürürdü…

Böyük bir dünya daşıyırdı içində… Özü ilə bərabər sirr kimi, səhifələri açılmamış kitab kimi əbədiyyətə apardı ürəyindəkiləri…

Hələ “Sevirəm!” deməyə macal tapmamışdı…

Hələ diplomunun mürəkkəbi qurumamışdı…

Ürəyinə sığmayan sevda dolu xəyalları göyün üzündə fırlanırdı hələ…

Dünya boyda ürəyində bir dünya arzuları vardı…

18 yaşında Tarix yazdı, adıyla ucaldı, adını tarixə yazdı…

19 yaşına varmamış gəldiyi paklığında üzüağ, alnıaçıq Tanrıya vardı…

Tanrıdan qopan o Nur parçası Ona qayıtdı…

Bu, Allahın Yalçın Əkbər oğlu Mustafayev adına yazdığı ömrün ssenarisi idi… Bizə görə yarımçıq ola bilər, amma Tanrıdan ötrü tam və uca bir ömür idi…

Həyatın qızıl qaydası belədir. Ondan gələn əlbət bir gün Ona dönəcək… Ömür dediyimiz iki nəfəs arasında fasilədi – Tanrıdan qopub gəldiyimiz anla – ilk nəfəslə, doğuluşla Ona döndüyümüz an – son nəfəs arasında zaman məsafəsidi ömür…

Zatən bir gün hamımız gedəcəyik O müqəddəs ünvana. Məsələ getmək yox, necə getmək, Haqqın dərgahına hansı üzlə gedəcəyimizdədi…

Yalçın bu gənc ömründə şərəflə yaşadı, mərdlik və ləyaqət örnəyi oldu, gəldiyi paklığında Haqqın dərgahına döndü… Gənc ömrünü Ucalan bayrağın və  Azadlığın ömrünə calayıb könüllərdə unudulmayan bir nəğməyə – dillərdə dastana döndü…

Haqq savaşının fədaisi kimi – müqəddəs cihadın şəhidi kimi üz tutdu Göylərə…

Tanrıdan qopan Nur parçası Tanrıya döndü… Ondan gələn Ona qayıtdı!…

Tanrı Dərgahında doğum günün – Əbədiyyətdəki Doğuluşun, Mövludun, Ucalığın mübarək, Yalçın Qardaşım!

31 may 2021-ci il

Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZININ DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYŞƏN RƏHİM – ON İKİSİ

Ayşən Rəhim – gənc yazar.

On ikisi

”Tanrı niyə təkdir axı
bəs hardadır bizdən alıb
apardığı adamlar?”

On ikisi… gecə… saatsa üçdür
Meh əsir gecədən təklik yellənir
Şəhərsə gizlənib bir niqab altda
Gözüm bu qaranlıq evə zillənir.

Qocalır bu evin eyvanındakı
Kimsəsiz gülüşlər və gözləməklər
Sındırıb ayrılıq ayaqlarını,
Bir arzu vüsala sarı iməklər.

Elə sarılmısan ayaqlarıma
Əllərim əzabı əynimə geyir
Tanrının baxışı ömrümü didir
Zaman saçlarımın qarasın yeyir

Son sətrin qalıbdır tozlu rəflərdə
Köhnə pianoda son ümid rəqsi
Divardan asılıb öpüşlərin və
Ən acı günlərin xoş xatirəsi…

Əqrəblər zəhərin bugünə sancır
Bütün dünənlərdə sənli iz qalıb
Biləyi kəsilib ümidlərimin
Bütün çarələrim çarəsiz qalıb..

Ruhumun əlini-qolunu qapır
Ölmüş məhəbbətin canlı şahidi
Həsrətə sarılan darıxmaq imiş
Zamanın ən uzun ölçü vahidi…

Müəllif: Ayşən RƏHİM


AYŞƏN RƏHİMİN DİGƏR YAZILARI

Ayşən RƏHİM DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ayşən RƏHİM

Ayşən Rəhim – gənc yazar.

AYŞƏN RƏHİM HAQQINDA
 

Ayşən RƏHİM 1999-cu il yanvarın 1-də  Yevlax şəhərində anadan olub. Tam orta təhsilini Mingəçevir şəhər 1 №-li məktəbində bitirib. Eyni zamanda,  Mingəçevir şəhər “Üzeyir Hacıbəyov adına musiqi məktəbində” fortepiano və gitar üzrə  təhsil  alıb. Hal-hazırda Şəki Tibb kollecinin tələbəsidir. Şeirləri qəzet və jurnallarda, antologiyada çap edilib. “Yazarlar” jurnalının redaksiya heyətinin üzvüdür.

AYŞƏN RƏHİMİN DİGƏR YAZILARI

Ayşən RƏHİM DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qrabağ azərbaycandır, Azərbaycan isə, dünyamız!

May ayının 30-u Qurban müəllimin ad günüdür!

QRABAĞ AZƏRBAYCANDIR, AZƏRBAYCAN İSƏ, DÜNYAMIZ!

…yubiley təbriki…

DƏYƏRLİ ALİM QURBAN BAYRAMOVUN 75 İLLİYİNƏ

Salam olsun, çox dəyərli oxucum! Bu kiçik yazımı dünyanı dərk eləməyə başladığım məkanı vəsf etməklə başlamaq istəyirəm ki, bu məsələnin söhbətimizə birbaşa dəxli var. 39°58″23″ şm. e. 47°03″08″ ş. u. nöqtəsi mənim üçün dünyanın mərkəzi olmaqla yanaşı, həm də dünyaya açılan bir pəncərə olub.

Elə bir pəncərə ki, elm deyiləndə ağlıma gələn iki şəxsdən biri evimdən üzü günbatana baxanda sağ qonşum Rafiq Əliyev (bu şəxsi hələ məktəbə getməzdən əvvəl anamdan eşitdiyim “dünyanın ən gənc alimi” kəlməsi ilə tanımışam), ikincisi isə sol qonşum Xudu Məmmədov (bu şəxsi isə özüm artıq məktəbə gedəndən sonra ötən əsrin səksəninci illərində buraxılmış “Azərbaycan” adlı kitabdan şəklini görüb tanımışam) olub. Ədəbiyyat kəlməsi eşidəndə “Marallarım”la dünyaya meydan oxuyan Əbdürrəhim bəy Haqverdiyevi, “Karvan yolu” ilə qəlbimə yol tapıb, “Cıdır düzü” ilə ruhuma hakim olmuş Bayram Bayramovu xatırlamamaq mümkün deyil. Musiqi, mədəniyyət və incəsənt sahəsində isə ad çəkməyə ehtiyac duymuram. Ağayana, bir az dikbaş və inadkar mərd oğullar vətəni Qarabağdadır bu məkan… Qarabağ Azərbaycandır, Azərbaycan isə bizim dünyamız. Bizlərə “Azərbaycan” adlı dünya bəxş etmiş, onu öz qələmi və şirin dili ilə dünyada tanıtmış bir dahi şəxs də var Səməd Vurğun… Azərbaycanı bizə və dünyaya tanıdan bu şəxsi bizlərə və cümlə-cahana tanıdan daha bir görkəmli şəxsiyyət, elm, ədəbiyyat fədaisi də var… O böyük insan dəyərli alimimiz, el ağsaqqalı Qurban Bayramovdur.

May ayının 30-u Qurban müəllimin ad günüdür! Bu il həm də onun 75 illik yubiley ilidir. Tam səmimi olaraq etiraf edirəm ki, 75 illiyi münasibəti ilə onun haqqında yazı yazmaq fikrim əvvəldən olmayıb. Özünə də demişdim ki, Allah qoysa, “hazırlaşım, 80-də belə bir məzmunlu yazı yazacam, Allah hər ikimizə ömür versin…” Bu məqsədlə də “Yazarlar” jurnalının may-2021 sayında (“YAZARLAR” – MAY 2021 SAYI) rəhmətlik Qələndər Xaçınçaylının düz bir il əvvəldən yazıb hazır qoyduğu yazı ilə təbrik etmişdim Qurban müəllimi.

YAZARLAR JURNALININ MAY -2021 BURAXILIŞI.

Ancaq iş elə gətirdi ki, yubiley tədbirləri çərçivəsində əvvəlcə onun nəşrə hazırladığımız “Vurğun poeziyası”, sonra isə “Lirik qəhrəman və zaman” kitablarını hərf-hərf diqqətlə oxumalı oldum. İşin gedişi ilə bağlı iki məqama diqqətinizi çəkmək istəyirəm. Əvvəllər də çox yerdə qeyd etmişəm, demişəm. İş-yazı masamın arxasına adətən sizlərin gecə dediyi, mənim isə yeni günün ilk anları kimi qəbul etdiyim vaxtda əyləşir və gün doğana qədər işləyirəm. Kitabların biri 100 səhifə, ikincisi isə 200 səhifə həcmində olmasına rəğmən, işləməyə də eyni vaxtlarda bağlamağıma baxmayaraq, hər ikisinin son sətirlərini sübh azanının sədaları altında oxuyub yekunlaşdırdım. Birinci gün birinci kitabda bunu təsadüf kimi qəbul etməyə çalışsam da, ikinci gün həcmcə iki dəfə birinci ktabdan çox olan kitab da eyni vəziyyətdə bitəndə bunun təsadüf olmadığını qəbul etdim. Söz əhli, sadiq qələm adamları bu fikrimi yəqin ki, qəbul edərlər… Bir yandan Səməd Vurğun fəğanı, bir yanda onu bizlərə anlatmağa çalışan Qurban Bayramovun diktəsi, digər yandan olduqca yaxından canlı eşidilən azan, quşların səsi, qəribə oyanış, sübh abu-havası… Bütün bunların təsirindən, bir az da soyuq sübh mehinin rolu olmuş olacaq ki, adam özü-özündən üşənir, qolunda tükləri elektriklənir, başında “vız duran” təkəm-seyrək saçlarında Lev Tolstoyun sığalını hiss edirsən… Özü şəxsən canlı-canlı deyir, yaz bala, yaz, bu adam Allah adamıdır… Allahın sevimli bəndəsidir… Yaz… Oxu…

Onu qeyd edim ki, Qurban Bayramovun hələ ötən əsrin 70-80-ci illərində kiril əlifbası ilə nəşr olunmuş, dahi Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığından bəhs edən “Vurğun poeziyası” (1976),

QURBAN BAYRAMOVUN KİTABI.

“Lirik qəhrəman və zaman” (1986)

QURBAN BAYRAMOVUN KİTABI.

kitabları yubiley tədbirləri çərçivəsində latın qrafikalı müasir Azərbaycan əlifbası ilə çap edilib. Bu kitabların elektron variantı bütün oxucular üçün əlçatandır. Bunun üçün müxtəlif axtarış sistemlərində (məsələn, bu, “Google” ola bilər) kitabların və müəllifin adını yazaraq axtarış vermək kifayətdir.

Ədəbiyyatşünas alim, tənqidçi Qurban Bayramov “Vurğun poeziyası” adlı kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” Mükafatına layiq görülüb.

QURBAN BAYRAMOV N: 075 23.05.2021. – BAKI.

Sonda bu yazının ilk sözündən bura qədər yazdığım kəlmələri bir-bir yenə ruhumun süzgəcindən keçirərək bu qənatə gəlirəm ki, vallah, dost-doğru həqiqət elə bundan ibarətdir; Qarabağ Azərbaycandır, Azərbaycansa bizim dünyamız… Bu dünyanı bizlərə hərf-hərf, söz-söz anlatmağa çalışan, anlada bilmədiklərini gördükdə isə bəlkə gələcəkdə kimsə anlayar düşüncəsi ilə adını ədəbiyyat qoyub tarix yazan kişilərə Allah qəni-qəni rəhmət eləsin… Cabir Novruza rəhmət oxumadan bu yazını sonlandırmaq böyük qəbahət olardı:
 
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara…

Ruhu şad olsun böyük şairimizin…

Bütün bu sadaladıqlarımı bizə xatırladan, ilmə-ilmə ruhumuza hopduran Qurban müəllim, ad gününüz mübarək olsun! Bu yazını, başda Rəşad Məcid olmaqla, qələmli və qələmsiz yazan bütün yazarlarımızın adından yazmağı özümə borc bildim. Bilirəm ki, hamısı Sizi çox sevir… Bu şad gününüzə sevinir… 80 illikdə də yazmağı söz vermişəm, o, öz yerində…

Allah Sizə uzun və sağlıqlı bir ömür nəsib etsin, Qurban müəllim! Yazın, yaradın, biz də oxuyub öyrənək…



Müəllif: Zaur USTAC

ZAUR USTACIN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ağdam – varlığın yoxluq səhnəsi – Rəfail Tağızadə

Ağdam.

Ağdam – varlığın yoxluq səhnəsi
Öpdüyüm torpaqdan həsrətin qoxusu ilə bərabər qan qoxusu da gəlirdi. Şəhidlərin tökülən qanı torpağa qarışıb. Torpaq qanla yoğrulub. Bu torpaqda bitən lalələrin qara xalları ləçəkləri boydadı.
Ağdamda 10 ballıq erməni zəlzələsi olub.
Dünyanın indiyədək görmədiyi, Rixter şkalası ilə ölçüyə gəlməz erməni zəlzələsi.
Bu zəlzələdən Ağdamda bir tikili qalmayıb. Sovet vaxtı tikilən binaların möhkəm beton dirəkləri də uçulub dağılıb. Nə vardısa, hamısı yerlə yeksandı. Sanki şəhərin varlığının üstündən 28 il yox, iki min il keçib.
Bakıdan gələn qonaqlara şəhərlər gözəli Ağdamı göstərib, onların heyranlığına qürurlandığımız şəhər indi qonaqları yoxluğu ilə heyrətləndirir.
Daşı daş üstə qalmayan, qonağın pişvazına çıxa bilməyən şəhərə baxıb nələr yaşadığımı onu yaşayanlar bilər.
Ağdam varlığın yoxluq səhnəsidi. Hər daşı bir binanı, bir evi; hər cığırı bir yolu xatırladan Ağdamın yoxluq səhnəsi.
Teatrı sökük-sönük, məscidi sükutlu, musiqi məktəbi səssiz, səs-küylü bazarı lal olan şəhər.
Doğmasının ölümündən yazmaq kimidi indi Ağdamdan yazmaq.
Qatar Uzundərəyə çatanda hamımız hazırlaşardıq. Artıq Ağdama çatırıq. Səhər tezdən olsa da, Dəmir yolu vağzalı qaynayırdı. Doğma, tanış simalar. Şirindil insanların mehriban münasibəti adamı ovsunlayırdı. Şəhərə girəndə maşınların səsi şəhəri yuxudan oyadırdı.
İndi hara gedəcəyimi, hara düşəcəyimi bilmirəm. Vaakkuma düşən kimiyəm. Qəhər məni boğur. Məni qarşılayan təkcə xoş, doğma havadı. Bir də izimi sinəsində gizlədən torpaq.
Orada yaşamayanlar, sevincli günləri görməyənlər o ağrılı mənzərəni görəndə yaşadıqlarını, hisslərini ifadə etməkdə çətinlik çəkirlərsə, görün bizlər nələr yaşayırıq, nələr çəkirik…
Ağdamı dağılmış, viran qoyulmuş görmək çox ağırdı. Təsəllim “Nəsimi” filmində deyildiyi kimi: “Dövlət bəyin ölüsü də gözəldi” ifadəsi idi. Ağdamın da.
Torpaq varsa, Vətən var! Qalanı düzələr…
Ermənilərin özününküləşdirmək istədikləri, dəvət etdikləri xarici arxeoloqların hər qazıntıda “bura türk məskənidir” dediyi Şahbulaq qalasından bizim Boyəhmədli, Sofulu kəndinə 8-10 km-lik məsafə var. Bir də 28 illik zaman.
Kəndimizə gedib-gəldiyimiz bu yolla indi gedə bilməsəm də baxışlarımı yollayıram. İtiyi, qalığı axtarmağa. Nələri görəcəyi bəllidi, Qarabağın hər yerində olduğu kimi, ancaq dağıntılar… Nə xatirələri yaşadan evin divarı var söykənəsi, nə ağac var kölgəsinə sığınası. Tapacağı yoxluqda özünü saxlayan təsəlli torpaq, yurd yeri.
Hər dəfə Ağdamın Dörd yolundan keçəndə Ağdam tərəfə baxmağa utanırdım.
Bu dəfə o tərəfə can atırdım. Ağdamı görməyə tələsirdim. Həsrətinə yox deməyə. Ağdama qovuşmağa.
Bütün bu müvəqqəti ağrıların, hislərin sonunda “nə yaxşı ki, sənə gəldim, məbədim mənim” deyib Ağdama – torpağa baxıram. Qovuşduğuma, bu günümə şükür edirəm. Sevinirəm.
Taleyimdə ayrı düşməklə bərabər qovuşmaq da varmış.
Bu sevinc ayrı sevincdi.
Ağdamlılar yoxdan var edən, qurub-yaradandılar.
İndi daha gözəl, müasir tələblərə cavab verən Ağdam salınacaq. Ağdam yenə Qarabağın iqtisadi-siyasi mərkəzi olacaq.
İtən illərin yoxluq sükutu pozulacaq. Sözü, səsi özünə qayıdacaq. Məscidindən “Azan” səsi eşidiləcək, teatrında tamaşalar qoyulacaq. Hər küçədən, hər kənddən ağdamlıların ürəyə yatan məlahətli, şirin səsiylə muğamlar səslənəcək.
Həyat davam edəcək.
Hər tarix bir dərsdi.
Yaşadıqlarımız bizə çox ağrılı həyat dərsi keçdi. Olanlarına sahib çıxmağı, özününkünün qədrini bilməyi, dəyər verməyi, qorumağı, uzaqdan baxmağın acısını, yaşananları bir daha yaşamamağı öyrətdi.
Qarabağa, Ağdama, Şuşaya hər gedənə
Yolçu mənə quş göndər,
Dimdiyində torpağım
– deyirdim.
Axır ki, Ağdamıma özüm gəldim. Ağdamdan həsrətli köçən doğmalarımın, əzizlərimin qəbrinə səpməyə torpağı özüm gətirirəm.
Bu səfər həsrətin, nigaranlığın son günü idi.
Həyatda qovuşmaq qədər gözəl heç nə yoxdur.
Ayağın torpağına dəyəndə özün olursan. Varlığını hiss edirsən. Bu özünə qayıdışdı. Özünə baxıb ürəkdən “Bu mənəm!” – deyə bilirsən. Səssiz dediyin bu mən, hərbidə cərgədə qışqırdığın “Mən”dən daha uca və əzəmətli səslənir.
Məni MƏN edən AĞDAMIM!
Məni yaşadan məkan!
Sənə qovuşmaq həyatımın ən xoş anıdı!

28.05.2021.
Müəllif: Rəfail TAĞIZADƏ

RƏFAİL TAĞIZADƏNİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru