Əyyub Məmmədov – Şeirlər

Əyyub MƏMMƏDOV, jurnalist, şair.

Bu gün jurnalist, şair (AJB-nin üzvü) Əyyub MƏMMƏDOVun doğum günüdür. Ad günü münasibəti ilə Əyyub müəllimi təbrik edir, yaradıcılığından nümunələr təqdim edirik:

Gələr bu dünyanın bir gün bəd üzü

Gələr bu dünyanın bir gün bəd üzü
Qatar öz qabağına, əllini-yüzü.
Bağlanar insanın bəsirət gözü
Etmə pis rəftarı, sinə dağlama,
Dürüst olanın, yolun bağlama.
* * *
Uyma yalana, vermə sən cəza
Baş verər ömrünə acı bir qəza.
Saxla bu dünyadan köçənə əza
Əyriyə düz deyib, haqqına girmə,
Versə də birisi sənə yüz tirmə.
* * *
Keçmişi unudub, dünəni silmə
Əlində nə varsa, daimi bilmə
Dolansın beynində qoy ilmə-ilmə
Məqamın səninlə həmişəlik deyil,
İnsanı ucaldan vəzifə deyil.
* * *
Səadət, xoşbəxtlik önündə ərin,
Getmə çox dayaza, düşün ki, dərin
Nə qədər ev yıxılıb, əlində şərin,
Mən deyim biləsən sözüm tükənməz
Dünyanın əvvəli, sonu bilinməz.

Bizim Yardımlı

Vüqarlı dağları, zirvəsi qarlı,
Torpağı bərəkətli, meyvəsi barlı,
Buluddan nəm çəkir Peştəsər dağı
Ucadan ucadır, bizim Yardımlı.
* * *
Hayana baxırsan şiş qayalardır
Yamacı yamyaşıl, gül-bağçalardır.
Bumbuz suyunu hər içən deyir,
Ömür uzadandır, bizim Yardımlı.
* * *
Payızı buludlu, çənli-dumanlı,
Yayı küləkli, sərin havalı
Qışı sərt keçən ayaz-şaxtalı,
Baharı əlvandır, bizim Yardımlı.
* * *
İnsanlar təbiət qoynunu seçir,
Bilir səfalıdır, gur meşələri
Dillərdə dastandır, buz çeşmələri
Könül coşdurandır, bizim Yardımlı.
* * *
Zəngindir tarixi abidələri
Çoxdur sirli sərdabələri.
Kəşf edilməyən küp qəbirləri,
Tarixi kalandır, bizim Yardımlı.

Yaman ağırmış hicranın sənin

Sözlərin dolanır, başımda mənim,
Qaynayır qazanımda, aşımda mənim
Qalıb yaddaşımda, başımda mənim
Gör necə yasını tutmuşam sənin,
Dərdini, qəmini udmuşam sənin.
* * *
Ürəyimdə min arzu, min dilək donub
Bağımda, bağçamda, gül-çiçək solub
Taleyim də giley-güzarla dolub,
Yaman ağırmış hicranın sənin
Boğazda qəhərdir, qubarın sənin.
* * *
Daha alışmır, od-ocağımız,
Nə də ki, danışmır, dil-dodağımız
Çoxdan çalınıbdır, bizim sazımız
Bir də gəlməz səsin, sorağın sənin,
Heç vaxt unudulmaz marağın sənin.

Müəllif: Əyyub MƏMMƏDOV

ƏYYUB MƏMMƏDOUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYSU TÜRKEL, …BACISINA SÖZ VERMİŞDİ, ŞUŞAYA APARACAQDI

Aysu TÜRKEL, gənc yazar.

…BACISINA SÖZ VERMİŞDİ, ŞUŞAYA APARACAQDI

Azərbaycan əsgəri 44 gün gecə-gündüz yağış-qar, şaxta-boran demədən mücadilə etdi. Elə vaxt oldu ki, torpaq üzərində yatdılar, yorğanları qar, yastıqları kötük oldu. Amma getdikləri haqq yolundan əsla geri dönməyi ağıllarına belə gətirmədilər. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq tarixi yazmış Vidadi Xəliov kimi.

Vidadi döyüşə yollananda sanki vidalaşırmış kimi son dəfə ailəsi ilə görüşdü. Körpə balalarını bağrına basıb duz kimi yaladı, uşaqlar da ondan ayrılmırdı heç. Elə bil sonuncu görüş olduğunu uşaqlar da anlamışdı.

-Ata, qardaşım və mən səni çox istəyirik və inanırıq ki, sağ-salamat bizim yanımıza dönəcəksən – gözləri yaşla dolan Zəhra sözünü tamamlamamış atasının boynuna sarıldı yenidən.

-Qızım, sən heç narahat olma, mən daim sizinləyəm. Əgər bir gün şəhid olaramsa, yenə də üzülməyin. Cismən sizi tərk etsəm də, ruhum daim sizinlə olacaq -deyir.

Vidadi son kərə anasına sarıldı, uşaqları əmanət eləyib xeyir-dua istədi. Ana doluxsundu, amma özünü toparlayıb: – Vətən sənə, sən də Allaha əmanət ol, oğul. Gözün arxada qalmasın, deyə bildi.

Gənc polkovnik amansız döyüşlərdə əsgərlərə sipər olmaqla yanaşı, daim onlardan öndə olur, kiminsə bir addım qabağa keçməsinə icazə vermirdi. Çünki o, bu vəzifəyə kreslo arxasından deyil, min bir əziyyət hesabına gəlmişdi. Əsgərlərə öz balası kimi baxır, lazım gələndə aldığı məvacibi onlar üçün xərcləyirdi.

Döyüş zamanı ardı-arası kəsilməyən güllələr şimşək kimi parıldayır, tankın-topun nərəsi isə sanki göylərin yaxasından tutub silkələyirdi elə bil. Amansız savaşda sıralar yavaş-yavaş seyrlsə də hər kəs irəli atılır, daha çox düşməni məhv etməyə çalışırdı. Tankın-topun qulaqbatırıcı gurultusu dağları lərzəyə gətirdiyi halda, gənc polkovnikin hayqırtısı hər kəsi ruhlandırırdı. “Yaralıları təhlükəsiz yerə çəkin, qalanlar da arxamca gəlsin! Hələ düşmənin neçə-neçə məhv ediləsi texnikası, səngəri var – deyib daha da irəli atılırdı Vidadi Xəlilov.

Artıq 13 gün idi ki, döyüşlər davam edirdi. Bu 13 gündə düşmənə od qoyan neçə-neçə cəngavər oğul şəhid olmuşdu. Atalar əbəs yerə deməyib ki: “Torpaq uğrunda ölən varsa vətəndir.” Bu torpağı öz qanları ilə suvaran şəhidlərin qisasını almaq isə döyüş meydanında düşmənə qan udduran əsgərlərin boynuna düşürdü. Onlar da ölümün gözünə dik baxaraq irəli atılır, düşmənin canlı qüvvəsini məhv edərək, ağır texnikaları ələ keçirirdilər.

Döyüş gündən-günə şiddətlənirdi.

Vidadi vaxt tapıb bacısına mesaj yazanda müharibənin 20-ci günü idi: “Bacı, əgər mən şəhid olsam bu mesajı paylaşarsan. Mənimlə bir ömür boyu fəxr edəcəksiniz. Əgər şəhid olsam, başınızı dik tutun. Anam, balalarım və həyat yoldaşım Nərmin sənə əmanətdir. İnşallah ki, şəhid olaram. Bilirsən ki, o zirvəyə ucalmaq mənim ən böyük arzumdur. Əgər salamat dönsəm, sizi Şuşaya aparacağam. İnşallah orada qurban kəsərik. Allah amanında qalın.”

Hörmətlə: qardaşın, polkovnik -leytenant Vidadi Xəlilov.

 O, bu mesajı yazdıqdan sonra yenidən döyüşə girdi. Amansız döyüşdə bir neçə yaralımız və itkimiz olduğu halda, qarşı tərəf 100-dən artıq itki vermişdi. Hər tərəf düşmən cəsədi ilə dolu idi.  

Vidadinin ən böyük arzusu Şuşanın azadlığını görmək, ən yüksək zirvəyə bayraq sancmaq idi. Axı həm də bacısına söz vermişdi. Söz vermişdi ki, onları Şuşaya aparacaq. Vidadi Şuşada İsa bulağından su içəcəyi zamanı gözləyirdi.
Neçə ananı oğulsuz, neçə uşağı atasız qoyan, neçə-neçə evin çırağını söndürən düşmən gülləsi Vidadini Laçın istiqamətində gedən döyüşlərdə qəfil yaxaladı, heç Şuşaya çatmağa imkan vermədi. Amma Vidadi al qanı ilə hərb tariximizin yeni bir səhifəsini yazmağı bacardı. Tarixləşdi, dastanlaşdı, heykəlləşdi, yaddaşlara hopdu .



Müəllif:
 Aysu TÜRKEL 

AYSU TÜRKELİN DİGƏR YAZILARI


AYSU TÜRKEL DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru