
Qürubla doğan günəş
(hekayə)
Elə bilirdi gözlərini bircə anlıq çəksə bu gözəlliyi bir də görməyəcək. Məftunluqla baxır, heyranlıqla zövq alırdı. Uşaq heyrəti vardı baxışlarında, indicə itib qurtaracaq təlaşı səksəkədə indi içində. Allah bilir ömrü boyu neçənci qürub idi beləcə yola salırdı. Amma ilk dəfə görürmüş kimi çox, lap çox duyğulanırdı. Günəş dandan qürubunacan gəldiyi yolda şəfəqlərinin hamısını salıb itirmişdi. Soyunub od rəngli libasını çılpaqca qalmışdı. Utanır yəqin keçdi fikirindən. Elə utancaqlığından idi ki, yupyumuru yanağı qan rənginə boyanmışdı. Hələ bir yol kənarındakı qamışların, ağacların arxasında gizlənmək də istəyirdi. Qırmızı köz kimi qızaran şəfəqləri seyirçisinə işıqforun dur işarəsini verib, gizlənmək istədiyi ağacların arxasında nazik tülü xatırladan zərif ox işarəsi ilə əks tərəfi göstərirdi. Döngəli, əks tərəfə aparan yola ötürmək istəyirdi seyirçısini. Bəlkə istəmirdi lap azacıq sonra qara ala-torana təslim olacağını görsünlər.
Cibindən telefonunu çıxarıb gördüyü mənzərənin şəkilini çəkdi. Qaranlıq çökdükcə, qətlə yetirib batırdığı qurbanından qısas alırmış kimi acıqca öz zülmət pərdələrindən qat-qat səmaya örtük çəkirdi. Adda-budda sayrışan ulduzlardan yerə işıq az düşsün deyə bacardıqca öz siyah yorğanını göy qübbəsinin üstünə yaxşı-yaxşı örtürdü. Ulduzlar da bu qara üzlü yorğanın bərq vuran naxışlı gülü olmaqdan o tərəfə keçə bilmirdi.
Tanışlıqlarının ilk günündən sevgi qığılcımı qəlbində elə ocaq çatmışdı ki, illərlə yağan tut ucundan göyə çıx leysanlar belə söndürə bilməzdi bu alovu. Əvvəl kiçicik şam şöləsini xatırladan alov dilimləri indi atəşi üz-göz yandıran sönməsi mümkünsüz gur tonqal idi. Uçuna-uçuna, əsim-əsim gedən dilindən titrək etrafları soyuq qarşılandıqca qəlbinin atəşi özünü yandıra-yandıra vicudunu buz bağladırdı. İlahi, görən bu qədərmi ziddəyyət olar? Yana-yana buz bağlayasan. Axı bütün duyğuları ilə gözlərinin dərinliyində hiss etdiyi ümid işığını görmüşdü. Onu özündən alan ünvansa “yanlış anlamışsan hocam” deyib, yanıb dağ olan sinəsinə dağ çəkmişdi.
Səhər açılmamış səhəri olurdu, axşam düşməmiş axşamı, gecələri sim-sim, pərdə-pərdə mizrab vururdu uyğularının nəğməsinə. Görüşdükləri saatlarda gündüzün günorta çağı ay da gəlib dururdu şahid kimi başlarının üstə. Guya mələklərin kəsəcəyi kəbinlərinə şahidliyi edəcək kimi. Hər görüşün kosmik sürətlə uçub gedən saatları anlardanca qısa olardı. Sonra… sonra yenə vaxtı vədəsi bilinməyən növbəti görüşə qədər nəhayətsiz iztirablar hakimi-mütləq olardı qəlbinə. Hər yerdə onu görərdi. Dənizin dalğasında, küləklərin səsində, nərgizlərin ətrində ancaq onu duyardı. Hətta hər gün iş yolunun üstəki baytarlıq aptekinin vitrininə çəkilmiş körpəcə çüyür balasının şəklində də onu görürdü.
Hərdən çəkilib içinə küsürdü dünyadan. Özündən zəhləsi gedirdi. Onun üçün nəfəs qədər yaxın, dünyasının ən əzizi olan niyə bu qədər inamsızdı. Acıqca etraf edirdi inamsızlığını. Qorxuram deyirdi böyük sevgidən. Alışdırıb özünə gedərsən üz çevrib bir gün. Bax onda saf duyğularımdan qurduğum xanədan tarmar olar.Yerlə yeksan olmuş könül mülküm dözməz bu sitəmə. Qırıq-qırıq olmuş, sınıb paralanmış qəlbimlə tək buraxarsan məni.
Salam.Bir az əvvəl çəkmişəm, fikirləşdim xoşun gələr. Qürub seyri insanı özündən alır bəzən.
Səhər yuxudan qalxanda adəti üzrə ilk işi e-mailini yoxlamaq olur. Bu dəfə ilk olaraq gələnlər, yox göndərilənlər qutusuna baxdı. Qürubun şəkilə köçmüş əsrarəngizliyinə bir də məftunluqla tamaşa etdi.
Sonra…. Sonra monitordan şimşək çaxdı sanki.
Bayıldım göndərdiyin qürubdan. Bilirsən, sən mənim xəyallarımın adamısan… səni çox istəyirəm!
Həyatının ən gözəl sabahının içində olduğunu, ya yuxu gördüyünü anlamaqda çətinlik çəkdi.
Oxuduğu etraf yaranışın, bütün zamanların zehniyyatının ən möhtəşəm cümləsi olduğunun gerçəkliyinə, yuxu olmadığına əmin oldu. Bu sabah onun həyatına onsuz da çoxdan doğmuş günəşinin tərəddüd niqabını öz sübh şəfəqlərində əritdiyi sabah idi.
Müəllif: Pərviz YƏHYALI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru