Elşad Barat – Sabir Rüstəmxanlı – 3/4 əsr

Şəxsiyyətlər tarixin yaddaşına öz əməlləri, missiyaları ilə hopub qalar. Elə adamlar var ki, onlardan ay-ay danışarsan, elə adamlar var ki, onlardan fəsil-fəsil susarsan, elə adamlar var ki, onların əməlləri, şəxsiyyətləri, obrazları illərə sığmaz, elə adamlar da var ki, onlardan əsrlərlə danışmaq olar.
Xalq şairi Sabir Rüstəmxanlı əsrlərə sığmayan adamdır. Onun yazdıqları, əməlləri, missiyası aylara, illərə deyil, əsrlərə kodlaşmış tarixi yoldur.
Biri var insan beynindəki insanların obrazları, biri də var xalqın, millətin, vətənin yaddaşındakı obraz. İnsan böyüdükcə, şəxsiyyətləşdikcə, vətənləşir. Sabir Rüstəmxanlı deyəndə bizim beynimizdə tamlıq, əbədəlik, bütövlük yaranırsa, milli yaddaşda, milli ruhda milliləşmə, vətənləşmə, xalq birliyi, həmrəyliyi formalaşır.
Orta məktəbi kəndimizdə oxumuşam. Məktəbin həyətində böyük bir ağac var idi. O ağacın yaşını bilən yox idi. Biologiya müəllimimiz deyirdi ki, o ağacın əsrlərlə yaşı var. Uşaqlarla oynayanda qaçıb o ağacın koğuşunda gizlənirdik. Ağac o qədər böyük idi ki, adama elə gəlirdi, bütün məktəb o ağacın koğuşunda gizlənə bilər. Ağac hər il onlarla şiv çıxarırdı, əlcə-əlcə yarpaqları var idi. Kəndin altı-üstü o ağacın dibindən şiv çıxarıb aparıb həyətində əkmişdi. Qışda yağış, yayda günəş o ağacın altına düşməzdi. Sanki ağacın məqsədi bütün kəndi qorumaq idi.
Bu yazının içində o ağacı xatırlamağım təsadüfi deyil. Mənə elə gəlir ki, Sabir Rüstəmxanlı da o ağac kimi üzərinə missiya götürüb. Ağacın koğuşuna bütün məktəb sığa bilərdisə, Sabir müəllimin qəlbinə bütün vətən, bütün millət yerləşər. O ağacın məqsədi bütün kəndi yağışdan, qardan, günəşdən qorumaq idisə, Sabir müəllimin missiyası gəncliyi, xalqı, bütöv Azərbaycanı qorumaqdır.
Xalqların, millətlərin taleyində şəxsiyyətlər mühüm rol oynayır. Biri mədəniyyət sahəsində, biri elm, biri siyasət, biri incəsənət və s. Sabir Rüstəmxanlının 3/4 əsrlik həyatına baxanda bir çox sahələr görürük. Xalqın, millətin, ölkənin siyasi taleyində də, ədəbi taleyində də, mədəni, ictimai taleyində də Sabir müəllimin xüsusi yeri vardır.
Bu xalqın taleyində Nizami, Füzuli, Nəsimi, Vaqif, Axundov kimi şəxsiyyətlər olub. Onları oxuyanda həmişə düşünmüşəm ki, Nizami ilə küçədə qarşılaşsaydım nə danışardım? Nəsimi ilə Feysbukda dost olsaydım ona nə yazardım? Axundovun e-mail adresini bilsəydim nə edərdim? Füzuliyə zəng etmə imkanım olsaydı nə olardı? Bu gün biz gənclər xoşbəxt gəncliyik ki, Sabir Rüstəmxanlı ilə eyni dövrdə yaşayırıq, onunla Feysbukda dostuq, onun e-mailinə yaza bilirik, telefon nömrəsinə zəng etmə imkanımız var.
Mənim ən böyük ədəbi və elmi arzum bilirsiz nədir? Sabir Rüstəmxanlı haqqında elmi iş götürüm, dissertasiya yazım, müdafiə edim. İnanıram ki, bir gün bu arzuma çatacam. Sabir müəllim haqqında fikirlərimi o dissertasiyada daha ətraflı yaza biləcəm.
Hörmətli Sabir müəllim!
Sizi 3/4 əsr yaşınızın tamam olması münasibətilə təbrik edirəm, sizə uzun ömür, can sağlığı, həyət və fəaliyyətinizdə, yaradıcılığınızda uğurlar arzulayıram.

Müəllif: Elşad BARAT

ELŞAD BARATIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir